Səttar Bəhlulzadənin poemaları


- “Qəm baharında açan bir laləyəm, sən jaləsən



Yüklə 184,46 Kb.
səhifə2/3
tarix29.01.2018
ölçüsü184,46 Kb.
#22650
1   2   3

- “Qəm baharında açan bir laləyəm, sən jaləsən,

Göz yaşımsan damənimdə, ləlü-mərcansan mənə”.
Jalə üzünü çevirib divardakı şəkillərə baxdı. Fikrət də qeyri-iradi üzünü o tərəfə, pəncərəyə sarı tutdu, pəncərədən uzaqlara baxa-baxa pıçıldadı:

- Sən inanmırsan, amma mən səni lap çox sevirəm, Jalə... Sənin gözlərindən yağan qəmli, kədərli sevinci də, mənə tuşlanmış ümid, inam işığını da sevirəm. Inan.

Jalə Fikrətə baxmadan astaca başını tərpətdi: “İnanıram”. Fikrət də Jaləyə baxmadan bunu apaydın gördü, duydu, bildi ki, ona inanır.

- Niyə axı sənin gözlərin həmişə belə qəmgin olur? – Fikrət pəncərəyə baxa-baxa dedi, - Sənin gözlərin heç vaxt məni tərk etmir, sənin surətin həmişə xəyalımda dolanır. Çox istərdim sənin portretini işləyim. Yəqin o, dünyanın ən gözəl, ən mənalı, ən... ən... füsunkar qadın portreti olardı. Şəkilləri çəkilmiş bütün xanımlardan, mələklərdən, ilahələrdən daha gözəl olardı... Heyf ki, bütün bunlar sonraya qalır...

Jalə təəccüblə Fikrətə tərəf döndü. Fikrət də pəncərədən gözlərini çəkdi:

- Hə, mən gedirəm... İnşallah, qayıdıb gələndən sonra...

- Gedirsən? Hara? – Jalə fağır-fağır dilləndi.

- Xaricə... oxumağa... göndərirlər...

Jalənin gözləri dumanlandı, bulud kimi doldu, qız dərindən köks ötürdü, ah çəkdi, amma bunun niyəsini Fikrət bilmədi, yanlış yozdu:

- Yox, - dedi, - birdəfəlik getmirəm, mən harda olsam mütləq sənin yanına qayıdıb

gələcəm. Sən məni gözlə... Mütləq gözlə... yaxşı?

Jalə köksünü ötürdü və qız bu ahla birdən-birə, bircə anın içində elə fağırlaşdı, elə

yazıqlaşdı ki, zəif və qəmgin səsi büsbütün eşidilməz oldu:

- Anamdan xahiş edərəm...

- Söz ver ha....

- ...anama yalvararam, bir kəllə qənd alıb qoyarıq servantın üstünə... Gələn elçilər

qayıdar...

- Elçi? Nə elçi? Sənə elçi gəlir ki?

Jalə dinmədi. Astaca kətilə çökdü. Başını aşağı salıb susdu.

- Yox, yox... – Fikrət ona tərəf atıldı, qarşısında, döşəmədə dizi üstə dayanıb, - sən mənimsən, yalnız mənimsən, - dedi. - Sən mənim olmalısan, mən səni çox sevirəm, lap çox, sən məni gözləyəcəksən. Sən...

- Mən səni həmişə gözləmişəm... – Jalə əlini onun saçlarına çəkdi.

- Yox, daha sonuncu dəfə, mən təhsilimi qurtarıb gələnə kimi gözlə. Mən bu şəhərə yalnız səninçün qayıdacağam...

- Sən gəlsən də, gəlməsən də mən səni həmişə gözləyəcəyəm... – Jalə ağlayırdı. Üzünü yana tutub xısın-xısın ağlayırdı...

Fikrətin də gözləri yaşardı... Sonra o əlini uzadıb ehmallıca Jalənin zərif, incə yanağı boyunca diyirlənən büllur göz yaşını tutdu, içdi. Rəngə bulaşmış uzun nazik barmaqlarını qızın sağlarına, yanağına, şehli gözlərinə çəkib, - bunlar mənim, - deyə-deyə bir müddət onun göz yaşlarını içdi, içdi... Və dizi üstə dayandığı yerdən irəli dartınıb odlu dodaqlarıyla pıçıldadı: “İcazə ver gözlərindən öpüm...”



5.
...Bu badamı gözlər al-əlvan, nazənin tovuz quşunundur.

...Bu gözlər ürkək ceyranın, bunlar bəyaz qu quşunun, bu sarı bülbülün, bu xınalı kəkliyin gözləridir...

...Bu qəzəbli gözlər şirindir, bu pələngindir, bu timsahın...

...Bu da Jalənin atası..., anası... Necə həris baxışlardı... necə qorxuludu...

...Bəs bu füsunkar gözlər kimindir?

Qəfəsə salınmış gözəl-göyçək quşlar, heyvanlar amansız dəmir barmaqlıqlar arxasında narahat-narahat vurnuxurdu, tamaşaya yığılmış adamların qarşısında o tərəf-bu tərəfə atılır, narazı-narazı döyükürdülər.

Qoca rəssam fikirli-fikirli zooparkda gəzir, qəfəslərin arasında dolaşır, çığır-bağır salaraq atılıb-düşən balaca uşaqların arasında dayanıb uzun-uzadı dünyanın min bir ölkəsindən, min bir iqlimindən yığılıb gətirilmiş bu heyvanlara, quşlara baxır, gözlərini onların gözlərinə dikib xəyala dalır, sanki onlarla söhbət eləmək, fikrini bölüşmək istəyir...

Fikri isə indi burdan, bu zooparkdan çox-çox uzaqlarda, gəncliyində, təhsil aldığı uzaq illərdə qalmışdı...



6.
...Bütün fəsillərdə gözəl, cazibədar olan Şimal şəhəri. Bəyaz gecələrdə də, qarlı qış axşamlarında da körfəz sahillərinin qürub mənzərəsi qəlb oxşayır, nə qədər cəlbedici, riqqətli olurdu. Fikrət yataqxananın pəncərəsindən şəhərin bu bənzərsiz mənzərəsinə tamaşa edə-edə, təbiətdən həzz ala-ala Jaləyə məktub yazırdı:

“Salam, Jalə. Necəsən, özünü necə hiss edirsən? Biz indi bir-birimizdən çox uzaqda olduğumuz üçün mən bu sualı sənin gözlərinə baxaraq vermək imkanından məhrumam. Əgər belə bir imkanım olsaydı, mən bu sualla sənə hər gün, hər saat, hər an müraciət edərdim, çünki mənim sənə yeganə arzum, diləyim – xoşbəxtlikdir. Əlbəttə, onu da düşünürəm ki, bizim xoşbəxtliyimiz birgə olmalıdır... Sənin gözəlliyin məni valeh edib, heyrətə salıb, mən uzun müddət bu gözəlliyin təbiətə hardan, necə bəxş olunduğunu və niyə məhz mənə qismət olduğunu düşünmüşəm, təbiətin, taleyin möcüzəsinə mat qalmışam. Mən bu yad şəhərdə də sənin həzin, mehriban, zərif, doğma səsini, bu səsin həzin, mehriban, zərif, doğma melodiyasını unuda bilmirəm. Və heç bilmirəm dörd ili burda necə dözəcəm? Sənin gözəl gözlərinə baxmadan, parlaq, bərq vurub yanan şəvə saçlarını qoxulamadan, hər təmasından bütün bədənimi titrədən o yumşaq, zərif xınalı əllərinin hərarətini duymadan necə yaşaya biləcəm, ilahəm mənim?! Ancaq dözmək lazımdır, əzizim, təhsilimi mütləq başa vurmalıyam, bu həm sənə lazımdır, həm də mənə. Dörd il nədir ki, sənin rəssam baban qayıdıb gələcək və sən onunla fəxr edəcəksən... Sağlıqla qal. İcazə ver gözlərindən öpüm”.


Fikrət məktubu bitirib zərfə qoydu. Üstünə ünvan yazıb (“Bakı, Baş poçtamt, Tələb olunanadək, M.J.”) bağladı. Gözlərini pəncərəyə, bu gözəl yad şəhərin axşam mənzərələrinə dikdi. Özü indi burda, bu bəyaz gecələr şəhərində olsa da, fikri-xəyalı bütünlüklə neçə min kilometr uzaqlarda, dənizli, küləkli, əyri-köndələn küçəli Bakıda idi. O, həyatından artıq sevdiyi adamın lap elə bu saat, bu an öz balaca otağında divanın bir küncünə qısıldığını, yaxud ayaqlarını altına yığaraq büzüşüb oturduğunu və Fikrətin son məktubunu necə həyacanla, intizarla, sifətində işıqlı bir təbəssümlə oxuduğunu xəyalına gətirdikcə ürəyi çırpınır, oraya, Jalənin, zərif, kövrək, kimsəsiz, doğmaları arasında qərib, yalqız qalmış Jaləsinin yanına uçmağa tələsir, yazdıqlarını onunla birgə təkrar-təkrar söyləyirdi:
“Necəsən, əzizim, özünü necə hiss edirsən?..

...Jaləm mənim, Bura bilsən necə gözəl, necə cazibədar şəhərdir! Burda hər ev bir abidədir, küçə və meydanları adamlarının ürəyi qədər təmiz və genişdir, bağları mərmər ilahə fiqurları ilə doludur, lap əsil muzey-şəhərdi bura. Ancaq inan ki, bağları-bağçaları gözəl heykəllərlə bəzədilmiş bu muzeydə mən darıxıram, çünki mənim nəzərimdə bu muzeyin ən gözəl ilahəsi çatışmır. Mənə gərək olan, məni yaşada bilən canlı bir varlıq yoxdur burada... Neçə dəfə dəhşətli dərəcədə cazibədar olan şəhərin axşamlarını kətana köçürmək, gətirib sənə göstərmək üçün adalara etüdə yollanmışam və inanırsanmı, hər dəfə dilxor, əliboş, kor-peşiman geri qayıtmışam. Çünki, mələyim mənim, qızıl ilahəm mənim, bu gözəlliyi sənsiz görəndə, özümü bu gözəlliyin qoynunda sənsiz təsəvvür edəndə özümə acığım tutub və özümü sənsizliyimə qısqanmışam, əlim işdən soyuyub...

Yaxın vaxtlarda görüşəcəyimizə ümidlə... İcazə ver o gözəl gözlərindən öpüm...”
Jalə məktubu büküb əlində saxladı və başını çiyninə əyərək elə bil əlindəki məktubu məzəmmət elədi:

- Eh, sən də... Getməyə vaxt tapdın... Elə bilirsən mərmər ilahəni burdan, məkrli sahiblərinin əlindən qoparıb aparmaq asan işdir? Elə bilirsən hər şey elə bizim ikimizdən asılıdır? Yox, indi daha nə sən, nə də mən heç nəyi həll eləmirik...

- Vsyo, getdilər!

Jalənin anası sevincək özünü içəri saldı; Jalə məktubu gizlətməyə macal tapmadığı üçün utanıb özünü itirdi. Ancaq anası məktuba heç əhəmiyyət də vermədi, fərəh içində:

- Hər şey vışi keçdi, - dedi. – Atangil şirin çayıvı içdilər sənin... Çox şükür, mən də arzuma çatdım, qızımı köçürüb rahatca başımı yerə qoya biləcəm. Allah mübarək eləsin! Xoşbəxt ol, qızım! – o, qızının başını sinəsinə sıxıb üz-gözündən öpdü.

- Ana... ana... – Jalə doluxsundu.

- Yaxşı, yaxşı, yenə zırıldama bu xoş gündə. Dəlisən?

- Axı mən onu istəmirəm, ana. Məni niyə bədbəxt eləyirsiz?

- Ay qız, sənə kim deyir ki, onu istə? – Anası özünü xoşhallıqla divana saldı. – Sən özün bilərsən, kimi istəyirsən, yenə istə də... Əsas odur ki, bunu biz bəyənək, atan bəyənsin. Beləsi ələ düşməz, vallah, on iki otaqları var e, zarafat deyil. Yaşayacaqsan özünçün gen-bol... Biz də hərdən...

- Yox! Heç vaxt! – Jalə ucadan dedi.

- Bağırma, atan eşidər, - anası onun üstünə çəmkirdi, - gəlib qabırğalarını sındırar. Yoxsa daha qapaz yeməyəndə dura bilmirsən?

- Qoy kim eşidir, eşitsin, mən heç kimə getməyəcəm! Mən ancaq...

Anası yenə onun ağzından vurdu:

- Dedim axı, o lüt tələbədən sənə ər olmaz. O hələ beş il də təzədən oxumağa getdi.

- Dörd il...

- Qara yerə girəsən denən, - arvad sir-sifətini əzib-büzdü, - camaat pul yığanda, bu da diplom yığır... Ala e!... – Birdən səsinin təhər-törünü dəyişib qızının qulağına tərəf əyildi. – Qoy elə qalsın yana-yana... Atan düz eləyir...

- Atam... Nifrət edirəm... Hamınıza... – Jalə daha ağlamırdı. Qəzəbindən qızın göz yaşları da qurumuşdu. – Nifrət...

Elə bu an balaca otağın qapısı taybatay açıldı və astanada Jalənin atası göründü. O, qıpqırmızı qızarmış gözlərini arvadına zilləyib:

- Ağaz, heç olmasa elə danışın biz eşitməyək də... – dedi. Ana-bala özlərini itirib divandan qalxdılar. Ata ayaqlarını sürüyə-sürüyə yaxınlaşıb qızının qarşısında dayandı və nifrətlə ona baxıb qəfil bir şillə ilə yenidən divanın üstünə yıxdı: - Nankor! Səni görüm ömürlük bəlaya düçar olasan!

Bu an ana cəld kişiylə qızının arasına girdi:

- Bəsdi, kişi, bəsdi, qarğış eləmə! Ata qarğışı pis olar, qarğıma.

Kişi elə bil ki, arvadın bu sözündən birdən-birə ayıldı və tez də qayıdıb otaqdan çıxdı.

Jalə iki əlləri ilə üzünü örtüb donub qalmışdı.

-Ona fikir vermə, qızım, o külbaşın ağzı pisdi. Hələ mənə nələr deyir... Sən xoşbəxt olacaqsan... Sən onun sözlərini ürəyinə salma...Sən...

- Yox, ana, o düz dedi, - Jalə daha ağlamırdı, qəzəbindən göz yaşları da qurumuşdu,

nəzərləri də fikir-xəyalı kimi çox uzaqlarda idi. - Mən onsuz da ömürlük bəlaya düçar olmuşam.


...Bütün bunlardansa Fikrətin xəbəri yox idi və o həmişəki kimi uzaqdan öz sevimli Jaləsinə sevgi, məhəbbət, istək, təsəlli, ümid dolu məktublar yazmağındaydı:

“Salam, gözəlim. Səndən çox nigaranam. Tez-tez yuxumu qatıram. Niyə mənə özün haqqında bir xəbər yazmırsan? Ürəyimə damıb ki, orada nəsə olub. Niyə susursan? Özün bir vaxt mənə deyirdin: “Sən elə hey susursan...” Gözəlim mənim! Sevimlim! Arzum, ideal xanımım mənim! Ayım, ulduzum, mərmər Veneram, ilahəm mənim! İndi sən susursan... Hardasan, mənim gələcək şah əsərimin şahzadəsi?! Sənin portretin yəqin ki, mənim həyatımda yaradacağım ən gözəl əsər olacaqdır. Ancaq onu haçan, harda, necə çəkəcəyəm, hələ bilmirəm. Onu bilirəm ki, səni göylərdən tale özü göndərib ki, yerdə bir rəssam qeyri-adi gözəlliyin, zərifliyin, paklığın nə olduğunu təsəvvür eləsin... anlasın... və anlayıb da sevsin... Bütün bu ülviyyəti yalnız mənimçün qoruduğuna görə sənə minnətdaram, qızıl ilahəm mənim!”



7.
Qoca rəssamın sağ qolu biləkdən ağrıdı, uzun şana barmaqları yoruldu, fırçanı molbertin üstünə atıb palitranı yerə qoydu, geri çəkildi. Siqaret alışdırdı. Gedib elektroçalğıcın üstündəki valı dəyişdi. Skryabinin “Ekstaz poeması” emalatxanaya yayıldı. Rəssam siqaretini tüstülədə-tüstülədə molbertin yanına qayıtdı, palitranın üstünə yarımçıq tübiklərdən təzə rəng sıxıb çıxartdı. Fırçanı dəyişdi, əski götürüb təmiz-təmiz sildi və onu təzə çıxartdığı yağlı boyalara batıraraq bir-birinə qatışdırdı, aldığı yeni rəng çalarından bir yaxı götürüb portretin üstünə yeridi. O, dodağının altında deyinə-deyinə şəkil çəkməyə başladı:
Ahımın oxları deşdi fələyin sinəsini,

Bax o qandır ki, şəfəqlər belə gülgün olmuş”.
Bir qədər beləcə öz-özünə danışa-danışa işlədikdən sonra, qəflətn geri çəkildi, uzaqdan gözünü qıyıb diqqətlə şəklə baxdı, baxdı və sonra yenidən molbertin üzərinə “şığıdı”. Emalatxananı bürüyən əzəmətli “Ekstaz poeması” rəssamın başı üstündə dolaşaraq sanki rənglərə də hopurdu. Və dodaqaltı şer pıçıldayan qoca rəssam fırçanı elə bil ki sevimli misralarla sevdiyi musiqilərin hopduğu rənglərə batırıb kətan üzərinə düzürdü.
“Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,

Qoy məni dərdimlə, dərman eyləmə var, ey səba”.
Rəssam beləcə dərin düşüncələr içərisində gərgin işləyirdi. Fikrində-xəyalında uzaq-uzaq günlərin səssiz sədaları, yaddaşında iz salmış xatirələr oyandıqca onu daha böyük həvəslə, daha dərin yaradıcılıq ehtirası ilə işləməyə ruhlandırırdı.

8.
“...Hardasan, Jaləm, niyə özün barəsində bir xəbər vermirsən? Ürəyim partladı axı? Nə qədər sənin şəklinə şikayət eləmək olar? Dözə bilmirəm axı? Tək bircə ümid olmasaydı, yəqin ki... Gözəlim mənim, nəhayət ki, bu yaxınlarda gəlirəm. Bilsən səninçün necə darıxmışam?! Sənə gözəl şimal mənzərələri həkk olunmuş əla panno almışam. Biz onu yataq otağımızda başımızın üstündən asarıq və gələcəkdə ona baxıb ayrılığın şəklini xatırlayarıq, onun buz kimi soyuq sifətini görüb bir də ayrılmamaq üçün hər gün and içərik, söz verərik, yaxşımı?! Bircə səni görəydim, ömrümə dolmuş bu boşluğu kəsib ataydım... İnan, ömrümü sənsiz təsəvvür edə bilmirəm, əzizim. Niyə susursan, axı? Bilsən necə gözlərindən öpmək istəyirəm...O gözəl, məsum, füsunkar gözlərindən...”
Anası həmişə olduğu kimi, yenə də qəflətən içəri girdi və laqeyd-laqeyd Jaləyə dedi:

- Yığışdır, az, o məktubu. Yekə qızsan, kağız-kuğaznan az oyna. Sənin o mürdəşir üzünü yumuşun da deyəsən avara-bekar adamdır ha! Gündə də məktub yazmaq olar? Hardan tapır bu qədər boş-boş sözləri? Zəhləmgetmiş... Tez elə, dur çıx o biri otağa, səni görsünlər.

- Kim görsün? – Jalə hələ də Fikrətin məktubunun təsiri altında idi və anasını deyinməsinə fikir vermirdi. .

- Adaxlın görsün, ağaz, kim görəcək... - dedi və sonra səsinin içinə salıb astadan, – generalın nəvəsi səni görməyə gəlib, atanla oturub yeyib-içirlər... – dedi. - Sənə bir dənə əntiqə ətir, mənə də əla corab gətirib... – Hədiyyələr arvadı əməlli-başlı vəcdə gətirmişdi, - Bax, evlənən belə olar e... yoxsa...

Jalə sərt hərəkətlə anasına tərəf döndü.

- Yaxşı-yaxşı, tərs-tərs baxma, dur özüvü səliqəyə sal, çıx... Yığışdır kağız-mağızı...

- Mən heç yana çıxan deyiləm, - Jalə divanın küncünə çəkildi və ayaqlarını da altına yığdı. – Mən onu istəmirəm.

- Az, yenə istəmə də... Səni kim məcbur edir? Get bir az qulluq göstər, çay-çörək ver, qayıt gəl... Tərslik eləmə, dur!

- Mən sevmədiyim adama qulluq göstərə bilmərəm.

- Bah, yox əşi!? – Arvadı elə bil od götürdü. – Tay yerdə qalan arvadlar adam-zad deyillərmiş? Bircə sən ağıllı çıxmısan? Dur, ağəz, dur... Atanın kefi kökdür, kişinin kefinə soğan doğrayıb yenə cin atına mindirmə onu. Get beş dəqiqə fırlan, gəl da. Yoxsa... – Yadına nəsə salıb tez sözünü dəyişdi, - ...deyərəm atana, alar o məktubları cırıb çırpar təpənə.

- Yox, yox! Yalvarıram, demə ona... – Jalə cəld sıçrayıb divandan düşdü. – Bu saat gedirəm. Amma mənim məktublarımda işin olmasın, heç olmasa onları mənə çox görməyin, məhrum eləməyin məni... Sən get, gəlirəm...

Arvad ürəyində “Belə ha!” – deyib otaqdan çıxdı. Jalə əlindəki məktubu tələm-tələsik büküb dodaqlarına apardı. Öpüb ətrini içinə çəkdi. Şkafdan, paltarların arasından bir dəst məktub çıxartdı, üstünə sarıdığı mavi lenti açıb bu məktubu da onlara əlavə elədi və sonra yenə səliqə ilə üst-üstə yığıb bağladı, şkafda gizlətdi.Əlinin arxası ilə üz-gözünü silib qapıya tərəf getdi...



9.
Dənizkənarı bulvarda adam az idi. Soyuqdanmı, küləkdənmi, ya nədənsə təkcə orda-burda, adda-budda skamyalarda pensioner qocalar, qarılar gözə dəyirdi. Hərdənbir də qol-boyun sevgililər keçib gedirdi...

Boz sərçələr cikkildəşə-cikkildəşə yağışdan sonra asfaltın üzərində qalmış gölməçələrdən su içirdilər. Bağban ikiqat əyilib gül kollarının dibini yumşaldırdı. Qara bir pişik ağ bir itin dalına dalına düşüb onun quyruğunu iyləyə-iyləyə kolluğa tərəf getdilər. Salxım söyüdlər saçını açıb tökmüşdü, elə bil yağışdan sonra onları günə verib qurudurdu. Bir qarı və bir qoca ucadan nə barədəsə mübahisə eləyə-eləyə bulvar boyu gəzirdilər. Dənizdə iki yelkənli qayıq üzürdü, deyəsən yarışırdılar. Uzaqdan gənc bir ana balaca dəcəl uşağının arxasınca qaça-qaça gəlirdi...

Qoca rəssam üfüqdə lövbər salan üçkünc gəmilərə, tərsanədə cırha-cırla əks-səda verib işləyən qaldırıcı kranlara, dənizə sancılmış buruqlara, sahilə yaxın ləpədöyəndə çığırışan qağayılara baxa-baxa sahil boyunca gedirdi. Onu tək buraxmayan, daim səhhəti ilə, işləri ilə maraqlanan, boş vaxt tapan kimi emalatxanaya söhbətə gələn və ya gəlmək arzusunda olan tanış-bilişlərin zəhlətökən qayğıkeşliyindən, səs-küyündən qaçıb bura gəlmişdi. Sahilin kimsəsizliyində, bulvarın boşluğunda, sakitliyində dincəlmək, təmiz hava almaq istəyirdi. Ancaq heç ürəyi açılmır, düşüncələr ona dinclik vermirdi...


10.
...Nəhayət, Fikrət Bakıya qayıtmışdı. Əlində çanta, çiynində molbert dənizkənarı sahillə gedirdi. Çoxdan görmədiyi mavi Xəzərə baxa-baxa gedirdi. Asfaltı təzəcə sulamışdılar və bom-boş, kimsəsiz sahildə boz sərçələr ciggildəşə-ciggildəşə asfaltın üstündəki gölməçələrdən su içirdi. Qağayılar sevinclə, fərəhlə ucadan çığırışırdılar. Orda-burda bir-iki pensioner gözə dəyirdi.

“Sahil” kafesinin yanında Fikrət ağır molberti çiynindən yerə qoyub çantasını skamyalardan birinə dayadı, özü də dincini almaq üçün oturdu. Kibrit çəkdi, ancaq siqaretini yandırmağa macal tapmadı... əlindən saldı...

Uzaqdan Jalə gəlirdi.

Fikrət ixtiyarsız halda yerindən qalxıb irəli addım atdı. Ayağı molbertə ilişdi, onu şappıltıyla yerə saldı. Fikir verməyib irəli getdi... Ancaq... Bu nədir, Jalə ondan yan keçir? “Jalə”!

Qəfil çağırtıdan qız diksinən kimi oldu, başını qaldırıb bir müddət diqqətlə Fikrətə baxdı, baxdı... sanki gözlərinə inanmırdı...

Jalənin yanındakı oğlan da ayaq saxlayıb Fikrətə baxd. Jalə dinməz-söyləməz oğlandan aralanıb Fikrətə yaxınlaşdı, onlar salamsız-kəlamsız üz-üzə, göz-gözə dayandılar, heyrətlə, sevinclə, ağrıyla, çaşqınlıqla bir müddət baxışdılar, elə bil uzun ayrılıqdan sonra yenidən bir-birinin üz-gözünü öyrənməyə, yadırğanmış cizgiləri tapmağa çalışırdılar. Kim bilir, bəlkə də onlar beləcə sözsüz-söhbətsiz, lal-dinməz üz-üzə dayanıb bir-birləriylə danışırdılar...

Axır ki, Jalə, məsum Jalə, məhzun Jalə, fağır Jalə astaca pıçıldadı:

- Bəs niyə belə gec gəldin?

- Jalə... Jaləm mənim... – Fikrət dediklərini heç özü də eşidə bilmirdi, ancaq bilirdi ki o nəsə deyir, nəsə danışır, qulaqlarında, beynində isə müğənninin iniltili səsi dolaşırdı:
Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,

Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm”.
Xanəndənin iniltisi Fikrətin ürəyindən qopan sızıltılara qarışıb onun yarasını qoparır, göynədirdi:

“...Görürsən, Jaləm mənim, demişdim axı mütləq sənin yanına qayıdacağam. Sağ ol ki, məni unutmamısan. Budur, səni aparmağa gəlmişəm. Bir təhər dolanarıq orda... Qürbət də olsa, bilirsən necə gözəl şəhərdi? Yadındadı, bir filmə baxmışdıq, azəri bəylə xanım xaricə getmişdilər və onlar bizim bulvar kimi xəzəl dolu xiyabanlarda necə xoşbəxt gəzib-dolaşırdılar? Axı həyatda pul, var-dövlət hər şeyi həll eləmir?.. İnsanlar təkcə pulla xoşbəxt ola bilmir... Mərmər ilahəm mənim, bəs niyə məni bu qədər nigaran qoyurdun? Özün haqda heç nə demirdin, yazmırdın... Bilsən necə darıxmışam səninçün?.. Son vaxtlar nə gündüz bilirdim, nə gecə, ömrüm yalnız bütöv-bütöv, iri-iri, uzun-uzun sutkalardan ibarət olurdu. Bir sutka keçdi, iki sutka keçdi, üç sutka... Yəqin ki, o sutkalar mənim ən ağır, ən əzablı vaxtlarım idi. Mən yalnız ona görə yatıb yuxuya keçməyə razı olurdum ki, vaxt ötsün və səhər oyanıb səndən bir xəbər bilmək ümidim yaşasın. Yəqin sevgi, məhəbbət elə bu cür bütöv sutkalar, aylar deməkdir... Yəqin məhəbbət - sabaha ümidlə yatıb röyalar qoynunda itib-batmaq, dalmaq deməkdir... Jaləm mənim, yeganəm mənim! Yəqin sevgili adam bizim üçün dünyada tək olan, yeganə olan adam deməkdir. Bəlkə də sevgili – o adamdır ki, biz yalnız onun xatirinə bu dünyada hər ağrıya-acıya, məhrumiyyətlərə dözürük, əzab-əziyyətə tablaşırıq, susuruq... Ya bəlkə sevgili – hər gün təzədən təkrar-təkrar vurulduğumuz, heyran olduğumuz, dönə-dönə kəşf etdiyimiz adamdır... Yoxsa mən ki səni bu qədər sevirəm, niyə mənə belə böyük əzablar verirdin, niyə məni saçlarından, gözlərindən, dodaqlarından, yanaqlarından, əllərindən xəbərsiz qoyurdun?... Hər halda, əzizim, sağ ol ki, sən varsan və bu gün mənim yoluma çıxmısan... Sağ ol...”

- Doğrudan a..., - Fikrət sanki xəyaldan ayılıb dedi, - sən nə bildin ki, mən bu gün gələcəm?

Sonra o əyilib Jalənin günəş işığında parıldayan saçlarını qoxuladı, ətrini içinə çəkdi. “Ah!” Jalə doluxsundu, gözlərinə yaş gəldi. Fikrət ehmallıca arıq uzun barmaqlarını onun gözlərinə çəkdi, yaşlarını sildi və dodağına apardı. – Bunlar mənim... – deyə göz yaşlarını uddu... Sonra yenə... yenə... Və birdən gözü uzaqda dayanıb onlara baxa-baxa siqaret sümürən, tuflisinin öz burnu kimi uzun burnu ilə torpağı oyan oğlana sataşdı. – O kimdi? Səninlə gələn...

Jalə başını qaldırmadan astaca: - Mustafadı... General nəvəsi... – dedi.

- Qohumunuzdu? – Fikrət Jalənin saçlarına sığal çəkə-çəkə soruşdu.

- Hələ yox... – dedi qız yavaşdan.

Fikrət isə onun cavabının fərqinə varmadan gözləri ilə gülümsəyib: - Salam, Jaləm mənim... – təkrar elədi. – Salam, mərmər ilahəm mənim... Nə yaxşı gəldin?

Dedi və əyilib Jalənin xınalı zərif əllərini əlinə aldı, öpmək üçün dodaqlarına apardı və... Və yalnız indi, qızın barmağındakı üzüyü görüb diksindi. Qız tez əlini çəkib onun əlindən çıxartdı. Elə bil göy guruldadı, ildırım çaxdı. Fikrətin bütün bədəni sustaladı, keyləşdi və birdən-birə o büsbütün yüngülləşdi, lap qov kimi oldu... Dənizin mehi bu qovu qabağına qatıb havaya qaldırdı, ora-bura qova-qova apardı, apardı, tanınmaz-bilinməz-görünməz-anılmaz yerlərə atdı...

Fikrət dəli kimi geri dönüb Mustafaya baxdı. İrəli atıldı. Ancaq Jalə cəld onun biləyindən yapışıb çəkdi. Bayaqdan gözü Fikrətdə Jalədə olan Mustafa Fikrətin ona tərəf gəlmək istəyini sezib tez üzünü yana çevirdi, özünü elə göstərdi ki, guya bunları görmür, bütün fikri-zikri “Neftçilər” prospekti ilə şütüyən rəngbərəng maşınlardadı.

Fikrət hirslə əlini dartıb Jalənin əlindən çıxartdı:

- Bu nə məsələdi?!

Jalə başını aşağı salıb susdu. Bir azdan nəhayət, Mustafa özündə cəsarət tapıb onlara yaxınlaşdı, üzünü Fikrətə tutub:

- Mən onun nişanlısıyam! – dedi və iki barmağının ucu ilə Jalənin qoluna toxundu: - Gedək, bəsdi...

Fikrət şok içində donub qalmışdı. Dünya başına fırlanırdı. Nələr baş verdiyini ya anlamırdı, ya da inanmırdı. Hannan hana Jalə astaca “Sağ ol” deyib ondan uzaqlaşdı, onlar yollarına davam etdilər, getdilər, get-gedə kiçildilər, kiçilib-kiçilib görünməz oldular.

Külək artırdı. Sonra gücləndi, şiddətləndi. Fikrətin saçlarını da qəlbi kimi darmadağın elədi. Ağacların tellərini bir-birinə çırpdı, kolları yerindən oynatdı, gülləri qopartdı, küçənin zir-zibilini, kağız-kuğuzunu sovurub havaya qaldırdı, bulvardakı adamları qabağına qatıb hirslə ora-bura qovdu...

Fikrət boş, kimsəsiz sahildəcə küləyin altında donub qalmışdı. Heykəlləşmişdi. Bir ayağını üzü üstə asfalta sərilmiş molbertin üstünə qoyub bu sayaq illər uzunu, əsrlər boyu öz Jaləsinin, gözəl ilahəsinin arxasınca baxa-baxa qaldı...

Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida.



Qəm dağı köçdü qapıdan, getdim, ey can, əlvida”.

11.
...Emalatxananın küncündəki çalğıc “Patetik simfoniya” başlayırdı. Rəssam yaradıcılıq ekstazında aludəçiliklə işləyərək hər şeyi, hamını, hətta özünü belə unutmuşdu. Indi onunçün qarşısındakı bu yarımçıq tablodan başqa heç nə yox idi və o heç nəyi görmür, düşünmür, arzulamırdı. Onun dərd dolu qəlbi yaradıcılıqdan başqa heç nəyə ehtiyac duymurdu. Yalnız işləmək, işləmək, çəkmək, yaratmaq...

Telefonun zəngini də eşitmirdi. Kim idisə çox özündən razı və arxayın bir ötkəmliklə telin o biri başında əli qulağının dibində gözləyirdi. Qoca rəssam isə bu telefon zənglərinə məhəl qoymadan beynində dolaşan misraların, fikir-düşüncələrin rəngini taparaq kətana yaxa-yaxa həm də güman edirdi ki, yəqin bu zəng çalan o jurnalist qadındır. Elə belə maraqlanır görsün bir təzə əsər yaradıb, ya yox...

Musiqi çalınır. Telefon zəng edir. Rəssam isə şəkil çəkirdi...


Yüklə 184,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə