Abbasqulu ağa Bakıxanov əsərlərinin əlyazmaları və kitab kolleksiyası Paşa Kərimov



Yüklə 195,32 Kb.
Pdf görüntüsü
tarix14.07.2018
ölçüsü195,32 Kb.
#55626
növüКнига


“Təfəkkür”.-2014.-№ 5.-S.70-77.

Abbasqulu ağa Bakıxanov əsərlərinin

əlyazmaları və kitab kolleksiyası

Paşa Kərimov,

filologiya elmləri doktoru, pasha-kerimov@Iist.ru



Açar sözlər: əlyazma, kitab, arxiv, şer, nəşr.

Ключевые слова: рукопись, книга, архив, стихи, проза.

Key words: manuscript, book, library, poetry, prose.

Azərbaycan  xalqinın  görkəmli  şəxsiyyətlərindən  biri,  böyük  mütəfəkkir,  alim,  şair  Abbasqulu  ağa  Bakıxanov

özündən  sonrakı ədəbiyyat,  fikir  tariximizə  əhəmiyyətli  təsir  göstərmiş,  akademik  Feyzulla  Qasımzadənin  sözləri  ilə

desək,  “müasir  mədəniyyətimizin  banilərindən  biri”  (5,  s.  164)  olmuşdur.  O,  bir  sıra  elm  sahələrinə  -  tarix,  fəlsəfə,

astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər, Azərbaycan və fars dillərində şerlər yazmış,

maarifçiliyin  inkişaf  etdirilməsi,  Azərbaycanda  Şərq  və  Avropa  mədəniyyətlərinin  birləşməsi,  keyfiyyətcə  yeni  bir

mərhələyə  qədəm  qoyulması  sahəsində  Mirzə  Fətəli  Axundzadənin  sələfi  olmuşdur.  Abbasqulu  ağanın  zəngin

yaradıcılığını tədqiq edərkən, təbii ki, ilkin mənbə kimi onun əsərlərinin əlyazmalarına müraciət edirik. Bu gün ədibin

əsərlərinin  bizə  məlum  əlyazmalarının  əsas  hissəsi  AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  institutunda

saxlanmaqdadır.  Ədibin  həyat  və  fəaliyyətinə  dair  bir  sıra  sənədlər  Sankt-Peterburq,  Tiflis  və  Kazan  arxivlərindədir.

Yazıçının  əlyazma  irsi  barədə  qeydlərimiz  onun  əsərlərinin  əlyazmaları,  şəxsi  kolleksiyasına  daxil  olan  əlyazma

kitabları və şəxsi arxivi haqqında məlumatdan ibarətdir.

A.  Bakıxanovun  bizə  məlum  olan  ilk  irihəcmli  bədii  əsəri  1820-ci  ildə,  26  yaşında  

[səh.  70-71]

 Qubada

yaşayarkən Azərbaycan dilində yazdığı “Riyazül-qüds”dür. Bədii sənətkarlıq  xüsusiyyətləri ilə seçilən, əsasən nəsrlə,



eyni  zamanda  nəzmlə,  məqtəl  janrında  yazılmış  bu  əsər  Kərbəla  vaqiəsindən  bəhs  edir.  Əsərin  əsas  qaynağı

XVII-XVIII  əsrlərdə  yaşamış  din  xadimi  Məhəmməd  Bağır  Məclisinin  “Cəlaül-üyun”u  olsa  da,  burada  Məhəmməd

Füzulinin “Hədiqətüssüəda”sının da  təsirini  görmək mümkündür. “Riyazül-qüds”ün  elm  aləminə  məlum  olan  yeganə

əlyazması  M.  Füzuli  adına  Əlyazmalar  institutunda  D-140  şifri  altında  saxlanır,  h.l258-ci  (m.1842)  ildə,  əsər

yazılandan 22 il sonra ədibin sağlığında köçürülmüşdür. Əsərin katibi Haqverdi bin Məşhədi Ocaqverdi Qarabağidir.

Avropa istehsalı olan kağıza köçürülmüş, 91 vərəq həcmində olan mətn gözəl nəstəliq xətti ilə yazılmışdır.

Klassik ədəbiyyatı mükəmməl bilən Abbasqulu ağa ilk gənclik illərindən ömrü boyu Azərbaycan və fars dillərində

şerlər yazmışdır. Bir müddət  onun şerlər külliyyatının əlyazması itmiş  sayılırdı.  Belə hesab edilirdi ki, əsərin yeganə

əlyazma  nüsxəsini  F.  Bodenştedt  özü  ilə  Almaniyaya  aparmışdır.  Akademik  F.  Qasımzadə  yazırdı:  “F.  Bodenştedt

1844-cü  ildə  Tiflisdən  Almaniyaya  qayıdarkən  Mirzə  Şəfinin  və  A.  Bakıxanovun şerlərini  özü  ilə  aparır, orada  bun-

ları alman dilinə çevirərək, nümunə üçün bir neçəsini “Şərqdə min bir gün” əsərində nəşr etdirir” (5, s. 136). Görkəmli

ədəbiyyatşünas  Firidun  bəy  Köçərlinin  özünün  “Azərbaycan  ədəbiyyatı”  əsərində  adını çəkdiyi  Bakıxanovun  farsca

“Miratül-cəmal” adlı şerlər toplusu (4, s. 293) barədə bir müddət heç bir məlumat olmamışdır. Şairin şerlər külliyyatını

AMEA  M.  Füzuli  adına  Əlyazmalar  institutunda  aşkar  edən,  sonra  da  buradakı  farsdilli  şerləri  dilimizə  çevirən

görkəmli  əlyazmaşünas  alim  Məmmədağa  Sultanova  görə,  tapılan  şerlər  toplusu  elə  “Miratül-cəmal”dır.  О  yazır:

“Əsərin adından da məlum olur ki, bu şeirlər məhz “Surətin güzgüsü” olmalıdır.  Bakıxanovun əlyazma külliyyatında

isə  bir-birinin  ardınca  yazılmış  belə  avtobioqrafik  surətlər  vardır.  Buna  görə  də  biz  həmin  əsərləri  birlikdə

“Miratül-cəmal” adlandırır, şairin öz surətinin güzgüsü hesab edirik” (7,s.l2). A. Bakıxanovun Əlyazmalar institutunda

tapılmış şeirlər külliyatına fars dilində yazılmış əsərlər: “Mişkatül-ənvar” adlı didaktik məsnəvisi, “Miratül-cəmal” adı

altında  birləşmiş  müxtəlif  mənzumələr  və  şerlər  daxildir.  Əgər  “Mişkatül-ənvar”  (“Nurlar  mənbəyi”)  Nizami

Gəncəvinin  “Məxzənül-əsrar”  (“Sirlər  xəzinəsi”)  məsnəvisinə  yazılmış  nəzirədirsə,  “Miratül-cəmal”a  “Ərzi-əhval”,

“Xəyalın  uçuşu”,  “Firəng  məclisi”  kimi  kiçik  poemalar,  mənzum  hekayələr,  müxtəlif  janrlarda  yazılmış  lirik  şerlər

daxil  edilmişdir.  “Mişkatül-ənvar”  məsnəvisinin  1829-cu  ildə  yazılması  barədə  məlumatımız  vardır  (2,  s.  113).

Qüdsinin  demək  olar  ki,  bütün  farsdilli  poetik  əsərlərinin  toplandığı  bu  avtoqraf  külliyyat  Əlyazmalar  institutunda

M-120  şifri  altında  qorunur.  Nəstəliq  xətti  ilə  köçürülmüş, 91  vərəqdən  ibarət  əlyazmanın  sərlövhələri  qırmızı,  əsas

mətni  isə  qara  mürəkkəblə  yazılmışdır.  Hər  səhifə  iki  sütun  və  16  beytdən  ibarətdir.  Kitabın  üzərindəki  qeydlərdən

görünür ki, о əldən-ələ keçmişdir. Əlyazmanın son ağ vərəqində hicri 1262-ci (m.1845) il tarixi göstərilmişdir. Kitabı

Quba şəhərindən əldə edərək Əlyazmalar İnstitutuna təqdim etmiş  Əşrəf Qarabaği 1948-1950-ci illərdə Azərbaycanın




müxtəlif yerlərindən əlyaz- 

[səh. 71-72] 

maların toplanması ilə məşğul olmuşdur.

A.  Bakıxanovun  poetik  irsindən  danışarkən  onun  ana  dilində  yazdığı  müxtəlif  mənbələrdən  götürülmüş

“Göstərir”, “Gəlsin, gəlmədi”, “Olur”, “Əbəs”, “Olubdur” rədifli“ Gün üzdə ay tüluimi, ya gün kəmanıdır” misrası ilə

başlanan  qəzəllərini,  “Arasında”  rədifli  mənzum  məktubunu,  “Bismillah”,  “Özgələr”,  “Dönübdür”  rədifli

müxəmməslərini,  “Təbriz  əhlinə  xitab”  şerini,  İ.  Krılovdan  etdiyi  “Eşşək  və  bülbül”  təmsilinin  tərcüməsini  xüsusilə

qeyd etmək istərdik. Şairin müasirlərinin, ondan sonra gələn sənətkarların yaradıcılığına müəyyən təsir etmiş bu əsərlər

vaxtı ilə bəzi tədqiqatçılar tərəfindən toplanaraq mətbu orqanlarda çap edilmişdir. F. Köçərli “Azərbaycan ədəbiyyatı”

kitabına onun “Bismillah”, “Gəlsin, gəlmədi”, “Olur”, “Arasında” rədifli şerlərini, “Təbriz əhlinə xitab”ını, İ. Krılovun

“Eşşək  və  bülbül”  təmsilinin  tərcüməsini  salmışdır.  Şairin  azərbaycanca  şerlərindən  biri  “Zakavkazski  vestnik”

qəzetinin 1847-ci il 3-cü nömrəsində “Tatarskaya pesnya” adı ilə çap edilib. Əsəri polyak şairi Lada Zablotski polyak

dilinə,  Y.P.  Polonski  isə  polyak  dilindən  ruscaya  çevirmişdir.  Ədibin  “Bismillah”  rədifli  müxəmməsi  1861-ci  ildə

Mirzə Əbülhəsən Vəzirov Zuinin dərsliyində, ikinci dəfə isə “Füyuzat” məcmuəsində çap edilmişdir (5,s.l48).

Abbasqulu ağa yaradıcılığının erkən dövrünün məhsulu - iki gəncin məhəbbətindən bəhs edən “Kitabi-Əsgəriyyə”

adlı Azərbaycan dilində yazılmış nəsr əsəri 1861-ci ildə Mirzə Əbülhəsən Vəzirov tərəfindən Peterburqda nəşr edilib.

Əsərin  əlyazması  Rusiya  Elmlər  Akademiyası  Sankt-Peterburq  filialı  kitabxanasında  saxlanılır.  Mikrofilmi  AMEA

Əlyazmalar institutunda vardır.

XIX  əsrin  20-ci  illərinin  sonlarından  Abbasqulu  ağa  filoloji,  elmi  fəaliyyətlə  də  məşğul  olmuşdur.  O,

Rusiya-Türkiyə  müharibəsi  zamanı  1829-cu  ildə  rus  əsgərlərinin  Axalsix,  Ərzurum  və  Bəyaziddə  müsadirə  etdiyi

əlyazmaların siyahısını tərtib edir (əsli M.E. Saltıkov-Şedrin adına kitabxanadadır), “Dərbəndnamə” əlyazmasını türk

və  fars  dillərindən  rus  dilinə  tərcümə  edir,  1838-ci  ildə  Tiflis  müctəhidinin  xahişi  ilə  abunəçisi  olduğu

“Ensiklopediçeskiy  leksikon”  məcmuəsində  çıxmış  vəhhabilərə  dair  məqaləni  fars  dilinə  çevirir.  Həmin  tərcümə

B-2482 şifri altında Əlyazmalar institutunda saxlanmaqdadır.

Məlumdur ki, Abbasqulu ağanın 1829-cu ildə yazdığı və Rusiyada ilk fars dili qrammatikası olan “Qanuni-Qüdsi”

hökumət  mükafatına  layiq  görülmüşdür.  Əsərin  fars  dilində  orijinalı  “Qanuni-Qüdsi”  1831-ci  ildə,  “Kratkaya

qrammatika persidskoqo yazıka” adlı rus dilinə tərcüməsi isə 1841-ci ildə dərc edilib. “Qanuni-Qüdsi”nin nüsxələri -

M-47,  B-562  şifrli  əlyazmalar,  IX-427  nömrəli  çap  kitabı  Əlyazmalar  İnstitutundadır.  B-562  şifrli  əlyazma  90

səhifədən  ibarətdir,  h,1257-ci  (m.1841)  ildə  köçürülüb.  M-47  şifrli  nəfis  nüsxə  Məhəmməd  Qarabaği  adlı  katib

tərəfindən  h.1243-ci  (1828)  ildə  Ərzurumda  orijinaldan  köçürülüb.  IX-427-ci  nömrə  altında  saxlanan  çap  kitabı isə

h.l257-ci (m.1841) ildə Tiflisdə nəşr edilib.

Görkəmli  ədibin  1830-cu  ildə  fars  dilində  yazdığı  2  fəsildən  ibarət  “Kəşfül-qəraib”  əsəri  Amerikanın  Xristofor

Kolumla (1446-1506) tərəfindən kəşf olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin təsvirindən

bəhs edir. Əlyazması Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq filialı kitabxanasında V-8031 (609 

[səh. 72-73]

d) şifri altında saxlanır.

Ədibin  1832-ci  ildə  fars  dilində  yazdığı “Təhzibül-əxlaq”  (“Əxlaqın  düzəldilməsi”)  əsəri  uşaqların  və  gənclərin

tərbiyəsinə həsr edilmişdir, pedaqogika və psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə edir. Əsərin iki əlyazma

nüsxəsi  A-153  (v.  56b-97b)  və  S-195-ci  şifrlər  altında  Əlyazmalar  institutunda  saxlanılır.  Onun  pedaqogikaya  həsr

etdiyi  ikinci  əsəri  “Kitabi-nəsihət”  və  ya  “Nəsihətnamə”  kiçik  müqəddimə  və  103  ibrətamiz  nəsihətdən  ibarətdir.

Əsərin  əlyazma  nüsxələri  M-124,  A-777,  A-58,  D-395,  B-2462,  D-367,  M-129,  S-283  şifrləri  altında  Əlyazmalar

institutunda  saxlanılır.  Bu  nüsxələrdən  M-124  şifrli  ən  nəfisini  h,1325-ci  (m.  1907)  ildə  Seyid  Rza  ibn  Mir  Hüseyn

Qubalı adlı katib əsas nüsxədən köçürüb. A-777 şifrli əlyazmada eyni zamanda müəllifin rübailəri köçürülmüşdür.

1835-ci  ildə  Abbasqulu  ağa  formal  məntiqə  həsr  etdiyi  “Eynol-mizan”  (“Tərəzinin  gözü”)  əsərini  ərəb  dilində

yazmış, onun əsas nüsxəsini 1840-cı ildə Kazan Universitetinə, A.K. Mirzə Kazım bəyə bağışlamışdır. 1971-ci ildə Ə.

Əhmədov və Z. Məmmədov həmin nüsxəni aşkar edərək Azərbaycan dilinə çevirmişlər.

A. Bakıxanov XIX əsrin 30-cu illərinin sonlarında, böyük polyak astronomu N. Kopemikin ölümünün 300 illiyinə

hazırlıq  gedən  bir  vaxtda  kosmoqrafiya  məsələləri  ilə  məşğul  olmağa  başlamışdı.  1839-cu  ildə  o,  fars  dilində

astronomiyaya dair “Əsrarül-məbkut” (“Kainatın sirləri”) risaləsini yazmış, sonra əsərini ərəb dilinə tərcümə etmişdir.

Müəllifin  qeydinə  görə  bu,  natamam  qalmış  “Ümumi  coğrafiya”  əsərinin  “riyazi  hissə”si  kimi  nəzərdə  tutulmuşdu.

“Əsrarül-məbkut”un B-3860 (v. 57 a-65 b) və B-4498 (v. 43b-48a) şifrli iki əlyazma nüsxəsi Əlyazmalar institutunda

saxlanır.  Ədib  Türkiyə  yolu  ilə  Həcc  səfərinə  gedərkən  1846-cı  ildə  İstanbulda  “Əsrarül-məbkut”un  bir  nüsxəsini

Osmanlı imperatoru Sultan Əbdülməcidə təqdim etmişdir. Əsər sultanın tapşırığı ilə türk alimi Həyatizadə Seyid Şərif

tərəfindən türk dilinə tərcümə və şərh edilərək “Əfkarül-cəbərut fi əsrarül-məbkut” adı ilə 1848-ci ildə İstanbulda nəşr

edilib.  Bakıxanov  Həcc  səfəri  zamanı vəfat  etdiyinə  görə,  kitabı görməmişdir.  Həmin  kitabın  bir  nüsxəsi  XII-19-cu

nömrə altında Əlyazmalar institutunda saxlanır.




Abbasqulu ağa Bakıxanov əsli Tiflis, Sankt-Peterburq arxivlərində, kitabxanalarında saxlanan Qafqazın siyasi və

iqtisadi  tarixinə  dair  araşdırmaların,  qeydlərin  müəllifidir.  Onun  1843-cü  ildə  fars  dilində  yazdığı  Azərbaycanın  və

Dağıstanın  tarixinə  dair  “Gülüstani-İrəm”  əsəri  çoxillik  tədqiqatların  nəticəsidir.  Akademik  Ziya  Bünyadovun

“Azərbaycan tarixşünaslığında orta əsrlərin son xronisti və yeni dövrün ilk tarixşünası-, tarixçisi” (3, s. 4) adlandırdığı

Abbasqulu  ağa  bu  kitabında  Şərq  tarixşünaslığı  ənənələri  ilə  Avropa  elminin  nailiyyətlərini  birləşdirmişdir.  A.

Bakıxanov faktiki olaraq xalqımıza vətən tarixini bəxş edən ilk alim olmuşdur.

Əlyazmalar institutunda əsərin 8 əlyazma, bir neçə çap nüsxəsi vardır. “Gülüstani-İrəm” əsəri 1902-ci ildə Seyid

Əzim  Şirvaninin  oğlu  Mir  Cəfər  tərəfindən  Azərbaycan  dilinə  tərcümə  edilərək  çapa  hazırlanmışdır.  138  vərəqdən

ibarət  əlyazması Əlyazmalar  institutunda  M-193-cü  şifr  altında  saxlanır.  Sonda  mündəricat  vardır.  Əl-  yazma  Bəkir

Çobanzadənin kitabxanasında olmuşdur. 

[səh. 73-74]

Yüksək  elmi  dəyəri  nəzərə  alınaraq  “Gülüstani-İrəm”in  elmi-tənqidi  mətni  tərtib  edilərək  1970-ci  ildə  “Elm”

nəşriyyatında nəşr edilmişdir (1). Akademik Ə.Ə. Əlizadə, F. Babayev, Ə. Ələsgərzadə, M. Sultanov və M. Azərli bu

mətni  AMEA  Əlyazmalar  institutunda  saxlanan  5  əlyazma  əsasında  tərtib  etmişlər.  Bunlardan  M-49  şifri  altında

saxlanan birincisi 1844-cü ildə Əbdürrəhim ibn Molla İmaməli Badkubeyi tərəfindən nəstəliq-şikəstə xətti ilə, başlıqlar

isə  nəsx  xətti  ilə  köçürülmüşdür.  Nüsxənin  son  səhifələrində  mətnə  aid  olmayan  şeir  parçaları və  dərman  nüsxələri

vardır.

B-2268 şifri altında saxlanan, aydın nəstəliq və bəzən şikəstə qarışıqlı bir xətlə köçürülmüş ikinci əlyazma naqis



olduğunda  kim tərəfindən nə zaman yazıldığı məlum deyil. Başlıqlar və  ərəb  dilində  olan  bəzi  ifadələr  nəsx  xətti  ilə

yazılıbdır.  Hər  səhifədə  16  sətir  yerləşir.  A.  Bakıxanov  nüsxəni  yoxlamış  və  haşiyələrdə  öz  xətti  ilə  düzəlişlər

aparmışdır. Mətndə bəzən başqa xətlə düzəlişlərə də təsadüf olunur.

B-2236  şifri  altında  saxlanan  üçüncü  nüsxə  1844-cü  ildə  Kərim  Vardani  əş-Şəkəvi  tərəfindən  Tiflis  şəhərində

Şeyxülislam  Osman  əfəndi  Qazağinin  hüzurunda  nəstəliq  xətti  ilə  köçürülmüşdür.  Bəzən  haşiyələrdə  başqa  xətlə

düzəlişlərə və əlavələrə rast gəlinir.

B-2002 şifrli dördüncü əlyazma 1850-ci ildə naməlum katib tərəfindən nəstəliq və bəzən şikəstə ilə qanşıq xətlə

yazılıb.  Əsəri  oxuyan  tədqiqatçı  buradakı  coğrafi,  tayfa,  qəbilə  adlarmı  haşiyələrə  köçürmüşdür.  Tədqiqatçının

akademik V.V. Bartold olduğu ehtimal edilir.

B-19 şifrli beşinci əlyazma 1866-cı ildə Quba şəhərində naməlum şəxs tərəfindən aydın nəstəliq və bəzən şikəstə

ilə qarışıq xətlə köçürülüb, başlıqları bəzən nəsx xətti ilə yazılmışdır.

Molum  olduğu  kimi,  A.  Bakıxanov  bu  kitabını  1844-cü  ildə  özü  kimi  Gürcüstan  canişinliyi  dəftərxanasında

tərcüməçi işləyən Vasili Kuzminin köməyi ilə rus dilinə çevirmişdir. İlkin variantda “Qafqazın Şərq hissəsinin tarixi”

adlanan tərcümənin ərsəyə gəlməsində Polşadan Qafqaza sür- gün edilmiş yazıçı Tadeuş Lada Zablotskinin də xidməti

olmuşdur.  Bu  nüsxə  hazırda  Gürcüstan  E  A  Əlyazmalar  institutunda  (fond  ROS,  №370)  saxlanır.  Akademik  Ziya

Bünyadov  “Gülüstani-İrəm”in  rus  dilinə  tərcüməsini  Gürcüstan  E  A  Əlyazmalar  İnstitutu  nüsxəsi  əsasında  şərhlər,

qeyd və göstəricilərlə “Elm” nəşriyyatında nəşr etdirmişdir. Əlyazma 340 səhifədən ibarətdir. Alim bu tərcümə barədə

yazır:  “O,  klassik  rus  dilinə  riayət  etməklə  bərabər  tərcüməsinə  Şərq  koloritini  də  əlavə  etmişdi:  Fikrimcə,  əvvəlki

redaktələrdə Bakıxanov üslubunun özünəməxsusluğu itirilmişdir. Buna görə də mən ilkin müəllif mətnini bərpa edərək

oxuculara təqdim etmək qərarına gəldim” (3, s. 7).

A. Bakıxanovun epistolyar irsindən ibarət M-308 şifri altında Əlyazmalar institutunda mühafizə edilən “İnşa” adlı

avtoqraf əlyazma böyük maraq doğurur. Bunlar əsasən onun həyat yoldaşı Səkinə xanıma və müxtəlif şəxslərə yazdığı

məktublardır.  Bu məktubların çoxu “cani-şirinü əzizi-mehriban” sözləri  ilə başlanır.  Əlyazmada bəzi ərizə, şer, rübai

və  fərdlər  də  vardır.  Məktublar  “Abbasqulu”,  “Qəribi-məhcur  Abbasqulu”,  “Abbasqulu  Bakıxanov”  kimi  imzalanıb.

Üzərindəki qeydlərdən görünür ki, əlyazma bir neçə şəxsin ixtiyarında olmuşdur.

A.  Bakıxanov  mahir  bir  əlyazma,  eyni  zamanda,  əntiq  əşyalar  bilicisi  idi.  O,  

[səh.  74-75]

 us-İran  müharibəsi

zamanı Ərdəbildə rus qoşunlarının əlinə keçən zəngin Şərq kitabxanasını ilk nəzərdən keçirənlərdən olmuşdur: “Qraf

Raskeviç  о  zaman  bu  işi  Qriboyevdovla  A.  Bakıxanova  tapşırmışdır”.  Çox  qiymətli  olan  Ərdəbil  kitabxanası  rus

qoşunlarının mühafizəsi altında Tiflisə daşındıqdan sonra A. Bakıxanov oradakı əlyazmaların üzərində işləyərkən Şərq

müəllifləri tərəfindən yazılmış əsərlərin kataloqunu tərtib etmişdir (5, s. 132).

A.  Bakıxanovun  zəngin  əlyazma  kitabları  kolleksiyasına  sahib  olduğu,  sonradan  bu  kolleksiyanın  dağıdıldığı

barədə  məlumatımız  vardır.  Kitablarının  bir  hissəsini  onun  özü  vaxtı  ilə  müxtəlif  şəxslərə,  о  cümlədən

Sankt-Peterburqa, rus tədqiqatçı dostlarına göndərmişdir. Onlardan bəziləri hazırda Sankt-Peterburqda Saltıkov-Şedrin

adına kitabxanada saxlanır. Tədqiqatçı Ənvər Əhmədov Rusiya Dövlət Arxivinin Sankt-Peterburq bölməsindən tapdığı

sənəd  əsasında  müəyyən  etmişdir  ki,  ədibin  həyat  yoldaşı  Səkinə  xanım  ərinin  ölümündən  sonra  onun  iyirmi  yeddi

əlyazmasını  Rusiya  Elmlər  Akademiyasının  İmperator  kitabxanasına  bağışlamış  və  buna  görə  brilyant  sırğa  ilə




mükafatlandırılmışdır  (6,  s.  60).  A.  Bakıxanov  kolleksiyasına  daxil  olan  əlyazmaların  bir  hissəsi  Həsən  Əlqədari  və

Novruz Ağayevin şəxsi kitabxanasına düşmüş, sonradan Əlyazmalar İnstitutuna daxil olmuşdur. Bu kitabların müxtəlif

yerlərində yazıçının ərəbcə belə qeydlərini görmək olar: “Kitab ürək açan nemətdir, Allahın köməyi ilə istəyən şəxsə

verirəm”. “İndi mənim üçündür, sonra başqalarının olacaq”. Və yaxud Azərbaycan dilində belə bir beytə rast gəlirik:



Kəsbi-mal etmə, bəradər, eylə gəl kəsbi-kamal.

Elmdir baqi olan vəl mali-təcəddüdə zəval.

Abbasqulu  ağaya  məxsus  olmuş  kitablardan  hazırda  Əlyazmalar  institutunda  saxlanan  böyük  özbək  şairi  Əlişir

Nəvainin  (1441-1521)  vəfatından  36  il  sonra  köçürülmüş  “Lisanüt-teyr”i,  1694-cü  ildə  köçürülmüş  divanı,  1834-cü

ildə  köçürülmüş  “Dərbəndnamə”,  Vaiz  Kaşifinin  (7-1504)  “Əsrari-Qasimi”,  Əbdürrəhman  Caminin  (1414-1492)

“Sühbətül Əbrar”, Əbu Cəfər Təbərinin (839-923) XVIII əsrin əvvəllərində köçürülmüş. “Tarixi-Təbəri”, Dövlət- şah

Səmərqəndinin (839-923) XVIII əsrdə köçürülmüş, “Təzkirətüş-şüəra”, XVII əsr alimi Məhəmməd Möminin 1713-cü

ildə köçürülmüş  “Töhfətül-Möminin”, Mirzə Mehdi xan Astrabadinin 1775-ci ildə köçürülmüş  “Tarixi-Nadir”, Hafiz

divanına  türkcə  yazılmış,  XVII  əsrdə  köçürülmüş  şərh  və  s.  əsərlərin  adım  çəkmək  olar.  Mirzə  Mehdi  xan

Astrabadinin “Tarixi-Nadir” kitabının sonunda ədibin qızı Tuğra xanımın belə bir qeydi vardır:

Tuğra xanımam, mən bu cahan içrə əzizəm,

Abbasqulu ağa qızı, Zəhrayə kənizəm.

Bu əlyazma kitabları orta əsrlər tariximizi, ədəbiyyat, elm və mədəniyyət tariximizi öyrənməkdə dəyərli bir mənbə

kimi istifadə edilmiş və indi də istifadə edilməkdədir.

A. Bakıxanovun M.F. Axundzadə, Y.V. Çəmənzəminli, M.S. Ordubadi arxivi ilə  müqayisədə  о qədər  də  zəngin

olmayan  şəxsi  arxivi  də  Əlyazmalar  institutunda  saxlanılır.  Burada  onun  hərbi  fəaliyyəti  ilə  əlaqədar  sənədlərinin,

1829-cu ildə çara yazdığı ərizənin surəti, “Qanuni-Qüdsi” əsərinin çar tərəfindən təltif edilməsinə dair yazılar, rusca və

fransızca  müxtəlif  arxiv  sənədlərinin  makina  yazısı ilə  surətləri,  hərbi  xid-  

[səh.  75-76]

 mətdə  olduğu  vaxt  tutduğu

vəzifələrinin göstəricisi, Yenikolopovun Bakıxanov barədə qeydləri və s. kimi materiallar vardır.

Abbasqulu ağa Bakıxanovun zəngin əlyazma irsi-istər özünün əsərləri, istərsə də ona məxsus kitablar ən müxtəlif

istiqamətdə  tədqiqatlar  üçün  geniş  material  verir.  Əminik  ki,  bu  əsərlər  bundan  sonra  da  yeni-yeni  araşdırmaların

obyektinə çevriləcəkdir.

Ədəbiyyat:

1.

Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı, “Elm” nəşriyyatı, 1970.



2.

Ахмедов  Э.М. Выдающийся  азербайджанский  мыслицель. //  А.-К. Бакиханов.  Сочинения. Записки.  Письма.

Баку, Издательство “Елм”, 1983.

3.

Бунятов З.М. От редактора. // Аббас Кули-Ага Бакиханов. Гюлистани-Ирем. Баку, Издательство “Елм”, 1991.



4.

Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. Birinci cild. Bakı, “Elm” nəşriyyatı, 1973.

5.

Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Maarif’ nəşriyyatı, 1974.



6.

Nurəliyeva  Tahirə.  Azərbaycan  ədəbiyyatının  tədqiqində  əlyazma  kolleksiyalarının  əhəmiyyəti.  Bakı,  “Şərq-Qərb”

nəşriyyatı, 1998.

7.

Sultanov  Məmmədağa.  Abbasqulu  ağa  Bakıxanov  Qüdsinin  əsərləri  haqqında.  Abbasqulu  ağa  Bakıxanov.  Bədii



əsərləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1973. 

[səh. 76-77]



Паша Керимов

О рукописях и книжной коллекции Аббасгулу ага Бакиханова

Резюме

Основная часть рукописей произведений выдающегося азербайджанского писателя и ученого А. Бакиханова хранится

в Институте Рукописей имени Мухаммеда Физули НАН Азербайджана. Сюда входят все  основные произведения, письма

писателя. В Институте Рукописей хранятся еще и часть книг, входящих в коллекцию А. Бакиханова, ряд материалов из его

личного  архива.  Некоторые  произведения  и  документы,  относящиеся  к  писателю  хранятся  в  библиотеках  и  архивах

Санкт-Петербурга, Тбилиси и Казани.



Pasha Karimov

About manuscripts and book collection of Abbasgulu Agha Bakihanov

Summary

The main part of the manuscripts of works of prominent Azerbaijani writer and scholar A. Bakikhanov is stored in the Institute

of  Manuscripts  named  after  Mahammad  Fizuli  of  National  Academy  of  Sciences  of  Azerbaijan.  It  includes  all  major  works  and



letters of the writer. At the Institute of Manuscripts there are kept some of the books in the collection of Bakihanov, a number of

materials  from  his  personal  archive.  Some  works  and  documents  related  to  the  writer  are  stored  in  libraries  and  archives  of  St.

Petersburg, Tbilisi, and Kazan. 

[səh. 77


]

Məqalə redaksiyaya daxil olmuşdur: 08.09.2014

Təkrar işlənməyə göndərilmişdir: 26.09.2014

Çap üçün qəbul olunmuşdur: 30.09.2014

Yüklə 195,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə