TəNQİDİ RƏYİ



Yüklə 12,37 Kb.
tarix02.12.2017
ölçüsü12,37 Kb.
#13687

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin Məmmədov Elvüsalın “Orta əsrlər İslam düşüncəsində din-fəlsəfə münasibətləri” adlı dissertasiya işinə verilmiş
TƏNQİDİ RƏYİ
Dissertasiya işi ortaəsr İslamında din-fəlsəfə, düşüncə-ehkam problemlərinə həsr olunmuşdur. İşin strukturu giriş, 2 fəsil, 11 paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Giriş hissəsində müəllif işin aktuallığı, yeniliyi, işlənmə dərəcəsi, tətbiq edilmə dərəcəsindən bəhs etmişdir. Dissertasiyanın birinci bölümü “İslam rasionalliği və qeyri-fəlsəfi rasional təfəkkürdə ağil-iman (vəhy) münasibətləri” adlanır. Burada müəllif bu problemin nəzəri aspektlərini, qısa tarixcəsini və fəlsəfi aspektlərini vermişdir. İkinci fəsil “Orta Əsr İslam Düşüncəsində Din-Fəlsəfə Münasibətləri”. Burada problem daha çox tarixi-fəlsəfi aspektdə aparılmışdır. Müəllif çoxlu sayda kitab və tədqiqatlardan istifadə etmişdir, onları dissertasiyada əks etdirmişdir.



Dissertasiyanın üstün cəhətləri ilə birlikdə tənqidi məqamları da vardır.

  1. İlk növbədə qeyd edilməlidir ki, tədqiqatda ortaəsrlərdə gedən proseslərin çağdaş dünya ilə bağlantısı yox dərəcəsindədir. Yaxud da çox zəyif verilmişdir. Dissertasiyada daha çox başqa ədəbiyyatlardan alınmış məlumatlar, çeşidli məktəblərin, ilahiyyatçıların, filosofların mövqeləri əks edilmişdir. Çağdaşlıqla bağlantının olmaması işin aktuallığını və yeniliyini zəiflədir. Çünki bu problem barədə ensiklopedik və tarixi-fəlsəfi bilgilər dünya ədəbiyyatında çoxdur. Bunun üçün yeni işə ehtiyac duyulmur. Lakin onların çağdaç zamana təsiri problemi işıqlandırılsaydı, iş yetkin olardı.

  2. Dissertasiya işində Avropa və Amerika tədqiqatçılarına istinadlar azdır, onların elmi nailiyyətləri az işıqlandırılmışdır. Avropa və Amerika elmi çağdaş dünyada irəlidədir və onların tədqiqatları işdə az əks olunması dissertasiyanın dəyərini endirir. Ədəbiyyat siyahısında da qərb tədqiqatları azdır. Olan cəmi 3 kitab da köhnə ədəbiyyatlardandır. Çağdaş, zamanımızda yazılan qərb ədəbiyyatı işə tam olaraq cəlb edilməmişdir.

  3. Fəlsəfi problemlərə həsr olunan dissertasiyada daha çox İslam müddəaların qorunması, apologetikası meylləri hiss edilir. Halbuki fəlsəfi iş obyektiv, başqa fikirlərlə, tənqidlərlə müşaiət edilməlidir. Apologetik yönlü yazılar fəlsəfədə deyil ilahiyyatda olur. Dissertasiyada müsəlman alimlərinin metodlarını tənqid edən məqamlar az verilmişdir.

  4. Girişdə işin yeniliyi zəyif izah edilmişdir. Müəllif Azərbaycanda ilk dəfə bu cür işin ortalığa çıxarılması haqqında söhbət açmış, amma dünya miqyasında hansı yenilik əldə etməsi haqqında yetərli bir şey deməmişdir.

  5. Dissertasiyanın bir çox məqamlarında müəllifin öz fikirləri az və yetərsiz verilmişdir. O daha çox orta əsr filosof və ilahiyyatçıların dediklərini təkrar edir, öz münasibətini az verir. Özəlliklə bu dissertasiyanın 2-ci bölümünə aiddir. Orada daha çox tarixi-fəlsəfi icmala yer verilmişdir. Fəlsəfi işdə isə müəllif öz münasibətini daha qabarığ şəkildə önə çəkməlidir.

  6. İş daha çox mütəxəssislər üçün yazılmışdır. Tətbiq sahəsi məhduddur, yalnız fəlsəfi-ilahiyyat elmləri üzrə mütəxəssislər və mühazirələr üçün nəzərdə tutulmuşdur. Dili mürəkkəbdir, çoxlu xüsusi terminlərdən istifadə edilmişdir. Hesab edirəm ki, sadə dildə, geniş oxucu kütləsi üçün anlaşılan təradə yazılsaydı, xüsusi fəlsəfi terminlər az və izahlı verilsəydi toplum üçün daha xeyirli olardı. Çünki, müəllifin öz dediklərinə görə, Azərbaycanda bu kimi is ilk dəfə ortalığa çıxmış, problemlər isə aktualdır.

  7. Dissertasiyada Azərbaycan ərazisində yaşamış-yaratmış filosofların fikirləri əks etdirilməmişdir. Azərbaycanda və azəbbaycanlılar üçün ortalığa çıxarılmış işdə bu mövzuya toxunulmaması işin əhəmiyyətini endirir. Məsələ burasındadır ki, Əl-Kindi, İbn Rüşd və s. kimi filosoflar dünyada tanınır və tədqiq edilmişdir. Burada əsaslı yenilik gətirmək mümkün deyil. Lakin Azərbaycan ərazisində olan alimlərin çoxu hələ də öz tədqiqatçılarını gözləyir. Müəllif onları oxucular üçün açsaydı, həm Azərbaycan, həm də dünya elminə həqiqi yenilik gətirərdi.

  8. Din-fəlsəfə, düşüncə-ehkam problemlərinin İslamda müsbət həll edildiyini iddia edən müəllif, müsəlman dünyasının çökməsi məsələsinə toxunmur, onun səbəblərini təhlil etmir. Buna görə də bir çox məqamlar ziddiyətli görsənir.

  9. Müəllif sxolastik düşüncə ilə pozitiv düşüncəni qarşı-qarşıya qoymur, onların arasında fərqlərdən söhbət açmır, Avropada intibah dövrünün nailiyyətlərindən danışmır. Halbuki pozitiv düşüncəninj əsasları məhz o zaman ortalığa çıxmış və hələ o zaman müsəlman sxolastik düşüncəsinin geriliyi duyulmuşdur.

  10. Müəllif tərəfindən dinlə fəlsəfənin arasında ziddiyətlərin olmaması iddiası yetərli olaraq sübuta yetirilməmişdir (nəticədə “Müsəlman filosofları dinə, ortodoksal ehkamçılar isə fəlsəfəyə, rasional təfəkkürə qarşı çıxmamışlar” sözləri kimi). Filosoflar orta əsrlər boyu təqib olunurdilar (İbn Rüşd, İnb Həzm kimilər). Hətta bu gün İran kimi şəriət ölkəsində fəlsəfəyə qadağan qoyulmuşdur, səbəbi də şəriətə zidd olduğu göstərilmişdir. Orada olan ayətullahların qərarı müəllifin iddiaları ilə ziddiyət təşkil edir və bu ziddiyət müəllifin xeyrinə sonuclanmır.

Yüklə 12,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə