İddiaçı tərəfindən patent müvəkkilinin adına verilən etibarnamə aşağıdakı şərtlərə cavab
verməlidir:
etibarnamə əmtəə nişanı barəsində bir və ya bir neçə iddia sənədi üzrə işlərin aparılması üçün
verilir;
etibarnamədə patent müvəkkilinə verilən səlahiyyətin həcmi göstərilir;
etibarnamə onu verən şəxs tərəfindən imzalanır.
Patent müvəkkilinin adına verilən baş etibarnamə bir neçə iddia sənədinə və mülahizə
sənədinə aid olmaqla, bu sahədə hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi üçün patent
müvəkkilinə verilən səlahiyyətlərin hamısını özündə əks etdirməlidir.
Etibarnamənin qüvvədə olma müddəti 3 ildən artıq ola bilməz. etibarnamədə onun qüvvədə
olma müddəti göstərilmədikdə, etibarnamə onun verildiyi tarixdən 1 il müddətində qüvvədə
olur.
Azərbaycanın hüquqlarından kənarda yaşayan şəxslər və xarici
hüquqi şəxslər etibarnaməni,
onun tərtib olunduğu ölkənin qanunvericiliyinə uyğun hazırlayaraq təqdim edirlər.
13.4. Rüsumun ödənildiyini təsdiqləyən sənəd
Ərizəyə qanunvericiliklə müəyyən edilən müddətə rüsumun ödənilməsi barədə sənədin əsli və
ya surəti əlavə olunur.
14. Əlavə sənədlər
14.1. İddia olunan nişan bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən
elementləri özünə daxil edərsə, onların istifadəsi üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinin razılığı barədə sənəd əlavə olunur.
14.2. İddia olunan nişanda, iddiaçının istehsal etdiyi əmtəə ilə və ya göstərdiyi xidmətlə bağlı
istehsalatın və ya göstərilən xidmətin əsasının qoyulma tarixi, təltiflərin şəkli əks olunduğu
təqdirdə, ərizəyə istehsalatın və ya xidmətin əsasının qoyulduğunu, təltifə görə iddiaçının
hüququnu təsdiqləyən sənəd əlavə olunur.
14.3. İddia olunan nişana bu Qaydaların 5-ci bəndinin 2-ci hissəsinin «a», «b», «c»
yarımbəndlərində göstərilən elementlər (işarələr) daxil olarsa, zəruri hallarda ərizəyə
aşağıdakılar qoşulur:
soyadların, adların, təxəllüslərin və onlardan törəmələrin, portretlərin və bu cür şəxslərin
faksimilesini əks etdirən işarələrin əmtəə nişanı kimi qeydə alınması üçün məşhur şəxslər və
ya onların varisləri, Azərbaycan RespublikasınınMədəniyyət və Turizm Nazirliyi tərəfindən
verilən razılıq;
Azərbaycan Respublikasının elm, ədəbiyyat və incəsənət əsərlərində, onların fraqmentlərində
sitatlarda və personajlarda uzun illər işlədilən adların əmtəə nişanı kimi qeydə alınması üçün
onlara görə müəllif hüququna və ya varislik hüququna malik şəxslərin razılığı;
iddia olunan nişan firma adlarından, onların hissələrindən ibarət olarsa və ya nişanda bu cür
adlardan istifadə olunarsa, onların əmtəə nişanını qeydə almaq istəyən şəxsə məxsus olduğunu
təsdiqləyən sənəd;
iddia olunan əmtəə nişanında istifadə olunan sənaye nümunəsinin iddiaçıya məxsus olduğunu
təsdiqləyən sənəd (məsələn, qeydiyyat barədə patentin surəti).
III fəsil
ƏMTƏƏ NİŞANINI QEYDƏ ALMAQ ÜÇÜN İDDİA SƏNƏDİ ÜZRƏ İŞLƏRİN SMPDK
İLƏ APARILMASI
15. Nümayəndənin təyini
15.1. İddia sənədini SMPDK-ya verdikdən sonra iddiaçı onunla bağlı işləri aparmaq və iddia
sənədinə baxılarkən maraqlarını təmin etmək məqsədilə, müvafiq etibarnamə verməklə
özünün nümayəndəsini təyin edə bilər.
15.2. Azərbaycan Respublikasının iddiaçıları əmtəə nişanlarının mühafizəsi sahəsində hüquqi
əhəmiyyətli işləri şəxsən özü və ya SMPDK-da qeydə alınan patent müvəkkili vasitəsilə apara
bilər.
15.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan fiziki şəxslərin
nümayəndələri və ya xarici hüquqi şəxslər (xarici iddiaçılar), yaxud onların patent
müvəkkilləri iddia sənədinin verilməsi, mühafizə sənədinin alınması, qüvvədə saxlanması və
onlarla bağlı digər hüquqi əhəmiyyətli işləri yalnız SMPDK-da qeydə alınan patent
müvəkkilləri vasitəsilə apara bilər.
15.4. Nümayəndəliyə görə etibarnamə iddia sənədi təqdim olunan zaman və ya Qanunun 9-cu
maddəsinə müvafiq olaraq, kargüzarlıq işlərinin aparılma prosesində verilə bilər.
15.5. etibarnamə ərizəyə qoşulur.
15.6. Nümayəndənin ona verilmiş səlahiyyət çərçivəsində SMPDK-ya qarşı istənilən hərəkəti
və ya SMPDK-nin nümayəndəyə qarşı istənilən hərəkəti nəticə etibarilə iddiaçının SMPDK-
ya və ya SMPDK-nın iddiaçıya qarşı olan hərəkətlərinə bərabər tutulur.
15.7. Nümayəndənin səlahiyyəti etibarnamədə göstərilən müddət çərçivəsindədir.
Səlahiyyətin etibarnamədə göstərilən müddəti bitmədən dayandırılması, iddiaçı və ya onun
hüquqi varisi tərəfindən SMPDK-ya verilən ərizə əsasında (etibarnamənin geri çağırılması),
həmçinin vəkalət alan şəxsin ondan etiraz etməsi, hüquqi şəxsin ləğv olunması, fiziki şəxsin
vəfat etdiyi və s. hallarında baş verə bilər.
16. SMPDK ilə yazışmaların aparılması
16.1. Yazışmalar hər bir iddia sənədi üzrə ayrılıqda iddiaçı və ya onun səlahiyyətli
nümayəndəsi tərəfindən aparılır.
İddia sənədi verildikdən sonra, həmin sənədlə bağlı iddiaçının SMPDK-ya göndərdiyi əlavə
materiallarda, iddia sənədinin nömrəsi, onun verilmə tarixi, iddiaçının və ya onun
nümayəndəsinin imzası öz əksini tapmalıdır. Göndərilən əlavə materiallarda yuxarıda qeyd
edilənlər öz əksini tapmadıqda, materiallar geri qaytarılır.
16.2. İddia sənədi üzrə kargüzarlıq işləri bu Qanunla müəyyən edilən müddətdə aparılır. Əgər
kargüzarlıq işlərinin aparılma müddəti «____ müddət ərzində» söz birləşməsi ilə müəyyən
edilirsə və müddətin axırıncı günü iş gününə düşmürsə, onda müddətin qurtarması həmin
gündən sonra gələn növbəti iş günü üzrə müəyyən edilir. Əgər müddətin qurtardığını göstərən
gün (tarix) onun düşdüyü ayın gününə uyğun gəlmirsə, yəni həmin ayda müddətin
qurtardığını göstərən gün (tarix) yoxdursa, müddətin qurtarması günü həmin ayın axırıncı
günü hesab edilir.
16.3. Əgər yazışma iddiaçının nümayəndəsi ilə aparılarsa, SMPDK-ya daxil olan materialların
müddəti, nümayəndə tərəfindən materialların SMPDK-ya verilmə tarixindən hesablanır.
17. İddia sənədi materiallarına əlavələrin edilməsi, həmin materiallarda dəyişikliklərin və
düzəlişlərin aparılması
17.1. Qanunun 2-ci fəslinin 11-ci maddəsinə uyğun olaraq iddia sənədinin ekspertizasının
aparıldığı dövrdə ona dair müvafiq qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş rüsumu
ödəyərək, öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və onlara
düzəliş edə bilər.
Ekspertizanın aparıldığı dövrdə SMPDK iddiaçıdan ekspertiza üçün zəruri olan əlavə sənəd
tələb edə bilər.
17.2. İddiaçı tərəfindən İddia sənədi materiallarında mövcud olan səhvlər üzrə düzəlişlərin,
dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi müəyyən olunmuş formaya uyğun ərizə
verməklə həyata keçirilir. Ərizənin SMPDK-ya daxil olması və ona baxılmanın nəticəsi
barədə iddiaçıya bildiriş göndərilir.
Ərizəyə iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin
edilməsi üçün müəyyənləşdirilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd qoşulur.
Rüsumun ödənildiyi barədə sənəd təqdim olunmadıqda və ya ödənilən məbləğ müəyyən
edilən həcmə uyğun gəlmədikdə, materiallar baxılmaq üçün qəbul olunmur və bu barədə
iddiaçıya bildiriş göndərilir.
Əlavə materiallar qeydiyyata alınmaq üçün verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia