Mənə çörək verib böyütmədilər
Kimsəyə bir ziyan yetirim deyə.
Məni böyütdülər kədərə sevinc,
Zülmətə nur, işıq gətirim deyə!
Gecələr, gündüzlər yuxusuz qalıb,
Onlar məndən ötrü nələr etmədi.
Bülbül nəğməsini gülsüz, çiçəksiz,
Atam da, anam da mənsiz ötmədi!
Heyhat, qovruluram, sızıldayıram
Mən yazıq nə vaxtdan, haçandan bəri.
Dönüb başdaşına atam, anam da,
Bürüyüb sükutu qərib çölləri!..
1992
Düşməmişdim mən
Atam can verəndə canım çıxırdı,
Gözümdən selləmə qan-yaş axırdı.
Məni kədər boğub, qüssə yıxırdı,
Heç elə bir günə düşməmişdim mən!
Qayam titrəyirdi, dağım əsirdi,
Çölüm əsnəyirdi, bağım əsirdi.
Solum göynəyirdi, sağım əsirdi,
Heç elə bir günə düşməmişdim mən!
Atasız olmaqdan ağır dərdmi var,
Atalı günlərim çiçəkli bahar!
İndi yolum qubar, izim ahızar,
Heç elə bir günə düşməmişdim mən!
May, 1992
Qəbristana gedəndə
Atam, anam dəfn olunub yan-yana,
Ölüm haqdır anlayana, qanana.
Az qalır ki, bədənimdə qan dona,
Mən hər dəfə qəbristana gedəndə!
Gücüm çatmır haraylayım, oyadım,
Çiçək açsın ürəyimdə muradım.
Bu nə sirdi qırıldı qol-qanadım,
Mən hər dəfə qəbristana gedəndə!
İnanmazdım ölümünə, qəbrinə,
Heyrət qaldım buradakı səbrinə.
Dedim sirdi, möcüzədi, yoxsa nə?!
Mən hər dəfə qəbristana gedəndə!
Buludlara həmdəm oldum, ağladım,
Saçlarımı elə yoldum, ağladım.
Başdaşına baxıb doldum, ağladım,
Mən hər dəfə qəbristana gedəndə!
Mənə baxıb gül-çiçəklər ağladı,
Qulançarlar, çiyələklər ağladı.
Panamalı göbələklər ağladı,
Mən hər dəfə qəbristana gedəndə!
Atam, anam dəfn olunub yan-yana,
Ölüm haqdır anlayana, qanana.
Az qalır ki, bədənimdə qan dona,
Mən hər dəfə qəbristana gedəndə!
1992
Qəbristanda
Harayladım oyanmadız,
Sən, ey atam, ey anam!
Gəlişimi duyanmadız,
Sən, ey atam, ey anam!
Gəlmişdim ki, görəm sizi,
O mehriban çöhrənizi.
Eşitmirsiz bəs bu səsi,
Sən, ey atam, ey anam!
Keçin bir az səbrinizdən,
Bir boylanın qəbrinizdən,
“Nə var, nə yox” sorum sizdən,
Sən, ey atam, ey anam!
1993
Atamın xatirəsinə
Xatirimdən şəklin, əksin silinməz,
Xoş avazın, hayın, səsin silinməz.
Mənim üçün ölümün də bilinməz,
Hər vaxt mənim yadımdasan, ay dədə!
Unutmaram o çəkdiyin zəhməti,
Bəsləyirəm sən əkdiyin qeyrəti.
Şirin olur alın tərin neməti,
Halal axan qanımdasan, ay dədə!
Bu dünyada qeybət nədir, bilmədin,
Rütbə nədir, şöhrət nədir, bilmədin.
Bir doyunca sevinmədin, gülmədin,
Şerimdəsən, mahnımdasan, ay dədə!
Gecə-gündüz ha əlləşdin, çalışdın,
Günəş kimi alovlandın, alışdın!
Zəhmət, hünər dəstəsinə qarışdın,
Arzumdasan, kamımdasan, ay dədə!
Sən doğmasan, mən doğmaca balanam,
Bir şairəm xəyallara dalanam, -
Xoş ətrini yazdığımdan alanam,
Şöhrətimdə, şanımdasan, ay dədə!
İyul, 1992
Atamın ruhuna
Ata məzarının üstünə gəldim,
Məzar həmindi,
Sən demə, qərq olan dərin dəryada,
ata, gəmindi!
Sükan – başdaşından tutub,
dayandım.
Min xəyal içində
mən səni andım!..
Öpüb başdaşını,
silib, yaladım,
İsti öpüşlərim soyuq daşında
yazı kimiydi,
Belə bir cümləydi, cümləyə oxşar,
gözümə dəydi:
-
Mən səndən ayrılmaq
istəməsəm də,
gedirəm gözümdə, könlümdə
qəm də!..
1994
Anam
Gecələr ömrümə qazandın səhər,
Sinəndə nə qədər arzu var, anam.
Laylanla yaranıb şirin nəğmələr,
Mənim şair anam, bəstəkar anam!
1971
Anam belə söyləyərdi
Şərəf anam şərəf idi,
Gözəlliyə tərəf idi.
Xoş istəyə hədəf idi,
Anam belə söyləyərdi,
Vaxtsız getdi o deyərdi!
Yadındamı ağıları,
Kədər, qüssə, qəm, qubarı...
Anasızlıq - xəzan qarı,
Anam belə söyləyərdi,
Vaxtsız getdi o deyərdi!
1971
Səninlə öyünən
Ana itirmişəm, anasızam mən,
Dupduru gölləri sonasızam mən.
Elə bil yersizəm, səmasızam mən,
Günlərim dumandı, aylarım çəndi!
O, dünən qayıdıb xəstəxanadan,
Sağ olsun ananı evə qaytaran.
Şahiddir bax buna bu dağ, bu aran,
Anam ölməyibdir, inan, bu çindi!
Mən onda arxayın yatıb-duraram,
Bilərəm arxamda vardır dağ anam.
Üzü günəş anam, üzü ağ anam,
Mən sənsiz tapmaram getdiyim səndi!
Sənsən nurum mənim, işığım mənim,
Ən gözəl büsatım, xoş çağım mənim.
Çağlayan şəlaləm, bulağım mənim,
Sənin tək öyünüb səninlə təndim!
1992
Mənim anam
Uşaqlıq illəri gəzib gələrdim,
Elə sevinərdim, elə gülərdim.
Yanımda sən varsan,
daim bilərdim,
Yolumda yox idi çən mənim anam!
Səni sağlam görüm, səni sağ görüm,
Hər vaxt alnı açıq, üzü ağ görüm.
Bax belə mehriban, belə şux görüm,
Düşməsin saçına dən mənim anam!
1974
Bu dünyada
Atam tatdı, anam ləzgi,
Var köməyim, arxam iki.
Mənə doğma onlar təki
Kimim vardır bu dünyada?!
Dar ayaqda, çətin anda,
Əlllərindən tez tutan da,
Dərdlərimi qurudan da
Dostları ilə paylaş: |