Redaktor
TİMURÇİN ƏFƏNDİYEV
əməkdar
incəsənət xadimi,
professor
Rəhimli Ilham.
R55
ÜÇ ƏSRİN YÜZ OTUZ İLİ. (Akademik Milli Dram Teatrı bu gün).
Bakı, “
QAPP-POLİQRAF” Korporasiyasi, 2003, 264 s.
“Üç əsrin yüz otuz ili” kitabı görkəmli teatrşünas-alim, sənətşünaslıq
doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatrı” silsiləsindən növbəti
kitabıdır. Kitab Akademik Milli Dram Teatrının keçdiyi 130 illik yaradıcılıq
yolunu qısaca təcəssüm etdirməklə kollektivin çağdaş həyatı barədə ətraflı
məlumat verir.
Ayrı-ayrı sənətkarlar barədə yazılmış portret-oçerklər fəxri adlara və yaş
ardıcıllığına əsasən düzülüb. Hər oçerkdə sənətkarın yaradıcılığının bütün sahələri
(teatr, kino, televiziya)
elmi-nəzəri formada, faktoloji prinsiplər əsasında qələmə
alınıb.
©
“QAPP-POLİQRAF”, 2003
AKADEMİK MİLLİ DRAM TEATRI
(Qısa tarixçə)
Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki,
orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi.
“Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”,
“Qaravəlli” və bu kimi xalq mərasim və oyunları milli xalq teatrımızın inkişaf
mərhələlərini təminatlandırıb. Haqqında söhbət gedən oyunların zəminində xalq
dramları yaranıb. Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyrin
şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib.
Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının
çağdaş
Kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub.
Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl
pəhləvan” kimi məşhur oyunları var. Bunların arasında kölgə-xəyal tamaşaları da
göstərilib.
Orta əsrlərdə Azərbaycanda “Şəbih” tamaşaları geniş intişar tapıb. Şəbih
oyunları məhərrəm ayında göstərilib və Aşura günü daha təntənəli kütləvi şəkil
alıb. Şəbih tamaşaları müsəlmanlığın şiə qolunun təmsilçilərinin yaşadıqları
ərazidə daha geniş intişar tapıb. Şəbih tamaşalarında Həzrət Əlinin kiçik oğlu,
imam Hüseynin və onun ailəsinin başına gələn faciəli hadisələrdən bəhs edilir.
Müxtəlif süjetli pyeslər, əsasən Kərbəla şəhəri yaxınlığındakı tarixi hadisənin
başqa-başqa bədii yozumlarından ibarətdir.
Azərbaycan milli xalq teatrında müxtəlif maskalardan istifadə edilib.
Bunların da arasında ən məşhurları “keçəl”, “kosa” və “keçi” maskalarıdır. Xalq
oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına,
başqa sözlə
rejissoruna, şəbihgərdan deyilib.
Daha çox komediya, məsxərə, məzhəkə, satira əsasında hazırlanan xalq
tamaşaları və faciə janrlı şəbih tamaşaları bütövlükdə meydan teatrı adlanır.
Meydan teatrının öz estetikası, öz ifadə vasitələri, öz forma orijinallığı, bütövlükdə
bənzərsiz poetika özəllikləri var. Elə poetika göstəriciləri ki, həmin sənət amilləri
çağdaş Azərbaycan peşəkar milli teatrının
təşəkkülündə, inkişafında və
formalaşmasında əsaslı rol oynayıb.
* * *
On doqquzuncu əsrin qırxıncı və əllinci illərində Azərbaycanın Şuşa və
Şamaxı şəhərlərində teatr binaları tikilib. Həmin binalarda müxtəlif müsamirələr
keçirilib. Ancaq təəssüflər olsun ki, bu teatr binalarında göstərilən tamaşalar
barədə əldə heç bir tarixi sənəd (məsələn, afişa, elan, tamaşa proqramı və sairə)
yoxdur. Məhz buna görə də tarixi fakt - sənədə əsaslanaraq milli peşəkar
(professional) teatrımızın təşəkkül tarixini
10 mart 1873-cü ildən götürürük.
Qafqazın XIX əsrdə siyasi və mədəniyyət mərkəzlərindən sayılan
Tiflisdə
yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi.
Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850-
1852-ci illərdə “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Müsyö
Jordan və dərviş Məstəlişah”, “Hacı Qara”, “Xırs Quldurbasan”, 1855-ci ildə
“Mürafıə vəkilləri” komediyalarını yazıb oxuculara təqdim etmişdi. “Təmsilat”
adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü... dillərinə
tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Peşəkar
dramaturgiyamızın təşəkkülü milli peşəkar teatrın doğuluşundan 23 il əvvəl baş
verib.
Bakı realnı məktəbin müəllimi,
görkəmli maarifpərvər, Azərbaycanda ilk
mətbu orqanı olan “Əkinçi” qəzetinin naşiri (1875) Həsən bəy Zərdabi öz
şagirdləri Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlov Goraninin rəhbərliyi ilə
tamaşa hazırladılar və Novruz bayramında “Nəciblər” klubunda göstərdilər.
Tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası idi və
10 mart 1873-cü ildə oynanıldı. Ona görə də milli peşəkar teatrımızın tarixi həmin
gündən hesablanır.
Bir müddət sonra, aprelin 17-də həmin dəstə dramaturqun “Hacı Qara”
komediyasını da oynadı. Bunun ardınca Tiflisdə (1873), Qubada (1875), Şəkidə
(1879), Şuşada (1883), Naxçıvanda (1883), İrəvanda (1882) teatr həvəskarları, yəni
yerli ziyalılar və məktəb şagirdləri tamaşalar hazırlayıb göstərirdilər.
1880-ci illərin ikinci yarısından Bakıda teatr həyatı bir qədər canlanıb.
Tiflisdə Aleksandrinski ali məktəbində təhsil alıb Bakıya
göndərilmiş
müəllimlərdən Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə və Nəcəfqulu
Vəliyev, Novruz, Orucluq, Qurban bayramlarında tamaşalar hazırlayıb
teatrsevərlərə təqdim edirdilər.
10 mart 1873-cü il həm milli peşəkar teatrımızın və eyni zamanda həm də
bugünkü Akademik Milli Dram Teatrının tarixidir.
* * *
Azərbaycanda peşəkar teatrın təşəkkülündən iyirmi üç il əvvəl milli
dramaturgiyamız və həmin vaxtdan (1850) başlayaraq ədəbiyyatşünaslığımız pyes
(faciə, məzhəkə, dram) janrının nəzəri prinsiplərinin elmi əsaslarını öyrənərək
çağdaş səviyyəyə gətirmişdir. “Azərbaycan dramnəvisliyinin banisi” fəxri tacını
daşımaq və bununla böyük bir ədəbi məktəbin bünövrəsini qoymaq səadəti Mirzə
Fətəli Axundzadəyə (1812-1878) nəsib olmuşdur.
Ötən əsrin ortalarında ön Qafqazın
inkişaf etmiş mədəni-maarif
mərkəzlərindən biri Tiflis şəhəri idi. Burada azərbaycanlı ziyalıların öz yeri, xalqa
mədəniyyət aşılamaqda öz xidmət üsulu, maarifdə öz məfkurə istiqaməti vardı.
Onlardan biri də filosof-maarifçi, Qafqaz canişinliyində tərcüməçi işləyən Mirzə
Fətəli Axundzadə idi. Tiflisin teatral iqlimi, Rusiyanın müxtəlif səhnə ustalarının
şəhərə qastrolları, Qərb ədəbiyyatına, onun dramaturgiya qoluna,
xüsusən Jan
Batist Molyer irsinə bələdlik və ilk növbədə milləti nadanlıqdan xilas etmək
yollarını araması Mirzə Fətəlini pyes yazmağa vadar etmişdir. Özü də məhz
məzhəkə (komediya) yazmağa. Çünki Axundzadə mənəviyyatları sıxıb məhvə
çəkən buxovlardan xilas yolunun vacib cığırlarından birini teatrda, səhnə
gülüşündə görürdü.