Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli
mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə
əlaqədar yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1.
Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1 Azərbaycan folkloru nümunələri (bundan sonra - folklor nümunələri) - Azərbaycan
xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının
ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik
xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq
musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada
olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;
1.0.2. folklor nümunələrinin hüquqi qorunması -folklor nümunələrinin hər hansı qeyri-qanuni
istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması;
1.0.3. folklor nümunələrindən qeyri-qanuni istifadə folklor nümunələrindən kommersiya
məqsədi ilə ənənəvi və adi olmayan istifadə hallarında bu Qanunla müəyyən edilən tələblərin
pozulması;
1.0.4. folklor nümunələrinə zərər vuran hərəkətlər - folklor nümunələrindən bu Qanunla
müəyyən edilən istifadə hallarında onun mənbəyinin, həmçinin yarandığı yerin coğrafi adının
və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməməsi;
1.0.5. folklor nümunələrindən ənənəvi istifadə -təbii mahiyyət, məzmun və forma
xüsusiyyətləri saxlanılmaqla folklor nümunələrindən cəmiyyətin uzunmüddətli təcrübəsinə
əsaslanan istifadə;
1.0.6. folklor nümunələrindən adi istifadə - folklor nümunələrindən cəmiyyətin gündəlik
tələbat və ehtiyaclarına uyğun istifadə;
1.0.7. folklor nümunələrindən ənənəvi və adi olmayan istifadə - folklor nümunələrinin təbii
mahiyyət, məzmun və ya məqsəd, təyinat və bədii formasının dəyişdirilməsi ilə istifadə;
1.0.8. folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə - gəlir götürmək məqsədi ilə
folklor nümunələrinin dərc olunması, surətinin çıxarılması, nüsxələrinin yayılması, kütləvi
deklamasiyası və ifası, efirlə və ya kabellə verilməsi, habelə kütləyə çatdırılmaq üçün hər
hansı kütləvi bildiriş formasında istifadə.
Maddə 2.
Qorunan folklor nümunələri
2.1. Bu Qanunda qorunan folklor nümunələri bədii xalq yaradııcılığı, xalq sənətkardığı və
tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı əsərlərdir:
2.1.1. bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər,
əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər,
tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri;
2.1.2. xalq mahnıları və rəqs melodiyaları, xalq-professional musiqisinə aid aşıq havaları,
muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglər və başqa folklor musiqisi nümunələri;
2.1.3. xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr;
2.1.4. duyulan tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən qrafik sənət-şəkillər,
rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil
məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik,
xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənəti işləri, gəbələr, butalar,
geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq,
memarlıq işləri və bu qəbildən olan başqa nümunələr.
2.2. Bu qanunun 2.1-ci maddəsində göstərilən qorunan folklor nümunələrinin yaranması
zamanla və məkanla məhdudlaşmır, yeni yaranan folklor nümunələri də qorunanların sırasına
daxil edilir və onların hüquqi qorunması müddətsizdir.
Maddə 3.
Folklor_nümunələrindən_istifadəyə_tələblər'>Folklor_nümunələrinin_hüquqi_qorunması_haqqında_Azərbaycan__Respublikasının_qanunvericiliyi'>Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
3.1. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər
normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
Maddə 4.
Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub
saxlanılan, bu Qanunun 2-ci maddəsində göstərilən folklor nümunələrinə şamil edilir.
Maddə 5.
Folklor_nümunələrindən_istifadə_zamanı_mənbənin_göstərilməsi'>Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin
əsas istiqamətləri
5.1. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri
aşağıdakılardır:
5.1.1. folklor nümunələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə
çatdırılması;
5.1.2. folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının
yaradılması;
5.1.3. Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində
hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması.
5.2. Folklor nümunələrinin hüquqi qorunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı öz
səlahiyyətləri çərçivəsində:
5.2.1. beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair
təkliflər hazırlayır;
5.2.2. folklor nümunələrinin hüquqi qorunması üzrə beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir;
5.2.3. folklor nümunələrindən istifadəyə bu Qanunla qoyulan tələblərin pozulması hallarında
dövlətin maraqlarını təmsil və müdafiə edir.
II fəsil
Folklor nümunələrİndən İstİfadə qaydaları
Maddə 6.
Folklor nümunələrindən istifadəyə tələblər
6.1. Folklor nümunələrindən Azərbaycan Respublikası ərazisində ənənəvi və adi, o cümlədən
kommersiya məqsədi ilə istifadə formaları sərbəstdir.
6.2. Folklor nümunələrindən kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə zamanı
hər hansı formada dərc olunması, surətinin çıxarılması və nüsxələrin yayılması, hər hansı
kütləvi deklamasiya və ya ifa, efirlə və ya kabellə verilişlər, habelə kütləyə çatdırılma
məqsədi ilə hər hansı digər kütləvi bildiriş formalarında onların təbii mahiyyət və məzmununa
xələl gətirməməklə, məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər.
Maddə 7.
Folklor nümunələrindən istifadəyə istisnalar
7.1. Aşağıdakı məqsədlər üçün folklor nümunələrinin istifadəsi ənənəvi və adi olmayan forma
kimi qəbul edilmir:
7.1.1. folklor nümunələri orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə;
7.1.2. folklor nümunələrindən orijinal müəllif (müəlliflər) əsərində istifadənin
məqsədəmüvafiq həcmdə illüstrasiya formasında istifadə edildikdə.
7.2. Folklor nümunələrinin aşağıdakı təsadüfi istifadə formaları ənənəvi və adi olmayan hesab
edilmir:
7.2.1. fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür
istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari
hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadə edildikdə;
7.2.2. sərbəst giriş üçün daim açıq olan yerlərdə özündə folklor nümunələrini saxlayan
obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya verilişinə daxil edilməklə istifadəsi.
Maddə 8.
Folklor nümunələrindən istifadə zamanı mənbənin göstərilməsi
8.1. Dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında
onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və
(və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.
8.2. Folklor nümunələrindən bu Qanunun 7-ci maddəsində göstərilən hallarda istifadə
edildikdə 8.1-ci maddənin tələbləri tətbiq edilmir.
Maddə 9.
Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları
9.1. Fiziki və hüquqi şəxslər tərəfindən folklor nümunələrindən istifadə edildikdə aşağıdakı
hərəkətlər hüquq pozuntusu hesab edilir:
9.1.1. folklor nümunələrindən istifadə edildikdə təsadüfi və ya bilərəkdən edilməsindən asılı
olmayaraq, bu Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması;
9.1.2. folklor nümunələrindən istifadə edilərkən bilərəkdən və ya ehtiyatsızlıqdan bu Qanunun
8.1-ci maddəsinin tələblərinin pozulması;
9.1.3. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrini bilərəkdən özününkü
kimi qələmə verməklə və ya folklor nümunələrinin yaranma mənbəyinə münasibətdə kütləni
yanlış fikrə istiqamətləndirmək və ya onları faktiki mənbəyi olmayan digər ölkənin
nümunələri kimi təqdim etməklə, folklor nümunələrindən istifadə;
9.1.4. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrinin bilərəkdən təhrif
olunmaqla, ölkənin mədəni maraqlarına zərər vurulmaqla istifadəsi.
9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla
nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər dövlət büdcəsinə
köçürülür və intellektual mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, müəllif
hüququ sahəsində dövlət siyasətinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi
qorunmasına yönəldilir.
III fəsil
Folklor nümunələrİnə əqlİ mülkİyyət hüquqlarının müdafİəsİ
Maddə 10.
Mülki‐hüquqi müdafiə vasitələri
10.1. Müvafiq dövlət orqanları folklor nümunələrindən qanuni istifadə qaydalarını pozan və
ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
10.2. Folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki
hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq
edilə bilər:
10.2.1. pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin
tutulması;
10.2.2. gəlirin tutulması əvəzinə şərti maliyyə vahidinin yüz mislindən əlli min mislinədək
məbləğdə kompensasiya ödənilməsi.
10.3. Cinayət tərkibli pozuntulara qarşı sanksiyalar mülki-hüquqi müdafiə vasitələrinin
tətbiqini istisna etmir.
Maddə 11.
Kontrafakt nüsxələr
Bu Qanunla folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal
olunan və ya yayılan hər hansı folklor obyekti nüsxələri kontrafakt nüsxələr sayılır və
qanunvericilikdə müəyyən olunmuş qaydada müsadirə edilir.
Maddə 12.
Folklor nümunələrindən istifadəyə tələblərin pozulmasına görə
məsuliyyət
74
Folklor nümunələrindən istifadə zamanı bu Qanunda nəzərdə tutulan tələblərin pozulmasında
təqsirli olan şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
IV fəsil
Yekun müddəaları
Maddə 13.
Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması
Xarici dövlətlərin folklor nümunələrinin Azərbaycan Respublikasında, Azərbaycan folklor
nümunələrinin xaricdə hüquqi qorunması Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən tənzimlənir.
Maddə 14.
Digər qorunma formalarına münasibət
Bu Qanun müəllif-hüquq qanunvericiliyi, əqli və sənaye mülkiyyətinin digər növləri üzrə
folklor nümunələrinə tətbiq oluna bilən, həmçinin folklor nümunələrinin qorunub
saxlanılmasına aid digər normativ hüquqi aktlarda və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan qorunma formalarını məhdudlaşdırmır.
Maddə 15.
Təfsir
Bu Qanunla müəyyən edilən hüquqi qorunmanın folklor nümunələrinin yaradılmasına və
onlardan normal istifadəyə mane olan forma kimi şərh edilməsi yolverilməzdir.
Maddə 16.
Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2003-cü il
№ 460-IIQ
Document Outline - I fəsilÜmumİ müddəalar
- Maddə 1. Əsas anlayışlar
- Maddə 2. Qorunan folklor nümunələri
- Maddə 3. Folklor nümunələrinin hüquqi qorunması haqqında AzərbaycanRespublikasının qanunvericiliyi
- Maddə 4. Qanunun tətbiq sahəsi
- Maddə 5. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətininəsas istiqamətləri
- II fəsilFolklor nümunələrİndən İstİfadə qaydaları
- Maddə 6. Folklor nümunələrindən istifadəyə tələblər
- Maddə 7. Folklor nümunələrindən istifadəyə istisnalar
- Maddə 8. Folklor nümunələrindən istifadə zamanı mənbənin göstərilməsi
- Maddə 9. Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları
- III fəsilFolklor nümunələrİnə əqlİ mülkİyyət hüquqlarının müdafİəsİ
- Maddə 10. Mülki‐hüquqi müdafiə vasitələri
- Maddə 11. Kontrafakt nüsxələr
- Maddə 12. Folklor nümunələrindən istifadəyə tələblərin pozulmasına görəməsuliyyət
- IV fəsilYekun müddəaları
- Maddə 13. Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması
- Maddə 14. Digər qorunma formalarına münasibət
- Maddə 15. Təfsir
- Maddə 16. Qanunun qüvvəyə minməsi
Dostları ilə paylaş: |