Hal-hazırda ölkəmizdə iqlim dəyişmələrinin təsirinin azaldılması və istixana qazlarının
emissiyasının minimuma endirilməsi istiqamətində bir çox işlər görülməkdədir. 2001-ci ildə qəbul
edilmiş atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasinin qanunu atmosfer
havasının mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. 2002-ci ildə qəbul ətraf mühitə dair
informasiya almaq haqqında, 2003-cü ildə isə əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında
qanunlar qəbul edilmişdir. Bu qanunlarda həmçinin əhalinin ətraf mühit barədə dəqiq məlumat
almasına dair hüquqları da müəyyən olunur.
Azərbaycanda iqlim dəyişmələrinin elmi baxımdan öyrənilməsinə ötən əsrin 90-cı illərindən
başlanılmışdır. Bu elmi-tədqiqat işləri sayəsində respublikamızın iqlimində baş verən uzunmüddətli
dəyişmələrin qiymətləndirilməsi istiqamətində bir sıra işlər görülmüş, iqlim dəyişmələrinin
ölkəmizin su, meşə və bioloji ehtiyatlarına təsiri ilkin olaraq qiymətləndirilmiş və əsas istixana
qazlarının mənşəyi müəyyən edilmişdir (Country report, 2003).
İqlim dəyişmələri sahəsində aparılmış tədqiqatlar respublikamızda temperaturun çoxillik
qiymətlərinin tədricən artdığını göstərir. Son 100 ildə Azərbaycan ərazisində aparılan alət
müşahidələri bütün dünyada olduğu kimi, Azərbaycanda da iqlimin uzunmüddətli dəyişmələrinin
olduğunu söyləməyə əsas verir. Bəzi qiymətləndirmələrə görə havanın temperaturu ayrı-ayrı
məntəqələrdə 0,5-1
0
C artmışdır (Mahmudov 2006). Temparaturun artması ilə bərabər Azərbaycan
Respublikasının su ehtiyatlarının azlacağı da gözlənilir və bu azalma müxtəlif temperatur artımları
üçün 20-40% arasında dəyişə bilər (Abbasov, 1999).
Bir sıra tədqiqatlara görə isə Azərbaycan ərazisində baş verən təhlükəli təbiət hadisələrinin – leysan,
daşqın, sel, quraqlıq və s. hadisələrin də müçahidə olunma tezliyi arta bilər və həmiçinin iqlim
dəyişmələri həmiçinin ölkəmizin ərazisində meşə və əkinə yaralı torpaq shtiyatlarını azalda bilər.
Hal-hazırda respublikamızda iqlim dəyişmələri ilə bağlı çoxsaylı layihələr həyata keçirilməkdədir.
Bu layihələr həm dövlət, həm də qeyri hökumət təşkilatları tərəfindən həyata keçirilir və ilk növbədə
atmosferə atılan istixana qazlarının azaldılması məqsədini güdür. Məsələn, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında
Xəzər Hövzəsində İstilik Effekti Yaradan Qazların tullantılarının azaldılması üzrə 2002–2005 illərdə
həyata keçirilən tədris proqramı buna misal ola bilər. Qeyri hökumət təşkilatlarından Azərbaycan
Ekoenergetika Akademiyasının həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Bu layihələr
əsasən ekoloji baxımdan təmiz olan və istixana qazlarının atmosferə atılmasını nəzərdə tutmayan
elektrik enerjisinin istehsalını nəzərdə tutur. Bu layihələrə Azərbaycanın müxtəlif regionlarında su,
külək və günəş elektrik stansiyalarının qurulması aiddir. Ekoenergetika Akademiyasının həyata
keçirdiyi layihələr kiçik miqyaslı olsa da istixana qazlarının emissiyasının azaldılması istiqamətində
çox yaxşı örnək hesab olunmalıdır (Aliyev F.G. and Aliyev F.F. 2007).
Kyoto protokolunu qəbul etməklə Azərbaycan dolayısı ilə öz ərazisində atmosferə atılan istixana
qazlarının miqdarını 2012-ci ildə 1990-cı il səviyyəsi ilə müqayisədə 5% azaltma öhdəliyini
götürmüşdür. İstixana qazlarının əsas mənşəyi yanacaq növlərinin yandırılmasıdır və Azərbaycan
ötən illərdə yanacaq istehlakını nəinki azaltmış, əksinə artırmışdır. Iqlim dəyişmələri Milli
Mərkəzinin rəsmi məlumatına görə 1990-cı ildə ölkəmizdə atmosferə atılan istixana qazlarının
miqdarı 57261 min ton olmuşdur. Kyoto protokolunun prinsiplərinə əsasən bu rəqəm 2012 ildə
azalaraq 54397 min ton təşkil etməlidir. Lakin aparılan hesablamalar bu rəqəmin 2007 ildə artaraq
69516 min ton təşkil etdiyini göstərir. Bu deyilənlərdən belə bir nəticə hasil olur ki, hal-hazırda
Azərbaycan Respublikasının Kyoto protokoluna olan “karbon borcu” 15118 min ton təşkil edir.
Rəsmi statistika 2007-ci ildən başlayaraq istixana qazlarının emissiyasının azalmasını göstərsə də
qalan vaxt ərzində istixana qazlarının bu qədər azalacağını gözləmək çətindir. Təbii ki, qarşıya
qoyulan bu vəzifəni həyata keçirmək üçün yeganə yol ənənəvi yanacaq növlərindən istifadəni
mümkün qədər azaltmaqdır. Bu istiqamətdə kifayət qədər real görünə bilən işlər nəqliyyat
sektorunda və təbii qazın əhali tərəfindən istifadə sahəsində ola bilər.
MATERIAL VƏ METODLAR
Bu məqalədə istifadə edilən məlumatlar Azərbaycan Dövlət Statistika Komitəsinin (ADSK), İqlim
Dəyişmələri üzrə Milli Mərkəzin və UNCCC-nin rəsmi məlumatlarıdır (
www.azstat.org
;
http://mdgs.un.org
) Müəllif tərəfindən aparılan bütün hesablamalar da həmin rəsmi məlumatlara
əsaslanır. Həmin məlumatların mənbəyi bu məqalədə göstərilmişdir və istənilən bir tərəf həmin
məlumatların və hesablamaların doğruluğunu yoxlaya bilər.
Rəsmi məlumatlara Azərbaycan ərazisində istehlak olunan ayrı-ayrı yanacaq növlərinin miqdarı,
nəqliyyat növlərinin respublika ərazisindəki fəaliyyəti, əhali tərəfindən istifadə olunan təbii qazın və
yanacağın miqdarı haqqındakı məlumatlar daxildir. ADSK-nın məlumatlarında Azərbaycan
Respublikası ərazisində atmosferə atılan əsas istixana qazlarının miqdarı haqqında məlumatlar olsa