“Təfəkkür”.-2014.-№ 5.-S.70-77.
Abbasqulu ağa Bakıxanov əsərlərinin
əlyazmaları və kitab kolleksiyası
Paşa Kərimov,
filologiya elmləri doktoru, pasha-kerimov@Iist.ru
Açar sözlər: əlyazma, kitab, arxiv, şer, nəşr.
Ключевые слова: рукопись, книга, архив, стихи, проза.
Key words: manuscript, book, library, poetry, prose.
Azərbaycan xalqinın görkəmli şəxsiyyətlərindən biri, böyük mütəfəkkir, alim, şair Abbasqulu ağa Bakıxanov
özündən sonrakı ədəbiyyat, fikir tariximizə əhəmiyyətli təsir göstərmiş, akademik Feyzulla Qasımzadənin sözləri ilə
desək, “müasir mədəniyyətimizin banilərindən biri” (5, s. 164) olmuşdur. O, bir sıra elm sahələrinə - tarix, fəlsəfə,
astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər, Azərbaycan və fars dillərində şerlər yazmış,
maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda Şərq və Avropa mədəniyyətlərinin birləşməsi, keyfiyyətcə yeni bir
mərhələyə qədəm qoyulması sahəsində Mirzə Fətəli Axundzadənin sələfi olmuşdur. Abbasqulu ağanın zəngin
yaradıcılığını tədqiq edərkən, təbii ki, ilkin mənbə kimi onun əsərlərinin əlyazmalarına müraciət edirik. Bu gün ədibin
əsərlərinin bizə məlum əlyazmalarının əsas hissəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar institutunda
saxlanmaqdadır. Ədibin həyat və fəaliyyətinə dair bir sıra sənədlər Sankt-Peterburq, Tiflis və Kazan arxivlərindədir.
Yazıçının əlyazma irsi barədə qeydlərimiz onun əsərlərinin əlyazmaları, şəxsi kolleksiyasına daxil olan əlyazma
kitabları və şəxsi arxivi haqqında məlumatdan ibarətdir.
A. Bakıxanovun bizə məlum olan ilk irihəcmli bədii əsəri 1820-ci ildə, 26 yaşında
[səh. 70-71]
Qubada
yaşayarkən Azərbaycan dilində yazdığı “Riyazül-qüds”dür. Bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilən, əsasən nəsrlə,
eyni zamanda nəzmlə, məqtəl janrında yazılmış bu əsər Kərbəla vaqiəsindən bəhs edir. Əsərin əsas qaynağı
XVII-XVIII əsrlərdə yaşamış din xadimi Məhəmməd Bağır Məclisinin “Cəlaül-üyun”u olsa da, burada Məhəmməd
Füzulinin “Hədiqətüssüəda”sının da təsirini görmək mümkündür. “Riyazül-qüds”ün elm aləminə məlum olan yeganə
əlyazması M. Füzuli adına Əlyazmalar institutunda D-140 şifri altında saxlanır, h.l258-ci (m.1842) ildə, əsər
yazılandan 22 il sonra ədibin sağlığında köçürülmüşdür. Əsərin katibi Haqverdi bin Məşhədi Ocaqverdi Qarabağidir.
Avropa istehsalı olan kağıza köçürülmüş, 91 vərəq həcmində olan mətn gözəl nəstəliq xətti ilə yazılmışdır.
Klassik ədəbiyyatı mükəmməl bilən Abbasqulu ağa ilk gənclik illərindən ömrü boyu Azərbaycan və fars dillərində
şerlər yazmışdır. Bir müddət onun şerlər külliyyatının əlyazması itmiş sayılırdı. Belə hesab edilirdi ki, əsərin yeganə
əlyazma nüsxəsini F. Bodenştedt özü ilə Almaniyaya aparmışdır. Akademik F. Qasımzadə yazırdı: “F. Bodenştedt
1844-cü ildə Tiflisdən Almaniyaya qayıdarkən Mirzə Şəfinin və A. Bakıxanovun şerlərini özü ilə aparır, orada bun-
ları alman dilinə çevirərək, nümunə üçün bir neçəsini “Şərqdə min bir gün” əsərində nəşr etdirir” (5, s. 136). Görkəmli
ədəbiyyatşünas Firidun bəy Köçərlinin özünün “Azərbaycan ədəbiyyatı” əsərində adını çəkdiyi Bakıxanovun farsca
“Miratül-cəmal” adlı şerlər toplusu (4, s. 293) barədə bir müddət heç bir məlumat olmamışdır. Şairin şerlər külliyyatını
AMEA M. Füzuli adına Əlyazmalar institutunda aşkar edən, sonra da buradakı farsdilli şerləri dilimizə çevirən
görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanova görə, tapılan şerlər toplusu elə “Miratül-cəmal”dır. О yazır:
“Əsərin adından da məlum olur ki, bu şeirlər məhz “Surətin güzgüsü” olmalıdır. Bakıxanovun əlyazma külliyyatında
isə bir-birinin ardınca yazılmış belə avtobioqrafik surətlər vardır. Buna görə də biz həmin əsərləri birlikdə
“Miratül-cəmal” adlandırır, şairin öz surətinin güzgüsü hesab edirik” (7,s.l2). A. Bakıxanovun Əlyazmalar institutunda
tapılmış şeirlər külliyatına fars dilində yazılmış əsərlər: “Mişkatül-ənvar” adlı didaktik məsnəvisi, “Miratül-cəmal” adı
altında birləşmiş müxtəlif mənzumələr və şerlər daxildir. Əgər “Mişkatül-ənvar” (“Nurlar mənbəyi”) Nizami
Gəncəvinin “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) məsnəvisinə yazılmış nəzirədirsə, “Miratül-cəmal”a “Ərzi-əhval”,
“Xəyalın uçuşu”, “Firəng məclisi” kimi kiçik poemalar, mənzum hekayələr, müxtəlif janrlarda yazılmış lirik şerlər
daxil edilmişdir. “Mişkatül-ənvar” məsnəvisinin 1829-cu ildə yazılması barədə məlumatımız vardır (2, s. 113).
Qüdsinin demək olar ki, bütün farsdilli poetik əsərlərinin toplandığı bu avtoqraf külliyyat Əlyazmalar institutunda
M-120 şifri altında qorunur. Nəstəliq xətti ilə köçürülmüş, 91 vərəqdən ibarət əlyazmanın sərlövhələri qırmızı, əsas
mətni isə qara mürəkkəblə yazılmışdır. Hər səhifə iki sütun və 16 beytdən ibarətdir. Kitabın üzərindəki qeydlərdən
görünür ki, о əldən-ələ keçmişdir. Əlyazmanın son ağ vərəqində hicri 1262-ci (m.1845) il tarixi göstərilmişdir. Kitabı
Quba şəhərindən əldə edərək Əlyazmalar İnstitutuna təqdim etmiş Əşrəf Qarabaği 1948-1950-ci illərdə Azərbaycanın
müxtəlif yerlərindən əlyaz-
[səh. 71-72]
maların toplanması ilə məşğul olmuşdur.
A. Bakıxanovun poetik irsindən danışarkən onun ana dilində yazdığı müxtəlif mənbələrdən götürülmüş
“Göstərir”, “Gəlsin, gəlmədi”, “Olur”, “Əbəs”, “Olubdur” rədifli“ Gün üzdə ay tüluimi, ya gün kəmanıdır” misrası ilə
başlanan qəzəllərini, “Arasında” rədifli mənzum məktubunu, “Bismillah”, “Özgələr”, “Dönübdür” rədifli
müxəmməslərini, “Təbriz əhlinə xitab” şerini, İ. Krılovdan etdiyi “Eşşək və bülbül” təmsilinin tərcüməsini xüsusilə
qeyd etmək istərdik. Şairin müasirlərinin, ondan sonra gələn sənətkarların yaradıcılığına müəyyən təsir etmiş bu əsərlər
vaxtı ilə bəzi tədqiqatçılar tərəfindən toplanaraq mətbu orqanlarda çap edilmişdir. F. Köçərli “Azərbaycan ədəbiyyatı”
kitabına onun “Bismillah”, “Gəlsin, gəlmədi”, “Olur”, “Arasında” rədifli şerlərini, “Təbriz əhlinə xitab”ını, İ. Krılovun
“Eşşək və bülbül” təmsilinin tərcüməsini salmışdır. Şairin azərbaycanca şerlərindən biri “Zakavkazski vestnik”
qəzetinin 1847-ci il 3-cü nömrəsində “Tatarskaya pesnya” adı ilə çap edilib. Əsəri polyak şairi Lada Zablotski polyak
dilinə, Y.P. Polonski isə polyak dilindən ruscaya çevirmişdir. Ədibin “Bismillah” rədifli müxəmməsi 1861-ci ildə
Mirzə Əbülhəsən Vəzirov Zuinin dərsliyində, ikinci dəfə isə “Füyuzat” məcmuəsində çap edilmişdir (5,s.l48).
Abbasqulu ağa yaradıcılığının erkən dövrünün məhsulu - iki gəncin məhəbbətindən bəhs edən “Kitabi-Əsgəriyyə”
adlı Azərbaycan dilində yazılmış nəsr əsəri 1861-ci ildə Mirzə Əbülhəsən Vəzirov tərəfindən Peterburqda nəşr edilib.
Əsərin əlyazması Rusiya Elmlər Akademiyası Sankt-Peterburq filialı kitabxanasında saxlanılır. Mikrofilmi AMEA
Əlyazmalar institutunda vardır.
XIX əsrin 20-ci illərinin sonlarından Abbasqulu ağa filoloji, elmi fəaliyyətlə də məşğul olmuşdur. O,
Rusiya-Türkiyə müharibəsi zamanı 1829-cu ildə rus əsgərlərinin Axalsix, Ərzurum və Bəyaziddə müsadirə etdiyi
əlyazmaların siyahısını tərtib edir (əsli M.E. Saltıkov-Şedrin adına kitabxanadadır), “Dərbəndnamə” əlyazmasını türk
və fars dillərindən rus dilinə tərcümə edir, 1838-ci ildə Tiflis müctəhidinin xahişi ilə abunəçisi olduğu
“Ensiklopediçeskiy leksikon” məcmuəsində çıxmış vəhhabilərə dair məqaləni fars dilinə çevirir. Həmin tərcümə
B-2482 şifri altında Əlyazmalar institutunda saxlanmaqdadır.
Məlumdur ki, Abbasqulu ağanın 1829-cu ildə yazdığı və Rusiyada ilk fars dili qrammatikası olan “Qanuni-Qüdsi”
hökumət mükafatına layiq görülmüşdür. Əsərin fars dilində orijinalı “Qanuni-Qüdsi” 1831-ci ildə, “Kratkaya
qrammatika persidskoqo yazıka” adlı rus dilinə tərcüməsi isə 1841-ci ildə dərc edilib. “Qanuni-Qüdsi”nin nüsxələri -
M-47, B-562 şifrli əlyazmalar, IX-427 nömrəli çap kitabı Əlyazmalar İnstitutundadır. B-562 şifrli əlyazma 90
səhifədən ibarətdir, h,1257-ci (m.1841) ildə köçürülüb. M-47 şifrli nəfis nüsxə Məhəmməd Qarabaği adlı katib
tərəfindən h.1243-ci (1828) ildə Ərzurumda orijinaldan köçürülüb. IX-427-ci nömrə altında saxlanan çap kitabı isə
h.l257-ci (m.1841) ildə Tiflisdə nəşr edilib.
Görkəmli ədibin 1830-cu ildə fars dilində yazdığı 2 fəsildən ibarət “Kəşfül-qəraib” əsəri Amerikanın Xristofor
Kolumla (1446-1506) tərəfindən kəşf olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin təsvirindən
bəhs edir. Əlyazması Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq filialı kitabxanasında V-8031 (609
[səh. 72-73]
d) şifri altında saxlanır.
Ədibin 1832-ci ildə fars dilində yazdığı “Təhzibül-əxlaq” (“Əxlaqın düzəldilməsi”) əsəri uşaqların və gənclərin
tərbiyəsinə həsr edilmişdir, pedaqogika və psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə edir. Əsərin iki əlyazma
nüsxəsi A-153 (v. 56b-97b) və S-195-ci şifrlər altında Əlyazmalar institutunda saxlanılır. Onun pedaqogikaya həsr
etdiyi ikinci əsəri “Kitabi-nəsihət” və ya “Nəsihətnamə” kiçik müqəddimə və 103 ibrətamiz nəsihətdən ibarətdir.
Əsərin əlyazma nüsxələri M-124, A-777, A-58, D-395, B-2462, D-367, M-129, S-283 şifrləri altında Əlyazmalar
institutunda saxlanılır. Bu nüsxələrdən M-124 şifrli ən nəfisini h,1325-ci (m. 1907) ildə Seyid Rza ibn Mir Hüseyn
Qubalı adlı katib əsas nüsxədən köçürüb. A-777 şifrli əlyazmada eyni zamanda müəllifin rübailəri köçürülmüşdür.
1835-ci ildə Abbasqulu ağa formal məntiqə həsr etdiyi “Eynol-mizan” (“Tərəzinin gözü”) əsərini ərəb dilində
yazmış, onun əsas nüsxəsini 1840-cı ildə Kazan Universitetinə, A.K. Mirzə Kazım bəyə bağışlamışdır. 1971-ci ildə Ə.
Əhmədov və Z. Məmmədov həmin nüsxəni aşkar edərək Azərbaycan dilinə çevirmişlər.
A. Bakıxanov XIX əsrin 30-cu illərinin sonlarında, böyük polyak astronomu N. Kopemikin ölümünün 300 illiyinə
hazırlıq gedən bir vaxtda kosmoqrafiya məsələləri ilə məşğul olmağa başlamışdı. 1839-cu ildə o, fars dilində
astronomiyaya dair “Əsrarül-məbkut” (“Kainatın sirləri”) risaləsini yazmış, sonra əsərini ərəb dilinə tərcümə etmişdir.
Müəllifin qeydinə görə bu, natamam qalmış “Ümumi coğrafiya” əsərinin “riyazi hissə”si kimi nəzərdə tutulmuşdu.
“Əsrarül-məbkut”un B-3860 (v. 57 a-65 b) və B-4498 (v. 43b-48a) şifrli iki əlyazma nüsxəsi Əlyazmalar institutunda
saxlanır. Ədib Türkiyə yolu ilə Həcc səfərinə gedərkən 1846-cı ildə İstanbulda “Əsrarül-məbkut”un bir nüsxəsini
Osmanlı imperatoru Sultan Əbdülməcidə təqdim etmişdir. Əsər sultanın tapşırığı ilə türk alimi Həyatizadə Seyid Şərif
tərəfindən türk dilinə tərcümə və şərh edilərək “Əfkarül-cəbərut fi əsrarül-məbkut” adı ilə 1848-ci ildə İstanbulda nəşr
edilib. Bakıxanov Həcc səfəri zamanı vəfat etdiyinə görə, kitabı görməmişdir. Həmin kitabın bir nüsxəsi XII-19-cu
nömrə altında Əlyazmalar institutunda saxlanır.
Abbasqulu ağa Bakıxanov əsli Tiflis, Sankt-Peterburq arxivlərində, kitabxanalarında saxlanan Qafqazın siyasi və
iqtisadi tarixinə dair araşdırmaların, qeydlərin müəllifidir. Onun 1843-cü ildə fars dilində yazdığı Azərbaycanın və
Dağıstanın tarixinə dair “Gülüstani-İrəm” əsəri çoxillik tədqiqatların nəticəsidir. Akademik Ziya Bünyadovun
“Azərbaycan tarixşünaslığında orta əsrlərin son xronisti və yeni dövrün ilk tarixşünası-, tarixçisi” (3, s. 4) adlandırdığı
Abbasqulu ağa bu kitabında Şərq tarixşünaslığı ənənələri ilə Avropa elminin nailiyyətlərini birləşdirmişdir. A.
Bakıxanov faktiki olaraq xalqımıza vətən tarixini bəxş edən ilk alim olmuşdur.
Əlyazmalar institutunda əsərin 8 əlyazma, bir neçə çap nüsxəsi vardır. “Gülüstani-İrəm” əsəri 1902-ci ildə Seyid
Əzim Şirvaninin oğlu Mir Cəfər tərəfindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanmışdır. 138 vərəqdən
ibarət əlyazması Əlyazmalar institutunda M-193-cü şifr altında saxlanır. Sonda mündəricat vardır. Əl- yazma Bəkir
Çobanzadənin kitabxanasında olmuşdur.
[səh. 73-74]
Yüksək elmi dəyəri nəzərə alınaraq “Gülüstani-İrəm”in elmi-tənqidi mətni tərtib edilərək 1970-ci ildə “Elm”
nəşriyyatında nəşr edilmişdir (1). Akademik Ə.Ə. Əlizadə, F. Babayev, Ə. Ələsgərzadə, M. Sultanov və M. Azərli bu
mətni AMEA Əlyazmalar institutunda saxlanan 5 əlyazma əsasında tərtib etmişlər. Bunlardan M-49 şifri altında
saxlanan birincisi 1844-cü ildə Əbdürrəhim ibn Molla İmaməli Badkubeyi tərəfindən nəstəliq-şikəstə xətti ilə, başlıqlar
isə nəsx xətti ilə köçürülmüşdür. Nüsxənin son səhifələrində mətnə aid olmayan şeir parçaları və dərman nüsxələri
vardır.
B-2268 şifri altında saxlanan, aydın nəstəliq və bəzən şikəstə qarışıqlı bir xətlə köçürülmüş ikinci əlyazma naqis
olduğunda kim tərəfindən nə zaman yazıldığı məlum deyil. Başlıqlar və ərəb dilində olan bəzi ifadələr nəsx xətti ilə
yazılıbdır. Hər səhifədə 16 sətir yerləşir. A. Bakıxanov nüsxəni yoxlamış və haşiyələrdə öz xətti ilə düzəlişlər
aparmışdır. Mətndə bəzən başqa xətlə düzəlişlərə də təsadüf olunur.
B-2236 şifri altında saxlanan üçüncü nüsxə 1844-cü ildə Kərim Vardani əş-Şəkəvi tərəfindən Tiflis şəhərində
Şeyxülislam Osman əfəndi Qazağinin hüzurunda nəstəliq xətti ilə köçürülmüşdür. Bəzən haşiyələrdə başqa xətlə
düzəlişlərə və əlavələrə rast gəlinir.
B-2002 şifrli dördüncü əlyazma 1850-ci ildə naməlum katib tərəfindən nəstəliq və bəzən şikəstə ilə qanşıq xətlə
yazılıb. Əsəri oxuyan tədqiqatçı buradakı coğrafi, tayfa, qəbilə adlarmı haşiyələrə köçürmüşdür. Tədqiqatçının
akademik V.V. Bartold olduğu ehtimal edilir.
B-19 şifrli beşinci əlyazma 1866-cı ildə Quba şəhərində naməlum şəxs tərəfindən aydın nəstəliq və bəzən şikəstə
ilə qarışıq xətlə köçürülüb, başlıqları bəzən nəsx xətti ilə yazılmışdır.
Molum olduğu kimi, A. Bakıxanov bu kitabını 1844-cü ildə özü kimi Gürcüstan canişinliyi dəftərxanasında
tərcüməçi işləyən Vasili Kuzminin köməyi ilə rus dilinə çevirmişdir. İlkin variantda “Qafqazın Şərq hissəsinin tarixi”
adlanan tərcümənin ərsəyə gəlməsində Polşadan Qafqaza sür- gün edilmiş yazıçı Tadeuş Lada Zablotskinin də xidməti
olmuşdur. Bu nüsxə hazırda Gürcüstan E A Əlyazmalar institutunda (fond ROS, №370) saxlanır. Akademik Ziya
Bünyadov “Gülüstani-İrəm”in rus dilinə tərcüməsini Gürcüstan E A Əlyazmalar İnstitutu nüsxəsi əsasında şərhlər,
qeyd və göstəricilərlə “Elm” nəşriyyatında nəşr etdirmişdir. Əlyazma 340 səhifədən ibarətdir. Alim bu tərcümə barədə
yazır: “O, klassik rus dilinə riayət etməklə bərabər tərcüməsinə Şərq koloritini də əlavə etmişdi: Fikrimcə, əvvəlki
redaktələrdə Bakıxanov üslubunun özünəməxsusluğu itirilmişdir. Buna görə də mən ilkin müəllif mətnini bərpa edərək
oxuculara təqdim etmək qərarına gəldim” (3, s. 7).
A. Bakıxanovun epistolyar irsindən ibarət M-308 şifri altında Əlyazmalar institutunda mühafizə edilən “İnşa” adlı
avtoqraf əlyazma böyük maraq doğurur. Bunlar əsasən onun həyat yoldaşı Səkinə xanıma və müxtəlif şəxslərə yazdığı
məktublardır. Bu məktubların çoxu “cani-şirinü əzizi-mehriban” sözləri ilə başlanır. Əlyazmada bəzi ərizə, şer, rübai
və fərdlər də vardır. Məktublar “Abbasqulu”, “Qəribi-məhcur Abbasqulu”, “Abbasqulu Bakıxanov” kimi imzalanıb.
Üzərindəki qeydlərdən görünür ki, əlyazma bir neçə şəxsin ixtiyarında olmuşdur.
A. Bakıxanov mahir bir əlyazma, eyni zamanda, əntiq əşyalar bilicisi idi. O,
[səh. 74-75]
us-İran müharibəsi
zamanı Ərdəbildə rus qoşunlarının əlinə keçən zəngin Şərq kitabxanasını ilk nəzərdən keçirənlərdən olmuşdur: “Qraf
Raskeviç о zaman bu işi Qriboyevdovla A. Bakıxanova tapşırmışdır”. Çox qiymətli olan Ərdəbil kitabxanası rus
qoşunlarının mühafizəsi altında Tiflisə daşındıqdan sonra A. Bakıxanov oradakı əlyazmaların üzərində işləyərkən Şərq
müəllifləri tərəfindən yazılmış əsərlərin kataloqunu tərtib etmişdir (5, s. 132).
A. Bakıxanovun zəngin əlyazma kitabları kolleksiyasına sahib olduğu, sonradan bu kolleksiyanın dağıdıldığı
barədə məlumatımız vardır. Kitablarının bir hissəsini onun özü vaxtı ilə müxtəlif şəxslərə, о cümlədən
Sankt-Peterburqa, rus tədqiqatçı dostlarına göndərmişdir. Onlardan bəziləri hazırda Sankt-Peterburqda Saltıkov-Şedrin
adına kitabxanada saxlanır. Tədqiqatçı Ənvər Əhmədov Rusiya Dövlət Arxivinin Sankt-Peterburq bölməsindən tapdığı
sənəd əsasında müəyyən etmişdir ki, ədibin həyat yoldaşı Səkinə xanım ərinin ölümündən sonra onun iyirmi yeddi
əlyazmasını Rusiya Elmlər Akademiyasının İmperator kitabxanasına bağışlamış və buna görə brilyant sırğa ilə
mükafatlandırılmışdır (6, s. 60). A. Bakıxanov kolleksiyasına daxil olan əlyazmaların bir hissəsi Həsən Əlqədari və
Novruz Ağayevin şəxsi kitabxanasına düşmüş, sonradan Əlyazmalar İnstitutuna daxil olmuşdur. Bu kitabların müxtəlif
yerlərində yazıçının ərəbcə belə qeydlərini görmək olar: “Kitab ürək açan nemətdir, Allahın köməyi ilə istəyən şəxsə
verirəm”. “İndi mənim üçündür, sonra başqalarının olacaq”. Və yaxud Azərbaycan dilində belə bir beytə rast gəlirik:
Kəsbi-mal etmə, bəradər, eylə gəl kəsbi-kamal.
Elmdir baqi olan vəl mali-təcəddüdə zəval.
Abbasqulu ağaya məxsus olmuş kitablardan hazırda Əlyazmalar institutunda saxlanan böyük özbək şairi Əlişir
Nəvainin (1441-1521) vəfatından 36 il sonra köçürülmüş “Lisanüt-teyr”i, 1694-cü ildə köçürülmüş divanı, 1834-cü
ildə köçürülmüş “Dərbəndnamə”, Vaiz Kaşifinin (7-1504) “Əsrari-Qasimi”, Əbdürrəhman Caminin (1414-1492)
“Sühbətül Əbrar”, Əbu Cəfər Təbərinin (839-923) XVIII əsrin əvvəllərində köçürülmüş. “Tarixi-Təbəri”, Dövlət- şah
Səmərqəndinin (839-923) XVIII əsrdə köçürülmüş, “Təzkirətüş-şüəra”, XVII əsr alimi Məhəmməd Möminin 1713-cü
ildə köçürülmüş “Töhfətül-Möminin”, Mirzə Mehdi xan Astrabadinin 1775-ci ildə köçürülmüş “Tarixi-Nadir”, Hafiz
divanına türkcə yazılmış, XVII əsrdə köçürülmüş şərh və s. əsərlərin adım çəkmək olar. Mirzə Mehdi xan
Astrabadinin “Tarixi-Nadir” kitabının sonunda ədibin qızı Tuğra xanımın belə bir qeydi vardır:
Tuğra xanımam, mən bu cahan içrə əzizəm,
Abbasqulu ağa qızı, Zəhrayə kənizəm.
Bu əlyazma kitabları orta əsrlər tariximizi, ədəbiyyat, elm və mədəniyyət tariximizi öyrənməkdə dəyərli bir mənbə
kimi istifadə edilmiş və indi də istifadə edilməkdədir.
A. Bakıxanovun M.F. Axundzadə, Y.V. Çəmənzəminli, M.S. Ordubadi arxivi ilə müqayisədə о qədər də zəngin
olmayan şəxsi arxivi də Əlyazmalar institutunda saxlanılır. Burada onun hərbi fəaliyyəti ilə əlaqədar sənədlərinin,
1829-cu ildə çara yazdığı ərizənin surəti, “Qanuni-Qüdsi” əsərinin çar tərəfindən təltif edilməsinə dair yazılar, rusca və
fransızca müxtəlif arxiv sənədlərinin makina yazısı ilə surətləri, hərbi xid-
[səh. 75-76]
mətdə olduğu vaxt tutduğu
vəzifələrinin göstəricisi, Yenikolopovun Bakıxanov barədə qeydləri və s. kimi materiallar vardır.
Abbasqulu ağa Bakıxanovun zəngin əlyazma irsi-istər özünün əsərləri, istərsə də ona məxsus kitablar ən müxtəlif
istiqamətdə tədqiqatlar üçün geniş material verir. Əminik ki, bu əsərlər bundan sonra da yeni-yeni araşdırmaların
obyektinə çevriləcəkdir.
Ədəbiyyat:
1.
Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı, “Elm” nəşriyyatı, 1970.
2.
Ахмедов Э.М. Выдающийся азербайджанский мыслицель. // А.-К. Бакиханов. Сочинения. Записки. Письма.
Баку, Издательство “Елм”, 1983.
3.
Бунятов З.М. От редактора. // Аббас Кули-Ага Бакиханов. Гюлистани-Ирем. Баку, Издательство “Елм”, 1991.
4.
Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. Birinci cild. Bakı, “Elm” nəşriyyatı, 1973.
5.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Maarif’ nəşriyyatı, 1974.
6.
Nurəliyeva Tahirə. Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti. Bakı, “Şərq-Qərb”
nəşriyyatı, 1998.
7.
Sultanov Məmmədağa. Abbasqulu ağa Bakıxanov Qüdsinin əsərləri haqqında. Abbasqulu ağa Bakıxanov. Bədii
əsərləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1973.
[səh. 76-77]
Паша Керимов
О рукописях и книжной коллекции Аббасгулу ага Бакиханова
Резюме
Основная часть рукописей произведений выдающегося азербайджанского писателя и ученого А. Бакиханова хранится
в Институте Рукописей имени Мухаммеда Физули НАН Азербайджана. Сюда входят все основные произведения, письма
писателя. В Институте Рукописей хранятся еще и часть книг, входящих в коллекцию А. Бакиханова, ряд материалов из его
личного архива. Некоторые произведения и документы, относящиеся к писателю хранятся в библиотеках и архивах
Санкт-Петербурга, Тбилиси и Казани.
Pasha Karimov
About manuscripts and book collection of Abbasgulu Agha Bakihanov
Summary
The main part of the manuscripts of works of prominent Azerbaijani writer and scholar A. Bakikhanov is stored in the Institute
of Manuscripts named after Mahammad Fizuli of National Academy of Sciences of Azerbaijan. It includes all major works and
letters of the writer. At the Institute of Manuscripts there are kept some of the books in the collection of Bakihanov, a number of
materials from his personal archive. Some works and documents related to the writer are stored in libraries and archives of St.
Petersburg, Tbilisi, and Kazan.
[səh. 77
]
Məqalə redaksiyaya daxil olmuşdur: 08.09.2014
Təkrar işlənməyə göndərilmişdir: 26.09.2014
Çap üçün qəbul olunmuşdur: 30.09.2014
Dostları ilə paylaş: |