Vilayət bağçası dördüncü cİld



Yüklə 384,43 Kb.
səhifə19/21
tarix26.09.2018
ölçüsü384,43 Kb.
#70558
1   ...   13   14   15   16   17   18   19   20   21

Nümayəndəlik orqanı60

Bismillahir-Rəhmanir-Rəhim.


İslamın strateji qaydası: təbliğat

Allah-Taala Öz hidayət, nəzər, uğur və yardımını ölkənin mühüm işlərindən biri ilə məşğul olan siz əziz qardaş və bacılara şamil etsin! Bu iş iki cəhətə görə mühüm işlərdəndir. Biri budur ki, xüsusən gənclər arasında dini təbliğat ən mühüm işlərdən, Quranın əsas təlimlərindəndir. Dinin bütün insanlar və bütün bəşəriyyət üçün olmasının şərti onu təbliğ etməkdir. Təbliğ, çatdırmaq, bəyan etmək, açıqlamaq İslamın strateji qaydasıdır. İnsanın deməkdən və izah etməkdən başqa üsullara əl atmalı olduğunu düşündüyü yerlər zərurət hallarına aiddir, birinci iş deməkdir. Bəzən insan araşdırdıqda görür ki, mövcud nöqsanlar adətən, deməməkdən qaynaqlanan düyünlərdən irəli gəlir. İnsan üçün nə isə qaranlıq qalır, olur bir düyün. Sonra başqa düyünlər ona əlavə olunur və bir problemə çevrilir. Dünyadakı bütün mənfi hallar ya cahillikdəndir, ya şeytani həvəslərin qələbəsindən. Bunların hər ikisi təbliğ və izah etmənin zəifliyinə görədir. Deməli, xüsusən də gənclər, özü də elm və təhsillə məşğul olan gənclər arasında təbliğat aparmaq çox mühümdür. Və siz bu işlə məşğulsunuz.


Universitetin əhəmiyyəti

İkinci cəhət universitetlərin əhəmiyyətidir. Universitet ölkə üçün həmişə əhəmiyyətə malikdir. Bu gün onun əhəmiyyəti müxtəlif səbəblərə görə daha böyükdür. Çünki bizim işgüzar, peşəkar, alim, zəhmətkeş, məqsədli və mömin insan resursuna ehtiyacımız var və bunlar əsasən, universitetdə yetişirlər. Deməli, ölkə universitetlərində işləmək, İslam maarifini izah etmək, yaxşı əxlaq aşılamaq ən mühüm işlərdəndir. Bu işi siz görürsünüz. Buna əsasən, universitetlərdə nümayəndəlik orqanı adlanan bu təşkilat səmərəli, ehtiyac duyulan, çox faydalı və vacib təşkilatlardan biridir. Həm sizin özünüz bu təşkilatı qorumağa və təkmilləşdirməyə borclusunuz, həm də universitetlərin məsul şəxsləri, Təhsil nazirliyində, Səhiyyə nazirliyində və digər yerlərdə çalışan aidiyyətli şəxslər sizə kömək etməyə borcludurlar.


Əməl və rəftarla hidayət

Burada vacib məsələ əməl və rəftarla hidayətdən ibarətdir. Bizdə məşhur söz var: "İnsanları dilinizdən qeyrisi ilə dəvət edin". Əməl və davranışla dəvət etməyə çox əhəmiyyət vermək lazımdır. Əməllə dəvət həm gözəl davranışla dəvət deməkdir, yəni gözəl əxlaqla, mömin və təqvalı davranışla, ağıllı rəftarla, həm də elmdən qaynaqlanan söz və rəftardır. Buna görə elmi şəkildə danışmaq və əməl etmək lazımdır. Pəhləvi rejimində uzun illər ruhanilik əleyhinə çalışanlar ruhaniliyi həm elmi, həm də əməl, əxlaq və rəftar baxımından vururdular. Onların təbliğat yönümləri belə idi. Mübarizə, İslam və inqilab hərəkatı qarşıya çıxanda ruhanilik hər iki sahədə bacarığını göstərdi və insanları cəlb etdi. Əgər bu bacarıq sual altına düşsə, yenidən təbliğat başlanmasa da, keçmiş təsirlərin dirçəlməsinə səbəb olacaq.


Din dərsləri

Mühüm məsələ din dərsləridir. Nə dini kitablara, nə də din dərsinin müəllimlərinə əhəmiyyətsiz yanaşmaq olar. Bu kitablar tez-tez gözdən keçirilməli, dövrün ehtiyacı olan və cəmiyyətdə günbəgün qarşıya çıxan fikir və məsələlər onda əks olunmalıdır. Bu kitablar yaxşı tənzim olunsa, ən yaxşı təbliğatdır. Elə bir iş görmək lazımdır ki, din sinfi elm, məlumat, fəallıq, zövq və məhəbbət sinfi olsun. Bu da həm kitabların öhdəsinə düşür, həm də din müəllimlərinin.


Tələbələrlə əlaqə

Tələbələr sizin övladlarınız kimidirlər. Onlarla övladınız kimi rəftar etməlisiniz. Üsul fərqləri ola bilər, lakin düşüncə və əqidə baxımından İslamın və quruluşun təməllərinə etidaqlıdırlarsa, yaxşıdır. Ata kimi məhəbbətli, yönəldici, yumşaq və həmçinin səmimi münasibət qurulmalıdır. Əgər işlərində nöqsan olsa, aradan qaldırılsın və xatırladılsın. Əgər işlərində gözəl və yaxşı cəhətlər olsa, həvəsləndirilsinlər və onlara kömək olunsun. Çalışılsın ki, tələbə təşkilatları özlərinin təşkilat formalarını qorusalar da, ürəkləri bir-birinə yaxınlaşsın. Xüsusən də quruluşun əsas təməl və prinsiplərində bir-birinə yaxın olsunlar və qarşı-qarşıya dayanmasınlar. Düzdür, bu təşkilatlarda daha dərin və daha artıq həvəslə, maraqla çalışanlar də var. Şübhəsiz ki, bu, təqdirəlayiqdir.

Mən tələbələr arasında fəaliyyət göstərən dostlara dəfələrlə demişəm ki, tələbələrin dərdinə şərik olmalısınız. Dəfələrlə demişəm ki, ruhaninin əsas yeri olan məsciddə gözəl qayda yaratmaq olar. Gəlib problemlərini sizinlə bir araya qoysunlar, ürək sözlərini desinlər.
11 sentyabr hadisəsi

Son zamanlar ABŞ-ın bəzi şəhərlərində baş verən hadisələr barədə də bir neçə cümlə deyim. İslamın baxışına uyğun olaraq, - bu bizim qəti fikrimizdir - biz insanların öldürülməsini qınayırıq. Fərqi yoxdur ki, bu ümumi qətl Hiroşima və Naqasakida baş versin, Qana, Səbra və Şətilada, yoxsa Deyr Yasində, Bosniyada, Kosovada, İraqda və yaxud Nyu-Yorkda və Vaşinqtonda. Bunun da fərqi yoxdur ki, qətl üçün istifadə edilən alət atom bombası olsun, raket olsun, mikrob cihazları, kimyəvi silahlar, atom tullantılarından düzəldilmiş silahlar olsun, sərnişin, yoxsa hərbi təyyarə ilə atılsın. Fərqi yoxdur ki, bu qətliamları planlayan şəxslər dövlətlər, təşkilatlar olsunlar, yaxud nüfuzlu insanlar. Fərqi yoxdur ki, öldürülənlər müsəlman, məsihi olsunlar, yaxud digər dindən. Harada və kimin vasitəsi ilə görülsə də, iş faciəli işdir. Bu işlər hər yerdə rədd edilməlidir, ayrıseçkilik salınmamalıdır. Biz həm bu işi qınayırıq, həm də amerikalıların Hiroşimada etdiyini. Əgər Allah eləməmiş, oxşar hadisəni Əfqanıstanda etsələr, onu da qınayarıq. İnsanlar belə hücumlardan qorunmalıdırlar. Bu gün sionizm rejimi ötən 50 ildə olduğu kimi, Fələstin daxilində belə faciələr törətməklə məşğuldur. Biz bunların hamısını qınayırıq.


ABŞ-ın zəifliyi

İkinci məsələ budur ki, özünü beynəlmiləl dünya kəndinin xəndxudalığına namizəd etmiş ABŞ kimi bir supergücün və dövlətin daxili təhlükəsizliyi bu qədər zəifdir. Bu güclər dünyada göstərdikləri geniş fəaliyyətlərlə yanaşı, belə zəif nöqtələrə də malikdirlər. ABŞ kimi bir ölkə ən təhlükəli terroristlərin sığınacaq yeridir. O ölkənin səması bir saat, bəlkə daha çox terrorçuların ixtiyarında olub. Səbəb nədir? Bu gün amerikalıların dünyada işlətdiyi və böyük güclərin həmişə malik olduğu ekspansionist üsullar kənara qoyulsaydı, öz işləri və xalqlarının zəruri məsələləri ilə məşğul olsaydılar, öz hüdudları ilə qane olsaydılar, bu hadisələr qarşıya çıxmazdı. Bu gün də Amerika Birləşmiş Ştatları dövləti Pakistana girməklə və Əfqanıstana ordu yeritməklə bu bölgədə, Qafqazda və Orta Asiyada öz gücünü genişləndirmək fikrində olsa, onun üçün daha artıq problemlər yaranacaq. Dövlətlərin artıqtamahlığı təkcə zəif xalq və ölkələr üçün yox, onların özləri üçün də belə böyük tələfatlar gətirəcək.


Müsəlmanlara hücum

Bu sahədə başqa bir məqam budur: Təəssüf ki, ABŞ-ın informasiya şəbəkələri ictimai rəyi müsəlmanlar əleyhinə sərt təhrik etmişlər. Bu, çox çirkin və bəzən faciə ilə sonuclanan işlərdən biridir. Nə üçün müsəlmanları ittiham edirlər?! Müsəlmanlar bütün dünyada və hətta ABŞ-ın özündə də çox zaman zülmə məruz qalırlar. Avropada Bosniya-Herseqovina və Kosova müsəlmanları, Orta Şərqdə Fələstin və Livan müsəlmanları, həmçinin dünyanın digər yerlərində olan müsəlmanlar həmişə zülmə məruz qalmışlar. Nə üçün ittiham barmağını müsəlmanlara sarı uzadırlar?! Müsəlman ümmətin bu hadisədə heç bir günahı yoxdur. Müsəlman olan bir nəfəri ittiham edirlər ki, bu işi o törətmişdir. Biz bilmirik ki, onun işidir, yoxsa yox. Onun işi ola da bilər, olmaya da bilər. Amma olsa belə, bir fərdin işi necə hamıya aid edilə bilər?! Oxşar hadisələrdə belə bir faciəni yaradan şəxs hansısa bir məzhəbin ardıcılı olsa, o məzhəbin bütün ardıcıllarını ittiham edirlər?! Bu gün sionistlər ən çirkin faciələri və ən qəddar cinayətləri açıq-aşkar törədirlər. Bunun üçün dünya yəhudilərini ittiham etmək olar?! Xeyr, bizim öz ölkəmizdə də çoxlu yəhudilər var, digər vətəndaşlar kimi yaşayırlar. Nə üçün bir fərdin işini - o da hələ düzgün olsa - digər müsəlmanlara şamil edirlər?! Bizim fikrimizcə, ABŞ-da və bəzi ölkələrdə İslam və müsəlmanlar əleyhinə başlanan kampaniya sionistlərin işidir. İnformasiya resursları onların əlindədir, İslamdan zərbə görən, İslamın barışmaz düşməni olan da onlardır.


Əfqanıstan məsələsi

Başqa bir məsələ Əfqanıstan məsələsidir. Bu məzlum xalq yenidən tapdanmalıdır?! 25 ildir əfqanlar ağır problemlər içindədirlər. Bir gün Sovet, bir gün daxili müharibələr, bu gün də yeni bir amil Əfqanıstan xalqının həyatına daxil olur və bu məzlum xalqı müharibənin ağır zərbələri altında qoyur. Yalnız buna görə ki, bu işi bir neçə nəfərin törətməsi ehtimal olunur. Bu da məlum deyil. Çoxlu dəlillər göstərir ki, ABŞ-da baş verən hadisənin əsas rejissor və müəllifləri başqaları olmuşlar. İşin növü sionistlərin xislət və xarakterləri ilə uyğundur. İndi tutaq ki, bilərəkdən, yaxud bilməyərəkdən bir neçə müsəlmanı da öz cəhənnəm şəbəkələrinə qoşmuşlar. Bu ittiham düzgün olsa da, bu, Əfqanıstan xalqını təzyiq və zülm altına salmağa dəlil ola bilməz.


11 Sentyabrdan bəhrələnən sionistlər

Başqa bir məsələ budur ki, bu gün bu hadisədən ən çox sui-istifadəni sionistlər edirlər. Bu hadisə baş verən kimi sionistlər məzlum və yaralı Fələstin torpaqlarında öz işlərini sərtləşdirdilər. Dünya da sakitcə tamaşa edir. Nə üçün dünya bu qədər zülmə dözür?! Məgər bu və ya digər yerlərdə insanların öldürülməsi fərqli olur?! Məgər Fələstində öldürülənlərin ailələri Nyu-Yorkda tələf olanların ailələrindən fərqlənirlər?! Hər ikisi ailədir, həyat yoldaşı və uşaqdır, hamısı müsibət görmüşlər. Matəmdə olan insanların dərdinə şərik olmaq dünyanın hər yerində vacib məsələdir. Nə üçün dünya törədilən bu faciələr qarşısında sakitdir? Sionistlər dünyanın ictimai rəyinin bir məsələ ilə məşğul olduğunu görüb fürsətdən sui-istifadə edir. İşğal olunmuş torpaqlarda Fələstin xalqına qarşı apardığı əməliyyatlara öz etiraz səsini açıq-aşkar elan etmək müsəlmanların borcudur.


Ədalətsizlik

Bu gün dünyada baş verən bu problemlər ədalətsizlik və ayrıseçkilikdən qaynaqlanır. Ədalətsizliyin və ayrıseçkiliyin mənşəyi də şeytani həvəslərin, Allahdan uzaq olan maddi və fiziki güc sahiblərinin hakim olmasıdır. Şeytani məqsədlər insanı o vaxt ələ ala bilər ki, insan Allahdan uzaqlaşsın. Bu gün dünyanın köhnə dərdlərinin və bəşəriyyətin yaralarının dərmanı Allaha qayıdışdır. Allaha tərəf qayıtmalıdırlar. Bəşəriyyət Allahla, imanla və mənəviyyatla barışmalıdır. Bu, insanları bilərəkdən mənəviyyatdan, imandan və Allaha diqqətdən uzaqlaşdıranların işinin nəticəsidir; bir gün dünyanın bu tərəfində baş verir, bir gün o tərəfində. Allaha və mənəviyyata qayıtmalıdırlar. Bəşəriyyətin dərdlərinin əlacı Allaha yönəlmə, imana qayıdışdır. Bu gün pak vicdanlı şəxslər bu boşluğu dünyanın hər yerində hiss edirlər. Dünyanın maddi düzənində yalqız qalmış insanlar təzyiq altındadırlar. Bu gün dünyanın hər yerində insanlar Allaha ehtiyaclı olduqlarını hiss edirlər. Allaha dəvət harada olsa, insanları özünə cəlb edəcək. Allaha imanlı olan və Allaha imanın qədrini bilən şəxslər bu işə günbəgün daha artıq diqqət yetirməlidirlər.

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) haqqına, dünyanın bütün xalqlarının qəlbində həqiqi və parlaq imanı günbəgün gücləndir!

İlahi! İnsanları bu problemlərdən xilas et!

İlahi! Bədxahların şərini onların özlərinə qaytar!

İlahi! Dünyanın bütün məzlumlarını Öz himayən altında saxla!

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 384,43 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə