Möhtəşəm fərman


Hövzə tələbələrinin məişətinin xalq tərəfindən təmin olunmasının zəruriliyi



Yüklə 1,37 Mb.
səhifə10/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Hövzə tələbələrinin məişətinin xalq tərəfindən təmin olunmasının zəruriliyi


Əlbəttə, hövzə tələbələrinin məişəti ənənəvi, çox mənalı və məqsədli olaraq xalq tərəfindən təmin olunmalıdır; xalq şəriət ödənişlərini verməlidir. Bu mənim fikrimdir. İnsan bəlkə də yüz, yüz əlli il öncədən bizim hövzələrimizdə mövcud olan bu qədim adətin dərinliklərinə diqqət yetirdikdə onun daha önəmli, mənalı və məqsədli olduğunu müşahidə edir. Xalqın hövzələrlə güclü rabitəsinin sirri budur; buna görə doğmalıq hiss edirlər. Xalq ruhanidən çox şey gözləmir, lakin özünü hövzələrin və ruhanilərin maddi təminatına borclu bilir; doğrusu da budur.

Hövzələrin işi isə yalnız məişət məsələsi deyil. Hövzələrin elə işləri var ki, müsəlmanların beytülmalının və hökumətlərin köməyi olmadan onların həyata keçməsi imkansızdır. Hökumətlər bu büdcələri təmin etməli və eyni zamanda onların işinə qarışmamalıdırlar. Müxtəlif şəhərlərdə olan bir çox mühüm mədrəsələr əmirlər, sultanlar və hakimlər tərəfindən tikilmişdir. Məşhəddə bir-birinin yanında üç mədrəsə tikilib: Nəvvab, Baqiriyyə və Hacı Həsən mədrəsələri. Onların hər biri bir Səfəvi şahının dövründə şahın, yaxud əmirlərinin fərmanı ilə tikilmişdir; eybi yoxdur. Zəxirə və Kifayə kitablarının müəllifi olan Mühəqqiq Səbzəvarinin – Molla Məhəmmədbaqir Səbzəvarinin tədris etdiyi Baqiriyyə mədrəsəsi onlar tərəfindən tikilmişdir. Bunun eybi yoxdur; pul xərcləməli və müdaxilə də etməməlidirlər. Hövzə başucalığı və vüqarla quruluşun müxtəlif dəstəklərini qəbul edir. Bu gün quruluşun elmi hövzələrə etdiyi, etməli və daha da artırmalı olduğu bu dəstəklər onun borcudur. Bunlar yalnız maddi dəstəklə bitmir. Bu gün Allaha şükür olsun ki, ən mühüm və ən geniş tribunalar elmi hövzə alimlərinin ixtiyarındadır, böyük təqlid müctəhidlərinin ixtiyarındadır. Bunlar dəstəkdir, quruluşun himayələridir. Qeyd etdiyim rabitəyə əsasən, İslam quruluşu bu dəstəkləri verməlidir. Deməli, müdaxilə və müstəqillik məsələsini bununla qarışdırmaq olmaz.


Hövzənin və İslam quruluşunun bir-biri ilə sıx rabitəsi


Həqiqət budur ki, bu iki böyük varlıq - yəni İslam quruluşu və onun qəlbində yerləşən elmi hövzələr bir-biri ilə əlaqəlidirlər, taleləri birdir. Bunu hamı bilsin. Bu gün bu torpaqda ruhaniliyin və İslamın taleyi İslam quruluşunun taleyindən asılı və ona düyünlənmişdir. İslam quruluşu azca zərbə görsə, şübhəsiz, onun ruhaniliyə, din xadimlərinə və din alimlərinə zərəri hamıdan çox olacaq. Əlbəttə, quruluş canlıdır, ayaqdadır, güclüdür və tam əminliklə deyirəm ki, qarşısında olan bütün problemlərə qalib gələcək.

Hövzədə yenilik mövzusu və ona aid məsələlər

Məzmunda yenilik


Barəsində açıq danışmağın lazım olduğu başqa mühüm məsələ hövzələrdə yenilik məsələsidir. Bir neçə ildir elmi hövzələrdə, xüsusən də mübarək Qum Elmi Hövzəsində yenilik məsələsi gündəmdədir. Bu yenilik nə deməkdir? Hövzə yenilik adı altında nə etmək istəyir?

İctihad üslubunda yenilik – sapqın yenilik


Əgər yeniliyi hövzələrin əsas xətlərinin - məsələn ictihad metodikasının dəyişməsi kimi başa düşsək, şübhəsiz, bu bir sapqınlıqdır; yenilikdir, lakin süquta doğru gedən yenilik.

Şiə ictihadının düzgün üslubu


Bu üsulun məziyyət və xüsusiyyətləri

Bu gün elmi hövzələrdə geniş yayılmış və din alimlərinin istifadə etdiyi ictihad üslubu ən güclü və ən məntiqli ictihad üslublarından biridir; vəhyə istinad edən, yəqinə və elmə əsaslanan ictihaddır, zənn və gümandan uzaqdır. Bizim əsaslandırmamız elmi və qəti əsaslandırmadır. Bəzi mövcud zənlərin hamısının dəlil sayılmasına yəqin və qəti dəlil olmalıdır. Hətta fiqhdə istifadə etdiyimiz əməli qaydaların mötəbərliyi də qəti şəkildə isbat olunmalıdır. Bir əməli qaydanın - İstishab, yaxud Bəraət, yaxud İştiğal qaydasının mötəbər olmasına dair qəti dəlil tapmayınca ondan istifadə edə bilmərik. Buna əsasən, bizim fiqh tədqiqatlarımızın bütün üsulları ya vasitəsiz, ya da vasitəli şəkildə yəqinə əsaslanır.


Bu metodda qeyri-mötəbər zənlərin yeri


Şiə ictihadı qeyri-mötəbər zənlərə əsaslanmır. Bizim qədim alimlərimiz bundan ötrü rəylə ictihad, qeyri-mötəbər zənlərə əsaslanan ictihad, məsələn Qiyas, İstehsan və digər terminlər işlətmiş, kitablar yazmışlar; "Fiqhdə ictihad tərəfdarlarına cavab". İsmayıl ibn Əbu Səhl Növbəxti öz kitabında, Seyid Mürtəza "əz-Zəriə" kitabında, Şeyx "Üddə əl üsul" kitabında və digərləri öz kitablarında belə qeyri-mötəbər zənlərə əsaslanan ictihadı rədd etmişlər. Bu ictihad məqbul deyil. Bu gün də kimlərsə hər hansı bir ad altında belə ictihad metodlarına üz tutsalar, düzgün deyil.

Şəriət hökmlərinin tədqiqatında beynəlxalq qaydalara tabe olmamaq


İndi dünyanın bunu sevməməsinə, bu fiqh sözünün dünyada müştərisiz qalmasına görə – istər bunu açıq desinlər, istərsə də qəlblərində gizlətsinlər – səhv bir metodikadan istifadə etmək yolverilməzdir. Təəssüf ki, bəzən əsasən materialist olan sivil dünya normalarına riayət etmək üçün şəriət hökmlərinin tədqiqat metodunu təhrif edirlər. Bundan da pisi odur ki, bəzən maddi gücləri razı salmaqdan ötrü, materialist dünyanın geniş yayılmış qaydalarına yox, hətta maddi və hegemon güclərin istəklərinə riayət etməkdən ötrü fətva verilir: "İslam Respublikasının dinc nüvə fəaliyyəti böyük güclərin bədgüman olmasına bais olduğu üçün qadağandır!" Qələt edib bədguman olublar.

Düzgün şiə ictihadını işlətməyin nəticəsi


Əgər ictihad özünün kitab və sünnəyə əsaslanan düzgün və doğru üslubu ilə, düzgün, məntiqli, dəqiq və püxtələşmiş metodla aparılsa, çox yaxşıdır. İctihadlar müxtəlif nəticələrlə bitsə də, inkişafa səbəb olurlar. Bizim müctəhid və fəqihlərimiz tarix boyu müxtəlif məsələlərdə müxtəlif nəzərlər bildirmişlər. Şagird müəllimin fikrinin əleyhinə, şagirdi də onun fikrinin əleyhinə nəzərlər yürütmüş, mətləblər yazmışlar. Heç bir eybi yoxdur. Bu, inkişafa səbəb olur. Hövzədə bu ictihad güclənməlidir.

Fiqhdən başqa elmlərdə də ictihada diqqətin zəruriliyi


İctihad yalnız fiqhə məxsus deyil; əqli elmlərdə, fəlsəfə və kəlamda da bu fənlərin mütəxəssisləri ictihad etməlidirlər. Əgər bu ictihad olmasa, durğun su kimi olacağıq.

Bu gün hövzə dünyanın müxtəlif fəlsəfə, fiqh və kəlam məsələlərindən kənarda qalmamalıdır. Dünyada müxtəlif məsələlərə dair bu qədər sual irəli sürülür; hövzənin cavabı nədir? Nə kənarda qalmalıdır, nə də bitərəf olmalıdır; bunların hər ikisi zərərlidir. Yeni düşüncə lazımdır. Dünyada sel kimi meydana çıxan müxtəlif ehtiyaclara cavab verilməlidir. Siz onlara cavab hazırlamalısınız. Sizin cavabınız bu ehtiyaca və həmçinin müxtəlif məktəb və firqələrin cavablarına hesablanmalıdır. Əgər onların cavablarını yaddan çıxarsanız, sizin cavabınız öz təsirini bağışlaya bilməz. Gərək ortaya güclü, məntiqli və qaneedici cavab qoyasınız və cavablar bütün dünyaya yayılsın. Qeyd etdiyimiz kimi, İslam dünyasının elm ürəyi olan Qum şəhəri daim dünyaya fayda yetirməlidir. Bu gün xoşbəxtlikdən sürətli rabitə cihazları hamının ixtiyarındadır. Sizin burada dediyiniz bir sözü həmin saatda dünyanın o tərəfində dinləyə və ondan istifadə edə bilərlər.



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə