“Azərbaycan məktəbi”.-2015.-№ 1.-S.64-68.
QƏRBİ AZƏRBAYCAN ŞİVƏLƏRİNDƏ QƏDİM SÖZLƏR
İbrahim Bayramov,
filologiya üzrə elmlər doktoru, professor
Açar sözlər: Qərbi Аzərbaycan, şivə, qədim sözlər.
Ключевые слова: Западный Азербайджан, наречие, древние слова.
Key words: Western Azerbaijan, dialect, ancient words.
Azərbaycan təhsilinin, Azərbaycan dilinin tarixinin, inkişaf yolunun öyrənilməsi zamanı Qərbi
Azərbaycan ərazisi yaddan çıxarılmamalıdır. Çünki Qərbi Azərbaycan bütöv Azərbaycanın bir tərkib hissəsi
olmuşdur.
İndi Ermənistan adlanan Qərbi Azərbaycan şivələrinin öyrənilməsi XX əsrin 60-cı illərinə təsadüf edir.
Qərbi Azərbaycanın Çəmbərək, Karvansaray, Basarkeçər, Böyük Qarakilsə, Dağ Borçalısı (Calaloğlu,
Kalinino), Barana, Ağbaba, Quqark rayonunun Azərbaycan şivələri qərb ləhcələrinin, Dərələyəz, İrəvan,
Zəngibasar, Qarakilsə (Sisyan), Meğri, Qafan гауоnunun Azərbaycan şivələri isə cənub qrupu ləhcələrinin
xüsusiyyətlərini özündə əks etdirir.
Qərbi Azərbaycan şivələrinin leksikası zənginliyi, qədimliyi ilə seçilir və diqqəti cəlb edir. Bu
şivələrdə tarixin qədim qatları ilə səsləşən sözlər dilimizin tarixi üçün əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan şivələrində Orxon-Yenisey abidələri, “Kitabi-Dədə Qorqud” dastanı, M. Kaşğarinin
“Divani-lüğət-it-türk” əsəri ilə səsləşən kifayət qədər sözlər qorunub saxlanmışdır.
Ağız sözü Çəmbərək, Karvansaray şivələrində “yenicə doğmuş inək, camış və qoyunun ilk südü”
mənasında işlənir. Ağız Şəki, Zaqatala, Qax şivələrində “qaramalın doğandan sonra ilk südü”, Ağdaş, Qax,
Zərdab və Şəki şivələrində həm də “yeni doğan qaramalın ilk südündən bişirilən yemək” (pendir kimi olur)
mənalarını ifadə edir.
Ağız sözü M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində ağuc fonetik formasında işlənmişdir və
lüğətdə göstərilir ki, ağuc “ağız südü”, “inək və ya qoyun doğandan sonra sağılan ilk süd” mənasını bildirir.
Anarı sözünə “o tərəf” mənasında Ağbaba şivəsində anari, Çəmbərək şivəsində anarı, anqarı fonetik
formalarında rast gəlinir.
Anarı Gəncə, Qazax, Şəmkir, Tovuz şivələrində “o tərəf, о yan”, “o biri tərəf’, “kənar” mənalarında
anarı formasında işlənir. Anarı “Kitabi-Dədə Qorqud” dastanında “o tərəf’ mənasında işlənmişdir.
Arı sözü Qərbi Azərbaycanın Çəmbərək, Dərələyəz, Kalinino şivələrində “təmiz, saf, pak” mənasını
bildirir. Arı sözünün Qazax, Quba, Füzuli, Ağdam, Şahbuz, Şəmkir, Tovuz şivələrində də eyni mənada
işləndiyinə rast gəlinir. Bu söz Bakı, Xaçmaz şivələrində ari fonetik formasında işlənir. Arı sözünə “Kitabi-
Dədə Qorqud” dastanında “təmiz” mənasında həm an, həm də aru fonetik formalarında rast gəlinir.
Qədim leksik vahid kimi arı
[səh.64-65]
M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində eyni mənada
arığ formasında işlənmişdir.
Arı Qərbi Аzərbaycan Ağbaba, Qarakilsə (Sisyan), Çəmbərək, eləcə də Azərbaycanın Qazax, Şəki
şivələrində “təmizləmək” mənasında işlənən arıtdamax, müasir Azərbaycan ədəbi dilində işlənən arıqlamaq
sözündə də arı öz izini qoruyub saxlamışdır.
Qərbi Аzərbaycan şivələrində işlənən qədim sözlərdən bir də aş sözüdür. Aş Qərbi Azərbaycanın
Çəmbərək, Zəngibasar şivələrində “plov”, Basarkeçər şivəsində plovla yanaşı “əriştə” mənasını bildirir.
Aş “Kitabi-Dədə Qorqud” dastanında “хörəк”, “yemək”, “bişmiş”, M. Kaşğarinin “Divani-lüğət-it-
türk” əsərində “yemək”, “aş” mənasında işlənmişdir.
Qərbi Azərbaycanın Çəmbərək, Vedibasar, Zəngibasar şivələrində bağır sözü “bağır, qucaq, sinə,
ürək” mənalarını bildirir. Bu sözə “ürək, qəlb” mənasında Quba, Şəki, Ağdam, Cəlilabad, Füzuli şivələrində rast
gəlinir.
Bağır “Kitabi-Dədə Qorqud” dastanında “ürək, qəlb” mənasında işlənmişdir.
Qərbi Azərbaycanın Meğri şivəsində “boyummax” sözü işlənir və bu söz “varlanmaq” mənasını
bildirir. Bu sözə Meğri şivəsində həm də “boyınmaq” formasında rast gəlinir. “Kitabi-Dədə Qorqud”da
“dövlətlənməк”, “zəngin olmaq” mənasında bayımaq sözü işlənir.
Bozdamaq sözü Qərbi Аzərbaycanın Qarakilsə (Sisyan) şivəsində “oxşaya-oxşaya ağlamaq” mənasını
bildirir. Bozdamax Gəncə, Şəmkir şivələrində “ucadan oxumaq və ya çalmaq”, Füzuli, İmişli, Mingəçevir
şivələrində, Qax şivəsində “oxşaya-oxşaya” ağlamaq mənasını bildirir.
“Oxşaya-oxşaya axlamaq” mənasında işlənən bozdamax “Kitabi-Dədə Qorqud” dastanında “uca səslə
ağlamaq” mənasında bozlamaq formasında işlənmişdir.
Qərbi Azərbaycanın Çəmbərək, Kalinino rayon şivələrində işlənən ertə “tezdən” mənasını bildirir.
Ertə qədim türk dilində “səhər tezdən” mənasında işlənmişdir. M. Kaşğarinin “Divani-lüğət-it-türk”
əsərində ertə elə ertə kimi tərcümə edilmişdir.
Qərbi Azərbaycanın Çəmbərək şivəsində küz sözü “payız” mənasını bildirir. Bu söz eyni mənada
Ordubad, İmişli, Qax, Borçalı şivələrində işlənir.
M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində küz “payız fəsli”, “son bahar” mənasında işlənmişdir.
Qərbi Аzərbaycan Qafan şivəsində örən sözü işlənir ki, “əkilməmiş sahə, yer” mənasını bildirir. Örənə
Qarakilsə (Sisyan) şivəsində “çox otarılmaq nəticəsində otu qurtarmış, otsuzlaşmış yer” mənasını ifadə edir. Bu
sözə eyni mənada, yəni Qarakilsə (Sisyan) şivəsində ifadə etdiyi mənada Cəbrayıl, İmişli, Zəngilan şivələrində
rast gəlinir. Bununla yanaşı, Qərbi Аzərbaycanın Ağbaba, Kalinino şivələrində “xam torpaq” mənasında örənə,
Çəmbərək, Karvansaray şivələrində “otu qurtarmaq, otsuzlaşmaq” mənasında örənməх sözü işlənir ki, hər iki
sözün kökündə örən sözü dayanır.
Qərbi Azərbaycanın Ağbaba, Hamamlı, Vedi, Zəngibasar şivələrində öynə “dəfə, bir dəfə, bir oturun”,
Çəmbərək şivəsində “günorta yeməyi”, Dərələyəz şivəsində vaxt, mal-qaranın sağıldığı vaxt, heyvanlara ot-ələf
verilən vaxt mənalarını bildirir.
Öynə Qazax, Beyləqan, Cəbrayıl, Göyçay, Şərur, Borçalı şivələrində “dəfə”, Gəncə, Qazax, Gədəbəy,
Lənkəran, Oğuz, Salyan, Tovuz, Ucar, Zərdab, Borçalı şivələrində “günorta yeməyi vaxtı” mənalarını bildirir.
M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində “günorta vaxtı” mənasında öylə sözü işlənmişdir.
Qərbi Аzərbaycanın Basarkeçər, Çəmbərək, Kalinino şivələrində “daş atmaq
[səh.65-66]
üçün
meşindən hazırlanan qoşa uzunqollu silah” mənasında rast gəlinir.
Sapand “Kitabi-Dədə Qorqud” dastanında sapan formasında, “daş atmaq üçün qədim silah” mənasında
işlənir.
Qərbi Azərbaycanın Basarkeçər, Çəmbərək, Hamamlı şivələrində işlənən sayri “xəstə” mənasını
bildirir. Sayrı sözünə eyni mənada İmişli, Borçalı şivələrində rast gəlinir.
Bu söz “Kitabi-Dədə Qorqud” dastanında sayrı, sayru formasında “xəstə” mənasında işlənmişdir.
Qərbi Аzərbaycanın İrəvan, Üçkilsə, Vedi, Zəngibasar şivələrində sazdıx sözü “qamışlıq” mənasını
bildirir. Sazdıx sözünün kökü saz sözü ilə bağlıdır və saz qədim Azərbaycan dilində “qamışlıq” mənasını
bildirmişdir.
Qərbi Azərbaycanın Dərələyəz şivəsində tuş “yuxu” mənasını bildirir.
Bu söz “yuxu” mənasında “Kitabi-Dədə Qorqud”da, Şah İsmayıl Xətainin əsərində düş formasında
işlənmişdir.
Aydır: Bilürmisin, qarındaşım
Qaragünə düşim nə göründi?
Qərbi Azərbaycanın Zəngibasar şivəsində işlənən yaxınkeş “ət qızartmaq üçün qab” mənasını bildirir.
Yaxnıkeş sözünün birinci komponenti olan yaxnı qədim türk dilində “ətdən hazırlanan xörək”
mənasında işlənən yəxni sözünün fonetik variantıdır.
Qərbi Azərbaycanın Çəmbərək, Karvansaray, Vedi, Zəngibasar şivələrində “sifariş göndərmək”,
“xəbər göndərmək” mənasında ismarramax sözünə rast gəlinir. İsmarramax ismarlamaq sözünün dialekt
variantıdır. “Kitabi-Dədə Qorqud” dastanında ismarlamaq elə ismarlamaq formasında işlənmişdir: Oğlanı
həkimlərə ismarlayub Dərsə xandan saqladılar.
İsmarlamaq Azərbaycan dilinin qərb ləhcəsinə daxil olan Qazax, Gədəbəy, Tovuz şivələrində də
“sifariş, xəbər göndərmək” mənasını bildirir.
İsmarlamaq və eyni kökdən olan ismarıc XX əsrin sonlarında müasir ədəbi dilimizi şivə sözü kimi
zənginləşdirmişdir.
Qərbi Azərbaycanın Çəmbərək şivəsində səyirtmək “atı çapmaq, atı sürətlə qaçırtmaq” mənasını
bildirir. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında eyni mənada səgirtmək formasında rast gəlinir.
Qərbi Аzərbaycanın Çəmbərək, Dərələyəz, Vedi, Zəngibasar şivələrində ağıl yaylaqda qoyunların
“saxlandığı yer”, “hər tərəfi hasarlanmış yer” mənalarını bildirir.
Ağıl sözü “Kitabi-Dədə Qorqud”da eyni mənada işlənilmişdir.
Ağıl Balakən, Biləsuvar, Cəbrayıl, Beyləqan şivələrində “yayda mal-qara saxlamaq üçün ətrafı
hasarlanmış üstü açıq yer”, Şirvan şivəsində “qışlaqda qoyunlar üçün qamışdan tikilən yer”, Şəki şivəsində isə
“tövlə” mənasını bildirir.
Qərbi Аzərbaycanın Çəmbərək, İrəvan, Qarakilsə (Sisyan) şivələrində “çörəyi çeynəmək”, “çörəyi
yavan уеməк”, Vedi, Zəngibasar şivələrində “iştahsız уеməк” mənalarını bildirir.
Gəvələmək sözünə “Kitabi-Dədə Qorqud” dastanında gəvəzləmək fonetik formasında rast gəlinir:
Gəldin ol kim soldıran soydır, sapandaca yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvlək
yoğurd gəvəzlər. Bu cümlə müasir Аzərbaycan dilinə uyğunlaşdırılarkən gəvəzləmək gəvələmək formasında
verilmişdir.
Qərbi Azərbaycanın Çəmbərək, Kalinino şivələrində suç sözü “günah” mənasını bildirir. Suç “Kitabi-
Dədə Qorqud” dastanında eyni mənada işlənmişdir: Dərsə xan aydır: “...Bənim suçum nə oldı kim, qara otağa
qondurdı?” - dedi.
Bu söz Аzərbaycanın Cəbrayıl, Gədəbəy, Qax, Tovuz, Zaqatala şivələrində “təqsir, günah” mənasında
işlənir.
[səh.66-67]
Qərbi Аzərbaycanın Çəmbərək şivəsində “yoğun kəndir” mənasında sijim sözü var. Sijim sicim
sözünün dialekt variantıdır. “Kitabi-Dədə Qorqud” dastanında sicim sözünə rast gəlinir.
Qarğamaq sözünə Qərbi Аzərbaycanın Çəmbərək şivəsində rast gəlinir və “nifrin tökmək, bəddua
etmək” mənasını bildirir. Qarğamaq eyni mənada “Kitabi-Dədə Qorqud” dastanında işlənmişdir:
Qaçar keyiklərinə qarğamağıl,
Qazlıq tağınıg günahı yoqdır.
Arslanla qaplanına qarğamağıl,
Qazlıq tağınıg suçı yoqdır.
Qarğarsaq, babama qarğa,
Bu suç, bu günah babamdandır, - dedi.
Müasir Аzərbaycan ədəbi dilində işlənən qarğış elə qarğamaq sözü ilə eyni-köklü sözdür.
Аzərbaycanın Çəmbərək şivəsində ağırramax formasında “əzizlənmək, hörmətlə qarşılamaq” mənasını
bildirir. Ağırlamaq İraq-türkmən ləhcəsində “hörmət göstərmək” mənasında özünü göstərir. “Kitabi-Dədə
Qorqud” dastanında ağırlamaq sözü “əzizlənmək” mənasında işlənmişdir: Uç gün təmam ağırladı.
V.V. Radlovun lüğətində ağırlamaq sözünün 4 mənada işləndiyi verilir. 4-cü mənada ağırlamaq
sözünün “hörmət etmək” mənasında işləndiyi göstərilir.
Qərbi Аzərbaycanın Çəmbərək şivələrinə daxil olan Toxluca şivəsində bəniz “üz, sifət” mənasnıı
bildirir. Bəniz “Kitabi-Dədə Qorqud”da eyni mənada işlənmişdir.
Çözələmək sözü Qərbi Аzərbaycanın Çəmbərək, Meğri, Vedi, Zəngibasar şivələrində “ipi açmaq”
mənasında işlənir. Çözələmək sözünün kökündə çözmək sözü dayanır. Məhz “Kitabi-Dədə Qorqud” dastanında,
Şah İsmayıl əsərində çözmək “açmaq” mənasında işlənmişdir: Qazana bu söz xoş gəldi. Atından endi, çobanıg
əllərin çözdi (KDQ, s.46).
Dedim ki, əya, səba, indi;
Asudə otur çözüb kəməndi (Ş.İ. Xətai).
Çözmək sözünün qədim türk dilində də “açmaq” mənasında işləndiyinə rast gəlirik.
Dişarı sözü Qərbi Аzərbaycanın Çəmbərəк və Kalinino şivələrində “bayır, çöl” mənasını bildirir.
“Kitabi-Dədə Qorqud” dastanında tışarı, tarşa formasında da işlənmişdir.
V.V. Radlovun lüğətində türk dilində həm tışkarı, həm də dışarı sözünün işləndiyi göstərilir və
müxtəlif fonetik formalarda işlənən dışarı “кənar”, “çöl”, “bayır” mənalarını bildirir.
Eşik sözü Qərbi Аzərbaycanın Ağbaba, Böyük Qarakilsə, Calaloğlu, Çəmbərəк, Kəvər, Vedi,
Zəngibasar şivələrində “həyət, bayır”, “qapı-baca” mənalarını bildirir. Eşik eyni mənada “Kitabi-Dədə
Qorqud”da işlənmişdir.
Eşik Naxçivan, Oğuz, Tovuz, Zaqatala şivələrində “həyət” mənasında işlənir.
V.V. Radlovun lüğətində eşik həm əşik, həm də eşik formasında verilmişdir və “həyat”, “evin kənar
tərəfı” mənasında işləndiyi göstərilir.
Göy sözü Qərbi Аzərbaycanın Çəmbərəк və Kalinino şivələrində “kürəkən” mənasını bildirir.
Göy sözü İraq-türkmən ləhcəsində də “kürəkən” mənasında işlənir. Göy//küəy - “kürəkən”, “yeznə”
mənası bildirən bu söz, demək olar ki, şivələrimizin əksəriyyətində işlənən qohumluq terminidir.
“Kitabi-Dədə Qorqud” dastanında göygü formasında “kürəkən” mənasında işlənilmişdir.
Örkən sözü Qərbi Аzərbaycanın Çəmbərək şivəsində “kəndir”, Dərələyəz şivəsində “ulağın, atın,
qatırın palanını bərkitmək üçün ipdən hazırlanan kəndir” mənasını bildirir. Örkən “Kitabi-Dədə Qorqud”
dastanında orğan fonetik forma-
[səh.67-68]
sında işlənmişdir.
V.V. Radlovda orğan sözünün “qalın kəndir” (Толстая веревка) mənasında işləndiyi göstərilir.
Qərbi Azərbaycanın Çəmbərək şivəsində öymək sözünə rast gəlinir və bu söz “tərifləmək” mənasını
bildirir. Öyməк “Kitabi-Dədə Qorqud” dastanında ögmək formasında “tərifləmək” mənasında işlənmişdir.
Yağı sözünə Qərbi Azərbaycanın Çəmbərək şivəsində rast gəlinir və “düşmən” mənasını bildirir. Yağı
eyni mənada “Kitabi-Dədə Qorqud”da işlənmişdir: Qazanın bəgləri baqdılar, gördilər kim, yağı gəlür.
Yağı Orxon-Yenisey abidələrində həm “düşmən”, həm də “düşmən olmaq” mənalarında işlənmişdir.
Onu da qeyd edək ki, Orxon-Yenisey abidələrində yağı sözünə həm də yağıt//yagıdi fonetik formalarında rast
gəlinir.
Yağı sözünün V.V. Radlovun lüğətində “düşmən”, “müharibə” mənasında işləndiyi göstərilir.
Qərbi Azərbaycanın Çəmbərək, Dərəbyəz şivələrində yazı “çöl”, “düzənlik” mənalarında işlənir. Bu
sözə eyni mənada Ağdam, Cəbrayıl, Qazax, Laçın, Oğuz, Ordubad, Şahbuz, Tərtər, Zəngilan şivələrində rast
gəlinir. Yazı “çöllük” mənasında “Kitabi-Dədə Qorqud” dastanında işlənmişdir.
Orxon-Yenisey abidələrində yazı “çöl”, “səhra” mənasında işlənmişdir.
Yuxarıdakılardan göründüyü kimi, Azərbaycan dilində işlənən dialektlər qədim bir tarixə malikdir.
Azərbaycan dilinin lüğət fondu və lüğət tərkibinə daxil olan qədim sözlər dilimizin zənginliyini göstərir. Bədii
əsərlərdə, yaxud şifahi nitqdə bu sözlərin işlənməsini nəzərə alaraq, Azərbaycan dili və ədəbiyyat müəllimləri
onların izahını verməli, şagirdlərin diqqətini dialekt sözləri ilə ədəbi-bədii sözlərin bir-birindən
fərqləndirilməsinə cəlb etməlidir.
Rəyçi: prof. N. Abdullayev
İstifadə edilmiş ədəbiyyat
1.
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007.
2.
Bayramov İ. Qərbi Azərbaycan şivələrinin leksikası. Bakı: Elm və təhsil, 2011.
3.
Əhmədov B. Azərbaycan dilinin qısa etimoloji lüğəti. Bakı: Mütərcim, 1999.
4.
Kitabi-Dədə Qorqud (tərtib edənlər: F. Zeynalov, S. Əlizadə). Bakı: Yazıçı, 1988.
5.
Mahmud Kaşğari. Divani-lüğət-it- türk (tərcümə edən: R. Əskər), I c., Bakı: Ozan, 2006.
6.
Древнетюркский словарь. Ленинград, 1969.
7.
Радлов В. Опыт словаря тюркский наречий, т. I, ч. 1-2, СПб, 1893.
И. Байрамов
Древние слова в западно-азербайджанских говорах
Резюме
В статье анализируются в сравнительно историческом аспекте древние слова (ağız, aqarı, an, aş, bağır,
boyummaq, bozdamaq, ertə, küz, örən, öynə, sapand, sayrı, sazdıx, tuş, yaxnıkeş, ismarlamaq, döşürmək и др.)
орфография фонетика, дедукция, индукция.
I. Bayramov
Ancient words in the western Azerbaijan dialects
Summary
In the article ancient words used in the Western Azerbaijan dialects (ağız, agan, an, aş, bağır, boyummaq,
bozdamaq, ertə, küz, örən, öynə, sapand, sayrı, sazdıx, tuş, yaxnıkeş, ismarlamaq, döşürmək and so on) are investigated in
the historical - comparative aspect.
Dostları ilə paylaş: |