1.3. Aşıq Nəsibin həyatı
Aşıq Nəsib həyatı və yaradıcılığı haqqında ilk elmi məlumat 1988-ci ildə mərhum folklorşünas-alim Q.Vəliyevin Aşıq Şenlikdən, onun şagirdlərindən bəhs edən “Aşıq Nəsib” adlı məqaləsində (92, 139-140) verilmişdir. Müəllif burada Aşıq Şenliyin müasirləri sırasında Aşıq Nəsibdən də qısa şəkildə söz açmış, onun əsərlərindən bəzi nümunələri çap etdirmişdir. Q.Vəliyev “Aşıq Şenliyin həyatı, mühiti və poetik yaradıcılığı” adlı namizədlik dissertasiyasında da Aşıq Nəsibə yer ayırmışdır (93, 169).
Bundan təqribən on il sonra folklorşünas S.Ağbabalı tərtib etdiyi “Ağbaba folkloru” kitabında Aşıq Nəsibin həyatı haqqında müxtəsər məlumatla yanaşı, onun bir qoşmasını və iki gəraylısını vermişdir (21, 60-61). Lakin tərtibçi burada iki mühüm faktı yanlış şərh etmişdir. Birincisi, o, Aşıq Nəsibin 1874-cü ildə anadan olduğunu yazaraq aşığın təvəllüd tarixini dörd il geriyə çəkmişdir. Təəssüf ki, bu səhv ustad sənətkarın hələlik çapdan çıxmış ilk və son kitabında da təkrar olunmuşdur (13, 4). İkincisi, tərtibçi Aşıq Nəsibin gözlərinin uşaqlıqda deyil, ömrünün sonuna yaxın tutulduğunu yazmışdır (21, 60). Bu fakt da doğru deyil.
AMEA Folklor İnstitutunun əməkdaşı T.Səmimi 2000-ci ildə çap etdirdiyi “Duman dağı bürüdü” kitabında Aşıq Nəsibin həyat və yaradıcılığına geniş yer ayırmış, qoşma, gəraylı və divanilərindən nümunələrlə yanaşı, onun sənətkar və insan kimi xarakterini açan maraqlı əhvalatlardan, aşıq rəvayətlərindən bir neçəsini vermişdir (87, 56).
Filologiya elmləri üzrə fəlsəfə doktoru A.Bayramovun tərtib etdiyi “Oğuz elindən – ozan dilindən” kitabında Aşıq Nəsibin həyatı və sənət yolu haqqında daha müfəssəl söz açılmışdır (81, 84-86). Burada sənətkarın dörd şeiri verilmişdır.
2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə aşığın həmin dövrdə əldə olan əsərləri “Aşıq Nəsib” adı altında çapdan buraxılmışdır (13, 200). Kitaba Aşıq Nəsibin müxtəlif janrlarda yazdığı şeirləri – bayatılar, gəraylılar, qoşmalar, təcnislər, divanilər, müxəmməslər və aşıq rəvayətləri daxil edilmişdir. Professor H.İsmayılov həmin kitaba “Kor taleyə, qara bəxtə nə deyim?” adlı iri bir müqəddimə yazmış, aşığın yaradıcılığını geniş şəkildə təhlil etmişdir.
Folklorşünas alim, filologiya elmləri üzrə fəlsəfə doktoru A.Ağbaba “Aşıq Nəsibin sənət dünyası” adlı araşdırmasında (6, 96) bu görkəmli saz-söz ustasının həyatı və yaradıcılığı barədə ətraflı məlumat vermiş, onun sənətkarlıq xüsusiyyətlərini araşdırmışdır.
Aşıq Nəsib barədə yazan müəlliflərin böyük əksəriyyəti onun 1874-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonunun) Güllübulaq kəndində anadan olduğunu qeyd etmişlər. Bu, aşığın təxminən 70 il ömür sürdüyü barədə yayılmış fikrin nəticəsi olaraq ortaya çıxmışdır. A.Ağbabanın yazdığına görə, aşığın əsl təvəllüd tarixi 1870-ci ildir. Müəllif göstərir ki, Aşıq Nəsib 1944-cü ildə öz doğma kəndi Güllübulaqda vəfat etmiş, “təzə qəbiristanlıq” adlanan yerdə dəfn olunmuş və baş daşında “1870-1944” rəqəmləri həkk edilmişdir (6, 6).
Aşıq Nəsib ölümünü də qabaqcadan bilirmiş. Aşığın oğlu İshaq bu barədə deyir: “44-cü ilin qışı idi. Bir gün atam mənə dedi ki, ay oğul, gəl bərabər gedək, əvvəl-əvvəl Ağbaba kəndlərini bir-biri dolanaq, sonra da Şörəyeli. Ürəyimə damıb, ölüm lap yaxınlığımdadır. Deyirəm el-oba ilə barı son dəfə görüşüm”. Demək olar ki, bütün kəndləri gəzdik. Maraqlıdır ki, bütün məclislərdə atam qəmli dastanlar danışıb, qəmli havalar oxuyurdu. Doğrudan da, bu əhvalatdan heç bir ay keçməmiş atam vəfat etdi” (13, 8).
Aşıq Nəsib Bayram kişi adlı orta hallı bir kəndlinin ailəsində dünyaya gəlmiş, özündən başqa Yusif və Rza adlı iki qardaşı olmuşdur. Nəsib hələ kiçik ikən onun atası vəfat etmiş, özü və qardaşları əmisi Əmirin yanında böyümüşlər. Aşıq Nəsib haqqında ən dəqiq və yeganə yazılı məlumatı onun şagirdı Aşıq İskəndər Ağbabalının dilindən qələmə alınmış xatirələrində tapmaq olar: “Aşıx Nəsivin hər iki gözü koruydu. Ustadın öz dediyinə görə, uşax vaxtdarında qızılca gözdərini kor eliyifdi. Aşıx Nəsivin atası çox uşax olanda rəhmətə getmişdi, əmbə Nəsivi əmisi Əmir kişi saxlıyıf böyütmüşdü” (12, 178). Dünya işığına həsrət qalması ömrü boyu aşığa əzab vermiş, yaradıcılığında da özünü göstərmiş, xalq arasında və sənət aləmində “Kor Nəsib” adı ilə çağırılmışdır.
Bizcə, Aşıq Nəsibin korluğu məsələsinin əlavə şərhə ehtiyacı var. Onun gözlərinin ömrünün sonunda, yaxud da lap uşaqlıqda tutulmuş olduğu barədə iki fikir vardır. Əgər birinci variant doğru olsa idi, ona “Kor Nəsib” ləqəbi verilməzdi. Aşığın gözləri lap uşaqlıqda tutulsa idi, onun dünyagörüşü və sənəti çox bəsit və məhdud olardı. Halbuki Aşıq Nəsibin bəzi təsvirləri o qədər müfəssəl, o dərəcədə dəqiq və sərrastdır ki, gözləri görməyən adam bunları deyə bilməzdi. Bizcə, onun gözləri yeniyetməlik dövründə, dünya haqqında tam təsəvvür əldə etdikdən və bir şəxsiyyət kimi formalaşdıqdan sonra tutulmuşdur.
Nəsib heç bir təhsil ala bilməsə də, fenomenal yaddaşı, iti zəkası və fəhmi sayəsində məlumatlı adam kimi yetişmişdir. Yaşlıların Çıldır, Qars, Gümrü, İrəvan, Axıska, Axılkələk, Tiflis, Batum haqqında söhbətlərinə diqqətlə qulaq asan, el-obada keçirilən toylarda və məclislərdə aşıqların oxuduqları şeirləri, söylədikləri dastanları dinləyən və yaddaşına həkk edən Nəsib hələ uşaqlıqdan sazın-sözün sehrinə varmışdır. O, Aşıq Şenliyin, Aşıq Zülalinin, Qul Əhmədin, Çorlu Məhəmmədin, xüsusilə özü kimi dünya işığına həsrət qalan çıldırlı Aşıq Sədainin yaradıcılığına dərindən aşina olmuşdur. “Ustad sənətkar Aşıq Ələsgər kimi, Aşıq Nəsib də müstəqil şəkildə bilik qazanmağa, dünyagörüşünü genişləndirməyə daim səy göstərmişdir. Aşıq Nəsibin yaşadığı illərdə Güllübulaqda tanınmış din xadimləri fəaliyyət göstərirdilər. Onların əksəriyyəti müqəddəs dini ocaqlarda – Xoyda, Nəcəfdə və başqa yerlərdə təhsil almışdılar. Yaşlıların dediklərinə görə, Aşıq Nəsib tez-tez Axund İsmayıl, Axund Hacı Əli, Axund Abdulla, Axund Məhəmməd kimi savadlı şəxslərlə görüşür, onların söhbətlərinə diqqətlə qulaq asırmış. Sovet hakimiyyəti qurulandan sonra o, …kənddə get-gedə çoxalan ali təhsilli işıqlı ziyalılarla ünsiyyətdə olmağı çox sevirmiş” (6, 6).
Şikəstliyi üzündən hərəkət qabiliyyəti azalan gənc Nəsib özünə məşğuliyyət tapmaq məqsədilə meylini saza salmış və qısa müddət ərzində yaxşı çalıb-oxumağı öyrənmişdir. Onun aşıqlığa olan sonsuz həvəsini və qabiliyyətini görən əmisi Əmir kişi Nəsibi hər vasitə ilə təşviq etmiş və dəstəkləmiş, özü ilə bərabər saz-söz məclislərinə aparmışdır.
Bütün haqq aşıqlarının həyatında görülən röya motivi Aşıq Nəsibdən də yan keçməmişdir. O da Aşıq Şenlik kimi röyada bir dərvişdən buta almışdır. Yeganə fərq bundadır ki, Aşıq Şenlik yuxuda olarkən bir pir onu cənnət bağçasına aparmış və o, burada Həzrəti Məhəmmədin (s.ə.s.) camalını görmüşdür. Pir ona cənnət bağçasından su içirmişdir. Həmin bağçada o, Salatın adlı sevgilisini də görmüşdür. İlahi bir qüdrətdən ərəb və fars dillərini öyrənmiş və ona “Şenlik” ləqəbi verilmişdir (128, 109).
Bu hadisədən sonra Şenlik ilk dəfə bədahətən şeir demiş və başına gələnləri belə ifadə etmişdir:
Röyayi-aləmdə yatdığım yerdə
Neçə yüz min xəyal guşuma gəldi.
Uğ və uğ cismimə saldı bir atəş,
Sevdiyim Salatın düşümə gəldi (96, 10).
Aşıq Nəsibdə isə röya motivi bir qədər fərqli şəkildə olmuşdur. Yaşlıların dediyinə görə, Nəsib 15-16 yaşlarında ikən qonşu qızı Bahara vurulur. Nəsib tez-tez qonşuların alma bağına gedir, böyük bir ağacın altında Baharı gözləyirmiş. Bir gün Nəsib yenə bağa gəlir, həmin ağacının altında durur. Yaz vaxtı imiş. O, nə qədər gözləsə də, Bahar gəlib çıxmır. Necə olursa, yuxu onu aparır. Bu barədə ustadın şəyirdi Aşıq İskəndər Ağbabalı belə deyir: “O, yuxuda görür ki, bir dərviş ona bir alma verib deyir: Al bunu ye, oğul. Dərviş baba, bu bağda alma çox olur, mən alma çox yemişəm, sağ ol, − deyə Nəsib ona cavab verəndə nurani dərviş onun başını tumarlayıb deyir: Oğul, bu alma sən deyən almalardan deyil. Sən mən deyəni eşit, bu almanı ye, qorxma, bundan sonra sözün dalınca gələcək. Başın çox bəlalar çəksə də, söz mülkünün qiyməti padşahların xəzinələrindən də qiymətli, adın el-oba içində hörmətli olacaq. Nəsib almanı dərvişdən alıb yeyir. Azmı, çoxmu yatdığını bilmir. Bir də ayılıb görür ki, Bahar gəlir. Nəsib elə ilk qoşmasını da onda deyir. Sözü deyəndən sonra yuxuda gördüyü dərvişi xatırlayır: baba dərviş düz deyirmiş, doğrudan da, sözlər özü gəlir, çətini ağzını açana qədərdir ki!” (13, 5)
Hər iki röya motivində ortaq cəhətlər çoxdur. Şenlik də, Nəsib də bu yuxuları çox gənc ikən, 14-16 yaşlarında görmüşlər. Hər ikisi yuxudan ayılan kimi bədahətən şeir demiş və qısa müddətdə məşhur olmuşdur. Klassik badə yerinə su və alma təqdim olunması isə dini motivlərlə bağlıdır.
Nəsib bu yuxudan sonra ətrafda haqq aşığı kimi tanınmışdır. Hadisələrin sonrakı inkişafı onun sənətkar taleyində silinməz izlər qoymuşdur. Baharın valideynləri tərəfindən zorla çıldırlı bir varlıya ərə verilməsi gənc Nəsibi dərindən sarsıtmış, qəlbinə çalın-çarpaz dağ çəkmiş, onu saza-sözə daha da sıx bağlamışdır.
Aşıq Nəsibin sonrakı ömür yolu da hamar olmamışdır. İlk məhəbbəti daşa dəyən Nəsib sonra öz kəndlərindən Nənəxanım adlı bir qızla ailə həyatı qurmuşdur. Daha sonra qonşu Mağaracıq kəndindən Əfruz xanıma evlənən aşığın bu izdivacdan Gövhər, Əsli, Səlbinaz adlı üç qızı və İshaq adlı bir oğlu olmuşdur. İshaq hazırda Hacıkənddə yaşayır. Aşığın vaxtilə Qarsa ərə verdiyi qızlarından birinin nəvəsi, Aşıq Nəsibin nəticəsi Fatma ulu babasının qəbrini və vətənini görmək üçün 1972-ci ildə türk-sovet sərhədini gizlincə keçərək Güllübulağa gəlmiş, təhlükəsizlik orqanları onu uzun çək-çevirə salmış, nəhayət, onun burada qalmasına icazə verilmişdir (6, 12).
1918-ci ildə Aşıq Nəsib öz həmkəndliləri ilə birlikdə erməni qırğınından xilas olmaq üçün üç ay Qarsın Qımılı kəndində yaşamış, ara sakitləşəndən sonra öz doğma kəndinə qayıtmışdır. 20-ci illərdə Ağbabanın 8 kəndinin əhalisinin Türkiyəyə köçməsi də aşığı dərindən kədərləndirmişdir. Sovet dövründə Aşıq Nəsibi şura hökumətinə və ermənilərə dərin və açıq nifrət bəslədiyinə görə daim incitmiş, hətta onu üç gün damda saxlamış, sonra ev dustağına çevirmişlər. Əldə olan məlumata görə, ermənilər onu dəfələrlə həbs etmək istəmiş, lakin aşığın xalq arasındakı böyük nüfuzundan ehtiyat etmişlər. Aşıq Nəsib ölən günə qədər öz əqidəsindən dönməmiş, bütün hədələrə, xahişlərə, vədlərə baxmayaraq, sonsuz nifrət bəslədiyi bolşeviklər partiyasına və onun rəhbəri Leninə, “davariş”lərə, “patrax”lara, “ara”lara, xalqlar dostluğu kimi cəfəng ideyaya bircə misra da şeir həsr etməmiş, əksinə, bunları daim kəskin tənqid atəşinə tutmuşdur. Üsyankar ruhlu aşığı Azərbaycan ziyalılarının, sənət və elm adamlarının başının üstündən qasırğa kimi keçən 37-ci ilin qanlı repressiyasından qocalığı (həmin dövrdə Aşıq Nəsib 67 yaşında idi), şikəstliyi və el məhəbbəti qorumuşdur. Əks təqdirdə, onun da bir çox güllübulaqlı, ağbabalı həmyerliləri kimi şura quruluşunun əleyhinə çıxan “müzür ünsür”, yəni zərərli element adı ilə Sibirə, ən yaxşı halda isə Qazaxıstana sürgün ediləcəyi qaçılmaz idi.
Aşıq Nəsibin müqtədir bir sənətkar kimi yetişməsində onun müasirləri və ustadları mühüm rol oynamışlar. Çünki ənənəyə görə, bu mürəkkəb sənətin sirlərini öyrənmək üçün hər gənc aşıq təcrübəli bir ustadın yanında şəyird olmalı idi.
Burada ustad-şəyird münasibətləri haqqında bir neçə kəlmə demək vacibdir. Bəri başdan qeyd edək ki, ustad aşıq sayılmaq üçün təkcə yaş və təcrübə kifayət deyil. Yalnız o aşıq ustad hesab edilir ki, onun sənətdə öz məktəbi, ifaçılıqda və söz qoşmaqda parlaq istedadı olsun. Belə aşıqlar bu sənətin davam etməsi, nəsildən nəsilə ötürülməsi, öz məktəbinin formalaşması, adının və əsərlərinin yaşadılması naminə özlərinə şəyird götürürlər. Ustad özünə şəyird seçərkən onun sənətə marağını, həvəsini, səsini, hafizəsini, öyrənmə qabiliyyətini, saz çalma bacarığını və fiziki kamilliyini, yəni boy-buxununu, çöhrəsini, nəhayət, əxlaqını, tərbiyəsini və vətənpərvərliyini nəzərə alır. Gənc aşıq ustad sənətkarın yanında bir müddət qalır, ailənin bir üzvü kimi ustadın evində yaşayır, ona hər işdə kömək edir. Şəyirdlik müddəti gənc aşığın istedadından, ustanın nəzərdə tutduğu təlim proqramını öyrənmə dərəcəsindən asılıdır. Şəyird ustaddan ən birinci ədəb-ərkanı, havacatı və ümumi repertuarı, ustadın bütün şeirlərini, qoşduğu dastanları, yaratdığı saz havalarını, onunla bağlı aşıq rəvayətlərini, fərdi üslubunu və tərzini, dil özəlliklərini, təhkiyəsini, qafiyələrini, üstəlik, aşıq şeiri janrlarını və texnikasını öyrənir, ustadla birlikdə məclislərə gedərək təcrübə toplayır, məclis aparma qaydalarını mənimsəyir. Türkiyə aşıqlıq ənənəsində “çıraqlıq”, bizdə “şəyirdlik” adlanan birinci təlim mərhələsi müşahidə-təqlid-tətbiq sxemi üzrə həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra şəyirdin xəlifəlik dövrü başlanır (bu termin bizdə işlənmir). Ustad artıq yavaş-yavaş xəlifəni dinləyici qarşısına çıxarır, çox zaman məclisi açaraq sözü ona verir, xəlifə də, öz növbəsində, ustadının bir neçə divanisini, təcnisini və gözəlləməsini oxuyur. Bu mərhələdə ustad xəlifəni özü ilə səfərlərə də aparır, əvvəlcədən hazırlanan ssenari üzrə məclisi onunla birlikdə idarə edir. Xüsusilə deyişməli aşıq rəvayətlərində qarşı tərəflərdən birinin rolunu ifa etməyi xəlifəyə tapşırır. Xəlifənin kifayət qədər yetkinləşdiyini və sənətin incəliklərinə tam bələd olduğunu görən ustad onu bir neçə dəfə sınayır, nəhayət, öz yetirməsinə təxəllüs seçir və sərbəst şəkildə aşıqlıq fəaliyyətinə başlamasına icazə verir. Buna “dəstur”, “icazət” və ya “bərat” deyilir. Beləliklə, bir neçə şəyird tərbiyə edən ustadın öz məktəbi yaranır. Bu, Türkiyədə “aşıq qolu” termini ilə ifadə edilir (113, 143-154).
Şəyird heç zaman öz ustadını unutmur, onun şöhrətini, adını yaşadır, hər vəsilə ilə ustadını yad edir. Ustad və şəyird seçmək məsələsi qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu işdə qohumluq, həmyerlilik, ağsaqqalların tövsiyəsi və xahişi, bəzən ustadla gələcək şəyirdin təsadüfi tanışlığı, bəzən də şəyirdin ustada şəxsən müraciət etməsi mühüm rol oynayır. Ənənəyə uyğun olaraq, ustad şəyirddən bu iş üçün heç bir haqq (mal, pul və s.) almır, çünki ustadının evində yaşayan şəyird onun mənəvi övladı sayılır.
Təbii ki, gənc Nəsib də bir ustad yanında təcrübə keçmək ehtiyacı hiss etmiş və əmisi Əmir kişi onu tanınmış aşıq Göləli İbrahimin yanına şəyirdliyə vermişdir. Bunu Aşıq İskəndər Ağbabalı da təsdiq edir: “Həyə, mənim ustadımın ilk ustadı Göləli İbrahim olmuşdu, əmbə o çox cavan öldüyünə görə Nəsif yarımçıx qalmışdı” (12, 178).
Güzəranını təmin etmək üçün həm də qalayçılıqla məşğul olan Göləli İbrahim bir gün Güllübulağa gəlmiş və təsadüfən Baharın atasının evində qalmışdır. Gecə qonşu evdən Nəsibin şiddətli iniltisini, ah-naləsini eşitmiş, sabah onun yanına gələrək dərdini soruşmuşdur. Nəsib əvvəlcə onu acılamış, Göləli İbrahim olduğunu öyrənincə üzr istəmişdir. Nəsibin başına gələnləri öyrənən, nakam eşqi haqqında məlumat alan Göləli İbrahim Nəsibin istedadını görərək onu şəyirdliyə qəbul etmiş və özü ilə birlikdə Göləyə aparmışdır. Lakin Nəsibin sevinci uzun sürməmiş, çox keçmədən ustadı vəfat etmişdir. Onun:
Ustam öldü, genə qaldım ortada,
Yarımçıxdan aşıx olmaz, neyləyim?
Şəyirtdiyə kimə gedim, bilmirəm,
Hər yetişən sözüm almaz, neyləyim (13, 85)
− misraları da bunu göstərir.
Nəsib daha sonra Güllübulaqda bir toyda Aşıq Şenliklə tanış olmuş, onunla deyişmişdir. Nəsibin saz çalmasını, səsini və şeirlərini bəyənən Şenlik onu özünə şəyird götürmüş, Nəsib bir müddət onun yanında qalaraq aşıqlıq sənətinin bütün incəliklərini öyrənmiş, kamil sənətkar kimi püxtələşmişdir.
Aşıq Nəsiblə Aşıq Şenlik arasında yalnız ustad-şəyird əlaqələri olmamış, onları çox dərin sevgi və mənəvi yaxınlıq birləşdirmişdir. Onlar birlikdə neçə-neçə məclislər aparmışlar. Aşıq Nəsib ustadı vəfat edənə qədər onunla sıx əlaqə saxlamış, həmişə özünü bu böyük insana borclu hesab etmişdir. Aşıq Nəsibin ustadına məhəbbəti o qədər çox imiş ki, ustadın ölümündən sonra Şenlik adı gələndə uşaq kimi kövrəlib ağlayar, sonra sazını sinəsinə basıb dərdli-dərdli oxuyarmış:
Bir vaxt bu yerlərdən keçib gedibdi,
Gəzir ağızlarda sözü Şenliyin.
Təbli adamların sinəsindədir,
Çeşməsi, bulağı, sözü Şenliyin.
Gündən-güzərandan sınır ürəyim,
Ay Nəsib, ustadı anır ürəyim.
Həsrətdən od tutub yanır ürəyim,
Yaloyu, ataşı, közü Şenliyin (13, 101).
Aşıq Nəsib bəzi şeirlərinin möhürbəndində öz adını deyərkən ustadı Aşıq Şenliyi də nişan vermiş, onu anmışdır:
Nə Çorlu var, nə də ustam,
Dərd əlində daha matam (13, 101).
Ustadlı günlərim düşüb yadıma,
Özüm öz halıma yanıb ağlaram (13, 101).
Tanrının quluyam, Nəsibdi adım,
Çıldırlı Şenlikdi mənim ustadım (13, 67)...
Aşıq Şenliyin yanında saz-söz sənətinin bütün sirlərini dərindən mənimsəyən Aşıq Nəsib ustadının xeyir-duası ilə tezliklə müstəqil şəkildə məclislər keçirməyə başlamışdır. Onun Ağbabada, Gümrüdə, Çıldırda, Qarsda, Axıskada, Axılkələkdə, İrəvanda, Borçalıda və başqa yerlərdə keçirdiyi məclislər dillərdə dastan olmuş, şöhrətini hər yana yaymışdır. Aşıq Nəsib bir sənətkar kimi getdikcə püxtələşmiş, çoxlu gəraylı, qoşma, divani, müxəmməs, təcnis və bayatı yaratmış, xeyli aşıq rəvayəti qoşmuş, Azərbaycan aşıq poeziyası tarixinə ustad sənətkar kimi daxil olmuşdur.
Yaşlıların verdiyi məlumata görə, Aşıq Nəsib ucaboy, arıq, vüqarlı və çox cəsarətli, sözü çəkinmədən üzə şax deyən adam olmuşdur. Sifətində vaxtilə keçirdiyi qızılca xəstəliyinin əlaməti olan kiçik çopurlar varmış. Daim səliqəli geyinər, qamətini şax tutaraq yeriyərmiş. Aşıq Nəsibin səxavəti isə dillərdə dastan imiş. Sovet dövrünə qədər keçirdiyi məclislərdən həmişə çoxlu nəmərlə, qızılla qayıdarmış. Bunların çox az qismini özünə götürər, qalanlarını istədiyi adamlara, yoxsullara, kimsəsizlərə paylayarmış.
Aşıq Nəsib, eyni zamanda həm də gözəl məclis apararmış. İskəndər babanın dediyinə görə, o, özündən yaşca böyük olan Çorlu Məhəmmədə və Aşıq Heydərə dərin hörmətlə yanaşar, onlarla birlikdə olanda ikisindən də icazə aldıqdan sonra məclisə başlayarmış (73). Qəmli dastanları danışarkən tez-tez kövrəlib ağlayar, bir gecədə dörd-beş dəsmalı göz yaşı ilə isladarmış. “Abbas və Gülgəz”, “Lətif şah”, “Yaralı Mahmud”, “Qaçaq Usuf”, “Yetim Məhəmməd” kimi dastanları olduqca şirin bir təhkiyə ilə danışar, oxumaq məqamı çatanda məclisi dolana-dolana sazı boynunun dalına qaldıraraq yanıqlı səslə “Leyla, Leyla” − deyə coşarmış.
“Bir dəfə bir neçə aşıq Aşıq Nəsib məclisdə çalıb-oxuyanda qəflətən ora gəlirlər, əllərində də saz. Aşıq Nəsibin bunlara acığı tutsa da, əvvəl-əvvəl dinmir. Elə ki gələnlərdən nisbətən yaşlısı aşığa “İzin versən, biz də bir-iki ağız oxuyarıq” deyəndə onu od götürür: “Nə deyirəm, indi mən başlayım, siz də gəlin dalımca” − deyib sazı basır sinəsinə. Eni 6-7 metr, uzunu 10-12 metr olan otağı 15 dəfə dolana-dolana bir nəfəsə oxuyur, səsi kəsilən kimi deyir: “Hə, indi də siz gəlin”. Aşıqlardan biri çəkinə-çəkinə ona belə deyir: “Hardadı bizdə o səs ki, otağı 15-16 dəfə dolana-dolana bir nəfəsə oxuyaq. Yox, buna güc çatmaz”. “Onda necə gəlmisiniz, eləcə də gedin. Sənətkar sənətkarın üstünə sazla getməz” − deyə Aşıq Nəsib onları ehtiyatlandırıb yola salır” (13, 5-6).
Aşığın oğlu İshaqın dediyinə görə, atasının dastan ifaçılığının maraqlı bir məqamı da varmış. O, dastanı yarıda, həm də ən “yaralı” yerində kəsər, o biri gecə qaldığı yerdən davam edərmiş. Bu zaman “Kim deyər harada qalmışdıq?” − deyə soruşar, cavabını tapan adama “Bir qara toyuq səndə” – deyərmiş. Bu o demək idi ki, həmin adam sabah bir qara toyuğu soyutma bişirtdirib aşığa pay gətirməli idi (71).
Aşıq Nəsibin son dərəcə zil səsi olmuşdur. O, bütün Ağbaba-Şörəyel bölgəsində dörd uca səsli (Çorlu Məhəmməd, Aşıq Məhərrəm, Şahverdi və Aşıq Nəsib) aşıqdan biri idi. O oxuyanda səsi dörd-beş kilometr məsafədən aydın eşidilirmiş (13, 8).
Ağbaba-Çıldır mühitində məclislər adətən geniş otaqlarda keçirilərdi. Burada səhnəni əvəz edən xüsusi səki düzəldilər, üstünə xalça-palaz döşənərdi. Dinləyicilər isə bardaş quraraq yerdən oturardı. Aşıq Nəsib bəzən cuşa gələrək elə sürətli hərəkət edirmiş ki, görənlər mat qalırmış. O, məclis aparanda səkinin kənarlarına mütəkkələr qoyulurmuş. Ayağı mütəkkəyə toxunan aşıq bilirmiş ki, burada səki bitir, buradan o yana addım atmaq olmaz (6, 15).
Aşıq Nəsib Güllübulaqdan digər ərazilərə həmişə atla gedərmiş. Bu zaman atın cilovundan bir adam tutaraq bələdçilik edərmiş. Ona el-oba arasında “çolpa” deyilirmiş. Aşığın öz doğma kəndi Güllübulaqdan Məhəmməd və Mehralı, qonşu Mağaracıq kəndindən Oruc, Təzə İbiş kəndindən isə Əli adlı çolpaları olmuşdur. Aşıq Nəsiblə bağlı aşıq rəvayətlərində onun çolpalarının adı zarafat kontekstində bədii obraz kimi tez-tez çəkilir. Xalq ustad sənətkara bəslədiyi böyük hörmət-izzəti və dərin ehtiramı eynilə onun çolpalarına da göstərmişdir (6, 13).
Maraqlıdır ki, Aşıq Nəsib özü də adlı-sanlı sənətkar olandan sonra bir çox gənc aşığa ustadlıq etmiş, öz şəyirdlərini həqiqi sənətkar, şəxsiyyətli insan kimi tərbiyə etməyə çalışmış, aşıq sənətinin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Onların arasında Aşıq İskəndər Ağbabalı və Yetim Ləvənd xüsusilə məşhur olmuşdur. Aşıq İskəndər Ağbabalı öz xatirələrində Aşıq Nəsibin ustadlıq fəaliyyəti haqqında da dəyərli məlumatlar vermiş, özünün ona şəyird olması ilə bağlı belə bir maraqlı əhvalat nəql etmişdir: “Yadımdadı, epeycə uşağıydım. Nə bilim, vallah, olardı bir on iki-on üş yaşım. Bir gün Aşıx Nəsif bizim kəndə gəlmişdi, əmbə məni də yanına çağırtdırdı. Qorxa-qorxa yanına getdim. Maa demişdilər Nəsif çox hersdi adamdı, elə buna görə qorxurdum. Həyə, getdim yanına, salam verdim. Salamımı alıf maa yer görsətdi: otu, oturdum. Dedi: A bala, deyillər sənin bir sazın da var, get onu da gəti, saa bir qulax asmax isdiyirəm. İstədim deyəm sazım-zadım yoxdu, əmbə yadıma deyilənnər tüşdü, yanı aşıx çox hersdi adamdı. Əvə gedif sazımı gətdim. Saz da nə saz, ay sağ olmuşdar, bir taxtıya o-bu başınnan bir-iki mıx vurub tel çəhmişdim. Həyə, sazımı gətirənnən sonra Nəsif dedi, oxu görüm. Sazımı çalıf oxudum. Kutaranda o çox mehribannıxnan dedi:
-
A bala, o sazını bir maa ver, baxım.
Sazımı onun əlinə verdiyimi gördüm, bəyax Nəsif onu tufara çırfdı, ağaş parça-parça oldu. Qorxumnan çıqqırımı çəhmədim. O, məni yanına çağırdı. Əsə-əsə düz qavağına getdim. Öz sazını maa verdi, əmbə alnımnan da öfdü:
– Sənnən yaxşı aşıx olacax. Bu sazı verirəm saa, mənim əvdə başqa sazım da var, əmbə bu günnən sən gəlirsən mənim yanıma, şəyirdih eliyirsən.
O vaxtdan Aşıx Nəsivə şəyird oldum” (12, 178).
Aşıq Nəsib də el ağsaqqalı kimi toylarını, bayramlarını sazla, sözlə bəzədiyi doğma xalqı qarşısında məsuliyyət duyaraq, aşığın şəxsiyyətini və sənətini kamil görmək istəmişdir. O, “Eləmə” rədifli müxəmməsində aşıqlıq sənətinin etikası və estetik idealı ilə bağlı öz sənət kredosunu bəyan etmiş, “gözümün işığı” adlandırdığı sevimli şəyirdi İskəndər Ağbabalının şəxsində üzünü bütün gənc aşıqlara tutaraq belə demişdir:
Bir yerə çox gedib-gəlmə,
Aşıqlığı şor eləmə.
Hörmət ayrı, töhmət ayrı,
Öz işini zor eləmə.
Paraya heç meyl salma,
“Can” sözünü “çor” eləmə.
Yavaş danış, sakit dillən,
Səs-sədanı gur eləmə.
Yandırma özün odlara,
Yatağını qor eləmə (13, 45).
Aşıq Nəsib bu şeirində necə çalıb-oxumaq, məclis aparmaq, nadanlara, qanmazlara və tamahkarlara necə münasibət bəsləmək, prinsipial və ədalətli olmaq haqqında öz dəyərli ustad tövsiyələrini də bildirmişdir:
Aldınmı sazını ələ,
Elə çal ki, daş ərisin.
Şirin-şirin söhbət elə,
Düşünnən sözün gerisin.
Nadanların, qanmazların
Söz ilə çıxar dərisin.
Ürəyinə neştəri sox
Tamahkarın, həm hərisin.
Dastan, hava-havacatı
Sevənlərə xor eləmə.
…Ağa ağ de, ala al de,
Zil qaranı mor eləmə (13, 45).
Burada Aşıq Nəsibin sənətkar kimliyi, mənsub olduğu təriqət və onun içində tutduğu mövqe, qazandığı məqam və titul haqqında bir neçə kəlmə demək lazımdır. Çünki bunsuz onun sənətkar portreti yarımçıq qalardı.
Elə müəmmadır aşıq sənəti,
Bir isimdə dörd hikməti dərindi.
Şairdi, məzəkar, sazən, xoş avaz,
Fəhm eylə çənini, bəhrə dərindi (12, 72).
Ustadlar ustadı Aşıq Alının bu misraları aşıq sənətinin kredosu hesab olunur. Əsl aşıq, eyni zamanda dörd hikməti bir yerdə təqdim edir: şairlik, ifaçılıq, musiqi və məclis aparmaq məharəti. Sözsüz ki, aşıqların hamısı eyni istedada, eyni məziyyətlərə malik olmamışdır. Onlardan biri sazda, biri sözdə, biri müdriklikdə, ağıl və kamalda, biri havacatda üstün olmuşdur.
Akademik H.Araslı aşıq ad-titulundan bəhs edərkən göstərir: “Aşıq hələ qədim dövrlərdə ozan, bəlkə də daha əvvəllər daha ayrı adlarla adlanıb” (9, 5). Bu barədə bir çox mülahizələr irəli sürülsə də, əsas fikir budur ki, aşıq sözü ərəb dilinə məxsus olan “eşq” sözündən götürülmüşdür (31, 234; 43, 14; 77, 35; 22, 490; 94, 150).
Aşiq sözü eşqə tutulan, məftun olan, vurulan mənasındadır. Vaxt keçdikcə bu söz dilimizin ahəng qanununa uyğun olaraq “aşıq” formasına düşmüşdür. M.F.Körpülü isə aşıq sözünün türk mənşəli “işıq” sözündən yarandığı fikrini müdafiə edir. Onun fikrincə, “haqq aşığı” ifadəsi də orta əsrlərdə mövcud olmuş təriqətlərin təsiri nəticəsində əmələ gəlmişdir (117, 167-168).
Azərbaycan folklorşünaslarının son dövrlərdə apardıqları tədqiqatlar nəticəsində aşıq sənətini yaşadan sənətkarlara türk xalqları arasında müxtəlif dövrlərdə ozan, varsaq, yanşaq, işıq, aşıq, dədə və sair adları verildiyi müəyyən edilmişdir (9, 235). Lakin qeyd etmək lazımdır ki, dədə sözü müstəqil olaraq işlənməmiş, bütün dövrlərdə ozan, aşıq adlarına qoşulmuş, ustad aşıqlara bir titul kimi verilmişdir. Bu titul-fəxri adı Dədə Qorquddan başlayaraq Dədə Ələsgərədək bir çox mahir, yaradıcı ustadlar daşımışlar.
XIX əsrin sonu − XX əsrin əvvəllərində Ağbaba-Çıldır aşıq mühitində yaşayıb-yaradan aşıqlar arasında dini inanc və fəlsəfə geniş yayılmışdı. Daha əvvəllər klassik ədəbiyyatda tərənnüm olunan Allah sevgisi və ilahi eşq onların yaradıcılığında sanki yenidən təzahür etmişdir. Aşıq Şenlik Füzuli kimi ona iztirab verən bu eşqdən məmnundur və ondan ayrılmaq istəmir:
Pərvanəyəm, eşq oduna yanaram,
Bu eşqi-suzandan ayırma məni (96, 50).
Aşıq Nəsib də öz yaradıcılığında Allah eşqini xüsusi həssaslıq və sevgi ilə dilə gətirmiş, ondan gələn bəlaları da gülə-gülə qarşılamışdır. Bu bəlalara görə, o, nəinki Allaha şikayət etmir, əksinə, ondan daha çox bəla istəyir:
Dərd vermisən, yenə də ver,
Məni qəmə yetir, Allah.
Məcnun elə, səhralara,
Ya çöllərə ötür, Allah (13, 15).
Aşıq Nəsibin yazı savadının olmadığı, bütün şeirlərinin bədahətən söylədiyi məlumdur. Allah vergisi olan güclü hafizəsi və hazırcavablığı onu heç vaxt tərk etməmişdir. Dədə aşıqlara verilən tələblərdən biri də budur.
Tanınmış folklor tədqiqatçıları da möhkəm hafizə və yaddaşı aşıq sənətinin əsas keyfiyyəti kimi qeyd etmişlər: “Aşıq yaradıcılığı əsasən hafizələrdə, yaddaşlarda yaşayan sənətdir. Buna görədir ki, bu sənətə yiyələnib yaxşı bir aşıq olmaq üçün vacib şərtlərdən biri qüvvətli hafizəyə, yaddaşa malik olmaq zərurətindən ibarətdir. Hər bir ustad aşıq özünə şagird seçəndə onun səsini-nəfəsini, əlini-dilini, barmaqlarını, çalmağını yoxladığı kimi, hafizəsini də sınaqdan keçirir, sonra da özü xüsusi üsullarda qüvvətləndirir, möhkəmləndirir” (89, 46).
Aşıqlar xalq arasında yalnız saz çalıb söz qoşan, dastan danışan sənətkarlar kimi deyil, həm də xalqın dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olmuşlar. “Aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xalqın içərisində hörmət qazanmışlar” (23, 158). Aşığın xalq arasında hörmətli və nüfuzlu olması, sevilməsi üçün bəzi şərtlər lazımdır. Bunu Dədə Ələsgər şeirlərinin birində belə göstərir:
Aşıq olub tərki-vətən olanın
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir (18, 201-202).
Ağbaba-Çıldır aşıq məktəbinin layiqli yetirməsi olan Aşıq Nəsibin bir təriqət aşığı, sufi dərvişi olduğu şeirlərindən süzülüb gəlir. Onun istedadının Allah vergisi olması haqqında aşıq rəvayətlərində kifayət qədər məlumat var. Yuxusunda dərvişdən aldığı alma ilahi verginin təsdiqidir. Bu, Nəsibin “haqq aşığı”, ələvi-bəktaşi təriqətinin mürşidlərindən olduğunu göstərir. Lakin ictimai-siyasi şəraitdən, aşıq sənətinin öz təbii inkişaf məhvərindən qoparılaraq sovet quruluşunun əmrinə alınması səbəbindən aşığın bu titulu ədəbiyyat və sənət aləmində təsdiqini tapa bilməmişdir. Aşıq Nəsibin “Olmadı” divanisindəki “Kafir gəldi, şura adlı, Haqqım bəyan olmadı” misraları da bunu göstərir:
Bu dünyada ağı gəzdim,
Gördüm deyən olmadı.
Bir ağ dədə olsam da mən,
Sirrim əyan olmadı.
Fələk gətirdı mundarı,
Şeytan işi car oldu.
Kafir gəldi, şura adlı,
Haqqım bəyan olmadı (13, 42).
“Dədə Ələsgər poeziyasının sufi mahiyyətinə dair” məqaləsində H.İsmayılov yazır: “Poeziyasından göründüyü kimi, Ələsgər haqq aşığıdır, sufi mürşiddir, övliyadir, dədədir... Ələsgər şeirində biz üç dini-ruhani qaynağın vədhətini müşahidə edirik:
1. Türk xalq sufizmi. Kökləri ilə türk tanrıçılığına bağlanır və ondan qaynaqlanır. Bu qaynağın reallaşdığı poetik düşüncə qatı Ələsgər şeirində sufi dünyagörüşün əsasını, arxetipini təşkil edir.
2. Türk sufizmi. Ələvilik, əhli-həqq təriqəti. Ələvi və bəktaşi şeiri.
3. İslam və onun müqəddəs kitabı “Qurani-Kərim” (52, 32).
Aşıq Nəsib də şeirlərində Dədə Ələsgərə layiq olduğu qiyməti verərək onun, həqiqətən, bir mürşid, bir pir olduğunu dilə gətirmişdir:
Dədələr dədəsi, dədələr xası,
Aşıqlar içində pirdi Ələsgər (13, 30).
Ələsgərlə Nəsib arasında xeyli yaş fərqi olduğunu nəzər alsaq, çox güman ki, onları bir-birinə yalnız sənət deyil, həm də əqidə və qədər birliyi, mürşid-mürid əlaqələri bağlamışdır. Göləli İbrahimdən və Aşıq Şenlikdən sonra Ələsgər yeganə aşıqdır ki, Nəsib özünü ona şəyird, onu isə özünə ustad, dədə elan etmişdir:
Sən bir dədə aşıq, mən bir saz çalan,
Haqqa qul bəndəyəm, söyləməm yalan (13, 32).
Nəsib şəyird misal ona qabaqda,
Dünyaya gələndən birdi Ələsgər (13, 30).
XIII əsrdə Anadoluda başlayan dini-təsəvvüfi cərəyanın banisi olan Yunus Əmrə öz şeirləri ilə eldən-elə dolaşmış, ad-san qazanmışdır. O, təsəvvüf ədəbiyyatının təməl fəlsəfəsini yaratmışdır. Bu fəlsəfənin bünövrəsini “sevək, sevilək” çağırışı, kamilləşmiş insanın Tanrı ilə qovuşması, Yaradan ilə yarananın birləşməsi ideyaları təşkil edirdi. Haqqa varmaq, bir canda bir ruh olmaq, “vəhdəti-vücud olmaq” üçün dörd mərhələdən söz açan Yunus Əmrə yalnız bundan sonra məqsədə, yəni kamillik mərhələsinə çatılacağın mümkün olduğunu deyir:
Məni sorma mənə, məndə deyiləm,
Surətim boş gəzər dondan içəri.
Şəriət, təriqət yoldur varana,
Həqiqət, mərifət ondan içəri (130, 201-202).
Daha sonra yaşamış təsəvvüf-təkkə aşıqlarından Miskin Abdal, Pir Sultan Abdal, Qayğusuz Abdal və başqaları təriqət ədəbiyyatını daha geniş ərazilərə yaymışlar. Miskin Abdalın:
Sən dərvişsən haqq yolunda, haqqı istə, haqqı sev,
Nə olsun ki, bel bükülüb, kamana tay olmusan (68, 49)
– misraları sufi fəlsəfəsinin əsasını təşkil edirdi: Yaradanı sev, yarananı Yaradan üçün sev, zira hər şey Allahdan yaranıb və hər şey ona dönəcək. İnsanı sevmək, yəni məcazi eşq yenə də Allahı və onda təzahür edəni sevməkdir.
Aşıq sənətinin məşhur bilicisi professor Q.Namazov yazmışdır: “Hələ XV-XVI yüzillikdə Şah İsmayıl Xətainin babası Şeyx Cüneyd və atası Şeyx Heydərin Dərbənd və onun ətrafında sufi-dərviş ocaqları qurmaları və bu yolda şəhid olmaları sonrakı mərhələdə regionun mənəvi-ürfani ovqata köklənməsinə güclü təkan vermişdir. İndi də Dərbənddə ziyarətgah kimi müqəddəs tutulan “Qırxlar piri” orta əsrlərin sufi-dərviş sisteminə məxsus bir ocaqdır. Bu ocaq həmin mərhələnin epik yaradıcılığında − orta əsr dastanlarında işlək mövqeyə malik olan təsəvvüf səciyyəli simvolik “qırxlar” obrazı ilə birbaşa bağlıdır.
Haqq aşıqlarının “Sidqimi bağladım qırxlar pirinə” və ya “Qırxlar məclisindən badə içmişəm” − deyə ilahi vergiyə sahib olduqları rəmzi-ürfani “qırxlar” obrazı ilə əlaqələndirmələri də “qırxlar” pirindən (olsun ki, bu adda pir sufi-dərvişliyin güclü oluğu digər bölgələrdə də var) sufi-dərviş-aşıq ocağı kimi qavranılmasından irəli gəlir” (77, 192). Ələvi-bəktaşi təriqətinə görə, Həzrət Əlinin başında durduğu qırx adamın məclisinə “qırxlar” məclisi deyirlər. Aşıq Nəsibin yaradıcılığında da “qırxlar” obrazı ilə bağlı inancı ifadə edən misralara tez-tez rast gəlmək olar:
Qırxların əlindən badə içmişəm,
Qəlbimin nurundan sözüm bol gəlir.
Dərdə alışmışam, düzü seçmişəm,
Sinəmin başına haqdan yol gəlir (88, 154).
Tanrı hər işdən halıdı,
Sözüm ellərin malıdı.
Nəsib qırxların quludu,
Əhli-hallar arasında (13, 17-18).
Allahı tanımaq və ona qovuşmaq üçün ürfanın yolu dörd mərhələdən keçir: şəriət, təriqət, mərifət, həqiqət. Aşıq Nəsib bu mərhələləri keçmiş, mənən kamilləşmiş, saflaşmış, Allahı tanımış və ona qovuşmuşdur. O, ürfan sahibidir və ürfan sahibləri ilə həmdərddir:
Bir “yahu” sözündən ruhum hey uçar,
Könlümün kilidin ürfanlar açar (13, 26).
Aşıq Nəsibin “Gərək” rədifli divanisindən açıq-aşkar görünür ki, o dövrdə Çıldırda sufi təkkələrı, təriqət ocaqları mövcud olmuş və öz funksiyalarını qoruyub saxlamışdır. Aşıq mənsub olduğu təriqətin ideyalarını tərənnüm edir və əsl mürşid kimi həmin ocaqlardakı ürfan sahiblərinə müraciətlə mistik yaşantının haqqa və həqiqətə aparan yollarını göstərir. Aşağıdakı divanini dövrün və mühitin ən gözəl sufi poeziyası nümunəsi hesab etmək olar:
Qarayola getmək çətin,
Ona qara qəm gərək.
Qəmliliyə həm ağ-qara,
Həmi şöhrət-nam gərək.
Pünhan ola pis kəslərdən,
Uya aləm sirrinə.
Dədələrə bir münasib,
Xəlvəti bir dam gərək (13, 42).
“Türk tanrıçılığının dini-ruhani başçısı Ata və əski türk ibadət yeri ocaq bir qədər fərqli şəkildə təkkələrdə bərpa olunur. IX-XI əsrlərdə mühitdən aldığı zərbələrlə ciddi deformasiyaya uğrayan əski türk inamı XII-XIX əsrlər arasında “muxtar hüquqlarını” qorumaqla mövcudluğunu saxlaya bilmişdir” (52, 32).
Qədim kökləri ilə türk tanrıçılığına bağlı olan və ondan qidalanan türk xalq sufizmi Aşıq Nəsibin təriqət dünyagörüşünün əsasını təşkil edir:
Türkdə sirli, möcüzatlı
Ata olar hər anı.
Günçıxanla günbatandı
Hər atanın məkanı.
Ürəkləri təpər dağı,
Qəlbləri gövhər kanı.
Üzü nurlu, coşqun təbli,
Bilgiləri tam gərək.
Aşıq Nəsib ilahi həyəcanlarını, Allah və peyğəmbər eşqini təsəvvüfi vəcd ilə dilə gətirmiş, hətta ona verilmiş ilahi vergi ilə “ərşi-əlaya” varmış, ruhu Tanrı dərgahında dolaşmışdır:
Qara dünya yolçusuyam,
Amma özüm ağ ata.
Əllərimdə gün işığı −
Dərdi, qəmi dağıda.
Qalxa bir ərşi-əlaya,
Könlüm istər tağ ata.
Görüb İşıqlı babanı,
Nəsib ala nam gərək (13, 42).
Beləliklə, Aşıq Nəsibin sənətdə həqiqi bir dədə olduğu, lakin ictimai-siyasi şərait üzündən bunun sənət dünyasında öz təsdiqini tapmadığı ortaya çıxır. Əslində, Dədə Ələsgərdən sonra dədə titulu Azərbaycan aşıq sənətində heç bir aşığa verilməmiş, bu təsisat, dolayısı ilə bu missiya bir növ ləğv olunmuşdur.
Aşıq Nəsibin mənsub olduğu Ağbaba-Çıldır aşıq mühitinin sənət şəcərəsi XVIII əsrin sonlarında Xəstə Hasandan başlamış və ondan Aşıq Nuruya, ondan Aşıq Şenliyə, ondan Aşıq Nəsibə, İbrahim Gözəliyə, Əliyə, Bala Məhəmmədə, Namaza, Qasıma, Əskərə, Mövluda, Balakişiyə və Süleymana qədər gəlmişdir. Həmin mühitin Ağbaba qolu Aşıq Nəsibdən Yetim Ləvəndə və Aşıq İskəndər Ağbabalıya qədər davam etmişdir.
Bu qolun sonuncu azman sənətkarı İskəndər Ağbabalı ustadından aldığı sənət əmanətini, yəni havacatı və ənənəni ləyaqətlə qoruyub saxlamış, xeyli gəncə saz-söz sənətinin incəliklərini öyrətmişdir. O, bu barədə deyir: “Mənim də bir neçə nəfər şəyirdim var. Mən deyim, siz qulax asın. Aşıx Paşa Göydağlı, Aşıx Murtuza, Aşıx Qəzənfər, Sultan Orucoğlu, Aşıx Faxfur… Aşıq Paşa Çivinnidəndi, çox iti zəkalı, yaddaşdı aşıxdı. Onu da deyim ki, şayırrığı da var, əməyimi itirmiyif, özünü görsədir. Aşıx Murtuza (doğma oğlu – N.Ə.) uzaxda olur, yanı Qazaxıstandadı. O da olar Paşa yaşda, əməlli aşıxdı. Aşıx Qəzənfər Çorru Məhəmmədin nəticəsidi. Səsinə, saz çalmağına söz yoxdu, hərdən bir sinədən deməyi də var. Sultan Orucoğlu Mağaracıx kəndinnəndi, onun atası Oruş kişi vaxtıynan ustadım Aşıx Nəsivin çolpası oluf. Əmbə Sultan nanayların əsil ustasıdı. Qaldı Aşıq Faxfur, bu uşax da öz oğlumdu, əmbə çox həvəsdidi. Deyirəm, bir gün başımı yerə qoysam, bəlkə, mənim yerimi bu tuta, əmbə bu fikrim qətidi, ha” (12, 180).
Qeyd etmək lazımdır ki, Aşıq İskəndər Ağbabalı öz zənnində və ümidində yanılmamışdır. Aşığın Bakıda yaşayan oğlu Aşıq Faxfur atasının və onun böyük ustadı Aşıq Nəsibin sənət yolunu uğurla davam etdirir. O, Bakıda və Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Gürcüstanda və Qazaxıstanda keçirdiyi məclislərdə, toylarda və şənliklərdə bu iki görkəmli sənətkarı daim rəhmətlə anır, onların sözlərini oxuyur, Aşıq Nəsibin və Aşıq İskəndər Ağbabalının həyatı və yaradıcılığı ilə bağlı aşıq rəvayətləri söyləyir, onlara həsr etdiyi mahnıları ifa edir, bir sözlə, onların şöhrətini yaşadır, adlarını unudulmağa qoymur. Faxfurun qardaşı istedadlı sənətkar Aşıq Murtuza da eyni missiyanı Qazaxıstanda həyata keçirir.
Böyük tarixi keçmişə və sənət ənənələrinə malik Ağbaba-Çıldır aşıq mühitinin Çıldır qolu isə üç ustad aşığın məktəbi kimi davam edir. Bunlardan biri Aşıq Şenliyin oğlu Aşıq Qasımın, biri Aşıq Gülüstanın və digəri Aşıq İbrahimin adı ilə bağlı məktəbdir. Aşıq Qasımın məktəbi öz övladları, Aşıq Şenliyin nəvələri olan Nuri Şenlik, Yılmaz Şenlik, Salih Şenlik, Aşıq Qasımın nəvəsi, Aşıq Şenliyin nəticəsi Fikrət Şenlik və şəyirdləri Şərəf Taşlıova, Dursun Durdağı, Şövqi Xalıçı, Abbas Seyhan, İslam Ərdənər və Məhmət Hicraninin timsalında günümüzə qədər davam etmişdir. Onların arasında Şərəf Taşlıova və Məhmət Hicrani ustad aşıq səviyyəsinə yüksəlmişdir. Müasir Türkiyənin ən məşhur sənətkarlarından olan Şərəf Taşlıova sənətini Sədrəddin Ulu, Nuri Şahinoğlu, Hikmət Arif Ataman və Aşıq Şah İsmayıla öyrətmişdir. Məhmət Hicrani öz qardaşı oğlu, bu gün Türkiyədə bu sənət ənənəsini layiqincə davam etdirən Aşıq Maqsud Fəryadiyə ustadlıq etmiş, öz növbəsində, o da bu sənətin sirlərini İlqar Çiftçioğluna öyrətmişdir. Aşıq Gülüstan öz oğlu Murad Çobanoğluna, şəyirdləri Nüsrət Yurtmalı, Haqqı Baydar və Murad Yıldıza aşıqlıq vəsiqəsi vermişdir. Murad Çobanoğlu və Murad Yıldız ustad aşıq kimi hərəsi iki şəyird tərbiyə etmişdir. Murad Çobanoğlu istedadlı gənclərdən Mürsəl Sinana və Arif Çiftçiyə, Murad Yıldız isə öz oğlu Günay Yıldıza və Mahmud Qaradaşa ustadlıq etmişlər. Aşıq İbrahim bu sənətin sirlərini Aşıq Çərkəz, Hüseyn İsrafil, və Aşıq İlyasa öyrətmişdir. Hüseyn İsrafil də, öz növbəsində, oğlu Rüstəm Alyansoğluna və Mətin Bəktaşa ustadlıq etmişdir. Türkiyə miqyasında məşhur aşıq kimi tanınan Rüstəm Alyansoğlu qardaşı oğlu Mansur Alyansoğlunun ustadı olmuşdur (58, 204-208; 113, 143-154; 97, 41-78).
Türkiyədə və Azərbaycanda aparılan elmi araşdırmalar işığında Ağbaba-Çıldır aşıq mühitinin hər iki qolunun ortaq şəcərəsini təxminən aşağıdakı şəkildə çəkmək mümkündür (adları qara şriftlə göstərilən aşıqlar şəyird yetişdirən ustad aşıqlardır) (cədvəl №1):
Dostları ilə paylaş: |