28
Məlumdur ki, profilindən
asılı olmayaraq muzey işində
fotoşəkillər mühüm yer tutur
və ekspozisiyanın əsasını da
məhz fotoşəkillər təşkil edir.
Ona görə ki, hər bir fotoşəkil
özündə müəyyən tarix yaşadır.
Kitabı ərsəyə gətirənlər də bu
prinsipə sadiq qalmışlar. Kitabı
vərəqləyən oxucu həmin anlarda muzey seyrçisinə çevrilir
və bəstəkarın həyatını əks etdirən muzeyin ilk əşyaları
ilə tanış olur. Qara Qarayevin 1920-ci ildə çəkilmiş fotoşəkli
oxucunu özünə cəlb edir. Daha sonra onun babası İsgəndər bəy
Axundov və nənəsi Züleyxa Bayraməlibəyovanın, valideynləri
Əbülfəz Qarayev və Sona Axundovanın, ilk musiqi müəllimləri
Vladimir Kozlov və Georgi Şaroyevin fotoşəkilləri təqdim
olunur. İllər keçir... Azərbaycan Dövlət Konservatoriyasının
tələbəsi Qara Qarayev öz müəllimləri və tələbə dostları
arasındadır. Daha bir fotoşəkildə bəstəkar öz böyük ustadı
Üzeyir Hacıbəyovla birlikdə dərs zamanı əbədiləşmişdir.
Fotoşəkillərə baxdıqca Qara Qarayevin zirvəyə gedən yolda
inamla addımladığının şahidi olursan. Fotoşəkillər bizi Qara
Qarayevin müəllimləri, müasirləri və tələbləri ilə tanış edir. Bu
fotolarda o, həmin şəxslərlə bir yerdədir: Dmitri Şostakoviç,
Niyazi, Bülbül, Fikrət Əmirov, Mirzə İbrahimov, Süleyman
Rüstəm, Cövdət Hacıyev, Tofiq Quliyev, İsmayıl Hidayətzadə,
Səid Rüstəmov, Rauf Hacıyev və bir çox başqaları. Kitabda bir
maraqlı fotoşəkil də var. 1972-ci ildə respublikamızda Rusiya
Federasiyasının “Ədəbiyyat və incəsənət günləri” keçirilərkən
çəkilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev
böyük musiqi xadimləri ilə bir yerdədir. Qara Qarayev, Fikrət
Əmirov, Niyazi, Şövkət Məmmədova, Rauf Hacıyev, Tofiq
Quliyev, Elmira Abasova, habelə rus-sovet bəstəkarı Serafim
Turikov Ulu öndərin əhatəsindədir. Bu fotoşəkil Heydər
29
Əliyevin mədəniyyətimizə və mədəniyyət xadimlərimizə diqqət
və qayğısının ifadəsidir.
Qara Qarayevi məşhurlaşdıran, təbii ki, onun əsərləri
olmuşdur. Bəstəkar bir sıra tamaşalara və kinofilmlərə də musiqi
bəstələmişdir. Kitabda yer almış afişa və proqramlar bu barədə
geniş məlumat verir. Bu materiallar sırasında müəllifin müxtəlif
teatrlarda tamaşaya qoyulmuş “Yeddi gözəl” və “İldırımlı
yollarla” baletlərinin, habelə bəstəkarın musiqi bəstələdiyi teatr
tamaşalarının, Azərbaycanda, keçmiş SSRİ-nin müxtəlif
kinostudiyalarında çəkilmiş bir sıra filmlərin, bir çox
konsertlərin afişa və proqramları var. Onların ünvanları da
müxtəlifdir: Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi... Kitabda
bəstəkarın müxtəlif təşkilatlara, ayrı-ayrı şəxslərə yazdığı
məktublardan da nümunələr verilmişdir. Biz bu məktubları
oxuyarkən onu nəcib insan, qayğıkeş ailə başçısı, xeyirxah
müəllim və musiqi təşkilatçısı kimi görür və bununla fəxr edirik.
Mədəniyyətimizin, o cümlədən musiqimizin xüsusi qayğı ilə
əhatə olunduğu bir dövrdə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin ərsəyə gətirərək oxuculara təqdim etdiyi bu
nəşr Qara Qarayev irsinin təbliğinə sanballı töhfədir. Oxucular
burada verilmiş müxtəlif səpkili materiallar vasitəsilə bəstəkarın
həyat və fəaliyyətinin indiyədək məlum olmayan tərəfləri
ilə tanış olacaqlar və bütün bunlar Qara Qarayev sənətinin
və şəxsiyyətinin böyüklüyü barədə təsəvvürləri daha da
genişləndirəcək. Bu kitab gələcəkdə böyük bəstəkarımız Qara
Qarayevin həyatı və fəaliyyəti, eyni zamanda, musiqi
mədəniyyətimizin parlaq bir dövrü barədə tədqiqat işlərinin
aparılmasında əvəzsiz bir mənbə rolunu oynayacaq.
Rəsm, inşa müsabiqəsi
Kitabxanada Qara Qarayevin yubileyi ilə əlaqədar
məktəblilər arasında “Azərbaycan musiqisinin dahi sənətkarı”
adlı rəsm müsabiqəsi təşkil etmək olar. Məktəblilər Qara
30
Qarayevin məşhur əsərlərinə qulaq asdıqdan sonra beyinlərində
həmin əsərləri canlandırıb, sonra rəsmlərini çəkirlər. Həmçinin
bəstəkarın əsərlərini dinlədikdən sonra uşaqlar bu əsəri
qum üzərində də öz təxəyyüllərində canlandırdığı kimi işləyə
bilərlər. “Dahi bəstəkarımız Qara Qarayev haqqında
düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsinin də təşkili
məqsədəuyğundur. Bu məqsədlə kitabxananın girəcəyində
keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi
ilə bağlı bütün şərtlər göstərilir. Müsabiqəyə hazırlıq
məqsədilə bir həftə əvvəldən məktəblilər bəstəkarın həyat
və yaradıcılığından bəhs edən kitabları oxuyub, bilgi toplayırlar.
Müsabiqə təyin olunmuş vaxtda keçirilir. Müsabiqənin
qalibləri kitabxananın müdriyyəti tərəfindən mükafatlandırılır.
Müsabiqədə tədbirlə bağlı məlumatlar uşaq qəzetlərində, radio
verilişlərində verilərsə daha yaxşı olar. Vətən, xalq və azadlıq
kimi müqəddəs mövzulara münasibətində, təmiz və pak insan
eşqini tərənnüm edən musiqilərində, həmçinin uşaqlar üçün
yazdığı səmimi mahnılarında coşqun, həm də saf bir romantika
duyulur. Bu romantikanın kökü həyata, torpağa bağlıdır, buna
görə də təsirli və təravətlidir.
Divar qəzeti
Sənətinin əsl fədaisinə çevrilən böyük insan, istedadlı
bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə
kitabxanalarda, məktəblərdə divar qəzetinin hazırlanması
məqsədəuyğundur. Kitabxanaçı kitabxanaya gələn daimi
oxucularla bir həftə ərzində “Könül nəğməkarı” adlı divar
qəzeti hazırlayır. Əvvəlcə oxucular Qara Qarayevin həyat və
yaradıcılığından bəhs edən ədəbiyyatlarla tanış olub, məlumat
toplayırlar. Hər oxucu bu mövzuda öz fikrini divar qəzetində
qeyd edir və slayd hazırlayır. Ən yaxşı rəy bildirən, slayd
hazırlayan oxucu kitabxananın müdriyyəti tərəfindən
mükafatlandırılır.
Dostları ilə paylaş: |