ƏLİ KƏRİM
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
II CİLD
Nəsr əsərləri
Bakı – 2012
Seçilmiş əsərləri
2
Тərtibçi və rеdаktoru:
PАŞА ƏLİОĞLU
filоlоgiya еlmləri nаmizədi
Əli Kərim. Sеçilmiş əsərləri. II cild.
(Nəsr əsərləri).
Bakı, “Elm və təhsil”, 2012, 500 səh.
Seçilmiş əsərləri
3
MƏQALƏLƏR
SEVİMLİ NƏĞMƏLƏR
Üstü yasəmən şəkilli göy cildli kitab: «Şeirlər». Biz onu
gözəl bir aləmin qapısı kimi açırıq. Bu kitab ağıllı məsləhətləri,
gözəl əsərləri ilə biz gənc yazıçılara müəllimlik edən sevimli
şairimiz Əhməd Cəmilindir. Kitabdakı əsərlərin çoxu yeni de-
yildir. Lakin biz onları oxuyanda qəlbimizdə təzə duyğular baş
qaldırır. Əzbər bildiyimiz bu lirik nəğmələri nə üçünsə sevinclə
bir oxuyanda, hər gün açılan səhərin, doğan günəşin ömrümüz
boyu gözümüzü yormadığı yadımıza düşür. Bu şeirlərdə gurul-
tu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət var-
dır. Onlarda xılt, yerinə düşməmiş kəlmə tapmaq çətindir.
Əhməd Cəmil bu cəhətdən bizim ədəbiyyatımızda nadir
sənətkardır. Yağışdan sonrakı bahar havası kimi şəffaf, ətirli
şeirlər müəllifi olan şairin kəmiyyətcə az yazmasının səbəbi də
budur.
Gulür günəş, gülür çəmən,
Açır bənövşə, yasəmən.
Pıçıldayır axan sular:
– Baharın özgə hüsnü var
Vurulmuşam bahara mən...»
Bir-birinin ötməyə tələsirmiş kimi axan bu şeirin düzülü-
şünə, axıcılığına heyran qalmamaq olarmı? «Kənddə bahar ax-
şamına» yersiz gur işıq salınmadığı üçün bütün rənglər öz ye-
rində qalmışdır. Burada heç bir qeyri-təbii boya yoxdur. Təsvir
olunan gözəllik də vəziyyətdən asılı olaraq bir qədər pərişan və
dalğın verilmişdir. Burada «Sıra dağların fikrə cumması, ağac-
ların duvaq örtmüş gəlin kimi durması, uçan durnanın, sönən
qürubun nağılları andırması» xəyala qərq olmuş bir şair qəlbi-
nin incə müşahidələridir.
Seçilmiş əsərləri
4
Bu şeirlərdə hər şey birdən-birə açıq deyilmir. Şair götür-
düyü mənzərəni, insanı pis valideyn övladını tərifləyən kimi
tərifləmir, əksinə, doğma balasının hüsnünə, kamalına inandığı
və onun səhv edəcəyindən qorxmadığı üçün övladını olduğu ki-
mi bizə təqdim edir, özü çəkilib kənarda durur, övlad danışır,
ona qiyməti biz veririk.
Kitabda müxtəlif vaxtlarda (1931-1957), müxtəlif mövzu-
larda, muxtəlif formalarda yazılmış əsərlər vardır. Hamısının
eyni səviyyədə olduğunu demək düz olmazdı. Lakin hamısı sə-
mimidir. Onlarda sakit-sakit, lakin daima yanan bir alov, ro-
mantik bir işıqda görünən mənzərə, utancaq bir gözəllik vardır.
«...Bax könlüm bir sazdır
istəyirsən al.
Ya onu mehriban ruhunla dindir,
Ya da istəyirsən
Daşdan-daşa çal,
Nə deyim? Özün bil!
Könlüm sənindir!».
Burda həm sevən, həm qayğı çəkən, həm məhəbbət üçün
hər çətinliyə dözən, həm inanan, bütün telləri səmimi hisslər-
dən ibarət olan bir könül sazının bəmini və zilini eşidirik. Bu
çoxtelli ürək sazı illər keçdikcə daha ucadan, daha inamla heç
bir xaric xal vurmadan səslənir.
Əhməd Cəmilin «Can nənə, bir nağıl de», «Nişan üzüyü»,
«Qaçqınlar», «Məni yada salırmı?» və bir sıra gözəl əsərləri əs-
gərlərimizlə Berlinədək getmiş, bəzən təsəlli, bəzən güc ver-
miş, gah güldürmüş, gah ağlatmışdır. Müharibənin dəhşətləri
əleyhinə yazılmış bu əsərlər adamı sözün əsl mənasında sarsı-
dır. Onların haqqında hələ çox yazılmalı, onların təsir qüvvəsi-
nin sirri daha dərindən açılmalıdır. Bu şeirlər həcmcə kiçik-
dirlər. Lakin onların hər biri əhatə dairəsi və təsir qüvvəsi eti-
barilə poemadır. Onları sürətlə oxuyub qurtarsan da hadisələrin
ardı zehnində davam edir, sözaltı mənalar aydınlaşdıqca obraz-
Seçilmiş əsərləri
5
ların yeni cəhətləri açılır, şeir uzanıb poemaya dönür. Həmişə
sənət əsəri belədir: epiloq ona son yox, bəlkə də ikinci bir
başlanğıc olur. Müasir poeziyamızda süjetli və predmetli şeirin
gözəl nümunələrini yaratmış Əhməd Cəmilin «Nişan üzüyü»
əsərini diqqətlə nəzərdən keçirsək, onun həssas novator, zəngin
dilimizin xəzinədarı olduğunu görərik. Əsərdə bütün sözlər öz
yerində, öz vəzifəsindədir; onların işsizi yoxdur.
«Susma, qatil, danış bir-bir
həqiqəti gəl, indi,
Söylə, hansı nişanlı qız, hansı
bədbəxt gəlindi.
Bir üzükçün qılıncınla barmağını
üzdüyün?
O ellərin nakam qızı yaşayırmı
de bu gün?
Yoxsa çoxdan qarlar onu ağ kəfənə
bürümüş,
Nəm torpaqda o gənc qızın tabutu
da çürümüş?».
Bu sətirlərdə sözlər gözə görünməyən, amma möhkəm
olan sapa düzülmüş mərcan kimidir; onların birini qoparsan o
birilər də açılıb töküləcəkdir. Bu əsərlərə kompozisiya cəhət-
dən fikir versək onların əsas məsələdən başlayıb necə gərgin
etdiyini görərik. Odur ki, istər-istəməz dramatik əsərlər yada
düşür.
«Nişan üzüyü»ndə bədbəxt olmuş nakam qızın taleyindən
təsirlənmiş əsgərlərin ürək çırpıntısı, düşüncəsi görün neçə va-
sitə ilə açılmış, romantik bir yüksəkliyə qaldırılmışdır.
«...Şam əriyir ocaq sönür,
hamı dalğın, hamı lal...
Buz bağlamış pəncərədən baxır
solğun bir xəyal,
O tanıcaq üzüyünü ala gözləri dolur,
Seçilmiş əsərləri
6
Sonra yenə buz bağlamış pəncərədə
yox olur.
Düşür qızın ürək dələn hıçqırığı
düzlərə
Evdə isə kədər qonur alınlara,
üzlərə...»
Əsgərlərin biri qanlı üzüyü «öz bəxti» kimi ovcunda
tutur:
«Sonra köks ötürərək deyir ki,
bir vaxt da mən,
Nişanlımın barmağına taxmışdım
bu üzükdən».
Başqası olsaydı, çox güman ki, bundan sonra əsgərin fik-
rini deyər, nakam qızın intiqamını alacağını açıq-açığına bil-
dirər və elə burada da şeiriyyət qurtarardı. Əhməd Cəmil isə
fikrindəki aydınlığa, oxucusunun ağlına, hissinə inanır, məsələ-
nin ardını onun öhdəsinə buraxır. Oxucu da hadisənin nə ilə bi-
təcəynni özü fikirləşib tapmaq istəyir və elə buna görə də kitabı
qurtaran kimi kənara tullamır. «Can nənə, bir nağıl de» kimi
dildən-dilə düşmüş, haqqında çox yazılmış əsərdə də eyni halı
görürük. Bu şeiri oxuyanda kitabı da, müəllifi də, özünü də
unudursan. Təsvir olunan uşağı və nənəni bağrına basıb öpmək
istəyirsən.
«...Bəs ay nənə atam indi haradadır
görəsən
– Bıy, başıma nələr, oğul, yatmayıbsan
hələ sən?
– Axı, nənə, heç demirsən atam haçan
gələcək,
İndi onu səngərdə bəs üşütmürmü
qar-külək?
– Ömrüm-günüm, körpə quzum, qurban
olum adına,
Niyə köks ötürürsən o düşəndə
Seçilmiş əsərləri
7
yadına?...»
Dekorasiyasız, aktyorsuz gözümüzün qarşısında canlanan
bu gözəl səhnə, səmimi dialoq şairin həm yaşlı, həm də uşaq
ürəyinə sirdaş olduğunu sübut edir.
Nəhayət:
«...Körpə özü hiss etmədən onu yuxu
apardı
Çöldə isə bütün gecə külək tufan
qopardı!»
Burada sözlər öz ilk mənaları ilə məhdudlaşıb qalmır, ye-
ni məna da kəsb edir. «Küləyin bütün gecə tufan qoparmasını»
biz eyni zamanda müharibənin dəhşəti kimi başa düşürük. Söz-
lərin bax, bu cür bir neçə bədii yükü olmasına biz başqa əsərlə-
rimizdə az rast gəlirik. Müharibənin müsibətindən danışan
«Qaçqınlar»ın süjeti gərgin, dialoqları son dərəcə sərrastdır.
Hiss olunur ki, Əhməd Cəmil yenə də mövzunu axtarmamış,
mövzu onu arayıb tapmış, tanımış, onu xəyal kimi izləmiş, ba-
kirə qız kimi şairinə vurulmuş, şair də onunla gecələr diz-dizə
oturmuş, könül verib könül almış, onun nazı, xahişi və təkidi
ilə yazmağa başlamışdır. Burada da yenə həyatın ən gərgin ha-
disələrindən biri seçilmişdir. Yurdundan- yuvasından olmuş
ana və balanı bir yad daxmasında iki sərxoş kestapo nəfəri haq-
layır. Başına gələcək müsibətləri əvvəlcədən bilən ana doğma
balasını «özgələrin uşağıdır» deyə özündən uzaqlaşdıranda baş
verən hadisə ən daş ürəkli adamı belə sarsıda bilər:
«... – Ana məni qoyub getmə, ana, ana,
yazığam,
Axı, sənin qəşəng qızın, sözə baxan
qızınam
Ana, getmə, apar məni,
Ana, getmə!!!»...
Şeirdə hər söz, ifadə baş verən müsibəti göstərməyə xid-
mət edir, vəzn də yazıq ananın qəlbi kimi parçalanır. Sonluq
Seçilmiş əsərləri
8
daha təsirlidir. Bu sətirləri oxuyan mütəəssir olub ağlaya bilər,
lakin göz yaşlarını bərk-bərk sıxılmış yumruğu ilə silir. Bu əsl
sənət əsərinnn başlıca xüsusiyyətidir. Belə əsərlərdə bütün
rənglərdən ayrı-ayrı, həm də onların qarışığından bacarıqla is-
tifadə olunur. Bir vaxtda həm kədər, həm də intiqam hisslərini
oyatmaq, insan ürəyinin bir yox, bir neçə qütbünə nüfuz elə-
mək hər sənətkara qismət olan səadət deyil. Bu xoşbəxtiyə tam
ürəklə yazan şair yetişə bilər. Bu kitabda sözlər şəffaf olduğun-
dan özləri görunmür, həyatı bizə göstərirlər. Bu cəhətdən kitab-
dakı şeirləri sözsüz mahnılar da adlandırmaq olar. Əhməd Cə-
mil belə deyir:
«Dəniz elə gözəldi,
Qələm, fırça yox,
ancaq
Nəğmə deyə bilərdi ondakı
şeiriyyəti...»
Əhməd Cəmilin şeirləri də nəğmədir. Onlar ruhla
yazıldığından könlü yerindən oynadır. «Gecə dənizə baxdım».
—Məgər elə bu başlıqdan şeiriyyət duyulmurmu, oxucunun
qəlbinə duyğular, xatirələr axmırmı?
«...Çox xəyala ketmişəm
Dənizlə baş-başa mən...»
Bu misralardan şairin öz təbiəti görünür. Onun dənizi
canlı bir xilqət kimi sevməsinə ürəkdən inanırsan. Kitabı oxu-
yarkən saf ürəkli, şahin xəyallı, bütün varlığı ilə insanı, təbiəti
sevən, bizi yüksəklərə səsləyən bir şair obrazını görürük. Bu
obraz hərdən görünüb hadisəyə münasibətini bildirir, yenə yox
olur. Bəzən isə («Gecə dənizə baxdım») öz nəğməsini axıra qə-
dər deyir. Bu şeirlərdə qar altından təzəcə baş qaldıran növruz-
gülü təravəti, cəbhələr yarmış əsgər əzəməti vardır.
Onlar sözün əsl mənasında qoşmaçılığı alqışlayan oxucu-
lara, epiqon şairlərə də bir örnək olmalıdır. Bu kitabı sevmək
azdır. Biz gənc yazıçıların sevimli müəllimimizə təşəkkürümüz
Seçilmiş əsərləri
9
– onun əsərlərini dərindən öyrənmək ola bilər. Yazılmış tari-
xindən asılı olmayaraq bütün bu yeni şerlər üçün sevimli şairə
dönə-dönə təşəkkür etməliyik. Əziz müəllim, yeni əsərlərinizi
gözləyirik, səbrsizliklə gözləyirik!
Dostları ilə paylaş: |