Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   15   16   17   18   19   20   21   22   23

77.4. Məbləği müəyyənləşdirilməmiş tələblər ləğvedicinin qiymətləndirdiyi dəyər üzrə qəbul 

edilə bilər.  

77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş 

tələblər  siyahısına,  etiraz  etdiyi  tələbləri  isə  etirazın  səbəblərini  göstərməklə,  etiraz  edilmiş 

tələblər  siyahısına  daxil  edir.  Qismən  etiraz  edilərək  qeydə  alınmış  tələblər  müvafiq  olaraq, 

qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın 

adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu 

göstərilir.  Siyahılara  daxil  edilən  tələblər  kateqoriyalar  üzrə  birləşdirilir  və  ödəniş  növbəliyi 

qaydasında yerləşdirilir.  

77.6.  Hər  iki  siyahı  tələblərin  qeydiyyatı  müddətinin  qurtardığı  gündən  30  təqvim  günü 

ərzində tərtib edilir  və  məhkəmənin təsdiqinə  verilir. Bundan  sonra  ləğvedici  hər rüb təzələnən 

siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə 

razılaşdırmaqla  tələbləri  bir  siyahıdan  digərinə  keçirə  bilər.  Məhkəmə  etiraz  edilmiş  tələblərin 

təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.  

77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim 

günündən gec olmayaraq, aydınlaşdırmaq məqsədi ilə dinləmələrin keçirilməsi tarixini müəyyən 

edir.  Tələblərinə  etiraz  edilmiş  kreditorlar  həmin  dinləmələrdə  ləğvediciyə  və  məhkəməyə  öz 

tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara 

poçt bildirişi  və  ləğvedicinin  kütləvi  informasiya  vasitələrində dərc  etdirdiyi  bildirişlə  məlumat 

verilir.  Eyni  bir  tələb  barəsində  dinləmələrin  başlanılmasına  dair  heç  bir  kreditora  bir  dəfədən 

artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya 

rədd  olunmasına  dair  qərar  qəbul  edir.  Kreditor  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsində  nəzərdə  tutulmuş  qaydada  xəbərdar  edildiyi  dinləməyə  üzürlü  səbəb  olmadan 

gəlmədikdə,  onun  tələbləri  rədd  edilir.  Tələbləri  rədd  edilmiş  kreditorlara  bu  barədə  ləğvedici 

tərəfindən yazılı bildiriş göndərilir.  

77.8.  Məhkəmənin  təsdiq  etdiyi  tələblər  qəti  xarakter  daşıyır.  Bu  tələblər  qəbul  olunmuş 

tələblər siyahısından  və  ya etiraz edilmiş tələblər  siyahısından çıxarılır  və təsdiqlənmiş tələblər 

siyahısına  daxil  edilir.  Həmin  siyahı  məhkəmədə  və  ləğvedicidə  saxlanılır.  Tələbləri  məhkəmə 

tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.  

77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi 

məhkəmə  tərəfindən  rədd  edilmiş  kreditor  məhkəmənin  qərarından  həmin  qərara  dair  bildirişi 

aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu 

gündən  ən  geci  7  təqvim  günü  müddətində  baxılır  və  müvafiq  qərar  qəbul  edilir.  Şikayətin 

verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır.  

77.10.  Bank  sirrinin  qorunması  məqsədilə  göstərilən  siyahılar  tanışlıq  üçün  kreditorlara 

təqdim olunmur.  



 

Maddə 78. Əvəzləşdirmə və saldo çıxarma  

78.1.  Bu  Qanunun  82-ci  maddəsinin  tələblərinə  əməl  etmək  şərti  ilə  müflis  bankla  onun 

kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.  

78.2.  İflas  proseduruna  başlanılmasına  dair  məhkəmə  qərarı  qüvvəyə  minənədək  qanunsuz 

yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda onların və qərar 

qəbul  edildikdən  sonra  bankın  əldə  etmiş  olduğu  tələblərin  və  yaratdığı  öhdəliklərin 

əvəzləşdirilməsinə yol verilmir.  

 

Maddə 79. Cari müqavilələrin qüvvəsinə xitam verilməsi  

79.1.  Müflis  bankın  mallar  göndərilməsinə  və  ya  xidmətlər  göstərilməsinə  dair  bütün  cari 

müqavilələrin,  o  cümlədən  satış,  icarə  və  lizinq,  möhlətlə  satınalma  müqavilələrinin  qüvvəsinə 

ləğvedici  istənilən  vaxt  birtərəfli  qaydada  xitam  verə  bilər.  Bu  zaman  bankın  kreditoru 

müqavilənin  pozulması  nəticəsində  ona  dəymiş  zərərin  əvəzinin  ödənilməsi  haqqında  bankın 

müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər.  



79.2.  Ləğvedici  istənilən  vaxt  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  müəyyən 

edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.  



 

Maddə 80. Mübahisələrin danışıqlar yolu ilə həlli  

Məhkəmənin  qabaqcadan  razılığını  aldıqdan  sonra  bankın  ləğvedicisi  tələblərin  nizama 

salınması  məqsədilə  bankın  istənilən  kreditoru  və  ya  borclusu  ilə  danışıqlara  başlaya  bilər.  Bu 

cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.  



 

Maddə 81. Girovla təmin edilmiş tələblər  

81.1.  Aşağıdakı  hallar  istisna  olmaqla,  kreditorların  banka  qarşı  təsdiqlənmiş  tələblərinin 

təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda 

satılır:  

81.1.1.  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli  kağızların,  xarici  valyutanın  və  digər 

aktivlərin  həmin  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda  ləğvedici  tərəfindən 

satılmasına yol verilir;  

81.1.2.  bankın  borclarının  təminatı  olan  və  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli 

kağızların,  xarici  valyutanın  və  bankın  digər  aktivlərinin  həmin  aktivləri  öz  sərəncamında 

saxlayan  kreditorlar  tərəfindən  bu  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda 

satılmasına yol verilir.  

81.1-1.  Bu  Qanunun  81.1-ci  maddəsində  nəzərdə  tutulmuş  aktivlərin  açıq  hərrac  yolu  ilə 

satılması  bankın  müflis  elan  olunması  haqqında  məhkəmə  qərarının  qanuni  qüvvəyə  minməsi 

tarixindən 30 gündən gec olmayaraq keçirilir. 

81.2.  Ləğvedici  bu  Qanunun  81.1-ci  maddəsində  nəzərdə  tutulmuş  aktivlərin  açıq  hərracda 

qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin 

təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.  

81.3.  Bu  Qanunun  81.1.2-ci  maddəsində  göstərilməyən  aktivlər  ləğvedicinin  sorğusundan 

sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.  

81.4.  Təminatlı  kreditorların  tələbləri  növbədənkənar  qaydada  təminatın  satılmasından  əldə 

edilən  vəsait  hesabına  ödənilir.  Təminat  kreditorların  tələbini  tam  ödəmədikdə,  ödənilməmiş 

məbləğ  təminatsız  kreditor  tələbi  kimi  bu  Qanunun  82-ci  maddəsində  göstərilmiş  növbəliliklə 

ödənilir.  

 

Maddə 82. Ödənişlərin növbəliliyi  

82.1.  Müflis  elan  olunmuş  bankın  aktivləri  onun  kreditorları  arasında  aşağıdakı  növbəlilik 

qaydasında bölüşdürülür:  

82.1.1. çıxarılmışdır;  

82.1.2. Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;  

82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin 

çəkdiyi  bütün  məsrəflər  və  xərclər,  o  cümlədən  onların  əmək  haqqı,  məhkəmə  xərcləri  və 

ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;  

82.1.4.  iş  vaxtı  baş  vermiş  bədən  xəsarəti  və  ya  ölüm  halları  ilə  əlaqədar  bank  işçilərinin 

tələbləri;  

82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 

altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında 

bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;  

82.1.6.  müvəqqəti  inzibatçının  idarəetmə  və  maliyyə  sağlamlaşdırması  prosedurları  ilə 

əlaqədar bankın öhdəlikləri;  

82.1.7.  bankın  müflis  elan  olunmasına  dair  qərarın  qəbul  edildiyi  tarixdən  əvvəlki  bir  ildən 

çox  olmayan  müddət  üçün  büdcəyə  məcburi  ödənişlər  üzrə  vergilər  və  məcburi  dövlət  sosial 

sığortası üzrə ödənilməli məbləğlər;  

82.1.8. təminatsız kreditorların tələbləri;  



82.2.  Qalan  aktivlər  bankın  səhmdarlarına  onların  paylarına  mütənasib  surətdə 

qanunvericiliyə uyğun qaydada ödənilir.  



 

Maddə 83. Ləğv planı  

83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 

120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq olunması 

üçün məhkəməyə müraciət edir:  

83.1.1.  bankın  aktivlərini  və  passivlərini  onların  ehtimal  edilən  ləğv  dəyəri  ilə  göstərən  cari 

maliyyə  hesabatı,  cari  tarixdən  sonrakı  üç  ay  üçün  bankın  ehtimal  edilən  maliyyə  hesabatı. 

Balansın  passivində  kreditorlardan  qəbul  edilmiş  tələblər,  o  cümlədən  etiraz  edilmiş  tələblər 

göstərilir;  

83.1.2. bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;  

83.1.3.  bankın  əsas  vəsaitlərinin  və  digər  aktivlərinin  satışı  üzrə  görülmüş  işlər  haqqında  və 

satış planları haqqında hesabat;  

83.1.4.  bankın  tələblərinin  ödənilməsinə  yönəldilən  məhkəmə  və  məhkəmədənkənar 

hərəkətlər  haqqında  hesabat,  o  cümlədən  qanunsuz  sazişlərin  və  köçürmələrin,  habelə  bu  cür 

sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər;  

83.1.5.  bankın  inzibatçılarının  qanunsuz  hərəkətləri  və  bankın  xeyrinə  kompensasiya 

alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat;  

83.1.6. sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların 

qüvvəsinin  davam  etdirilməsi  və  ya  qüvvəsinə  xitam  verilməsi  haqqında  hesabat,  o  cümlədən 

bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili;  

83.1.7.  bankın  öhdəlikləri  haqqında  hesabat  və  növbəti  rüb  ərzində  bankın  kreditorlarına 

nəzərdə tutulan ödənişlərin cədvəli;  

83.1.8. ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.  

83.2.  Ləğv  planı  hər  rüb  təzələnir.  Məhkəmə  tərəfindən  təsdiq  edildikdən  sonra  ləğv  planı 

bank  sirri  məlumatları  istisna  olmaqla,  tanışlıq  üçün  tələbləri  bu  Qanunun  77-ci  maddəsinə 

uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilir.  

 

Maddə 84. Müflis bankların maliyyə sağlamlaşdırılması  

Bu Qanunun 57-ci maddəsi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müflis bank tamamilə 

və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.  

Maddə 85. Kreditorlar ilə barışıq sazişinin yolverilməzliyi  

Bank və kreditorlar arasında bankın fəaliyyətinin bərpasına yönəldilən barışıq sazişlərinin və 

ya başqa razılaşmaların bağlanmasına yol verilmir.  

 

Maddə 86. Kreditorların ümumi yığıncağı və komitəsi  

86.1.  Kreditorların  müflis  bankın  ləğvi  ilə  əlaqədar  ümumi  yığıncağı  yalnız  o  halda  keçirilə 

bilər  ki,  ləğvedicinin  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə 

məhkəmə  belə  yığıncağın  keçirilməsinin  bankın  səmərəli  ləğvi  üçün  lüzumlu  olduğu  barədə 

qərar qəbul etsin.  

86.2. Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi yalnız o halda yaradıla bilər ki, 

ləğvedicinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə 

belə  komitənin  yaradılmasını  kreditor  qruplarının  mühüm  mənafelərinin  təmsil  və  müdafiə 

edilməsi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.  

86.3.  Kreditorların  ümumi  yığıncağının  keçirilməsinə  və  ya  kreditorlar  komitəsinin 

yaradılmasına  icazə  verən  məhkəmə  qərarlarında  yığıncağın  və  ya  komitənin  vəzifələri  və 

səlahiyyət dairəsi müəyyənləşdirilir.  



 

Maddə 87. Tələblərin ödənilməsi  

87.1. Bu Qanunun 82-ci  maddəsinə uyğun olaraq, təsdiq edilmiş tələblər ödəniş  növbəliyinə 

müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. 



Hər kateqoriya üzrə tələblər əvvəlki  növbənin tələbləri tam ödənildikdən  sonra ödənilir. Növbə 

daxilində  tələblərin  ödənilməsinə  vəsait  çatışmadıqda,  ödənişlər  tələblərə  proporsional  faizlə 

bölüşdürülür.  

87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin 

aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir.  

87.3.  Məhkəmə  tərəfindən  təsdiq  edilmiş  ödənişlərin  aparılması  qrafiki  qətidir  və  ondan 

şikayət verilə bilməz.  

87.4.  Ödənişlərin  aparılması  qrafiki  məhkəmə  tərəfindən  təsdiq  edildikdən  sonra  ləğvedici 

dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil 

edilmiş  məbləğləri  kreditorlara  ödəmək  üçün  onlarla  əlaqə  yaratmaq  mümkün  olmadığı  halda 

ödənilməmiş  məbləğlər  Mərkəzi  Bankda  xüsusi  hesabda  depozitə  qoyulur.  Ləğvedici  kütləvi 

informasiya  vasitələrində  bildiriş  dərc  etdirərək,  göstərilən  kreditorlara  vəsaiti  almaq  üçün 

müraciət  etməyi  təklif  edir.  Bu  qaydada  depozitə  qoyulmuş  vəsait  göstərilən  kreditorlar  və  ya 

onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia 

müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.  

 

Maddə 88. Xarici bankın yerli filialı barəsində iflas proseduru  

88.1. Xarici bankın yerli filialı barəsində iflas proseduruna aşağıdakı hallardan hər hansı biri 

olduqda başlanıla bilər:  

88.1.1.  bu  Qanunun  61-cı  maddəsində  göstərilmiş  əsaslardan  hər  hansı  biri  müəyyən 

edildikdə;  

88.1.2.  xarici  bankın  yerləşdiyi  ölkədə  onun  barəsində  iflas  proseduruna  başlanıldıqda.  Bu 

zaman iflas proseduruna maliyyə bazarlarına nəzarət orqanın ın ərizəsi üzrə başlanır.  

88.2. Bu fəslin müddəalarının məqsədləri üçün xarici bankın hər hansı yerli filialı Azərbaycan 

Respublikasında  fəaliyyəti  nəticəsində  əmələ  gələn,  yaxud  bu  və  ya  digər  şəkildə  onunla  bağlı 

olan  aktivləri  və  passivləri  də  daxil  olmaqla,  xarici  bankın  törəmə  bankı  kimi  qəbul  edilir,  o 

şərtlə  ki,  bundan  asılı  olmayaraq,  xarici  bank  yerli  filialının  öhdəlikləri  üçün  tam  məsuliyyət 

daşıyır.  

88.3.  Xarici  bankın  yerli  filialı  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  məhkəmə 

qərarının  təqdim  edildiyi  andan  xarici  bankın  yerli  filialının  Azərbaycan  Respublikasında 

göstərdiyi  bütün  fəaliyyət  növlərinə  xitam  verilir.  Bu  zaman  filiala  təyin  edilmiş  ləğvedicinin 

qabaqcadan yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.  

88.4.  Müflis  elan  olunmuş  xarici  bankın  yerli  filialı  barəsində  bu  Qanunun  78-ci  maddəsi 

yalnız  xarici  bankın  Azərbaycan  Respublikasında  fəaliyyəti  nəticəsində  əmələ  gələn,  yaxud  bu 

və  ya  digər  şəkildə  onunla  bağlı  olan  öhdəliklərin  əvəzləşdirilməsi  və  saldosunun  çıxarılması 

hallarında tətbiq edilir.  

88.5. Azərbaycan Respublikasında filialı olan xarici bankın iflası haqqında işə başlanıldıqda, 

onun  yerli  filialının aktivlərindən  ilk  növbədə  yerli  filialın  Azərbaycan Respublikası  ərazisində 

bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.  

88.6.  Xarici  bankın  yerli  filialı  barəsində  Azərbaycan  Respublikasında  başlanılmış  iflas 

proseduru  filialın  kreditorlarının  öz  tələblərinin  ödənilməsi  məqsədi  ilə  həmin  tələbləri  bankın 

xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.  



 

Maddə 89. Birdən çox ölkədə filial şəbəkəsi olan bankların ödəniş qabiliyyətinin olmaması  

89.1.  Birdən  çox  ölkədə  filial  şəbəkəsi  ilə  fəaliyyət  göstərən  müflis  olmuş  bankın 

aktivlərindən yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:  

89.1.1.  yerli  müflis  bankın  başqa  ölkədə  filialları  və  nümayəndəlikləri  olduqda,  maliyyə 



bazarlarına nəzarət orqanı həmin ölkənin bank tənzimlənməsi və nəzarəti orqanları ilə mümkün 

olduğu qədər əməkdaşlıq edir;  

89.1.2.  yerli  müflis  bankın  kreditoru  öz  tələblərini  başqa  ölkədə  bankın  filialından  qismən 

almışdırsa, kreditorun tələbləri üzrə ödənilməmiş qalıq müflis elan olunmuş banka təqdim edilə 

bilər;  



89.1.3.  məhkəmə  bankın  müflis  elan  olunmasına  dair  xaricdə  qəbul  edilmiş  qərarı  və  xarici 

bankların  aktivlərinin  qorunması  və  maliyyə  sağlamlaşdırılması  üçün  xaricdə  görülmüş 

tədbirlərin onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını müəyyən 

edir;  


89.1.4.  xarici  bank  yerləşdiyi  ölkədə  ləğv  prosesində  olduqda,  maliyyə  bazarlarına  nəzarət 

orqanı  xarici  bankın  yerli  filialının  Azərbaycan  Respublikası  ərazisində  olan  kreditorlarının 

mənafelərinə uyğunluğu baxımından aktivlərin köçürülməsini və ya verilməsini məqbul sayarsa, 

həmin  aktivlərin  xarici  ölkədəki  ləğvediciyə  köçürülməsinə  və  ya  verilməsinə  dair  qərar 

çıxarılması üçün məhkəməyə müraciət edir.  



 

Maddə  90.  Müflisləşmə  ilə  əlaqədar  maliyyə  bazarlarına  nəzarət  orqanın  məhkəmə 

prosesində iştirakı  

Bankın müflis elan olunması və ya müflis elan olunmuş bankla əlaqədar işə baxarkən birinci 

instansiya  məhkəməsi  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinə  müvafiq 

olaraq, həmin məsələyə dair maliyyə bazarlarına nəzarət orqanın rəyini alır.  



 

Maddə 91. İflas prosedurunun başa çatması  

91.1.  Ləğvedici  bankın  ləğvini  başa  çatdırdıqdan  və  müvafiq  hesabatı  məhkəməyə  təqdim 

etdikdən sonra o, məhkəmənin qərarı ilə öz vəzifələrindən azad edilir. Həmin qərarda məhkəmə 

bankın mühasibat və digər sənədlərinin qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə təhvil 

verilməsi barədə göstəriş verir.  

91.2. Bankın aktivlərinin satışından əldə edilən vəsait bankın kreditorlarına ödənildikdə və ya 

bu  Qanunun  87.4-cü  maddəsinə  müvafiq  surətdə  Mərkəzi  Bankda  depozitə  qoyulduqda,  bank 

barəsində iflas proseduru məhkəmənin qərarı ilə başa çatmış hesab edilir.  

91.3.  Bank  barəsində  iflas  prosedurunun  başa  çatmasına  dair  məhkəmənin  qərarı  məhkəmə 

tərəfindən maliyyə bazarlarına nəzarət orqanına və dövlət qeydiyyatı orqanına göndərilir, habelə 

kütləvi  informasiya  vasitələrində  dərc  edilir.  Ləğv  olunmuş  bank  hüquqi  şəxslərin  dövlət 

qeydiyyat reyestrindən çıxarılır.  



 

XI fəsil. Keçid və yekun müddəaları 

 

Maddə 92. Məhkəmə iddiasından müdafiə  

Mərkəzi  Bankın  İdarə  Heyətinin  üzvləri,  onun  və  ya  maliyyə  bazarlarına  nəzarət  orqanının 

vəzifəli  şəxsləri,  əməkdaşları,  habelə  bu Qanuna  uyğun təyin edilmiş  müvəqqəti  inzibatçılar  və 

ləğvedicilər  bu  Qanunla  müəyyən  edilmiş  tənzimləmə,  nəzarət  və  ləğvetmə  funksiyalarını  və 

vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər 

üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin 

və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.  



 

 

Maddə 93. Keçid müddəaları  

93.1.  Bu  Qanun  qüvvəyə  mindiyi  tarixdən  bir  il  ərzində  fəaliyyətdə  olan  banklar  aşağıdakı 

tələblərin yerinə yetirilməsini təmin etməlidirlər:  

93.1.1. məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 19-

cu  maddəsinin  tələblərinə  uyğun  olaraq,  səhmdar  cəmiyyəti  formasında  yenidən  təşkil 

edilməlidir;  

93.1.2.  bankların  digər  hüquqi  şəxslərdə  bu  Qanunun  33-cü  maddəsi  ilə  qadağan  edilmiş 

fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.  

93.2. Bu Qanunun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatından keçmiş xarici bankların 

yerli  nümayəndəlikləri  bir  il  ərzində  maliyyə  bazarlarına  nəzarət  orqanında  aparılan  mərkəzi 

reyestrdə  qeydə  alınmalı  və  bu  Qanunun  V  fəslinə  uyğun  olaraq  hesabat  sənədlərini  maliyyə 

bazarlarına nəzarət orqanına təqdim etməlidirlər.  



 

Maddə 94. Yekun müddəaları  

94.1. Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VII, IX, X fəsilləri də 

eynilə xarici bankların yerli filiallarına şamil edilir.  

94.2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.  

94.3.  Bu  Qanunun  qüvvəyə  minməsi  ilə  əlaqədar  1996-cı  il  14  iyun  tarixli,  “Azərbaycan 

Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanunu  və 

1995-ci  il 19  yanvar tarixli,  “Bank sirrinin qorunması  Qaydaları»nın təsdiq edilməsi  haqqında” 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.  



 

 

Azərbaycan Respublikasının Prezidenti  

İlham ƏLİYEV  

Bakı şəhəri, 16 yanvar 2004-cü il  

 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə