Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   13   14   15   16   17   18   19   20   21

PARLAMENTDƏ NƏLƏR GÖRDÜM?

Bəstəboy, şişman bir adam kürsüyə çıxdı. Dəstə başçımız qulağıma əyilərək: "Maliyyə naziridir, məşhur maliyyəçidir" 

- dedi.

Nazir əlində tutduğu bir topa kağızı önünə qoyaraq, öz layihəsini açıqlamağa başladı. Sonra müxtəlif nəzəriyyə və



sistemlərdən bəhs edərək, sərvət üzərinə mütərəqqi vergi qoyulması ehtiyacını anlatdı.

İstər məclis üzvləri, istərsə lojalarda əyləşənlər çox diqqətlə, səssizcə dinləyirdilər. İzahat bitər-bitməz iki nəfər söz 

istədi. Onların kimliyini soruşdum. Başçımızın söylədiklərindən anladım ki, məclisdə mərkəzçi, sağçı və solçu olmaqla 

üç partiya varmış. Həm də millət vəkili olan maliyyə naziri mərkəzçi partiyaya mənsubmuş. Ölkədəki ənənəyə görə

hər bir partiyanın ayrı-ayrı elmlərdə ixtisaslaşmış çoxlu mütəxəssisi olduğundan, hər bir məsələ müzakirəyə

çıxarılanda, partiyanın adından yalnız həmin mütəxəssislər söz söylərmiş. Digər partiya üzvləri öz davranış və rəyləri 

ilə çıxışçını müdafiə edərlərmiş.

Sağçı partiyanın sözlüsü nazirin bəyanatını şiddətli tənqidə tutaraq, layihənin rədd olunmasını tələb etdi. Solçu 

partiyanın çıxışçısı isə nazirin açıqlamasını bəyənməklə bərabər, layihəni yetərli saymadı. O, nazirin qəbul etdiyi vergi 

rəqəmlərini və vergi nisbətini lazım olduğundan az hesab edərək, layihənin bu baxımdan düzəlişi üçün yenidən 

komissiyaya qaytarılması təklifini irəli sürdü.

Nazir bir daha kürsüyə çıxaraq, tənqidlərə bircə-bircə cavab verdi və layihənin olduğu kimi səsə qoyulması üzərində

dayandı.

Bu dəfə partiyaların digər mütəxəssisləri də söz alıb kürsüyə çıxdılar. Diqqətimi çəkən o oldu ki, müzakirələr zamanı 

xırdaca bir qızğınlığa da yol verilmədi. Çıxışçılar mövzudan yayınmır, söylənən fikirləri, vergi sistemlərini var qüvvə

ilə müdafiə və ya tənqid etsələr də, bir-birlərinə qarşı çox sayqılı davranış göstərirdilər. Heyrət məni götürmüşdü. 

Yanımdakı tanışıma dedim:

- Necə qəribədir! Heç hirslənib özlərindən çıxmırlar. Azacıq da olsa, bir-birinin şəxsiyyətinə toxunmurlar.

- Elədir, mən də mat qalıram.

Sən demə, başçımız bizi eşidirmiş. Gülümsəyərək bildirdi ki, "niyə hirslənməlidirlər axı? Atalarının malını 

bölüşdürmürlər ki. Hamısının bir məqsədi var - ölkəyə xidmət! Və hər kəs digərinin gözəl niyyətinə, səmimiyyətinə

arxayın olduğundan, qızışıb özündən çıxmağa səbəb yoxdur."

Bu cavabı dinlərkən yenə öz ölkəmi xatırladım. Və yenə öz ölkəmin əvəzinə qızarıb xəcalət çəkdim.

Müzakirə davam edirdi. Başçımız bizə doğru əyilib dedi:

- Büdcənin müzakirəsi hələ iyirmi gün sürəcək. Hələ iyirmi gün parlament üzvləri gecə-gündüz çalışacaq! Yenə

dinləyəcəksiniz?

Artıq axşam düşürdü. Başçımızın getmək istədiyini anlayıb biz də ayağa qalxdıq.

UNİVERSİTETDƏ

Ertəsi gün bizi universitetə və kimya institutuna aparacaqdılar.

Universitet şəhər içində şəhərə bənzəyirdi. Dünyanın hər yanından gələn 16 min tələbəsi və alimlik şöhrəti hər tərəfə

yayılmış 150 professoru vardı. Kitabxanasında 400 min cilddən çox kitab toplanmışdı. Saray kimi işıqlı salona 

girdiyimiz zaman gördüyümüz mənzərə bizi mat qoydu. Yüzlərcə tələbənin başı oxumağa qarışmışdı. Təkcə istəmək 

bəs idi ki, istənilən kitabı üç dəqiqənin içində tapıb verirdilər. Kitabları bəzən ikinci, üçüncü mərtəbədən gətirirdilər. 

Kitabın adı yazılmış kağız parçası maşın vasitəsi ilə yuxarıya göndərilir və bir dəqiqə sonra həmin kitab öz-özünə

sürüşüb xüsusi oyuqdan çıxırdı.



Cərrahiyyə otağında, fizika və kimya laboratoriyalarında müəllim və tələbələr cərrahlıq öyrənir, araşdırma və sınaqlar 

aparmaqla məşğul olurdular. Burada bir yerdə insan meyidinə baxıb, bədən üzvlərini öyrənir, bir başqa yerdə kəllə

sümükləri üzərində sınaq keçirir, üçüncü bir yerdə meymunların qanı üzərində təcrübə aparırdılar. Bir sözlə, bu 

əzəmətli binanın hər tərəfində gənc nəsil ağsaçlı müəllimlərin rəhbərliyi ilə çalışmaqda, həyata hazırlanmaqda idi.

İNSTİTUTDA

Universitetdən sonra kimya institutuna getdik. Bu institut sözün tam mənasında bir möcüzə aləminə bənzəyirdi. Ağ 

önlüklü, iri gözlüklü, ağsaçlı müəllimlər yan-yörələrindəki minlərcə şüşənin, çeşid-çeşid alətlərin, yanan və fışıldayan 

külçələrin içində qədim sehrbazları xatırladırdılar. Tələbələr xırdaca qabların içində nə isə əzir, müəllimə göstərirdilər. 

Müəllim həmin qablara şüşələrdən nə isə tökən kimi bir qaynaşma, bir parıltı başlayır və alov səngiyəndən sonra 

səpilən tozun yerində büllur kimi bir maddə yaranırdı.

Başqa bir tərəfdə bir başqa müəllim elektrik sınaqları keçirirdi. Bir başqa yerdə isə, hamının diqqəti cürbəcür qaz 

istehsalına yönəlmişdi.

Başçımız mənə doğru əyilib dedi:

- Tanıdığımız alınma qazlar burada hazırlanır. Bax, o balonları görürsən? Hamısı qazla doludur. Həmin qazı da bu 

balaca, çəlimsiz adam kəşf edib. Həyatının 30 ilini qazların tədqiqinə verib.

Mən heyrətlə bu arıq adama baxdım və o cür balaca başdakı beyinin böyüklüyünə mat qaldım.

Sanki arı pətəyinə düşmüşdüm. Bu sahədə çalışan adamı, həm də vurğunluqla çalışan adamı heç görməmişdim. Yəqin 

bu üzdən də yorğunluq duyub, yanımdakı tanışıma dedim:

- Əzizim, mən yoruldum, daha dözə bilmirəm. Gördüklərimdən sarsılmışam. Gəl açıq havaya çıxıb, bir az özümüzə

gələk.


Sən demə, tanışım da elə mənim halıma düşübmüş. Oradan çıxaraq, institut bağındakı skamyalardan birinə tirtab 

düşdük. Tanışım barmağı ilə ətrafda qaynaşan insanları göstərib: "səy və bilik gör nələr yaradır. Bax bütün bunlar 

azadlığın bəhrəsidir!" - dedi.

- Amma bir iş var, əzizim. Adam bilmir ki, azadlıq bu meyvələri yetirib, yoxsa meyvələr azadlığı doğurub... Bu məsələ

çözülməlidir.

- Bütün hallarda azadlıq əsasdır. Onsuz səy və biliklərimiz boşa gedər, yayılmaz. Buna ən yaxşı sübut azad olanlarla 

olmayanlar arasındakı fərqdir. Yəni tənqid və sərbəst düşüncədir. Bax, o düşüncə hər cür biliyə yol açar, boş əqidələri 

beyindən atar, yanlış yollardan qoruyar, səhvləri düzəldər, fəaliyyəti doğru yola yönəldər. Dünəndən bəri gör neçə

ayrıca və bir-birini tamamlayan nəzəriyyələr dinlədik. Səy və bilikləri doğru yola yönəldən mübahisələrin şahidi olduq. 

Deməli, aydındır ki, bu ölkədə belə sərbəstlik olmasaydı, heç vaxt indiki qədər irəliləməzdi.

- Ancaq bunu da danmaq olmaz ki, biliklər yayıldıqca, səylər çoxaldıqca, azadlıq da güclənib canlanır.

- Əlbəttə! Təsirlər qarşılıqlıdır. Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır. Axı o halda 

azadlığın özünü yerbəyer etməsi çətinləşdiyi kimi, dolanışıq və güzəran üçün də başqalarına ehtiyac yaranır. 

Başqalarının fikri, elmi, sənayesi səni öz təsiri və nüfuzu altına salır. Bu da o demək deyil ki, tam azadsan. Xoşbəxt o 

yerlərdir ki, həm azaddır, həm də özü düşünüb, özü yaradır. Yaratmaq qabiliyyəti olmayan ölkələr, adətən, belə yerlərin 

təbəəsinə çevrilir. İstər-istəməz, onlara ödənc verməyə, vergi ödəməyə məcbur qalır.

Yaratmaq bacarığı uzun müddət sürən sərbəst çalışmanın nəticəsidir. Bax, buna görə də bütün dərdlərin dərmanı 

azadlıq, azadlıq, yenə də azadlıqdır!

Artıq gecə düşürdü. Qonaq evinə qayıtmağın vaxtı çatmışdı. Bəxtimizdən qısa zaman içində adamı şəhərin hər hansı bir 

yerinə yetirən metro stansiyası Universitet bağı ilə üzbəüz idi. Oraya getdik.

Elektriklə çalışan enli pillələrlə - eskolatorla aşağı endik. Bir də gördük ki, geniş, təmiz, həm də işıqlı bir dayanacağa 

çatmışıq. Bircə dəqiqədən sonra qatar gəldi. Önümüzdəki vaqona minib, düz yeddi dəqiqədən sonra qonaq evinin 

yerləşdiyi küçəyə çatınca düşdük.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə