“Səs”.-2012.-6 yanvar.-№1.-S.7.
İdeologiya anlayışının mahiyyəti
Fəlsəfi-etik ədəbiyyatda “ideologiya” anlayışı yunan sözü olub “ideya”, “fikir” və “loqos” kimi sözlərin
birləşməsindən əmələ gələrək fikir, ideya və obraz haqqında təlim mənasını verir. İctimai psixologiya və
elmi-nəzəri şüurun müxtəlif formaları ilə yanaşı, ideologiya da ictimai şüurun əsas komponentlərindən biri hesab
olunur.
İdeologiya fəlsəfi, siyasi, sosioloji, iqtisadi, əxlaqi, dini, bədii və s. görüşlər sistemi kimi səciyyələndirilir.
“İdeologiya” anlayışı əvəzinə “ideya” anlayışı işlətməyi də təklif edənlər var. Bəzi təqdiqatçılar Qərbdə ilk dəfə
olaraq ideologiyanın cəmiyyətdə zəruri amil olması fikrinin XVIII əsr fransız filosofları tərəfindən E.B.Kondilyakın
irəli sürdüyünü iddia edirlər. Elə həmin əsrin sonlarında nəşr olunan “Düşünmək qabiliyyəti haqqında etüdlər”
kitabında fransız filosofu və iqtisadçısı Dostuq de Trasi ilk dəfə olaraq “ideologiya” terminini işlətmişdir. O,
1796-cı ildə nəşr etdirdiyi “İdeologiya ünsürləri” kitabında bu fikri geniş şərh etməyə çalışaraq ideologiyaya
ideyalar haqqında, hissi təcrübədən yaranan ideyaların yaranması və təkamülü haqqında təlim, insanın tarix və
cəmiyyətə dair “fikirlərini təsdiq edən elm” kimi baxmışdır. Onun davamçıları Kabanis “İnsanın fiziki və əxlaqi
təbiətinin nisbəti”, Volney isə “Əxlaqın fiziki prinsipləri” əsərində onun fikirlərinə şərik çıxıblar. (246, s.458-459).
Görkəmli fransız maarifçi filosofu Helvetsi Avropa fəlsəfəsində ideologiyanın təkmilləşməsi və
qanunların kamilliyi ideyasını ön plana çəkərək uğurlu idarəetmədə onları əsas amillər hesab edir, fərdi marağın
dövlətçiliyin təkmilləşməsində həlledici rol oynadığını göstərirdi.
Görkəmli hərbi xadim və sərkərdə Napoleon Bonapart cəmiyyətdə ideologiyanın zəruriliyini ön
plana çəkərək ideologiyanın inkişafı üçün Fransa İnstitutu kimi bir qurumu da yaratmışdı.
Avropada ideologiyanın inkişafında klassik alman filosofları, xüsusilə Hegel müstəsna rol oynamışdır. İdeya,
ideologiya və zəka məsələləri Hegelin əsərlərində əsas yerlərdən birini tuturdu. O, ideologiya və mənəviyyatın
qarşılıqlı əlaqəsi probleminə də toxunaraq mənəvi inqilabı həqiqi inqilab hesab edirdi. Hegel ümid edirdi ki,
almanlar Fransa inqilabının müsbət məzmunundan istifadə edərək, onların ideologiyalarındakı ziddiyyətləri aradan
qaldıraraq mənəvi mədəniyyəti inkişaf etdirəcəklər.
Hegel “Hüquq fəlsəfəsi” əsərində dövləti “mənəvi ideyanın, mənəvi ruhun ifadəsi” kimi səciyyələndirir və
beləliklə, cəmiyyətdə, dövlətdə ideologiyanın önəmli yer tutduğunu göstərirdi. Klassik alman filosofları
ideologiyanı tarix və fəlsəfənin qovuşağında mövcud olan ideyalar sistemi kimi tədqiq edirdilər.
Marksizm fəlsəfəsi ideologiyaya və əxlaq məsələsinə özünəməxsus dar “sinfi”, “materialist” mövqedən
yanaşmışdı. İlk əvvəl K.Marks və F.Engels ideologiyanın “iqtisadi əsasa” malik gerçəkliyin obyektiv inikası
olduğunu göstərirlər. Marksizim baniləri ideologiyanın maddi zəminə söykəndiyini, onlara uyğun gələn əxlaq, din
formalarının zahiri müstəqilliklərini itirdiyini sübut etdilər: “Onlarda tarix yoxdur, inkişaf yoxdur. Öz maddi
istehsalı və öz maddi əlaqələrilə inkişaf edən insanlar bununla yanaşı, öz gerçəkliklərini, həmçinin, öz
təfəkkürlərini və öz təfəkkür məhsullarını da dəyişirlər. Həyatı şüur deyil, həyat şüuru müəyyən edir”.
Marksizm dini və idealist fəlsəfəni gerçəkliyin təhrif olunmuş inikası olan ictimai şüur formaları hesab
edirdi. Marks və Engels “müəyyən sinif və sosial qrupların yaratdıqları obyektiv gerçəkliyin təhrif olunmuş
inikası olan sosial konsepsiyaları” “ideologiya” adlandırır, bu termini çox dar çərivədə işlədirlər. Onlar
proletariatın ideologiyasından başqa bütün ideologiyalara, xüsusilə, burjua ideologiyasına “təhrif olunmuş şüur
formaları” kimi baxır, istismarçı quruluşa şüurlu və qeyri-şüurlu haqq qazandıran bütün filosofları, iqtisadçıları,
tarixçiləri
“burjua
ideoloqları”
adlandırır, burjua
ideologiyasını “mücərrədçilikdə,
spekulyativlikdə”
günahlandırırdılar.
Klassik alman filosoflarından, xüsusən, ideoloji formalardan “spekulyativ, teologiyaya”, dinə üstünlük verən
Feyerbaxdan fərqli olaraq marksizm fəlsəfəsi iddia edirdi ki, həyatın özü kimi ictimai həyatın ideoloji inkişaf
formaları da çoxcəhətlidir: onlar əxlaqi, incəsənəti, dini, hüquqi və siyasi şüuru bu formalara aid edirdilər.
Marksizmin baniləri bəzi ideologiyalarda, xüsusən, klassik alman fəlsəfəsində, o cümlədən, Hegel və
Feyerbaxda “gerçəkliyin təhrif olunmuş inkişafı ilə yanaşı, elmi ünsürlərin də olduğunu” qeyd edirdilər. Onlar
ingilis klassik siyasi iqtisadının burjua ideologiyası kimi səciyyələndirsələr də, bu təlimdə, eləcə də, XVIII əsrin
fransız filosoflarının təlimlərində “idrakının müəyyən tərəqqisini” də görürdülər. “Alman ideologiyası” əsərində
ideologiya geniş mənada işlənsə də, marksist filosoflar ideologiyaya səhv olaraq cəmiyyətdə mütərəqqi və mürtəce
ictimai qüvvələr arasında ideya siyasi mübarizə forması kimi baxırdılar. Onlar “hakim” və “məhkum”, “mütərəqqi”
və “mürtəce” siniflərin ideoloqlarını fərqləndirirdilər. Çox doğru olaraq Qərb filosofları marksizm-leninizm
ideologiyaya dair birtərəfli, məhdud mülahizələrini tənqid edirlər. M.A.Lanqe “Marksizm, leninizm, stalinizm”
əsərində marksizm-leninizmi cəmiyyət haqqında qeyri-elmi “ideoloji” təlim hesab edirdi. Q.Meyo da təsdiq edir ki,
demokratik cəmiyyətdə heç bir ideologiya hakim mövqe tuta bilməz: “Hər bir azad cəmiyyətin mənəvi həyatı
görünür ki, ideologiyaların mozaikası və ya etiqadlar sistemidir”.
Marksist tədqiqatçılar isə səhv olaraq burjua cəmiyyətində müxtəlif siyasi, fəlsəfi cərəyanların yalnız burjua
ideologiyası kimi hakim tutduğunu israr edirlər. Marksizm nöqteyi-nəzərindən ideologiya antaqonist ictimai
münasibətlərin müəyyən sinfin şüurunda spesifik inikas forması, eyni zamanda, həmin sinfin özünüdərki,
müəyyən tarixi şəraitdən bu sinfin tutduğu yerin subyektiv ifadəsidir. Marksistlər dövləti ilk ideoloji qüvvələrdən
hesab edir. Dövlətdə insan üzərində ilk ideoloji qüvvə kimi meydana çıxdığını bildirir.
F. Engels göstərir ki, dövlət əmələ gələn kimi dərhal cəmiyyətə qarşı müstəqillik kəsb edir və müəyyən bir
sinfin orqanı olub möhkəmləndikcə, həmin sinfin hökmranlığını getdikcə daha artıq həyata keçirməyə başladıqca,
cəmiyyətə qarşı müstəqilliyi də möhkəmlənir... Lakin cəmiyyətə qarşı müstəqil bir qüvvə şəklinə düşdükdən sonra,
dövlət dərhal yeni ideologiya doğurur. (28, s. 388).
Marksizm hakim burjua ideologiyasını tənqid etdiyi halda cəmiyyətdə bir sinfin - proletariatın hökmranlığını
həyata keçirən anti-demokratik, totalitar ideologiya irəli sürüb həyata keçirdi.
Sovet dövründə nəşr olunmuş bütün fəlsəfi-etik, ictimai-siyasi ədəbiyyatda ideologiya sinfi, kommunist
(sosialist) ideologiyası kimi səciyyələndirilir, səhvən sosialist ideologiyasının praktikaya istiqamətverici nəzəriyyə
olduğu göstərilirdi.
Hələ sovet dövründə sosialist ideologiyası ilə “arzu olunan gerçəklik”, nəzəriyyə ilə praktika, sözlə iş
arasında uçurum yarandığı aydın nəzərə çarpırdı. Kommunizm quruculuğuna şübhə, inamsızlıq, kütlələrdə ruh
düşkünlüyü sosialist ideologiyasında ehkamçılığı, utopizmi gücləndirir, ideologiya ilə reallıq üst-üstə düşmürdü.
Bununla da sosialist ideologiyası həqiqi maddi qüvvəyə çevrilə bilmirdi, çünki kütlələr onu daxilən qəbul etmirdi.
Kütlələr öz praktik fəaliyyətlərində sosialist ideologiyasının gücsüzlüyünü aydın hiss edirdilər. Yalan söz işin
reallığına, elan olunmuş məqsəd və ideallara ciddi təsir göstərirdi. Bu ideologiyada ideologiyaçılıq elmiliyi,
partiyalılıq və sinfilik sosial məsuliyyəti, inzibati-amirlik, ehkamçılıq, bürokratiya humanizm və demokratiyanı
üstələdi. Nəticədə sosialist ideologiyası gerçəklikdən uzaqlaşdı, sovet gerçəkliyinin bütün problemlərini ört-basdır
və birtərəfli mədh edən, insanların sözsüz, kor-koranə icra etdikləri mifoloji dünyəvi, dini elementləri özündə əks
etdirən ideologiyaya çevrildi.
Totalitarizm - hamı üçün məcburi olan ideologiyaya və informasiya vasitələri üzərində hökmranlığa malik
qapalı sistem, təkpartiyalı, iqtisadiyyatda xüsusi mülkiyyətə yol verməyən ictimai bir quruluş idi.
Totalitar ideologiya:
Ümumiliyi, əxlaqı, demokratiyanı, fərdiyyətçiliyi məhv etdi.
Fərdi ən yaxşı keyfiyyətlərdən məhrum etdi, onda itaətkarlıq yaratdı, mənəvi deqradasiyaya səbəb oldu.
Cəmiyyətdəki illərlə formalaşmış milli ənənələri, mənəvi dəyərləri sarsıtdı.
Cəmiyyətin dövlətdən azad olmasını şərtləndirən dayaqlarını sındırdı.
Tədqiqatçılar ideologiyanı yanlış şüur kimi başa düşməyin əleyhinədirlər.
Məsələn, D.Lukaç belə hesab edirdi ki, ideologiyalarda həyatda meydana gələn və şüurlu seçməni, fəal qərar
qəbul etməni və onun ardıcıl həyata keçirilməsini tələb edən sosial əhəmiyyətli alternativ vəziyyətlər qeydə alınır,
bu və ya digər sosial təbəqənin strateji səyləri mənasında sosial idealları formalaşır. İdeologiyada səfərbəredici
xarakter daşıyan, ictimai fəallığı idarə edən, dəyər yönümləri sistemi təsbit olunur. Buna müvafiq olaraq
ideologiyada milli şüurla bağlı olan dəyərlər təcəssümünü tapır. İdeologiyaların şəxsiyyətin siyasi sosiallaşmasında
böyük əhəmiyyəti var. Bu mənada, hər bir ideologiya sosial-siyasi dünyagörüşü kimi də çıxış edir. İdeologiya
insana bir ictimai varlıq kimi baxmaqla səfərbəredici potensial yaradır.
Mühüm cəhət budur ki, ideologiya sosial varlığın dərkinə dəyərcə istiqamətlənmiş spesifik forma
kimi sosial qrupların, etnik ümumiliklərin tarixi fəaliyyətin müstəqil subyektlərinə çevrilməsinə kömək edir. Buna
görə də islahatlar və inqilablar dövründə siyasi qüvvələr özlərinin ən vacib vəzifəsi kimi sosial davranışın
yönüm-motivasiya modeli ola biləcək ideoloji konsepsiyalar işləyib hazırlamağı vacib sayırlar.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru