Banklar haqqında
Azərbaycan Respublikasının Qanunu
(4 mart 2005-ci il, 6 mart 2007-ci il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr
2008-ci il, 26 may 2009-cu il, 30 iyun 2009-cu il və 30 sentyabr 2010-cu il tarixli qanunlarla
qəbul edilmiş dəyişikliklər və əlavələrlə)
Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam
uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və
kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz
fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin
tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
Bank—fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb
edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə
köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Bank holdinq şirkəti — bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan,
fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və
nəzarət olunan şirkətdir.
Törəmə bank — nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi
təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla
təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya
bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.
Bankın filialı — hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri
üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya
bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
Bankın şöbəsi—hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri
üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və
ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
Bankın nümayəndəliyi — hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank
fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən
bankın ayrıca bölməsidir.
Bank olmayan kredit təşkilatı — qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan
hüquqi şəxs.
Bank lisenziyası — bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən
depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər
vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa
əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
Bank krediti (bundan sonra kredit)—bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq,
müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək
şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin
şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət,
borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən
hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit
anlayışına aiddir.
Depozit—müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya
ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba
köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit)
və ya digər hesaba
qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
Mühüm iştirak payı — səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox
faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul
edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
İnzibatçı — bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə
bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank
filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.
Banka aidiyyəti olan şəxslər—bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların
qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində
olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı,
o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı
şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak
payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra
orqanlarının rəhbərləri.
Banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslər—aralarında bağladıqları müqavilə
əsasında banka aidiyyəti olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyəti
olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyəti olan şəxsin nümayəndəsi.
Klirinq—hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya
bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan
tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi
prosesidir.
«Yerli» sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə, əsas fəaliyyət yeri Azərbaycan
Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür.
«Xarici» sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə, əsas fəaliyyət yeri
Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür.
«Kredit təşkilatı»—bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
«Məqbul və lazımi keyfiyyətlərə malik şəxs»—vətəndaş qüsursuzluğuna malik olan, habelə,
ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi,
işgüzar mənafeləri ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, müvəqqəti inzibatçısı və
ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;
«Vətəndaş qüsursuzluğu» dedikdə, mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda
onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən
törədilmiş cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici
üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində
ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması,
müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə
qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması
başa düşülür.
«Prudensial»—bankın
təhlükəsiz
fəaliyyətinin
təmin
edilməsinə
istiqamətlənmiş
normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və
nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) — prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan
kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas)
və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan
tutulmaların fərqidir.
Maddə 2. Bank sistemi və onun hüquqi əsasları
2.1.Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi
Bankından (bundan sonra mətndə—Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir.
2.2. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan