Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə12/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

ƏŞ᾿ƏRİLƏR (1)

YARANMA TARİXİ




1. Əş᾿əri məzhəbinin banisi kimdir?

2. Əş᾿əri məzhəbi yaranan zaman ictimai-tarixi şərait necə idi?


MƏZHƏBİN BANİSİ


Əş᾿əri məzhəbi Əbul Həsən Əli ibni İsmail Əş᾿əriyə mənsubdur. O, Siffeyn müharibəsində həkəmiyyətin qarşı tərəfini öhdəsinə alan Əbu Musa Əş᾿ərinin nəvələrindəndir. Əbul Həsən Əş᾿əri 260-cı Hicri ilində Bəsrədə dünyaya gəlmiş və 324, yaxud 330-cu Hicri ilində vəfat etmişdir. Atası Əbi Bişr adı ilə tanınan İsmail ibni İshaq əhli-hədisin məşhur tərəfdarlarından idi. Atasının ölümündən sonra anası, mö᾿təzilənin böyük rəhbərlərindən olan Əbu Əli Cəbai ilə izdivac etmişdi. Əbul Həsən o vaxtdan e᾿tibarən anası ilə birlikdə atalığının evində yaşamış və cavanlıq vaxtlarından onun tərbiyəsi altında böyümüşdür. Əş᾿əri uzun müddət onun şagirdi olmuş və mö᾿təzilə məzhəbini qəbul etmişdi. Amma təqribən qırx yaşında ikən, mö᾿təzilə məktəbindən əl çəkərək yenidən əhli-hədisə üz gətirmiş və bu məzhəbin təbliğatçısı olmuşdur. O, Cəbaidən təhsil aldığı dövrlərdə əhli-hədis əqidəsinin zəif nöqtələrini anladığına görə, mö᾿təzilədən üz döndərdikdən sonra mö᾿təzilə kəlamı üslubundan istifadə etməklə və əqidəvi araşdırmalarda əqli bəhslərdən faydalanmaqla həmin zəif nöqtələri müəyyən dərəcədə islah etmək istəmişdir. Həqiqətdə o, mö᾿təzilənin əqlə ifratçı dərəcədə üstünlük vermələri ilə əhli-hədisin zahiri mə᾿naları əxz etmələri arasında olan orta mövqeli bir məzhəb yaratmaq fikrində olmuşdu. Buna görə də əhli-hədisin əqidəvi əsaslarında və onların kəlami nəzərlərində müəyyən dəyişikliklər etmiş və öz adı ilə tanınan əş᾿əri məzhəbini yaratmışdı. Bundan sonra onun ardıcılları əş᾿ərilər adlandırılmışdı.

Əbül Həsən Əş᾿əri həyatının üçüncü bölməsində (yə᾿ni mö᾿təzilə məktəbindən üz döndərdikdən sonra) bir çox kitablar yazmışdı ki, tarixçilərdən bə᾿ziləri onların sayını 300 cildə qədər saymışlar. İbni Əsakir öz «Tarix» kitabında onun yazdığı 93 kitabın adını qeyd etmişdir. Əlbəttə, bizim zəmanəmizə onun yazdığı əsərlərdən yalnız bir qismi gəlib çıxmışdır. Bu kitablardan «Əl-ibanətu ən üsulid-diyanə», «Məqalatul-islamiyyin vəxtilafil müsəllin», «İadətul-burhan», «Ət-təbyin», «Əş-şərhü vət-təfsil», «Əl-lümə᾿ti fi rəddi əla əhliz-ziyəci vəl-bidə᾿», «İstihsanul xozi fi elmil kəlam» və bu kimi digər məşhur əsərlərin adını çəkmək olar. Bu kitablar arasında «Əl-ibanə», «Məqalatul-islamiyyin» və «Lümə᾿» daha çox əhəmiyyət kəsb edir. Çünki onlar əş᾿əri məzhəbinin e᾿tiqadının məzmununu bəyan edir.

Belə nəzərə çarpır ki, Əş᾿əri «İbanə» kitabını mö᾿təzilə məzhəbindən qayıtdığı və əhli-hədisin əqidəsini müdafiə etdiyi zamanda yazmışdır. Çünki bu kitabla Əhməd ibni Hənbəlin «Əs-sünnə» kitabının arasında heç bir fərq yoxdur. Amma «Lümə᾿» kitabı «İbanə» kitabı ilə əsaslı şəkildə fərqlənir və orada Əş᾿ərinin xüsusi nəzərləri bəyan edilmişdir.

ƏŞ᾿ƏRİNİN MÖ᾿TƏZİLƏ FİRQƏSİNDƏN AYRILMASININ SƏBƏBLƏRİ


Əbul Həsən Əş᾿ərinin mö᾿təzilə firqəsindən çıxmasının səbəbləri barədə müxtəlif fikirlər qeyd edilmişdir. Onun böyük kəramət və fəzilət sahibi olduğunu deyən əş᾿əri məzhəb ardıcıllarından bir dəstəsi iddia edirlər ki, Əş᾿əri bir gecə Rəsuli-Əkrəmi (s) yuxuda görür. Yuxuda həzrət Peyğəmbər ona göstəriş verir ki, mö᾿təzilədən əl çəkib əhli-hədis məzhəbinə qoşulsun. Amma yuxu heç vaxt höccət ola bilməz və bu iddianın isbat olunması ümumiyyətlə mümkün deyildir. Buna görə də demək olar ki, əgər bu məsələnin düzgünlüyü qəbul olunsa belə, yenə də Əbul Həsən Əş᾿əri Peyğəmbərin (s) göstərişinə əməl etməmişdir. Çünki o həzrətin göstəriş verməsi (onun iddiasına görə) əhli-hədis məzhəbinə qoşulmaqla əlaqədar idi. Halbuki, o əməldə əhli-hədisin e᾿tiqadları ilə çox-çox fərqli olan yeni bir məzhəbin əsasını qoymuşdu.

Əş᾿ərinin mö᾿təzilə məzhəbindən çıxmasına bəraət qazandırmaq üçün gətirilən ikinci dəlil onunla ustadı Əbu Əli Cəbai arasında olan bə᾿zi ixtilaflardır.

Tarixçilər miləl və nihəl kitablarında Əş᾿əri ilə Cəbai arasında Allahın sifətləri, ədaləti və s. məsələlər ətrafında baş verən bir çox mübahisələr nəql etmişlər. Belə ki, Əbu Əli Cəbai Əş᾿ərinin tutduğu iradlara cavab verməkdə aciz qalmış və mübahisəni davam etdirə bilməmişdir. Buna görə də Əş᾿əri mö᾿təzilənin bütün İslami e᾿tiqadları əql əsasında qurmaq üçün göstərdiyi sə᾿yləri yanlış və azdırıcı hesab edərək onlardan uzaqlaşmışdır.

Əgər bu mübahisələrin baş verməsi düzgün olsa – onun səhih olmadığına da heç bir dəlil yoxdur – demək olar ki, Cəbainin, Əş᾿ərinin iradlarına cavab verməkdə aciz qalması onun mö᾿təzilədən uzaqlaşmasında mühüm rol oynamışdır. Amma iddia etmək olmaz ki, onun bu firqədən ayrılmasının bütün səbəbləri məhz həmin məsələlərlə bağlıdır. Çünki, Əş᾿əri sonradan əhli-hədis məzhəbində etdiyi islahatları mö᾿təzilə firqəsində də edə bilər və bu məzhəbdə qalmaqla da öz iradlarına cavab tapa bilərdi. Bu məqsədlə mö᾿təzilənin tamamilə əqli olan yollarında bir qədər islahat aparıb bə᾿zi nəqli ünsürləri ona əlavə etmək də kifayət idi. Bu da məhz Əş᾿ərinin əhli-hədisin tam mə᾿nada nəqli və zahiri olan yolları barəsində etdiyi işlərdir ki, bə᾿zi əqli üslubları ona artırmışdır.

Üçüncü dəlil Abbasi xəlifələrinin mö᾿təzilə firqəsi ardıcıllarının əleyhinə göstərdiyi təzyiqlər idi. Abbasi xəlifələrinin vaxtından Mə᾿munun dövrünə qədər, rəsmi məzhəb əhli-hədis məzhəbi olmuşdur və mö᾿təzilə ardıcılları öz ayinlərini gizli şəkildə yayırdılar. Amma Mə᾿mun mö᾿təzilə firqəsini rəsmiyyətlə tanıdı və iş o yerə çatdı ki, hətta camaatın əqidəsinin mö᾿təzilənin məramları ilə müvafiq olub-olmaması barədə əqidə təftişinə başlandı. Bu vaxtdan Mütəvəkkilin vaxtına qədər əhli-hədis hökumət tərəfindən ağır təzyiqlərə mə᾿ruz qaldı və hətta Əhməd ibni Hənbəl Qur᾿anın məxluq olmasına e᾿tiqad bəsləmədiyi üçün 30 şallaq zərbəsinə məhkum edildi.

Mütəvəkkilin vaxtından Abbasi xilafətinin axırına qədər vəziyyət yenidən dəyişdi; əhli-hədis məzhəbi yenidən rəsmiləşdi və bu dəfə mö᾿təzilə ardıcılları çoxlu təzyiqlərə mə᾿ruz qaldılar. Bu zaman tanınmış və məşhur şəxsiyyət olan Əbul Həsən Əş᾿əri rəsmi məzhəbi qəbul etdi və mö᾿təzilə firqəsindən uzaqlaşdı. O Bəsrənin came məscidində minbərə çıxdı və camaatın hüzurunda rəsmi şəkildə mö᾿təzilə məzhəbinin ardıcılı olmaqdan imtina edib dedi: «Məni tanıyanlar mənim kim olduğumu bilir, məni tanımayanlar bilsin ki, mən Əbul Həsən Əli ibni İsmail Əş᾿əriyəm. Mən bundan əvvəl Qur᾿anın məxluq olmasına inanır və deyirdim ki, Allah insanın gözünə görünməz; e᾿tiqadım bu idi ki, şər işlərin faili mən özüməm. İndi isə bu fikirlərimdən peşman olub, əvvəllər belə bir əqidəyə malik olmağımdan tövbə edir, mö᾿təzilə məzhəbindən çıxır və onun rüsvayçılıqlarına nifrət edirəm.»

Əş᾿ərinin mö᾿təzilə məktəbindən uzaqlaşmasının dördüncü səbəbi bu ola bilər ki, Əş᾿əri əhli-hədis məktəbinə qayıtmaqla, onların əqidələrini islah etmək fikrində idi. Əvvəldə qeyd olunduğu kimi, mö᾿təzilə məktəbi gizli fəaliyyətlə məşğul olduğu halda, əhli-hədis məktəbi rəsmiyyətlə tanınmış və camaatın əksəriyyəti ona tabe olmuşdu. Həm əhli-hədisin əqidə baxımından irad və zəif nöqtələri ilə, həm də mö᾿təzilənin əqli üslubları ilə tanış olan Əbul Həsən Əş᾿əri qərara alır ki, həmin əqli üsulları əhli-hədisə daxil etməklə onların e᾿tiqadlarını islah etsin.

Əhli-hədisin rəsmi məzhəb olduğuna, mö᾿təzilə məzhəbinin isə həqiqətdə batil bir əqidə kimi tanındığına diqqət yetirməklə, Əş᾿əri öz məqsədinə nail olmaq və əhli-hədisin əqidəsini islah etmək üçün çıxış yolunu yalnız bunda görürdü. Yə᾿ni, o, mö᾿təzilə firqəsindən əl çəkib rəsmi şəkildə ona nifrətini bildirmək, zahirdə əhli-hədis məzhəbini qəbul edib bu məktəb ardıcıllarının rəğbətini qazanmaq və nəhayət, bir islahatçı kimi öz nəzərlərini həyata keçirmək məqsədilə bu yolu seçmişdir. O, bu məqsədlə də mö᾿təzilə firqəsindən qayıtdıqdan sonra «Əl-ibanətu ən üsulid-diyanə» kitabını yazdı ki, burada əhli-hədis əqidələrini tamamilə qəbul etdiyini və həmin əqidələrə inandığını e᾿tiraf edir. Bir qədər sonra yazdığı «Lümə» kitabında isə əhli-hədis əqidələrində etdiyi dəyişikliklərlə yanaşı, onlarla tam fərqli olan xüsusi nəzəriyyələrini də qeyd etmişdir.1

Şübhəsiz, əgər dördüncü amili Əş᾿ərinin mö᾿təzilə firqəsindən üz döndərməsinin yeganə səbəbi hesab etsək, kifayət qədər qənaətbəxş olmaz. Çünki o halda Əş᾿əri məsləhət xatirinə və yalnız zahirdə mö᾿təzilə məzhəbindən üz döndərmiş olur. Amma əvvəla, öz məzhəbini haqq və səhih bilən bir şəxsin onu təbliğ etməməsindən əlavə, camaat arasında rəsmi şəkildə ona öz nifrətini bildirməsi və onu batil hesab etməsi mümkündürmü?

İkincisi, Əş᾿əridən yadigar qalan kitablardan aydın olur ki, o, mö᾿təzilənin nəzər və əqidələri ilə həqiqi mə᾿nada müxalifətçilik etmişdir və onun bu məzhəbdən üz döndərməsi zahiri xarakter daşımırdı.

Belə nəzərə çarpır ki, yuxarıdakı dəlillərdən hər birini (birinci dəlildən başqa) Əş᾿ərinin mö᾿təzilə firqəsindən uzaqlaşaraq əhli-hədisə üz gətirməsində tə᾿sirli hesab etmək olar. Belə ki, Əbul Həsən Əş᾿əri, Əbu Əli Cəbai ilə apardığı mübahisələrdə mö᾿təzilə firqəsinin üsullarının zəif cəhətlərini başa düşmüş və o məzhəbə qarşı e᾿timadını itirmişdi. Həmçinin əhli-hədis məzhəbinin rəsmiləşməsi ilə onu həqiqətdə qəbul etdiyini bildirdi. Amma bu firqənin əqidə üsullarındakı zəifliklərlə əvvəldən tanış olduğu üçün əhli-hədis məzhəbini qəbul etməklə, onun əqidəvi prinsiplərini bir növ islah etmək qərarına gəlmişdi.

Sonrakı dərslərdə Əş᾿ərinin fikirlərini və bu məzhəbin əqidə üsullarını araşdıracağıq.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Əş᾿əri məzhəbinin banisinin tərcümeyi-halını xülasə şəkildə bəyan edin.

2. Əbul Həsən Əş᾿əri əvvəllər kimin tərbiyəsi altında böyümüşdü və hansı məzhəbə meyl göstərirdi?

3. Əş᾿ərinin əhli-hədis məzhəbinə üz tutmasının səbəbləri nədir?

4. Mütəvəkkil Abbasinin dövründən sonra mö᾿təzilə ardıcılları ilə necə rəftar olunurdu?


ON ÜÇÜNCÜ DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə