1.0.23. Fond – “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən yaradılmış hüquqi şəxsdir;
1.0.24. Ödəmə qabiliyyətini itirmiş bank – bu Qanunun 57.1.1-57.1.3-cü maddələrində göstərilən
əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi ödəmə qabiliyyətini itirmiş və ya
itirmək təhlükəsi olan bankdır;
1.0.25. Rezolyusiya – ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin
təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsidir;
1.0.26. Rezolyusiya ilə bağlı tədbirlər planı – ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya
metodunu, şərtlərini, müddətini və iqtisadi əsaslandırmasını özündə əks etdirən sənəddir;
1.0.27. Körpü bank – ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin
tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən yaradılan və idarə olunan bankdır;
1.0.28. Alıcı bank – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın
aktiv və öhdəliklərini hərrac yolu ilə əldə edən bankdır;
1.0.29. İnvestor – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın və ya
körpü bankın satın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına müraciət edən hüquqi və ya
fiziki şəxsdir;
1.0.30. Müvəqqəti inzibatçı – bu Qanunda nəzərdə tutulmuş hallarda maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində
maliyyə bazarlarına nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o
cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir;
1.0.31. Sağlam aktiv – maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə
standart aktiv kimi təsnifləşdirilmiş aktivdir;
1.0.32. Sistem əhəmiyyətli bank – maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktı
ilə müəyyən edilən meyarlara uyğun bankdır;
1.0.33. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası – bankın maliyyə vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı (bundan sonra - restrukturizasiya planı)
əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların
məcmusudur.
Maddə 2. Bank sistemi və onun hüquqi əsasları
2.1. Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanından,
Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra mətndə - Mərkəzi Bank) və kredit
təşkilatlarından ibarətdir.
2.2. Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası,
“Azərbaycan
Respublikasının
Mərkəzi
Bankı
haqqında”
Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara
müvafiq olaraq, qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit
İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının digər
normativ hüquqi aktları, Maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın bunlara müvafiq
olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir.
2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları dövlət hakimiyyəti
və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz.
Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə
məcbur edilə bilməz.
2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər
hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət
daşımır.
Maddə 3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar
3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank
fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata
keçirilə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata
keçirilə bilər.
3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi
istisna olmaqla, digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları
haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq olaraq,
lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına
şamil olunmur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank
fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit təşkilatları haqqında” və
“Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunları və maliyyə bazarlarına nəzarət
orqanının normativ xarakterli aktları ilə həyata keçirilir.
3.5. Maliyyə bazarlarına nəzarət orqanı hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci
maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə
xitam verilməsi haqqında tələb göndərir, qanunla nəzərdə tutulmuş digər tətbirləri görür, Mərkəzi
Banka və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.
Maddə 4. Bankın adı
4.1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada «bank» sözü
olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində
göstərilən addan fərqli adla adlandırıla bilməz.
4.2. «Bank» sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın
olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında «bank» sözünün
(«bank» sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.
4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının,
şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət mənasında
göstərilməlidir.
4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına “ləğv prosesində olan” sözləri əlavə edilir.
4.5. Bankın adında “Azərbaycan Respublikası”, “dövlət”, “milli” sözlərindən istifadə edilməsinə
yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
4.6. Banklar eyni addan istifadə edə bilməz.
Maddə 5. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı
5.1. Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi
şəxslərin yerli banklarda iştirakına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən limit müəyyən
edilir.
5.3. Maliyyə bazarlarına nəzarət orqanı xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli
törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və
nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə müvafiq
xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılılıq əsasında və Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə müvafiq olaraq), öz nəzarət funksiyalarının yerinə yetirilməsi üçün zəruri
olan məlumatı alır. Maliyyə bazarlarına nəzarət orqanı xarici bank tənzimlənməsi və nəzarəti