təqsirləndirilən şəxsin əməlini ona qarşı irəli sürülən ittihamdan CM‐nin daha yüngül məsuliyyət
nəzərdə tutan maddəsinə (cinayət əməlinə) tövsif etmək, habelə ilkin ittihamdan ayrıayrı bəndləri
çıxarmaq hüququna malikdir.
318.3. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində)
daha ağır ittihamın və cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə dövlət
ittihamçısının, zərərçəkmiş şəxsin (xüsusi ittihamçının), onların qanuni nümayəndəsinin və
nümayəndəsinin vəsatəti əsasında, habelə öz təşəbbüsü ilə irəli sürülmüş ittiham üzrə məhkəmə
araşdırmasını dayandırmalı, müvafiq olaraq Cİ‐nin və ya MSİ materiallarının təqsirləndirilən şəxsə
qarşı irəli sürülmüş ittihamın dəyişdirilməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxara
bilər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni, yenilənmiş və ya əlavə ittiham irəli
sürülərsə, məhkəmə araşdırması məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və
məhkəmə araşdırması ümumi qaydada davam etdirilir. Cinayət əməlinin tövsifinin dəyişməsi
nəticəsində məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən
məhkəmədə işin araşdırılmasına xitam verilir və iş aidiyyəti üzrə araşdırması üçün ümumi qaydada
müvafiq məhkəməyə göndərilir. Cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı məhkəmədə irəli
sürülmüş ilkin ittiham istintaq orqanı tərəfindən əlavə araşdırma nəticəsində dəyişdirilmədən
yenidən məhkəməyə göndərilərsə,məhkəmə araşdırması təzələnərək ümumi qaydada davam
etdirilir.Əgər cinayət təqibinə xitam verilərsə,məhkəmə istintaq orqanının müvafiq qərarına əsasən
məhkəmə araşdırmasına xitam verməlidir.
318.4. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı daha ağır yeni, yenilənmiş və ya əlavə
ittiham irəli sürülərsə,məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq,yaxud istintaq orqanı
tərəfindən cinayət təqibinə xitam verilərsə, məhkəmə ilkin ibtidai araşdırma aparan müstəntiq,
təhqiqatçı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi
qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir.
İstinad edilən mənbələr:
1. Azərbaycan Respublikası Konstitusiyası
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐
Prosessual Məcəlləsinin 43.1.1, 314.2‐ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi
ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008‐ci il
tarixli Qərarı
3. Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsi
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐
Prosessual Məcəlləsinin 409‐cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002‐ci il tarixli Qərarı
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali
Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011‐ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012‐ci il tarixli Qərarı
6. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu
7. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
18
19
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Azər Nağıyev
Vəkillər Kollegiyasının üzvü
HÜQUQ MÜNASİBƏTLƏRİNİN
ƏLAMƏTLƏRİ
Hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür. Bəs hüquq münasibətlərinin xarakterik
əlamətləri hansılardır? Hüquq elmi və doktrinası onların bir sıra xarakterik əlamətlərini
müəyyənləşdirir.
Birincisi, hüquq münasibətləri həmişə və bütün hallarda istinasız olaraq, hüquq normaları ilə bağlı
olur. Hüquq münasibətləri hüquq norması ilə nəzərdə tutulan ictimai münasibətlərdir. Hüquq
norması hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitamı şərtlərini nəzərdə tutur.
Göstərilən bu şərtlər normanın hipotezasında əksini tapır və onlar hüquqi faktlar adlanır. Elə burada
subyektlərə aid tələb olunan əlamətlər nəzərdə tutulur, yəni hüquq münasibətlərinin iştirakçısı
olmaq şərtləri (hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti şərtləri). Normanın dispozisiyasında
müvafiq hüquq münasibətlərinin iştirakçılarının hüquq və vəzifələri, habelə qadağa və
məhdudiyyətlər nəzərdə tutulur. Hüquq normasının sanksiyası qoruyucu hüquq münasibətlərini
modelləşdirir, bu o halda baş verir ki, münasibət iştirakçıları qadağaya əməl etməsin və ya hüquqi
öhdəliyi yerinə yetirməmiş olsun. Normanın həm hipotezası, həm də dispozisiyası hüquq
münasibətləri ilə tənzimlənən ictimai münasibətləri nəzərdə tutur. Məsələn, oğurluğu qadağan edən
cinayət hüquq normasında hüquq münasibətlərinin obyekti kimi mülkiyyət münasibətləri çıxış edir
(AR CM‐nin 177‐ci maddəsi). Digər misal, ailə hüququnun norması valideynlərin uşağın tərbiyəsi
üzrə hüquq və vəzifələrini göstərir. Bu normanın obyekti kimi valideynlərlə uşaqlar arasındakı
faktiki ailə münasibətləri çıxış edir (AR Ailə Məcəlləsinin 49‐cu maddəsi). Hüquq münasibətlərinin
bu obyekti ümumi şəkildə ailə hüququ normasında nəzərdə tutmuşdur.
Əgər faktiki ictimai münasibətlər (məsələn, alqı‐satqı, icra və s. münasibətlər) hüquq normaları
əsasında qurularsa, onda bu münasibətlər hüquq münasibətləri forması alır. Bu formanı yalnız o
münasibətlər alır ki, həmin münasibətlər hüquq normaları ilə nizama salınır. Hüquq norması
yoxdursa, onda hüquq münasibəti də mövcud deyil. Hüquq münasibəti elə bir formadır ki, burada
mücərrəd xarakterli hüquq forması konkret olaraq ifadə edilir. Lakin, heç də bütün ictimai
münasibətlər hüquq normalarının köməyi ilə tənzimlənir. Bu münasibətlərin müəyyən qrupu əxlaq,
adət və s. normaların vasitəsi ilə nizama salınır. Belə halda, şübhəsiz ki, hüquq münasibətlərindən
danışmaq olmaz. İctimai münasibət ona görə və ya o zaman hüquq münasibəti adlanır ki, o, hüquq
normaları ilə tənzimlənir. “Hüquq münasibətləri ilə hüquq norması arasındakı vacib qarşılıqlı əlaqə
hər bir konkret hüquq münasibətlərinin qanunçuluq tələbi nöqteyi‐nəzərdən vacib tərkib hissəsidir”
(1).
İkincisi, hüquq münasibətləri hüquq normalarını realizə etdiyinə və onların tələbinə uyğun olaraq
meydana gəldiyinə görə, hüquq münasibətləri həmişə iradəvi və şüurlu xarakter daşıyır. Bu onunla
izah olunur ki, hüquq münasibətləri ideoloji münasibətlərin bir növüdür. İdeoloji münasibətlər
həmişə iradəvi xarakter daşıyır. İdeoloji münasibət növü kimi hüquq münasibətləri insanların şüur
və düşüncələrindən keçir və son məqamda başa düşülmüş, dərk edilmiş, beləliklə də, iradəvi
münasibət kimi çıxış edir.