Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya



Yüklə 43,05 Kb.
səhifə9/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Texnologiyalar

qeyri-kommersiya əsasında:

  • xüsusi ədəbiyyatlar üzrə informasiya massivləri, kompüter informasiya bazaları, sorğu kitabları, işgüzar oyunlar və s.;

  • konfranslar, sərgilər, simpoziumlar, seminarlar, klublar və s.;

  • tələbələrin, alimlərin və mütəxəssislərin xaricdə təhsil almağa, ixtisasartırmaya, təcrübəyə göndərilməsi;

  • çarpaz lisenziyalaşdırma;

  • alim və mütəxəssislərin beynəlxalq miqrasiyası, o cümlədən “büyin axını”.

  • kommersiya əsasında:

    • istehsala tətbiq edilmiş texnologiyaların satışı;

    • birbaşa xarici investisiyalar və onları müşaiyət edən müəssisələrin, firmaların, istehsalların tikintisi, yenidənqurulması və modernləşdirilməsi;

    • patent və nou-hau lisenziyalarının satışı;

    • birgə kollektivlərin yaradılması, mütəxəssislərin xaricdə çalışması yolu ilə birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi;

    • elmi-tədqiqat işlərinin koordinasiyası və kooperasiyası;

    • lizinq;

    • injinirinq;

    • konsaltinq;

    • portfel investisiyaları.

    Yuxarıda göstərilən iki əsas istiqamətdən başqa sənaye casusluğu və texniki piratçılıq formasında mövcud olan texnologiyaların qeyri-leqal ötürülməsi də mövcuddur.

    Əksər ölkələrdə yeni texnologiya bir və ya bir neçı hüquqi alətlərlə - patentlərlə, lisenziyalarla, kopiraytlarla, əmtəə nişanları ilə qorunur.



    • Patent. Bu, səalhiyyətli hökumət orqanı tərəfindən ixtiraçıya verilən və onun bu ixtiradan istifadə edilməsinə inhisar hüququnu təsdiqləyən şəhadətnamədir. Patent mülkiyyətçiyə ixtira üzərində mülkiyyət hüququ verir ki, bu da adətən əmtəə nişanının və sənaye nümunəsinin qeydiyyata alınması ilə daha da gücləndirilir. Bazara buraxılan əmtəələrin demək olar ki, hamısı patentləşdirilmiş əmtəələrdir. Patentin fəaliyyət müdəti adətən 15-20 illə məhdudlaşır və o, yalnız verildiyi ölkənin ərazisində fəaliyyət göstərir. Heç də bütün ixtiralar patentlə qoruna bilməz. Ixtiranın patent qabiliyyətliliyi o deməkdir ki, bu zaman ixtira yeni maşın və ya texnoloji proseslərin yaradılması ilə qarşıya qoyulmuş vəzifələrin texniki həlləri təklif edir, ixtirada yenilik mövcuddur, ixtira texniki vəzifənin adi mühəndis həllinin səviyyəsini yüksəldir və o, praktik olaraq tətbiq edilə bilər. Patentin qüvvədə qalması üçün qanunvericilik dövri olaraq kifayət qədər yüksək patent rüsumlarının ödənilməsini tələb edir. Buna görə də, patent sahibi çox zaman ixtiradan istifadə hüququnu ondan kommersiya məqsədləri üçün istifadə edə biləcək tərəfə ötürür.

    • Lisenziya. Patentlə qorunan və ya qorunmayan texnologiya sahibi (lisenziar) tərəfindən maraqlı tərəfə (lisenziata) bu texnologiyadan müəyyən müddətə və müəyyən haqqa görə istifadə üçün verilən icazədir.

    • Kopirayt (təkrar istehsal hüququ). Ədəbi, audio və video əsərlər müəllifinin öz işi üzrə nümayiş və təkrar istehsala müstəsna hüququdur.

    • Əmtəə nişanı. Əmtəə istehsalçısının fərdiləşdirilməsi üçün istifadə edilən və digər təşkilatlar tərəfindən sahibinin rəsmi icazəsi olmadan istifadə edilə bilinməyən simvoldur. Əmtəə nişanı kimi adətən şəkil, qrafik təsvir, hərf birləşmələri, korporasiyanın banisi və ya sahibinin adı çıxış edir. Əmtəə nişanı, onun mənsubluğu heç kim tərəfindən mübahisə obyektinə çevrilməyibsə, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində istifadə edilə bilər. Əmtəənin ixracı halında isə əmtəə nişanı adətən ixrac ölkəsində qeydə alınır.

    Texnologiyaların beynəlxalq ötürülməsi aşağıdakı əsas formalarda həyata keçirilə bilər:

    • Patent sazişləri. Bu beynəlxalq ticarət sazişi zamanı patent sahibi özünün ixtiradan istifadə hüququnu patent alıcısına verir. Adətən kiçik, dar ixtisaslaşmaya malik firmalar özləri ixtiranı istehsala tətbiq etmək imkanına malik olmadıqlarından patentləri iri şirkətlərə satırlar.

    • Lisenziya sazişləri. Bu beynəlxalq ticarət sazişləri zamanı ixtira və ya texniki biliklər mülkiyyətçisi digər tərəfə müəyyən çərçivə daxilində texnologiyadan istifadəyə icazə verir.

    • Nou-hau”. Özündə texnoloji, iqtisadi, inzibati, maliyyə xarakterli məlumatları əks etdirən texniki təcrübə və istehsal sirlərinin təqdim edilməsidir. Bu məlumatlardan istifadə müəyyən üstünlükləri təmin edir. Bu halda alqı-satqə predmeti kimi adətən kommersiya dəyərinə malik patentləşdirilməmiş ixtiralar çıxış edirlər.

    • İnjinirinq. Alınmış və ya icarəyə götürülmüş maşın və avadanlıqların əldə edilməsi, montaj edilməsi və istifadə edilməsi üçün zəruri olan texnoloji biliklərin təqdim edilməsi nəzərdə tutulur. Onlara layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, məsləhətlərin verilməsi, nəzarətin, layihələşdirmənin, sınaqların, zəmanət xidmətinin və zəmanətdən sonrakı dövr üçün xidmətin həyata keçirilməsi üzrə geniş tədbirlər kompleksi aiddir.

    Bundan başqa, kommersiya şərtləri ilə texnologiya ölkələr arasında bağlanan sənaye əməkdaşlığı haqqında, elmi-texniki və istehsal kooperasiyası haqqında, investisiya əməkdaşlığı haqqında sazişlər çərçivəsində və bir çox digər təşkilati-hüquqi fornalarda ötürülür. Texnologiyanın beynəlxalq ötürülməsi üzrə qeyri-kommersiya əsasında keçirilən tədbirlər sırasına sərgilər, elmi konfranslar, simpoziumlar, nəşrlərlə mübadilə və s. aiddir.

    Texnologiyanın beynəlxalq hərəkətinin əsas forması lisenziya ticarətidir. Onun predmeti kimi ixtiraların, texnoloji təcrübənin, sənaye sirlərinin və kommersiya biliklərinin ötürülməsi üzrə patentli və patentsiz lisenziyalar çıxış edir. Əksər hallarda alqı-satqının predmeti kimi patentləşdirilmiş ixtiradan xaricdə istifadə hüququ çıxış edir. Texnologiyanın ötürülmə üsuluna görə, lisenziya sazişləri müstəqil və müşaiyətedici sazişlərə bölünür. Birinci halda texnologiya və ya texnoloji biliklər onların maddi daşıyıcısından asılı olmayaraq ötürülür. İkinci halda isə lisenziyalar texnoloji avadanlığın təqdim edilməsi və injinirinq xidmətlərinin göstərilməsi üzrə daha geniş müqavilə çərçivəsində verilir.

    Lisenziyalar lisenziya sazişi əsasında satılır. Bu sazişdə lisenziyanın növü (patentli, patentsiz), xarakteri və texnologiyadan istifadə hüququnun həcmi (adi, müstəsna, tam), lisenziya predmetindən istifadənin istehsal sferası və ərazi sərhədləri öz əksini tapır.


    • Patentli lisenziya. Müvafiq “nou-hau” olmadan patentdən istifadə hüququnun ötürülməsini təsdiqləyən sənəddir.

    • Patentsiz lisenziya. İxtira üzrə patent olmadan “nou-hau”dan istifadə hüququnu təsdiqləyən sənəddir.

    • Qeyri-müstəsna lisenziya. Lisenziara bu texnologiya üzrə lisenziyanı həmin ərazidə digər lisenziatlara da ötürmə hüququnu saxlayan lisenziyadır.

    • Müstəsna lisenziya. Lisenziata texnologiyadan istifadə üzrə inhisar hüququ verən və lisenziarın patentləşdirilmiş texnologiyadan və “nou-hau”dan müstəqil istifadə etməkdən və onların müəyyən ərazidə satışından imtinasını nəzərdə tutan lisenziyadır.

    • Tam lisenziya. Lisenziata patentdən və ya “nou-hau”dan istifadə üzrə saziş müddəti ərzində müstəsna hüquq verən və lisenziarın bu müddət ərzində lisenziyanın predmetindən müstəqil istifadə etməkdən imtinasını nəzərdə tutan lisenziyadır.

    Lisenziya sazişi adətən lisenziya məhsulunun sərbəst ixracı hüququnu və ya onun müəyyən dərəcədə və ya tam surətdə qadağan edilməsinin nəzərdə tutur. Ona adətən belə bir şərt də əlavə edilir ki, lisenziar sazişin fəaliyyətdə olduğu müddətdə lisenziya texnologiyasının məruz qaldığı təkmilləşdirmələr barədə lisenziata informasiya verməlidir.

    Lisenziya ödəmələri lisenziat tərəfindən sazişin predmetindən istifadəyə görə lisenziara ödənilən mükafatdır.

    Əsasən aşağıdakı lisenziya ödəmələri növlərindən istifadə edilir:



    • Royalti. Sazişin fəaliyyətdə olduğu müddət ərzində alıcının lisenziyanın kommersiya istifadəsindən əldə etdiyi gəlirdən mənfəətin həcmindən asılı olan dövri köçürmələr nəzərdə tutulur. Royalti fiksə edilmiş faiz dərəcəsi şəklində müəyyən edilə və lisenziat tərəfindən müəyyən edilmiş zaman kəsikləri üzrə (illik, rüblük, aylıq, müəyyən tarixə görə) ödənilə bilər. Onlar mənfəətin həcmindən, satışın məbləğindən buraxılma qiymətindən asılı olaraq hesablana bilərlər. Royalti üzrə faiz dərəcələri adətən 3-5% təşkil edir. Daha yüksək royalti dərəcələri adətən sazişin qüvvədə olduğu birinci il ərzində və istehsal edilən əmtəələr ixrac edildiyi halda müəyyən edilir.

    • Pauşal ödəmə. Sazişdə müəyyən edilmiş birdəfəlik ödəmədir. Bu ödəmə lisenziyanın faktiki istifadəsi müddəti ilə əlaqəli deyil və əvvəlcədən ekspert qiymətləndirməsi əsasında müəyyən edilir. Bu tip ödəmədən adətən avadanlıq komplektlərinin satışı zamanı istifadə edilir. Bu zaman texnologiyanın dəyəri avadanlığın dəyərinə daxil edilir, lisenziat lisenziarın texnologiyadan istifadə üzrə sonrakı nəzarətindən qaçmaq imkanı əldə edir.

    • Gəlirdə iştirak. Lisenziatın lisenziya predmetindən kommersiya istifadəsi üzrə əldə etdiyi gəlirin bir hissəsinin lisenziarın hesabına köçürülməsi nəzərdə tutulur. Adətən lisenziarın lisenziatın mənfəətində iştirakı müstəsna lisenziyanın təqdim edilməsi zamanı 30% səviyyəsində, qeyri-müstəsna lisenziyanın təqdim edilməsi zamanı isə 10% səviyyəsində müəyyən edilir.

    • Mülkiyyətdə iştirak. Təqdim edilmiş lisenziyaya görəödəmə kimi lisenziatın lisenziara öz müəssisənin səhmlərinin bir hissəsini verməsidir. Bu ödəmə növündən ən çox transmilli şirkətlər istifadə edirlər. Bu zaman məqsəd onların texnologiyalarından istifadə edən xarici müəssisələr üzrəində nəzarət əldə etməkdir.

    Lisenziya ticarəti hazırda beynəlxalq ticarətin ən dinamik inkişaf edən sektorlarından biridir ki, bunu da aşağıdakılarla izah etmək olar:

    • bəzi qiymətləndirmələrə görə, lisenziyaların və müvafiq injinirinq xidmətlərinin əldə edilməsi və sonradan onların tətbiqi müəssisənin texniki tərəqqisini təxminən 7-8 il müddətinə irəli atır;

    • lisenziya alışı elmi tədqiqatlara və onların nəticələrinin istehsalata tətbiq edilməsinə çəkilən xərcləri 4-5 dəfə aşağı salmağa imkan verir;

    • xarici lisenziyanın əldə edilməsinə sərf edilmiş bir şərti maliyyə vahidi 3-6 şərti maliyyə vahidinə (Yaponiyada isə 16) bərabər olan iqtisadi səmərə yaradır;

    • lisenziya sazişlərinin qüvvədə olduğu müddətdə xarici lisenziyanın istifadə edilməsindən əldə edilən iqtisadi effekt bu lisenziyaların əldə edilməsinə çəkilmiş xərci azı 10 dəfə üstələyir.

    Lisenziyalarla beynəlxalq ticarətin formalarından biri françayzinqdir. Son 30 ildə geniş vüsət almış “françayzinq” termini “franchize” (güzəşt, üstünlük) fransız sözündən irəli gəlir və adətən belə bir məna kəsb edir ki, şirkətlərdən biri (“françayzer”) digərinə (“françayzi”) özünün geniş tanınan firma çeşidlərindən istifadə etməyə icazə verir.

    Françayzinqin üç növü fərqləndirilir: istehsal, ticarət (əmtəə) və lisenziya (işgüzar) françayzinqləri.




    Yüklə 43,05 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   5   6   7   8   9   10   11   12   ...   19




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə