İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   13   14   15   16   17   18   19   20   ...   86

36 
 
göstərir - guya onlar istəyir, biz isə istəmirik. Lakin bu təbiidir, biz işğalçılarla iqtisadi əməkdaşlıq qura 
bilmərik.  Əvvəlcə  işğal olunmuş  ərazilər azad edilməli, sülh müqaviləsi bağlanmalıdır. Sonra isə,  əlbəttə, 
iqtisadi cəhətdən əməkdaşlıq edə bilərik. Biz Ermənistanla əməkdaşlıq etmədən də uzun illər, on illərlə gözəl 
yaşaya bilərik. Kommunikasiyaların açılmaması, regional proseslərdən kənarda qalması isə Ermənistana baha 
başa gələcəkdir. Onlar diasporun köməyinə, hər hansı başqa xarici mənbələrin maliyyələşdirməsinə  nə  qədər 
ümid bəsləyə bilərlər? Ölkə özü-özünü dolandıra bilmir. O, həmişə xaricdən gələn hansısa maliyyə yardımından 
asılıdır. Azərbaycan isə ərazilərinin işğal edilməsinə, bir milyon qaçqının olmasına baxmayaraq, inkişaf edir və  
edəcəkdir. Buna görə  də sülh müqaviləsi bizim kimi onlara da lazımdır. Bu baxımdan nə qalib var, nə  də 
məğlub. Əlbəttə, sülh yaransa, region kökündən dəyişəcəkdir.  
- Siz Köçəryanla şəxsən görüşmüsünüzmü?  
- Xeyr, görüşməmişəm. Naxçıvanda sərhəddə iki prezident görüşərkən mən prezident Heydər  Əliyevin 
yanında olmuşam. Lakin Köçəryanla görüşüm olmayıbdır.  
- Tutaq ki, Siz Köçəryanla görüşdünüz. Onunla necə danışardınız?  
- Mənim indi onunla görüşməyimin mənası yoxdur. Çünki prezident var. Prezident sağalandan sonra yəqin 
ki, onların ikitərəfli görüşləri davam etdiriləcəkdir. Ümumiyyətlə, bu, müsbət amildir. Atəşkəsə vasitəçilərsiz 
riayət etməyimizi də müsbət amillərdən biri hesab etmək olar. Yəni, bizim aramızda heç bir sülhməramlı qüvvə 
yoxdur.  İki prezidentin təkbətək görüşləri, danışıqları,  əlbəttə, müsbət haldır.  Şübhəsiz ki, belə görüşlərin 
konkret nəticələr verməsini istərdik.  
- Siz keçmiş SSRİ üzrə bizim həmvətənimizsiniz. Özünüzü sovet gənci hiss edirsinizmi?   
- Əlbəttə, axı biz SSRİ-də anadan olmuşuq və mən SSRİ vətəndaşı kimi təhsil almışam, işləmişəm. Bu bizim 
ümumi tariximizdir. Bu tarix, əlbəttə, mənim üçün əzizdir. Lakin indi mən özümü yalnız Azərbaycan vətəndaşı 
kimi hiss edirəm.  
- Sizin üçün nə zaman daha çətin idi - o vaxt, yoxsa indi? 
- Bu,  mənim sovet, yaxud qeyri-sovet vətəndaşı olmağımdan asılı deyil. İndi, əlbəttə, daha çətindir.  
- Bəziləri deyirlər ki, Azərbaycana daha iradəli, daha güclü lider lazımdır. Sizin barənizdə isə deyirlər 
ki, xasiyyətiniz Prezidentin xasiyyətindən daha yumşaqdır. Bu belədirmi?  
- Mən öz atamın oğluyam. Xasiyyətimdə  hər hansı  zəif, yaxud güclü tərəfləri axtarmaq lazım deyildir. 
Düşünürəm ki, Azərbaycan inkişaf yolunu, Dünya Birliyinə, dünya iqtisadiyyatına və dünya siyasətinə 
inteqrasiya yolunu seçmişdir.  İstərdim ki, Azərbaycan, sözün tam mənasında, Avropa məkanının bir hissəsi 
olsun.  
- Deməli, Azərbaycana sərt əl lazım deyil?   
- Zənn edirəm ki, indi lazım deyildir. On il bundan əvvəl, beş il bundan əvvəl müstəqilliyimiz üçün təhlükə 
olanda, çevrilişlərə cəhd göstəriləndə lazım idi. İndi bunların hamısı keçmişdə qalmışdır.   
Ümid edirəm ki, bunlar təkrarlanmayacaqdır. Yox, Allah eləməmiş,  əgər Azərbaycanın dövlətçiliyi, onun 
müstəqilliyi yenə  də  təhlükədə olarsa, əminəm ki, onun qarşısını  sərt  şəkildə almaq üçün bizdə qüvvə 
tapılacaqdır. Ölkənin müstəqilliyini və  ərazi bütövlüyünü qoruyub saxlamaq üçün qüvvə tapılacaqdır. Lakin 
ümid edirəm ki, buna ehtiyac olmayacaqdır.  
- Azərbaycan tarixi perspektivdə Avropa Birliyinin üzvü ola bilərmi?  
- Zənn edirəm ki, Azərbaycan özünün potensialı, coğrafi mövqeyi,  təbii ehtiyatları baxımından  Avropa 
Birliyi üçün olduqca cazibədar ölkədir. Ona görə də biz bu istiqamətdə qarşılıqlı istəklə hərəkət etməliyik. Bu 
barədə danışmaq hələ tezdir, zaman göstərər.  
- Xahiş edirik,  deyin, müstəqil Azərbaycan kimdən və nədən asılıdır?  
- Hesab edirəm ki, əsasən, xalqın iradəsindən asılıdır. Çünki ölkə regionda və bütün dünyada öz yerini artıq 
kifayət qədər möhkəmlətmişdir. Bu gün müstəqillik təkcə formal atributlar deyildir. Bu gün biz heç kimin 
köməyi olmadan, kiminsə tövsiyələrini yerinə yetirmədən müstəqil surətdə öz qonşularımızla, digər dövlətlərlə 
siyasətimizi qura bilirik. Bu baxımdan Azərbaycan müstəqil dövlətdir. Lakin dünyada hər  şey bir-birindən 
asılıdır, xüsusən də ərazicə kiçik ölkələr. Bu ölkələr reallığı nəzərə almalıdır, bunsuz mümkün deyildir. Dünya 
Birliyinə məhəl qoymamaq siyasəti heç vaxt xeyir verməz. Bəli, biz reallıqları, əlbəttə,  nəzərə almalıyıq, lakin 
öz taleyimizi özümüz müəyyənləşdiririk.  
- Azərbaycan Respublikasının müasir dövlətçiliyi nəyə əsaslanır?  
- Ona əsaslanır ki, biz – Azərbaycan vətəndaşları varıq. Ona əsaslanır ki, biz işləyirik.  
- Siz dediniz ki, ölkənin böyük planları vardır. Yaxın onillikdə ölkənin inkişafının əsas istiqamətlərini 
göstərə bilərsinizmi?  
- Üstünlük, sözsüz ki,  neft sektoruna məxsusdur. Biz ölkə iqtisadiyyatının bu əsas istiqamətində bütün 
proqnozları  və bizi nə gözlədiyini bilirik. Pul hesabı ilə bu, hər il milyard dollar deməkdir. Bu isə  əhalinin 
yaşayış  vəziyyətini yaxşılaşdırmağa da, əməkhaqqını artırmağa da, qeyri-neft sektoruna çoxlu sərmayə 
ayırmağa da imkan verəcəkdir. Sənayeyə, kənd təsərrüfatına da. Bu, insanları işlə təmin etməyə imkan verəcək, 


37 
 
çünki bizdə  işsizlik, təəssüf ki, hələ  də mövcuddur. Zəngin təbii ehtiyatlara malik olaraq, onlardan bacarıqla 
istifadə edərək, çox qısa bir müddətdə insanların maddi rifahını yaxşılaşdıra bilərik. Bu, başlıca vəzifədir. Hər 
bir hökumətin əsas vəzifəsi ondan ibarətdir ki, insanların həyatını daha yaxşı etsin. Zənn edirəm ki, bunun üçün 
bizim hər bir imkanımız vardır, ən başlıcası isə bunu istəyirik. İqtisadi proqnozlarımızın hamısı Azərbaycanın 
güclü bir ölkə olacağından xəbər verir. Biz heç kimin işinə qarışmaq fikrində deyilik, heç bir iddiamız yoxdur, 
bütün diqqətimizi yalnız ölkəmizin inkişafına yönəltməliyik. Bu yolu seçən ölkələr uğur qazanır. Ölkədə hələ 
çox iş görmək lazımdır, bir çox sahələr vardır ki, onları dirçəltmək, yaxud yenidən yaratmaq lazımdır. Biz də bu 
istiqamətdə işləyəcəyik.  
- Hansı ölkələr Sizin üçün inkişaf nümunəsidir? Postsovet məkanındakı  bəzi yeni müstəqil dövlətlər 
Malayziya modelini götürmüşlər, bəziləri isə Avropaya üz tutmuşlar.  
- Bu barədə danışmaq mənim üçün çətindir, bu haqda düşünməmişəm. Hesab etmirəm ki, kiməsə oxşamaq, 
kimdənsə nümunə götürmək lazımdır. Prinsipcə milli iqtisadiyyatı ahəngdar şəkildə inkişaf etdirmək lazımdır. 
Vəssalam.  
- Ötən il kiçik və orta biznesin sərbəstləşdirilməsinə dair xeyli qərar qəbul edilmişdir, özü də 
Prezidentin fərmanları səviyyəsində. Bu qərarlar və fərmanlar işləyirmi? İqtisadiyyatın bu sektorlarının 
gələcək inkişafı üçün daha nə çatışmır?  
- Hesab edirəm ki, bu sənədlər işləyir. Onlar cəmiyyətdə çox müsbət qarşılanmışdır. Daha nə lazımdır? 
Yəqin ki, kiçik və orta biznesə maliyyə yardımı göstərmək, yeni istehsal sahələrinin inkişafına kömək etmək 
üçün  sanballı maliyyə bazası. Biznesmenlər də, öz işinə  təzəcə başlamaq istəyənlər də baza kapitalının 
olmaması kimi ən böyük problemlə qarşılaşırlar. Bax, bu məsələdə dövlət, əlbəttə, kömək etməlidir. Lakin kor-
koranə yox. Təbiidir ki, hər şeyi araşdırdıqdan sonra maliyyə yardımı göstərmək lazımdır ki, sonradan bu vəsait 
itib-batmasın. Hesab edirəm ki, problem bundadır.  
- Yaxın aylarda xarici ölkələrə səfərə çıxmağı nəzərdə tutmusunuzmu?  
- Hələlik yox.  
- Ailənizdə xanımınız, uşaqlarınız Sizin təyinatınızı necə qarşıladılar?  
- Normal qarşıladılar. Yəqin ki, onlar da müəyyən dərəcədə buna hazır idilər, odur ki, üzlərində xüsusi 
sevinc hissi görmədim. İndi bizim hamımız atamız və babamız barədə düşünürük.  
- Biz Sizin yerli mətbuatla tanış olmuşuq. Bəziləri Sizi və atanızı    tənqid edir, digərləri isə Sizi 
tərifləyirlər. Sizin buna münasibətiniz necədir? Bunun qarşısını almaq olarmı?  
- Mən bütün bunlara çox pis baxıram. Mən deyərdim ki, bu, qaş qayıran yerdə göz çıxarmaqdır. 
Mədhiyyələrə ehtiyacım yoxdur. Bundan xəcalət çəkirəm. Mən üzr istəyirəm ki, bu məddahların sözlərinin 
qarşısını  demokratik yollarla ala bilmirəm. Bu, biabırçı vəziyyətdir. Xahiş edirəm, məni tərifləmək lazım deyil, 
mən indi çox mühüm bir iş tapşırılmış adi, sadə bir insanam. Bütün fikir-düşüncələrim Prezidentin və atamın 
etimadını doğrultmağa yönəldilmişdir. Onun etimadını doğrultmalıyam. Avqustun 2-də, Baş nazir təyin olun-
mağım barədə  təkliflə parlamentə  məktub yazanda mən ona dedim... Onunla söhbətimiz oldu və  mən dedim: 
əmin ol ki, sənin etimadını doğruldacağam. Mənim üzərimə böyük məsuliyyət düşmüşdür. Azərbaycanın gözəl 
gələcəyi var. Mən istəyirəm ki, ölkədə hamı asudə, gələcəyə inamla işləsin. Bu, əsas məsələdir. Mən, həqiqətən, 
var gücümlə çalışacağam ki, ölkənin, Prezidentin və xalqın etimadını doğruldum. Yerdə qalanlar o qədər də 
vacib deyildir.  
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə