Birinci fəsil: Zalım şahlıq



Yüklə 0,73 Mb.
səhifə5/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

İran xalqının müqaviməti

Bu xalq nəyi vardısa, hamısını qoyub ixlasla gəldi. Kəndli kişi və qadın, şəhərli yoxsul kişi və qadın, müxtəlif ailələr, çoxlu gənclər, müxtəlif təbəqələr, ölkənin silahlı qüvvələri – ordu, Keşişçilər korpusu, hətta polis qüvvələri və xalqın Bəsic könüllüləri səhnəyə çıxdılar. İran xalqı həmin səkkiz ildə doğrudan da böyük iş gördü. Mən son bir neçə əsrlik tarixdə İran xalqının belə könüllü və rəğbətlə böyük hərbi bir hadisəyə qoşulub öz ürəyi, canı, imanı, duyğuları və qolları ilə zəhmət çəkdiyi bir dövr tanımıram. Müxtəlif dövrlərdə, hətta böyük müharibələr aparılmış və böyük işlər görülmüş Səfəvilər dövründə də bu gün müşahidə etdiklərimiz ümumiyyətlə, mövcud olmamışdır. Bunun aydın dəlilləri də var. Bunların təhlili var və səbəbi bəllidir. Hər halda, bizim tariximizdə bu hadisə həqiqətən, bənzərsiz, ya da bənzəri az olan bir hadisə idi.74

Bu xalqın tarixinə müraciət etsəniz, görərsiniz ki, hakimiyyət dəyişikliyində heç zaman rolu, mövqeyi, təsirli və fəal iştirakı olmamışdır. Təkcə İslam inqilabında, bizim misilsiz rəhbərimizin inqilab çağırışında xalq hərəkət etdi. Həm də cəmiyyətin xüsusi insanları, bir zümrəsi, bəzi qrupları səhnəyə çıxmadı, bütün xalq okeanı təlatumə gəldi. Müqəddəs müdafiə zamanı da məsuliyyət hiss edən təkcə rəsmi silahlı qüvvələr deyildi, bütün xalq idi. Harada hazırlıqlı ürək, dəyərli məqsəd, həvəs və iman vardırsa, səhnəyə çıxdı.75

İran xalqının ən müsbət cəhətlərindən biri bu inqilabın olmasıdır. Başqa bir böyük müsbət cəhəti budur ki, onda xalq hakimiyyəti var. Hakim qurum xalq qurumudur, prezident, parlament üzvləri xalqdandırlar, xalqın içindən çıxmışlar, sultan və padşah deyillər ki, hökm verməyi öz haqları və xalqı öz nökərləri hesab etsinlər. Zalım şah rejiminin məmurları belə idilər. Savadsız, şəxsiyyətsiz və dəyərsiz bir maymaq atasının özü kimi quldur bir şəxs olduğuna görə xalqın ixtiyar sahibi olmuşdu. Xalq da onun qarşısında torpağa düşürdüsə, haqqı idi, gərək düşəydi. O da istədiyini zorla xalqa yeritməkdə özünü haqlı bilirdi. Bu hal bir xalq üçün böyük rəzalətdir!

Bu gün Allahın lütfü ilə bu ölkədə elə şəxslər hakimiyyət başındadırlar ki, özlərinə və yaxınlarına dair heç bir iddiaları yoxdur və heç bir şey istəmirlər. Böyük İmam özünü xalqın xidmətçisi bilir və bununla fəxr edirdi. Xalqın xidmətçisi olmaq məmurların da fəxridir. Onlar açıq-aşkar deyirlər ki, biz xalqa xidmət üçün buradayıq. Bir neçə gün vardırlar, ondan sonra olmayacaqlar. Bu çox böyük bir dəyərdir.76

İnqilabın birinci məqsədi ölkə daxilində asılı olmayan, müstəqil bir quruluş yaratmaq idi. Asılılıq bir ölkə və xalq üçün böyük bəladır, digər bəlalar da ondan törəyir. Xarici bir qüvvədən asılı olan bir xalqın istedadları, insani və maddi sərvətləri həmin xarici qüvvənin istəyi istiqamətində sərf olunur, xalqın xeyrinə yox. Xalqı sevən, ona ürək yandıran insan və şəxsiyyətlər ya təcrid olunurlar, ya da asılı rejim tərəfindən məhv edilirlər. Nefti, qazı və digər yeraltı sərvətləri çıxarılıb əcnəbinin xeyrinə sərf olunur. Dostluğu, düşmənliyi və beynəlxalq mövqeyi həmin qüvvənin istəyinə tabe olur, məzhəbi, əxlaqı, mədəniyyəti, adət-ənənələri onun istədiyi, seçdiyi və müəyyən etdiyi formada olur, öz imanı, iradəsi, istəyi və fikri diqqətdən kənarda qalır. Odur ki, asılı bir quruluşda xalq və mütəfəkkir beyinlər heç bir təsirə malik olmurlar. Asılı ölkə öz hökuməti tərəfindən yox, əslində, asılı olduğu dövlət tərəfindən idarə olunur.

Bir xalq üçün bundan böyük bədbəxtlik yoxdur. Bütün milli bəlaların anası asılılıqdır. Əziz bacı və qardaşlar! Ölkəmiz İslam inqilabından qabaq asılı idi. Bu asılılıq, xüsusən mənfur və azğın Pəhləvi rejiminin hakimiyyətdə olduğu əlli ildən artıq bir sürədə son həddinə çatmışdı.77
İnqilabın möhtəşəmliyi

Asılı və azğın rejim dövrünün Tehranı hara, İslam dövrünün Tehranı hara?! Qərbin sapqın dəyərlərinin cücərdiyi tarla hara, İslam dəyərlərinin çiçək və meyvələrinin ərsəyə gəldiyi gülüstan hara?! Allah övliyalarından başqa insanlar arasında o kişi qədər əzəmətli və qüdrətli olan, vücudunda ilahi atributlar tərənnüm olunan bir kimsə tanımırıq. Belə əzəmətli bir kişi sürgündən qayıdıb ölkəyə daxil olur və ilahi qüdrətlə o saat mənəvi dəyərlərdən uzaqlaşmış bir dünyada İslam hakimiyyətinin təməlini qoyur. Bu hadisələr bizim gözümüz önundə baş verdi. Biz imamı və inqilabı yaxından gördük. Amma demək istəyirəm ki, özüm də daxil olmaqla bizim əksərimiz imamın və inqilabın əzəmətini hiss etmədik. Çox möhtəşəmdir. Mən bir dəfə imama dedim ki, tarixdə 200-300 il bundan öncə sizin kimi bir şəxs olsaydı, ondan bir əlamət, əlyazma, imza, yaxud paltarının bir parçası qalsaydı, onu muzeyə qoyub təbərrük edərdik. İndi siz bütün vücudunuzla bizim qarşımızdasınız. Biz sizin əzəmətinizi necə dərk edə, duya bilərik?! Bu bir həqiqətdir. Bu həqiqət bizim ürəklərimizdə, həyatımızda, bütün dünyada, xüsusən də İslam dünyasında daha güclü və hissolunan tərzdə yayılmalıdır.

Pəhləvi dövründə bəzi təbəqələr arasında belə təbliğat aparılırdı ki, ruhanilərin heç bir savadı yoxdur, onlar ümumiyyətlə, elm adamı deyillər, heç bir şey bilmirlər. Bəlkə də bizim elm adamlarımız inanmazlar. Çünki onlar bütün ömürlərini elmdə keçirmişlər. Deyəcəklər məgər kiminsə belə bir səhv etməsi mümkündür?! Bəli, mümkündür, bu işi gördülər. Bu gün hələ də Rza xan dövründə yetişmiş nəslin bəzi qalıqları, daşürəkli insanlar, İslam Respubilkasının uğurlarından təsirlənməyənlər var. Onların İslam Respublikası quruluşuna münasibəti pisdir ona görə ki, bu quruluşun başında bir ruhani dayanır. Görürlər ki, ədalətli quruluşdur, fəsaddan uzaqdır. Bu gün dünyada hansı ölkənin – biz yarışa girməyə hazırıq – yüksək səviyyəli məmurları dünya bəzəklərinə və maddi ləzzətlərə İslam Respubilkasının məmurları qədər etinasızdırlar?! Əlbəttə, bu yalnız Allahın iradəsi ilə mümkün olmuşdur. Bu işdə bizim rolumuz olmayıb, nə varsa, Allah-Taaladan, Rəbbin müqəddəs zatının iradəsindəndir.78

Bir zaman əsl möminlər Allah yolunu müdafiə etmələrini arzu edirdilər, lakin bacarmırdılar, şərait yox idi, səma tağutların qara buludları ilə dolmuşdu. İslam amalları uğrunda hər hansı bir elmi və ya fiziki fəaliyyət mümkün deyildi. Qəm-kədər içində yaşayır, qəm-kədərlə də dünyadan köçürdülər. Bu gün isə yollar açılmış, səma aydınlaşmışdır, gələcək işıqlıdır, məzlum olan ilahi və dini dəyərləri müdafiə imkanı mövcuddur. Bu, Allahın böyük nemətidir. Bunu dəyərləndirməli və bugünkü ömrün bir anını keçmişin bəzi qafil insanlarının yanlış yolda keçən ömürlərinin bütün illərinə bərabər bilməliyik.

İllərlə İslam vardı, lakin səhnədə deyildi. Uzun bir dövrdə İslam dini adı müsəlman, özü İslamdan xəbərsiz rejimlərdə təcrid vəziyyətində idi. Zahirən müsəlman olan İran, Osmanlı və Hindistan rejimlərində həqiqi İslam yox idi, əsl İslam təcrid olunmuşdu. İki-üç əsr öncədən isə Qərbin, Avropanın inkişaf dövrü başlandı, maddi dəyərlər müxtəlif formalarda dünyaya hakim oldu, İslam və müsəlmanlıq tamamilə qürbətdə və təcriddə qaldı. Hətta İslamın adını da unutdurmağa çalışırdılar. Çalışırdılar ki, müsəlman ölkələrini laik və qeyri-islami təfəkkürlərlə hətta İslamın formasından da uzaqlaşdırsınlar. Söhbətin əvvəlində "Bismillah" demək, namaz qılmaq eyib sayılırdı, əsl müsəlman kimi yaşamaq qeyri-mümkün idi, İslam əlamətləri daha çox şərti xarakter daşıyırdı, İslam mənəviyyatından, mübarizəsindən və İslamın maddi rəqiblər qarşısında üstünlüyündən xəbər-ətər yox idi. Belə bir şəraitdə “bütün dinlərə qalib etmək“ vədi necə həyata keçə bilərdi?!79
İran inqilabı və İraq

Mən İran inqilabını İraq çevrilişi ilə müqayisə edirəm ki, siz İslam İnqliabının müstəmləkəçiliyə necə zərbə vurduğunu görəsiniz. 1958-ci ildə İraqda çevriliş baş verdi, Feysəli devirib yerinə Nuri Səidi gətirdilər. O zaman Böyük Britaniyanın Baş naziri İden xatirələrində yazırdı: “Mən həftəsonu bir adada istirahət edərkən İraqda çevriliş xəbərini aldım. Bu zaman beynimə çox böyük zərbə toxundu və birdən hiss etdim ki, dünya tərpənir” (Onun sözləri indi dəqiq yadımda deyil). İraq çevrilişi İngiltərə və müstəmləkəçilik üçün hədsiz dərəcədə əhəmiyyətli idi. Bu nigaranlıq çevrilişdən sonra nəşr olunan bütün yazılarda və xatirələrdə əks olunmuşdu və zərbənin böyüklüyü özünü göstərirdi. Sonradan bəzi müstəmləkəçi rejimlərin onda əlinin olduğu, bəzilərinin də sonradan ondan istifadə edib əllərində saxladıqları bəlli oldu. Siz indi də o çevrilişin təsirlərini görürsünüz. Təxminən 30 il ötdükdən sonra İraqın bügünkü töhfələri həmin çevrilişin, öz sözləri ilə desək, inqilabın təsirləridir.

Diqqət edin! Bir ölkədə adi bir çevriliş baş verdi. Yalnız İraqın İngiltərə müstəmləkəsi olduğuna və İngiltərənin İraqa hakim olub ondan istifadə etdiyinə görə onlar üçün bu qədər ağır idi. İndi siz o çevrilişi İslam inqilabı ilə müqayisə edin; ümumiyyətlə müqayisəolunmazdır. İslam inqilabı qəfildən Qərbin və kapitalizm dünyasının müstəmləkə quruluşunun bütün varlığını və dəyər sistemini şübhə altına saldı; yəni gələcəklərini bütünlüklə təhdid və naməlum etdi. Çünki bu inqilab İslama əsaslanırdı. Nəticə etibarilə harada müsəlman varsa, orada bu inqilabın potensialı mövcuddur. Sonra bunun nümunələrini bir-birinin ardınca Əfqanıstandan tutmuş İndoneziyaya, Malayziyaya, Misirə, Tunisə qədər hər yerdə və hətta dırnaqarası inqilabi sistemi olan ölkələrdə, misal üçün, Əlcəzairdə və Liviyada da gördülər. Müşahidə etdilər ki, həmin İslam oralarda baş qaldırmışdır, mübariz tələb edir və perspektiv müəyyənləşdirir.80

İslam iniqilabı İranda elə bir iş gördü ki, dünyanın heç bir yerində onun bənzəri görülməmişdir. Mən bu sözü bəlkə də inqilablar dövrünün, yəni iyirminci əsrin bütün inqilablarının tarixini oxumuş bir adam kimi deyirəm. Xatırlamıram ki, bu ölkələrin inqilablarından birinin tarixini oxumamış və bilməmiş olum; Rusiya və Sovet inqilabından tutmuş Hindistanda, Misirdə və Latın Amerikası ölkələrində, Afrika və Asiyanın digər ölkələrində baş verənlərə qədər.

Bu ölkələrin heç birində İranda baş verən hadisə baş vermədi. Bunların hamısının adı inqilabdır. Yəni misal üçün, belə deyilir: İran inqilabı, Sovet inqilabı. Doğrudan da söz müştərəkdir, amma eyni yox, iki fərqli hadisə baş vermişdir. İranda baş verən inqilab 1917-ci ildə Rusiyada baş verib marksist və kommunist quruluşu ilə nəticələnəndən tamamilə fərqlənir. Düzdür, bunların müştərək və oxşar cəhətləri də var, amma mahiyyətlər eyni deyil.

İslam inqilabını təhlil etmək istədikdə beyinlərinin digər inqilablara dair təsəvvürlərindən istifadə edənlər böyük səhvə yol verirlər. Bu inqilab ümumiyyətlə həmin vasitələrlə təhlil olunası deyil. Rusiya inqilabında çörək məsələsi vardı. Sonra həmin qrup gəlib xalqı təhrik etdi. Bəllidir ki, zirək, mübarizədə təcrübəli və ideologiyaya malik mütəşəkkil bir siyasi qrup xalqı iğtişaşa çəkmək, onlara şüar öyrətmək və siyasiləşdirmək istəsə, bunu asanlıqla bacarar. Xalq buna hazır idi, bunlar da çörəkləri isti təndirə yapdılar, sonra da özləri qoparıb istifadə etdilər. Bu, inqilab adlandı. Dünyada baş verən inqilabların əksəriyyəti ya buna bənzəyir - hətta xalqın daha az iştirakı ilə - və yaxud bir çevrilişdir.81

Barəsində az danışılan məqamlardan biri budur ki, bizim əzəmətli inqilabımız qələbənin keyfiyyəti baxımından müstəsna bir inqilab idi. Yəni doğrudan da xalqın belə əzəmətli izdihamı ilə qələbə çalan bir inqilab o zamana qədər, ən azı bizim dövrün inqilablarında görünməmişdi. Bu inqilabda xalq küçələrdə, şəhər və kəndlərdə ayağa qalxdı, bütün xalqın iştirakı ilə rejim əleyhinə mübarizə aparıldı. O zamana qədər dünyanın müxtəlif yerlərində baş verən bütün inqilablar – o cümələdən, Latın Amerikasının, Afrikanın, Asiyanın və digər yerlərin solçu və marksist inqilabları başqa növdən və başqa formada idi.82

İranın böyük İslam inqilabı doğrudan da müstəsna bir inqilab idi. Biz digər inqilabları həm tarixdə oxumuşuq, həm də öz dövrümüzdə müşahidə etmişik. Kaş siz əziz xalqımız tarixi kitab və yazılarla daha artıq ünsiyyətdə olaydınız və mənim bir neçə kəlmə ilə demək istədiyimi özünüz kitablardan təfsilatı ilə mütaliə edəydiniz. Heç bir şey onun yerini vermir. Doğrudan da bu inqilab digər inqilablarla fərqlidir. Bu fərq həm onun yaranmasının necəliyində, həm də xalq hərəkatının məqsədində görünür. İkinci cəhətdən onu misal üçün, 70-80 illik kommunist quruluşunun mənşəyi olan Rusiya Oktyabr İnqilabı ilə müqayisə edib, o inqilabın və qiyamın necə və hansı şüarlarla baş verməsini görə bilərik. O inqilab zamanı nə qədər faciələr yarandı? Burada necə idi? Ümumiyyətlə fərq yerlə-göy qədərdir. Əlbəttə, bu müqayisə xalq hərəkatı olan inqilablarladır. Çünki o inqilab da xalq inqilabı idi. Ondan öncə Böyük Fransa İnqilabı baş vermişdi. Onun adı inqilabdır, əslində isə hərbi çevriliş sayılır və inqilabla fərqi həqiqətən o qədər çoxdur ki, bunları əsla bir-biri ilə müqayisə etmək olmaz. Bizim inqilabımız əzəmət, sağlamlıq, paklıq, yayınmalardan və bütün xalq qiyamlarında görünən faciələrdən uzaq durmaq və çəkinmək, davamlılıq, eləcə də bacarıq, iqtidar və gördüyü işlər baxımından möhtəşəm bir inqilabdır.

Mən prezident olarkən çoxlu əhalisi olan böyük bir inqilabçı ölkəyə səfər etdim. Adını çəkmək istəmirəm. O zaman onların inqilabından 19 il ötürdü. Hava limanından bizə ayrılmış yerə gedərkən avtomobildə həmin ölkənin prezidenti ilə bəzi məsələlər haqda söhbət edirdik. Mən gördüm ki, yollarda təmir işləri görürlər. Dedim ki, deyəsən işləyirsiniz. Dedi ki, bəli, biz indiyə qədər inqilabda dağılmış paytaxt küçələrinin asfaltını təmir etməyə macal tapmamışdıq. Bu il - 19 ildən sonra imkan yarandı və küçələri asfaltlayırıq. Görürsünüzmü?! Bizim gördüyümüz inqilabların hamısının səyi özlərini qorumağa sərf olunurdu; nə düzgün seçkilər, nə quruculuq və nə yaradıcılıq. Çox yaxşı inqilablar beşillik və ya bir neçə illik proqramlarını elan edirdilər. Lakin o da formal idi və təxminən heç bir şey yox idi. Bu inqilabların çoxu işin azlığına, bacarıqsızlığa və digər nöqsanlara görə bir-birinin ardınca iflasa uğradı; istər kommunistlər, istər digər solçular. Bəli, inqilablarından 19 il ötmüşdü, paytaxtın küçələrini təmir etdirmək üçün hələ indi pul xərcləmək fikrinə düşmüşdülər. Görün sizin inqilabınızla, onun bacarığı, nailiyyəti və möcüzəsi ilə nə qədər fərqlidir. Mən yenə həmin dövrdə əvvəllər Portuqaliyanın müstəmləkəsi olmuş başqa bir ölkəyə getdim. Orada da səhv etməsəm, inqilabdan 8-9 il ötürdü. O ölkənin prezidenti həmin bölgənin məşhur şəxsiyyətlərindən sayılırdı, indi dünyadan köçmüşdür. Küçələrdən keçərkən gördüm ki, mağazalar boşdur. Sonra bizim heyətimizin üzvləri küçələri gəzib gəldilər, dedilər ki, mağazalarda heç nə yoxdur. Bir neçə növ məhsul var, o da azdır və talonla verilir. İnqilabdan 8-9 il ötdükdən sonra xalq hələ də son dərəcə ağır vəziyyətdə yaşayırdı. Düzdür, iqtisadi blokadada idilər, düşmənlər onlara hücum etmiş və digər inqilablar kimi şəraitlərini çətinləşdirmişdi. Bir gecə də bizim üçün ziyafət verdilər. Xalqı aclıq çəkən və paytaxtının mağazaları boş olan həmin cənab əleyhinə qiyam etdiyi öncəki hakimlər kimi rəftar edirdi. Onun rəftarı əvvəllər orada hakimiyyətdə olmuş portuqaliyalı hərbçini yada salırdı; eyni rəftar, eyni lovğalıq, eyni təkəbbürlülük. Bu bizdə təəccüb doğurdu. Mən o zaman prezident olsam da, bir tələbə idim, yaşayış tərzimiz tələbə yaşayışı idi. Bizdən yuxarıda da böyük imamımız dururdu. Onun yaşayışı təmizlik və sadəliyin tərənnümü idi, çox sadə yaşayırdı. Xalq da çox eşq və sevgi ilə imamı doğrudan da sevirdi, onun yolunda canını qurban verməyə hazır idi. Demək istəyirəm ki, digər inqilablar belə olmuşdur. Bizim inqilabımız həqiqətən, müstəsnadır; həm şüar və məqsədlər, həm üsullar, həm hakimiyyətə gəlmək, düşməni məhv etmək, öncəki azğın rejimi devirmək, həm də quruculuqda göstərdiyi davamlılıq, qüvvə və qüdrət baxımından. İnsafla desək, bu inqilab müxtəlif cəhətlərdən möhtəşəmdir.83

Dünyanın bütün böyük inqilablarına baxdıqda – 19 və 20-ci əsrlərdə dünyada baş vermiş böyük siyasi dəyişikliklərə və onlardan öncə baş vermiş Fransa inqilabına baxdıqda görürük ki, bu inqilablar qısa müddətdə öz əsas və prinsiplərinə arxa çevirmiş, vəfasızlıq etmişlər. Bu heç bir təhlil olmadan tarixin özündən əldə olunan nəticədir. Bəzən bu prinsipləri dilə gətirirdilər, lakin hamı bilirdi ki, bunlar dəyişilmişdir. Həm Fransada, həm Sovet inqilabında qısa müddət ərzində belə oldu. Bu təməllər sözdə və əməldə dəyişildi. Bu dövrdə dünyanın müxtəlif yerlərində baş verən xırda inqilablarda istisnasız olaraq - yəni mənim məlumatım qədərincə, hətta bir istisnası belə yoxdur - bu əsaslar dəyişilmişdir. Bizim inqilabımızın möcüzəsi budur ki, biz bu gün eyni şüarları veririk, eyni prinsip və əsasları özümüzə iş proqramı seçmişik. İnqilabın əvvəlində də məhz bunlar elan olunmuşdu. Yəni proqram və istəyimizdə bu prinsiplərdən heç bir yayınma baş verməmişdir. Bu çox əhəmiyyətli məsələdir. Üsullar dəyişir, lakin əsas prinsiplər qalır. Bizim inqilabımıza qarşı aparılan bütün ədavət və düşmənliklər də bu prinsiplərin qaldığına görədir.84


İran inqilabı və Fransa

Bizim inqilabımız beynəlxalq müşahidəçilərin dəyərləndirdiyindən və təqdir etdiyindən də çox böyük, üstün, uca və bünövrə baxımından güclüdür. Mən indi qısa şəkildə deyəcəyəm. Bu səbəbdən, bu inqilab əleyhinə hücum, zərbə və blokadalar mənim tanıdığım bütün inqilablardan artıq olmasına rəğmən, bu inqilab bütün böyük inqilablardan dəfələrlə az təsirlənmişdir. Mən inqilabımızı sizin az-çox tanıdığınız üç məşhur inqilabla müqayisə etmişəm. Əlbəttə, başqa nümunələr də var, lakin bu üç inqilab daha mühümdür.

Biri uzaq inqilablardan olan, qələbəsindən 200 ildən artıq vaxt ötən Böyük Fransa İnqilabıdır. Biri bizə təxminən yaxın olan Sovet inqilabıdır. Bu, son əsrlərin ən böyük inqilablarından biridir. Biri də bir İslam inqilabı, yəni həqiqətən, inqilab olan Əlcəzair inqilabıdır. İnsan Afrikada və Latın Amerikasında inqilab adı ilə baş verən çevrilişləri inqilab adlandıra bilmir. Mən inqilab etmiş bu ölkələrin bəzisini – Afrika və qeyri-Afrika ölkələrini, Mozambiki, Zimbabveni, yaxud Hindistanda baş verənləri görmüşəm; təbii ki, onlara inqilab demək mümkündürsə.

Belə hakimiyyət dəyişikliklərinin heç biri bizim inqilabımızla müqayisə olunacaq səviyyədə deyil. Lakin bu üç inqilab müəyyən həddə müqayisəyə uyğundur. Mənim fikrimcə, bu müqayisə çox şirin elmi işdir. Çox yaxşı olar ki, kimlərsə bu işi görsünlər, həm sosioloji, həm də tarixi cəhətdən araşdırsınlar.

Bizim inqilabımızdan 20 il ötmüşdür. Siz Böyük Fransa İnqilabından, Oktyabr inqilabından, yaxud Əlcəzair inqilabından 20 il sonranı nəzərə alın. Böyük Fransa İnqilabından 20 il ötdükdən sonraya, yəni təxminən 1809-cu ilə baxın: 16-cı Lui dövrünün Fransasından fərqi yalnız padşahın kimliyindədir. 1809-cu ildə Napoleon Bonapart adlı bir padşah iş başındadır. Bir imperator tac qoymuş və sözun həqiqi mənasında padşahlıq edir. Napoleonun həyatında və müstəbid hakimiyyətində xalqın rəyi və Böyük Fransa İnqilabının çalışdığı azadlıq zərrə qədər də yoxdur. Bəli, başqa fərqi budur ki, 16-cı Lui nisbətən bacarıqsız padşah idi, Bonapart isə bacarıqlı və güclü.

Bonapartın Fransaya xidməti budur ki, o, İtaliya, Avstriya və Belçikanı fəth edib. Onun işləri bunlardır. İnqilabdan 20 il sonra Fransa inqilabın, Jan Jak Russonun, Volterin və digərlərinin amalları baxımından əsla dəyişmədi. Siz bu 20 ildə Fransada nə baş verdiyinə baxsanız, bizim böyük və möhtəşəm inqilabımızın bu nümunələr arasında həqiqətən, birinci olduğunu anlayacaqsınız.

Bu 20 il ərzində, Napoleona qədər Fransada inqilab adı altında üç qrup hakimiyyətə gəlmişdir. Birinci inqilabçılar haqda bəlkə də eşitmiş, yaxud oxumusunuz. Onlar Fransa tarixində kobud, kor və unudulmaz işlər gördülər, xarabalıqlar törətdilər. Hər halda, bir inqilab etdikləri üçün müəyyən həddə dözüləsi idi.

Təxminən 5 ildən sonra ikinci qrup hakimiyyətə gəldi və birinci qrupu tamamilə məhv etdi. Təxminən istisnasız olaraq görkəmli inqilabçıların hamısı edam olundu. İkinci qrup radikallar idi. İlk inqilabçıları təslimçilikdə günahlandırıb edam etdilər. Sonra da üçüncü qrup gəlib ikinciləri radikallıqda ittiham etdi; bəziləri edam, bəziləri illərlə sürgün olundular.

Siz Viktor Hüqonun Səfillər əsərini oxumuş olsanız, romanın əvvəlində həmin ikinci qrupun seçdiyi şəxslərdən olan bir qocadan söhbət gedir. Viktor Hüqonun romanının başladığı tarixə, yəni 19-cu əsrin əvvələrinə, təxminən 1825-ci ilə və bəlkə bir az da sonraya qədər sürgün hələ mövcud olmuşdur. Siz bu romanda sürgün həyatı yaşayan həmin qocanın nə etdiyini, nə dediyini və hələ də necə qorxduğunu müşahidə edirsiniz.

Sonra üçüncü qrup öz işlərini çox zəif şəkildə yerinə yetirib, Napoleonun hakimiyyətinə zəmin yaratdılar. Napoleon öz istedadından, həmçinin Fransanın bərbad durumundan istifadə edərək hakimiyyətə yiyələndi və padşahlığı bərpa etdi; lakin 16-cı Luinin də təmsil olunduğu Burbonlar sülaləsi kimi yox. Əlbəttə, bu vəziyyət Napoleonun yaşadığı dövrə qədər idi. Napoleon öldükdən sonra yenə Burbon padşahları, 18-ci Lui və digərləri hakimiyyətə gəldilər. Fransa inqilabdan təxminən yüz il sonraya qədər gərgin durumda qaldı. Bunlar doğrudan da qəribə və mühüm hadisələrdir.

İnqilabdan yüz il sonra Fransa təlatümdə olan bir gəmi kimi idi. Çoxlu padşahlar gəlib getdilər. Napoleondan sonra Burbonlar və nəhayət, kommunistlər hakimiyyətə gəldilər və getdilər. Yüz ildən çox ötdükdən sonra Fransa Respubilkası sahmana düşdü. İndi siz onu bizim inqilabımızdan 20 il sonra ilə müqayisə edin. Biz indi 20 ilin başındayıq. Görün orada vəziyyət necə idi və burada necədir.
İran və Əlcəzair inqilabları

Əlcəzair inqilabını 20 ildən sonra özüm gördüm. Mən Əlcəzairə gedəndə inqilabdan təxminən 19 il ötürdü. Onların vəziyyəti doğrudan da ibrətamizdir. Əlcəzair inqilabı - İslamın, məscidlərin və din alimlərinin inqilabı idi. İnqilab məscidlərdən, dini mədrəsələrdən və elə bizim inqilabımız kimi elm hövzələrindən başlandı. Lakin orada hətta bir gün də dini hakimiyyət qurulmadı. İlk gündən fransızlar nüfuzları altında və müstəmləkədən xilas olmaq ərəfəsində olan Əlcəzairdə həm öz mədəniyyət və ənənələrini, həm də dinsizliyi yaymağa başladılar.

Mən prezident olarkən Əlcəzairin böyüklərindən biri məni görməyə gəldi. O mənimlə ərəb dilində danışırdı. Bir dəfə nəsə demək istəyəndə ərəbcəsi yadına düşmədi. Ərəb dili onun öz dili və o, hökumətin sözçüsü olmasına baxmayaraq, bir qədər fikirləşdi və yadına düşmədi. Dönub fransız dilində yoldaşından soruşdu ki, bu söz necə deyilir. O, ərəbcəsini ona dedi. Sonra mənimlə söhbətini davam etdirdi.

Yəni onlar Əlcəzairdə dini yox, hətta çox əhəmiyyət verdikləri ərəb dilini qoruyub saxlaya və yaşada bilmədilər. Orada İslamdan əsla xəbər yox idi, məişət vəziyyəti, maddi və iqtisadi imkanlar baxımından da olduqca pis idi. Əkinçilik və iqtisadiyyat baxımından vəziyyətləri həqiqətən, çox pis idi. Əlbəttə, inqilabçı hökumət görkəmləri vardı və dünyada yaxşı siyasi mövqe nümayiş etdirirdilər.

Əlcəzairlilər yalnız inqilabın qələbə çaldığı zaman hakimiyyətə gələn Bumedyenin prezidentlik dövründə ABŞ və hegemonizm qarşısında müstəqil şəkildə inqilabçı mövqe seçdi və Fələstini müdafiə etdi. Bir neçə il ötdükdən sonra isə bu da dəyişdi.

Yadımdadır, mənim özüm də bəzən gündəlik qeydlər yazırdım. Bu barədə çox ibrətamiz qeydlərim var. Mən görürəm ki, o zaman əlcəzairlilərin Fələstin məsələsində geri çəkilmək, Fələstini müdafiə etməmək, xüsusən ABŞ-a yaxınlaşmaq barədə sözləri indi əcnəbi radioların daim bizim dövlət məmurlarımızın beyninə salmaq istədikləri sözlərə bənzəyir. İndi də BBC, Amerika və sionizm radiosunu dinlədikdə görürük ki, o zaman əlcəzairlilərin dilinə düşən dəlil və sözləri bizə dedizdirməyə çalışırlar. Xoşbəxtlikdən, bacarmayıblar və bacarmayacaqlar.

Onlar əcnəbi radioların sözlərini qəbul etmişdilər və 20 il ötdükdən sonra Əlcəzair daha inqilabçı, islamçı və dinçi deyildi. Orada əxlaqi və mənəvi dəyərlər əsla mövcud deyildi, maddi inkişaf yox idi. Sovetlər xalqın yaşayışını düzəldə bilməsə də, ən azı kosmik yarışda dəyərli iş göstərə bildilər. Fransızlar inqilablarının prinsiplərini, azadlığı və müstəqilliyi həyata keçirə bilməsələr də, ən azı dünyəvi fəthlər etməyi bacardılar. Bu da müsbət iş olmasa da, məsələn, tarixi ad baxımından deyirdilər ki, Napoleon hərbi zəfərlərdə görkəmli bir şəxsdir. Sonda o da məhv oldu; Rusiya ilə müharibədə məğlub oldu və bütünlüklə məhv edildi.

Buna əsasən, biz müqayisə etdikdə görürük ki, inqilabımız 20 ildən sonra Böyük Fransa İnqilabı kimi böyük, Sovet inqilabı kimi səs-sədalı bir inqilabın və Əlcəzair inqilabı kimi, necə deyərlər, bir İslam inqilabının müxtəlif fəlakətlərinə əsla düçar olmamışdır və bu, inqilabın gücünü göstərir.85


İslamın dirilməsi

İslam inqilabı İslamı yenidən dirçəltmək, “Allah yanında ən əziz olanınız ən təqvalı olanınızdır” sözünü yaşatmaq deməkdir. İnqilab bu sistemi, dünyanın bu yanlış düzənini yeni bir düzənlə əvəzləmək üçün baş verdi. Əgər dünyanın bu maddi düzəni qalsa, bəllidir ki, Məhəmmədrza kimi azğın, üzüqara və şəhvətpərəstlər iş başında olmalıdırlar, imam kimi dəyərli və nurlu bir insan həbsdə, yaxud sürgündə. Elə bir vəziyyətdə imamın yeri cəmiyyət deyil. Güc, fəsad və yalan hakim olduqda dəyər sahibi, sədaqətli, işıqlı olan və Allaha diqqət yetirən şəxsin yeri zindanlar, qətlgahlardır. İmam kimi birisi hakimiyyətə gələndə isə vərəq çevrildi, şəhvətpərəstlik, dünyagirlik, asılılıq və fəsad təcrid olundu, təqva, zahidlik, paklıq, nuranilik, cihad, insanlara qayğıkeşlik, rəhm, mürüvvət, qardaşlıq və fədakarlıq gəldi. İmam iş başına gələndə bu xislət və fəzilətlər gəlir, bu dəyərlər ortaya qoyulur.86

İyirminci əsr yeni ideya, təfəkkür və arzular əsasında xalq hərəkatları və inqilablar əsridir. Bu əsr ilk onilliklərdən Sovet Sosialist İnqilabı ilə başlandı və beləcə davam etdi – bəziləri solçu, bəziləri çox da marksist təfəkkürlər çərçivəsində olmayan inqilablar, nəhayət, bizim inqilabımız və bizdən sonra digər inqilablar baş verdi.

Dünyanın müxtəlif yerlərində onlarla inqilab baş verdi, hər biri də bir quruluşu devirdi, dövlət və hökumət qurdu. Onların hər biri ilə bu işi gördülər. Yəni bacardılarsa, əvvəldən onların yanına gedib işlərini bitirməyə çalışdılar. Bəziləri əvvəldə özlərini qoruya bilmədilər və məğlub oldular. Problemi olan bəzilərinə qarşı əngəllərdən əl çəkmədilər, daim mane oldular, əziyyət verdilər, təbliğat apardılar, blokadaya saldılar və yordular. Özləri də bir kənarda pusqu qurdular ki, bunların yorulduğunu duyan kimi qəfildən son zərbəni endirsinlər. Təxminən endirdilər də və ümumi olaraq uğur qazandılar. Bir zaman təcrid olunan və məğlub edilən inqilab əleyhdarları sonra gəlib işləri ələ ala və hakimiyyətə yiyələnə bildilər.

İslam inqilabında da fərdlər yox, düşmən cəbhəsi inqilabın əvvəlindən həmin planı rəhbər tutmuşdu. Lakin bu 18 il ərzində bizim inqilabımızla əlaqədar düşməni sevindirib, ümidvar edəcək bir hadisə baş vermədi. Mən prezident olanda bir dəfə bir inqilabçı toplumun başçısı olan və dünyada məşhur siyasətçilərdən sayılan şəxslərin biri ilə öz ölkəsində görüşdüm. O özünün inqilabçı iddiaları, ideya və sözlərinin ziddinə bir iş görmüşdü. Ondan soruşdum ki, siz necə və hansı məntiqlə bu işi gördünüz? Gülüb dedi ki, bu taktikadır. Dedim insan o zaman taktikanı qəbul edə bilər ki, gediş xəttini bütünlüklə dəyişdirməsin, siz xəttinizi dəyişmisiniz. Doğrudan da elə idi. Xətt və istiqamətləri bütünlüklə dəyişmişdi. Lakin o cənab bunu taktika sayırdı. Deyirdi ki, mən manevr edirəm, taktiki addım atıram. Bu necə taktikadır ki, insan düşməni özünə hakim etsin. Öz sözlərini geri götürmənin və istiqamətini tamamilə dəyişdirmənin adı taktikadır?! O inqilabların tarixində belə hallar görünürdü, düşməni tamaha salırdı, düşmən də ümidvar olurdu, pusqu qururdu, uğur qazanırdı; necə ki, təxminən hər yerdə uğur qazandı.

Məlumatlı və ayıq insan olan imam Allah hökmlərinə əməl etməkdə heç nəyi nəzərə almadı, Allahın hökmünü, şəriətini, halal və haramını meyar seçdi. Bu bizim inqilabımızın ilk on ilində düşmənə sarı ən az təmayül göstərilməsinə də mane oldu. İmamın vəfatından sonra da Allahın lütfü ilə belə olmasına çalışılmışdır. Nə zamansa bəzi şəxslərə aid məsələlərdə düşmənin, məsələn, bir qədər doğmalaşdığını xəyal etməsi mümkündür. Lakin çox keçmədən səhv etdiyini anlamışdır. Allahın lütfü ilə bu inqilab indiyədək düşmənə onu ümidvar edəcək bir üz göstərməmişdir. Lakin düşmən hələ də pusqudadır. Bunu hamı bilməlidir.87

Bu, son əsrlərdə dünya inqilabları tarixində öz düzgün xətt və istiqamətini belə uzun müddət qorumuş ilk böyük inqilabdır. Belə bir şey olmamışdı. 18-ci əsrin sonunda Fransa inqilabından hələ 15 il ötməmiş istibdad əleyhinə baş verən bu inqilab Fransa ölkəsinin özündə çox ağır bir avtoritorizmə çevrildi. Fransa xalqı Böyük Fransa İnqilabı adı ilə məşhur olan inqilabda istibdad əleyhinə ayağa qalxmışdı. Onların problemi şah üsul-idarəsi idi. Lakin hələ 15 il ötməmiş devrilmiş Burbonlar sülaləsindən daha qəddar, daha qüdrətli və güclü bir padşah hakimiyyətə gəldi, diktatura və imperatorluq yarandı. Ondan sonra yarım əsr, yaxud daha artıq müddətdə Fransa daimi təlatüm halında idi; bu onun əlindən alırdı, o bunun üzünə pəncə atırdı, bir-birinə zidd olan sülalə və padşahlar hakimiyyətə gəlib xalqı daimi qorxuya və pərişanlığa salırdılar. Bu, dünyada Böyük Fransa İnqilabı adı ilə məşhur olan inqilabdır.

Sovet inqilabı öz amallarından 15 ildən də tez yayındı. Xalqın köməyi ilə hakimiyyətə gəlmiş inqilab uzun illər davam edən və sonra xələflərinə irs çatan Stalin diktaturası ilə nəticələndi. O böyük ölkədə xalqın nəinki ictimai, siyasi, dövlət və ölkə məsələlərində, heç öz şəxsi həyatının mühüm hissəsində də azca ixtiyarı yox idi. Dünya inqilablarının taleyi belə olmuşdur. Dünyada baş vermiş xırda inqilabların da hər biri buna bənzər tale yaşamışdır. Əgər kimsə tarix adamı olsa və araşdırsa, çoxlu qəribəliklər görər.

Xalqla başlayan, xalqla davam edən, öz sözünü dəyişdirməyən, yolunu əvəz etməyən və məqsədlərini azaldıb-artırmayan ilk inqilab İran İslam İnqilabıdır. Bu inqilab Allahın adı ilə, xalq üçün, ədalət, istiqlaliyyət və azadlıq naminə başlandı və hələ də eyni ideallarla davam edir. Şüarlar hələ də bunlardır və Allahın yardımı ilə bunlar da qalacaq.88
Dinamik İslam quruluşu

Əgər kimsə ölkə daxilinə nəzər salsa, görəcək ki, qədim şahlıq təməlləri yavaş-yavaş dağıldı, birdən-birə yox. Şah tacı birdən-birə sındı, şah sarayı məhv oldu, şah üsul-idarəsi dağıldı. Amma batil təməllərin çoxusu bu günədək tədricən dağılmışdır.

Bu gün ölkənin hər bir tərəfi ictimai məsələlərdə inqilab qarşısında vahid hüquqa malikdir, məhrum bölgələrin, kəndin, şəhərin, ucqar, yaxud yaxın yerlərin Tehranla fərqi yoxdur. Bu, yaddan çıxmış bir şey idi. Keçmiş rejimdə məhrum bölgələrin ümumiyyətlə, istəmək haqqı yox idi. Siz görün baş verən davamlı işlərə görə dərk və düşüncələr nə qədər fərqlənmişdir.

Mən şahlığın uzun əsrlər boyu bu ölkədə yaranmış və son 15 il ərzində dağılmış, yaxud çox zəifləmiş etiqad, düşüncə və əməl əsaslarını saymaq istəsəm, on altıdan artıq əsasın adını çəkə bilərəm. Lakin bu gün bu barədə danışmaq istəmirəm.

Bu gün başqa bir məsələyə toxunmaq istəyirəm. Hansı sahəyə baxsaq, müjdələr çoxdur. Yetər ki, insanlar bədbinlik eynəyini gözlərindən çıxarsınlar, bir qədər də ölkənin keçmiş vəziyyətinə və bizim keçmişimizə bənzər ölkələrin indiki durumuna diqqət yetirsinlər və sonra İran İslam Respubilkasına baxsınlar. O zaman inqilabın necə böyük möcüzə göstərdiyini anlayacaqlar. Biz günəşin altında yol yeriyib kölgəsi görünməyən insanlara bənzəyirik. Biri o birindən soruşdu ki, günəş haradadır? Dedi: “Arxana bax”. Baxıb öz kölgəsini gördü və günəşin nə olduğunu anladı. İslam Respubilkası quruluşu daxilində insan həqiqət və reallıqlarla təmasda olduğundan müqayisəli mühakimə imkanı zəif olur. Bunun üçün geniş baxış lazımdır.89

Şəfəq ongünlüyü bu yanlış üsula, nöqsanlı sistemə və qaydaya son qoydu. Daha hökumətin qalib, fateh, ağa, hakim və ixtiyar sahibi olmaq dövrü bitdi. Əgər ağa varsa, xalqın özüdür. İmam iş başına gəldikdə xalq onu qəbul edirdi. O, xalqın gücünü təmsil edirdi, özündən bir şeyi yox idi, atasından irs aparmamışdı, xəncəri ilə xalqın əleyhinə vuruşub bir şey əldə etməmişdi. Xalqın xəncəri onun əlində idi və onu xalqın düşməninin, işğalçının, müstəmləkəçinin, təxribatçının və çevriliş edənin başına vurdu. Xalq nə zaman xəncəri onun əlindən almaq istəsəydi, ala bilərdi, o da hörmətlə təqdim edərdi, heç kəsdən bir şey tələb etməzdi. Baxın, bu, İslam Respubilkası hökumətinin qaydasıdır.

Keçmiş padşahlar tarixin ən murdar insanlarındandırlar. Hamısı belədir, bir-biri ilə heç fərqləri yoxdur. Mən tarixi yaxşı oxumuşam, padşahlar arasında doğrudan da istisna tanımıram. Bu Əmir İsmayil Samaninin, şiə olan Ali-Buyənin, Səlcuqların, Qəznəvilərin və digərlərinin hansı işlərinə baxsanız, görərsiniz ki, ən çirkin bəşər xüsusiyyətlərinin təzahürüdürlər və ilahi nemətlərdən sui-istifadə etmişlər. Bu silsilə şəfəq ongünlüyündə sona çatdı. Şəfəq ongünlüyü İslam dəyərlərinin başlanğıc nöqtəsi oldu. İndi siz görün bu dönüş nöqtəsi üçün nə qədər anım tədbiri keçirmək və nə qədər iş görmək lazımdır. Əsas məsələ budur.90

Bizim inqilabımıza müstəsnalıq bəxş edən möhtəşəm bir amil var. İctimai elmlərdə deyirlər ki, inqilabın bir yoxuşu və zirvəsi olduğu kimi bir enişi də vardır. Bu sizin atdığınız bir daş kimidir. Daş sizin qolunuzun qüvvəsi qədərincə yerin cazibə qüvvəsinin əksinə hərəkət edir. Lakin cazibə qüvvəsindən az olduqda daş yerə qayıdır. O qanunlar deyir ki, bir inqilab, xalqda inqilab coşqusu və ruhiyyəsi oluncaya qədər irəliyə doğru hərəkət edir, zirvəyə çatır, sonra da bu ruhiyyə, həyəcan və hərəkət amili tədricən azalır və bəzi yerlərdə öz ziddinə çevrilir. Nəticədə isə inqilablar süqut edir. Son iki yüz illik tarixdə dünyanın bizim tanıdığımız böyük inqilablarının hamısı bu nəzəriyyəyə uyğun olmuşdur. Lakin İslam inqilabı bu sosioloji təhlildən tamamilə istisnadır. İslam inqilabında inqilabın eniş padzəhəri inqilabın özündə qoyulmuşdur. Dəfələrlə demişik ki, inqilab İslam Respubilkasında və İslam Respubilkasının konstitusiyasında təcəssüm olunur. Konstitusiyanın imamın fikrindən və məktəbindən dərs almış müəllifləri bu qanunun özündə inqilabın davam etməsinin amilini qoymuşalar: İslam qanunlarına boyun əymək, qanuna dini legitimlik bəxş etmək - bu şərtlə ki, İslamla uyğun olsun - və rəhbərlik məsələsi.

Mən bir neçə il öncə İslam Respubilkası quruluşu ilə keçmiş Sovet rejimi arasında müqayisə apararaq - Sovet rejimini dağıtmağı bacarmış amerikalılar və qərblilər həmin mexanizmi İslam inqilabına qarşı da icra etməyə tamahlanmışlar - dedim ki, bu iki quruluş arasında olan bir-birinə tamamən yad olan fərqlər vardır. İslam Respubilkası quruluşunda hərəkətin əsası təməllərə boyun əymək üzərində qurulmuşdur. Bu quruluşun legitimliyinin başlanğıcı olan məsələ, yəni fəqihə aid ilahi vilayət ilahi hökmlərə boyun əyməklə şərtlənir. Rəhbərlik məqamında oturan şəxs İslam amallarına, İslam qanunlarına qarşı nəzəri, yaxud praktik baxımdan laqeyd olsa, legitimlik bitir və ona itaət göstərmək heç kəsə vacib olmur, hətta buna icazə də verilmir. Bu, konstitusiyanın, yəni inqilabın əsas sənədinin özündə qeyd olunmuşdur. Buna əsasən, siz bu gün İslam inqilabı düşmənlərinin sonsuz düşmənçilik və ədavətlərinə baxsanız, görərsiniz ki, onların düşmənçiliyinin ən mühüm hissəsi inqilabın təminatçısı və keşişçisi olan bu amillə əlaqədar iki-üç prinsipə qarşıdır. Bu baxımdan, bu inqilab məğlubedilməzdir. Bu inqilab zirvədən enən deyil və öz hərəkətini dayandırmayacaq. Çünki bizim cəmiyyətimiz mömin və dindar cəmiyyətdir. Din, İslam və iman bütün təbəqələrin qəlbinin dərinliklərində mövcuddur. Xalq sözün həqiqi mənasında dinə etiqadlıdır. Odur ki, dini dəyərlər xalq üçün mötəbərdir və qanunda göstəriləni qorumaq xalqa görə bir vəzifədir. İndi siz müşahidə edirsiniz ki, imamın vəfatından 16 və İslam inqilabının qələbəsindən 26 il sonra elə bir hökumət hakimiyyətə gəlir ki, onun əsas devizi İslam, inqilab və ədalət amallarını davam etdirməkdir. Xalqın rəyi, ürəyi, istəyi və hərəkət istiqaməti də budur. Hərçənd bu xalqın, bu inqilabın və İslam Respubilkası quruluşunun müxalifləri, beynəlxalq düşmənləri bu xalqın barəsində ayrı cür fikirləşirlər. Lakin biz öz xalqımızı tanıyırıq. Bu xalq öz həqiqətlərini, ürəklərini, dərin İslam məqsədləri olan məqsədlərini öz səsvermələrində, hərəkət və şüarlarında aydın şəkildə göstərir.91

Bu xalqın gördüyü işi tarix boyu heç bir xalq belə güc və əzəmətlə görməmişdir. Məhz buna görə siz bu gün hansı müsəlman ölkəsinə ayaq qoysanız, o ölkənin görkəmli şəxslərinin, o xalqın ziyalılarının, ali təhsilli gənclərinin, ayıq kişi və qadınlarının ürəyinin İran xalqının xatirəsi ilə döyündüyünü görəcəksiniz. Özləri öz dilləri ilə deyirlər ki, biz İran xalqını özümüzə örnək seçmişik. Çoxlu insanlar sizi yamsılayırlar. Çoxlu insanlar sizin yolunuzu seçiblər.92


Gənclər

Bizim xatırladığımız keçmişdə - 50, 40, 30 il öncə insan ramazan ayında Tehran şəhərinə girdikdə ümumiyyətlə, bu şəhərdə oruc ab-havası duymurdu: camaat gəzirdi, rahat siqaret çəkirdi, xörək, sendviç yeyirdi. Ümumiyyətlə, heç kəs hiss etmirdi ki, bu ay orucluqdur. Biz o zaman Məşhəddə idik. Dindar şəhər olan Məşhəddə caamat asanlıqla və aşkar şəkildə oruclarını yeyirdilər, şəhərin bəzi yerlərində sanki heç ramazan ayı gəlməmişdi. Ramazan ayının günortalarında bizim baş çəkdiyimiz və gedib gördüyümüz məscidlərin əksəriyyətində 50 nəfər, 40 nəfər, ən çoxu 100 nəfər insan otururdu; haradasa gözəl nitqli məşhur bir vaiz olduqda isə heç.

Bu gün isə hamı orucdur, hər yerdə zikr və diqqət halındadırlar. Ən yaxşı oruc tutanlar gənclər arasındadır. Quran, dua, təvəssül, münacat məclisləri və uzun söhbətlər var. Bu, keçmişlə müqayisəolunasıdırmı? Etikaf da belə idi. Keçmişdə etikaf çox az idi, çətin və ağır iş idi; üç gün oruc tutmalı, məsciddə qalmalı və bayıra çıxmamlı idilər.

Gənc nəslin günbəgün daha artıq fəsada sarı getdiyi bir dünyada bu gün bizim gənclərimiz günbəgün daha pak, daha təmiz və daha nurlu olurlar. Lakin hegemonizmin təbliğatı Allaha yaxınlaşmağa, özünü İslamla və İslam hökmləri ilə daha artıq uyğunlaşdırmağa çalışan bu ölkəni, onun universitet, gənc, tələbə, müəllim və müxtəlif təbəqələrini İslamdan uzaqlaşmış kimi göstərməyə çalışır.

İslam quruluşu gəncləri elə tərbiyə etmiş və elə bir dövlət qurmuşdur ki, bütün dünyanın əxlaq fəsadlarından əziyyət çəkdiyi bir vaxtda bunlar güvəndədirlər. Böyük ABŞ ölkəsində bir çox islahatçı, mütəfəkkir və ruhanilər orada hakim olan fəsaddan fəryad qoparırlar; hamı nalə edir, amma çıxış yolu tapmırlar. Lakin İslam Respubilkası quruluşu belə bir şəraitdə gənc nəsil üçün təhlükəsiz və əmin-amanlı bir mühit yarada bilmişdir.93

Bizim ölkəmiz, böyük xalqımız və xüsusən gənc təbəqəmiz bəzi istisnaları çıxmaq şərtilə, o zaman ümumi olaraq qəflət içində idi. Bu qafillər arasında dindar və təqvalı insanlar da vardı, dinsiz və laqeyd adamlar da. Elələri də vardı ki, günah adamı deyildilər, pak gənclər idilər, lakin ümumi qəflətdə hamı eyni idi. İranda İslam hərəkatının gördüyü ən böyük iş bu idi ki, biz iranlıları tərpədib qəflət, laqeydlik və etinasızlıq yuxusundan çıxarıb gələcəyə sarı apardı. Sədi Gülüstanında birinci babın ikinci, yaxud üçüncü dastanında bir oğru qrupunun hekayəsini danışır. Deyir ki, bunlar bəzi adamlara hücum etmək istəyirdilər, amma onlara qarşı hücuma keçən birinci düşmən yuxu idi. Xarici düşmənin gəlməsindən qabaq onların daxilindən bir düşmən onlara qələbə çaldı. Həmin düşmən yuxudan ibarət idi. Biz yuxuda idik, inqilab bizi yuxudan oyatdı. Mənim özüm Həmədanın 3100 illik tarixini yada salanda qürur duyuram. Həmədan həm də mənim evimdir. Bir şəhər 3100 il ayaqda qalmışdır! İnsan iftixar hissi keçirir, lakin bu, məsələnin bir tərəfidir. Məsələnin başqa bir tərəfi budur ki, simvolu Həmədan olan 3100 illik tarixdə biz İran xalqı ilahi peyğəmbərlərin, ilahi dinlərin insandan istədiyi formada taleyimizə hakim olmuşuqmu?! Özümüzü tanımışıqmı?! Öz gələcəyimiz üçün bir proqram cızmışıqmı?! Bu uzun və qədim tarixin ən yaxşı dövrləri bacarıqlı bir diktatorun hakimiyyətdə olduğu dövrlərdir. O bizim üçün qərar verib, gələcək müəyyənləşdirib, ölkəni böyüdüb. İran xalqı bir toplum olaraq İslam inqilabının qələbəsindən qabaq özünə bir mənzərə tərif etməyə, o mənzərəni seçməyə, onun üçün proqram hazırlamağa və ona doğru hərəkət etməyə fürsət və imkan tapmadı. Özümüz üçün bir mənzərə tərif etməyincə, heç bir düzgün iş baş tutmaz, hamısı gündəlik işlər olar. Tərif etdikdən sonra proqram hazırlamasaq, proqramsız iş nəticəyə çatmaz. Proqram hazırlayandan sonra iradə ilə çalışmasaq, beynimizi, əzələlərimizi və cismimizi çətinliyə salıb yola çıxmasaq, məqsədə çatmarıq. Bunlar vacibdir.

Bir zaman söhbət bir nəfərdən gedir. O, qərar verir və iradə edir ki, qalxsın, hərəkət etsin və qalxıb hərəkət edir. Lakin bir zaman söhbət bir xalqdan gedir. Bir xalq hərəkət etməli, yola çıxmalı, seçim etməlidir. Burada iş mürəkkəb və çətin olur. İnqilab bizə bu bacarığı verdi. Biz tarixin daş-divarını yarıb özümüzü bu çərçivədən və daş hasardan çıxara bildik. İniqlab bununla da kifayətlənməyib bizə bir örnək göstərdi. Bu örnək İslam Respublikasıdır: respublika və İslam.94

O zamanlar indiki kimi deyildi, vəziyyət həqiqətən, çox pis idi. Gənclik o zaman dini hövzə tələbəsi olan mənim üçün yox, - mən uşaqlıqdan, ibtidai məktəbdən tələbə olmuşam – ümumiyyətlə, gənclər üçün ürəkaçan deyildi. Gənclərə diqqət yetirilmirdi, istedadları məhv olurdu. Biz öz gözlərimizlə bunu görmüşük. Mən özüm tələbə olduğum mühitdə bunu görürdüm. Sonra tələbəlikdən xaric mühitlərlə, universitet və tələbələrlə əlaqə qurduqda - mən uzun illər tələbələrlə əlaqə və ünsiyyətdə olmuşam - onlarda da belə olduğunu gördüm. O qədər parlaq istedadlar vardı ki, heç kəs anlamırdı və bilmirdi.

Mənim gəncliyim çox zaman gənclərlə keçmişdir. İnqilab qələbə çalanda təxminən 39 yaşım vardı. Mənim 17-18 yaşdan həmin tarixə qədər bütün dövrüm gənclərlə keçmişdir; həm elm hövzəsinin tələbələri, həm də digər gənclərlə. Hiss etdiyim bu idi ki, Məhəmmədrza Pəhləvi rejimi gənclərin pozğunluğa sarı getməsi üçün planlı işləmişdir. Pozğunluq təkcə əxlaq pozğunluğu deyildi, həm də kimlik pozğunluğu, şəxsiyyət pozğunluğu idi.

Düzdür, mən iddia edə bilmərəm ki, məmləkətin gənclərini pozğunluğa sövq etmək üçün rejimin özü plan hazırlamışdı. Belə ola da bilər, olmaya da bilər. Lakin qətiyyətlə deyə bilərəm ki, onlar elə proqramlar hazırlamış və məmləkəti elə idarə edirdilər ki, nəticəsi belə olurdu: yəni siyasi məsələlərdən, həyati məsələlərindən uzaq gənclik yetişirdi.

Siz inanırsınızmı, mən və mənim kimilər, iyirmidən artıq yaşımızda da hökumətin kimlərdən ibarət olduğunu ümumiyyətlə, bilmirdik. İndi siz ölkənin Təlim və tərbiyə nazirinin kim olduğunu bilməyən bir şəxs tanıyırsınızmı?! Yaxud misal üçün, İqtisadiyyat və maliyyə nazirini və ya prezidenti tanımayan kimsə varmı?! Ölkənin ən ucqar yerlərində də hamının xəbəri var. O zaman bütün təbəqələr, o cümlədən gənclər siyasi məsələlərdən tamamilə xəbərsiz idilər. Gənclər ən çox gündəlik məsələlərlə məşğul olurdular; bəzisi çörək dərdində idi, bəzisi bir tikə çörək pulu qazanmaq üçün ağır iş görürdü. Əlbəttə, onların gəlirlərinin bir hissəsi yeməyə sərf olunmurdu, digər kənar işlərə xərclənirdi.95

Siz bizim dövrümüzdə Latın Amerikası və Afrika barədə yazılmış kitabları oxumuş olsanız, - Frantz Fanonun və o zamanlar bu haqda kitab yazan digər alimlərin əsərləri indi də mötəbər sayılır - bilərsiniz ki, bizim vəziyyətimiz də elə idi. İran barədə yazmağa heç kim cürət etmirdi, lakin Afrika, Çili, yaxud Meksika barədə asanlıqla yazırdılar. Mən bu kitabları oxuyarkan görürdüm ki, bizim vəziyyətimiz də eynilə belədir. Yəni o gənc fəhlə də ağır işlər görüb bir şahı qazandıqdan sonra pulunun yarısı əyyaşlığa, veyilliyə, avaralığa və bu kimi işlərə sərf olunurdu. Biz bunları kitablarda oxuyur və görürdük ki, cəmiyyətimizin reallığı da belədir. Doğrudan da çox pis idi. Gənclik mühiti yaxşı deyildi. Əlbəttə, gənclərin qəlbində və gənc mühitin daxilində ayrı cür idi. Çünki gənc mahiyyətcə aktiv, ümidli və həyəcanlıdır.

Şəxsən mənim özümün çox həyəcanlı gəncliyim olmuşdur. İnqilabın başlanmasından öncə ədəbi və digər fəaliyyətlərə görə həyatımda həyəcan vardı. Sonra 1962-ci ildə mübarizələr başlayanda - mənim o zaman 23 yaşım vardı - təbii ki, biz daha ölkənin əsas həyəcanlı işlərinin içində idik. Mən 1963-cü ildə iki dəfə həbs olundum; həbs, zindan, istintaq. Bilirsiniz ki, bunlar insana həyəcan verir. İnsan çıxdıqdan sonra belə məsələləri sevən xalqın böyük izdihamını, bunları hidayət edən, işləri, düşüncələri və yolları düzəldən imam kimi bir rəhbəri müşahidə etdikdə həyəcanı daha da artırdı. Odur ki, belə yaşayan və düşünən mənim kimilər üçün həyat çox həyəcanlı idi. Amma hamı belə deyildi.

Gənclər bir yerə toplaşdıqda ürəkləri isti olduğundan, yəni təbiətlərində bir növ gümrahlıq və şadlıq olduğundan, hər şeydən ləzzət alırlar. Gənc xörəkdən, danışmaqdan, güzgüyə baxmaqdan, istirahətdən ləzzət alır. Siz inanmazsınız ki, insan gənclik illərini ötürdükdən sonra sizlərin, misal üçün, təbii bir xörəkdən aldığınız ləzzəti daha duymur. O zaman hərdən böyüklər - yəni mənim indiki yaşımda olanlar bəzi sözlər deyirdilər, biz təəccüb edirdik ki, bunlar necə belə fikirləşirlər. İndi görürəm ki, xeyr, o yazıqlar çox da yanlış düşünməyiblər. Əlbəttə, mən özümü gənclikdən tamam qırmamışam. Hələ də özümdə gənclikdən nəsə duyuram və o hala düşməyə qoymuram. Allaha şükür olsun ki, indiyədək qoymamışam, bundan sonra da qoymaram. Lakin özlərini qocalığın ixtiyarına buraxanlar gəncin öz həyatının bütün sahələrindən duyduğu ləzzəti duymurdu. O zaman belə idi. Demirəm ki, qəm-qüssə hakim idi, bunu iddia etmirəm. Lakin qəflət və məlumatsızlıq şəraiti hakim idi.

O zaman mübarizə barədə ciddi və dərindən düşünən bizlər gəncləri bacardığımız qədər rejimin mədəni nüfuz dairəsindən çıxarmağa çalışırdıq. Mən özüm misal üçün, məscidə gedirdim, təfsir dərsi deyirdim, namazdan sonra söhbət edirdim, bəzən rayonlara gedib söhbət edirdim. Mənim əsas diqqətim gəncləri rejimin mədəni kəməndindən çıxarmağa yönəlirdi. O zamanlar bunu gözəgörünməz tor adlandırırdım. Deyirdim ki, gözəgörünməz bir tor var; hamını bir tərəfə çəkir. Mən istəyirəm bu gözəgörünməz toru imkan daxilində parçalayım və bacardığım qədər gənci bu tor və tələdən çıxarım. Kim bu düşüncə kəməndindən xaric olurdusa, – onun xüsusiyyəti bu idi ki, əvvəla dindarlığa, ikinci növbədə isə imamın təfəkkürlərinə yönəlirdi – bir növ qorunurdu. O zaman belə idi. Həmin nəsil də sonralar inqilabın əsas dayaqları oldular. Mən indi də öz cəmiyyətimizə baxdıqda o nəslin çoxlu nümayəndələrini – həm mənimlə əlaqədə olanları, həm də olmayanları seçə bilirəm.

Hər halda, indi sizin dövrünüz, şəraitiniz yaxşıdır. Əlbəttə, demirəm ki, gənc üçün hər şey hazırdır və hər şey ideal formadadır. Əslində, o zamanla müqayisədə bu gün vəziyyət çox yaxşıdır. Əgər bir gənc yaxşı yaşamaq, özünün insani kimliyini və şəxsiyyətini tapmaq istəsə, mənim fikrimcə, bu gün bacarar.

Sizlər təəssüf ki, müharibə dövründəki inkişafı görməmisiniz. Əlbəttə, müharibəni görməməyiniz təəssüflü deyil, lakin ovaxtkı misilsiz mənzərəni dərk etmədiyinizə görə insan təəssüflənir. Sizinlə həmyaşıd olan 18-20 yaşlı gənclər mənəviyyat və paklıq baxımından bəzən qırx il Allah yolunda çalışmış bir arif həddinə çatırdılar. İnsan bunu onların vücudunda hiss edirdi; az da deyildilər, çox idilər. Mən o zaman belə gənclərin qarşısında həqiqətən kiçik olduğumu hiss edirdim. Təvazökarlıq üçün belə etmirdim. Bilirsiniz ki, insan bir böyüyün qarşısında durduqda, onun üstünlüklərini gördükdə öz zəifliyini anlayır. Mən Bəsic üzvü olan bir gəncin, döyüşcü bir gəncin qarşısında həmin hissi keçirirdim. Şərait belə idi; adi bir gənci belə dəyişdirə bilirdi.

Siz dünya gənclərinin vəziyyətindən xəbərdarsınız; rep qrupları, min cür əxlaq və düşüncə bəlaları. Dünya gəncləri doğrudan da min cür bəlalara düçar olmuşlar. İndi mövcud olan rep qruplarından və bu kimi insanlardan bizim dövrümüzdə də vardı. Bizim dövrümüzdə “The Beatles” adlı bir qrup məşhur idi. İndi eşitmişəm ki, qocalıblar. Bir qədər öncə xarici jurnalların birində onların barəsində yazı gördüm; harada olduqlarını və nə iş gördüklərini yazmışdılar. Həmin psixoloji sıxıntı və problemlər onları belə işlərə sövq edirdi. İndi geriqalmış və ucqar ölkələrdə onları yamsılayanlar o yazıqların hansı xəstəliyə tutulduqlarını anlamırlar. Elə bilirlər bu, inkişafdır, halbuki bir tənəzzül və süqutdur. Dünya belə bir vəziyyətə düşəndə bizim gənclərimiz elə idilər. İranda gənc zəngin, ehtiyacsız, başıuca, qəlbində güclü sevincə, vəzifəni yerinə yetirmək hissinə və aydın məqsədə malik idi - nə iş gördüyünü və kimin üçün çalışdığını bilirdi. O, Allahın lütfü ilə qalib və Allah-Taalanın ona verdiyi həqiqi və mənəvi yüksəlişə sahib idi.96

Keçmişdə univeristeti dindən, təqvadan, ibadətdən uzaqlaşdırmağa çalışırdılar. İran xalqının düşmənləri tərəfindən planlaşdırılan bu hiylədə məqsəd ali təhsilli və ziyalı nəsli laqeyd, qayğısız, dəyərsiz istəklərin və şəxsi qazancın əsiri etmək, böyük ideallara diqqət və marağını öldürmək olmuşdur. Şərəfli univeristet mənsubları, dindar müəllim və tələbələr həmin ağır şəraitdə həmişə bu şeytani hiylə ilə mübarizə aparırdılar.

Bu gün Allaha şükür olsun ki, univeristet İslam ölkəmizin digər ictimai yerləri kimi dini əlamətlərlə bəzənmiş, saflıq, dindarlıq və inqilabçı hisslərlə zinətlənmişdir. İnqilabın univeristeti iki onillik boyunca bütün hadisələrdə fəal iştirak etmiş, məşhur şəhidlər vermişdir.97


Nümunə qadınların yetişdirilməsi

Tağut hakimiyyəti dövründə bizim bu qədər alim qadınımız yox idi. Bu mənim sözümdür və bunda israrlıyam. Bu gün qadın tədqiqatçıların, müəllimələrin, müxtəlif sahələrdə çalışan, düşünən, nəzər yürüdən və yazan qadın alimlərin, mütəfəkkirlərin, yazıçıların, ədiblərin, şairələrin, sənətkarların, rəssamların mütləq və nisbi sayı tağut dövründən dəfələrlə artıqdır. Qadını müdafiə adı altında hicabın, iffətin, qadın və kişi arasındakı pərdənin tamamilə götürüldüyü və bu özbaşınalığın günbəgün artdığı dövrdə hətta bəzi nümunələrdə Avropa ölkələrindən də pis əməl edirdilər. Bu gün İslam Respublikası quruluşunda hicab, çadra, başörtüyü altında qadınlardan ibarət nümunəvi düşüncə, elm, əməl adamları, siyasi fəallar, mədəniyyət və incəsənət xadimləri olduqca çoxdur. O zaman bunun bir hissəsi də yox idi, çox məhdud idi. Bu, təlqin etmək istədiklərinin tam ziddinə olan bir nəzəriyyəni gücləndirir. O da budur ki, özbaşınalığı yaymaq nəinki qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmək deyil, əslində müxtəlif bərbəzəklər və bu işlərdən irəli gələn müxtəlif problemlərlə məşğul etmək və bunun özü qadınların kamiliyyə və tərəqqiyə sarı hərəkətinə maneədir.

İslam quruluşunda qoyulan məhdudiyyət qadının insani fitrətinə uyğundur; həm kişilər üçün məhdudiyyət var, həm də başqa bir formada qadınlar üçün. Bu məhdudiyyət onların enerjilərinin hədər getməməsinə və imkan daxilində yaxşı istiqamətdə işlədilməsinə kömək edir. Nəticəsi isə bu gün qadınlarda müşahidə etdiyimiz düşüncə, elm və əməl inkişafıdır. Biz bu gün buna şahidik. Bu birinci məsələ.

Əvvəllər deyilirdi və bəziləri hələ də çox nadanlıqla deyirlər ki, məgər qadınlar hicabla, şəriətlə, İslam qaydaları ilə inkişaf edə bilərlər?! Bunun real cavabı bizim cəmiyyətimizin böyük qadın toplumudur. Heç vaxt ölkədə belə vəziyyət olmamışdır; tağut dövründə də olmayıb, təlim və tərbiyə siyasətinin başqa cəhətdən nöqsanlı olduğu əvvəlki dövrdə də olmayıb. Bu gün Allaha şükür olsun ki, İslam quruluşunda bu şərait yaranmışdır. İndi universitetlərdə, elm və təhsil mərkəzlərində uğurlu qızların say çoxluğu ikinci dərəcəli məsələdir. Birinici dərəcəli olan budur ki, nümunəvi qadınlar İslam Respubilkası quruluşunda elmin müxtəlif sahələrində parlaya bilmişlər.98

İslam böyük alim olan qadınlar yetişdirmişdir. Bu gün bizim cəmiyyətimizdə qadınlardan ibarət mütəxəssis, alim, həkim, tədqiqatçı və böyük sənətkarlar az deyillər. Onların arasında dəyərli fikir və nəzəriyyə sahibi olanlar var. Siyasət sahəsində, icraçı və qanunverici orqanlarda da belədir. Ölkənin bütün sahələrində qadınlar fəal iştirak edirlər. İslam təfəkkürü və dəyərlər sistemi ilə Qərb təfəkkürü və dəyərlər sistemi arasında mübahisə mövzusu bu deyil, başqa bir şeydir.99

Həmin faciəli fəaliyyətlərdən biri Rza şahın zamanında baş vermiş 7 yanvar məsələsidir. İslamın və İranın düşmənlərinin planına uyğun olaraq, Pəhləvi sarayına bağlı olan ozamankı ziyalıların köməyi ilə qərara gəldilər ki, iranlı qadını iffət və hicabdan uzaqlaşdırsınlar, bununla da qadının müsəlman cəmiyyətlərində həmişə malik olduğu böyük iman qüvvəsini məhv edib sıradan çıxarsınlar.

Tağut rejiminin böyük cinayətlərindən biri 17 Dey (7 Yanvar) hadisəsidir. Hicabı və İslamda qadın və kişinin, eləcə də cəmiyyətin sağlamlığı üçün iki cins arasında təyin olunmuş pərdəni götürmək Qərb cəmiyyətlərində qadının başına gətirilmiş bəlanı iranlı müsəlman qadının da başına gətirmək demək idi. Rza xan ölkə daxilində dəyənəklə bu işi gördü. Qərb qadınının fəsad bataqlığına girməsi ailə institutunun məhvinə gətirib çıxardı. Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi. Bunların hamısı hicab və iffətlə də mümkün idi. Biz İslam quruluşunda bunu sınaqdan keçirdik. Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı sıradan çıxarmağa giriş idi və insanları çox güclü cinsi amillə məşğul etməkdən ötrü həyata keçirildi. Məqsəd onları bütün işlərdən saxlamaq idi. Bir müddət buna nail oldular, amma İran xalqının güclü imanı qoymadı. Bizim müsəlman qadınlarımız yaradılan əngəllərə rəğmən, həmişə bu təzyiqin qarşısında müqavimət göstərdilər; Rza xan gedəndən sonra bir şəkildə, onun dövründə bir şəkildə, tağut rejiminin digər dövrlərində də bir şəkildə. 1978-ci ilin yanvar ayının yeddisində Məşhəddə müsəlman qadınların hicabı müdafiə üçün keçirdikləri böyük mitinq baş tutdu. Biz o zaman sürgündə idik. Məlumat aldıq ki, mömin, müsəlman və cəsarətli qadınlar belə bir iş görmüşlər. Bu, tağut rejiminin faciələrinin bir hissəsidir. Dini amalları, əxlaqi dəyərləri, iqtisadi inkişafı və beynəlxalq iqtidarı məhv etmək, bir xalqın sərvətlərini havaya sovurmaq da həmin tağut və bədnam rejimin işlərindən idi.100


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə