{&} 959-) Aişə (A. o. r.) demişdir: ““Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) belə oruc tutardı ki, elə bilərdik ki, fasilə verməyəcək. Bəzən də oruca o qədər ara verərdi ki, deyərdik ki, artıq oruc tutmayacaq. “Allahın Elçisini (ona Allahın salamı və salavatı olsun) Ramazan ayndan başqa bir ayda tam oruc tutduğunu görməmişəm. Şaban ayındakı qədər çox oruc tutduğunu da görməmişəm.
(Hədisin bir variantı 603-cü hədisdir.)
& 960-) Yenə də Aişə (A. o. r.) demişdir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) heç bir ayda Şaban ayından çox oruc tutmazdı (bəzi illərdə isə) bütün Şaban ayını oruc tutardı. Özü belə buyurardı: “Görə biləcəyiniz işə girişin. Şübhəsiz ki, siz bezikər, usanarsınız, lakin Allah bezib usanmaz”. Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) ən çox sevdiyi namaz, onu qılanın, az da olsa, həmişə qıldığı namazdır. O (ona Allahın salamı və salavatı olsun) da həmişə qılmağı xoşladığı namazı qılardı.
(Hədisin fərqli variantları 40 və 2102-ci hədislərdir.)
961-) Ənəsdən (A. o. r.) rəvayət edilir: “Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) oruc olması barədə soruşduqda, o demişdir: “Onu oruc tutan görmək istədiyim bir ayda, onu qəti oruc tutan, oruc tutmamış kimi görmək istədiyim vaxtda isə qətiyyən oruc tutmayan kimi görərdim.
Yenə (Peyğəmbəri (ona Allahın salamı və salavatı olsun) gecə namaz qılınan vaxtda onu namaz qılan görmək istədiyim zaman, hökmən onun namaz qıldığını görər, yatdığını görmək istədiyim halda da yatmış olduğunu görərdim.
Allahın Elçisinin (ona Allahın salamı və salavatı olsun) əlindən də yumşaq nə bir ipəyə, nə də bir pərquya toxunmamışam. Allahın Elçisinin (ona Allahın salamı və salavatı olsun) ətrindən də təravətli nə bir qoxu, nə müşk, nə də bir ətir iyləməmişəm” – deyə Ənəs bildirmişdir.
(Hədisin qısa bir variantı 603-cü hədisdir.)
& 962-) Abdullah b. Əmr b. əl-As (A. o. r.) rəvayət etmişdir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) mənə buyurdu ki: “Ey Abdullah, sənin gecələri həmişə namaz qılan, gündüzləri isə uzun müddət oruc tutduğun mənə bildirilməyibmi?” Mən də: “Bəli, elədir, ey Allahın Elçisi” – deyə cavab verdim. “Belə etmə, ara verərək oruc tut, həm gecə namazı qıl, həm də yat. Çünki bədəninin səndə haqqı var, gözünün səndə haqqı var, zövcənin səndə haqqı var, qonağının səndə haqqı var. Hər ay üç gün oruc tutmaq sənə bəsdir. Çünki hər bir savab on misillidir, bu da sənə bir ilin orucu kimi savab olar”. Mən çox olmasını istədikcə, mənə artırıldı. Mən də dedim: “Ey Allahın Elçisi, bunlardan daha çox etməyə gücüm var”. “Allahın Peyğəmbəri Davud (ə. s.) kimi oruc tut, ona əlavə artırma” – deyə buyurdu. Mən isə: “Allahın Peyğəmbəri Davudun (ə. s.) orucu nə qədər idi?” – deyə soruşdum. “İlin yarısı qədər”. – buyurdu.
Abdullah (A. o. r.) artıq yaşlandığı zaman: “Kaş ki, Allahın Elçisinin (ona Allahın salamı və salavatı olsun) asan olması üçün mənə verdiyi imkanı qəbul edəydim” – deyərdi.
& 963-) Yenə də Abdullah b. Əmrdən gələn digər bir hədisdə deyilir: “(Peyğəmbər): “Davudun (ə. s.) orucu kimi oruc tut. O bir gün oruc tutar, o biri gün tutmazdı. O düşmənlə üz-üzə gələndə də qaçmazdı” – buyurdu, mən isə: “Ey Allahın Peyğəmbəri, bu gözəl sifətləri mənə kim qazandıra bilər?” – deyə ondan soruşdum. (Söhbətin axırında) “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) iki dəfə: “Bütün ili oruc tutan – oruc tutmamışdır” – buyurdu”.
(Hədisin bir variantı olan 1821-ci hədisə baxın.)
964-) Ənəs (A. o. r.) rəvayət edir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) anam Ümmü Süleymin yanına gəldi. O da xurma və kərə yağı gətirdi. “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Yağınızı tuluğuna, xurmanızı qabına boşaldın, çünki mən orucam”. – deyə buyurdu. Sonra evin bir küncünə çəkilib nafilə namaz qıldı, Ümmü Süleym və ailə üzvləri üçün dua etdi. Bundan sonra Ümmü Süleym dedi: “Ey Allahın Elçisi, kiçik xidmətçin üçün bir dua etməyini istəyirəm”. “O kimdir? – deyə buyurdu. Ümmü Süleym: “Xidmətçin Ənəs üçün” – dedi. “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) mənim üçün bu dünyada və axirətdə xeyirli nə varsa dua etdi: “Allahım, ona var-dövlət və övladlar bəxş et və onları onun üçün bərəkətli et” – deyə buyurdu. Şübhəsiz ki, mən ənsarlardan var-dövlət tərəfdən ən zənginiyəm. Qızım Ümeyyə mənə Həccacın Bəsrəyə gəldiyi zaman (h. 75-ci ildə) şəxsən mənim uşaqlarımdan yüz iyirmi nəfərinin torpağa basdırıldığını bildirdi”.
(Bu duanın bərəkəti ilə Ənəs (A. o. r.) yüz yaşına yaxınlaşdığı vaxtda vəfat etmişdir. Uşaqları o qədər çox idi ki, şəxsən həyatda olduğu vaxtlarda onlardan ölənlərinin sayı, təkcə Həccac Bəsrəyə gəldikdə yüz iyirmi nəfərmiş.)
& 965-) İmran b. Hüseyn (A. o. r.) rəvayət edir: ““Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) bir nəfərə: “Ey filankəsin atası, bu ayın sonunda oruc tutmuşdunmu? – deyə ona sual vermiş, (İmran (A. o. r.) da bunu eşidirmiş,) həmin adam: “Xeyir, ey Allahın Elçisi” – cavabını vermişdir. Elə isə, Ramazan çıxan kimi, onun yerinə iki gün oruc tut” – deyə buyurmuşdur.
Ondan nəql edilən bir başqa hədisdə yuxarıdakı ifadə: “Şabanın sonunda oruc tutmuşdunmu? – formasındadır.
(933-cü hədisdə Ramazandan bir-iki gün qabaq oruc tutma qadağan edilmişdir. Ancaq kimin ki, hər ayın sonunda oruc tutmaq adəti varsa, ona güzəştə gedilir. Peyğəmbərimizin (ona Allahın salamı və salavatı olsun) hər ayın sonunda oruc tutması adəti olduğu üçün barəsində bəhs edilən səhabəsindən Ramazan ayından əvvəl oruc tutub-tutmamasını soruşmuşdur. Ramazanı qarşılamaq üçün oruc tutmasını soruşmaq məqsədi olmamışdır.)
& 966-) Cabirdən (A. o. r.): ““Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) cümə günü oruc tutmağı qadağan etmişdirmi?” soruşanda: “”Bəli” – cavabını vermişdir.
967-) Cüveyriyə bint Xarisdən (A. o. r.) rəvayət edilir: “Bir cümə günü o oruc ikən “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) yanına gəlir və soruşur: “Dünən oruc tutmuşdunmu?” O isə: “Xeyir” deyir. “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Sabah oruc tutmağı düşünürsənmi?” soruşmuş, o yenə də: “Xeyir” demişdir. Belə olduqda: “Elə isə orucunu poz” – deyə buyurmuşdur.
968-) Aişədən (A. o. r.): “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) gününün bir hissəsini hər hansı bir şeyə həsr edərdimi?” – deyə soruşmuşlar, o da: “Xeyir, onun gördüyü iş davamlı olardı. Sizin hansı biriniz “Allahın Elçisinin (ona Allahın salamı və salavatı olsun) gördüyü işi görə bilər axı!? – demişdir.
(Əslində “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) bəzi işlərini müəyyən günlərə həsr edərdi. Aşura günü, Bazar ertəsi, cümə axşamı orucları kimi. Həmin oruclar müəyyən günlərə həsr olunmuşdur. Yuxarıdakı hədisin bu deyilənlərə əks olduğunu görürük. Bu məsələni alimlərimiz belə izah etmişlər: “Yuxarıda Aişə (A. o. r.) validəmizə verilən suallar hər ayın əvvəlində və axırında tutulan nafilə oruclar və ya Şəvval ayında altı gün tutulan orucun müəyyən günlərə məxsus olmasını bilmək üçün soruşmuşlar və o da belə cavab vermişdir.)
969-) Aişə və İbn Ömər (A. o. r.) demişlər: “Həcdə qurban kəsilməsi lazım olduğu halda kəsməyənlərdən başqa, təşrik günlərində (Qurban bayramının 2, 3 və 4 günləri) oruc tutmağa icazə verilməmişdir”.
{·} 970-) Aişə (A. o. r.) demişdir: “Cahiliyyə dövründə qureyşilər aşura günü oruc tutardılar. “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) də aşura günü oruc tutardı. Mədinəyə gəldikdən sonra da bu orucu tutmuş və tutulmasını əmr etmişdir. Axırda ramazan orucu fərz olduqdan sonra aşura günü orucunu (həmişə) tutmağı tərk etdi. Artıq kim istəyirsə tutsun, istəmirsə tutmasın”.
(Hədisin bir variantı 805-ci hədisdədir. Məlum olduğu kimi, İbrahim əleyhissalam Məkkədə Allahın dinini təsis etmiş və onun tələblərini izah etmişdir. Sonralar dində sapmalar baş vermişdir. (1351-ci hədisin şəri ilə 1468-ci hədisin şərhinə baxın.) Dində nə qədər sapmalar olsa da bəzən bir sıra səthi əsaslar da mövcud olmuşdur. Bu hədisdən bizə aydın olan oruc və aşura orucunun İslamdan əvvəl də olduğunu göstərir. Quranda orucun bizdən əvvəlki xalqlara da fərq olunduğu bildirilir. (Bəqərə, 2/183). Lakin həmişə olduğu kimi orucda da bəzi sapmalar olmuş, keyfiyyəti və yerinə yetirilməsində dəyişikliklərə məruz qalmışdır.)
& 971-) İbn Abbas (A. o. r.) demişdir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) Mədinəyə gələndə yəhudilərin oruc tutduğunu gördü və: “Bu nədir?” - deyə sual verdi. Onlar: “Bu, xeyirli bir gündür, Allahın İsrail oğullarını düşmənlərindən qurtardığı bir gündür. Bu səbəbə görə Musa həmin gün oruc tutmuşdur” dedilər. “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun): “Mən Musaya sizdən daha çox yaxınam” – deyə buyurdu və həmin gün həm özü oruc tutdu, həm də oruc tutulmasını əmr etdi.”
Bismilləhir-Rahmənir-Rahim
31-) Təravih namazı bölümü
{·} 972-) Aişədən (A. o. r.) rəvayət edilmişdir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) bir gecə gecənin tən yarısında qalxıb məsciddə namaz qıldı. Bəzi adamlar da onunla birlikdə namaz qıldılar, səhər olunca isə bu barədə öz aralarında danışdılar, ertəsi gecə isə əvvəlkindən də daha çox adam yığışaraq Peyğəmbərlə namaz qıldılar, səhər olan kimi yenə öz aralarında bu namazı müzakirə etdilər. Sonra üçüncü gecə məscid camaatı olduqca artdı. Yenə də Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) qalxıb namaz qıldı. Onlar da onunla birgə namaz qıldılar. Dördüncü gecə olduqda camaat məscidə yerləşmədi, axırda Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) sübh namazına qədər camaatın yanına çıxmadı. Sübh namazını qılıb qurtardıqdan sonra camaata tərəf çevrildi, şəhadət kəlməsini dedi və ardıyca: “Bundan sonra bunu bilin ki, sizin (namaz qılarkən arxamda durduğunuz) yeriniz mənə qapalı deyildir, ancaq bu namazı fərz kimi qəbul edib sonra yerinə yetirə bilməyəcəyinizdən qorxdum (yanınıza namaz qılmağa çıxmadım)” – deyə buyurdu.
Hədisi rəvayət edənlərdən Şihab əz-Zühri demişdir: “Vəziyyət elə bu halda ikən Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) vəfat etdi.”
(Hədisin variantları 423 və 424-cü hədislərdir. Peyğəmbərimizin təravih namazının nə şəkildə olması haqqında 608-ci hədisə baxın.)
32-) Qədir gecəsinin fəziləti bölməsi
{&} 973-) İbn Ömər (A. o. r.) rəvayət edir: “Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) səhabələrindən bəzilərinə qədir gecəsinin ramazanın sonundakı yeddi gecədə olduğu göstərilmişdi. Bununla bağlı olaraq Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Mən sizin gördüklərinizi görürəm, qədir gecəsi sonuncu yeddi gecəyə təsadüf edir. Buna görə, kim bu gecəni tapmaq istəyirsə son yeddi gecədə axtarsın”.
{(} 974-) Əbu Səid əl-Xudri (A. o. r.) rəvayət edir: “Ramazanın ortasındakı on gündə Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) ilə birlikdə məsciddən çıxmadan ibadətlə məşğul olduq. İyirminci günün səhərisi (ibadət yerindən) çıxıb bizə xütbə oxudu və buyurdu: “Mənə Qədir gecəsi göstərildi, sonra isə unutduruldu, amma siz onu sonrakı on gecənin təklərinin birində axtarın. Bir də mənə özümün (bu gecənin səhəri) su və palçıq içində səcdə qıldığım da göstərildi. Kim Allahın Elçisi ilə məscidə çəkilib ibadət edirdisə, yerinə qayıtsın”. Biz də (məscidə ibadət yerinə) qayıtdıq, göydə heç bir bulud görmürdük, bu vaxt bir bulud gəldi və elə bir yağış yağdı ki, məscidin tamasası axdı. Məscidin tamasası xurma budaqlarından hörülmüşdü. Sübh namazı qılındı. Allahın Elçisini (ona Allahın salamı və salavatı olsun) su və palçığın içində səcdə qılarkən gördüm, alnındakı palçıq izlərini belə gördüm”.
975-) İbn Abbasdan (A. o. r.) rəvayət edilir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurdu: “O Qədir gecəsini ramazanın axırındakı on gecədə, arxada qalan doqquzuncu gecəsində, arxada qalan yeddinci gecəsində, arxada qalan beşinci gecəsində axtarın”.
976-) Yenə də İbn Abbasdan (A. o. r.) rəvayət edilən bir başqa hədisdə isə Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurur: “O, yəni qədir gecəsi (axırdakı) o, keçən on gündə, doqquzuncuda və ya qalan yeddidədir”.
& 977-) Aişə (A. o. r.) demişdir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) Ramazan ayının (son) on (günü) girəndə bağını möhkəm bağlayar, gecəni oyaq qalar, ailəsini də oyadardı”.
(Qədir gecəsi hökm və təqdir gecəsi mənasını verdiyi kimi, dəyərli, şərəfli, uca mənasını da bildirir. Quranda bu gecənin adı ilə bağlı bir surə vardır:
“Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədir gecəsi nədir?! Qədir gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədir gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədir gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədir gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)” (Qədr, 97/1-5) Surədə verilmiş “min ay” ifadəsi bəzi alimlərə görə sadəcə çoxluğu ifadə edir. (Fathul-Kadr, Şəvkani, V, 555)
Belə qiymətli bir gecənin hansı gecə olması barədə qırxa kimi müxtəlif baxışlar vardır. (Fəthul-Kadır, V. 555) Gecə xüsusi olaraq məlum bir vaxt hüdudunda təyin edilməmişdir. Bunun hikməti bildirilməmişdir. Əslində, insanların daima səy göstərsinlər deyə Uca Allah razılığını, əzəmətli adını, orta namazı, tövbənin qəbulunu, insanın öləcəyi vaxtı, cümə günü Allahın duaları qəbul etməsi vaxtını, gecədəki duaları qəbul etmək vaxtını gizli saxlamışdır. (Təsiru-Kəbir, XXXI. 27; Zadul-Məsir, İbn Cəvzi, V. 276)
Qədir gecəsi haqqında gələn hədislərə görə bu gecə Ramazan ayının 1, 17, 18, 19, 21, 23, 25,27, 29 gecələrindədir. Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) qədir gecəsi barədə sual verdikdə: “O, Ramazanın bütünündədir” – deyə buyurmuşdur. (Əbu Davud, Əbvabu şəhri ramazan, 321) Son on gecədə ola bləcəyi kimi, bütün tək gecələrdə olduğu da bildirilir.
Abdullah b.Məsud (A. o. r.) demişdir: “Kim bir il tam oyaq qalsa qədir gecəsinə rast gələr”. (Əbu Davud, Əbvabu şəhri ramazan, 316) Buna görə Əbu Bəkr əl-Cəssas və bir sıra hənəfilər qədir gecəsinin ilin içərisində yayıldığını bildirmişlər. (Əhkamul-Quran, Cəssas, V. 374) İmam Əzəmin də bu baxışla razı olduğu söylənir. Ancaq bir başqa rəvayətə görə İmam Əzəm: “Qədir gecəsi ramazanın əvvəlində də, sonunda da gələ bilər” demişdir. (Umdətul-Kari, IX, 206)
Qədir gecəsinin hansı gecədə olduğunu bildirən hədislərdəki ifadələrin qapalı olduğu aydın görünür: “axıra qalan doqquzuncu gecə” kimi. İndi biz ayın 29 və ya 30-dan hansının olacağını bilmədiyimizdən, bunun axıra qalan 29 və ya 30-cu gün olması məlum deyil.
Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Kim qədir gecəsi camaatla namaz qılarsa, ondan böyük qismətini almış olar” (Muvatta, İtikaf, 17)
Qədir gecəsinin hər il müxtəlif gecəyə rast düşməsi və ilin bütün gecələri içində dəyişdiyi və ya ən azı ramazan gecələri içində dəyişdiyi bildirilmiş bütün belə hədislərin toplanmışdır. Buna görə “hədislərin bir-birindən fərqlənməsi ziddiyyət təşkil etmir, bunlar hər dəfə ayrı-ayrı illərin qədir gecəsini göstərir” deyilmişdir. (Şərhu Muslim, Nəvəvi, Ⅶ, 297)
Yuxarıda bildirildiyi kimi bu gecənin qəti şəkildə vaxtının bildirilməməsinin hikməti insanları daima fəal vəziyyətdə saxlamaqdır. Məhz bu səbəbə görə İbn Məsudun (A. o. r.) yuxarıda yad edilən “Kim qədir gecəsi camaatla namaz qılarsa, ondan böyük qismətini almış olar” hədisi Ubey b. Kəbə (A. o. r.) söylədikdə, o demişdir: “Allah ona rəhmət etsin, əslində özü də bunun ramazan ayında olduğunu bilirdi. Ancaq xalqın buna ümid bağlayıb tənbəlləşməsini istəmədiyi üçün o belə demişdi”. (Əbu Davud, Ədvabu şəhri ramazan, 316; Tirmizi, Savm, 71)
Qədir gecəsi Quranın nazil olunduğu gecədir. (Qədir, 97/1) Quran Ramazan ayında nazil edilmişdir.(Bəqərə, 2/185) Əslinə qaldıqda Quran 23 illik bir müddətdə hissə-hissə nazil edilmişdir. Qədir gecəsində nazil edilməsi onun ilk başlanğıcına aiddir və ya Lövhi-məfhuzdan yaxın səmaya birdəfəlik göndərilməsi ilə bağlıdır.
Bu açıqlamalardan başa düşdüyümüz ondan ibarətdir ki, bu aydan daha xeyirli olan qədir gecəsinin hansı gecəyə düşməsinin, insanları tənbəlliyə salmamaq üçün, dəqiq vaxtı bildirilməmişdir. Ramazanda hər gecəni qədir gecəsi kimi dəyərləndirməyimiz, xüsusilə də, ramazan ayının bütün gecələrini oyaq qarşılamağımız lazımdır. Təkcə 27-ci gecəni oyaq qalaraq digərlərinə diqqət yetirməmək doğru olmaz. “Hər gecəni Qədir, hər gələni Xızır bil!” atalar sözü də bu barədə çox gözəl misaldır. Madəm ki, qədir gecəsi Qurani Kərimin nazil edildiyi gecədir, o halda Quranın bizə nazil olması, Quranla yaşadığımızı daxilən hiss etdiyimiz hər bir gecə bizim üçün bir Qədir Gecəsidir.
Alimlərin həmrəy olduqları bir məsələ də qədir gecəsinin qiymətli və şərəfli olmasının səbəbi, gecə ilə bağlı deyil, gecədə olan şeylə bağlıdır. Bu gecədə Quran nazil edildiyindən, Quranın ucalığı bu gecənin şənini də yüksəltmişdir. Beləliklə, Quranı qəlbimizə yaxınlaşdırdığımız hər gecə qədir gecəsi olacaqdır.)
33-) İtikaf1 bölməsi
{&} 978-) Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) zövcəsi Aişədən (A.o.r.): “Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) vəfat edənə qədər ramazanın son on günündə itikafa girməsi, onun vəfatından sonra da zövcələrinin itikafa girdikləri rəvayət olunmuşdur.
& 979-) Yenə Aişə (A.o.r.) demişdir: “Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) məsciddə (itikafda) olduğu halda başını mənim otağıma uzadır, mən də saçına baxardım. O, itikafda olarkən (məsciddə qapanaraq vaxtını ibadətdə keçirdiyi vaxt) ancaq bir zəruriyyət olduqda evə girərdi”.
(Buradakı “zəruriyyət” ifadəsinin işlədilməsinin məqsədi dəstəmazın pozulması ehtiyacı olduğu barədə rəy vardır. Bundan başqa bir qisim digər tələbatlar haqqında müxtəlif nəzər nöqtələri irəli sürülmüşdür. Mövzu ilə bağlı fiqh kitablarında bunların təfsilatına baxmaq mümkündür.)
980-) İbn Ömərdən (A.o.r.) rəvayət edilir: “Ömər b. Xəttab (A. o. r.) Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun): “Cahiliyyə dövründə məscidi-haramda bir gecə itikafda olmağıma söz vermişdim...?” – soruşdu. O isə: “Sözünü yerinə yetir” – deyə buyurdu.
(Bu söhbət Huneyn səfərindən Məkkəyə qayıdarkən olmuşdur. (Buxari, Məğazi, 54) Hədisin ardı üçün 1328-ci hədisə baxın.)
{&} 981-) Aişədən (A. o. r.): Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) itikafa girmək istəyirdi. İtikafa girmək istədiyi yerə girəndə baxıb (orada) bir neçə çadır görür: Aişənin çadırı, Hafsənin çadırı, Zeynəbin çadırını. Buna görə buyurur: “Belə etməklə yaxşı bir iş gördüyünüzümü zənn edirsiniz?” Oradan uzaqlaşaraq itikafa girmədi. Nəhayət, şəvval ayında on gün itikaf etdi.
(Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) zövcələrinin bu rəftarına qarşı göstərdiyi münasibəti bir sıra mənalarda yozulmuşdur. Xalq arasında itikafın fərz kimi başa düşüləcəyi də deyilmiş və o da həmin il ramazan ayında itikafa girməmiş və yaxud zövcələrinin məsciddə itikafda olmalarına qarşı çıxdığı üçün belə etmiş və yaxud da məsciddə sıxıntı yaradacağına görə belə qərara gəlmişdir. Ola da bilsin ki, zövcələri arasında rəqabət olduğunu sezərək bu cür hərəkət etmişdir.)
& 982-) Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) zövcəsi Səfiyyədən (A. o. r.): “O, ramazanın son on günündə məsciddəki guşəsində (gecələyən) Allahın Elçisini (ona Allahın salamı və salavatı olsun) ziyarət etməyə gəlmiş və bir müddət onunla söhbət etdikdən sonra geri qayıtmaq üçün ayağa qalxmış, Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) də onu ötürmək üçün ayağa durmuşdur. Nəhayət, Ümmü Sələmənin qapısının yanındakı məscid qapısına çatdıqda iki nəfər ənsar gəlib Allahın Elçisinə (ona Allahın salamı və salavatı olsun) salam vermişlər. Buna görə Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) onlara demişdir: “Bir az dayanın, bu yanımdakı qadın (zövcəm) Səfiyyə binti Huyeydir”. Bu vəziyyət1 çəkinərək: “Sübhanəllah, ey Allahın Elçisi?” – demişdilər. Bununla bağlı olaraq Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Şübhəsiz ki, şeytan insanın qan damarına da girir. Buna görə mən onun sizin qəlbinizə müəyyən şeylər salacağından ötrü narahat oldum”.
(Bu hədis Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) şübhə oyandıracaq hallarda izahat verərək rastlaşdığı adamlara xəbərdarlıq etdiyini görürük. Artıq etimadın ən yüksək zirvəsinə ucalmış bir şəxs bu cür davranırsa, onun səviyyəsindən aşağı olanların belə hallarda daha tez-tez açıqlama verməsi vacibdir.)
983-) Əbu Hureyrə (A. o. r.) demişdir: “Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) hər ramazanda on gün itikafa girərdi2. Vəfat etdiyi il itikafda iyirmi gün oldu.
(İtikafın lüğəti mənası – olduğu bir yerdən kənara çıxmadan gözləməkdir. Dini istilah kimi – camaatla namaz qılına bilən bir məsciddə oruc halda itikafa niyyət edərək oturub gözləmək deməkdir. İtikaf üç qisimdən ibrətdir:
-
Vacib: niyyət edəndə yerinə yetirilir;
-
Təkid edilmiş sünnə: Ramazanın son on günü ərzində oruc halında heç olmazsa ən azı bir gün məsciddən çıxmadan itikaf etmək;
-
Müstəhəb (bəyənilən): bu, yuxarıda iki göstərilənləri çıxmaq şərti ilə hər vaxt yerinə yetirilə bilən itikafdır, müddəti ən az vaxt vahididir. Bu halda oruc olmaq şərt deyil.
İkinci qisim itikaf. Əgər bir şəhərdə bir nəfər onu yerinə yetirərsə, digərlərinin üstündən, sünnədən kənar çıxılmayıbsa, məsuliyyət götürülür. Əgər heç kim onu yerinə yetirməyibsə, o şəhərin əhalisinin hamısı təkid edilmiş sünnədən boyun qaçırmış hesab olunur.
Üçüncü qisim itikaf. Hər vaxt yerinə yetirilə bilər. Ramazan ayı və oruc olmaq şərt deyil. Məsciddə oturub gözləyərkən qısa bir müddətə də olsa itikafa niyyət edilərsə, itikafa girilmiş sayılır. Məsciddən çıxmaqla itikafa son verilir.
İtikaf artıq unudulan sünnələrdən olmağa başlamışdır. Buna görə müsəlmanların bu ibadəti həyata qaytarmaları lazımdır. Xüsusilə müstəhəb itikaf haqqında xalqımızın nə məlumatı var, nə də onu tətbiq etmir. Müsəlmanların öz məscidlərini itikaf yeri etmələri, burada Allaha xidmət göstərmələri, itikaf əsasında Allahın Kitabını oxuyub başa düşməyə səy göstərmələri gözəl davranış sünnəsidir. 367-ci hədisdə görülən kimi, namazı gözləmək, namaz qılmaq kimidir. 299-cu hədisdə isə məsciddə olan adam üçün mələklərinin dua etməsi izah olunmuşdur.
Mündəricat
f/s
Dostları ilə paylaş: |