Press-reliZ 01 mart 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 90 Kb.
tarix08.07.2018
ölçüsü90 Kb.
#54180

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
01 mart 2010-cu il

Bakı, Azərbaycan



  • ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ NƏZƏRDƏ TUTULAN TƏDBİRLƏRİN SİYAHISI

  • ELMAR HÜSEYNOVUN QƏTLİNİN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB

  • ALİ MƏKTƏBDƏN XARİC EDİLƏN JURNALİST HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIB

  • BAŞ REDAKTOR TƏXRİBATA MƏRUZ QALDIĞINI BİLDİRİB

  • TƏHSİL ÜZRƏ EKSPERT YAZISINA GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ NƏZƏRDƏ TUTULAN TƏDBİRLƏRİN SİYAHISI

Martın 2-də saat 15:00-da “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı ziyarət olunacaq. Ziyarətdən sonra Elmar Hüseynovun vaxtilə yaşadığı binanın önündə şam yandırılacaq.

Martın 3-də saat 15.00-da Azərbaycan Media Mərkəzində jurnalistika fakültələrində təhsil alan tələbələrin iştirakı ilə “Həlak olmuş jurnalistlər” mövzusunda debat keçiriləcək.

Martın 4-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində həbsdə olan jurnalistlərin ailələri və vəkillərinin iştirakı ilə bağlı konfrans keçiriləcək.

Martın 6-da söz və mətbuat azadlığına dair filmlər nümayiş etdiriləcək və filmlər ətrafında müzakirələr aparılacaq.

Martın 8-də informasiya və söz azadlığına dair məlumatların əks olunduğu vərəqələrin paylanması kampaniyası həyata keçiriləcək. Bu kampaniya çərçivəsində azı 50 min vərəqənin paylanması nəzərdə tutulub.

Martın 9-da söz və mətbuat azadlığına dair daha bir debat və dəyirmi masa olacaq.

Martın 10-da – ongünlüyün son günündə saat 10.00-da “Respublika lüks” otelində xarici qonaqların da iştirakı ilə geniş konfrans keçiriləcək.
ELMAR HÜSEYNOVUN QƏTLİNİN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB
Bu gün (01 mart) Azərbaycan Media Mərkəzində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5 ildönümü ilə bağlı ongünlük tədbirlər planı çərçivəsində ilk konfrans keçirilib.

İlk çıxış edən “Elmar Hüseynov Fondu”nun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirdi ki, Elmar Hüseynovun qətlindən 5 il ötməsinə baxmayaraq, hələ də bu qətlin sifarişçiləri və icraçıları tapılmayıb.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev qeyd etdi ki, Elmar Hüseynovun qətlinin üstünün açılmamasını istər vətəndaş olaraq, istərsə də həmkar olaraq özünə qarşı təhqir kimi qəbul edir. “Əvvəllər bu qətlin hansısa xarici qüvvələr, yaxud daxili qruplaşmalar tərəfindən törədildiyini zənn edirdik. Lakin Azərbaycan iqtidarının bu məsələyə laqeyd münasibəti onu göstərir ki, hakimiyyət bu cinayətin açılmasında maraqlı deyil və bu qətlin sifarişçisi prezidentə məlumdur” – deyə M.Əliyev vurğuladı.

Millət vəkili İqbal Ağazadə bildirdi ki, həm Elmar Hüseynovun qatillərinin tapılması, həm də həbsdə olan və Vicdan Məhbusu kimi tanınan Eynulla Fətullayev və Qənimət Zahidin azad olunması məsələsini parlamentin gündəliyinə salınmasına çalışacaq.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, Elmar Hüseynovun qətlinin açılmaması vətəndaşların hüquq-mühafizə orqanlarına qarşı inamını azaldıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, 5 il keçməsinə baxmayaraq pessimist olmağa dəyməz. O, cinayətini üstünün açılacağına ümid etdiyini də qeyd etdi.

Jurnalist Tofiq Türkel isə Əflatun Amaşovun “pessimist olmaq lazım deyil” fikrinə etiraz edib. O qeyd etdi ki, Elmar Hüseynovun qətlindən sonra da azad sözə qarşı hücumlar daha da kəskinləşib və çox sayda jurnalist fiziki təzyiqə məruz qalsa da günahkarlar cəzalandırılmayıb.

Millət vəkili İkram İsrafil Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində müəyyən işlərin görülməsinin zəruriliyini vurğuladı.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bildirdi ki, Elmar Hüseynovun qətli ilə bağlı başlanılmış cinayət işində hansı yeniliklərin olması ilə bağlı bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa və İnterpolun Bakı Bürosuna informasiya sorğuları göndərilsə də, heç bir cavab verilməyib. O, qeyd etdi ki, qətldə şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin tapılması istiqamətində İnterpol nəticə əldə etməyib.

Norveçin Azərbaycandakı səfiri Yon Ramberq də jurnalistin qətlinin üstünün açılmamasından təəssüfləndiyini bildirdi və Elmar Hüseynovu “Norveçin Dostu” adlandırdı.

Qeyd edək ki qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı , sabah saat 15.00-da Üçüncü Fəxri Xiyabanda həmkarları Elmar Hüseynovun məzarını ziyarət edəcəklər.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,438/lang,az/

Video: www.irfs.az



ALİ MƏKTƏBDƏN XARİC EDİLƏN JURNALİST HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIB
Bu gün (1 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Poliqon” İnformasiya Agentliyinin (pia.az) redaktoru Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunması və bu səbəbdən hərbi xidmətə çağırılması ilə bağlı mətbuat konfransı keçirdi.

Elmin Bədəlovun hüquqlarının müdafiə komitəsinin sədri, Ramin Hacılı bildirdi ki, tələbə-jurnalistin hüquqlarını müdafiə komitəsi yaradıldığı gündən bir çox nailiyyətlər əldə edib. O həmçinin bu sahədə lazımi səylərin davam ediləcəyini deyərək, hüquq müdafiəçilərinə çoxsaylı müraciətlərin ediləcəyini və məsələnin beynəlxalq müstəviyə çıxarılacağını qeyd etdi.

Daha sonra çıxış edən E.Bədəlov təhsil hüququnun bərpa edilməsi üçün müraciət etdiyi aidiyyəti qurumlardan hələ də müsbət nəticə əldə etmədiyini dedi. E.Bədəlov bildirdi ki, məhkəmənin tarixi mətbuata çıxandan sonra fevral ayının 27-də qeydiyyatda olduğu Biləsuvar rayonun prokurorluğundan zəng edilərək, ona hərbi xidmətə çağırılmasını bildiriblər.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət edib. 

Qeyd edək ki, RATİ E.Bədəlovun kəsildiyi imtahanların xüsusi komissiya ilə təkrar keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə və ADNA rəhbərliyinə yazılı müraciət edib. Müraciətə əsasən Təhsil Nazirliyindən RATİ-yə bildirilib ki, E.Bədəlov 3 kəsiri olduğuna görə ADNA-dan xaric olunub. Nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevin imzaladığı cavab məktubunda təkrar imtahanın keçirilməsi ilə bağlı isə heç nə qeyd edilməyib.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,439/lang,az/

Video :www.irfs.az

BAŞ REDAKTOR TƏXRİBATA MƏRUZ QALDIĞINI BİLDİRİB
“P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli (Əliyev) təxribatla üzləşdiyi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib. O bildirib ki, fevralın 21-də səhər saatlarında mənzilinin üst mərtəbəsində yaşayan ərəb mənşəli qonşusunun təhqiredici ifadələri ilə üzləşib. Təxribata getməyərək “102” xidmətinə zəng vurduğunu bildirən S. Əlibəyli bununla bağlı 35-ci polis bölməsinə dəvət edildiyini və izahat verdiyini qeyd etdi: “Mənə qarşı baş verən təxribat həbsdən sonra keçirdiyim mətbuat konfransındakı açıqlamalarım və “Xural” qəzetində dərc olunan müsahibəmlə əlaqədardır” – deyən S Əlibəyli həmçinin qeyd edib ki, baş verən insidentlə bağlı daxili işlər naziri Ramil Usubovla görüşmək üçün müraciət edib.

Xatırladaq ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin hökmlə həmin vaxt “Nota” qəzetində çalışmış Ramiz Tağıyev də 6 ay müddətinə islah içləri ilə cəzalandırılmışdı.

Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilmiş, bu il fevralın 8-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdır.

Qeyd edək ki, Sərdar Əlibəylinin baş redaktor olduğu həftəlik “Nota Bene” və “Nota” qəzetləri Mətbuat Şurası tərəfindən “reket” elan olunduğu üçün, mətbəələr qəzetləri çap etməkdən imtina ediblər və MŞ-nin qərarı ilə razılaşmayan S.Əlibəyli “P.S. Nota” qəzetinin təsis edib.


TƏHSİL ÜZRƏ EKSPERT YAZISINA GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

Bu gün (1 mart) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı qismində vəkil Cavad Cavadov, cavabdeh qismində Ə.Osmanlı və onun vəkili Elçin Sadıqov iştirak edirdilər.

E. Sadıqov çıxış edərək, xüsusi ittihamçıların özlərinin prosesdə iştirak etməsi barədə vəsatət qaldırdı.

İddiaçının vəkili bu vəsatəti əsassız hesab etdiyini bildirdi.

Hakim X. Tağıyev növbəti prosesi 5 mart saat 16:30-a təyin etdi.

Xatırladaq ki, Ə.Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 90 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə