29
Məmməd Araz yaradıcılığı boyu yetişən nəsli Azərbaycan torpaqlarını, xalqın mənəvi
sərvətlərini göz bəbəyi kimi qorumağa, təbiətə məhəbbət və bu məhəbbətdən zövq almağa səsləyir.
Filologiya elmləri doktoru, professor Yavuz Axundlu “İstiqlal şairləri” kitabında “Məmməd Araz”
adlı məqaləsində yazır: “Məmməd Araz yaradıcılığında Vətən sevgisi də ata, ana sevgisi qədər
ülvidir, müqəddəsdir. Hətta bunların sərhəddini müəyyənləşdirmək çətindir. Onun yaradıcılığından
Vətən məhəbbəti qırmızı xətlə keçir” [4, s.100].
Vətən
mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız hada, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım [2, s.13].
Şübhəsiz ki, belə şeirlərin güclü tərbiyəvi əhəmiyyəti vardır. Şair yaxşı bilir ki, vətən yalnız
mənəvi cəhətdən pak və yetkin olanlara oğul deyir. Odur ki, vətənə layiqli oğul olmaq arzusu şairin
yaradıcılığından qırmızı xətlə keçir.
Qeyd edək ki, tərbiyənin ali məqsədi cəmiyyət üçün vətəndaşlar tərbiyə etməkdir. Vətəndaşlıq
əsl mənada insanın özündə ideya inamı, həyata şüurlu baxış, əmək işlərində fəal iştirak etmək,
ünsiyyət və davranışda yüksək mədəniyyət və s. nümayiş etdirmək bacarığında özünü büruzə verir.
Vətəndaşlıq şüurunun yüksək olması tərbiyənin düzgün qurulmasından çox asılıdır. Tərbiyənin
terminoloji-lüğəvi mənasını açarkən onu yetişdirmə, alışdırma, böyüdüb yetişdirmə, vərdiş etdirmə,
hazırlama və s. kimi sinonimləri ilə müqayisədə izah edirlər. Halbuki tərbiyə “vospitanie” ilə
səsləşən ruhi qidadır ki, vətəndaşlıq tərbiyəsi də insanın ruhi qidasıdır. Vətəndaşlıq
tərbiyəsinin əsas
məqsədi isə böyüməkdə olan nəslin ahəngdar inkişafı prosesində vətəndaşlıq duyğuları yaratmaq, o
cümlədən vətəndaş olduğunu ona dərk etdirməkdən ibarətdir [5, s.401].
Şeirlərin təhlilindən də göründüyü kimi, yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə
edilməsində şairin şeirlərinin rolu əvəzedilməzdir:
…Öz şöhrəti heykəlinə dəmir əridən
Vətəndaşın vətəni də bir evdir ancaq.
Vətən
üçün can əridən, ömür əridən -
Bir daşa da minnət qoyub, pay ummayacaq [6, s.212-213].
Bu şeirdə yeniyetmələrə aşılanacaq mənəviyyat bütövlüyünü asanlıqla görmək olur. Şairin
“Vətən üçün can əridən, ömür əridən-bir daşa da minnət qoyub, pay ummayacaq” misralarında
Vətənə olan belə hədsiz sevgi hər bir yeniyetmə və gəncə mənəviyyat bütövlüyünü dərindən dərk
etdirən keyfiyyətdir.
Vətəndaş tərbiyəsində söhbət təkcə vətəni, torpağı, insanları sözdə fanatikcəsinə sevməkdən
getmir. Vətəndaş öz sənəti, peşəsi sayəsində qazandığı uğurları ilə insanlara xidmətinə, vətənə,
torpağa xeyir gətirməsinə görə bütöv şəxsiyyətə çevrilir. Ümummili lider Heydər Əliyev tərbiyə
haqqında demişdir: “Tərbiyə geniş məna daşıyır. Tərbiyə təkcə o deyil ki, gedib Vətəni silahla
müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin,
ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin
qayğısı ilə yaşasın. Bunlar hamısı tərbiyədən doğan şeydir. İnsan öz mədəniyyətinin də,
iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir” [7].
Məmməd Araz yetişən nəslə belə bir fikiri təbliğ edir: vətən nəğmələri olmadan heç bir
könüldə gül açıb yaz olmaz,
nəğməsi olmayan, şeiri olmayan xalqın tarixi olmaz. Eyni zamanda şair
onları milli-mənəvi dəyərlərimizi, milli ədəbiyyat və mədəniyyətimizi qoruyub saxlamağa və
onlara sahib çıxmağa səsləyir:
Vətən nəğmələri olmasa bir an
Könüldə gül açıb yaz ola bilməz.
Nəğməsi olmayan, şeiri olmayan
Bir xalqın tarixi yazıla bilməz! [8, s.42].
Bu cür misralar yeniyetmələrdə vətənə olan sevgi hissini, milli ruhu oyadır. Çünki hər bir
insanın öz ölkəsi, vətəni haqqında, vətənin tarixi haqqında nə qədər çox məlumatı olsa, torpağını da
bir o qədər sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar.
30
Şairin şeirlərini oxuyan hər kəs şairin vətənə dəlicəsinə olan sevgisinin şahidi olur və eyni
zamanda bu misraların təsiri ilə onlarda Vətənə olan sevgi hissləri yüksəlir, vətən uğrunda canla-
rından keçmək kimi duyğuları oyanır, onları mənəvi cəhətdən zənginləşdirir. Çox tozanaq atlını
təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdin.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa! [9, s.97].
Şair Vətəni sevməyin zəruriliyini qeyd etməklə yanaşı, onun düşmənlərdən qorunmasını və
azad edilməsini dönə-dönə xatırladır. Bu məqsədlə “Yerlər” şeirində Vətən torpağının hər şeydən
müqəddəs olduğunu, onun qanımıza, canımıza hopduğunu, lazım gələrsə onun yolunda canını belə
əsirgəməməyi dilə gətirən şair yazırdı:
Vətən sevgisində birinci ada
Birinci çatmağa pay yetər mənə.
Burda birincilik: Vətən yolunda
Birinci ölməyi öyrədər mənə! [6, s.165].
Yeniyetmələrimizin dilindən düşməyən və tez-tez səslənən belə şeirlər vətən oğullarının
ruhuna hopmuş, onlarda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin - xüsusilə vətənpərvərlik hislərinin
yaranmasında və üzə çıxarılmasında müstəsna əhəmiyyəti olmuşdur.
Məmməd Araz bir daha xatırladır ki, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz
məsuliyyətini dərindən dərk edən yetişən nəsil Vətən torpağını qorumalı və onun keşiyində
dayanmalıdır. Fikrimizi əsaslandırmaq üçün konkret misallara müraciət edək:
Bu gün gərək
Hər anımız Vətən! – desin.
Qılıncımız, qalxanımız
Vətən! – desin!
Təxminimiz, gümanımız,
Vətən! – desin.
Ölənlərin
əvəzinə
Qalanımız Vətən! – desin! [10, s.55]
Göründüyü kimi, şair qeyd edir ki, vətənin dar günündə, ağır günündə hamı bir nəfər kimi
ayağa qalxaraq Vətən deməlidir. Hamı Vətəni sevməli, onu sevməklə yanaşı düşmənlərdən
qorumalı və lazım gələrsə onun uğrunda canını fəda etməlidir.
“Araz ordan, Kür də burdan aşıb-daşdı”, “Son sözü də ya Vətən, ya vətəndaşdı”- deyən şairin
bu kimi vətənpərvər ruhlu şeirləri bu gün də ideya dəyərini, tərbiyəvi əhəmiyyətinin ali dərəcəsini
saxlamaqdadır. Bu da yetişən nəslin vətənə məhəbbət ruhunda yetişməsində və tərbiyə olunmasında
böyük rol oynayır. Bu mənada şair Məmməd Araz öz söz yükü, məna dərinliyi və mövzu əhatəsi ilə
Azərbaycan məktəb və pedaqoji fikir tarixinə liman salan bir gəmidir. Şübhəsiz ki, müasirlərimiz
kimi gələcək nəsillər də görkəmli xalq şairinin əsərlərini sevə -sevə oxuyacaq, onun vətəndaşlıq
qayəsi ilə zəngin olan yaradıcılıq irsindən mənəvi qida, estetik zövq və tərbiyə alacaqlar.
ƏDƏBİYYAT
1.
Araz M.İ. Oxucuya məktub. Bakı, Gənclik, 1978, 229 s.
2.
Araz M.İ. Seçilmiş əsərləri (Şeirlər və poemalar). Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1986, 480 s.
3.
Araz M.İ. Seçilmiş əsərləri. İki cilddə, I cild, Bakı, Lider nəşriyyatı, 2004, 224 s.
4.
Axundlu Y.İ. Məmməd Araz. “İstiqlal şairləri” kitabında. Bakı, Elm, 1998, 126 s.
5.
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Mühazirə kursu. Bakı, 2003, 535 s.
6.
Araz M.İ. Seçilmiş əsərləri.
Dörd cilddə, II cild, Bakı, Ozan, 2003, 332 s.
7.
Əliyev H.Ə. Təhsil millətin gələcəyidir. “Azərbaycan müəllimi” qəzeti, 7 may 1998
8.
Araz M.İ. Seçilmiş əsərləri. Dörd cilddə, IV cild, Bakı, Ozan, 2003, 356 s.
9.
Araz M.İ. Seçilmiş əsərləri. Dörd cilddə, III cild, Bakı, “Ozan”, 2003, 368 s.
10.
Araz M.İ. Vətən desin. Bakı. Adiloğlu, 2003, 150 s.