Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

fikirləşmək lazımdı. Əlim ətəyimdən uzun, bu əclafların yanına düşüb Novxanıya getmək, xalis 
ağılsızlıqdır! Yaxşı, nə etmək olardı? Bəlkə bu xarabadan uzaqlaşıb bir müddət rayona gedim? 
Bəs Əsmər? Bəs Leyla? Evimizdə soruşmayacaqdılar ki, xeyir olsun, niyə gəlmisən? Rəngin-
ruhun nəyə görə özündə deyil, narahatsan? Bəlkə polisə xəbər verim ki, peşə fəaliyyətimlə bağlı 
məni təhdid edirlər? Yox, yox, bu, axmaqlıqdır! Özümü qəsdən ələ verə bilərdim. Sorğu-sual, 
izahat, dindirmə... Hələ tapançanı demirəm! Əlimi-qolumu bağlayıb dama basardılar. Yaxşı bəs 
nə, nə, nə???!!!  
Yumurtası tərs gələn toyuq kimi otaqda vurnuxurdum. Saat on ikinin yarısıydı. Deməli, saat 
yarım sonra məni böcək kimi ayaqlaya bilərdilər. Lənətə gəlsin bu ağciyərliyi, nədən 
qorxmalıyam?! Bəlkə şəstlə, kişiyana bir ədayla qabaqlarına çıxım ki, gəlmişəm? Bu fikirdən tez 
də daşındım. Ehtiyatı əldən vermək yüngülağıllıqdır. Yaxşısı budur, Leylaya zəng vurub, 
xəbərdar edim. Nömrəni yığdım. Telefonu bağlıydı. Qorxdum ki, qızın başına bir iş gətirsinlər. 
Qapını qıfıllayıb evdən çıxdım. İsmayıl dayı yenə axsaq yabıya oxşayan bir qocanı çənəsinin 
altına salıb, köhnə əyyamlardan dəm vururdu. Pilləkənləri qalxanda Leylanın telefonunu yenidən 
yığdım. Qapını yumruqla, açarla, qəpiklə döyməyim də işə yaramadı. Blokdan çıxanda ağlıma 
gəldi ki, bu qədər əziyyət çəkməkdənsə, İsmayıl dayıdan soruşmaq ən ağıllısıdır. Əsəbiləşib 
qabağıma çıxan içidolu fanta butulkasına tutarlı bir təpik ilişdirdim. Tfu, zibil!!! Qarşıdan 
Dostoyevskinin Alyona İvanovnasına oxşar donqarbel rus qarısı gəlirdi. Belə əprimiş qocaları 
görəndə adam yaxınlaşıb ədəb-ərkanla demək istəyir ki, olarmı, sizin əvəzinizdə ölüm?! Axx, 
yaramaz butulka!!! Fır-fır fırlanıb arvadın təpəsinə dəydi. “Alyona nənə” ayaq altda qalan siçan 
kimi ciyildədi. Yolumu dəyişib sağdakı binanın tinindən burulanda qarının rusca söyüşlərini 
eşitdim: Alçaq, quldur, tərbiyəsiz, yaramaz!!! Ah, unutdum deməyi, kim “Cinayət və Cəza” 
filmində Alyona İvanovnanı görməyibsə, gözünün qabağına ölüvay, çərdəymiş qoca qoyun 
gətirsin.  
Doğrudanmı, gecənin bir aləmi bu xaraba daxmanı başıma uçura bilərdilər?! Tapançanı etibarlı 
yerdə gizlətsəm, gecələməyə başqa ev tapmaq müşkül iş deyildi. Lap tələbə yoldaşlarımla 
yataqxananın dar-düdük otağına sığınıb birtəhər keçinmək də olar. Universiteti bitirsək də, üçü - 
Ayaz, Ənvər, Orxan hələ də Bakı Dövlət Universitetinin tələbə yataqxanasında tarakan və 
siçovullarla süfrə arxasında bir oturur, gecələr qucaqlaşıb şirin-şirin yatırlar. Hər halda, evdən 
çıxmasam da, ilan kimi zəhmli olan xatalı dəmir parçasını başımdan rədd etməliydim. Məsələn, 
dənizə atmaq, sakit gecələrin birində torbaya büküb gözdən iraq yerlərdə zibilə qarışdırmaq çətin 
deyildi. Bircə bu qorxudan yaxa qurtara bilsəydim! Kişiyana boynuma alsam, tapançanı üstümdə 
harasa aparmağa cürətim çatmır. Ən yaxşısı, evdə münasib yer düzəltməkdir. Çarpayımın altı 
etibarlı “sığınacaq” ola bilər. Baş tərəfdə döşəmə taxtası çürüyüb, tikə-tikə olmuşdu. İlan-
çayandan qorxub keçən ay dikt parçasını bir-iki yerdən mismarlamışdım. Saat birə işləyirdi. 
Vaxt itirmədən işə başlamaq lazımdı. Çarpayını ortalığa çəkib otağıma bitişik olan əldamından 
bel gətirdim. Səngər qazmaq üçün dirsək uzunu əsgər beli idi. Deyəsən, ev yiyəsinin qardaşı 
komandir olanda xidmət keçdiyi hərbi hissədən çırpışdırmışdı.  
 
Çürük taxta parçalarını qoparıb nəm torpağı bir qarış qazdım. Rütubət iyindən başım çatladı. 
Küncdə üst-üstə qalanmış qaratorpaqdan balaca təpə yaranmışdı. Humayın dərdindən buğda 
sahələrini havalı-havalı dolaşanda hər addım rast gəldiyim vəhşi çöl siçanlarının yuvalarını 
xatırladım. Elə mən də siçan kimi gün-güzəran keçirirdim. Ziyanəvər siçanlar kəndçilərimizin 
sahəyə səpdiyi ağunu yeyib necə çezirdilərsə, Leylanın qəsdinə duran O Adam da bir gün mənə 
zəhər verib gəbərtdirəcəkdi...  
Tapançanı üç qat sellofan torbaya büküb, üstünü torpaqladım. Dikt parçasını yerinə 
mismarlayandan sonra taxta-tuxtanı zibilliyə tolazlamaq qalırdı. Çarpayı yerində, otaq səliqə-
sahmanlı - işdi-şayət, evə ikinci dəfə soxulsalar, şübhələnməyə yer qalmamışdı. Yırıq-yırtıq 
pərdə, qab-qacaq, stol-stul - hamısı cəhənnəm olsun; məni ağrıdıb, ciyərimi yandıran kompüterin 
bu vəziyyətə düşməsidir. Deməli, roman yazmaq niyyətimə bir qoz, çezdi! Elə bil, körpə yolu 
gözləməkdən gözünün işığı darıxan kişi qadınını itirmişdi. Əlacım olsaydı, bu qoca qurğudan 
yana ağlayar, zəvzək küçük kimi zingildəyərdim. Gör neçə ilin yol yoldaşıyıq! Sədaqətli qadın 
kimi hər nazıma dözüb, əziyyətimi çəkib. Vur-tut, əllicə manat qiyməti vardı, amma nolsun, 
mənim aləmimdə brilyant daş-qaşla bəzədilmiş ən bahalı kompüterdən daha dəyərliydi. 
Bədbəxt!!! Qaragün!!! Zavallı!!! - Kefinəqulu əmim var - Əzizxan, deyir Rəcəb, sənin şeytana 


aldanıb döşəkisladan vaxtlarında qonşuluğumuzda xoşəməl, qapısıaçıq qoca yaşayırdı - Yunus 
kişi. Əzrayıl evinin dörd tərəfində vurnuxanda, qızları yas halvasının ununu ələkdən keçirmək 
üçün tədarük tökürlər. Gözünə dönüm qoca, bu vaxt başını yastıqdan qaldır ki, su başına tək 
gedəcəm. Elə tualetdən çıxhaçıxda həyətin erkək qazı boğazını uzadıb fısıldaya-fısıldaya qocanın 
üstünə şığıyıb. Yunusun ayaqları sözə baxmır, arvadı özünü yetirincə başı tualet daşına dəyir. 
Yerindəcə canını tapşırır, bədbaxt! Sonra Əzizxan əmim bir siqaret yandırıb deyərdi ki, 
qardaşoğlu, hərdən Allah da ədalətsizliyə qol qoyur. Yunus kişi çölün axsaq köpəyinə də pislik 
eləməmişdi. Cavan şivlərin dibinə işəyən, yoxlama gələndə kolxozun çəllək-çəllək nöyütünü 
əndərib xollu-budaqlı ağacları qurudan əbləh, dəyyus, qurumsaq (əmim özündən çıxırdı) adamlar 
hörmət-izzətlə köç elədilər, indi adları ehtiramla xatırlanır. El ağzında adın çıxınca, canın çıxsın! 
Yunus kişidən nə qalsa yaxşıdır, urvatsız xatirə! Məsələn, Yunus tualetdə ölən ili Qulamın 
sürüsünə canavar girmişdi. İndi mənim nakam kompüterim Yunus kişinin taleyini yaşayırdı. 
Çörək haqqı, əlacım olsaydı, illərini yolumda çürüdən bu bəxtsiz qurğunu hörmətlə torpağa 
tapşırar, məzarı üstündə acı, duzlu göz yaşı axıdardım.  
Külək qalxmışdı. Boğazıma şərf salıb 12:35-də evdən çıxdım. Hə, yeri gəlmişkən deyim: 
şalvarımın arxa cibindən kitabxanaçı Humayın oxucu biletinin arasına qoyduğu balaca kağız 
əlimə keçdi. Yazmışdı: “Sizə məsləhət vermək istəməzdim, amma özümə borc bilirəm: bu yazını 
yazmaq fikrindən çəkinin. Deyirlər, Leylaya yaxın duran adamları çox incidirlər. Səbəbini 
bilmirəm. Uğurlar”. 
Humayın narahat, nigaran baxışlarının açmasını indi anladım. Mənə can yandırmasına görə onun 
əllərini öpməyə hazırıydım.  
Bilmirdim hara gedim, kimə üz tutum. Küləyin ağzına alıb ora-burasını əlləşdirdiyi adamları 
şübhəylə süzür, öz-özümdən xoflanırdım. Birdən-birə ürəkləndim. Ağlıma gəldi ki, polisin 
gözündən yayınıb Milli Elmlər Akademiyasının qarşısındakı həmişəyaşıl kolların arasında 
gizlənə bilərdim. Bəlkə məni aldadırdılar? Kiminsə Qara “Pajero”da məni gözləməyi, sadəcə, 
xox gəlməkdi?! Müdafiə Sənayesi Nazirliyinin yanında avtobusdan düşüb üzüaşağı tələsdim. 
BDU-nun yanından keçib Akademiyanın binasının həndəvərində vurnuxanda nə qədər ağılsız iş 
tutduğumun fərqinə vardım. Kim bilir, bəlkə ətrafda üç-dörd nəfər yaxın adamları dolaşırdı? 
Ürəyim uçundu. Akademiyanın böyür-başındakı kolluqların arasından sivişib BDU-nun həyəti 
ilə yataqxana tərəfdəki darvazaya sarı yortdum. Üzü yoxuşa çapılan xam dayça kimi 
tövşüyürdüm. Prospekti keçib boş skamyada nəfəs dərmək üçün keçmiş Musabəyov parkına üz 
tutmaqdan savayı çarəm yoxuydu.  
Əllərim cibimdə, park uzunu var-gəl edirdim. Saat ikiyə beş dəqiqə işləyirdi. Yəqin dalımca 
gələn əclaf, “Pajero”nu yolun kənarında saxlayıb sağa-sola boylanırdı ki, bu dəqiqə 
yaxınlaşacam. Ay, sən öləsən!!! Həyəcandan yaxa qurtarmaq üçün Əsmərə zəng vurdum. 
Qanının qara vaxtına düşmüşdüm. Ola bilərdi, itirib-axtarmadığıma görə mısmırıq sallamışdı, nə 
bilim. Bircə donuz deməyi əskikdi. Hikkəli, acıqlı danışsa da, bir-birindən gözəl oxşama 
cümlələrimdən mum kimi yumşaldı. Yaşasın ədəbi istedadım!!! İstədim deyəm, məni 
gəbərtməsələr, hazırlaş, yazıçı arvadı olacaqsan; bu xoşbəxtlik hər qadının nəsibi olmur (Paah!!! 
Qaragün yazıçı xanımları!!!). Möhkəm, iradəli, səbrli, canıyanar, cəfakeş olmaq əziyyəti düşür 
boynuna! Əlüstü zarafatlaşdım ki, səsimdəki həyəcandan duyuq düşməsin. Kişiyana danışsaq, 
buna zarafatlaşmaq yox, boşboğazlıq, lap dəqiqi, təlxəklik deyirlər. Saat altıda görüşmək ümidilə 
sağollaşdıq.  
Leylaya zəng vurdum. Yenə uğursuz cəhd! Axşamkı etiraflarına, ürəyindəkiləri boşaltdığına 
görə, sən deyən nigarançılığım yox idi. Adətən, qadınlar həmdəm tapmayanda, unudulanda, 
gərəksiz əşyaya çevrildiyini anlayanda həyatdan usanır, intihar yolunu seçirlər. Yeri gəlmişkən
bir sirr açım: Leyla vaxtilə çirkin, iyrənc əməllərə qol qoymuş fahişə qadından savayı, həm də 
sinəsində övlad dağı gəzdirən zavallı ana idi. Amma indi bu haqda danışmaq həvəsində deyiləm.  
Yasamalın azğın küləyi yenə ağacların yaxasına əl aparmışdı. Gödəkçəmin yaxasını qaldırıb 
parkın yuxarı başındakı qəzet köşkündən siqaret alıb tüstülətdim. Köhnə iş yoldaşlarım - Narın, 
ardınca Xuraman zəng vurdu ki, iş tapa bilmişəm, yoxsa bekar-bekar gəzirəm? İkisinin də 
səsindəki canıyanar ahəngdən içim iftixarla doldu. Hətta Narın dedi, bir tanışı özəl tikinti 
şirkətinin jurnalına redaktor axtarırmış, mənim adımı versə də, xəbər-ətər çıxmayıb. İstirahət 
etdiyimi deyib, dostlarımı ümid dolu vədlə hər şeyin gözəl olacağına inandırdım.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə