37
– Mən də balalarımla bir yerdə çürüyəcəyəm.
Bir neçə gündən sonra Aləmşahbəyimi də oğlanları ilə bərabər indi salındıqları qalaya
gətirdilər.
Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamışdılar. Qalanın qapıları
onlara ərzaq gətiriləndə açılırdı. Ən geniş yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər.
Tağların arasındakı meydan, su dolu hovuz, bu idi uşaqların dünyası.
Ana-bala bürcün üstündəki yolla gələndə İsmayıl göydə quş səsi eşitdi. Dayanıb əlini
gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar oxuyurdular.
– Ana, o quşların adı nədi?
– Durnadı, oğlum.
– Onlar uçub hara gedirlər?
– Bağdada.
– Yorulanda hara qonacaqlar?
– Hara xoşlarına gəlsə.
– Qonsunlar da, bura.
– Qaladan Allah da bezardı, bəndə də. Quşların qanadı var. Hara xoşlarına gəlirsə oraya da
uçub gedirlər.
Durnalar uçub getdilər. Gözdən itməmiş səfləri pozuldu. Aramla oxunan durna nəğməsi
bir-birinə qarışdı.
– Ana, onlara nə oldu?
– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar.
– Kim çevirdi daşı?
– Nə bilim, oğul. O qədər daş çevirənlər var. İndi fələyin çərxini çevirirlər. O da olsun
durnanın nişan tutduğu daş ola.
İsmayıl canıyananlıqla durnalara baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o
çevrilən daşı düzəldər, durnanın qatarını səfə düzər, dəvə kimi ovsarlarından tutub aparardı. Lap
Bağdada kimi. Çox eşitmişdi Bağdad barəsində. Gedib görərdi. Birdən durnaların mahnıları
əvvəlki kimi aramla eşidilməyə başladı. Onlar da yollarına davam elədilər.
Hovuz olan meydana düşəndə İsmayıl yenə dayandı. Hovuzdan su axıb tökülür, harayasa
axıb gedirdi. O, suyun səsinə qulaq asdı. Ona elə gəldi ki, bu səs durnalardan qalıb. Durna
mahnısı qırılanda bir parçası bu bulağa düşüb. O, əllərini suyun altına tutdu. Bumbuz idi. Həm
də o durna mahnısı kəsildi. Əlini çəkəndə mahnı yenə eşidildi. Gördü ki, bulaq suyu da durna
qatarı kimidi. Səsi, mahnısı qalır, özü isə uçub, axıb gedir. İstədiyi yerə, istədiyi səmtə.
Səkinə onları səslədi:
– Atam-anam, süfrə hazırdı.
–
Səkinə xala, nə bişirmisən?
– Atam-anam, vətəni yadıma saldınız, anamın xoşladığı bir xörək bişirmişəm, qurutdu
xəngəl.
Sultanəli də, İbrahim də süfrə başında oturmuşdular. Analarını görüb qalxdılar. Onun
əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. İsmayıl da məstlərini çıxartdı, gəlib
süfrə başında bardaş qurdu.
Səkinə iri məcməyidə xəngəli gətirib süfrənin ortasına qoydu. Qalaylı mis parçda dağ
olmuş yağı bir daha xəngəlin üstündə gəzdirdi. Hücrəni qovrulub qızarmış soğanın xoş ətri
basmışdı. Onlar yeməyə başlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz
səsi eşidildi. Elə yanıqlı çalınırdı ki... Hamısı əl saxlayıb qulaq verdilər. İsmayıl əllərini silib
qalxdı. Bu səs onu əfsunlamışdı. Bayaq gördüyü Savalan da, anasının ağlamağı, durna qatarı,
pozulan durna mahnısı gəlib dayandı gözlərinin qabağında. Özü də bu işə heyran qaldı. O
çalınan hava hər şeyi təzələyə bilmişdi.
Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmışdı sinəsinə, çalırdı, nə çalırdı. Heç
İsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava elə bil o əsirliyə
gələndə qırx qızı bir-birinə bağlayan paslı zəncirin cingiltisi, o qızların ah-naləsi idi, taledən
şikayət eləyirdi. İsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-