MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə8/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   ...   5   6   7   8   9   10   11   12   13

«Bilin ki, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan əldə etsəniz, qənimətin xümsü (beşdə biri) Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumlarının (İmamların), yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. Əgər Allaha və (haqqın batildən) ayrılıq günü - o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, (xümsü ödəyin). Allah hər şeyə qadirdir.»1

Ayədən göründüyü kimi xümsün vacib olması və onun ümumi istifadə yerləri aydın şəkildə bəyan olunmuşdur.

İslam dinində Həzrət Peyğəmbərin (sal­ləllahu ələyhi və əlihi və səlləm) dövründən başlayaraq məhrumlara, ehtiyaclılara, kimsəsizlərə, xəstələrə və əlillərə xüsusi diqqət göstərilmişdir.

Cəmiyyətdə yoxsulların mövcudluğunun əsas səbəblərindən biri varlıların dini haqları ödəməməsidir. Əgər varlılar Allahın təyin etdiyi haqları ödəsələr, əlbətdə ki, cəmiyyətdə yoxsul qalmaz.

Həzrət Əli (ələyhissəlam) buyurur: “Yalnız varlı əlinə yığdığından yoxsul ac qaldı.”2

İslam dininin əsas məqsədlərindən biri sosial təbəqələr arasındakı ədalətsiz fərqləri aradan qaldırmaqdır. Bu məqsədə çatmaq üçün dinimizin xüsusi və geniş proqramları var. Bu proqramlara əməl edilərsə, xoşbəxt bir cəmiyyət qurular. Ədalətsizlik, insafsızlıq, bahaçıllıq, əskik satmaq, xalqın malının qəsb edilməsi, oğurluq, israf, saxtakarlıq, qatqıçılıq, fırıldaqçılıq, rüşvətxorluq, sələmçilik kimi işlərdən uzaq olmaq, eyni zamanda xüms və zəkat kimi haqları ödəmək, fitriyyə, kəffarə, nəfəqə kimi haqları sahibinə çatdırmaq İslam dinində nəzərdə tutulmuş proqramların tərkib hissəsidir. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında sədəqələrin, qərzül-həsənə (xeyir gözləmədən verilən gözəl borc) banklarının, ümumi vəqflərin böyük əhəmiyyəti var.

İslam proqramlarında cəhd göstərilir ki, insanlarda iman, qardaşlıq, insaniyyət, ədalətpərvərlik ruhu tərbiyə olunsun. Müsəlman qonşusu ac ikən özü tox yatmaqdan utanmalıdır.

Fəzldən, ehsandan uzaq olan kəs,

Kor kimi yoxsula göstərməz həvəs.

Dünyanı qazanmaq sayılmaz hünər,

Çalış ki, qəlblərə çalasan zəfər.

Xümsün xərclənməsi
Xüms iki bərabər hissəyə bölünür:

1) İmamın səhmi (payı): Hazırkı dövrdə vacib ehtiyata əsasən həmin səhm zəruri şərtlərə malik müctəhidə1 təqdim olunmalı, ya da onun icazəsi ilə İslamın güclənməsi yolunda sərf edilməlidir.

2) Seyyidlərin səhmi: Bu hissə yoxsul, yolda qalmış seyyidlərə xərclənir. Bu hissənin xərclənməsi üçün yaxşı olar ki, müctəhiddən icazə alınsın.
Nələrə xüms düşür?
Yeddi şey üçün xüms vermək vacibdir. Yəni qeyd edilənlərin beşdə biri xüms kimi ödənməlidir.

Ticarət və iş gəliri, mədən, xəzinə, üzgüçülüklə dənizdən çıxarılan cəvahir, harama qatışmış halal mal, savaş qəniməti və zimmi kafirin müsəlmandan aldığı torpaq.1


Xümsü tərk etməyin təsirləri
Ayə və rəvayətləri nəzərdən keçirdikdə məlum olur ki, xümsdən boyun qaçırmaq həm günahdır, həm də başqa günahlara səbəb olur.

Xümsü ödəməyən xəyanət edir: Adi danışıqda “xəyanət” dedikdə bir şəxsin ona əmanət tapşırılmış maldan istifadəsi nəzərdə tutulur. Yəni həmin şəxs mal sahibindən icazə almadan ondan istifadə edir.

Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) savaş qəniməti əldə olunduqda müsəlmanlara xitabən buyurardı: “Qənimətlərə münasibətdə xəyanətlərdən çəkinin! Hesablanmadan və xümsü ödəmədən bir kişi əsir qadınla izdivac edərsə və ya qənimət ata süvar olarsa, qənimətə xəyanət etmişdir.”2

Həzrətin (səlləllahu ələyhi və alihi və səlləm) buyuruğu aşkar şəkildə göstərir ki, xümsü verilməmiş qənimətdən istifadə xəyanətdir. Demək, xümsü ödənməmiş mal əmanət hökmündədir və ona toxunan xəyanətkar sayılır.

Xümsü ödəməyən qəsbkardır: Bildiyimiz kimi, şərən icazə almamış başqalarının malına toxunmaq qəsb1 sayılır. Digər tərəfdən illik gəlirdən artıq qalan qazancın beşdə biri İmama (ələyhissəlam) çatır. Demək, bir şəxs illik qazancından artıq qalan miqdarın beşdə birini İmama (ələyhissəlam) təhvil verməsə, onun bu işi qəsb sayılır. İmam Baqir (ələyhissəlam) buyurur: “Bir şəxs xümsü verilməmiş pulla bir şey alarsa, haram bir şey almış sayılır.”2

İshaq ibn Əmmar İmam Baqirin (ələyhissəlam) belə buyurduğunu nəql edir: “İnsanın xümsü verilməmiş mal ilə bir şey almağa haqqı yoxdur. O deyə bilməz ki, aldığını öz pulu ilə alıb. Yalnız xüms sahibi icazə versə mümkündür.”3

Gördüyünüz kimi, İmam (ələyhissəlam) hər iki rəvayətdə xümsü verilməmiş maldan istifadəni haram sayır. Nəticədə aydınlaşır ki, xümsü verilməmiş mal qəsb olunmuş sayılır.

Xümsü ödəməyən yetimin malını yeyir: Yetimin malını yemək ona görə pis sayılır ki, onun özünü müdafiə etmək gücü yoxdur. O özünü güclü bir şəxsin caynağından qurtarmaqda acizdir. İmamlar (ələyhissəlam) hakimiyyətdən uzaqlaşdırıldığı üçün xalqın malındın xüms ayıra bilməmişlər. Bu sahədə onlar bir növ yetim sayılmışlar. Əbu Bəsir İmam Baqirdən (ələyhissəlam) soruşur: “Bəndəni oda salan ən asan iş nədir?” İmam (ələyhissəlam) buyurur: “Yetimin malından bir dirhəm yemək. “Yetim deyilən bizlərik.”1

Xümsü ödəməyənin malı puça çıxar: Rəvayətlərə əsasən xüms ödəmək nəinki malı əskiltmir, hətta onu artırır. Xüms ödəməmək isə malı puça çıxardır, var-dövləti azaldır. İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs bir dirhəm xümsü sahibinə verməsə, iki dirhəm artıq xərcləyəcək. Hər kəs malında başqasına məxsus olanı qaytarmasa, Allah Qiyamət günü həmin malı alovdan ilan şəklində onun boynundan asacaq.”2

Digər bir rəvayətdə isə belə buyurur: “Allahın haqqını ödəməyən kəs batil yolda iki qat artığını sərf edər.”3



Xümsü ödəməyən əhdi pozur: Dini qəbul etmək dedikdə, onun əmrlərini yerinə yetirmək nəzərdə tutulur. Hər kəs dini qəbul etdikdən sonra onun göstərişlərinə, yəni əhdinə vəfa qılmasa, vəfasızlıq göstərmişdir. Xüms ödəmək vacib əmrlərdəndir. İslamı qəbul edən hər bir müsəlman xüms ödəməlidir. Əgər ödəməsə, əhdinə vəfa qılmamışdır. Bu səbəbdən İmam Sadiq (ələyhissəlam) «Vay olsun əskik satanlara!»4 ayəsini təfsir edərkən buyurur: “Yəni, ey Məhəmməd, sənin xümsünü kəsənlərə vay olsun!”5
Xüms ödəməyin təsirləri
Xüms ödəməyin zərərləri ilə tanış olduq. Bəs xüms ödəməyin hansı bərəkətləri var?

Övladın paklığı: Bildiyimiz kimi, qidalanmanın insan sağlamlığına və ruhuna böyük təsiri var. Təmiz və halal ruzi sağlam düşüncə və sağlam əmələ səbəb olur. Haram qidalardan şeytani düşüncələr, şeytani əməllər qaynaqlanır.

İnsanın əsil sərvəti onun övladıdır. Əgər övlad pak doğularsa, onun müsbət yöndə inkişafı üçün şərait yaranar. Pak doğulmamış övlad fitnə-fəsad mənbəyidir. Əslində, insan heç bir mülk sahibi deyil və ona əmanət verilənlər Allaha məxsusdur. Amma Allah mehribanlıq göstərərək verdiyi malın beşdə birini onun yolunda sərf eləməyi tapşırır. Qalan hissədən isə insanlar öz istədikləri kimi istifadə edə bilər. Şübhəsiz ki, xüms ödəməkdən boyun qaçırsalar, həm günaha yol verib Allaha itaətsizlik göstərmiş olur, həm də malları haram olduğundan bu haram, övladlarının necəliyinə təsir göstərir. Amma xüms ödəsələr, qidaları halal olduğundan övladlar da pak olur.

Digər bir rəvayətdə İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs qəlbində bizə dostluq duysa, Allaha birinci nemətlərə görə sitayiş etsin. “Birinci nemətlər” nədir, deyə soruşduqda İmam (ələyhissəlam) buyurdu: “Pak doğuş.” Sonra əlavə etdi: “Əmirəl-möminin (ələyhissəlam) Həzrət Fatiməyə (ələyhəssəlam)1 buyurdu: Payına düşəni bizim tərəfdarlarımızın atalarına bağışla ki, onlar pak olsun.”1

Başqa bir hədisdə yenə də 6-cı İmam (ələyhissəlam) buyurur: “İnsanlar üçün Qiyamət günü ən böyük çətinlik odur ki, haqqı tapdananlar qalxıb desin: “Pərvərdigara, bizim xümsümüzü borclulardan al. Biz xümsü möminlər üçün pak etdik ki, doğuşları pak, övladları halal olsun.”2



Var-dövlətin paklığı: Xümsü zəruri edən vasitələrdən biri də var-dövlətin paklanmasıdır. İmam Sadiqdən (ələyhissəlam) soruşurlar: “Bir şəxs halal və haramdan mal qazanıbsa, tövbə etmək istədikdə onu necə ayırmalıdır? İmam (ələyhissəlam) buyurur: “Malının xümsünü verib, onu pak etsin. Allah-təala var-dövləti xümsü ödənməklə paka çıxarır.”3

Gördüyünüz kimi, İmam Sadiq (ələyhissəlam) xümsü malın paklanma səbəbi sayır.

Qurani-Məciddə xüms ödənməsi malın təmizlənmə amili sayılır:

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم


«Onların malından sədəqə al ki, bununla onları təmizləyir və paklaşdırırsan. »4

Bu ayədə xümsün, malı paklaması səbəbi aydın şəkildə bəyan olunmuşdur.



Ruzinin artması: İnsanın ruzisi, var-dövləti təkcə çalışmaq, elm və bilik yolu ilə əldə olunmur. Mal-mülkün artması üçün başqa səbəblər də var.

İmam Rza (ələyhissəlam) buyurur: “Xüms ödəməyiniz sizin ruzi açarınız və günahlarınızın yuyulma səbəbidir. Xüms verməklə möhtac olacağınız gün üçün ehtiyat toplayırsınız.”1



Günahların yuyulması: Məlumdur ki, Məsumlardan (ələyhimussəlam) başqa bütün insanların günahı var. Allah-təala mərhəmət edərək insanlar üçün paklanma yolları müəyyənləşdirmişdir. Bu yolları tanıyıb uyğun istiqamətdə addım atan insan Allahın rəhmətindən bəhrələnir. Allahın uyğun göstərişlərinə əməl edən insan pak cisim və şad ruhla Allahla görüşəsidir.

İmam Rza (ələyhissəlam) buyurur: “Xüms verməyiniz günahlarınızın yuyulmasına səbəb olar.”2



Dinin yayılmasında şəriklik: Bildiyimiz kimi, bütün işlərin həyata keçməsi üçün maddi dəstəyə ehtiyac var. Bu olmadan hansısa işi gerçəkləşdirmək çox çətindir. Müqəddəs İslam dini ümumbəşəri bir dindir. Demək, İslamın dünyaya yayılması üçün maddi dəstəyə ehtiyac var. İslamın ümumbəşəri məqsədlərini həyata keçirmək üçün bu dəstək zəruridir. Qurani-Kərimin bir çox ayələrində bildirilir ki, İslam dinini təbliğ edib yaymaq Həzrət Məhəmmədin (salləllahu ələyhi və əlihi və səlləm) öhdəsinə düşmüş bir vəzifədir. Rəsuli-Əkrəm (salləllahu ələyhi və əlihi və səlləm) İlahi vəhy əsasında pak İmamları (ələyhissəlam) özünə canişin seçir. Onun (salləllahu ələyhi və əlihi və səlləm) və Məsum İmamların (ələyhissəlam) dini yetərincə təbliğ edə bilməsi üçün Allah-təala xümsü maddi dəstək qərar vermişdir. Demək, xüms ödəyən insan dinin təbliğinə kömək etməklə onun yayılmasına şərik olur.

Tarixdə oxuyuruq: İmam Rzanın (ələyhissəlam) yaxınlarından sayılan İran tacirlərindən biri Həzrətə (ələyhissəlam) məktub yazdı və ödəyəcəyi xümsün ona bağışlanmasını xahiş etdi.

Həzrət (ələyhissəlam) bu şəxsin cavabında buyurdu: “Rəhman və Rəhim Allahın adı ilə. Həqiqətən, Allah Vüsət verən və Kərimdir. Yaxşı əməllərin əvəzində savab, pis əməllərin əvəzində əzab verir. Allahın halal etmədiyi mal halal olmaz. Xüms dinə, əhli-əyala və xidmətçilərimizə köməkdir. Biz abır-həyamızı qorumaq üçün ondan bağışlayır, xərcləyirik. Bizə xümsü əsirgəməyin və özünüzü bizim dualarımızdan məhrum qoymayın! Qüdrət tapmağımıza səbəb olan şeyi (xümsü) malınızdan ayırmaqla ruziniz üçün açar əldə edir, günahlarınızı yuyur, möhtac olacağınız gün (Qiyamət günü) üçün azuqə yığırsınız. Müsəlman Allahla bağladığı əhdə vəfa qılır. Müsəlman o şəxs deyil ki, dili ilə cavab verib qəlbində müxalif olsun.”1

Bəli, xüms Məsumlar (ələyhimussəlam) üçün maddi dəstəkdir, onlar xüms vasitəsi ilə dini yayır. Əgər bu işə şərik olsaq, onun mənəvi savabından da bəhrələnərik.


Xümsün fəlsəfəsi
Xümsün bir çox hikmət və fəlsəfəsi vardır. Onlardan bəzilərini qeyd edirik:

1) Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya etiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mənəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) dövründə hökumət qurulan vaxtdan vardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli təminat mənbəsi lazım idi. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, əlillərinə, xəstələrinə, himayəsizlərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq İmamın da təmin olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə də xüms vermək vacib olmuşdur. Xüms rəvayətlərdə İslam hökumətinin vergisi kimi qeyd olunub.1

2) Allah-təala İslam Peyğəmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin təmin olunması üçün xümsü vacib etdi. Allah onların payını Özü və Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) payına yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış şərait aradan götürüldü. Bəzi şəxslərin fəqirlərə zəkat verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms adlanan verginin ödənməsində məsələ isə tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.1

3) Xüms elə bir büdcədir ki, İmam (ələyhissəlam) nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazım bildiyi istiqamətlərdə sərf edir. Ayədə deyilən “Allaha məxsus olan (xüms)”, əslində Peyğəmbər üçündür. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) də onu istədiyi yerlərdə sərf edir.2

4) Xüms - insanın kamilliyi və inkişafı üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. İnsan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir.

5) Bu məktəbin əsas hədəfi olan İlahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin təmin olunması üçün xüms, çox böyük sərvətdir.

Həmin məktubda yenə də İmam Rza (ələyhissəlam) belə buyurur: “Xüms bizim Allahın dininə yardımımızdır.”1

Əlbətdə ki, xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri də ola bilər.
Bir şübhəyə cavab
Bəziləri belə düşünə bilər ki, xümsün bir hissəsinin seyyidlərə ayrılması bir növ ayrı seçkilikdir. Cavab olaraq deməliyik ki, uyğun hissə yalnız ehtiyaclı seyyidlərə xərclənir. Bundan əlavə onlara yalnız bir illik ehtiyacı verilə bilər. Demək, həmin hissədən yalnız iqtisadi çətinliyə düşmüş yoxsul, yetim uşaqlar faydalana bilir. Bundan əlavə, seyyid olmayan ehtiyaclılar öz ehtiyacını zəkatdan ödəyə bilər. Unutmamalıyıq ki, yoxsul seyyidlərin zəkatdan istifadə etmək hüququ yoxdur. Zəkat, cəmiyyətin ümumi büdcəsi sayılır. Belə görünə bilərdi ki, seyyidlərin zəkatdan məhrum edilməsi də onlara qarşı ayrı seçkilikdir. Amma İslam qanunlarında bütün təbəqələr nəzərdə tutulmuşdur. Seyyidlər xümsdən, seyyid olmayanlar zəkatdan pay alır. Seyyidlərin zəkatdan məhrum edilməsinin səbəbi ayrıseçkilik yox, bir imtiyazdır. Seyyidlər müəyyən məsləhətlər əsasında ümumi büdcədən istifadə edə bilməzlər.
Seyyidlik nə vaxtdan başlamışdır?
Çoxlarını düşündürən - Seyyidlik nə vaxtdan başlamışdır? - sualına cavab vermək istərdik: Seyyidlik Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) nəslində mövcud olan mənəvi bir şərəfdir. Onun nəslindən olan bu insanlara xüsusi hörmət göstərilir. Bu ehtiramın əsasını, şübhəsiz ki, həmin insanların Peyğəmbərlə (salləllahu ələyhi və əlihi və səlləm) qohumluq əlaqəsi təşkil edir. “Seyyid” ərəbcədən tərcümədə “ağa” deməkdir. Bu kəlmə Peyğəbər və İmamların (ələyhimussəlam) buyuruqlarında da işlədilmişdir.

Amma belə bir titul, seyyid olan şəxsə icazə vermir ki, İslam qanunlarını pozsun və özünü qanunlara münasibətdə başqalarından üstün saysın. Çünki Quran üstünlüyü yalnız təqvada görür.1

Bunu da qeyd etmək lazımdır ki, Allah-təala əməlləri yalnız təqvalı insanlardan qəbul edəcəkdir. Yəni hər kəs vacibləri yerinə yetirib haramlardan çəkinməsə, özünü qınamalıdır. Quran buyurur:

إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ

«Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir.»2

Buna görə də Allaha itaəti olmayan seyyidlər bilsinlər ki, istər Peyğəmbərin həyat yoldaşı, istər övladı, istərsə də əmisi və onun həyat yoldaşı belə Allah-təalanın əmrlərinə itaət etməsə, Axirətdə əzab içində olacaqlar.



Düşünək: “Əgər Peyğəmbərin əmisi, yaxud həyat yoldaşı yaxud da oğlu əzaba düçar olub əbədi Cəhənnəmdə yanacaqlarsa, onda görəsən, ibadət etməyən adi insanların aqibəti necə olacaq?!”

Deyilənlərdən nəticə çıxarmaq üçün Qurani-Kərimdən üç ayəni zikr edək:

ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُوا اِمْرَأَةَ نُوحٍ وَاِمْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ

»Allah kafirlər üçün Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir. Onlar bizim saleh bəndələrimizin (Nuh və Lutun) nigahında idi və hər ikisi onlara (Nuh və Luta) xəyanət etdi. Onlar (Nuh və Lut) öz həyat yoldaşlarından əzabı uzaqlaşdıra bilmədi. Onlara deyildi: “Başqaları ilə atəşə daxil olun!»1


وَنَادَى نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابُنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ فَلاَ تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنِّي أَعِظُكَ أَن تَكُونَ مِنَ الْجَاهِلِينَ
»Nuh Pərvərdigarına dedi: Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sənin vədən haqdır və Sən ən yaxşı hökm edənsən.” (Allah) buyurdu: “Ey Nuh, həqiqətdə onun əməli düz olmadığı üçün sənin ailəndən deyil. Buna görə də bilmədiyin bir şeyi Məndən bir daha istəmə. 2«

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ

«Bağışlayan və mehriban Allahın adı ilə. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır. Və onun odun daşıyan həyat yoldaşı da (Cəhənnəm oduna girəcəkdir). Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır.»1
Vergi ödəmək xümsü əvəz edə bilərmi?
Xüms –namaz, oruc və s. kimi İlahi və ibadi bir vacibatdır. Bu əməldə Allaha yaxınlıq qəsdi olmalıdır. Yəni bu əməllər Allah-təalanın əmrinə görə yerinə yetirilməlidir. Lakin vergi isə xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.
İki bəhanə
Bəziləri xümsü ödəməmək üçün bir sıra bəhanələr gətirir və Allahın vacib etdiyi bu hökmə etinasız yanaşırlar. Onlardan ikisini qeyd etmək istərdik:

Bəhanə 1: “Əgər xüms versəm, onda pulum azalar və çətin vəziyyətə düşərəm.”

Cavab: “İndiyə kimi xümsü ödəyən heç biri çətinliyə düşməmiş və müflis olmamışdır. Bağbanlar ilin müəyyən fəslində ağacların budaqlarını kəsirlər ki, həmin ağaclar yaxşı bar verib, bollu-bərəkətli olsunlar. Allaha iman gətirənlər də hər il xümsü ödəməklə var-dövləti çoxalmış və bərəkətli olmuşdur.



Bəhanə 2: “Allah məsləhət bilsəydi, mənə pul yetirdiyi kimi kasıba da yetirərdi. Deməli, məsləhət bilmir.”

Cavab: Bəli, Allahın hər şeyə qüdrəti çatır. Lakin O, sənin kamilliyə və Cənnətə yetişməyin üçün səni imtahan edir. Quran buyurur:


وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمْ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاء اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ
«Onlara – “Allahın sizə ruzi olaraq verdiyindən sərf edin!” - deyildikdə, kafirlər iman gətirənlərə – “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?” – cavab verərlər. (Allah onun ac qalmağını istəmişdir!) (Bilin ki,) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz.»1
Mühüm bir nöqtə: Xatırlatmaq lazımdır ki, xümsü ödəmək istəyən şəxslərə vacibdir ki, müəyyən olunmuş bir günü xüms ili təyin etsinlər. Lakin xüms ilinin təyini insanın öz ixtiyarında deyil və bu həqiqi və baş vеrəsi bir işdir. Yəni ilk dəfə işləməyə başladığı tarixi, yaxud ilk dəfə ələ gələn gəlirin tarixi “xüms ilinin əvvəli” təyin еdilməlidir. Belə ki, əgər bir şəxs indiyə kimi xüms verməyibsə və ya ilk dəfə işləməyə başladığı tarixini, yaxud ilk dəfə ələ gələn gəlirin tarixini “xüms ilinin əvvəli” təyin еtməyibsə, onda o, keçmiş xümsləri hesablamaq üçün təqlid etdiyi müctehidə, yaxud onun səlahiyyətli nümayəndəsinə müraciət etməli və keçmiş xümsləri həll etdikdən sonra həmin günü özünün “xüms ilinin əvvəli” təyin etməlidir.

Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xameneyinin fətvalarından:

Sual: 1004. Bir nəfər arxayındır ki, illik qazancından ilin sonuna qədər hеç bir şеy qalmayacaq və onun bütün mədaxil və qazancları il ərzində dolanışıq xərclərinə sərf olunacaq. Bunlarla yanaşı, o şəxsə özü üçün xüms ili təyin еtmək vacibdirmi? İlin əvvəlini müəyyənləşdirmək vacibdirmi? İlin axırına artıq bir şеy qalmayacağına arxayın olan adam özü üçün il əvvəli müəyyənləşdirməsə, hökmü nədir?


Cavab: Xüms ilinin başlanması mükəlləf tərəfindən müəyyənləşdirməklə dеyildir. O, həqiqi və baş vеrəsi bir işdir və qazanc mənbələrində məşğul olan şəxslərin qazanca başlaması, əkinçiliklə məşğul olanlar üçün məhsul yığımının gəlib çatması və fəhlə və qulluqçuların zəhmət haqlarının hasil olması ilə başlanır. İl başının sayılması və illik mədaxilin hеsablanması müstəqil şəkildə vacib dеyildir. Həqiqətdə bu, boynuna vacibi xümslərin gəlməsini bilmək üçün bir yol olduğuna görə vacib olmuşdur. Əgər onun qazancından bir şеy qalmasa və bütün qazandıqlarını dolanışıq xərclərinə sərf еtsə, onda ona hеç bir şеy vacib dеyildir.

Sual: 1005. Xüms ilinin başlanğıcı işə məşğul olunan birinci aydır, yoxsa ilk dəfə maaş alınan ay?

Cavab: Fəhlə və qulluqçular üçün xüms ilinin başlanması maaş alınan və ya alınması mümkün olan birinci gündür.

Sual: 1006. Xüms vеrmək üçün ilin başlancığını nеcə təyin еtmək olar?

Cavab: Fəhlə və qulluqçular üçün xüms ili onların işlərindən ilk dəfə qazanc hasil olan tarixdən başlanır. Amma ticarətçilər üçün, xüms ili onların al-vеrə başladığı tarixdən hеsablanır.1
4-Zəkat: Şəriətdə 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş) risalələrdə yazılmış bir sıra şəraitlə zəkat ödəmək vacibdir.

Zəkat – “təmizlik” mənasındadır. Yəni yuxarıda adı çəkilən malların təmizliyi. Zəkatı vacib olan doqquz şeyin hər biri “nisab həddi”nə (müəyyən bir həddə) çatdıqda, onun zəkatını vermək vacib olur. Məsələn: Beş dəvəsi olan bir qoyun, otuz inəyi olan bir dana, qırx qoyunu olan bir qoyun zəkat verməlidir. Demək, nisab həddinə çatmamış malların zəkatını vermək lazım deyil.

Zəkat – namaz, oruc və s. ibadətlər kimi həmişə insanlara vacib edilmişdir. Misal olaraq, Quranda İsmail Peyğəmbər (ələyhissəlam) haqqında belə buyurulur:

كَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّ

«O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.»1

Yaxud İsa Peyğəmbər (ələyhissəlam) haqqında buyurulur:


قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا

«(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə Kitab (İncil) verib və məni (bu yaşda) Peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam, mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.»2


Zəkatın tərki
Qurani-Kərimin “Maidə” surəsinin 12-ci ayəsində zəkat ödəmək zərurətindən danışılır və bildirilir ki, günahların bağışlanması və Behiştə daxil olmaq zəkatdan asılıdır:

لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ

«Əgər namazı bərpa etsəniz, zəkat ödəsəniz, mənim elçilərimə iman gətirsəniz, onlara yardım göstərsəniz, Allaha borc versəniz, sizinləyəm. (Belə olan halda) Pis işlərinizdən keçərəm, sizi altından çaylar axan Behiştlərə daxil edərəm.»

İslamda qazanc və sərvət müqabilində verilən zəkatın xüsusi əhəmiyyəti var. Zəkat ödəməkdən boyun qaçıranlar şiddətlə məzəmmət edilir. Cəmiyyətdə ictimai ədalətin bərpa olunmasında, yoxsulluqla mübarizədə, təbəqələr arası fərqlərin azaldılmasında zəkatın əhəmiyyətli rolu var. Zəkat insanın ruhunu və canını dünyapərəstlikdən təmizləyir, onu Allaha yaxınlaşdırır.

Zəkat cəmiyyətdəki yoxsullardan qabaq sərvət sahiblərinin özünə faydalıdır. Zəkat verilməyən cəmiyyətlərdə çox keçmir ki, sosial partlayışlar baş verir və varlıların bütün sərvəti təhlükə altına düşür. İmam Sadiq (ələyhissəlam) buyurur: “Yalnız zəkat ödənmədiyindən suda və quruda sərvətlər məhv olur. Sərvətinizi zəkat verməklə sığortalayın.”1

Bəşəriyyəti narahat edən ictimai problemlərdən biri də təbəqələr arasındakı fərqdir. Dövrümüz texnoloji tərəqqi dövrü olsa da, bu ayrıseçkilik aradan qalxmamışdır, yoxsullar və varlılar təbəqəsi bir-birindən seçilməkdədir. Bəziləri o qədər sərvət toplamışlar ki, öz kapitallarının hesabını bilmirlər. Bəziləri isə bir qarın çörəyə möhtacdır və aclıqdan əziyyət çəkir. Onlar üçün sadə məskən, sadə libas və sadə qidalar əlçatmazdır. Şübhəsiz ki, belə bir cəmiyyət heç vaxt həqiqi səadətin ləzzətini dada bilməz. Bu böyük problemlə mübarizə yollarından biri yoxsullara və ehtiyaclılara yardım göstərilməsi, ehsan edilməsidir.

وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنفِقُونَهَا فِي سَبِيلِ اللّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنوبُهُمْ وَظُهُورُهُمْ هَـذَا مَا كَنَزْتُمْ لأَنفُسِكُمْ فَذُوقُواْ مَا كُنتُمْ تَكْنِزُونَ
«Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ. O gün onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara deyiləcək): Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!»
Zəkat barəsində bəzi hədisləri nəzərdən keçirək:

1. İmam Sadiq (ələyhissəlam) buyurur: “Oğrular üç növ olur: Zəkata mane olanlar, qadınların mehriyyəsini halal sayanlar, qaytarmaq məqsədi olmadan borc alanlar.”1

2. Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Üç dəstənin namazı qəbul olmaz. Onlardan bir dəstəsi də zəkat ödəməkdən boyun qaçıranlardır.”2

3. İmam Sadiq (ələyhissəlam) buyurur: “Zəkat ödənməyən halda yoxsulluq və ehtiyac üzə çıxacaq.”3

4. Həzrət Əli (ələyhissəlam) buyurur: “Quranda “Maun” dedikdə, vacib zəkat nəzərdə tutulmuşdur. Zəkat ödəməkdən boyun qaçıran insan sələmçi kimidir. Malının zəkatını ödəməyən, müsəlman deyil.”4

Sual: Xüms və zəkatla “dövlət vergi”ləri arasında nə əlaqə var?

Cavab: Vergi - vətəndaşların dövlətə xidmət müqabilində ödədikləri puldur. Dövlət küçə və prospektləri asfaltlayır, asayişi təmin edir, pulsuz tibbi xidmət göstərir, təhsil müəssisələri açır. Demək, vergi gündəlik ehtiyaclarımıza xərclədiyimiz pullardan fərqlənmir. Xüms və zəkat isə yalnız məhrum təbəqənin problemlərinin həllinə sərf olunur. Əgər bu müqəddəs hökmlərə (xüms və zəkata) əməl olunarsa, onda İslam cəmiyyətində heç kəs yoxsulluqdan çətinlik çəkməz.
5-Həcc: İmkan olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə “Kəbə” evinin ziyarətinə getmək. Allah-təala Quranda buyurur:
فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ
«Orada (Kəbədə) aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. İmkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərdən ehtiyacsızdır!»1

Həcc ziyarətinə getmək İslamın vacib şərtlərindən biridir. Ümumiyyətlə, müqəddəs həcci ziyarət etməyə insan həm maddi, həm də fiziki cəhətdən hazır olmalıdır. Əgər onun fiziki sağlamlığı imkan vermirsə, həccə gedə bilməz. Həcc ziyarətinə gedən insanın maddiyatı özünü, ailəsini idarə edə bilməyə imkan verməli, onun evi olmalı, ailəsini yemək-içməklə təmin etməlidir. Əgər həccə getmək istəyən insanın ölkəsində müharibə varsa, yol qorxuludursa, pulu haramdırsa, o həccə gedə bilməz.

Həccə gedənlər gərək onun mahiyyətindən və hikmətindən xəbərdar olsunlar.

Rəvayətdə deyilir: İmam Sadiqin (ələyhissəlam) səhabələrindən biri həcc mərasimində O Həzrətə dedi: “Ya İmam, necə də çox hacı var!”


Həzrət (ələyhissəlam) buyurdu: “Həqiqi hacı azdır!”

Əlbətdə ki, “titul”a görə gedilən həcci Allah qəbul etmir. Paklıq, müqəddəslik, bir sözlə Allaha itaət - hacının əməlində özünü büruzə verməlidir.

Həccin bəzi əməllərinin hikmətini qeyd etmək istərdik:
Ehram1 libası
Ağ parçadan hazırlanmış bu libası hamı bir nəfər kimi geyinərək Allahın əmr etdiyi əməlləri yerinə yetirirlər. Ehram – hacılara kəfəni və Qiyamət gününü xatırladır. Sanki Allah xəbərdarlıq edir: “Ey insan ! Özünü başqalarından üstün tutma! Eqoist olma! Bu dünyada hər kim olsan da, son mənzilin qəbir evidir. Ölümü yadından çıxarma! Qiyamətdə hamı kimi sən də hüzurumda kəfənlə durub dünyada etdiyin əməllərə görə cavab verəcəksən.”

Ehram - yəni “haram etmək”! Hacılara ehram halında bir neçə şey haramdır və bunların da hikmət və fəlsəfəsi vardır. Misal olaraq:

1. Güzgüyə baxma! – yəni bununla da özünü yaddan çıxar.

2. Ətir vurma! – yəni burnuna dəyən xoş ətir həyatı yadına sala bilər. Burada fəza başqa bir ətirlə doludur. Allahın eşqini iylə, məst ol!

3. Kimsəyə göstəriş vermə! – yəni qardaşlığı, bərabərliyi dirilt!

4. Heç bir heyvanı incitmə, hətta həşəratları öldürmə! Hətta zorla uzaqlaşdırma! – yəni bu bir neçə günü Həzrət Məsih (ələyhissəlam) kimi yaşa!

5. Yerdən ot qoparma, sındırma! – yəni təbiətlə sülhdə yaşamağı öyrən! Təcavüz ruhunu özündə boğ!

6. Ov etmə! – yəni qəlbində bərkliyi öldür!

7. Cinsi yaxınlıq qadağandır. Hətta həvəslə baxma! – yəni qoy İlahi eşq, könlünü və qəlbini başdan-başa bürüsün! Və s.

Həcc - ümumi cəhətdən götürülərsə, insan vücudunun Allaha doğru hərəkətidir. Həcc - insanın yaranışının, İslam məktəbinin simvolunun nümayişidir və bu yaradıcı həcc - insanın öz qaranlıq və dar yuvasından Allahın nura qərq olmuş Kəbə evinə səfəridir.


Həcc - böyük İslam konfransıdır
Həcc dedikdə, Məkkədə Allah evinin ziyarəti, xüsusi bir proqramın icrası nəzərdə tutulur. Həcc ibadətinin də digər ibadətlər kimi böyük bərəkətləri var. Bu ibadət həm fərd, həm də cəmiyyət üçün xeyirlidir. Müsəlmanlar bu proqramı düzgün yerinə yetirərlərsə, həmçinin həccdən əyləncə və səyahət məqsədi ilə istifadə etməzlərsə, hər il bu böyük mərasimdən sonra İslam dünyasında böyük dəyişikliklər müşahidə olunar və bu da İslam mütəfəkkirlərinin böyük konfransı ola bilər.


Həccin təsirləri və yönümləri
Həcc mərasiminin bir sıra dəyərli təsirləri və yönümləri var:

Ruhi dəyişiklik və özünütərbiyə: Həccin ən mühüm fəlsəfəsi onun əxlaqi yönümüdür. Həcc əməlini yerinə yetirmək qərarına gəlmiş insan, dünya bər-bəzəyini bir kənara qoyub ehram libası geyir, bir sıra halal ləzzətlərə göz yumub özünütərbiyə proqramını yerinə yetirməyə başlayır. Həcc proqramının hər bəndini yerinə yetirən insanın Allaha bağlılığı güclənir. Öz qaranlıq keçmişindən uzaqlaşmış “Hacı” işıqlı gələcəyə addım atır. Onun həyat kitabında nurlu bir səhifə açılır. Bu səbəbdən də rəvayətlərdə deyilir: “Təkəbbürə yol vermədən həcc və ümrə üçün Kəbəyə üz tutan insan günahlardan təmizlənib, anadan doğulduğu vaxtdakı kimi pak olur.”1

Bəli, həcc - müsəlmanın dünyaya yenidən gəlişidir. Bu ibadət sağlam bir həyata atılan addımdır. Həcc ibadətini yerinə yetirən insanın qarşısında Həzrət İbrahim, İsmail, Hacər (ələyhimussəlam), İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) və onun yaxınlarının xatirələri və mücahidələri canlanır.



İslam ümmətinin birliyi: Həccin mühüm yönümlərindən biri onun siyasi yönümüdür. Bu əzəmətli mərasim müsəlmanların birliyində təsirli səbəb sayılır. Bu birliklə İslam dünyası ilə bağlı məlumatlar dünyaya yayılır, əsarət zəncirləri qırılır və ibadət ruhu siyasi gerçəkliklə bir araya gəlir.

Bəzi rəvayətlərdə həcc zəif insanların cihadı kimi təqdim edilir.2Bu cihadda hətta qoca kişilər və qadınlar səhnəyə çıxır, İslam ümmətinin gücü və əzəməti tam mənasında özünü göstərir. Allah evi ətrafında sıx şəkildə cərgələnmiş ümmət, öz vəhdət şüarları ilə İslam düşmənlərini qorxuya salır. Bəli, müsəlmanlar həcc mərasimlərində ixtilafdan, firqəçilikdən çəkinməli, qarşılıqlı anlaşmaya gəlib düşmən üzərində qələbə yolunu araşdırmalıdırlar.



İslam maarifinin yayılması: Həcc mərasiminin digər bir faydası onun mədəni və elmi yönümüdür. Həcc günlərində müxtəlif firqələrdən, zümrələrdən olan müsəlmanların rabitəyə qatılması İslam maarifinin dünyaya yayılmasında güclü amil (səbəb) ola bilər. Hələ Bəni-Üməyyə və Bəni-Abbas hökumətləri dövründə müsəlmanlar sıxıntıya salınmış İslam hökmlərinin yayılması üçün həcc mərasimindən faydalanırdılar. Onlar Məsum İmamlar (ələyhimussəlam) və böyük alimlərlə rabitəyə qatılaraq öz problemlərini həll edirdilər. Alimlər bu mərasimdə bir araya gəlib İslam maarifinin təbliği üçün yol axtara bilərlər.

İqtisadi dayaqların möhkəmləndirilməsi: Həccin digər bir yönümü iqtisadi yönümdür. Həcc mərasimindən faydalanmaqla İslam məmləkətləri öz iqtisadi dayaqlarını möhkəmləndirə bilər. Bu iş nəinki həcc amallarına zidd deyil, hətta bu mərasimin fəlsəfələrindən biridir.

İmam Sadiq (ələyhissəlam) Hişam ibn Həkəmin Həccin fəlsəfəsi ilə bağlı sualına cavab verərkən bildirir ki, bu İlahi vəzifənin faydalarından biri sərmayələrin bir şəhərdən o birinə hərəkətidir.1

Çox yaxşı olardı ki, müsəlmanlar bu mərasimdə İslam iqtisadi birliyinin bünövrəsini qoyaydılar. Əgər bu iş görülərsə, müsəlman məmləkətlərinin qazancı İslam düşmənlərinin cibinə axmaz, müsəlmanlar iqtisadi asılılıqdan qurtularlar.

Deyilənləri nəzərə aldıqda görürük ki, müsəlmanlar bu fürsətdən faydalanıb bir sıra problemlərini həll edə bilərlər.

Bəli, həcc ibadətinin siyasi ideoloji, mədəni, iqtisadi faydaları var. Olsun ki, elə bu səbəbdən İmam Sadiq (ələyhissəlam) buyurur: “Nə qədər ki, Kəbə evi yerindədir, İslam da yerində möhkəm dayanmışdır.”1

Amma çox əfsus ki, bütün bu faydalara göz yumur, həcc səfərini əyləncə və səyahətə çeviririk. Bəziləri bu səfərdən özününümayiş məqsədi ilə istifadə edir. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Elə bir dövr gələr ki, padşahlar əyləncə, varlılar qazanc, yoxsullar dilənmək üçün həccə gedər.”2


6-Cihad: Hər hansı bir ölkə tərəfindən müsəlmanlara hücum olunduğu təqdirdə, müsəlmanın canı, malı, namusu, dini və Vətəni təhlükəyə düşərsə, onları müdafiə etmək vacibdir. Quran buyurur:
انْفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللّهِ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

«Ağırlı və yüngüllü halda hamınız cihada qalxıb malınız və canınızla Allah yolunda vuruşun! Əgər bilsəniz, bu sizin üçün necə də xeyirlidir!»3



Cihad - İslamı zor gücü ilə başqalarına aşılamaq deyil. Cihad - İslamla insanlar arasında yaradılan maneləri aradan qaldırmaqdır. Bu ibadətin vasitəsi ilə İslamın yayılmasının qarşısını alan hər bir maneə aradan götürülür və bu zaman insanlara İslamı seçmək və ya seçməmək azadlığı verilir.

Qurani-Kərimdə “Kim Allahı qəbul eləməsə, onu öldürün” - deyə bir ayə yoxdur. Ümumilikdə cihad ayələrində deyilir: Sizinlə vuruşan və sizi öldürmək istəyən şəxslərə qarşı cihad edin!

Allah-təala hətta düşmənlərin hüquqlarını qorumaq əmrini belə verir. Bəqərə surəsinin 190-cı ayəsində buyurulur:

وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ
«Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın!1 Həqiqətən Allah həddi aşanları sevmir.»

Bu ayədən belə məlum olur ki, əgər bir nəfər sualını bildirmək və təhqiq etmək məqsədi ilə müsəlmanların yanına gəlsə, lakin yenə də İslamı qəbul etməyib, müsəlman olmasa belə, tüəhlükəsizliyi qorunmalı və sağ-salamat halda qaytarılmalı və heç kəs də ona etiraz etməməlidir.

İslam xəbərdarlıq edir: “Ey Vətən, din, namus uğrunda vuruşan döyüşçülər! Düşmən torpaqlarına daxil olduğunuz zaman uşaqlara, qadınlara, qocalara, xəstələrə toxunmayın və evləri dağıtmayın! Bilin ki, nəzarətdəsiniz etdiyiniz hər bir əmələ görə cavab verəcəksiniz.

Ciddi diqqət yetirilmiş mövzulardan biri Islam məmləkətinin sərhədlərini qorumaqdır. Sərhədçinin ən böyük işi odur ki, düşmənin ayağı İslam torpağına dəyməsin.

İmam Səccad (ələyhissəlam) öz dualarında məmləkətin sərhədləri üçün dua edir.

Cihad - behişt qapılarındandır. Allah-təala “Adiyat” surəsinin ilk ayələrində mücahidlərin atlarının nəfəsinə (tövşüməsinə), onların ayağından qalxan toza and içir. Öz haqları və namusu yolunda zalımlar və təcavüzkarlar qarşısında dayanmış millətlər bu yolda əzizlərini qurban verərək azadlıqlarını qoruyur və gələcək nəsillər tərəfindən sevilirlər. Amma xoş güzaran, ötəri ləzzətlər səbəbindən cihaddan boyun qaçıranlar və zillət libası geyənlər isə tədrici ölümə düçar olur, gələcək nəsillər tərəfindən məzəmmət edilirlər. Qurani-Kərimdə buyurulur:


إِنَّ اللَّهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُم بُنيَانٌ مَّرْصُوصٌ
«Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər1

Həzrət Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) “Cihad edin ki, övladlarınıza şərəf və əzəmət miras qoyasınız.”2

Allah-təala Vətən, din yolunda canını fəda edənləri yüksək qiymətləndirir. Belə ki, Quran buyurur:
وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
«Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir3

Unutmamalıyıq ki, bu gün İslam düşmənləri ilə mübarizə təkcə hərb sahəsinə aid deyil. İslamı əzəmətləndirən istənilən bir iqtisadi, elmi, ideoloji, siyasi təlaş - cihad sayılır. Ən önəmlisi İslamın müqəddəs məqsədlərini həyata keçirməkdir. Əl-ələ verərək biganələrin məkrli planlarını puça çıxarmaq hər bir müsəlmana vacibdir. Düşmənlərin İslam məmləkətlərinə uzanmış çirkin əlləri hər yolla kəsilməlidir.


7-8 Əmr be məruf və nəhy əz münkər: İslamda “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pisliklərdən çəkindirmək) adı ilə tanınan ümumxalq nəzarəti İlahi bir vəzifədir. Başqa sözlə desək, hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını vacib əməllərə və xeyr işlərə dəvət etməsi və həmçinin hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını qadağan və haram olan əməllərdən çəkindirməsi zəruridir.

Hər iki vəzifə dinin əməli hökmlərindəndir və vacib sayılır. İlahi vəzifəyə əməl etməyən insan günaha batır və onun üçün Axirət cəzası nəzərdə tutulur.

Allah-təala Quranda “əmr be məruf” və “nəhy əz münkər” edən insanları əməli saleh adı ilə vəsf edərək onlara mükafat verəcəyini vədə verir. Bu haqda Quranın bu iki ayəsini xatırladırıq:

يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ


«Onlar Allaha və Axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işləri görməyə tələsirlər. Onlar əməli salehlərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri mükafatsız qalmaz. Şübhəsiz ki, Allah müttəqi (pərhizkar) olanlara agahdır.»1

Əlbətdə ki, birinci növbədə “əmr be məruf” və “nəhy əz münkər” ailədən başlanmalıdır. Əgər ailə islah olunarsa, onda cəmiyyət də tez bir zamanda islah olunar. Xüsusilə ictimada baş verən fəsadın güclü dalğaları çox təhlükəlidir. Bu dalğaları zərərsizləşdirmək üçün valideyn öz övladının əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində olan vəzifələri bacardığı qədər dəqiq yerinə yetirməlidir.

Bəzi valideynlər müqəddəs və vacib bir vəzifə sayılan övlad tərbiyəsinə etinasız yanaşaraq övladlarının yalnız maddi yönümünü düşünür və bunun həlli üçün çarə axtarırlar. Onlar elə fikirləşirlər ki, uşağı yedirib-içirtmək, geyindirmək, məktəbə yola salmaq və xəstələnəndə dadına çatmaq lazımdır. Daha övladının mənəvi yönümü onları maraqlandırmır və onun əxlaqını tərbiyə etmək barədə ya düşünmək istəmirlər, ya da ağıllarına belə gəlmir. Əgər ata və ana həm özünün, həm də övladlarının səadətini düşünməsə, qarşıdan gələn əzaba hazırlaşmalıdır. Qurani-Kərim buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ


«Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun! Onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt və qüvvətli mələklər durmuşlar.»1

Rəvayətlərin birində belə deyilir: “Qiyamət günü övlad öz valideyninə şikayət edib deyəcək: Nə üçün məni haramla böyütdün? Nə üçün namazı mənə sevdirmədin? Nə üçün mənə doğru yolu nişan vermədin? Nə üçün dini mənə öyrətmədin?...Sonra övladlar Allah-təalaya belə deyəcəklər: İlahi! Ata-anamız doğru yolu göstərmək əvəzinə bizə zülm edib haqqımızı tapdaladı. İndi ki, bizi Cəhənnəmə aparırsan, valideyinlərimizi də bizdən ayır və onlara da Öz əzabını şamil et!” 2

Bu baxımdan da bütün insanlar istər ailədə, istərsə də cəmiyyətdə öz əməlləri və başqalarının əməllərinə görə məsuliyyət hiss etməlidirlər. Çünki, insanların taleyi bir-birindən asılıdır. İstənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.

Quran və hədis baxımından imanlı insanlar bir-birləri qarşısında məsuliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.

Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) belə buyurur: “Bilin ki, hamınız gözətçisiniz və gözətçi olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız. Belə ki, İslam hökumətinin başçısı bütün camaatın gözətçisidir və buna görə də o, məsuliyyət daşıyır. Kişi öz ailəsinin gözətçisidir və o, buna görə məsuliyyət daşıyır. Qadın da həmçinin ailəsinin gözətçisi və məsuliyyət daşıyanıdır. Agah olun! Hamınız məmursunuz və məmur olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız.”1

Allah-təala Qurani-Kərimdə əmr be məruf və nəhy əz münkəri müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar. “Ali-İmran” surəsinin 110-cu ayəsində belə buyurulur:

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ

«Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz.»



Bu vəzifəyə səhlənkarlıq göstərmək iman ruhunu zəiflədir, onun sütunlarını laxladır. Nəticədə, cəmiyyətə rəhbərlik, ləyaqətli insanların əlindən çıxır və şər insanların əlinə düşür. Bəli, əmr be məruf və nəhy əz münkər yoxsa, müsəlmanlar izzət zirvəsindən zillət uçurumuna yuvarlanırlar.

Bu İlahi göstərişin əhəmiyyətini lazımınca dərk etmək üçün dini rəhbərlərin bir sıra buyuruqlarını nəzərdən keçirək.



1. Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Mənim ümmətimin ən uca şəhidi zalım hakim qarşısında dayanıb, onu yaxşılığa çağıran, pislikdən çəkindirən və bu yolda öldürülən şəxsdir. Belə bir şəhidin yeri behiştdə Həmzə ilə Cəfər arasındadır.” (“Məalimul-qurbə fi əhkamul həsbə”, səh. 68.

2. Həzrət Əli (ələyhissəlam) buyurur: “Bütün yaxşı işlər, hətta Allah yolunda cihad belə əmr be məruf və nəhy əz münkərlə müqayisədə dənizlə müqayisədə damla kimidir.” (“Vəsail”, c.16, səh.134).

3. İmam Baqir (ələyhissəlam) buyurur: “Əmr be məruf və nəhy əz münkər Allahın vacib buyurduğu iki vəzifədir. Bu iki əmr vasitəsi ilə digər vacib əmrlər bərpa olar, yollarda əmin-amanlıq yaranar, qazanclar halal olar, insanların haqları təmin edilər, yer üzü abadlığa doğru gedər, Allah düşmənlərindən intiqam alınar, bütün işlər yoluna düşər.” (“Vəsail”, c.119, səh.6).

4. İmam Rza (ələyhissəlam) buyurur: “Əmr be məruf edib pisliklərin qarşısını alın! Yoxsa pis adamlar sizə hakim olar, yaxşılarınızın da duası qəbul olmaz.” (“Vəsail”, c.118, səh.4).

İnsanlar cəmiyyətə nəzarət etməyə və başqalarının rəftarlarına biganə qalmamağa borcludur. Hər bir müsəlman imkan həddində və müəyyənləşdirilmiş şərtlər əsasında insanları doğru yola çağırmalı, pis işlərdən çəkindirməlidir. Çünki əmr be məruf və nəhy əz münkərin tərki cəmiyyətin fəsada sürüklənməsinə, din və şəriət hökmlərinin yaddan çıxmasına səbəb olur. Nəticədə pak insanlar da fəsada uğrayır. Bu İlahi vəzifəyə əməl etməyənlər dünya və Axirətdə cəzalanır.

İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) bu barədə buyurur: “Bir dəstə insan gəmiyə minir. Onların hər biri gəmidə öz yerini tutur. Bu vaxt bir şəxs öz oturduğu yeri deşməyə başlayır. Ondan nə etdiyini soruşurlar?! Cavab verir ki, bu yer mənimdir və istədiyimi edirəm! Bu adamın qollarını bağlasalar, həm onun özünü, həm də başqalarını xilas etmiş olarlar. Əgər onun əllərini tutmasalar, həm özünü qərq edər, həm də başqalarını.”1

Rəvayətdən aydın görünür ki, ləyaqətsiz işlər qarşısında sükut etməyin əhatəli ağrıları var. Əgər həmin insanın qarşısı alınmasa, hamı suya qərq olar. Demək, cəmiyyətin hər bir üzvü vəzifəlidir ki, başqalarının əməlinə biganə qalmasın. Qurani-Məcid buyurur:

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
«Sizlərdən əmr be məruf və nəhy əz münkərlə tanış olan bir ümmət xalqı yaxşı işə çağırmalı, pis işlərdən çəkindirməlidir. Bu iki işi yerinə yetirənlər nicat tapmışlardır.»2

Başqa ayədə bir qrup günahkar lənətlənərkən buyurulur:

لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ

«İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.»1

Yaxşı olmazmı ki, özünü Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) ardıcıl sayanlar və O Həzrəti özünə nümunə hesab edənlər, “mənə nə?” deməyib, cəmiyyətdəki rəftarlara diqqətli olsunlar?!

İmam Hüseyn (ələyhissəlam) buyurur: “Ey insanlar! Allahın öz dostlarına verdiyi öyüddən ibrət alın! Allah-təala buyurur ki, «Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər.»2

Allah-təala bilir ki, bu iki vəzifəyə əməl olunmasa, istər asan, istər çətin bütün başqa vəzifələrin də yolu bağlanacaq. Çünki əmr be məruf və nəhy əz münkər İslama dəvətdir. Bu yolla məzlumun haqqı qaytarılır, sitəmkara qarşı çıxılır, beytül-mal3 və qənimətlər ədalətlə bölünür.4

Əmirəl-möminin Əli (ələyhissəlam) əmr be məruf və nəhy əz münkər vəzifəsinin əhəmiyyət və zərurəti haqqında buyurur: “Həqiqətən, Allah yer üzündə günah baş verərkən övliyalarına razılıq verməyib ki, onlar sakit dayansınlar, əmr be məruf və nəhy əz münkərdən çəkinsinlər.”1

Əmr be məruf və nəhy əz münkərin əhəmiyyət və zərurəti ilə tanış olduqdan sonra onu tərk etməyin dünya və Axirət təsirlərini araşdıraq:

1. İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Ya əmr be məruf və nəhy əz münkər edin, ya da İlahi əzab hamınızı bürüyəcək!”2

2. Yenə də buyurur: “Mənim ümmətim dünyaya üz tutsa, İslamın şövkətindən məhrum qalar. Əgər əmr be məruf və nəhy əz münkərdən əl çəksələr, vəhy bərəkətindən məhrum qalarlar.”3

3. Əmirəl-möminin (ələyhissəlam) buyurur: “Əmr be məruf və nəhy əz münkəri tərk etməyin! Yoxsa Allah şər bir qövmü sizə hakim edər və nəticədə nə qədər dua etsəniz də eşidilməz.”4


Bir neçə tövsiyə
1. Əmr be məruf və nəhy əz münkərdə məqsəd fərd və cəmiyyətin islahı olmalıdır. İnsan canıyananlıq, xoş niyyətlə bu işi görməlidir. Əmr və qadağada intiqam hisslərinə, kin-küdurətə yol verilməməlidir.

2. Əmr və qadağada imkan həddində lütf və məhəbbət göstərilməlidir. Bu üsul ən təsirli üsuldur. Sərt rəftarların gözlənilməz nəticələri də olur. Peyğəmbərlərin və İmamların (ələyhimussəlam) rəftarlarından aydın olur ki, məhəbbət göstərməklə ən yola gəlməz adamları da islah etmək olur.

3. Bəzilərinin əmr və qadağası təsirsiz qaldığı halda başqaları özlərini təsirli görərsə, bu yönümdə addım atmalıdır.

4. Bəzən bu İlahi vəzifəni yerinə yetirmək bir nəfərin əlindən gəlmir və bu işdə ümumi şəkildə hərəkət edilməlidir.

5. Əmr və qadağa vəzifəsinin öz çətinlikləri var. Çünki bəzi mənafepərəst insanlar həqiqəti asanlıqla qəbul etmir. Onlar bəzən insanları yaxşılığa çağırıb, pislikdən çəkindirənləri hədəfə alırlar. Demək, bu işdə səbirli və dözümlü olmaq, kiçik bir çətinlik gördükdə meydanı boş buraxmamaq lazımdır. Həzrət Loğman öz oğluna nəsihətlərində buyurur:

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

«Oğlum! Namaz qıl, insanları yaxşılığa çağır, pislikdən çəkindir. Bu işdə nə əziyyət çəksən, səbirli ol, sənin bu əməllərin sabitqədəmlik göstəricisidir.»1

6. Hazırkı dövrdə mədəniyyət mərkəzlərinin yaradılması, kitab nəşri, radio və televiziya proqramları insanların əqidə, əxlaq və əməlinə əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə çalışmaq çox mühümdür. Hər kəs öz gücündə bu yönümdə addım atmalıdır. Kütləvi informasiya vasitələrində gözəl əxlaq, insani keyfiyyətlər, İslam mədəniyyəti təbliğ olunmalıdır. Bu istiqamətdə çeşidli proqramlar həyata keçirmək, qeyri-İslami, açıq-saçıq layihələrdən çəkinmək lazımdır.
Əmr be məruf və

nəhy əz münkərin şərtləri
1. Bu vəzifəni yerinə yetirmək istəyən insan “məruf” və “münkəri” bir-birindən seçə bilməlidir. Nəyin yaxşı, nəyin pis olduğunu bilməyən şəxs uyğun vəzifəni yerinə yetirə bilməz.

2. Ehtimal olunmalıdır ki, əmr və qadağanın təsiri olacaq. Əgər deyilən sözlərin təsirsiz qalacağı məlumdursa, bu vəzifə vacib deyil.
Şoranlıq torpaqda sünbül cücərməz,

Toxumu zay etmə, başqa bir yer gəz!


3. Bu vəzifənin yerinə yetirilməsi daha böyük fəsad yaratmamalıdır. Əgər insan bilərsə və ya ehtimal edərsə ki, bu vəzifəni yerinə yetirməsi onun və başqalarının canı, şəxsiyyəti və malı üçün ciddi zərərə səbəb olacaq, belə bir halda əmr və qadağa haramdır.

4. Əgər əmr be məruf və nəhy əz münkər etmək istəyən insandan öncə kimsə bu işi görmüşsə və nəticə alınmışsa, əmr və qadağa vacib olmur. Başqaları onu yerinə yetirdiyi vaxt bu vəzifə insanın öhdəsindən qalxır.
Məndən qabaq demişlərsə bir sözü,

Qarışmağım yersiz olardı düzü.



Əmr be məruf və

nəhy əz münkərin mərhələləri
Bu mühüm vəzifəni yerinə yetirmək üçün dərəcə və mərtəbələr mövcuddur. Əgər aşağı mərtəbə ilə məqsədə çatmaq mümkün deyilsə, növbəti mərhələyə geçmək olar. Bu mərtəbələrlə tanış olaq:

1. Rəftarla hərəkət: İlk addımda günahkarla elə rəftar edilməlidir ki, o günaha görə bu rəftara məruz qaldığını hiss etsin. Məsələn, ondan üz çevirmək, xoş davranmamaq, get-gəli kəsmək nümunə göstərilə bilər.

2. Dillə hərəkət: Bu mərhələdə günahkara nəsihət verilir, o doğru yola çağırılır. Əgər moizə-nəsihət təsir etmirsə, sərt danışmaq lazımdır.

3. Əməli hərəkət: Əgər günahkarı zor göstərmədən pis işdən çəkindirmək və ya yaxşı işə sövq etmək mümkün deyilsə, ona güc göstərilməlidir. Amma bu addım qarşı tərəfin yaralanması və ya ölümü ilə nəticələnə bilərsə, özbaşına hərəkət etmək olmaz. Bu şəraitdə zəruri şərtlərə malik müctəhiddən icazə alınmalıdır.

Bəli, hörmətli oxucu! Ətrafdakıları yaxşı işə təşviq edib, pisdən çəkindirmək hər bir müsəlmanın vəzifəsidir. Əmr be məruf və nəhy əz münkərin mənası budur ki, xeyir əməllər artsın, pis işlər azalsın. Amma unutmaq olmaz ki, bu olduqca incə bir vəzifədir və başqalarının reaksiyasına səbəb olur. Onun öz şərtləri var və bu şərtlərə ciddi riayət etmək lazımdır:

a) Əmr və nəhy edən (əmr edib qadağa qoyan) insan yaxşı işi pis işdən seçə bilməlidir. Məbada, əmr be məruf və nəhy əz münkər adı altında kiməsə pis iş əmr olunsun, yaxşı işdən çəkindirilsin.

b) Qarşı tərəf, yəni əmr və qadağa ünvanı olan kəs günahda israrlı olmalıdır. Bir şəxs pis iş görüb sonra tövbə edərsə, ona münasibətdə əmr be məruf və nəhy əz münkər lazım deyil.

v) Əmr edən və ya qadağa qoyan kəs öz əmr və qadağasının təsirinə ümid etməlidir.

q) Diqqətli olmalıyıq ki, bizim əmr və qadağamız özümüzə və ya cəmiyyətə zərərli olmasın.

İstənilən bir halda qeyd olunan şərtləri nəzərə almaqla əmr be məruf və nəhy əz münkər vəzifəsini icra etmək cəmiyyətin islahına və əmin-amanlığına xidmət edir, həmçinin ağıl və şəriət baxımından bəyənilir.


9-10 Təvəlla və təbərra: Hər bir müsəlman “təvəlla” və “təbərra” göstərişinə əməl etməlidir və bu vəzifədən boyun qaçıran günaha batır.

Təvəllanın mənası sevmək, dost tutmaq deməkdir. Yəni hər bir müsəlmanın Allah-təalanı, Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm), Məsum İmamları (ələyhimussəlam) və onların dostlarını sevməsi;

Təbərranın mənası isə bizar və nifrət etmək deməkdir. Yəni hər bir müsəlmanın Allah-təalanın, Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm), Məsum İmamların (ələyhimussəlam) və onların dostlarının düşmənləri ilə düşmən və habelə onlardan bizar olması;

Təvəlla və təbbərra haqqında Allah-təala Qurani-Kərimdə belə buyurur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

«(Ey Peyğəmbər)! De: Mən sizdən öz risalətimin (peyğəmbərliyimin) əvəzində, Əhli-beytimə məhəbbət bəsləməkdən başqa heç bir əcr (mükafat) istəmirəm.»1

Mübarək ayədə gələn “Əhli-beyt” (ev əhli) Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) ən yaxınları ən əzizləri sayılır. Və bu şəxslər Həzrət Əli (ələyhissəlam), Həzrət Fatimə (səlamullahi ələyha) və Onların övladları (on bir İmam)dır.

Dost olmaq dedikdə, sadəcə qəlb istəyi yox, 12 Məsum İmama (ələyhimussəlam) və onların hər birinin üç məqamına etiqad nəzərdə tutulur:



1) Dini rəhbərlik (vilayət) məqamı.

2) Mühakimə məqamı.

3) Siyasi rəhbərlik məqamı.

Buna əsasən Məsumları (ələyhimussəlam) əməl və rəftarlarımızda nümunə götürmək vəzifəmizdir. Onların dini, siyasi məhkəmə və hüquqi göstərişlərini yerinə yetirmək vacibdir. Məsumların (ələyhimussəlam) söz və əməlləri dəlil sayılmalıdır. Əgər belə etmiş olsaq, təvəlla vəzifəsini yerinə yetirmişik.

Təvəlla vəzifəsini bildikdən sonra təbərra vəzifəsi də aydınlaşır. Yəni hər bir müsəlman Allah dostu olan Həzrət Əli (ələyhissəlam), Həzrət Fatimə (səlamullahi ələyha) və Onların övladları ilə düşmənçilik edənlərə düşmən olmalıdır. Vilayət (dini rəhbərlik) düşmənlərinin əməl və rəftarları heç bir sahədə dəlil ola bilməz və onlardan nümunə götürmək qadağandır. Təbərraya əməl etməsək, günaha batmış oluruq və buna görə cavab verəsiyik.

Məsumların (ələyhissəlam) nəzərində

təvəlla və təbərranın əhəmiyyəti
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Əlinin vilayəti (rəhbərliyi) Allahın vilayətidir, Ona məhəbbət ibadətdir. Əli vilayətinə tabeçilik İlahi vacib göstərişdir. Onun dostları Allahın dostları, Onun düşmənləri Allahın düşmənləridir. Onunla savaş Allahla savaşdır, Onunla sülh Allahla sülhdür.”1

Zürarə2 İmam Baqirin (ələyhissəlam) dilindən belə nəql edir: “İslam beş əsas üzərində qurulub: Namaz, zəkat, həcc, oruc və vilayət.” Zürarə sual edir ki, bu beş şeydən ən üstünü nədir? Həzrət (ələyhissəlam) buyurur: “Vilayət daha üstündür. Çünki o dörd şeyin açarı vilayətdir, vəliyy (İmam) insanları onlara yönəldir.”1

Əbuzər2 Həzrət Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) mübarək dilindən belə nəql edir: “Nuhun gəmisi onun qövmü üçün necə idisə, Mənim Əhli-beytim də sizin üçün elədir. Ona süvar olan nicat tapar, üz döndərən isə qərq olar.”3


Təvəlla və təbərranın rolu
Təvəlla və təbərra saleh əməllərin qəbulunda əsas şərtlərdən sayılır. Bu iki vəzifəyə əməl etməyən insanın heç bir əməli qəbul deyil. Bu mövzuda xeyli rəvayət nəql olunmuşdur.

1-İmam Səccad (ələyhissəlam) Həzrət Peyğəmbərdən (salləllahu ələyhi və əlihi və səlləm) belə nəql edir: “İbrahim ailəsi yad edilərkən sevinib, lakin Məhəmməd ailəsi yad edilərkən qəlbi nifrətlə dolan qövmlərin halı necə olacaq?! And olsun Məhəmmədin canı əlində olan Kəsə, Qiyamət günü yetmiş Peyğəmbərin əməlini gətirən kəs, Mənim və Mənim Əhli-beytimin vilayətindən uzaq olsa, əməlləri qəbul olunmaz.”4

2- Əbu Həmzə Somali1 nəql edir ki, İmam Baqirə (ələyhissəlam) dedim: “Ey Peyğəmbər oğlu, Sənə fəda olum, bir şəxs gündüz oruc tutub gecəni ibadət etsə, sədəqə versə və Sizin vilayəti qəbul etməkdən başqa bütün xeyir işləri görsə, necə olacaq? İmam (ələyhissəlam) gülümsünüb buyurdu: “Mən yer üzünün ən üstün yerlərində varam. Əgər bir bəndə ömrünün sonunadək daim rükn və məqam2 arasında səcdədə qalsa, amma bizim vilayəti tanımasa, ibadətdən bir fayda götürməz.”3

3-İmam Sadiq (ələyhissəlam) buyurur: “Bəndə Allah-təalanın hüzurunda dayandığı vaxt ondan ilkin olaraq vacib namazlar, zəkat, oruc, həcc və biz Əhli-beytin vilayəti soruşular. Əgər bizim vilayəti qəbul edib bu etiqadla ölsə, (onda) namazı, orucu, zəkatı, həcci qəbuldur. Əgər Allah hüzurunda bizim vilayəti təsdiqləməsə, Allah onun heç bir əməlini qəbul etməz.”4

4-İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) bu mövzuda buyurur: “Əgər bir şəxs ömrünün bütün gecələrini ibadətdə, bütün gündüzlərini oruc tutmaqla keçirsə, bütün sərvətini sədəqə versə, ömür boyu həccə getsə, amma Allah vəlisinin vilayətini tanımasa, Allahdan mükafat gözləməsin, o möminlərdən sayılmayacaq.”5
Yerin fələklərin qoynunda olsa,

Varlığın Kövsərdən əgər can alsa,

Miskinsən, fəqirsən, boşdadır əlin,

Nəzərin Əlidən kənarda qalsa.


5-Digər bir rəvayətdə Allahın Rəsulu (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Hər kəs dövrünün İmamını tanımamış ölsə, yəni itaəti vacib olan İmamı tanımasa, cahiliyyət və bütpərəstlik dövrünün adamları kimi ölmüşdür.”1

6-Zəməxşəri, Fəxr Razi kimi böyük alimlər belə bu hədisi mötəbər saymağa məcbur olmuşlar: Rəsuli-Əkrəm (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Məhəmməd ailəsini sevən halda ölən, şəhid ölmüşdür, Məhəmməd ailəsini sevən halda ölən, bağışlanıb ölmüşdür, Məhəmməd ailəsini sevən halda ölən, tövbəkar ölmüşdür, Məhəmməd ailəsini sevən halda ölən, kamil imanla ölmüşdür... Məhəmməd ailəsinə düşmən vəziyyətdə ölən kafir olaraq ölmüşdür. Məhəmməd ailəsinə düşmən halda ölən Behişt ətri duymayacaq.”2

Bu iki alim də digər alimlər kimi hədisi ört-basdır edə bilmədiklərindən onun mənasını təhrif etmiş, bildirmişlər ki, hədisdə qəlb məhəbbəti nəzərdə tutulur. Həqiqətdə isə bu hədisdə məqsəd tək qəlb məhəbbəti yox, itaət də nəzərdə tutulmuşdur.

Əhli-beytə (ələyhissəlam) məhəbbəti təvəlla və təbərra kimi iki vəzifəni digər əməllərin qəbulu üçün şərt saymalıyıq. Onların dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik müsəlmana şəxsiyyət, hörmət gətirir.
Bülbülü tanıdan eşqidir inan,

Bir mücəssəmədir sevgisiz insan.




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə