Ədliyyə-hüquq tariximizin görkəmli şəxsiyyətləri: Ağayev Əhməd bəy M. Həsən oğlu Ağaoğlu Mehman FƏrzullayev



Yüklə 128,47 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü128,47 Kb.
#60996
növüYazı


“Qanunçuluq”.-2009.-№6.-S.35-36.

Ədliyyə-hüquq tariximizin görkəmli şəxsiyyətləri:

Ağayev Əhməd bəy M. Həsən oğlu - Ağaoğlu

Mehman FƏRZULLAYEV, 

"Qanunçuluq" jurnalının böyük redaktoru

Hüquq  sahəsində  ali  təhsil  almış  ilk  azərbaycanlılardan  biri  də  görkəmli  ictimai-siyasi  xadim,  publisist

yazıçı,  hüquqşünas,  şərqşünas,  islamşünas  alim  Əhməd  bəy  Ağayev  olmuşdur.  Qarabağ  xanlığının  əsasını qoyan

Pənahəli  xanın nəslindən  olan  Əhməd  bəy  Ağayev  1869-cu  ildə  Şuşada  əsilzadə  ailəsində  dünyaya  göz  açmışdır.

Şuşadakı  ibtidai  rus  məktəbini  bitirdikdən  sonra  Tiflis  gimnaziyasında  oxumuşdur.  Əvvəlcə  mühəndis  olmaq

istəmiş  və  Sankt-Peterburq  Mühəndis-Texniki  İnstitutuna  daxil  olmuşdur.  Peterburqda  təhsil  alarkən  burada  o

dövrdə təşəkkül tapan inqilabi hərəkata qoşulur və əsarətdə qalan xalqların azadlığı ilə bağlı çıxışlar edir. O dövrdə

Rusiya  imperiyasına  daxil  olan  ərazidə  yaşayan  qeyri-rus  və  xüsusən  də  müsəlman  dinindən  olan  xalqların

imtiyazları  çox  məhdud  idi.  İnqilabi  hərəkata  qoşulan  Əhməd  bəy  institutdan  xaric  olunur.  O,  burada  təhsilini

yarımçıq  qoyaraq  Parisə  gəlir.  Paris  Avropanın  mədəni  mərkəzi  olmaqla  dünyanın  bir  sıra  ölkələrinin,  habelə

müsəlman  Şərqinin  mütərəqqi  ideyalarla  yaşayan  bir  çox  ziyalısı  burda  cəmləşmişdi.  Öz  xalqının  azadlığını,

hüquqlarını öyrənməkdə  və  bilməkdə  görən  Ağaoğlu burada  hüquq  təhsili  almaqla  Sarbonna  Universitetinə  daxil

olaraq  oranı  müvəffəqiyyətlə  bitirir.  Parisdə  oxuyarkən,  Şərq  xalqlarının  tarixini,  ərəb,  fars  və  türk  dillərini

mükəmməl öyrənir.

1890-cı  ildə  Şərq  xalqlarının  hüququnu  da  özündə  müəyyən  qədər  ehtiva  edən  Şərq  fəlsəfəsi  və

ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirir.

1892-ci  ildə  23  yaşında  Londonda  keçirilən  Beynəlxalq  Şərqşünaslıq  Konqresində  etdiyi  çıxış  Kembriç

Universitetinin Vəsaiti hesabına bir neçə Avropa dillərində nəşr olunur. Bu, ona böyük şöhrət qazandırır. Fransada

yaşadığı  dövrdə  bir  sıra  görkəmli  ictimai-siyasi  xadimlərlə,  habelə  avropalıların  "müsəlman  dünyasının  mumtaz

siması" adlandırdıqları Şərqin  böyük  mütəfəkkiri  ictimai-siyasi  xadim  Şeyx  Cəmaləddin  Əfqani  ilə  tanış olur.  Bu

tanışlıq Ağaoğlunun ictimai-elmi fəaliyyətinin inkişafına və formalaşmasına çox ciddi təsir göstərir.

Ağaoğlu  Parisdə  yaşamaqla  Tiflisdə  nəşr  olunan  "Kavkaz"  qəzetində  öz  xalqının  hüquqi  və  ümumi

maariflənməsinə  və  tərəqqisinə  xidmət  edən  məqalələrlə  mütəmadi  olaraq  çıxışlar  edir.  Xalqına  daha  yaxından

kömək  etmək  məqsədilə  Ağaoğlu  1894-cü  ildə  Vətənə  qayıdır,  "Məşriq"  qəzetini  nəşr  etmək  üçün  hökumətdən

icazə istəsə də buna nail ola bilmir.

1896-cı  ildə  Şuşaya  gələrək  realnı  məktəbdə  dərs  deyir.  1897-ci  ildə  böyük  xeyriyyəçi,  millət  atası

Zeynalabdin  Tağıyevin  dəvəti  ilə  Bakıya  gəlib  realnı məktəbdə  müəllimlik  edir.  Əhməd  bəy  müəllimlik  etməklə

bərabər Əlimərdan bəy Topçubaşovun redaktoru olduğu "Kaspi" qəzetində şöbə müdiri kimi də çalışır.  O, burada

qadın  azadlığı,  qadınların  hüququ,  türk  və  müsəlman  xalqlarının  düşdükləri  acınacaqlı vəziyyət  və  bundan  çıxış

yollarından bəhs edən "İslama görə və islamda qadın" , "Müsəlman xalqlarının vəziyyəti" başlıqları altında  seriya

məqalələr  dərc  etdirərək  Şərq  xalqlarına  öz  hüquqlarını  öyrətməklə  bərabər  məqalələrində  mütəfəkkirlərimizin

əsərlərindən tutarlı nümunələr gətirməklə müsəlman xalqlarına böhtan atanlara məntiqlə və cəsarətlə cavab verir.

1909-cu  ildə  Əli  bəy  Hüseynzadə  ilə  "Həyat",  "İrşad"  qəzetlərini  nəşr  edir.  1905-1907-ci  illərdə  mənfur

ermənilərin  silahlanaraq  əliyalın  Azərbaycan  kəndlərini  talan  etmələri,  günahsız  insanları  kütləvi  surətdə  qətlə

yetirmələri  ilə  bağlı,  habelə  bu  işin  təşkilatçıları  olan  erməni  havadarlarmı ifşa  edən  məqalələrlə  çıxış  edir.  Öz

yazılarında bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni daşnaklarının iç üzünü açıb

göstərir.

1906-cı il  fevralın  20-də  Tiflisdə  çağırılan  "barışdırıcı qurultayda"  Əlimərdan  bəy  Topçubaşov, Qara  bəy

Qarabəyov  və  İskəndər  bəy  Hacınski  ilə  birlikdə  Bakı şəhərinin  Ali  Sosial  təbəqəsinin  nümayəndəsi  kimi  iştirak

edən  Ağaoğlu  Azərbaycan  tərəfinin  proqramını  bəyan  etmişdi.  O,  öz  çıxışında  millətlərin  hüquq  bərabərliyinin

təmin edilməsini və Azərbaycan xalqına qarşı milli qırğınlara son qoyulması üçün "Daşnaksütyun" və digər erməni

təşkilatlarının buraxılmasını təklif etmiş, əks halda Azərbaycan tərəfinə də müdafiə olunması üçün ordu yaratmağa

icazə verilməsini çox cəsarətlə tələb etmiş, gətirdiyi tutarlı dəlillərlə və faktlarla azərbaycanlıların qırğınına  səbəb

olan erməni liderlərini susdurmuşdu.

1906-cı  ildə  Azərbaycan  xalqının  hüquqlarını  müdafiə  etmək  məqsədilə  "Difai"  partiyasını  yaradır.

Ağaoğlu Bakı müsəlman sahibkarlarının xahişi ilə hüquqşünas və nümayəndə kimi iki dəfə şəxsən ikinci Nikolayın

və onun nazirlərinin qəbuluna getmiş, xarici sərmayədarların Bakının neft yataqlarına sahib olmaqlarına maneçilik

etməyə  çalışmaqla  azərbaycanlıların  Bakı  ətrafındakı  neftli  torpaqlardan  köçürülməsinin  dayandırılmasına  nail

olmuşdu.


Ağaoğlu  təkcə  Bakıda  və  Tiflisdə  çıxan  nəşrlərdə  deyil,  habelə  Hindistanın  Kəlküttə  və  Misirin  Qahirə

şəhərində çıxan dərgilərdə də tez-tez çıxışlar edir.

1907-09-cu  illərdə  "İrşad"  və  rus  dilində  çıxan  "Proqres"  qəzetini  nəşr  edir.  "Nicat",  "Nəşri  maarif"  və

"Səadət" xeyriyyə cəmiyyətlərinin yaranmasında yaxından iştirak edir.




Xalqı maarifləndirməyə və öz hüquqlarmı tanımağa xidmət edən çıxışlarına görə Əhməd bəyə qarşı təqiblər

başlanır.  Bu  təqiblərdən  yaxa  qurtarmaq  üçün  Ağaoğlu Türkiyəyə  mühacirət  etməli  olur.  Burada  "Gənc  türklər"ə

yaxınlaşaraq  "İttihad  və  tərəqqi"  partiyasına  daxil  olur.  İstanbulda  "Tərcümani-həqiqət"  qəzetinin  redaktoru

olmaqla bir sıra digər jurnal və qəzetlərdə də mütəmadi olaraq çıxışlar edir.

1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi

kimi  çıxış  edir.  Rusiyada  yaşayan  türk  xalqlarının  dözülməz  vəziyyəti  ilə  bağlı  Ə.Hidayətzadə,  Ə.İbrahimov  və

Y.Akcura ilə birlikdə Amerika Prezidenti Vilsona müraciət imzalayır.

Türkiyədə  yaşadığı  dövrdə  dəfələrlə  Türkiyə  Parlamentinə  deputat  seçilir.  Çoxşaxəli  fəaliyyəti  ilə  bağlı

işinin çoxluğuna baxmayaraq İstanbul Universitetində də dərs deyir.

1918-ci  ildə  mənfur  erməni  daşnakları  bütün  Azərbaycan  ərazilərində  günahsız  əliyalın  azərbaycanlılara

qarşı  soyqırım  törətdikləri  xəbərini  eşidən  Ağaoğlu  Türkiyə  mətbuatında  və  yığıncaqlarda  bu  hadisələrlə  bağlı

alovlu çıxışlar edərək Türkiyə dövlətini və bütün türk dünyasını Azərbaycana kömək etməyə çağırır.

Bunun  nəticəsi  olaraq  Türk  dövləti  bolşevik  daşnaklara  qarşı  mübarizəyə  və  Azərbaycan  xalqına  qarşı

törədilən qanlı cinayətin qarşısının alınması üçün Nuru paşanın komandanlığı ilə "Qafqaz" islam ordusu yaradaraq

Azərbaycana göndərir. Ağaoğlu bu ordunun siyasi rəhbəri Nuru paşanın siyasi müşaviri kimi öz xal-qının köməyinə

gəlir.  Bu  dövrdə  Tiflisdən  Gəncəyə  köçən  Milli  Şura  ilə  real  hakimiyyətə  malik  Türk  Silahlı Qüvvələri  arasında

anlaşılmazlıq yarandıqda Ağaoğlu özünün böyük nüfuzundan istifadə edərək qarşılaşdığı güzəştlərlə ümumi razılığa

gəlməyə nail olmuşdu.

Erməni daşnak qoşunları darmadağın edildikdən sonra Əhməd bəy Ağayev Azərbaycan xalq Cümhuriyyəti

Parlamentinə üzv seçilir və 1918-ci ildə ingilis generalı Tompsonla danışıqlar aparmaq üçün nümayəndə heyəti ilə

birlikdə Ənzəliyə göndərilir.

Ağaoğlu 1918-ci  il  dekabrın  28-də  Parisdə  keçiriləcək  sülh  konfransında  iştirak  etmək  üçün  Azərbaycan

nümayəndə  heyətinin  tərkibində  Fransaya  gedərkən  ingilislər  tərəfindən  türk  jurnalisti  və  Türkiyə  Parlamentinin

üzvü kimi həbs olunaraq Malta adasına sürgün olunur.

İki  ildən  artıq  sürgündə  qalan  Ağaoğlu  Atatürkün  təşəbbüsü  ilə  ingilis  hərbi  əsirləri  türk  əsirləri  ilə

dəyişdirilərkən azad olunur. Azərbaycanda bolşeviklər hakimiyyətə gəldiklərindən Vətənə qayıda bilmir. 1921-ci il

mayın 28-də İstanbula qayıdaraq milli hərəkata qoşulur.

Kamal  Atatürkün  hakimiyyətdə  olduğu  illərdə  onun  xarici  siyasət  məsələləri  üzrə  məsləhətçisi-müşaviri

olmaqla  Türkiyə  ilə  SSRİ  arasında  dostluq  və  tarazlıq  münasibətlərinin  yaranması  və  bu  iki  böyük  dövlətin

yaxınlaşmasında çox böyük xidmətləri olmuşdur.

Ağaoğlu iki dəfə Qars bölgəsindən Türkiyə Böyük Millət  məclisinə  deputat  seçilmiş, Ankara  İnformasiya

Agentliyinə  rəhbərlik  etmiş,  "Hakimiyyəti-milliyə"  qəzetinin  redaktoru,  Ankara  Universitetinin  professoru

olmuşdur.  Sovetlər  dönəmində  ölkəmizdə  onun  əsərləri  qadağan  olunmuşdu.  Ağaoğlunun  Azərbaycan  və  Türk

xalqlarının  hüquqi  maariflənməsi  və  tərəqqisində  özünəməxsus  yeri  var.  Bu  mənada  yazıb  nəşr  etdirdiyi  "Hüquq

tarixi", "Mən nəyəm", "Üç mədəniyyət", "Dövlət və fərd", "İxtilalmı inqilabmı?", "Sərbəst firqə xatirələri", "Sərbəst

insanlar  ölkəsində",  "İngiltərə  və  Hindistan"  və  qadın  hüququ  ilə  bağlı "İslama  görə  islam  aləmində  qadın"  və  s.

əsərləri çox önəmlidir.

Əhməd bəy Mirzə Həsən oğlu - Ağaoğlu 1939-cu ildə Ankarada vəfat etmiş və orada dəfn olunmuşdur.

Ağaoğlunun  həyat  fəaliyyəti  və  yaradıcılığı  ilə  bağlı  Azərbaycanda,  Türkiyə  və  digər  ölkələrdə  onlarla

elmi-publisistik  məqalələr,  kitablar  yazılmış,  namizədlik  və  doktorluq  monoqrafiyalarında  əsərlərindən  istifadə



edilmişdir.

Ağaoğlunun  oğlu  -  Səməd  Əhməd  bəy  Türkiyənin  böyük  siyasi  və  dövlət  xadimi  olmuş,  üç  dəfə

Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, dövlət naziri və Baş nazirin müavini vəzifələrində çalışmış,

20-dən artıq elmi-publisistik kitabın müəllifi olmuşdur.

Yüklə 128,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə