Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

  

 

61



Həmişə belə  şeylərə görə mübahisə edən atamın mütiliyi nənəmdə artıq belə bir fikir 

yaradır ki, deyəsən, bu dikbaş da ağıllanıb adam olub, böyüklərlə  çənə boğaza çıxmağın daşını 

atıb.  Hətta ürəyində azca sevinir də arvad.  

Toyuqların yanından çıxanda nənəm yenə elə bil nəyisə xatırlayır, Mirsəftərə tərəf çönür, 

qəribə, sınayıcı bir  baxışla onu süzür, sonra da onun qapısından iki addım sağdakı iri tut ağacına 

baxır və   həyətin başını göstərir. 

-Ayaqyolu bax ordadı ya.  

-Hə, - atama işarə verir, – göstərib mənə; ayaqyolunu da, hamamı da. 

Nənəm üç addım aralansa da, daxili narahatçılıq onu vadar edir ki, bir də geri çönüb 

dediyini təkrar eləsin. 

- Bax orda, piləkənin yanındadı ayaqyolu. 

Nə fikirləşirdi arvad bunu deyəndə? Yəqin elə zənn edirdi ki, təzə qonşu axşam on metrlik 

yolu getməyə tənbəllik edər, elə bu tut ağacının dibini döndərər ayaqyoluya. Hələ bəlkə qorxurdu 

ki, atam da onun təsiri altına düşər və dostlar iki tərəfdən işə başlayıb bu yetmiş yaşlı biçarə tut 

ağacının axırına çıxarlar, çürüdərlər onu.  

Hə, Mirsəftər öz arvadını və iki xırda uşağını da, gətirib həyətimizdə yerləşdirəndən sonra, 

nənəm ən çox o tut ağacının fikrini çəkirdi. Hər dəfə onun yanından keçəndə, elə bil, artıq ölümə 

məhkum olunmuş bir məxluq görürdü, biixtiyar yazığı gəlirdi ağaca , hətta qaçılmaz saydığı bu 

qətlin qarşısını ala bilmədiyinə görə vicdan əzabı içində qovrulurdu.  

Ancaq öz sevimli toyuqlarının hamısının birdən kəsilib yeyilməsiylə barışmadığı kimi, bu 

həyətə gəlin gələndən bəri gözünün qabağında olan bu əzəmətli tut ağacının dibinin ayaqyoluya 

dönməsiylə  də barışa bilməzdi və onu qorumaqçün gördüyü ilk tədbir  kiçik əmimi ağacın 

kötüyünün dövrəsinə adam boyunca setka çəkdirməyə məcbur etməyi olur. Əmim əvvəlcə bunun 

səbəbini anlamasa da,  nənəm öz dediyindən əl çəkmir. 

-Onnara etibar yoxdu. Bir də gördün gecə biz yatannan sonra murdalladılar ağacın dibini. 

-O boyda ayaqyolu olan yerdə neynillər ağacın dibini? –Əmim təəccüblənir. 

-Sən bilmirsən, buların ayaqyolunnan zəhlələri gedir. Ağac dibini xoşduyullar. – Nənəm 

elə ağıllı bir tərzdə cavab verir ki, əmim biixtiyar inanır, hətta tut ağacına yazığı gəlməyə başlayır 

və nənəmin dediyinə əməl edir. 

Tut ağacının ətrafına setka çəkilməsindən sonra da nənəm arxayınlaşmır. Gecə ərzində beş-

altı dəfə yuxudan hövlnak ayılıb paltarını əyninə geyir, həyətdə yanan yeganə lampanın işığında 

gəlib diqqətlə tut ağacının dibini yoxlayır, yaş olub-olmadığını müəyyənləşdirməyə cəhd göstərir, 

hətta əyilib ağcın kötüyünü iyləməyə də tənbəllik etmir. Bir sözlə, narahatçılıq içində qovrulur… 

Çox təəssüf ki, nənəm bütün diqqətini tut ağacının müdafiəsinə yönəltdiyi bir dövrdə 

zərbə ona tamam ayrı bir istiqamətdən dəyir. Mirsəftər bizim həyətə köçəndən bir həftə sonra 

həyətdə vay-şüvən qopur ki, gecəykən nənəmin  toyuqlarından biri ölüb. 

Elə bu vaxt çox qəribə bir hadisə baş verir. Bütün haqqında danışdığım hadisələrin cərəyan 

etdiyi müddətdə dinməz oturub öz sevimli «İtkin gəlin» kitabından ayrılmayan və heç bir səslə, 

sözlə, hətta deyərdim nəfəslə də öz mövcudluğunu hiss elətdirməyən bibim yuyulmamış çömçə 

kimi özünü soxur ortalığa, gecəykən ayaqlarını çox əcaib  şəkildə uzadıb dünyadan köçmüş 

toyuğun cəsədi üstündə heç kəsin gözləmədiyi bir həyasızlıq nümayiş etdirir. 

– Vaxsey, bu nə zibildi düşdüy, arvad gəlib görsə özünü öldürəcey, bu çil-çil toyuğu 

atasınnan çox istiyirdi.   



  

 

62



Bibim öz qardaşlarının fırıldağından, yəni əmimin cibindəki sarı rəngli mənhus həblərdən 

bixəbər olduğundan çil toyuğun rəhmətə getməyinin səbəbini təbii ki, Mirsəftərdə görür və bu 

gecə    kənddə xeyir işində olan nənəmin bir azdan evə dönəndə bu hadisəyə necə reaksiya 

verəcəyini, bəlkə  də   əməlli-başlı dava-qırğın salacağını gözünün qabağına gətirdikcə  əsim-əsim 

əsir. 

– Öldürəcey hamımızı, – elə bil nənəm barədə  yox,  onun  həmişə üstündə  bıçaq gəzdirən 



atası  Həsənağa haqqında danışır, – doğram doğram eliyicey, ən birinci də bax bunu, təbii ki, 

mağmın-mağmın dayanıb başını aşağı dikən Mirsəftəri göstərir. Nə qədər gec döyül, qoy köçüb 

getsünnər, elə bu saat, nə qədər ki, arvad gəlmiyib. 

Bu gözlənilməz müdaxilədən həm atam, həm də əmim bir anlıq özlərini itirirlər, təəccüblə 

biri-birinə baxırlar, bir müddət susandan sonra, nəhayət, kiçik əmim bibimə çönüb əsəbiliklə əlini 

yellədir: 

– Əşi, səni kim vəkil eliyib arvadın adınnan danışasan e. Ged otur «İtkin gəlin»ivi oxu da. 

Bibim özünə xas olmayan inadkarlığı ilə qardışlarını bir az da çaşdırır. 

-Kitab vaxtıdı? Sən di görüm bu toyuğa nə olub belə? Diyandığı yerdə nöş ölməlidi ki? Nə 

bilirsən, bəlkə elə bir-iki günə hamısı qırıldı?   Allah bilir bular, –yenə də Mirsəftəri göstərir, – nə 

töküblər heyvannarçün, zəhərriyiblər yazıqları. 

Bibimin sonu görünməyən monoloqunun bu yerində Mirsəftər altdan- altdan 

günahkarcasına  əmimə baxır və elə bil demək istəyir ki, axı  mən səni xəbərdar eləmişdim üstü 

açılacaq, gərək atmazdın o zəhrimar tabletkaları heyvannarçün. 

Bibim isə susmaq bilmir və onun ağlamsınaraq dediyi son sözləri  əmimi lap özündən 

çıxardır. 

– ..hə  də , bu gün toyuqların başını yiyəcəylər, sabah da bizim hamımızın axırına 

çıxaceylər. Gəlib oturaceylər yurd-yuvamızda. 

Mənə bax, sən lap ağını çıxartdun a. Davay, sürüş yuxarı evə, səsivi çıxartson qulaqlarıvı 

mıxlıyacam divara. 

Əmimin səsində  əmələ  gəlmiş  zəhm notları bibimi özünü yığışdırmağa məcbur edir və 

yerdə uzanmış toyuq cəsədinə bir də baxıb köksünü ötürür, yəqin bu rəhmətliyin deyib-gülüb, 

oynayan vaxtlarını yadına salır, ya da qardaşlarının belə hərəkətini görüb dünyanın vəfasızlığını 

fikirləşir, bir sözlə, nə düşünürsə, qəzəblə «Allah cəzavızı vericey, baxarsuz» deyərək pilləkənə 

doğru gedir və qəfil oyanmış hikkəsindən taxta pillələri iki-iki çıxaraq yuxarı mərtəbədəki otağına 

girir. 


Atamla əmim isə daha bir neçə dəqiqə təəccüblə gah biri-birinə, gah da yerdəki çil toyuğun 

cəsədinə baxırlar. Bəlkə doğurdan da səhv eliyiblər, bəlkə bu fırıldağın axırı doğrudan da pis 

qurtaracaq. Əgər hamının quzu balası kimi sakit bildiyi on səkkiz yaşlı bibim  toyuqlardan birinin 

ölməyinə bu cür sərt reaksiya verirsə, onda arvad gələndə heç qabağında dayanmaq olmayacaq 

ki? 

Bu qəribə baxışların səbəbini təxmini də olsa hiss eləyən Mirsəftər həyəcandan qurumuş 



boğazını azca yaşlamaqçün bir-iki dəfə udqunmağa çalışır, yalnız üçüncü cəhddən sonra buna 

nail olub yavaşca pıçıldayır: 

– Bəlkə bacı düz deyirdi? Uşaqları da götürüb qayıdım yataqxanaya.  

– Uje gejdi, – atam başını yellədir. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə