104
Əkrəmdə görmürəm! Onun üçün də başqalarında axtarıram! Dünya iki olsaydı,
mən bu dünyadan köçüb, o birisinə gedərdim. Bəlkə, istədiklərimi orada
tapardım!..
Yeganə sərt bir hərəkətlə çevrilib yataq otağına, oradan da zala keçdi. Bir
azdan, ərinin pal-paltarını gətirib, səliqəsiz halda çamadana yığmağa başladı:
−Neyləyim ki, mən bədbəxtəm! Könlüm arzular qəbiristanıdır...
Çənəsini ovcuna söykəyib dayanmış Əkrəm, sanki daşa dönmüşdü. Heç
qımıldanmırdı da. Xəyalı, onu ötüb arxada qalan illərə aparmışdı – mənalı sandığı
mənasız məhəbbətlə yaşadığı çağlara! “Heyf o təmiz, izafi duyğulardan! Hamısı
bica getdi!
Sabun köpüyü kimi şişdi, partladı, yox oldu!..”.
−Buyur! – deyə Yeganə çamadanı örtüb, dikəldi. – Bu da sənin avadanlığın!
Əkrəm küncə söykədiyi əsasını götürdü. Qara şüşəli çeşməyini çıxarıb,
gözünə taxdı. Qövr edən ürəyinin hökmü ilə Yeganəyə son sözünü dedi:
−And içirəm, anamın o müqəddəs qəbrinə ki, sənin üzünü görmədiyim üçün
kor olduğuma bu gün peşman deyiləm!
O, çamadanını qaldırdı, təpiyinin zərbi ilə qapını açıb, pilləkənləri endi...
ON DÖRDÜNCÜ NOVELLA
Baharın ilıq nəfəsi qışın qarını əritdi...Fəridənin qayğısı Əkrəmin
kədərini dağıdan kimi.
İkinci ay idi Səltənət qızı evinə köçmüşdü: daha köhnə həyətlərinin qapısını
açmırdı.
Yeganə: “ – Bütün işlərin fitnə-fəsadı sənsən! Axır ki, dilin dinc durmadı,
məni şeytanladın! – deyə arvada hədə-qorxu gəlmişdi. – Eybi yoxdur, görərsən, bu
xəbərçilik sənə neçəyə oturacaq!..”
Səltənət haqsız ittihamdan yanıb-yaxılmışdı. Həyatında bəlkə də, ilk dəfə
sakit təbiətinin xilafına səsini ucaldaraq çımxırmış, ona yeddi qatından keçən
cavab qaytarmışdı:
“ – Yalansa, allah qənimin olsun! Mən o fikrə düşsəydim, ərin sənə çoxdan
arxa çevirmişdi. Ancaq səhv eləmişəm. Gərək vaxtında susmayaydım. Heyf o
günlərə ki, Əkrəm səninlə keçirdi”.
Səltənətin sərt sifətini görən, ondan bu tənəli sözləri eşidən Yeganə
sarsılmışdı.
“ – Necə?! İndi sən də mənim üzümə durursan?! Hə?.. Yaxşılıqlarımın
əvəzini qaytarırsan?!”
downloaded from KitabYurdu.org
106
...Sonralar, beləcə tez-tez başmaqseyrinə çıxmaq bir növ adət şəkli aldı.
Balaca Şahinin qırıq-qırıq danışdığı şirin, məzəli sözlər Əkrəmə təkliyi
unutdurdu...
Bir dəfə Fəridə də onlara qoşuldu. Dördlükdə şəhərə çıxdılar.
Gün hələ batmamışdı. Hər yanda baharın təravəti hiss edilirdi. Bağlar,
bağçalar adamın üzünə gülümsəyirdi.
Yol boyu Əkrəmi dalğın
görən Fəridə, zarafatla ona eşitdirdi:
−Mən sizin kampaniyanızda artıq deyiləm ki?
−Xeyr! Bu nə sualdır? Əksinə, sizsiz, kampaniyamızda nəsə bir boşluq,
çatışmazlıq var idi...
−Bəs, onda... niyə susursunuz?
−Çünki Şahin hamımızın əvəzində danışır.
−Uşaq bir mafar verir ki!.. – deyə Səltənət də söhbətə qarışdı. – Namxuda,
maşallah, elə bil dilotu yeyib...
Əkrəmin təklifi ilə gəzinti gəmisinə mindilər, sahildən uzaqlaşdılar.
Səltənət məftun halda gözlərini Bakının işıqlarına zilləmişdi... Şahin
şadlığından atılıb-düşürdü, əl çalırdı, çığırırdı. Fəridə oğluna baxaraq fərəhlənirdi...
Əkrəm ətrafın axşam mənzərəsini görürmüş kimi xoşallanmışdı. Üzündə sakit,
məmnun ifadələr gəzirdi.
Körfəzdə çalınan musiqi, büllur dalğalar arasında beşiksayağı yırğalana-
yırğalana irəliləyən gəmini müşayiət edir, sərnişinlərə layla deyirdi.
Bu gəzintidən Əkrəmə ifrat bir ləzzət bəxş olunurdu. Dənizin təmiz, sərin
havası ciyərlərinə dolub-boşaldıqca, qəlbinə təzə, xoş duyğular süzülür, ona mənən
rahatlıq verirdi. Sanki neçə illərdən bəri itirdiyi gəncliyini, bu axşam hansı insaflı
bir ürəyin sahibisə özünə qaytarmışdı.
−Fəridə xanım...
−Eşidirəm.
−Şəhərdən çox aralanmışıq? – deyə arada Əkrəm marağını gizlədə bilmədi.
−Bir bu qədər də getsək, Nargin adasına çatarıq.
−Paho... Xeyli yol gəlmişik ki!
Gəmi istiqamətini dəyişdirdi. Geriyə qayıdırdı. Bayaqkı musiqi daha
eşidilmirdi. Şahinin də səs-küyü yatmışdı.
Əkrəm yenə xəbər aldı:
−Yəqin indi dəniz
çox gözəldir, eləmi? Hamı susur... Tamaşa edir...
−Bəli, − deyə Fəridə gözləri önündəki füsunkar mənzərəni onun da
təsəvvüründə canlandırmağa çalışdı. – Ay gipgirdə − başımızın üstündədir...
downloaded from KitabYurdu.org