53
mənfi
təsir göstərirsə, kütləvi işsizliyə səbəb olursa, yaxud digər mənfi hallar yaradırsa, onda alim bu kəşfi üzə
çıxarmamalı, ilk növbədə öz vətəndaşlıq borcu haqqında düşünməlidir. Buna görə də müasir dövrdə alimlərin peşə
etikasının ən mürəkkəb problemi elmi kəşf və elmi nailiyyətlərdən istifadə zamanı onların əxlaqi məsuliyyətidir.
Elm sahəsində ən böyük əxlaqsızlıqlardan biri – plagiatlıqla (yəni başqalarının əsərlərini, fikir və ideyalarını öz
adına çıxmaq) məşğul olmaqdır.
Məşhur rus rejissoru K.S.Stanislavskinin «Etika» adı ilə çap edilmiş, əslində isə «Aktyorun öz üzərində işi»
adlanan kitabına daxil olan artistlik etikası və teatr işinin təşkili haqqında yarımçıq qalmış məqalələri səhnə etikası
ilə əlaqədar məsələlərə həsr edilmişdir. Gündəlik formasında olan bu yazılar uzun illərin qeydləri nəticəsində
meydana gəlmişdir. Stanislavski hesab edirdi ki, bütün sahələrdə oolduğu kimi, incəsənətdə də «qayda, intizam,
etika və s. lazımdır» (97, s.18).
Bədii yaradıcılıq və etika məsələləri müasir dövrdə də tədqiqatçıların diqqətini cəlb edir. Prof. Timuçin
Əfəndiyev «Azərbaycan dramaturgiyasında metodlar» adlı ktiabının «Yaradıcılıq etikası və teatr» bölməsində bu
problemlə əlaqədar öz fikirlərini belə şərh edir: «Müasir teatrda yaradıcılıq etikası istedadın potensial imkanlarını
üzə çıxarmağa, onun təlqin gücünü artırmağa, sənətkarlığın inkişafına fəal təsir göstərir, istedadla zəhmətin
qarşılıqlı əlaqəsini yaratmağa imkan verir. Etika rejissorun, aktyorun mənəvi fəaliyyət kodeksi, yaradıcılıq
qanuniyyəti, davranış qaydaları, ünsiyyət və düşüncə tərzidir. Etika sənətkarın bacarıq və istedadlarının imkanlarını
artırır, həyata obrazlı münasibəti sahmanlayır, əmək intizamını yüksəldir. Aktyor etikası yaradıcını ardıcıllıqla
təkmilləşdirməyə, sənətkar kimi tədricən formalaşmağa vadar edir. Başqa sözlə, sənət etikası kollektiv yaradıcılıq
prosesində sənətkarın üslubunu müəyyən edir, onu məqsədli səmtə yönəldir, onun şəxsiyyətini, yaradıcılıq idealını
ifadə edir. Səmərəli yaradıcılıq mühitinin yaranmasında, dərin məzmunlu obrazların canlandırılmasında fəal iştirak
edir. Teatrda aktyor etikası səhnənin yaradıcılıq qanunudur. İstedadın ifadə tərzi, işə munasibəti, təfəkkür və
hisslərin tərbiyə prosesidir» (11, s.462).
Digər anlayışlar kimi, peşə etikasının da spesifik anlayışları var. Məsələn, peşə borcu, peşə şərəfi, peşə
ləyaqəti, peşə ədaləti, peşə nəzakəti və s.
Peşə əxlaqının özünəməxsus prinsipləri də mövcuddur. Bunlardan humanizm prinsipi, peşə optimizmi
prinsipi, vətənpərvərlik prinsipi və s. daha mühüm əhəmiyyət kəsb edir. Humanizm prinsipi peşə etikasının bütün
sahələrinə aid olub, hər bir insanın şəxsiyyətinə hörmətlə yanaşmağı tələb edir. Bu prinsip insana utilitar, yəni hər
hansı, hətta kifayət qədər mühüm məqsədlərlə əlaqədar yanaşma ilə daban-dabana ziddir. Humanizm prinsipinin
dərk edilməsi rəhbər işçilər, hüquq-mühafizə orqanları əməkdaşları və fəaliyyətini uşaqlara məhəbbət üzərində
quran müəllimlər üçün daha vacibdir. Bu prinsip optimizm prinsipi ilə uzlaşır. Məsələn, müəllim, himayəsində olan
balaca vətəndaşları öz qüvvələrinə və gələcəyə inamı olmadan tərbiyə edə bilməz. Müxtəlif islahedici müəssisə
işçiləri üçün də optimizm olmadan fəaliyyət göstərmək çətindir. Rəhbər işçinin də əgər insanlara inamı olmazsa,
planlarının reallaşması qəlizləşər. Belə inam digər peşə sahiblərinə – həkimlərə, müəllimlərə və başqalarına,
həmçinin onların tabeçiliyindəkilərə hava və su kimi lazımdır.
Peşələrin əksəriyyəti, xüsusən insanla bilavasitə əlaqədar olanlar yüksək ideyalardan qidalanmalıdır. Buna
görə də peşə etikası vətənpərvərlik ideyalarını da özündə əks etdirməlidir. Peşə əxlaqının əsas prinsiplərindən olan
vətənpərvərlik prinsipi nəinki öz ölkəsinə, hətta digər ölkələrə və xalqlara da diqqət və hörmətlə yanaşmağı tələb
edir.
Beləliklə, peşə əxlaqının əsas anlayış və prinsipləri onun özəyini təşkil edir ki, bu da müxtəlif həyat
şəraitlərində yeni məzmunla zənginləşir.
54
NƏTİCƏ
Respublikamızın müstəqillik əldə etməsi digər sahələrlə yanaşı, tədrisdə də özünü büruzə vermiş, bir çox
proqram və dərsliklər, o cümlədən «Etika» müəyyən dəyişikliyə uğramışdır. Cəmiyyətdə baş verən
ictimai-siyasi
dəyişikliklərlə əlaqədar əvvəlki dövrlərdə tərtib edilmiş dərsliklər artıq bu günümüzlə səsləşmir. Bu baxımdan,
təqdim edilən dərslik, göründüyü kimi, nəinki əvvəlkiləri təkrar etmir, hətta aktuallığını itirmiş bir sıra mövzular
tamamilə proqramdan çıxarılaraq sırf elmi mövzularla əvəz edilmişdir. Məsələn, ədəbiyyat siyahısında adı çəkilən
əvvəlki illərin dərsliklərinin mündəricatlarına baxsaq, belə mövzulara rast gələrik: «Kommunizm quruculuğunun
əxlaq kodeksi», «Proletar əxlaqı», «Kommunist əxlaqının əsas prinsipləri», «Marksizm-leninizm əxlaqın mahiyyəti
və təbiəti haqqında», «Marksist etikanın yaranması əxlaq nəzəriyyəsində inqilabi çevrilişdir», «Kommunist və
burjua əxlaqının əsaslı fərqləri», «Sosializmdə əməyə və ictimai mülkiyyətə kommunist münasibəti»,
«Kommunizm işinə sədaqət», «Sovet vətənpərvərliyi və sosialist beynəlmiləlçiliyi», «Kommunist humanizmi»,
«İnkişaf etmiş sosialist cəmiyyəti əxlaqının aktual problemləri», «İnkişaf etmiş sosialist cəmiyyəti şəraitində əxlaq
tərbiyəsinin məqsəd və vəzifələri», «Vladimir İliç Lenin gənclərin kommunizm ruhunda tərbiyə edilməsinin
əhəmiyyəti haqqında», «Kommunist əxlaqının kateqoriyaları», «Kommunist əxlaqı və məişət», «Kommunist əxlaq
tərbiyəsi», «Kommunizm quruculuğu dövründə əxlaq tərbiyəsinin məzmunu, yolları və vasitələri», «Kommunist
əxdaqının yaranması və inkişafı», «Marksist-leninçi etika əxlaqın inkişaf qanunauyğunluqları haqqında», «Sinifli
cəmiyyətdə əxlaqın sinfi xarakteri və əxlaqi qiymətləndirmə meyarı», «Kommunizmin mənəvi idealı», «Sosialist
cəmiyyəti şəraitində kollektivçilik», «Kommunist əxlaqı bəşəriyyətin mənəvi tərəqqisində ən yüksək pillədir»,
«Kommunizm uğrunda mübarizədə zəhmətkeşlərin həmrəyliyi, kollektivçilik prinsipi», «Sosialist humanizmi və
onun müxtəlif etik prinsiplərlə əlaqəsi», «Marksizm-leninizm əxlaqın sosial-qtisadi əsasları haqqında»,
«Kommunist ideyalılığı və sosialist kollektivçiliyi. Dünyanı kommunistcəsinə görmə», «Kommunist humanizminin
obyektiv əsası», «Sosializmdə əməyin əxlaqi dəyəri», «Sosialist əxlaq sistemi», «İnkişaf etmiş sosialist
cəmiyyətində əxlaqi münasibətlər», «Sov.İKP-nin tərbiyə prosesinə rəhbərliyi», «Kapitalizmin ümumi böhranı
dövrünün etikası. Sərvətlərin böhranı», «Sosialist əxlaqının yaradıcı-tənqidi rolu», «Kommunist və burjua
ideallarının toqquşması», «Etikada əsas antikommunizm uydurmaları», «Kommunist əxlaqi əqidəliliyinin yanlış
şərhi», «Kommunist əxlaqının «qurban» xarakteri haqqında uydurma».
«Derlər var sübh» deyən Füzuli optimizminə qoşularaq nə vaxtsa fəlsəfi elmlərin yenidən dirçəlməsi və
bütün ali məktəblərdə yalnız «Fəlsəfə»nin tərkibində deyil, ayrı-ayrı fənlər kimi tədris olunacağını arzulayırıq.
Bütün elmlərin fəlsəfi dünyagörüşdən törədiyini və fəlsəfənin «elmlərin sələfi» olmasını unutmayaraq, bu və digər
fəlsəfi elmlərin gənc nəslin intellektual və əxlaqi-estetik tərbiyəsində böyük rol oynadığını, müasir insanın fəlsəfi
təfəkkürünün onun müxtəlif növ fəaliyyətinə təsirini nəzərə almaq lazımdır.