Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Koroğluşünaslığın inkişafında Məmmədhü­seyn Təhmasibin rolu



Yüklə 0,67 Mb.
səhifə3/8
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#49905
1   2   3   4   5   6   7   8

2.1.3. Koroğluşünaslığın inkişafında Məmmədhü­seyn Təhmasibin rolu. 1940-cı illərin sonlarından etibarən Azər­baycan koroğluşünaslığının inkişafı sıx şəkildə böyük folk­lorşünas alim Məmməd Hüseyn Təhma­sib­in adı ilə bağ­lı­dır. Onun koroğluşünaslıq fəaliyyəti iki istiqaməti əhatə edir:

1. Eposun tərtibatı və nəşri;

2. Eposun tədqiqi.

M.H.Təhmasib Azərbaycanda «Koroğlu» eposunu dok­tor­luq monoq­rafiyası səviyyəsində (1968) tədqiqata cəlb et­miş, bundan əlavə, dastanın 1949 və 1956-cı illər nəşrlərini (102; 103) çapa hazırlamış və eposun populyarlaşmasında müs­­təsna xidmətlər göstərmişdir. Bu mətn sonralar dəfələrlə tək­­rar nəşr edilmişdir (104; 105; 106; 108 və s.).

Ümumiyyətlə isə, M.H.Təhmasibin aktiv ko­roğ­lu­şü­nas­lıq fəaliyyəti 1940-cı illərdən başlanıb. Alim 1941-ci ildə nəşr olu­nan «Azərbaycan xalqının qəhrəmanlıq eposu» kitabına qı­sa ön söz yazıb (178, 3-5), 1943-cü ildə isə «Koroğlu qoş­maları» adlı kitab nəşr etdirib (118).

M.H.Təhmasibin hazırladığı «Koroğlu» nəşri «Ko­roğ­lu»nun ən çox popul­yar­lıq qazanmış mətni olmaqla yanaşı, həm də poetik baxımdan ən mükəmməl, ən geniş və bütöv tər­tibatlarından biridir. Bu nəşrdə aşağıdakı qollar yer al­mış­dır:

1. Alı kişi;

2. Koroğlu ilə Dəli Həsən;

3. Koroğlunun İstanbul səfəri;

4. Dəmirçioğlunun Çənlibelə gəlməsi;

5. Koroğlunun Ərzurum səfəri;

6. Eyvazın Çənlibelə gətirilməsi;

7. Durna teli;

8. Həmzənin Qıratı aparması;

9. Məhbub xanımın Çənlibelə gəlməsi;

10. Koroğlunun Bəyazid səfəri;

11. Qulun qaçması;

12. Düratın itməsi;

13. Koroğlu ilə Bolu bəy;

14. Koroğlunun Qars səfəri;

15. Koroğlunun Dərbənd səfəri;

16. Hasan Paşanın Çənlibelə gəlməsi;

17. Koroğlunun qocalığı.

M.H.Təhmasib daha sonralar – «Koroğlu»nun 1975-ci il nəş­­rinə Kəlbəcərdə qeydə alınmış «Mərcan xanımın Çənlibelə gəl­məyi» qolunu əlavə etmişdir. Tərtibçiyə görə, «Mərcan xa­nı­­­mın Çənlibelə gəlməyi» qolu öz ruhuna, üslubuna, ifadə tər­zi­nə, təhkiyə və şeiriyyətinə görə 1949-cu il nəşrindəki 17 qol­dan heç fərqlənmirdi (176, 4).

«Koroğlu»nun M.H.Təhmasib nəşri, əsasən, H.Əlizadə və V.Xuluflu çapının daha da genişləndirilmiş variantıdır. Bu­nun­la yanaşı, müəllif 1949-cu il çapının sonunda qeyd edirdi ki, ayrı-ayrı qolların hazırlanmasında bir neçə nəşrdən, arxiv ma­­teriallarından və ayrı-ayrı variantlardan istifadə etmişdir. Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan ədəbi dilə uyğunlaşdırılmışdı. Bu tipli faktlar M.H.Təhmasib nəş­ri­nin elmi dəyərinə xələl gətirirdi.

X.Koroğlu dastanın M.H.Təhmasib nəşrinə, xüsusən 1949-cu ildə hazır­lanmış mətnə və onun 1959-cu il rus dilində çı­­­xan tərcüməsinə münasibətdə yazırdı: «Bu tərcümə, onun ori­­jinalı kimi, elmi nöqteyi-nəzərdən qəbuledil­məz­dir, amma epo­­­sun populyarlığı üçün bol-bol material verir» (222, 103).

Sonralar 1970-ci ildə həmin mətn rus dilində tərcüməsi ilə birgə «SSRİ xalqları eposu» seriyasından çapa təqdim olu­nar­kən, folklorun (eposun) toplanması və nəşri prinsiplərinə ca­vab vermədiyi bəhanəsi ilə kənara atılmışdır. Azərbaycan folk­­­­lorunun rus dilinə tərcüməsi və nəşri tarixini araşdırmış S.Oruclu yazır: «Azərbaycan EA-nın Rəyasət Heyətinin 10 ok­tyabr 1968-ci il, 48 №-li qərarı ilə SSRİ EA-nın göstərişi əsa­­­­sında «Эпосы народов СССР» seriyasında çap olunmaq üçün Nizami adına Ədəbiyyat İnstitutuna tapşırılır ki, Mosk­va­­­­­­dakı Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə bir­lik­­də 1968-1970-ci illərdə «Koroğlu»nun 30 ç.v., «Kitabi-Də­də Qor­­­­­qud»un (20 ç.v.), «Azərbaycan məhəbbət das­tan­la­rı»nın 30 ç.v. həcmində rusca mətni hazırlansın. Həmin dövr­də «Эпо­сы на­ро­дов СССР» seriyasının baş redaktoru er­məni A.Pet­­rosyan bütün hiyləgər gücü və düşmən niyyəti ilə bu işin ça­­­­pının baş tut­mamasına çalışır və buna nail olur… «Ko­roğ­lu»­nun azər­bay­canca mətnini M.H.Təhmasib hazırlayır, aka­de­­mik H.Aras­lı orijinalın mətninin redaktoru olur. Filoloji tər­cü­­məni Əli Səbri, bədii və poetik tərcüməni isə Vladimir Qa­fa­­rov yerinə yetirir. Bədii və poetik tərcüməni redaktə etmək üçün onu 1969-cu ildə əməkdar incəsənət xadimi, şair-tər­cü­mə­çi Sergey Vasilyevə göndərirlər. Mətni redaktə edib, çapa imzalayan S.Vasilyev tərcüməyə verdiyi 17 noyabr 1970-ci il tarixli rəydə yazır: «V.Qafarovun tərcüməsində «Koroğlu» eposu ilə tanış oldum. Ən əvvəl, bu nəhəng əsərin rus dilində səslənməsinin təşəb­büs­karlarına öz təşəkkürümü bildirmək is­tər­dim. Bu tə­şəb­büs olduqca vacib və lazımlıdır. «Ko­roğ­lu»nun rusca tərcü­məsi məndə sonsuz təəssürat yaratdı. Mə­nim təsəvvürümdə o, «Kalevala», «Canqar» eposları sırasında ən nümunəvi yerdə durdu. «Koroğlu» eposunun tərcüməsini al­qışlayır və onun çap üçün hazır olduğunu bildirirəm». Bü­tün bunlara baxmayaraq, A.Petrosyanın düşmən mövqeyi və bi­zim alimlərimizin prin­sipsizliyi nəti­cəsində adı çəkilən mə­lum nəşrə nə «Dədə Qor­qud», nə də «Koroğlu» düşmüşdür» (146, 43-44).

Bu məsələ barədə əhatəli yazı dərc etdirmiş B.Ab­dulla­nın yazdığı kimi, Xalıq Koroğlu da «Koroğlu», «Qurqulu» epos­ları nəşrlərinin mətn­şünaslıq səciyyəsi» adlı məqaləsində (221, 65-76) «Seriya» üçün hazırlanmış «Koroğlu»nu nəşr üçün müna­sib saymır. «Faktı da bu idi ki, eposdakı qolların tər­tibində sərbəstliyə yol verilib. Hər bir qol üç-dörd aşığın ifa­sında ya­zıya alınmış variantlar əsasında çapa hazırlanıb. Be­ləliklə də, «Koroğlu»nun nəşri qarşısında çəpər çəkildi» (16, 79).

Lakin bildirmək lazımdır ki, M.H.Təhmasib nəşrinə mü­na­sibətdə söylənən tənqidi fikirlərin çoxu heç də tam həqiqəti əks etdirmir. Həm də bu mülahizələr təkcə mətnin deyil, uzun illər Azərbaycan koroğluşünaslığında aparılan elmi təd­qi­qat­ların əldə etdiyi qənaətlərin üstünə kölgə salırdı. Çünki «Ko­roğlu» ilə bağlı 1950-1990-cı illərdə aparılmış araş­dır­ma­lar­da əsas tədqiqat obyekti məhz M.H.Təhmasib nəşri seçilmişdir. «Ko­roğlu»­nun M.H.Təhmasib nəşri, son araşdırmalardan da gö­ründüyü kimi, burada müəyyən «redaktələr» olduğu qəbul olun­sa belə, eposun strukturuna, süjet­lə­ri­nə, obraz və mo­tiv­lərinə, şeirlərinə və s. qətiyyən xələl gətirməmişdir. Bu mətn, əvvəldə də deyildiyi kimi, əsasən, «Koroğlu»nun V.Xuluflu, H.Əli­zadə nəşrlərindəki qolları əhatə etmiş­dir. M.H.Təhmasib nəş­rini daha əski «Koroğlu» variantları ilə tutuşdurduqda, bu «dü­zəlişlərin» ifadə planından dərinə getmədiyi məlum olur. Alim­lərin vurğuladığı kimi, «Koroğlu» dastanı dövrün ideo­lo­ji buxovlarının məcburi izlərini daşısa da, öz epos struk­tu­ru­nu, onu bir epos kimi funksionallaşdıran epik ma­te­rialın sə­ciyyəvi elementlərini, o cümlədən öz arxetipik strukturları ilə əla­qə­lə­ri­ni qorumuşdur. Bütün bunlar dastanın nəşri zamanı ona yeni tərtib verməli olan M.H.Təhmasibin əslində dastan struk­turunu, epik janrın spesifik özü­nə­məx­susluqlarını də­rin­dən bildiyini göstərir (151, 90).

«Koroğlu» dastanının Paris nüsxəsi ilə M.H.Təhmasib nəşrini müqayisə edən M.Kazımoğlu yazır: «M.H.Təhmasib nəş­rində Koroğlunun bəzi «artıq» cizgilərdən təmizlənməsi da­nılmazdır. Amma fakt faktlığında qalır: Paris nüsxəsində açıq-saçıqlıq, qəhrəmanın «zəif» yerinin dinləyicidən giz­lə­dil­mə­məsi Koroğlu obrazını gözdən salmadığı kimi, M.H.Təh­ma­sib nəşrində də qəhrəmanın «artıq» cizgilərdən təmiz­lən­məsi Koroğlu obrazına ciddi xələl gətirmir. Bizə belə gəlir ki, M.H.Təhmasib nəşri Koroğlu obrazının, bütövlükdə «Ko­roğ­lu» eposunun başlıca məzmun və mahiyyətini qoruyub sax­layan bir nəşrdir. Qeyd etdiyimiz «təmizləmə» əməliyyatı heç də Koroğlunun birtərəfliliyə məruz qoymur, onu aydan arı, su­dan duru bir igid obrazına çevirmir. Həcmcə daha əha­təli, məz­munca daha dolğun olan bu nəşrdə Koroğlu çox­mə­nalı bir ob­raz kimi təqdim edilir» (94, 155).

Bildiyimiz kimi, M.H.Təhmasib «Azərbaycan xalq das­tan­­ları (orta əsrlər)» monoqrafiyasında «Koroğlu» eposu ilk də­fə doktorluq disser­tasiyasının obyekti kimi seçilməzdən əvvəl – 1960-cı ildə çap olunmuş «Azərbaycan ədəbiyyatı ta­ri­­xi»nin birinci cildində geniş həcmli «Koroğlu» oçerkini yaz­mış­dır (173, 463-484).

M.H.Təhmasibin tədqiqatları tarixi-filoloji tədqiqat prin­siplərinə əsas­lan­maq­la, daha çox tarixi-müqayisəli araş­dır­ma metodu üzərində aparıl­mış­dır. Bu­nun­la yanaşı, onun təd­qiqatlarında öz dövrünün digər aparıcı elmi-nəzəri müd­dəa­ları diqqətdə saxlanılmışdır. M.H.Təhmasibin Azər­baycan das­tan­ları­nın strukturu ilə bağlı təqdim etdiyi formulun, al­man alimi O.Şpits və görkəmli rus folklorşünası V.Proppun nə­­­zəriyyə­lə­rinə uyğun olması onun dünya folklor­şünaslığının na­iliyyət­lə­rindən səmərəli bəhrələndiyini isbat­lamaqdadır. M.H.Təhmasib məhəbbət dastanlarının strukturu barədə təklif et­diyi bölgünün həm də «Koroğlu» eposunun əksər qolları üçün keçərli ol­du­ğunu bildirirdi. Alim yazır: «Məhəbbət das­tan­­larımızın, demək olar ki, hamısının, «Kitabi-Dədə Qor­qud» və «Koroğlu» kimi qəhrəmanlıq dastanları­mızın bir sıra boy və qollarının əsas məz­munu, yəni süjeti qəhrəmanın öz bu­tasına çatmaq uğrunda apardığı mübarizənin təsvirindən iba­rətdir. Bu süjeti, macəranı, əhvalatı, əsasən dörd hissəyə böl­­mək olar:

1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi;

2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları;

3. Qarşıya çıxan maneələr və onlara qarşı mübarizə;

4. Müsabiqə və qələbə».

Tədqiqatçı rejimin ideoloji maraqlarını gözləmək məc­buriyyətində qal­dı­ğın­dan, araşdırmalarında dastanın sosial-ta­ri­xi mahiyyətini qabartmış, qəhrə­manın müba­ri­zə­si­nin sinfi xa­­rakterinə xüsusi diqqət ayırmışdır.

M.H.Təhmasib folklorda tarixiliyi önə çəkərək, das­tan­la­rın, o cümlədən «Koroğlu»nun genezisində gerçək, olmuş ha­disələrin izlərini axtarmışdır. Təd­qi­qatçıya görə, «Koroğ­lu»da Azərbaycan tarixinin bir çox mərhələlərinə bağ­lı ha­di­sə­lər, o cümlədən Babək üsyanı (Xürrəmilər hərəkatı), Cə­la­lilər hə­rə­ka­tı, Səfəvi-Osmanlı müharibələri izlərini qoymuş, xü­susən də Cəlalilər üsyanı dastanın yaranmasında əhə­miy­yətli rol oynamışdır.

Alim bir sıra dastanşünasların, o cümlədən H.Araslının das­tanın tarixi bir şəxsiyyət haqqında müasirlərinin – aşıq və şair­lərin düzüb-qoşduğu nəğmələr əsasında tədricən for­ma­laş­ması barədə mülahizəsi ilə razılaş­mamışdır. M.H.Təhmasib ya­zırdı: «Akademik H.Araslı aşıq yaradıcılı­ğında bu prob­le­mə toxunaraq dastanlarımızın üç yolla yarandığını söy­lə­miş­dir. H.Araslıya görə, bu yollardan birincisi budur ki, «bəzi das­­tanlarda həqiqətən tarixdə yaşamış şəxsiyyətin adı ilə bağlı mü­asirlərinin yaratdığı şeirlər həmin dastanın əsasını təşkil edir». Tədqiqatçı bu yolla yaranmış dastanlara misal olaraq «Ko­roğlu»nu göstərir. Bizcə bu hökm bir qədər dürüst­ləş­diril­məlidir. Burası doğrudur ki, «Koroğlu» eposunun yaranma­sın­da bir çox aşıq və aşıq məktəbinin rolu olmuşdur. Lakin bu das­tanların əsası, bizcə, Koroğlu adlı, yaxud Koroğlu ləğəbli, tə­xəllüslü, ayamalı bir şəxsiyyətin özü tərəfindən qo­şul­muş­dur» (174, 19-20).

M.H.Təhmasib «Ko­roğ­lu»­ eposundakı tarixilik prob­lemi ilə bağlı mülahizələrini belə yekunlaşdır­mış­dır: «Bizcə, «Ko­roğlu»nun bünövrəsi XVI əsrin sonu – XVII əsrin əvvəl­lə­­rin­də­ki əzəmət­li kəndli hərəkatı illərində qoyulmuşdur. Özü də ilk yarandığı zaman heç şüb­həsiz ki, indikindən çox kiçik bir das­tan imiş. Əlimizdə sənədlə təsbit ediləcək əsas olmasa da, biz bu fikirdəyik ki, həmin ilk «müəllif»-şair-aşıq-das­tan­çının adı Rövşən olub, mənsub olduğu qəbilə ilə bağlı ləqəbi, ayaması isə Koroğlu imiş. Bizim ümumi dastan yaradıcılığı ənə­nəmizə sadiq qalaraq, o da yüzlərlə başqaları kimi özünü öz dastanına qəhrəman etmişdir. Çox ehtimal ki, o, 1610-1630-cu illər hə­rəkatı iştirakçılarından, bəlkə də hətta baş­çı­la­rın­dan imiş. La­kin o, bizcə, həm də zəmanəsinin bilikli, sa­vad­lı adamlarından biri ol­muş­dur. Müəl­lif öz xalqının tari­xi­ni, bu tarixin qəh­rə­man­lıqla dolu mübarizə səhifə­lə­ri­ni, rəva­yət­­lərini, əfsanələrini çox yaxşı bi­lir­miş. Eyni zamanda, həm də is­te­dad­lı şair, gözəl səsə malik ustad aşıq imiş. Bizcə, qəh­rə­manlığı, igidliyi, şairlik və aşıqlığı öz simasında bir­ləş­dir­miş bu nadir istedad həm də biliyindən istifadə edərək öz epik surətini yaratmış, real ta­rixi hadisələrə əfsanəvi boyalar, əsa­tiri naxışlar vurmuş, öz adına dastan bağ­la­mışdır» (174, 150-151).

Bunlarla bərabər, M.H.Təhmasib eposun bir sıra obraz və motivlərinin mi­foloji təsəvvürlərlə bağlantısını qəbul etmiş və onların mifoloji semantika­sın­­­dan geniş bəhs etmişdir. Görkəmli alim «Koroğlu» eposundakı obrazların mənşəyini, əsa­sən, zərdüştçülük mifologiyasına bağlamışdır.

«Koroğlu»nun M.H.Təhmasib nəşrində dini motivlər, ümu­mən dini elementlər az yer alıb. Düşünmək olar ki, tər­tib­çi özünün və əsərin stalinizmin qurbanı olacağından eh­ti­yat­­lanaraq müəyyən dini faktları mətndən çıxarmışdır. M.H.Təh­masib monoqrafiyasında belə «Azərbaycan «Ko­roğ­lu»­sun­da dini heç bir şey yoxdur» deyə yazsa da, elə həmin əsərin baş­qa hissəsində dini elementlərdən bəhs etmiş, hətta Həzrət Əli kul­tunun Koroğlu obrazına təsirini qeyd etmişdir.

Bütün deyilənlər bir daha sübut edir ki, M.H.Təhmasib Azər­baycan koroğluşunaslığının inkişafında, onun tədqiqat isti­qamətlərinin müəyyən­ləşdirilməsində əvəzolunmaz xid­mət­lər göstərmişdir və Sovet dövrünün ideoloji maraqlarından do­ğan məhdudiyyətlərə baxmayaraq, eposun Azərbaycan türk­­­lərinin milli təfəkkürünün bədii-estetik təzahürü olduğunu daim öndə tutmuşdur.

Burada vurğulayaq ki, məhz «Koroğlu»nun M.H.Təh­ma­sib, V.Xuluf­lu, H.Əlizadə nəşrlərinin ortaya çıxması, P.Əfən­diyev, F.Fərhadov və M.H.Təhmasib tərəfindən das­tan­la bağlı geniş elmi tədqiqat əsərlərinin yazılması və ümu­miyyətlə 1930-1950 illərdə Sovetlər Birliyində, xüsusən türk­dilli respublikalarda «Koroğlu» mövzusunun aktuallaşması və po­pulyarlaşması xarici tədqiqatçıların da bu mövzuya ma­ra­ğını gücləndirir. Bolqarıstanda Rza Mollov, Türkiyədə Pertev Naili Boratav və başqalarının topladıqları «Koroğlu» mətnləri və tədqiqatlar çap olunur (186; 190; 191). Qeyd etmək lazım­dır ki, bu illərə qədər türk «Koroğlu»sunu çap etməyə maraq gös­tərənlər əsasən, qeyri-türklər olmuşlar.

Ümumiyyətlə, Türkiyədə «Koroğlu» mətnlərinin top­lan­ma­sı və nəşri işi XIX əsrin 70-ci illərindən vüsət gö­tür­müş­dür. 1872-ci ildə İstanbulda erməni əlifbası ilə «Hekayeyi Ko­roğlu, türkilərlə bərabər» adlı (mətn türkcədir) bir kitab çap edil­mişdir. 1884-cü ildə «Məşhur Koroğlu» adı altında daha bir mətn İstanbulda nəşr olunub. Macar tədqiqatçısı İqnats Ku­noş XIX əsrin 80-ci illərində türkcə bir Koroğlu əhvalatını (İs­tanbul variantı) yazıya almışdır. Həmin mətn sonralar 1899-cu ildə V.Radlovun «Türk tayfalarının xalq ədəbiyyatı nü­munələri»ndə çap olunub. Ağayan adlı bir erməni 1924-cü ildə türkcə daha bir mətni İstanbulda nəşr etdirib. Yalnız bun­lar­dan sonra – 1928-ci ildə N.Tepedelenoğlu, 1930-cu ildə Sü­leyman Tevfik, yenə 1930-cu ildə Müharrem Zeki Kor­ğu­nal «Koroğ­lu»nun qısa mətnlərini çap etdirmişlər. Pertev Naili Boratav 1931-ci ildə nəşr etdirdiyi tədqiqatına çoxlu say­da «Koroğlu» mətnləri və şeirləri daxil etmiş, 1939-cu ildə isə N.Tezel «Koroğlu nağılı və İstanbul rəvayəti» adlı kitab nəşr etdirmişdir (Bu barədə bax: 188, 16-18)

Bununla belə, Türkiyədə «Koroğlu» eposunun daha ka­mil, əhatəli və böyük həcmli nəşrləri 1950-60-cı illərdə işıq üzü görmüşdür. Bu da belə düşünməyə əsas verir ki, Azər­bay­canda «Koroğlu» ilə bağlı irihəcmli tədqiqatların (P.Əfən­di­yev, F.Fərhadov, M.H.Təhmasibin dissertasiyaları) və xü­su­sən M.H.Təhmasib nəşrinin ortaya çıxması, «Koroğlu»nun bir sıra irihəcmli Orta Asiya variantlarının nəşri türk alimlərinin, folklorşünas­larının bu mövzuya marağını artırmışdır.

1959-cu ildə «Koroğlu ilə Səlma» adlı kitab işıq üzü gör­müşdür. 1963-cü ildə Ferruh Arsunar «Koroğlu»nun Ma­raş variantını yazıya alaraq çap etdirib (191). Bu kitab iri­həcmli olmasına baxmayaraq, ayrı-ayrı qollara bölünməyən mətn­dən ibarətdir. Arsunar nəşrində Koroğlunun (əsl adı Deli Ali­dir) atası Dəli Yusuf nalbəndbaşı və məşhur at bilicisidir. Pa­şanın tapşırığına əsasən, ona layiq at tapmaq üçün uzaq sə­fərə yollanır. Nil çayından çıxmış əcaib heyvandan törəyən Qı­ratı əldə edib paşaya gətirsə də, onun qəzəbinə tuş olur və göz­ləri çıxarılır. Bu mətndə Koroğlunun yalnız bir atı - Qırat vardır. Arsunar nəşrində eyş-işrət, sevişmə epizodları çox yer alır. Kənar haşiyələr (hekayələr) süjetə əlavə edilir.

Bolqarıstan türkləri arasında dolaşan «Koroğlu» da sö­zü­gedən eposun Türkiyə versiyasına daxildir. Həmin variant 1957-ci ildə Rza Mustafa oğlu Mollov tərəfindən toplanıb nəşr edilmişdir (190). Bu nəşrdə yer almış «Dəmirçioğlu», «Ko­­roğlunun ölümü» və başqa qollar Sofiya (Bolqarıstan) va­riantını İstanbul variantından fərqləndirir.

Sofiya variantı «Koroğlu»nun aşağıdakı qollarını əhatə edir:


  1. Həsən bəy;

  2. İlk döyüş;

  3. Eyvazın oğurlanması;

  4. Kənan;

  5. Sazbənd;

  6. Dəmirçioğlu;

  7. Koroğlunun əsir düşməsi;

  8. Koroğlunun toyu (evlənməsi);

  9. Gül dəstəsi;

  10. Koroğlunun Qıratı xilas etməsi;

  11. Bəzirganlar qolu;

  12. Dağıstanlı Həsən bəy;

  13. Benli xanım;

  14. Koroğlunun sonu.

Sofiya variantı məzmun, forma, coğrafi adlar, obrazlar və digər baxımdan Türkiyə variantlarına, əsasən, oxşardır.

Bu nəşrdə özünəməxsus epizodlar də mövcuddur:

1. Koroğlunun Fatimə adlı bacısı olması;

2. Eyvazın atası Qəssabbaşının bəyin şəxsi xidmətçisi, qəssabı olması;

3. Koroğlunun atasının Hasan bəy adlanması;

4. Hasan bəyin əslən Sivasdan olub, sonradan Boluya gəl­məsi;

5. Hasan bəyin kor edilməsində Qəssabbaşının da «xid­mət» göstərməsi;

6. Koroğlunun Eyvazı intiqam məqsədilə oğurlaması;

7. Odlu silah (tüfəng) icad olunandan sonra Koroğlunun qırxlar cərgə­sinə qoşulub qeyb olması;

8. Bıyıklı Yusufun Koroğlunu bir gecə dağda qırxlar məc­lisində tapması və onun əlindən cam alıb içib, uzun­ömür­lü­lük qazanması.

Digər versiyalarda olduğu kimi, burada da Koroğlu öz də­lilərini darda qoymur. Azərbaycan variantlarından fərqli ola­raq Sofiya nəşrində Qırat oğurlanmır, Koroğlu öz əsir düş­müş dəlilərini azad etmək üçün sevimli atını bəyə verməyə ra­zı olur, sonradan gəlib atını da geri qaytarır.

«Bəzirganlar qolu»nda bəzirganbaşının əzazil, kasıblara rəhm etməyən tacir kimi təqdimi («Bəzirganbaşı» şeirində) fərq­li detallardan biri kimi dəyərləndirilə bilər. Azərbaycan ver­siyalarının əksəriyyətində, xüsusən Xodzko variantında Bə­­zirganbaşı səxavətli tacir obrazıdır.

Bununla bərabər, «Türk versiyasında Koroğlu tamam fərq­li meylləri özündə birləşdirən kollektiv bir portretdir. Bir yandan despotlara və da­xi­lin­də­ki zülmkarlara qarşı mücadilə edir, yoxsulları və gücsüzləri qoruyur, digər tərəfdən sultanla ra­zılığa gəlir, ona kömək edir, bəy olmaq və Camlıbeldən ke­çən yolçulardan və karvanlardan vergi toplamaq üçün ondan izn alır. Qəhrəmanın bu xüsusiyyətləri, Osmanlı feodal sin­finə qarşı yönələn hərəkətləri bəzi başçıların ayrılma meyl­lə­rini göstərməkdədir» (190, 142).

Türkiyə variantlarına sünnilik əleyhinə olan epizodlar aş­kar şəkildə yer almasa da, bəzən qəhrəmanın Bəktaşi, «Təriqəti-Əli» mərhəflərinə bağlılığına işarə edilir.

Bolqarıstanlı tədqiqatçı R.Mollov yazırdı ki, Anadolu va­riantında da Koroğlunun sonu şiə cizgiləri göstərir. İn­cə­lə­nən bəzi variantlarda Koroğlunun şiə «qırxlar»a qoşulduğu və za­manı gəldikdə təkrar ortaya çıxacağı görünməkdədir. Ko­roğ­lunun ölmə­di­yini və görünməz olaraq yaşa­dığını anladan əf­sanənin təməlində, İman Meh­di­nin (s.ə.) ortaya çıxacağına dair şiə inancı yatmaqdadır (190, 142-145).

Türkiyə (Anadolu) «Koroğlu»sunu genetik olaraq Cə­nu­bi Azərbaycan (Pa­­ris nüsxəsi) versiyasına dayandığını iddia edən türk­mən tədqiqatçısı B.A.Qar­rıyev belə hesab edir ki, das­tan son­­ralar Anadolu mühitində yayılaraq və inkişaf edə­rək milli ça­­larlar qazanmışdır (215, 240). Fikrini isbatlamaq üçün B.A.Qar­­rı­yev İqnats Kunoşun topladığı mətnin məz­mu­nu­nu ve­rərək, onun Azərbaycan versiyası ilə paralelliklərinə diqqət çək­mişdir. İ.Kunoşun nəşr etdirdiyi və son­ra­lar İs­tan­bul rə­va­yəti adı ilə tanınmış bu variantda Azərbaycan ver­si­ya­sın­da rast­lan­mayan aşağıdakı obrazlar və motivlər yer al­mış­dır:

1. Pir obrazı – Koroğlunun oğlu Həsənin hamisi kimi çıxış edir.

2. Alp at – Həsənin atı, Qıratdan törəyib.

3. Məhəmməd – Sazbəndin şagirdi. Koroğlu onu Çən­li­belə gətirir.

4. Dördbuynuzlu qoç – Çobanın Koroğluya verdiyi qoç.

5. Buta motivi – Həsənin yuxusuna girən nurani qoca Benli xanımı ona buta verir.

6. Sehrli türklər - Koroğlu səfərə yollanan oğluna üç tük ve­­rir və deyir ki, çətin anda, köməyə ehtiyacı olanda onu yan­dır­sın.

İstanbul variantında Benli xanımın atası Qara Vəzirin or­dusu ilə döyüşü, Eyvazla Kənanın Bolu bəyin vi­la­yətinə çiçək gətirmək üçün yollanması (Azərbaycan versiyasında də­li­lər yad ölkəyə, adətən, durna teli və ya durna ovu üçün yolla­nırlar) epizodları spesi­fik­dir. Koroğlu dəlisi Kənanın «Tey­mur­ləngin oğlu» kimi təqdimi, Koroğlunun min dəlisi ol­­ması və s. elementlər də bu variantın özünəməxsus ça­lar­la­rından­dır.

Ümumiyyətlə, Türkiyədə, Bolqarıstanda, Türkmənistan­da Azərbaycan «Koroğlu»­sunun dastanın özəyi kimi qəbulu da göstərir ki, bu alimlər 1950-ci illər Azərbaycan koroğlu­şü­nas­larının qənaətlərindən çıxış edirdilər və Azərbaycan ko­roğ­luşünaslığının inkişafı dolayısı ilə bu ölkələrdə də «Ko­roğ­­lu» mövzusunda tədqiqatlara və yeni mətnlərin toplanıb nəşr olun­ması işinə təsir göstərirdi.


2.1.4. Xalıq Koroğlu və Azad Nəbiyevin təd­qi­qat­la­rında «Koroğlu» mövzusu. Xalıq Koroğlu və Azad Nəbiyevi bir­ləşdirən ümumi cəhət təkcə onların hər ikisinin 1970-ci illər­dən aktiv folklorşünaslıq fəaliyyətinə başlamaları və müş­tə­rək kitabları deyil, həm də hər ikisinin eposla bağlı ya­zı­la­rında Orta Asiya və Azərbaycan xalqlarının folklor əlaqələri mə­sələ­sinə xüsusi diqqət vermələridir.

Xalıq Koroğlu, heç şübhəsiz ki, XX əsr Azərbaycan ko­roğ­­lu­şü­nas­lığının görkəmli nümayəndələrindən biridir. X.Ko­roğ­lunun elmi fəaliyyəti, əsasən, Sovetlər Birliyinin mərkəzi olan Moskva ilə əlaqəli olsa da, o, Azərbaycan elmi mühiti ilə də sıx bağlı olmuş və Azərbaycan koroğ­lu­şü­naslığının və ümu­mən eposşünaslığının inkişafına xüsusi təsir göstərmişdir.

X.Koroğlunun tədqiqatlarının özünəməxsusluğu onun Şərq regionunun folklor əlaqələri kontekstində «Koroğlu» das­tanını tarixi-genetik və tipoloji istiqamətdə öyrənməsidir (127; 222; 223; 224; 225). Müəllif Orta Asiya, İran və Azər­bay­can eposu arasında qarşılıqlı təsirləri və bəhrələnmə im­kan­larının ortaya çıxarmağa çalışmışdır. X.Koroğlu bu tə­sir­lən­məni cəmiyyətin tarixi-iqtisadi inkişafının təsiri altında ide­oloji baxışlarda və sosial quruluşda baş verən dəyişiklərin uy­ğunluğu ilə izah edirdi.

X.Koroğlu türk və İran mənşəli xalqların ulu əc­dad­la­rının sosial-iqtisadi və siyasi, həmçinin mədəni əlaqələrin era­mı­zın əvvəl­lərindən başlayan tarixinin hər iki etnosun epik ya­ra­dı­cı­lı­ğı­na güclü təsir etdiyini əsas götürərək, bu tə­sir­lən­mə­ni süjet, mo­tiv, obraz və hətta poeziya səviyyəsində ax­tar­mış­dır.

X.Koroğlu rus iranşünaslığı məktəbinin prinsiplərindən çı­xış edərək müasir türk xalqlarının bir qisminin «yerli iran­dil­li əhalinin assimiliyasiyası» və türk tayfaları ilə qarışması nə­ticəsində meydana çıxmış xalqlar sayırdı və bu səbəbdən or­ta əsr oğuz eposu «Koroğlu»nu da «İran və türk sintez mə­də­niyyəti»ndən qaynaqlanan folklor əsəri hesab edirdi.

X.Koroğlunun «Orta Asiya, İran və Azərbaycan xalqları epos­larının qarşılıqlı əlaqəsi» monoqrafiyasında, əsasən, «Ko­roğlu» dastanının Tiflis nüsxəsi tədqiqata cəlb edilmişdir. Araş­dırmaçı Azərbaycan və türkmən versiyalarının mü­qa­yi­səli təhlilinə geniş yer ayırmışdır.

X.Koroğlunun eposun tədqiqi üçün Tiflis nüsxəsindən çı­xış etməsi, ilk növbədə, onun «Koroğlu» dastanının Sovet dö­nəmi Bakıda nəşr edilən variant­larının ciddi nəşrlər hesab et­məməsinə bağlıdır. Bu variantlarda, onun öz təbirincə de­sək, folklorun nəşri prosesində vacib elmi prinsiplərə əməl olun­mamışdır. X.Koroğlu istər ayrıca məqaləsində, istərsə də A.Nəbi­yevlə birgə nəşr olunmuş «Azərbaycan qəhrəmanlıq epo­su» kitabında M.H.Təhmasib nəşrini xüsusi tənqid et­mişdir (221, 65-76; 222, 103).

X.Koroğlunun Azərbaycan «Koroğlu»sunun genezisini bə­zən oğuz epik ənənəsindən kənarda axtarması və bəzən yal­nız mədəni əlaqələrdə və təsirlərdə axtarması onun araş­dır­ma­la­rının elmi məziyyətinə xələl gətirir. Məsələn, alim oğuz qəh­rəmanlıq eposunun, o cümlədən «Kitabi-Dədə Qorqud»un Azər­baycan «Koroğlu»suna «təsirinin» az qala sıfıra en­di­rə­rək yazırdı: «Oğuzlar Azərbaycan türklərinin etnogenezisinin əsas komponenti kimi onların epos mədəniy­yətində də xeyli iz buraxmışlar. Lakin azərbaycanlıların eposu ilə yaxından ta­nış olduqda başqa mənzərənin şahidi olursan. Oğuz qəh­rə­man­lıq eposunun «Koroğlu»ya təsiri, türkmən «Goroğ­lu» epo­suna nisbətən, çox azdır. Azərbaycan eposunda (yəni «Ko­roğlu»da – A.İ.) «Kitabi Dədə Qorqud» dastanları ilə yal­nız uzaqdan-uzağa oxşarlıqlar tapmaq mümkündür. Hər iki abi­dədə zahiri oxşar detallar genetik olmaqdan çox, tipoloji ey­niliyi xatırladır» (224, 182)

Bu fikir, hazırkı araşdırmalardan göründüyü kimi, özü­nü doğrult­ma­mışdır. Əvvəla, X.Koroğlunun oğuz eposuna dair araşdırmaları nə qədər sistemli və əhatəli olmasına bax­ma­yaraq, çoxsaylı oğuznamələri və ələlxüsus «Oğuz Kağan» epo­su­nu içərisinə almır və bu səbəbdən yarımçıqdır. İkincisi, ar­tıq de­yildiyi kimi, son araşdırmalar – N.Cəfərov, H.İs­ma­yı­lov, F.Bayat, X.Bəşirova, S.Rzasoy, E.Abbasov, A.Xəlil və baş­qa­la­rının araşdırmala­rında göründüyü kimi, «Koroğlu» oğuz epo­su­nun müəyyən tarixi mərhələdə transformativ törə­mə­sidir və bu epik ənənənin əsas detallarını bütöv halda özün­də daşıyır.

X.Koroğlu, həmçinin, iki epos arasındakı semantik struk­tur əlaqələri ümumiyyətlə nəzərə almırdı. Halbuki, «Kitabi-Dədə Qorqud»la «Koroğlu» eposu arasında struktur-se­mantik əla­qənin səviyyəsinə gəldikdə, N.Cə­fərovun yazdığı ki­mi, «Ko­­roğlu» ilə «Dədə Qorqud» arasında elə qırılmaz semantik-struk­tur əlaqə vardır ki, həmin əlaqəni etiraf etmə­dən Azər­bay­can «Koroğlu»sunun nəinki genezisini, heç tipo­lo­giyasını da müəyyənləşdirmək mümkün deyildir (42, 123).

X.Koroğlu öz araşdırmalarında tarixi semantikaya folk­lor semanti­kasından daha çox diqqət verdiyindən, eposda («Ko­roğlu»da) hər bir obrazın, motivin tarixi analoqunu ax­ta­rır. Bu səbəbdən belə qənaətə gəlir ki, Azərbaycan «Koroğlu» epo­su və ondan törəmiş qərb versiyaları şərq versiyaları ilə mü­qayisədə daha doğru tarixi əsasa malikdir (224, 170).

X.Koroğlu Tiflis nüsxəsinin dili barədə də öz fikirlərini ifa­də edərək göstərir ki, bu əlyazma ədəbi dilə uyğun ha­zır­lan­mışdır. Ona görə, «Kitab bu halda fars dilinin leksik-fra­ze­oloji birləşmələrindən və sintaktik-morfoloji üsullarından ge­niş bəhrələnmişdir. Nəticədə dastanın üslubu İran xalq das­tan­la­rı­nın dilinə xeyli dərəcədə yaxınlaşmış, Azərbaycan xalq da­nışıq dilindən isə, əksinə uzaqlaşmışdır.

«Koroğlu» ilə bağlı sonrakı araşdırmalarında X.Koroğlu das­tanın Sovet Azərbaycanı aşıqlarından toplanıb nəşr edilmiş variantlarına münasibətdə ənənəvi münasibətini dəyişsə də, M.H.Təh­masib nəşrini «qeyri-elmi» hesab edərək ona mü­ra­ciət etməmişdir. A.Nəbiyevlə birgə yazdıqları «Azərbaycan qəh­rəmanlıq eposu» kitabında X.Koroğlu M.H.Təhmasib nəş­rin­dən istifadəni elmi əhəmiyyətini qəbul etməyərək araş­dır­ma­sını H.Əlizadə, A.Nəbiyev və M.Həkimovun topladığı va­riantlar əsasında aparmağı məqsədəuyğun saymışdır.

X.Koroğlu dastanın İ.Şopen, A.Xodzko, S.Penn nəşr­lə­rin­də eposun ümumi ideyası ilə sığışmayan məqamların, hə­min naşirlərin dastanın mahiyyətinin təhrif edən fikirlərin yan­lış olması barədə mülahizələri bu əsərdə xüsusi əhə­miyyət­li hal kimi dəyərləndirilməlidir.

Professor Azad Nəbiyevin koroğluşünaslıq fəaliyyəti ge­­niş, eyni zamanda çoxistiqamətli və ardıcıl xarakter da­şı­ması ilə müasir Azərbaycan folklorşünas­lığında xüsusi diqqət çəkir. Bu fəaliy­yət, bir tərəfdən dastanın toplanması, ayrı-ayrı va­riantların tapılması və nəşri, digər tərəfdən eposun mifoloji, ta­rixi, sosial, poetik aspektlərdən folklorşünaslıq və ədəbi əla­qələr kontekstlərində öyrənilməsi və bu istiqamətdə gənc təd­qiqatçıların yetişdirilməsi kimi sahələri əhatə edir.

A.Nəbiyev 1971-ci ildə «Koroğlu» dastanında Koroğlu» su­rəti» (Azər­baycan-özbək materialları əsasında)» möv­zu­sun­da namizədlik disser­tasiyası müdafiə edib (141). Bu monoq­ra­fi­yada Azərbaycanda ilk dəfə Koroğlu obrazı geniş şəkildə türk epik ənənəsi daxilində xarakterizə edilir. Alim Koroğlu ob­razının «Kitabi-Dədə Qorqud» eposu qəhrəmanları ilə də ti­poloji müqayisəsini aparır, Qazan xanla Koroğlu apasında bir sıra para­lelliklər müəyyənləşdirir.

Sonrakı illərdə A.Nəbiyevin koroğluşünaslıq isti­qa­mə­tində fəaliyyəti daha da genişlənir, «Qəhrəmanlıq səhifələri» mo­noqrafiyası çap edilir, çoxsaylı məqalələri nəşr olunur (139; 140; 142; 143; 144 və s.).

Azad Nəbiyev «Koroğlu» eposunu iki versiya – «Qafqaz-Anadolu» və «Türküstan» versiyaları kimi ayıraraq, «Şərq» və «Qərb», «Zaqafqaziya» və «Orta Asiya» kimi əvvəlki bölgü­lə­rin gerçəkliyi tam əks etdirmədiyi qənaətində ol­muşdur. Təd­qiqatçıya dastanın Cəlalilər hərəkatının tarixi zə­minində yaran­ma­­sı barədə mülahizələri qəbul edərək ya­zır­dı ki, «Elə eposun ilk nəğmə­lə­ri­nin, Koroğlu qəhrəmanlığını tə­rənnüm edən qol­ların həmin dövrdə yaranması, aşıq impro­vi­zəsinə daxil olması baş verə bilərdi. Özü də bu yaradıcılıq pro­­se­si­ni tək bir aşığın, lap elə Koroğlunun adı ilə bağlamaq hə­qi­qətə uyğun ol­mazdı. Eposun genezisində ozan ya­ra­dı­cı­lığı zəmininə əsaslanan güclü im­pro­vi­zatorçuluq özünü gös­tə­rir. Elə həmin yaradıcılıq ənə­nəsi kəndli hərəkatı qəh­rəmanı Ko­roğlunu ilk başlanğıcda əfsa­nəviləşdirmiş, ona sehrli qüd­rət ver­miş, onu döyüşlərə hazır­lamış, əfsanəvi at və qılıncla, də­li nərə ilə silahlandırıb dö­yüş meydanına çıxarmışdır» (144, 479) .

A.Nəbiyev «Koroğlu» eposunun çoxsaylı variantlara və qol­lara malik olmasının səbəbini dastanın ayrı-ayrı aşıq mək­təb­ləri və ya mühitlərində inkişafının nəticəsi sayaraq, burada Təb­riz, Şirvan və Anadolu aşıq məktəblərinin əhəmiyyətini xü­susi önə sürmüşdür: «Belə bir tarixi şəraitdə türk xalqları içə­risində ilkin mərhələdə «Koroğlu» eposunun yaranması Oğuz qəhrəmanlıq eposu ənənəsinə əsaslanan üç qüdrətli ədə­bi məktəbin – Təbriz, Anadolu, Şirvan aşıq məktəblərinin adı ilə bağlıdır. Bu məktəblərin hər biri Oğuz eposu ənənələrini əsas götürüb əfsanələr və həqiqətlər əsasında «Koroğlu» epo­su­nun özünəməxsus variantını yaradır» (140, 4).

Qeyd edək ki, bu məsələdə prof. A.Nəbiyevin fikirləri diq­qət­çəkici olsa da, bizcə, «Koroğlu» dastanının bir-çox məş­hur qollarının Bor­çalı, Tovuz-Qazax, Göyçə aşıqlarından top­lan­dığını və ənənəvi olaraq həmin bölgə aşıqlarının reper­tu­arın­da əsas yerlərdən birini tutduğunu da vurğulamamız la­zımdır.

Sözsüz ki, A.Nəbiyevin koroğluşünaslıq fəaliyyətinin bö­­yük bir qismi də müstəqillik dönəmini əhatə edir və o, bu­gün­kü Azərbaycan koroğ­luşü­nas­lığının əsas simalarından bi­ri­dir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə