3
Tərtibçidən
Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Osman Sarıvəlli
və başqaları ilə çiyin-çiyinə çalışan, Azərbaycan şeirini yeni keyfiyyətdə inkişaf
etdirən söz ustalarından biri də Əhməd Cəmildir. Onun qırx ilə yaxın bir dövrü əhatə
edən yaradıcılığı Azərbaycan şeirinin əsas inkişaf yolundan, onun həyata keçirdiyi
vəzifələrdən ayrılmazdır. Əhməd Cəmilin şeirlərini oxuyanda, hər gün açılan səhərin,
doğan günəşin ömrümüz boyu gözümüzü yormadığı yadımıza düşür. Bu şeirlərdə
gurultu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət vardır. Bu cəhətdən
şair bizim ədəbiyyatımızda nadir sənətkardır. Şeirləri yağışdan sonrakı şəffaf, ətirli bir
bahar havası kimi oxucusunun könlünü oxşayır. Bu il 100 illik yubileyi tamam olan
Əhməd Cəmil yaradıcılığını oxuculara yaxından tanıtmaq üçün hazırlanan bu metodik
vəsait iki hissədən ibarətdir. Birinci hissədə nəğməkar şairin həyat və yaradıcılığı
haqqında məlumat verilir, bir-birindən maraqlı əsərlərindən söhbət açılır. İkinci
hissədə Əhməd Cəmil yaradıcılığının kitabxanalarda keçirilməsinin müxtəlif tədbir
formaları haqqında məlumat verilir.
İnanıram, bilirəm
Onda mən olmasam da,
Qəlblərdə qalacağam.
Bir xəyala çevrilib
Buludda dolacağam.
Onların başı üstdən
Uçduqca uzaq, şirin
Xatirə olacağam!
4
Həyat və yaradıcılığı
Mənim yaradıcılıq prinsipim belədir: - Əlimə qələm alanda çalışıram ki, təzə
şeirim bu vaxta kimi yazdıqlarımı təkrar etməsin.
Əhməd Cəmil
Əhməd Cəmil ümumxalq məhəbbətini, oxucu etimadını qazanmış
sənətkarlardandır. Şair belə bir etimadı qazanmaqla kifayətlənməmiş, onu çox böyük
mətanət, mərdlik, cəsarət və mənəvi enerji sərf etmək bahasına axıra qədər qoruyub
saxlamışdır. Azərbaycan ədəbiyyatının nailiyyətlərini ardıcıl şəkildə izləyənlər, bu
tükənməz, coşqun ədəbi qaynaqdan mənəvi-estetik tərbiyə və zövq alanlar sırasında
elə bir adam göstərmək olmaz ki, o, Əhməd Cəmilin şeirlərinə, onun yüksək
poeziyasına biganə qalsın. Şairin yaradıcılığını əhatə edən “Seçilmiş əsərləri” göstərir
ki, o, heç zaman Azərbaycan xalqının mənəvi həyatından, mübarizəsindən uzaq
düşməmiş, əksinə, bu mübarizəyə kömək etmiş, xalqımız ilə, zəmanəmiz ilə birgə boy
atıb möhkəmlənmiş, əsrin qabaqcıl ideallarını tərənnüm etmişdir. Buna görə də
təəccüblü deyil ki, Əhməd Cəmil şeiri cavan qalıb. Hətta bu gün o, dünənkindən daha
gəncdir. Sənətkarın ilhamına qol-qanad, ürəyinə od verən də məhz bu ruh, bu tarixi
nikbinlikdir. Şairin poeziyasında səmimiyyətdən uzaq, boş təsadüfü misra tapmaq
çətindir. İstər sevincini, istər qəmini bildirsin, Əhməd Cəmil həmişə səmimidir, onun
hər şeiri, hər misrası daxili qənaətin, səmimiyyətin və ilhamın məhsuludur. Buna görə
də, illər keçdikcə onun dərddən sevincə, qəmdən mübarizəyə doğru irəliləməsi yalnız
bir şair kimi deyil, həm də bir insan kimi onun xoşbəxtliyidir.
Əhməd Cəmil bir şair kimi müharibə dövründə parlamış, geniş oxucu rəğbəti
qazanmışdır. O, Azərbaycan poeziyasının qızıl fonduna daxil olan sujetli lirikanın ən
gözəl nümunələrini məhz bu illərdə, həm də əksəriyyətini səngər şəraitində
yaratmışdır. Şair Krım cəbhəsində, Şimali Qafqaz vuruşmalarında iştirak edib.
“Hücum”, “Döyüş zərbəsi”, “Vətən uğrunda irəli” redaksiyalarında çalışarkən ön atəş
xəttində igidlik göstərən azərbaycanlı əsgərlərin hünərini gözləri ilə görmüş,onlarla
çiyin-çiyinə dayanıb, üz-üzə söhbətlər etmiş, duyğu və düşüncələrini şeirin dilinə
çevirib isti-isti, barıt qoxulu qəzet səhifələri vasitəsilə onları vətən torpağının azadlığı
yolunda yeni-yeni qələbələrə ruhlandırmışdır.
Əhməd Cəmili bir şair kimi oxuculara sevdirən onun şeirlərinin sadəliyidir.
Nəzərə almaq lazımdır ki, bu şeirlərdə adi sadəlikdən deyil, böyük sənətə yaraşan
böyük sadəlikdən söhbət gedir. Bu elə bir sadəlikdir ki, təfəkkür aydınlığından, bədii
forma yetkinliyindən, xəlqilikdən və realizmdən doğur. Şairin poeziyası dağ çeşmələri
kimi təmiz və şəffafdır. Əhməd Cəmilin sözlərini hətta misra zəncirlərindən açıb nəsr
şəklində yazdıqda belə yenə şeir kimi səslənir. Çünki şeiriyyət onun yalnız formasında