ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   51   52   53   54   55   56   57   58   59

Lakin o, içkidən imtina edib dedi: 
-Mən iyirmi il İranda konsul olmuşam. Köklü Şərq mədəniyyətinin dağılıb getməməsini, bu günkü 
müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz əcdadlarının  ənənələrinə hörmət 
etməmələrini görmək həqiqətən insana çox əzab verir. Lakin, bəlkə də onlar haqlıdırlar. Çünki həyat 
tərzi hər kəsin öz şəxsi işidir. Amma nə olursa olsun etiraf etməliyəm ki, sizin ölkəniz, məsələn, 
Mərkəzi Amerika respublikaları qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim 
hökumətimiz Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır. 
Salonun o biri başında Ninonun zadəgan valideynlərinin və İlyas bəyin  əhatəsində xarici işlər naziri 
Əsədulla dayanmışdı. Mən tələsik onların yanlarına getdim. Əsədulla tez soruşdu: 
-O, qoca sənə nə deyirdi? 
-O dedi ki, mən səfehəm, amma İngiltərənin bizim müstəqilliyimizi tezliklə tanıyacağını söylədi. 
Mirzə Əsədulla rahat bir nəfəs aldı. 
-Siz heç səfeh deyilsiniz, Əli xan. 
-Təşəkkür edirəm, cənab nazir, mənə elə gəlirdi ki, doğrudan da səfehəm. 
O,  əlimi sıxaraq getməyə hazırlaşırdı. Qapıda Ninonun əlini öpərkən, Nino əsrarəngiz bir şəkildə 
gülümsəyərək ona nə isə pıçıldayırdı. Mirzə Əsədulla da onun dediklərini başı ilə təsdiq edirdi... 
Qonaqlar gecə yarısı dağılışdılar. Böyük salona tütün və alkoqol qoxusu çökmüşdü. Hər ikimiz yorğun
lakin məmnun halda pilləkənlərlə yuxarı qalxıb, yataq otağına keçdik. Birdən qəribə bir dəcəllik hissi 
bürüdü bizi. Nino ayağındakı ayaqqabılarını bir küncə vızıldatdı, sonra çarpayının üstünə hoppanıb 
yellənməyə başladı. O, alt dodaqlarını salladıb, burnunu qırışdırdı. Bu anda o, balaca meymuna 
bənzəyirdi. Nino ordlarını şişirtdi, sonra hər iki şəhadət barmaqlarını ordlarına vurdu. Onun 
dodaqlarının arasından səs çıxdı. 
-De görüm, məni yeni ölkənin xilaskarı rolunda necə görürsən? – deyə Nino bərkdən səslənərək 
çarpayının üstündə hoppanıb düşdü. Sonra güzgünün qabağına qaçdı, özünü heyran baxışlarla süzüb 
dedi: 
-Nino xanım Şirvanşir – Azərbaycanın Janna d`Arkı. Minbaşı arvadlarını ovsunlayır və həyatında heç 
xədimağası görməmiş kimi davranır. 
O, gülür və  əl çalırdı. Ninonun əynində açıq rəngli yaxası dekolte axşam paltarı var idi. Onun incə 
qulaqlarından uzun sırğalar asılmışdı. Mirvari boyunbağısı lampa işığında işıldayırdı. Onun qolları qız 
qollarıtək incə  və gözəl idi. Qara saçları da çiyinlərinə tökülürdü. Güzgünün qabağında dayanmış 
Ninonun mənim üçün yeni olan bu gözəlliyi valehedici idi. 
Mən bir-iki addım atıb ona yaxınlaşdım və avropalı prinsesin xoşbəxtlikdən parlayan gözlərinə baxdım. 
Sonra onu qucaqladım və  mənə elə  gəldi ki, onu ömrümdə ilk dəfə idi ki, bağrıma basırdım. 
Onunyumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən dişləri isə ağ mirvari dənələri kimi 
parlayırdı. Biz ilk dəfə olaraq çarpayının üzərində oturduq. Avropalı bir qadını qollarımın arasına 
aldım. Nino tez gözlərini qırpdı. Onun uzun və  zərif kirpikləri yanağıma dəyirdi. Onun gözlərində 
nəvaziş dolu bir baxış var idi. Mən onları heç bir zaman hiss etməmişdim. 
Ninonun çənəsini ovucumun içinə alıb başını qaldırdım. Yumşaq yumru sifətinə, nəmli susamış 
dodaqlarına və yarı bağlı gürcü kipriklərinin ardındakı xülyalı gözlərinə baxdım. Ninonun boynunun 
ardını sığalladım. Onun sifəti coşqunluq və şövqlə dolu idi. Birdən onun gecə paltarı da, avropasayağı 
çarpayısı da gözlərimin önündən silindi. Mən onun Dağıstandakı aulda gil döşəmənin üzərinə sərilmiş 
ensiz kilimin üstündəki döşəkdə uzanmasını gözlərimin qabağına gətirdim. Mən onun çiyinlərini 
qucaqlamışdım və birdən ayılıb gördüm ki, ikimiz də paltarda, məğrur Avropa çarpayısının ayaqları 
altında, açıq rəngli Kirman xalçasının üstündə uzanmışıq. Yumşaq xalçanın üzərində kürəyi üstə yatan 
Ninonun üzünə baxdım. Onun nəfəs almasını, sonra da yaşlı ingilisi, cavan zabitləri və respublikamızın 
aqibətini tamamən unutmuşdum. 


Bir az sonra biz kürəyi üstə, yan-yana uzanıb başımızın üstündəki böyük güzgüyə baxırdıq. “Paltarım 
korlandı” deyə Nino birdən dilləndi, onun səsindən xoşbəxtlik yağırdı. Sonra xalçanın üstündə 
oturduq. Nino başını dizimə qoyub yüksək səslə dedi: “İndi biz mayorun arvadı görsəydi nə deyərdi. 
Deyərdi ki, məyər Əli xan bilmir ki, çarpayı nə üçündür?” 
Nəhayət o, ayağa durdu və kiçicik ayağı ilə dizimə bir təpik ilişdirdi: 
-Cənab attaşe həzrətləri, lütf edib, diplomatiya dünyasının ümumi qayda-qanunlarına riayət edərək, 
soyunub nikah yatağındakı yerini tuta bilərmi? 
Yuxulu vəziyyətdə deyinə-deyinə ayağa qalxdım, paltarımı soyunub qırağa atdım və yorğanın altına 
girib Ninonun yanında uzandım. Beləcə biz yuxuya getdik. 
Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içərək evimizdən heyranlıqla danışırdılar. Ninonun gürcü 
qonaqpərvərliyi tükənmək bilmirdi. 
O cavan zabitlərlə  rəqs edir, yaşlı minbaşılarla podaqra xəstəliyindən danışırdı. Nino ingilis 
xanımlarına kraliça Tamarının dövrünə aid hekayələr danışır və onlarda elə təəssürat yaradırdı ki, guya 
bu kraliça Azərbaycana da hökmranlıq etmişdi. Mən isə nazirlikdə, böyük bir kabinetdə  tək 
otururdum, diplomatik notaların layihələrini cızır, xarici ölkələrdəki təmsilçilərimizin məlumatlarını 
oxuyurdum və boş vaxtlarımda pəncərədən dənizi seyr edirdim. 
Nino sevinc və şadlıq içində idi, elə bil onun heç bir qayğısı yox idi. O, Xarici İşlər Naziri Mirzə 
Əsədulla ilə dost olmağa başlamışdı. Mirzə Əsədulla bizi ziyarət etdiyi zaman Nino ona qayğı göstərir, 
ona Avropa cəmiyyətində necə davranmaq lazım olduğu barədə ağıllı məsləhətlər verirdi. Bəzən də 
onları evimizin bir guşəsində, əsrarəngiz şəkildə pıçıldaşan görürdüm. 
Bir gün Ninoya “Mirzə Əsədulladan nə istəryirsən?” - deyə soruşanda Nino gülümsəyərəêkizah etdi ki, 
Xarici İşlər Nazirliyində protokol şöbəsinin ilk qadın müdiri olmaq arzusundayam. 
Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövlətin işləri tam sürətlə gedirdi. 
Üzərində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq adama zövq verirdi. 
Bir gün kuryer mənə  qəzetləri gətirəndə günortaya az qalmışdı.Hökumət qəzetini açdım və  qəzetin 
üçüncü səhifəsində adımın böyük yağlı hərflərlə yazıldığını gördüm. Adımın altında bunlar yazılmışdı: 
“Xarici işlər nazirliyinin attaşesi Əli xan Şirvanşir Paris konsulluğuna təyin edilir”. 
Bu qısa yazıdan sonra isə mənim gözəl cəhətlərimi sadalayan uzun bir məqalə gəlirdi. Bu məqalənin 
Arslan ağanın qələmindən çıxdığını başa düşmək çox da çətin deyildi. 
Yerimdən sıçradım, otaqdan çıxıb nazirin kabinetinə tərəf getdim. Kabinetin qapısını açıb içəri girdim: 
-Mirzə Əsədulla, bu nə deməkdir? - dedim. 
O, gülümsədi: 
-Dostum, sizin üçün gözlənilmədən bir sürpriz etmək istədim. Bu barədə xanımınıza söz vermişdim. 
Nino ilə siz Parisdə bizim ideal təmsilçilərimiz olacaqsınız. Orada əsil yerinizi tapacaqsınız. 
Dəhşətli  əsəbilik içində  qəzeti bir küncə tulladım. Mirzə  Əsədulla nitqi tutulmuş kimi mənə baxıb 
dedi: Əli xan, idarəmizdə işləyənlərin bir çoxu xarici ölkələrə işləməyə təyin edilsələr çox şad olarlar. 
-Mirzə, vətəni uzun illər tərk etməyə məcbur edə bilən qanun mövcud deyil. 
O, heyrətlə mənə baxırdı: 
-Əli xan, nə istəyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli vəzifədir. Siz bu vəzifəyə çox 
yaraşırsınız. 
-Amma, mən Parisə getmək istəmirəm, zorla göndərəsi olsanız istefaya çıxacağam – dedim.  
Mən yad küçələrə, yad insanlara, yad adətlərə və Qərb dünyası deyilən aləmə nifrət edirəm. Ancaq siz 
mənim bu nifrətimi başa düşməzsiniz, Mirzə! 
Əsədulla nəzakətlə başını buladı, “amma, təkid edirsinizsə, burada da qala bilərsiniz” - dedi. 
Tələsik evə getdim. Pilləkənləri təngnəfəs çıxıb salona girdim: 
-Nino, mən bu işi görə bilmərəm, başa düş məni – dedim. 
Ninonun rəngi qaçdı, əlləri titrəməyə başladı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə