9
OXUCULARA
Hörmətli oxucu, diqqətinizə təqdim edilən bu dərs vəsaiti, fiziki tərbiyə sahəsində müəllifin 48
illik pedaqoji fəaliyyətinin nəzəri-metodik və praktik iş təcrübəsi əsasında yazılmışdır. Dərs vəsaitində
müəllifin Bakı şəhərindəki ümumtəhsil məktəblərində bədən tərbiyəsi müəllimi, 1971-81-ci illərdə isə
Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda (indiki Azərbaycan Respublikası Təhsil
Problemləri institutu) işlədiyi dövrdə, eləcə də 1981-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində
ixtisas fakültəsində idman fənlərinin tədrisi metodikasından (gimnastika, atletika, idman və mütəhərrik
oyunlar, üzgüçülük və s.) oxuduğu mühazirə və praktik dərslər üzrə topladığı təcrübə nəzərə alınmışdır.
Dərs vəsaitinin məqsədyönlü işlənməsində müəllifin praktik müəllim olması ilə yanaşı, onun
dissertasiya, elmi-tədqiqat işinin fiziki tərbiyə üzrə nəzəri biliklərin mənimsənilməsinin şagird
şəxsiyyətinin formalaşmasına təsirinə həsr edilməsi, burada nəzəriyyə ilə praktikanın bir-biri ilə sıx
surətdə əlaqələndirilməsi, biri o birini tamamlaması da az rol oynamamışdır.
Müəllifin uzun illərdən bəri
Azərbaycan Müəllimlər institutunda, Bakı Pedaqoji Kadrların ixtisasartırma və yenidən hazırlanma
institutunda kurslarda ixtisaslı mütəxəssislərə və sinif müəllimlərinə, həm də bakalavr təhsil pilləsində və
magistraturada «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənn proqramı üzrə tələbələrə oxunmuş
mühazirələr, seminar, laborator və praktik məşğələlərin aparılması zamanı qazanılmış təcrübə dərs
vəsaitinin gündəmə gəlməsində, müasir məktəb sisteminin tələblərinə cavab verməsində mühüm
amillərdən sayıla bilər.
Açıq etiraf etməliyik ki, müəllifin vaxtı ilə kənd rayon məktəblərində (Füzuli, Cəbrayıl, Zaqatala,
Şuşa, Xankəndi, Şəki, Qəbələ, Şirvan və i.a.) fiziki tərbiyə dərslərində apardığı müşahidələri, vəziyyəti
öyrənib təhlil etməsi və müəllimlər arasında sorğular keçirib ümumiləşdirməsinin nəticəsi olaraq dərs
vəsaiti, metodik işləmələr, habelə ölkə daxilində və onun hüdudlarından kənarda jurnal məqalələri çap
etdirməsi, bunların da müvafiq hissəsinin yenidən işlənilib sinif müəllimi hazırlayan pedaqoji fakültələrin
fənn proqramlarına üyğunlaşdırılaraq dərsliyə daxil edilməsi məqsədyönlü olmuşdur.
Bu bir həqiqətdir ki, son illərdə respublikamızda fiziki tərbiyəyə və idmana diqqət artırılmışdır.
Lakin kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin nəzəri və metodiki cəhətləri və s.
proqram bölmə
materiallarına aid konkret ümumiləşdirici tədris-metodiki ədəbiyyat, çap tədris işləmələri,
vəsait və
dərsliklər demək olar ki, yox dərəcəsindədir. Bu da təbiidir. Çünki, müvafiq təhsil qurumları həmin
boşluğu doldurmağa lazımi səy və təşəbbüs göstərməmiş, tələbə və magistrların, ixtisasartırma və yenidən
hazırlanma kurslarına cəlb olunan dinləyicilərin, ixtisas müəllimlərinin bu sahəyə olan ehtiyacını o qədər
də diqqət mərkəzində saxlamırlar. Unutmaq olmaz ki, sovetlər birliyində fiziki tərbiyəyə dair zəruri dərs
vəsaitləri, tövsiyələr hazırlanıb müəllim və tələbələrə çatdırılırdı.
Artıq son vaxtlarda əlaqələr demək olar ki, kəsilmişdir, Azərbaycan dilində «Məktəbdə bədən
tərbiyəsi» məcmuəsinin nəşri dayandırılmışdır. Buna görə də fiziki tərbiyənin tədrisi üzrə müəllimlərə
konkret kömək göstərə biləcək materiallara çox çətinliklə rast gəlmək mümkündür.
Azərbaycanda bəhs
edilən sahəyə aid dərsliklərə, tədris - metodiki vəsaitlərə çox böyük ehtiyacın olduğunu nəzərə alaraq
indiyə qədər toplanılmış materialların və «İbtidai Təhsilin Pedaqogikası və metodikası» ixtisası alan
tələbələr üçün oxunmuş mühazirələrin üzərində işləməklə «Fiziki tərbiyə və onun tədrisi metodikası»
fənn proqramının tələblərinə cavab verən dərs vəsaiti tərtib etmək qərarına gəldik.
Dərs vəsaiti öz quruluşuna görə 3 bölmədən, 10 fəsildən və əlavələrdən ibarətdir.
Birinci bölmədə fənn proqramına uyğun olaraq
fiziki tərbiyə nəzəriyyəsinin əsaslarına dair
bəzi məsələlərin izahı verilir. İlk növbədə, fiziki tərbiyənin mövzusunun mahiyyəti və onun əhatə etdiyi
məsələlər araşdırılır. Ölkəmizdə gənclərin bədən tərbiyəsi və idmanının inkişafına xüsusi diqqət
yetirildiyi nəzərə alınaraq onun tarixi keçmişinə, bu gününə və gələcək inkişaf perspektivlərinə nəzər
salınır, ictimai quruluşlarda inkişaf göstəriciləri, nailiyyətləri əsasında xronikası yaradılır. Xüsusən, onun
sinfi xarakter daşıması, ictimai hadisə kimi əmələ gəlməsi, cəmiyyətin maddi şəraitindən və tələbatından
asılılığı, mövcud cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə xidmət göstərməsi faktik
materiallarda qısa da olsa öz əksini tapır. Azərbaycan ərazisində ən
qədim zamanlardan başlayaraq
Midiya və Alban dövlətləri, feodalizm, çar Rusiyası, sovet hakimiyyəti və müstəqillik dövründə bədən
tərbiyəsi və idmanın inkişaf tarixinə aid araşdırmalar aparılır. Qədim və müasir Olimpiya oyunları,
Azərbaycan idmançılarının olimpiya oyunlarında uğurları barədə məlumatlar verilir.
10
Bu bölmədə
müstəqil Azərbaycan Respublikasının fiziki tərbiyə sisteminin mahiyyəti,
quruluşu, əsasları və başlıca isti-qamətləri şərh edilir. Xüsusən, bu sistemin əhatə etdiyi ailə və
bağçada, orta ümumtəhsil, peşə, orta və ali ixtisas məktəblərində, şəhər, kənd, fabrik, zavodlarda və
Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyənin ümumi xarakteristikasından bəhs olunur. Pedaqoji və
əsas spesifik anlayışlardan danışılarkən XIX-XXI əsrlərdə anlayışlar haqqında mühüm pedaqoji fikir
tarixi araşdırılır.
Təlim, tərbiyə, təhsil anlayışları ilə yanaşı,
«Bədən tərbi-yəsi», «Fiziki tərbiyə», «Fiziki
inkişaf», «Fiziki hazırlıq», «Fiziki təkmilləşmə», «İdman» anlayışlarının mahiyyətinə aydınlıq gətir-
ilərkən xarici alimlərin, o cümlədən görkəmli Azərbaycan peda-qoqlarının da düşüncələri diqqətdən
yayınmamış, onların bu məsələyə daha həssas və diqqətlə yanaşmaları aşkarlanmışdır (M.Muradxanov,
N.Kazımov, Ə.Haşımov, B.Əhmədov, A.Rzayev, Y.Talıbov, Ə.Ağayev, Ə.Paşayev, F.Rüstəmov,
M.Nəsrullayev, H.Qurbanov və s.).
Həmin bölmədə
ibtidai məktəbdə şagirdlərin fiziki tərbiyəsinin elmi, pedaqoji-psixoloji
əsasları aparıcı yerlərdən birini tutur. İlk növbədə, kiçik məktəbyaşlı şagirdlərin fiziki tərbiyəsinin
məqsədi, vəzifələri və vasitələri, eləcə də «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti,
onun tədris və elmi fənn olması izah edilir. Bundan əlavə, kiçik məktəb yaşlıların anatomik-fizioloji və
psixoloji inkişaf xüsusiyyətləri, fiziki tərbiyə təliminin təşkili və keçirilməsinin elmi-nəzəri əsasları bu
prosesdə təlim metodlarından və prinsiplərindən səmərəli istifadə yolları, həm də onların nəinki əlaqəli
surətdə tətbiqi, hətta qarşılıqlı istifadə imkanları şərh olunur.
Eyni zamanda, qarşıya qoyulmuş vəzifə,
tədris - iş və iqlim şəraitindən, təchizatdan asılı olaraq metodların seçilməsi və tətbiq olunması
prinsiplərinə aid nümunələr verilir, öyrədən və öyrənənin münasibətlərinin tənzimlənilməsində aktiv
metodların rolu, mövqeyi araşdırılır.
Məlumdur ki, öz tarixi keçmişini bilmədən gələcəyə uğurlu addımlar atmaq mümkün deyildir.
Bu baxımdan orta ümumtəhsil məktəblərimizdə tətbiq edilmiş fiziki tərbiyədən tədris plan və
proqramlarının tədqiqi vacib bilinmişdir. Əvvəlcə, çar Rusiyası məktəblərində, sonra Azərbaycanda
sovet hakimiyyəti və müstəqillik dövründə tədris plan və proqramlarında fiziki tərbiyənin qoyuluşu,
mahiyyəti, vəzifələri, məzmunu öyrənilmiş, təhlil edilmiş və ümumiləşdirmələr aparılmış (XIX, XX, XXI
əsrlərdə), müvafiq qənaətə gəlinmiş,müəllif yeri gəldikcə tərtib etdiyi məktəb,
orta ixtisas və ali məktəb
proqramlarında tədqiqatın nəticələrini müvafiq surətdə nəzərə almışdır. XX əsrin 70-ci illərində bir sıra
xarici ölkə məktəblərinin tədris planında fiziki tərbiyə fənninə ayrılan saatların miqdarı, onun təşkili
imkanları da araşdırılmışdır (Macarıstan, Bolqarıstan, Kuba, Polşa, Almaniya (ADR) və s.).
Fiziki tərbiyə dərsləri məktəbdə bu sahədə aparılan işlərin əsas təşkili formasıdır başlığı
altında gedən yazıda isə fiziki tərbiyə dərslərinin təşkili və keçirilmiəsinə dair zəruri pedaqoji-psixoloji və
metodiki komponentlərin izahı öz əksini tapır. Xüsusən, dərsin xüsusiyyətləri, vəzifələri, tipləri, onun
quruluşu, hissələri, təşkili formaları, sıxlığı, fiziki yükü, habelə dərsdə yer seçmə, ona rəhbərlik və
hazırlıq, ev tapşırıqları, hesabaalma, qiymətləndirmə, məşğələ yerinin düzəldilməsi, ləvazimat, vəsait və
avadanlıqlarla təchizi mühüm yer tutur.
İkinci bölmədə ibtidai məktəbin «Fiziki tərbiyə» fənn proqram bölmələri üzrə hərəkətlərin
xüsusi metodikası verilir. Birinci olaraq, ayrı-ayrı siniflərə aid
fiziki tərbiyədən əsas biliklərin
mahiyyəti, məzmunu və öyrədilməsinin pedaqoji-psixoloji izahı və mənimsədilməsi metodları şərh
olunur.
Bu bölmədə
fiziki tərbiyə məşğələləri zamanı ilk tibbi yardım göstərmək qaydaları üzrə
məlumatlar verilir, xüsusən, məişət, idman məşğələləri, turist – yürüş və səyahətlərində baş verə biləcək
zədələnmələr qeyd edilir və onların qarşısını almaq üçün tibbi yollar göstərilir. Bundan əlavə, proqram
materiallarının məzmunu və keçirilməsi metodikasından bəhs olunur. Burada ibtidai siniflərdə tədris
olunan gimnastika hərəkətlərinin, sıra təliminin, müvazinət, rəqs, akrobatika və s. hərəkətlərin məzmunu
və icraedilmə texnikasının izahı verilir. Müəllifin vaxtı ilə seçib tədris proqramına
daxil etdiyi oğlan və
qızlar üçün Azərbaycan rəqs elementlərinin və milli mütəhərrik oyunların, yerinə yetirilmə metodikası,
həmçinin digər mütəhərrik və idman oyunlarının kross hazırlığının, üzgüçülüyün təşkili və keçirilməsi
yolları da bu bölmədə öz yerini tapır. Dərsliyin
xüsusi məktəb və qruplar hissəsində isə azkomplektli
məktəblərdə və səhhətində olan qüsurlara görə xüsusi tibbi qrupa daxil olan şagirdlərin fiziki tərbiyəsinin
əhəmiyyəti, məzmunu, təşkili və idarə olunma məsələlərindən danışılır.