Sərbəst iş Ad: Vasif Soyad: Ələkbərli Fakültə



Yüklə 48,98 Kb.
səhifə1/6
tarix11.05.2022
ölçüsü48,98 Kb.
#86771
  1   2   3   4   5   6
Ələkbərli Vasif 835. Azərbaycan tarixi


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Sərbəst iş



Ad: Vasif

Soyad: Ələkbərli

Fakültə: Tarix və coğrafiya

Qrup: 835

Kurs: II

Fənn: Azərbaycan tarixi

Müəllim: Hacıyeva Məhbubə

1.Araz-Türk Respublikası.

Araz Türk Respublikası 1918-ci ilin 3 noyabrında yaranmışdır. Bundan bir qədər əvvəl erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətmişlər. Belə bir vaxtda Bakı daşnakların və eserlərin əlində olduğu üçün Naxçıvan Milli Komitəsi Türkiyədən  kömək istədi. Türkiyə Xəlil bəyin başçılığı ilə türk qoşunlarını Naxçıvanın köməyinə göndərdi. Paytaxtı Naxçıvan şəhəri olan bu respublikanın ərazisi 16.000 km2 -ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərur - Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.

Respublikanın idarəetmə  tərkibi belə idi: sədr – Əmir bəy Zamanbəyzadə, hərbi nazir-İbrahim bəy Cahangirzadə, maliyyə naziri- Qəmərəli bəy Bənənyarlı, kənd təsərrüfatı naziri – Bağır bəy Rzazadə, ədliyyə naziri – Məmməd Bəyzadə, xarici işlər naziri – Həsən bəy Şərifzadə, şeyxülislam – Mirzə hüseyn Vaizi İrəvanlı və müfti – Xoca Əkid əfəndi.

1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür. 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı. Halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmeretin quberniyasının tərkibinə daxil edilir.

1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.

1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır. Zəngəzurun işğalı burda yaşayan Azərbaycanlıların qırğını ilə nəticələnir. İyulda daşnaklar Naxçıvanın Yaycı kəndini talan edirlər.

Cümhuriyyətin qurulmasının iki başlıca səbəbi var idi:


  1. Erməni-daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək.

  2. Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq.

1918-ci il noyabrında yerli əhali Qafqazda altıncı olan Araz Cümhuriyyətinin müvəqqəti müstəqilliyini elan etdi. Bu Cümhuriyyət bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi.

3 noyabr 1918-ci il tarixində Əmir bəy rhbərliyində Nazirlər Şurası təşkil olundu

5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olndu.

30 noyabr 1918-ci ildə Qarsda keçirilən İkinci Qars Qurultayında Qars, Ərdəhan, Batumdan 60 nəfər təmsilçi iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır. Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Emin ağa Acalov isə başçının müavini seçilmişdir. Konqresdə Qars, Oltu, Kağızman, Iğdır, Sarıqamış, Ardahan, Axalkələk, Axısqa Batum kimi şəhərlərdə yerli xalq təşkilatlanmışdır. Konqresdə Milli Şura hökumətinə Axısqa Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti, Batum Milli Şurası da qatılmışdır. Konqres 2 dekabradək davam etmişdir.

7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Məhməd Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.

17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad,Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır. Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.

Bunlara rəğmən paralale olaraq Araz Türk Cümhuriyyəti öz fəaliyyətini göstərmişdir.

Araz Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən də müvafıq işlər görülmüşdü. "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanun"da Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər üzvün seçilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 7 dekabr 1918-ci il tarixli təntənəli iclasında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. O, diplomatik nümayəndələrin lojasında polkovnik Kokerel, Bakıdakı Qacar hökumətinin general-konsulu M. Səüdəl-Vəzara, maliyyə agenti Vəkil-əl-Mülk, Dağlı hökumətinin nümayəndəsi Tapa Çermoyev, Dağlılar Respublikasının diplomatik nümayəndəsi Əlixan Qantəmir və Gürcüstan Demokratik Respublikasının diplomatik nümayəndəsi İ. N. Karsivadze ilə yanaşı oturmuşdu.

Araz-Türk Cümhuriyyətinin əhalisi Azərbaycan Parlamentinin açılışı haqqında xəbəri böyük ruh yüksəkliyi ilə qarşıladı. O günlərdə özlərinin səlahiyyətli müvəkkili A. Hacıyevin imzası ilə Ordubad rayonunun əhalisi Azərbaycan Parlamentinə təbrik teleqramı göndərmiş, qarşıdakı çətin işdə ona müvəfəqiyyət arzulamış, onun "Qafqaz müsəlmanlarının arzularını doğruldacağına, öz fəaliyyəti ilə bizim də müstəqil yaşamağa layiq və öz taleyimizi həll etmək və hüquqlarımızı müdafiə etmək iqtidarında olduğumuzu bütün dünyaya sübut edəcəyinə" əmin olduqlarını bildirirdilər. Diqqətəlayiqdir ki, ordubadlılar bu Parlamenti "öz parlamenti" adlandırır və məlumat verirdilər ki, "onun yaradıcı işinə hər cür yardım etməyə hazırdırlar". Ordubad Milli Komitəsinin sədri Mir Hidayət bəy Seyidovun Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin — Araz Respublikasının yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidov bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı:


  • Tiflisə və Gəncəyə yolların bağlanması;

  • Türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım — ərzaq gətirilməsinin dayandırılması;

  • Bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi;

  • Naxçıvan və Şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman — Araz dövlətini yaratmaq qərarına gəlinməsi;

  • Araz hökumətinin də Gəncə Hökuməti (Azərbaycan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi.

Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cu il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti (yəni Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşənədək) müstəqilliyini elan etməsiylə nəticələnmişdir.

Osmanlı dövlətinin Araz Türk Cümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və başqaları da Cümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər

Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P.Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919-cu il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Respublikasında türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komissiya göndərilməsi, Bakıdakı ingilis general-qubernatoru Tomsonla müzakirələr aparılması, müvafıq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu.

Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan "Həmyerlilər" cəmiyyətinin toplantısında (1919-cu il, 6 yanvar) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900000 manat Naxçıvana aparılmaq üçün P.Bayrambəyova verilmişdi. Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu ilə aid dövlət büdcəsində yalnız Ələt-Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırmışdı



İrəvan Quberniyası Müsəlmanları "Həmyerlilər" Cəmiyyətinin 1919-cu ilin yanvar-fevralında bölgəyə göndərdiyi Mirabbas Mirbağırovun öz səfəri barədəki məruzəsindən məlum olur ki, birincisi, ermənilərin Qəmərliyə hücumu zamanı Araz Türk Cümhuriyyəti dağılmışdı, ikincisi, Kəlbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı. Araz Türk Cümhuriyyətinin yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi.


Yüklə 48,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə