Birinci fəsil: İman, İslam və mənəviyyat



Yüklə 0,52 Mb.
səhifə4/8
tarix17.09.2017
ölçüsü0,52 Mb.
#571
1   2   3   4   5   6   7   8

Üçüncü fəsil: Təqva


Təqvanın mənası

Təqvanın mənası budur ki, insan Allah-Taalanın ona əmr etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci mərhələsidir. Allahın haramlarını tanımaq və onun ətrafına hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə və ya universitet tələbəsinin, yaxud digər bir təbəqədən, şəhərli və ya kəndli olan bir möminin, Bəsic üzvü olan bir gəncin qəlbində təqva, Allah sevgisi, Allahla bazarlıq etmək, Onu xatırlamaq, zikr, dua və təvəkkül ruhiyyəsi qərar tutub inkişaf etdikdə (Quranda deyilən) möhkəm və sarsılmaz sıra yaranırvə onu tərpətməyə heç nəyin gücü yetmir. Bu, İslam və inqilab məqsədlərinin inkişafının zəmanətçisidir. Bunun qədrini bilmək lazımdır.1

Quranda çox əsaslı bir məqam var, onu siz əziz gənclərə demək yaxşı olar. Bu məqam təqvaya diqqət yönəltməkdən ibarətdir. İnsanlar təqvanı təsvir etmək istəyəndə yadlarına namaz, oruc, ibadət, zikr və dua düşür. Bunların hamısı təqvada ola bilər, amma heç biri təqvanın mənası deyil. Təqva - yəni özündən ehtiyatlı olmaq; təqva - yəni insan nə iş gördüyünü bilsin və özünün hər bir hərəkətini iradə, fikir və qərarla seçsin. Sanki bir insan ram bir at üzərində oturub, atın cilovunu tutub və haraya getdiyini bilir. Təqva budur.

Əgər biz təqvanı belə izah etsək, mənim fikrimcə, yolu asanlıqla getmək olar; əlbəttə, yenə də çox asanlıqla yox, amma hər halda, mümkün olar. Bir gəncin islamçı yaşamaq yolunu tapması doğrudan da mümkün bir işdir.2

Təqva nədir və həyatın müxtəlif sahələrində təqvalı olmaq mümkündürmü? Təqva günahdan, xətadan, səhvdən, çirkinlikdən, yoldan yayınmadan və nəfsə itaətdən çəkinmək, düzgün vəzifə xəttinə könül verməkdən ibarətdir. Müxtəlif sahələrdə uğur qazanmaq üçün təqvalı olmaq lazımdır. Təqva hər bir uğurun şərtidir, yalnız dinə məxsus deyil, lakin dini təqva aydın, işıqlı, şirin və yaxşı aqibətlidir.

Məktəbdə dərs oxuyan bir uşaq və yeniyetmədən tutmuş evdar qadına və haradasa çalışan hər bir insana qədər hamı təqvalı olmalıdır ki, düzgün yolla gedib məqsədə çata bilsinlər.

Bir yeniyetmə öz mühitinə, peşə və iş vəziyyətinə xas təqva olmadan dərs oxumaq məqsədinə çata bilməz. O, səhvdən, nəfsin həvəslərindən, dəcəllikdən və onu fəaliyyətindən saxlayan hər bir işdən çəkinməlidir. Bu onun təqvasıdır. Evin içində bir qadın və iş yerində bir kişi də belədir.

Allahın yolu ilə getmək və düzgün haqq yolunda hərəkət etmək istəyən bir mömin təqvalı olmalıdır ki, Allahın razılığını qazanıb ilahi nurdan istifadə edə, uca mənəviyyat mərhələlərinə çata və Allah dininin hakimiyyətinə qovuşa bilsin. Din və iman yolunda hərəkət edən hər bir fərd üçün təqva dini vəzifəyə riayət etmək, nəfsin istəklərinə və ehtiraslara boyun əyməmək və Allahın yolundan yayınmamaqdır.1


Aqibət təqvalılara məxsusdur!

Mənim əzizlərim! Təqvalı olun! Təqvanın mənası budur ki, öz hərəkətlərinizə, əməllərinizə, söz və rəftarınıza daim diqqət yetirin, özünüzü sərbəst buraxmayın. Bu diqqətin çoxlu faydaları var. İnsanı düzgün ilahi yolda qoruyan amil bu diqqətdir. Təqvanın vasitəsi ilə hər şey əldə olunur. Bu, Quranın sözüdür. Əgər dini analitiklər və bu məsələlərlə tanış olanlar oturub bu barədə araşdırma aparsalar, hamısını əqli dəlillərlə izah edə bilərlər. İndi burada sırf qeybi məsələdən danışmırıq. Bu, həqiqətən izah olunasıdır və bəzi yerlərdə izah da olunmuşdur. Mən indi bunları söyləmək istəmirəm.

Təqva bir fərdin, yaxud cəmiyyətin qoşulduğu işdə uğur amilidir: "Aqibət təqvalılara məxsusdur". Bu əzəmətli, tarixi və dünyəvi hərəkətin sonu təqvalılara məxsusdur. Axirət də təqvalılara məxsusdur, bu dünyanın aqibəti də. Əgər imam təqvalı olmasaydı, bu mübarizə boyu öz mənliyini və şəxsiyyətini göstərib belə böyük bir hərəkət üçün mərkəzə çevrilməz və işlər bu nəticəyə çatmazdı. Təqvası onu buraya çatdırdı; təqvası onu qorudu.

Əgər bir quruluşda məmurlar təqvalı olsalar, o quruluşa fəsad yol açmaz. Əgər döyüş cəbhəsində başçı və komandirlər təqvalı olsalar, yəni özlərinə daim diqqət yetirsələr, heç bir ziyan baş verməz. Bu o demək deyil ki, qüvvələr bərabər olmasa, düşmən bəzən irəliləyə bilməz. Xeyr, bu mümkündür, amma bu təqva insanın qüvvə bərabərliyi zamanı gördüyü işi qeyri-bərabərlik zamanı da görə bilməsinə bais olur. Yəni əgər qafil olmasanız və iş pis vəziyyətə çatmasa, o zaman lazım olan işi görsəniz, ziyan baş verməyəcək.


Təqva həyatın bütün sahələrində təsirlidir!

Böyük amil olan təqva həyatın bütün sahələrində təsirlidir. Siz görün Quranda təqvadan nə qədər söhbət açılmışdır. Bunların hamısı ondan ötrü deyil ki, siz ölüb o biri dünyaya gedəndə Allah sizə savab versin. Xeyr! Təqva bu dünyanın həyatını idarə edir və bu həyatın düzgün idarəsi o biri dünyanı formalaşdırır. Təqvanın olmaması insanın diqqətsizliyinə bais olur. Diqqətsizlik isə insanı başı üstə yerə vurur.

Əmirəlmöminin (ə) təqvanı sözəbaxan və nəcib bir ata bənzədir; sahibi ona minir, onu idarə edir və o at da heç bir problemsiz öz sahibini istədiyi yerə aparır. O, təqvanın qarşı tərəfi olan xətanı inadkar, dəcəl və sözə baxmayan bir ata bənzədir; sahibi ona mindikdə cilovu əlindən alır, onu istəmədiyi səmtə aparır və yerə çırpır.1
Vəzifə nə qədər yüksək olsa, daha çox təqva lazımdır!

Siz harada olsanız, hansı peşədə çalışsanız, üzərinizə hansı vəzifəni götürmüş olsanız, hansı ictimai mövqeyə sahib olsanız, birinci səyiniz Allahın razılığını qazanmaq və ilahi vəzifəni yerinə yetirmək olmalıdır. Bu təqvadır; vəzifənizi yerinə yetirməyə, yayınmadan və yanlış yolu getməkdən çəkinməyə çalışmanız təqvadır. Əgər sizdə bu hiss olsa və bu səyi göstərsəniz, birinci addımı atan kimi Allah-Taala ikinci addım üçün sizə kömək edəcək.

Bizim vəzifəmiz nə qədər yüksək olsa, daha çox təqvaya ehtiyacımız olacaq. Cihadda insanı qalib edən də təqvadır. Siz xalq illər öncə, 1979-cu illərin bu günlərində hegemonizm üzərində qələbə çaldıqda təqva sizi qalib etdi; ilahi əmrdən və şəriət vəzifəsindən başqa bir şey haqda düşünməyən rəhbərin və Allahdan ötrü öz şəxsi istəklərindən və mənafeyindən keçən siz xalqın təqvası.

Yadınızdadır ki, o günlərdə hamı müqəddəs hədəfə necə könül vermişdi, heç kim özünü düşünmürdü, heç kim sərvət toplamaq, varlanmaq, vəzifəyə yiyələnmək və digərlərindən önə keçmək haqda düşünmürdü. Hər kəs özünün şəriət vəzifəsini, İslam və inqilab qarşısındakı vəzifəsini təyin edib, onu yerinə yetirirdi. Bu gün də həmin işi görməliyik.


Təqva bir xalqı başıuca edir!

Əgər bu gün bizim cəmiyyətimizdə kimlərsə sui-istifadə etmək istəsələr, xalqın rifahının yerinə öz rifahlarını nəzərə alıb xalqın mənafeyinə etinasız yanaşsalar, təqvasızlıq etmişlər. Xalq arasında böyük vəzifəsi olan şəxslər öz zamanlarını və ömürlərini inqilab yolundan və üzərlərinə düşən inqilab məsuliyyətindən başqa bir işə sərf etsələr, təqvasızlıq etmişlər.

Həyatın ani ləzzətlərinə qapılmaq uca məqsədlərə doğru hərəkətlə ziddiyyət təşkil etsə, bu təqvasızlıqdır. Bu bir xalqı diz çökürən, təqva isə bir xalqı başıuca edən amildir. Bizim təqvaya ehtiyacımız var.

Qardaşlar və bacılar! Allahın lütf və mərhəmətini sizə yönəldən amil təqvadır. Allahın bərəkətini cəlb edən amil təqva və Allah yolunda ciddilikdir: "Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq".1 Təqva sizi hegemonizm və zalım güclər qarşısında qalib edir. Təqva sizin sözünüzü məzlum xalqlara doğmalaşdırır. İndiyədək harada qələbə və inkişaf olmuşsa, təqvalıların təqvasından irəli gəlmişdir.

Bizim xalqımızın təqvası keyfiyyət və kəmiyyət baxımından nə qədər yüksəlsə, bizim qələbə və uğrumuz daha sürətli və daha tez olar. Buna görə cümə imamları hər həftə cümə namazlarında xalqı təqvaya dəvət etməyə borcludurlar. Çünki bu söz köhnələn deyil.2
Təqva - insanın düz yolda saxlayan amil

Əmirəlmöminin (ə) buyurmuşdur: "Ey Allahın bəndələri! Allah təqvasını sizə tövsiyə edirəm". Ardınca buyurur ki, bacardığınız və imkanınız çatan həddə Allahın itaətini qənimət saymağı da sizə tövsiyə edirəm. Bu ötəri günlərdə və fani ömrünüzdə bacardığınız qədər Allaha itaət göstərin, Onun fəmanını yerinə yetirməyə çalışın. Ölümün sizin üçün yaradacağı böyük problem və müsibətlərlə, əzəmət baxımından bəşərə məlum olan çətinliklərlə qarşılaşmaq üçün sizə bacardığınız qədər saleh əməl tədarük görməyi tövsiyə edirəm. Ölümü çox böyük saymaq lazımdır. Böyük övliyalar onunla qarşılaşmaq üçün qorxudan əsirdilər. Ölümdən sonra və bərzəx həyatının əvvəlində bizim üçün qarşıya çıxacaq hadisələr o qədər böyük, qorxulu, çətin və dözülməz olacaq ki, ümumi şəkildə məlumatlı olan Allah adamları ondan çox qorxurlar. Həmin problem və müsibətlərlə qarşılaşmaq üçün bir yol var və o, saleh əməl və Allah yolunda çalışmaqdır. Orada insanın köməyinə çatan yeganə amil saleh əməldir.

Möminlərin maddi və mənəvi, zahiri və batini, fiziki və ruhi əmiri olan Əmirəlmöminin (ə) buyurur ki, mən sizə dünyanın bərbəzəklərini tərk etməyi əmr edirəm. Özünüz üçün maddiyyat barədə bu qədər düşünməyin, çünki bunların hamısı məhv olasıdır. Siz bu mal-dövləti, bu həyatı və bu vəzifəni tərk etmək istəməsəniz də, o sizi tərk edəcək. Bu dünya sizin bədənlərinizi çürüdüb torpağa çevirəcək. Bu dünya sizi qocaldacaq, zəiflədəcək, siz bu gücün həmişəlik qalmasını və günbəgün yenilənməsini istəsəniz də, o sizin gücünüzü alacaq. Siz bir yolda sürətlə hərəkət etməkdəsiniz. Uzaqda bir plakat vurulub, onu görürsünüz, istəsəniz də, istəməsəniz də, yolu qət edib ona çatacaqsınız. Bu yol dünya, həmin işarə və plakat isə bizim əcəlimiz və sonumuzdur. Şan-şöhrət, zahiri cah-calal və müvəqqəti ad-san üçün bir-birinizlə rəqabət aparmayın. Bir-birinizin paxıllığını çəkməyin. Dünyanın zinətlərinə və nemətlərinə heyran olmayın. Qısa dünya həyatının çətinlik və problemlərindən nalə etməyin. Bu zinət və bu şan-şöhrət bitəsi, məhv olasıdır. Onun gözəllikləri və nemətləri gedəsi, gənclik və gözəllik öz yerini qocalığa və taqətsizliyə verəsidir. Çətinliklər də bitəcək. Bu dünyanın və bu həyatın bütün zamanları sona doğru hərəkət edir, bütün canlılar məhvə və köhnəliyə sarı gedirlər.

Bu, öz əli ilə tarla əkən və quyu qazan Əmirəlmöminindir (ə). O bu sözləri hakimiyyəti dövründə söyləmişdir; Mərkəzi Asiyadan Aralıq dənizinə qədər bütün ərazilərin daxil olduğu bir ölkənin başında duran və onları idarə edən bir şəxsin. O, müharibə edirdi, sülh edirdi, siyasətlə məşğul olurdu, beytülmalı vardı, fəaliyyəti vardı, quruculuğu vardı. Bu sözlər o demək deyil ki, dünyanı abadlaşdırmayasınız. Bu sözlərin mənası odur ki, özünüzü bütün maddi iş və səylərin əsası bilməyəsiniz, bütün enerjilərinizi özünüz üçün xərcləməyəsiniz, öz həyat payınız üçün dünyanı cəhənnəm etməyəsiniz, maldan, arzudan, rahatlıqdan, puldan ötrü digər insanların həyatını qaraltmayasınız.

Təqvalı olun. Təqva - insanın gördüyü bütün işlərdə diqqətli olmasıdır. Hər bir işdə nə etdiyinizə diqqət yetirin. Danışdığınız hər bir sözün, atdığınız hər bir addımın, seçdiyiniz hər bir qərarın insaniyyətin, cəmiyyətin, öz axirətinizin və dininizin ziyanına olmamasına diqqət yetirin. Bu, təqvadır.1
Təqva - bütün xeyir və bərəkətlərin mənşəyi

Əgər bir xalq və ya bir şəxs təqvalı olsa, dünya və axirətin bütün xeyirləri ona yönələr. Təqvanın faydası yalnız Allahın razılığını qazanmaq və axirətdə cənnətə getmək deyil. Təqvalı insan təqvanın faydasını dünyada da görür. Allahın yolunu diqqətlə seçən və o yolda diqqətlə hərəkət edən təqvalı cəmiyyət dünyada da Allahın nemətlərindən bəhrələnir, dünya izzəti də qazanır, Allah dünya işlərində ona elm və bilik də verir. Təqva yolunda olan bir cəmiyyət sağlam və mehriban olur, insanlar bir-biri ilə yaxşı yola gedirlər.


Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır!

Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır. Müxtəlif fərdi və ictimai problemlərdən əziyyət çəkən sapqın bəşəriyyət təqvasızlığın, nadanlığın, diqqətsizliyin və ehtiraslar səbəbindən bataqlığa düşməsinin altını çəkir. Geridə qalmış cəmiyyətlərin halı bəllidir. İnkişaf etmiş cəmiyyətlərdə bəzi sahələrdə ağıllı işlərindən yaranan nailiyyətlər olsa da, onlar da ölümcül çatışmazlıqlara düçar olmuşlar. Bu gün onların yazıçıları, natiqləri və sənət adamları bunu dönə-dönə deyirlər.

Təqva peyğəmbərlərin ilk və son tövsiyəsidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, peyğəmbərlərin insanlara dediyi ilk söz təqva olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də olar; əgər təqva olmasa, ilhai hidayət də tam formada fərdə və cəmiyyətə nəsib olmaz. Bu oruc təqvanın müqəddiməsidir.

Allah Hədid surəsinin başqa bir ayəsində buyurur: "Ey iman gətirənlər! ilahi təqvanız olsun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin"1. Allah-Taala təqvaya görə sizin qəlbinizdə, həyatınızda və yolunuzda bir nur yaradır və o nurun işığında hərəkət edib həyat yolunu tapa bilərsiniz. Bəşər çaş-baş halda hərəkət edə bilməz. Məqsədi tanımadan insanın hərəkəti mümkün deyil. Bizə məqsədi, mənzili və yolu göstərən bu nur təqvadan irəli gəlir. Bütün peyğəmbər və övliyaların tövsiyəsi təqvadır.2


Təqvanı və saleh əməli qoruyub-saxladığınız təqdirdə Allahın bütün qüdrəti sizin ixtiyarınızda olacaq!

Siz imanı, təqvanı və saleh əməli qoruyub-saxladığınız təqdirdə Allahın bütün qüdrəti, təbiətin bütün qanunları və seçilmiş bir qrupun bütün imkanları sizin ixtiyarınızda olacaq. Quruculuq sahəsində, təbliğat təxribatları sahəsində, mədəni hücumda, xalqın xarakterləri sahəsində, hərbi hücumda - əlbəttə, bu ehtimal olduqca zəifdir – və başqa hər bir sahədə düşmən bütün qüdrəti, müxtəlif təbliğat vasitələri və hərbi gücü ilə sizə hücum etsə, bu xalqın, bu mömin gənclərin, eşq və iman coşqulu ailələrin qarşısında heç bir qələt edə bilməyəcək. Əlbəttə, bu gün düşmənin keçmişdəki kimi güclü imkanları yoxdur. O zaman Şərq bloku böyük güc idi, bu gün isə artıq yoxdur. Bundan əlavə, dünya miqyasında çoxlu siyasi və coğrafi dəyişikliklər baş vermişdir və onların hamısı İslamın və müsəlmanların xeyrinə olmuşdur.

Dediyimiz bütün sözlərin yüz qat artığını Allah-Taala Quranın bir ayəsində buyurmuşdur: "Ruhdan düşməyin və qəmgin olmayın, əgər mömin olsanız, siz üstünsünüz". Başqa bir yerdə isə buyurur ki, ruhdan düşüb sazişə dəvət etməyin, yaxud barışmaz düşmənin sülh dəvətini qəbul etməyin.1
İran xalqının iqtidarı təqvanın, İslama və Qurana sarılmanın nəticəsidir!

İnqilabın qələbəsindən sonra bu ölkədə harada bir uğur müşahidə olundusa, İslam dəyərlərinin inkişafından yarandı və harada uğursuzluğa düçar olduqsa, İslamın qanunlarına, əxlaq və dəyərlərinə diqqətsizlik etdiyimiz yerdə düçar olduq. Dünya səviyyəsində də belədir. Mənəviyyata, Allaha və insaniyyətə arxa çevirmiş xalqların həyatda nə qədər çətinlikləri var və nə qədər təhlükəli şəraitdə yaşayırlar! O cəmiyyətlərdə faciə və cinayətlər çoxdur. Cinayətlərin ictimai səbəb və amillərini nə qədər axtarırlarsa, həqiqətlərdən uzaq düşdüklərinə görə əsl səbəbi tapa bilmirlər. Ana öz övladlarını qətlə yetirir və bu zaman vicdanlar oyanıb fəryad qoparır ki, onu edam edin, öldürün, lakin onlar işin kökdən korlandığını bilmirlər. Allahdan uzaq düşmüş həmin bədbəxt cəmiyyətlərdə problem mənəvi dəyərlərə arxa çevirmək və xalqın fəsada qərq olmasıdır. Maddi inkişaf və sərvət xalqı xoşbəxt edə bilmir. ABŞ cəmiyyəti çoxlu sərvətə, məişət imkanlarına və elmi inkişaflara nail olmasına rəğmən, mənəvi yoxsulluqda və əxlaq cəhətindən dəhşətli dərəcədə səfalət içərisindədir. Belə cinayət və faciələr orada baş verir. Mənəviyyatdan uzaq düşməyin ardınca belə tale gəlir. Necə olur ki, bir ana ötəri ehtirasını doyurmaq və özünün çox kiçik istəyini təmin etmək üçün övladlarını öz əli qətlə yetirir. Bugünkü materialist cəmiyyətlər mənəviyyata qayıtmayınca belə faciələrlə çox rastlaşacaqlar.

Maddiyyata qərq olmuş və mənəviyyatı unutmuş cəmiyyətlərdə ən böyük faciələrin törədilməsi vicdanları tərpətmir, hərəkətə gətirmir. Gözlərinin önündə bir hadisə baş verdikdə ötəri bir hərəkət yaranır və sonra unudulur. İndinin özündə Bosniya və Herseqovinada baş verən hadisələr, Serbiya hərbçilərinin qədim monqollar kimi Serbrenitsa şəhərinə hücum edib vəhşicəsinə soyqırım törətmələri, bir neçə gün öncədən bu şəhərdə çaxnaşma yaradıb imkanları çatan qədər faciə törətmələri – bunların hamısı Qərbin materialist hökumət və xalqlarının gözü önündə baş verir və təəssüf ki, heç bir cavab da müşahidə olunmur. Dünyanın hansısa bir tərəfində insan haqlarının pozulmasına görə narahat olduqlarını iddia edirlər. Bu iddia doğrudurmu?! Minlərlə qadın və uşağın öldürülməsi, bir neçə min nəfərlik bir şəhərin qətliama məruz qalması, evlərin dağıdılması, ailələrin didərgin düşməsi insan hüquqlarının pozulması deyil?! Kim ABŞ-ın və bəzi ölkələrin insan hüquqlarını müdafiəyə dair yalançı iddialarını öz gözləri ilə görmək istəyirsə, Bosniyanın Serbrenitsa və digər şəhərlərinə və başqa oxşar yerlərə baxsın. Kim xalqların dırnaqarası təhlükəsizliyini təmin etmək üçün yaradılmış Təhlükəsizlik Şurasının acizliyini müşahidə etmək istəyirsə, Serbrenitsa şəhərinə və onda törədilən faciələrə baxsın. Monqolların, Hülaku xanın və buna bənzər cinayətkarların faciə və qətliamları tarixdə qeyd olunmuşdur. O hadisələri mütaliə edərkən hamı təəccüblənir, heyrətlənir və belə bir sual qarşıya çıxır: Bir toplumun bu qədər daşürəkli olub bu cinayətləri törətməsi mümkündürmü? Bu gün həmin cinayətlərin oxşarı bəşəriyyətin gözü önündə baş verməkdədir, amma Qərbin materialist dövlət və xalqlarından heç bir səs çıxmır. Biz həmişə demişik ki, Qərb quruluşları, Qərb sivilizasiyası və Qərb iddiaçıları dünyanı idarə etməyə qadir deyillər. Onların dünyanın beş-altı milyardlıq əhalisinə rəhbərlik iddiası etməyə haqları çatmır. Onlar özlərinin idarə və təhlükəsizliklərini təmin edə bilmirlərsə, ən böyük bəşəri faciələrin qarşısını ala bilmirlərsə, hansı iddianı edə bilərlər?! Amerikalılar hansı haqla Fars körfəzinə, Orta Şərq ölkələrinə, Mərkəzi Asiya regionuna və dünyanın digər yerlərinə başlarını soxur və müdaxilə edirlər?! Hansı ayıq vicdan, güclü iradə və pak əllərlə xalqların və ölkələrin daxili işlərinə müdaxilə edirlər?! Bunların hamısı mənəviyyatdan uzaq düşmələrinə görədir.

Bizim ölkəmiz mənəviyyata üz tutduğuna görə dünyada izzətli oldu. Bu xalq mənəviyyata və İslama sarılması sayəsində dünya miqyasında iqtidar qazandı. Bu gün böyük güclər dünyanın hər bir tərəfini özlərinə məxsus bilir, hökumətlərə, padşahlara və prezidentlərə öz fikirlərini diktə edir və onlar da yerinə yetirməyə məcbur olurlar. İran hökumətinə və xalqına isə bir kəlmə də fikir yeridə bilmirlər, çünki rədd olunacağını bilirlər. Bu başucalığı və iqtidar bizim xalqımızın İslama, Qurana və İslam dəyərlərinə üz tutmasına görədir. Bu uğuru qoruyun.1


Biz Allaha güvənib-arxalanmalıyıq!

Əzəmətli İslam tarix boyu müsəlmanları tərbiyə etmişdir və onlar Allah bəndəliyinə həqiqətən hazırdırlar. Əgər İran xalqı Allah bəndəliyinə hazır olmasaydı, bu böyük işi görüb bu gün bütün dünya müsəlmanları arasında nümunəvi İslam cəmiyyəti və bütün məzlum xalqlar arasında mücahidliyin, fədakarlığın, oyanışın və ayıqlığın örnəyi kimi tanına bilməzdi. Əgər bu gün də İran xalqı bu ağır əmanət yükünü öz çiyinləri üzərində daşıyıb lazımi mənzilə çatdırmaq istəyirsə, bunun özünüislahdan başqa bir yolu yoxdur.

Biz Allaha güvənib-arxalanmalıyıq və bu, Allah qarşısında bəndəlik və təslimçilikdən başqa bir şey deyil. Allaha arxalanmaq və ilahi vədə etimad etmək hər kəsin işi deyil. Yalnız o şəxslər Allaha arxalana bilərlər ki, Allah onların qəlblərində və yaddaşlarında olsun. Əgər insan Allahı xatırlamasa və Allah onun ruhuna dolmasa, Allaha güvənməyəcək, təhlükəli yerlərdə Allaha etimadla çıxış edə bilməyəcək. Quran bizə yolu göstərmişdir. Allahdan qorxmaq, ilahi təqvaya malik olmaq, Allaha bəndəlik, təslimçilik və Onun qarşısında kiçilmək dünya və axirətdə qurtuluş amilidir.

Bu gün dünyanın gözü siz İran xalqına dikilmişdir. Bu gün xalqlar öz əzəmətli hərəkətlərini sizin hərəkətinizin xatirəsi ilə başlamışlar və sizin imanınıza iqtida edirlər. Əgər siz xalqların Allah və İslam yolundan ibarət olan bu yola gəlmələrini istəyirsinizsə, onu güclü şəkildə davam etdirməlisiniz və bu, təqva olmadan mümkün deyil. Odur ki, bu gün təqva bizim ən böyük vəzifəmizdir.2


Bu gün bəşər dünyasının sizin mənəvi paklıq mesajınıza ehtiyacı var!

İlahi quruluşdan və Quran hakimiyyətindən ibarət olan İslam Respublikası quruluşunda insanlar öz mənəvi paklıqlarını digər quruluşlardan daha yaxşı təmin edə bilirlər. Bunun qədrini bilin. Bu gün bəşər dünyasının sizin mənəvi paklıq sözünüzə ehtiyacı var. Dünyada baş alan bu zülmlər, ayrıseçkiliklər, hegemonluqlar, bir çox ölkələrdə insanların bədbəxtliyi, dünyanın inkişaf etmiş ölkələrində gənclərin avaralığı, qadın və kişinin uyğun olmayan əlaqələri, ehtiras çirkinlikləri, siyasi çirkinliklər və maliyyə çirkinlikləri insanların özlərini paklamaq haqda düşünməmələrindən irəli gəlir. Quran paklığa çağırır. Müqəddəs İslam Peyğəmbəri (s) insanları paklaşdırır; həm namazı, həm zəkatı, həm orucu, həm də fitr bayramı ilə.

İslam quruluşunda hamıya bu imkan var. Mənim əziz övladlarım! Qəlb və ruhlarının paklıq və nurluluq dövrünü keçirən oğlan və qızlar! Siz bu paklığın qədrini digərlərindən çox bilməli və onu qorumalısınız. Sizin ölkəniz Allahın lütfü və həmin paklığın sayəsində abad və azad olacaq, inkişaf edəcək, xarabalıqlar düzələcək, yoxsulluq, ayrıseçkilik, bədbəxtlik və həyatın müxtəlif çətinlikləri bitəcək.

Hamı Allaha sarı hərəkət etməli, Allaha əl açmalı, Ondan kömək istəməli, özünü pak saxlamağa və çirkinlikdən uzaq durmağa çalışmalıdır. Maliyyə işlərində çalışanlar maliyyə fəsadlarının təhlükəsi altındadırlar. Siyasi və ictimai işlərdə çalışanlar uyğun fəsadların təhlükəsi qarşısındadırlar. Ehtiraslı sahələrdə olanlar cinsi və ehtiras fəsadlarının təhlükəsi altındadırlar. Rəislər zülm fəsadının təhlükəsi qarşısındadırlar. Bir iş üçün məsuliyyət daşıyanlar işdə xəyanət fəsadının təhlükəsi altındadırlar.

Hamı ehtiyatlı olmalı, öz əməllərinə diqqət yetirməlidir və bu diqqət Fitr bayramı namazında bizim özümüzə və dinləyicilərimizə tövsiyə etməyə əmr olunduğumuz təqvadır.1


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə