Azяrbaycan miLLİ elmlяr akademiyasы



Yüklə 0,86 Mb.
səhifə5/7
tarix20.09.2017
ölçüsü0,86 Mb.
#1149
1   2   3   4   5   6   7

2.4. Aşıq rəvayətləri
Aşıq rəvayətləri Azərbaycan aşıq yaradıcılığında mü­hüm yer tutur. R.Rüstəmzadə bu münasibətlə yazmışdır: “Rə­va­­­yətlərin böyük ictimai-siyasi, eləcə də tərbiyəvi əhəmiyyəti var­dır. Çünki bunlarda qəhrəmanlıq, vətənpər­vər­lik, dostluq və s. kimi ideyalar xüsusi yer tutur. Tarixi və elmi əhəmiyyəti isə onunla izah olunur ki, klassik aşıq poezi­yasının, xalq ya­ra­dı­cı­lığının, xalq musiqisinin, ayrı-ayrı gör­kəm­li el sə­nət­kar­la­rı­nın həyat və yaradıcılığının öyrənilmə­sində belə rəvayətlər misilsiz mənbədir” (14, 3-4).

Bu fikrə onu da əlavə etmək olar ki, aşıq rəvayətləri hər bir aşığın qeyri-rəsmi bioqrafiyasının tərkib hissəsi, onun aşıq­lıq fəaliyyətinin bədiiləşmiş epizodları, başına gələn əh­va­latların, düşdüyü çətin və ya komik vəziyyətlərin tarixçəsi ki­mi maraq doğurur. Bunlardan əlavə, aşığın başqa mahallara, şə­hərlərə, kəndlərə səfərləri, gəzdiyi yerlər, keçirdiyi məc­lis­lər, görüşdüyü tarixi şəxsiyyətlər, rastlaşdığı aşıqlar, onlarla de­yişmələri, xalq həyatına dair səhnələr və digər məlumatlar məhz aşıq rəvayətlərində öz əksini tapır.

Aşıq rəvayətləri janr etibarilə dastanlara yaxındır, lakin həcm baxımından daha kiçik, süjet baxımından daha sadədir. Burada dastanlara xas olan bəzi bədii priyomlar, konflikt qur­ma, deyişmə, kulminasiya var, lakin bu rəvayətlərdə, bir qay­da olaraq, baş qəhrəman aşığın özüdür, üstəlik, məzmun baxı­mın­­dan rəvayətlər daha çox məişət xarakterlidir, komik, gül­mə­li, zarafatyana səciyyə daşıyır. Onların arasında sosial, si­yasi məzmunlu rəvayətlər nisbətən az olur. Yeri gəlmişkən qeyd edək ki, başqa aşıqlardan fərqli olaraq, Aşıq Nəsib haq­qın­­da rəvayətlər arasında sosial, siyasi məzmunlu rəvayətlərə də rast gəlmək mümkündür. Bu da aşığın üsyankar xarakteri ilə, yaşayıb-yaratdığı dövr və mühitlə, ermənilərə və sovet hö­ku­mətinə bəslədiyi dərin nifrətlə izah oluna bilər.

Aşıq Nəsiblə bağlı əlimizdə yazıya alınmış 29 aşıq rə­vayəti, 11 rəvayətli ifadə var. Bu rəvayətlərin coğrafiyası çox ge­nişdir. Burada ilk sırada Ağbaba coğrafiyası gəlir. Aşıq Nə­sibin öz doğma kəndi Güllübulaqda, qonşu Hamasa, Balıq­lı, Öysüz, Seldağılan, Qaranamaz, Düzkənd, Təzə İbiş, Təpə­köy, Çivinni və digər kəndlərdə başına gələn maraqlı əhva­lat­lar bu rəvayətlərin əsasını təşkil edir. Çıldır və onun Çan­dra, Suxara, İriş­di, Qucen, Gölə, Ərginə kəndləri, Canbaz yay­lası, Gümrü şə­həri və onun Qızıldaş kəndi, İrəvan, Axıl­kələyin Sağamoy və Qulanış kəndləri və başqa yerlərə səfər­ləri sənətkarın gə­zib-dolaşdığı, məclislər apardığı coğrafi mə­kanın, ərazinin ge­niş­liyini göstərir. Aşıq İskəndər Ağbabalı­nın dediyinə görə, Aşıq Nəsibin yalnız Çıldırla bağlı iyir­mi­dən çox aşıq rəvayəti var­dır. Onu da nəzərə almaq lazımdır ki, gözləri kor olan Aşıq Nəsib hərəkət qabiliyyətinin məh­dud­luğu üzündən daha uzaq yer­lərə gedə bilmirdi. Əks təq­dirdə, o da Aşıq Ələsgər kimi bü­tün Qafqazı qarış-qarış dolaşardı.

Aşıq Nəsiblə əlaqədar rəvayətlər mövzu baxımından xeyli əlvandır. Məsələn, onlardan yeddisi Aşıq Nəsibin müx­tə­lif aşıqlarla qabaqlaşmasına, yəni deyişməsinə həsr olun­muş­dur. Belə məlum olur ki, Aşıq Nəsib müxtəlif vaxtlarda Gö­ləli İbrahimlə, Aşıq Şenliklə, Aşıq Ələsgərlə, Bala Mə­həmməd­lə, Çorlu Məhəmmədlə, Aşıq Veysi ilə, habelə milliyyət­cə erməni olan aşıqlardan Usta Tatosla və Tacir Sö­yün­lə qarşılaşmış və deyişmişdir. “Nəsibin Göləli İbrahimlə gö­rüşü və onun Göləyə getməyi”, “Aşıq Şenliyin Nəsiblə görüşməsi, Nəsibin ona şəyird olması”, “Aşıq Ələs­gərlə Aşıq Nə­sibin qabaqlaşması”, “Çıldırlı Aşıq Veysinin Güllübulaq sə­­fəri”, “Bala Məhəmmədlə Aşıq Nəsibin görüşü”, “Aşıq Nə­si­bin Tacir Söyünnən görüşməsi”, “Aşıq Nəsibin Qulanıs sə­fə­ri” adlanan rəvayətlər həmin görüşlərin məhsuludur. Bun­la­rın hər biri özlüyündə xeyli bitkin, mənalı və maraqlı rə­vayət­lər­dir, üstəlik, aşığın istedadlı sənətkar, müdrik və qeyrətli vətəndaş olduğunu göstərir.

Deyişməli rəvayətlərdən “Nəsibin Göləli İbrahimlə gö­rü­şü və onun Göləyə getməyi” adlanan rəvayət aşığın sənəti və bioqrafiyası baxımdan əlamətdardır, çünki burada gənc Nə­sibin ilk dəfə şəyird olması təsvir edilir.

Dövrün ustad aşıqlarından Göləli İbrahim saz-söz sənəti ilə yanaşı, həm də qalayçılıqla məşğul olmuşdur. Bir gün onun yo­lu Güllübulağa düşmüş, təsadüfən Baharın atası evində qo­naq qalmışdır. Gecə qonşu evdən bir gəncin, yəni Nəsibin şid­dət­li iniltisini, sızıltısını duymuş, səhər olunca ev sahibindən bu­nun səbəbini soruşmuşdur:

Bu nə bəla, bu nə səsdi,

Bu nə işdi, agah elə.

Səni bu səs heç tərpətmir,

Bağrım şişdi, agah elə (13, 161).

Baharın atası aşığı başından eləmək üçün qeyri-müəyyən cavab vermişdir:

Mən nə bilim, bir yetimdi,

Kor baxtına ağlar qalıb.

Gözü yoxdu, yoldaşı yox,

Sinəsində dağlar qalıb (13, 161).

Göləli İbrahim bu işdə bir sirr olduğunu anlamış, ona gö­rə də israrla bu ah-nalənin səbəbini öyrənmək istəmişdir:

Bu səsin yanğısı çoxdu,

O kimdi, arxası yoxdu.

Tərsinə çevrilib baxtı,

Yazı qışdı, agah elə (13, 162).

Təbii ki, Baharın atası həqiqəti açıb söyləməmişdir, çün­ki Nəsiblə Baharın saf eşqinə qarşı çıxan, onları bir-birindən ayıran, sağalmaz dərdə salan elə onun özü idi. Odur ki, Göləli İbrahimə dəqiq bir şey deməmişdir:

Ah çəkməyi edib peşə,

Düşübdü bir olmaz işə.

Dərddən qəlbi şişə-şişə

Özü, bir də ahlar qalıb (13, 162).

Çarəsiz qalan Göləli İbrahim səhər açılan kimi birbaşa Nəsibin yanına gələrək onunla tanış olmuş, dərdini soruşmuş, hər şeyi öyrənmişdir.

Bu aşıq rəvayəti dastan ənənəsinə uyğun şəkildə yara­dıl­­­mışdır. Əvvəla, süjet xəttində şərtilik hiss olunur. Göləli İb­­rahimin Baharın atasıgildə “təsadüfən” qonaq olması və ge­cə qonşu evdən Nəsibin ah-naləsini eşitməsi epizodu qu­ra­ma­dır, rəvayətin davamı üçün zəmin hazırlamaq məqsə­dilə dü­şü­nül­müşdür. Hətta aşığın, həqiqətən, Baharın atası­gildə qonaq qal­dığını qəbul etsək belə, onun qonşu evdən Nəsibin inil­ti­si­ni eşitməsi qeyri-mümkündür. Bunun üçün Nəsib ah çək­mə­məli, var səsilə qışqırmalı idi. Üstəlik, Nəsib­lə Bahargil arada geniş həyətlər olan qazma daxmalarda yaşamışlar. Əslində, əh­valat təxminən bu şəkildə cərəyan etmişdir: Güllübulağa gə­lən Göləli İbrahim burada aşıq olub-olmaması ilə ma­raq­lan­mış, ona Nəsib barədə, onun nakam mə­həbbəti haqqında mə­lumat vermişlər.

Nəsiblə Göləli İbrahimin tanışlığı da dastanvari şəkildə təs­vir olunmuşdur: “Sabahı gün... Göləli İrbaham gəldi Nə­sif­gi­lə. Qav-tavıyı (qab-qacağı − N.Ə.) qəleyliyənnən sonra Nə­si­vi yanına çağırdı, dedi:

– Dərtdi adama oxşuyursan, nə oluf?

– Nəyinə lazımdı, qavını qəleylə. Qəleyçi nə bilir söz nə­di?

Əmə Göləli İrbaham onnan əl çəhmədi” (13, 162).

Burada məsələ daha da dramatikləşir, Nəsib üç bəndlik sərt bir qoşma deyərək “qəleyçini” əməlli-başlı təhqir edir. Bun­dan sonra ikisinin arasında deyişmə olur, axırda Nəsib mö­hürbənddən qarşısındakı adamın məşhur aşıq Göləli İb­ra­him olduğunu başa düşür, onun əlini öpərək üzr istəyir. Göləli İbrahim Nəsibin istedadını görüb təklif edir ki, yaxşı aşıq ki­mi yetişmək üçün onun şəyirdi olsun. Nəsib əmisi Əmir ki­şi­dən icazə alaraq razılıq verir. “Göləli İrbaham Nəsivi götürüf özüy­nən Göləyə apardı. Nəsif bir xeylax orda qalıf şəyirtdih elə­di. Əmə qəza gəldi, Göləli İrbaham bafat elədi. Nəsif oydu ki, yarımçıx qayıtdı geri. Sonralar o, Aşıx Şenniyə irast oldu. Aşıx Şennih onu şəyirtdiyə götürdü. Bunnan sonra Nəsif Aşıx Nə­sif kimi tanındı” (13, 165).

“Aşıq Şenliyin Nəsiblə görüşməsi, Nəsibin ona şəyird ol­ması” adlanan aşıq rəvayəti bu rəvayətin məntiqi davamı ki­mi görünür. Burada Aşıq Nəsibin həyatının və sənətinin növ­bəti səhifəsi açılır. Aşıq İskəndər Ağbabalı tərəfindən söy­lə­nə­rək yazıya alınmış bu rəvayətdən anlaşıldığına görə, onlar Güllübulaqda bir toyda qarşılaşmışlar. Aşıq Şenlik orta yaş­la­rın­da, təcrübəli ustad aşıq, Nəsib isə gənc və təcrübəsiz imiş. Məc­lisdəkilərdən birinin təklifi ilə Şenlik sözü Nəsibə ver­miş­dir. Nəsibin yanıqlı səsi, gözəl saz çalması, bədahətən qoş­duğu dərin məzmunlu, kamil şeirləri Aşıq Şenliyin çox xo­­şuna gəlmişdir. Nəsibin acı taleyi, yetimliyi, nakam mə­həb­bə­ti, ustadı Göləli İbrahimin ölümü, özünün ortada tək qal­ma­sı barədə oxuduğu qoşma həssas qəlbli Aşıq Şenliyi xüsusilə riqqə­tə gətirmişdir. O, Nəsibin istedadını daha dərindən öy­rən­mək üçün onunla deyişməyi təklif etmişdir.

Dərdin nədir, oğul bala,

Eşqin ataşı səndədi.

Aparıblar üzüyünü,

Üzüyün qaşı səndədi (13, 85).

Bu misralarla ustad onun daşa dəyən eşqinə işarə vur­muş­­dur. Nəsib taleyindən şikayət edərək belə cavab vermişdir:

Ürəyim yaralı qalıb,

Allahım verdiyin alıb.

Qönçə gülü əğyar çalıb,

Qisasım alınmır mənim (13, 86).

Bu deyişmədən razı qalan, Nəsibin simasında gələcəyin məş­hur sənətkarını görən, onun parlaq istedadını sezən Aşıq Şenlik Nəsibi özünə şəyird götürmüş və qərarını bu şəkildə bəyan etmişdir:


Şenlik səni çox bəyəndi,

Yerindədir misra-bəndin.

Bir dünya görənsən kəndin,

Sözlərin başı səndədi (13, 86).

Məclisin sonunda isə Aşıq Şenlik gənc Nəsibə təsəlli ver­miş və ustad nəsihətini söyləmişdir:

Dərd eləmə, cavan oğlan,

Hər gələn haqqdan gələr.

Günlər ötər bircə-bircə,

Qaradan-ağdan gələr.

Qovun-qarpız bostandandı,

Meyvələr bağdan gələr.

İsti-xəfə aran yerdən,

Sərinlik dağdan gələr.
Yetimliyin ayıf deyil,

Qəlbin olsun çox geniş.

Ərin yolu yoxuş olar,

Orda çox olmaz eniş.

Yüz kərə qəmə batarsan,

Şad olarsan bir dönüş.

Sözün safı, ən lətifi

Ürəyi sağdan gələr (13, 86-87).

“Aşıx Şennih elə o günnən Nəsivi şəyirtdiyə götürdü. Məc­lis başa çatannan sonra Aşıx Şennih Nəsivi aparıf Çıldıra yola tüşdü” (13, 87).

Bundan sonrakı deyişməli aşıq rəvayətləri Aşıq Nəsibin artıq yetkinləşdiyi, püxtələşdiyi, məşhur olduğu dövrün məh­su­ludur. Həmin dövrdə o, azman sənətkar Aşıq Ələs­gərlə, ta­nın­mış saz-söz ustaları Bala Məhəmmədlə, çıldırlı Aşıq Veysi ilə deyişmiş, Çorlu Məhəmmədlə və Aşıq Sultanəli ilə qar­şı­lıq­lı saz çalıb oxumuş, iki erməni aşığı ilə yarışmışdır.

Bu rəvayətlər arasında “Aşıq Ələsgərlə Aşıq Nəsibin qa­baqlaşması” həm süjet, həm dramatiklik, həm də sənət­kar­lıq baxımından çox maraqlıdır. Rəvayətdən anlaşıldığına gö­rə, Güllübulaqda yaşayan Yusif bəy qardaşı Həsən bəyin qızı­nı öz oğluna nişanlayıbmış. Qardaşlar toy tədarükü görmək üçün İrəvana gedir, orada təsadüfən Aşıq Ələsgəri görürlər. Oğ­lan atası onu toya dəvət etmək istəyəndə qız atası etiraz edir, Aşıq Nəsibin bu dəvətə qısqanclıqla yanaşacağını, narazı qa­lacağını bildirir. Axırda belə qərara gəlirlər ki, qız toyunu Aşıq Nəsib, oğlan toyunu isə Aşıq Ələsgər aparsın. Onlar Aşıq Ələsgərin vədəsini alaraq kəndə qayıdırlar.

O dövrün adətinə görə, toy əvvəlcə üç gecə qız evində, son­ra isə üç gecə oğlan evində çalınırmış. Üçüncü gecə həm toy sahibinin, həm də aşığın Ağbabada “dövran” adlandırılan nəməri yığılırmış. Qız toyu başlanır, Aşıq Nəsib üçüncü gecə çalıb oxuyanda məclisdə heç kəsin olmadığını başa düşür və çolpaya deyir:

“ – A bala, hancarı maa, sağ ol, deyən yoxdu?

Oğlan dedi:

– A kişi, kim var ki? Dört tufara çalıb-oxuyursan.

– A bala, bə camahat nejə oldu?

– Nejə olajax, a kişi? Oğlan evində toy başdanıf. Deyil­lər qəribə bir aşıx gətiriflər. Camahat da iki-bir, üş-bir tökülüf oruya getdi” (13, 111).

Nəsibin tapşırığı ilə çolpa gedib həmin aşığın məşhur Göyçəli Ələsgər olduğunu öyrənir. Aşıq Nəsib birbaşa məc­lisə gəlib ondan icazəsiz kəndə girdiyi üçün Aşıq Ələsgəri acılayır. Sənət etikasına görə, bir kənddə aşıq varsa, başqa aşıq yalnız onun icazəsi ilə kəndə ayaq basarmış. Aşıq Ələs­gər doğru iş tutmadığını görüb Nəsibin könlünü almağa ça­lı­şır, onu dilə tutur, məclisi bərabər yola salmağı təklif edir. Ev sa­hibi də Aşıq Nəsibi qılıqlayır, yalvarır-yaxarır, lakin qəzəb­li aşıq heç cür yumşalmır, “indi mən onu yaz pencəri kimi sıxaram, suyu çıxar” deyir. Aşıq Nəsibin ipə-sapa yatmadı­ğı­nı gö­rən Ələsgər axırda məcbur qalıb onunla deyişir. Aşıqlar bir-birinə “toxamba”, atmaca atır, hətta acı sözlər, sərt ifa­dələr işlədirlər. Məsələn, Aşıq Nəsib ustad Ələsgər haqqında:

Bir aşıq gəlibdi Güllü kəndinə,

Xoşa gəlmir nə avazı, nə səsi (13, 113).

Yaxud:

Nə saz çala bilir, nə də oxuya,



Yun tök qavağına, keçə toxuya.

Qonağ elə pendir, lavaş, yuxuya,

Bəlkə, dola dağarcığı, kisəsi (13, 113). –

deyir. Ələsgər də ona borclu qalmır, daha sərt sözlərlə Nə­sibin cavabını verir:

Fəhmi kora verib, zehni üstəlik,

Xaliqin zəlilə budu müjdəsi (13, 113).

Deyişmənin möhürbəndində Aşıq Nəsib yığılan dövranı, yəni nəməri Aşıq Ələsgərə verməyi təklif edir:

Nəsif hər kim ilə açsa meydanı,

Ona dar eləyər bu gen dünyanı.

Müsafirdi, ona verin döyranı,

Bəlkə, çoxdu nəticəsi, nəvəsi (13, 114).

Bu söz Aşıq Ələsgərin xətrinə yaman dəyir, onu lap təb­dən çıxarır:

Pay yığmaq, ay yazıx, sana yaraşır,

Çünki yoxdu gözlərinin giləsi (13, 115).

Buradan bir nəticə çıxmadıqda aşıqlar hərbə-zorbaya əl atır­lar. Burada o qədər də sərt ifadələr, acı sözlər işlətmirlər. Tə­rəflərdən heç biri qalib gələ bilmədiyi üçün qıfılbəndə ke­çir­lər. Aşıq Nəsibin doqquz pərdəni nəzərdə tutaraq söylədiyi müəmma Ələsgəri təntidir, xeyli düşündürür, hətta “gözlərinə qan sağılır”, nəhayət, onu uğurla açır.

Növbə Ələsgərə çatanda o, Nəsibin əlindəki qəlyan haq­qın­da bir qıfılbənd deyir. Nəsib duruxur, cavab tapa bil­mir və məğlub olur. Olduqca gərgin keçən və səhərə qədər davam edən bu qabaqlaşma Aşıq Ələsgərin qələbəsi ilə başa çatır. Axır­­da Ələsgər və Nəsib “Başı batmış” rədifli bir qoşma söy­lə­yirlər.

“Aşıq Ələsgərlə Aşıq Nəsibin qabaqlaşması” adlı rə­va­yətin süjet xəttində bir-iki məqamda şərtilik hiss olunsa da, o, ümu­mən dinamik və canlıdır, şeirləri də zəif deyil. Lakin təd­qi­qatçı İslam Ələsgərin fikrincə, bu rəvayətin tarixi əsası və heç bir sənət dəyəri yoxdur, “həm fikir, həm də bədii cə­hət­dən çox zəif olan şeirlər də dastan düzəldənin uydurmalarıdır” (34, 137).

Hər şeydən əvvəl qeyd edək ki, İslam Ələsgərin inadla dır­naq içində “dastan” adlandırdığı bu rəvayət bəzi dastan ün­sürləri daşısa da, dastan deyil, rəvayətdir. Göyçənin Ağbulaq kən­dindən olan Aşıq Mahmud Məmmədovun dilindən yazıya alı­nan bu rəvayət vaxtilə Aşıq Hüseyn Saraclının “Şeirlər, söy­ləmələr” kitabında (84, 179-181) yığcam şəkildə, A.Bay­ra­mo­vun tərtib etdiyi “Oğuz elindən-ozan dilindən” adlı ki­tab­da (81, 105-110) isə daha geniş verilmişdir. Hər iki va­riantda göstərilir ki, Ələsgər güllübulaqlı seyidlərlə dost imiş, on­ların qonağı olanda Nəsib də məclisə gəlir və iki azman aşıq deyişir.

İslam Ələsgər rəvayətin adındakı “qabaqlaşma” sözünü də qəbul etmir, həm də açıq-aşkar görünür ki, o, Nəsibi sə­nət­kar kimi Ələsgərə yaraşdırmır: “iki gözdən şikəst olan bu aşı­ğın şeir söyləmək qabiliyyəti də olmuşdur” (34, 136) cümləsi bunu göstərir. Lakin ədalət naminə demək lazımdır ki, tən­qid­çinin bəzi qeyd və iradları doğrudur. Məsələn, rəvayətdə Aşıq Ələsgərə məxsus müstəzad təcnis, həqiqətən, həm tərhif, həm də ixtisar edilmişdir. Aşıqların dilindən verilən bəzi ifa­də­lər, sərt sözlər yerinə düşmür. Ancaq nəzərə almaq lazımdır ki, de­yiş­mə zamanı coşan aşıqlar bəzən belə şeylərə yol verirlər. “Ba­şı batmış” rədifli qoşmaya gəlincə, Ələsgər bunu Nəsibə dost­casına, hətta nəvazişlə demiş, eyni şəkildə də cavabını al­mış­dır. Rəvayətin bu qisminin tam variantı belədir:

“Aşıq Nəsib nə qədər fikirləşdisə, bağlamanı aça bil­mə­di. Məclis əhli Ələsgəri alqışlayıb “əhsən” dedi. Ələsgər bun­dan lovğalanmadı. Üzünü məclisə tutub dedi:

– Sinəmə bir qatar söz gəlib, qoyun onu da deyim.

Aldı Ələsgər:

Məni incitməkdə nəydi məqsədin,

Düşmürmü yadına gor, başı batmış?

Doqquzdan danışdın, xəyalım çaşdı,

Elədin işimi zor, başı batmış.


Mənimlə başladın yamanca cəngə,

Əl atdın silaha, topa, tüfəngə.

Dəryanın dibində gəzən nəhəngə

Heç naşı atarmı tor, başı batmış?


Gəlin gərək qaynatadan yaşına,

Daş götürən gərək baxa daşına.

Laf eləmə, vallah, sənin başına,

Edərəm dünyanı dar, başı batmış.


Ələsgərə verdin çətin sualı,

İnan ki, bir müddət dəyişdi halı.

Söylərəm, qoy bilsin Göyçə mahalı,

Təntitmişdi məni kor başı batmış.

Aşıq Nəsib də, məclislərdəkilər də Ələsgəri bir daha al­qış­ladılar. Nəsib üzünü Ələsgərə tutub dedi:

– Adını eşidib üzünü görməmişdim. Doğrudan da, adına gö­rə varsan. Ancaq mənim də ürəyimi söz deşir. Sözünün qa­ba­ğında deyərdim.

Ələsgər dedi:

– De gəlsin.

Aldı Nəsib:

Dişə salma, sındırarsan dişi sən,

Sazını solaxay çal, başı batmış.

Eşitmişəm, boydan yekə kişisən,

Elə o boyda da qal, başı batmış.
Hərbə-zorba mənə gəlmə, görmürəm,

Sünni kimi dediyimdən dönmürəm.

Aşıqların acığına ölmürəm,

Qarğadın sən mənə, çal başı batmış.


Güllübulaq Şörəyelin elidi,

Bu kənd, vallah, bulaqlarla doludu.

Uzağa bax, Qars, Qağızman yoludu,

Düşün bunu, fikrə dal, başı batmış.


Şikəstə lağ etmək, məncə, ayıbdı,

Ustadın Alı da mən tək mayıfdı.

Nəsib səni ustad aşıq sayıbdı,

Bunu eldən xəbər al, başı batmış.

Nəsibin sözlərindən sonra alqış sədaları göyə ucaldı. Də­də Ələsgər Nəsibi qucaqlayıb “halal olsun, ustadına bərə­kal­lah” dedi. Yenidən məclis quruldu, səhərədək Aşıq Ələs­gər­lə Aşıq Nəsib çalıb oxudular. Seyidlər tayfası da Ələsgərə bir yaxşı yəhərli-yüyənli at bağışladılar, onu hörmət-izzətlə Göy­çəyə yola saldılar, dalınca da su səpdilər” (81, 108-110).

“Başı batmış” rədifli qoşmanın bütün məzmunu, xüsu­si­lə də son bəndi göstərir ki, o, iki aşıq tərəfindən deyişmə za­ma­nı, növbə ilə bənd-bənd oxunmuşdur.

Əslində, bu rəvayət uydurma deyil, onun tarixi əsası var­dır. Bunu Aşıq Nəsibin “Ələsgər” qoşması da sübut edir. Nə­sib pirlər piri Ələsgərə dərin hörmət və ehtiramla yanaş­mış, özünü ona şəyird saymış, Ələsgərlə, həqiqətən, görüşdü­yü­nü, deyişdiyini göstərmişdır. Həmin qoşmada oxuyuruq:

Dədələr dədəsi, dədələr xası,

Aşıqlar içində pirdi Ələsgər.

Nəsib şəyird misal ona qabaqda,

Dünyaya gələndən birdi Ələsgər.
Göyçənin adını yayıb ellərə,

Şirin söz-söhbəti düşüb dillərə.

Çox təriflər deyib incəbellərə,

Sözdə çox təzədi, tərdi Ələsgər.

Nəsib, fürsət düşdü, üz-üzə gəldim,

Belə bir ustadla göz-gözə gəldim.

Hərbə-zorba oldu, söz-sözə gəldim,

Gördüm açılmamış sirdi Ələsgər (13, 30).

Güllübulaqlı Mansur babanın məlumatında bu hadisə bü­tün təfərrüatı ilə öz əksini tapır. Onun dediyinə görə, Ələs­gər­lə Nəsib güllübulaqlı Hacı Mamoy ağanın oğlunun to­yun­da qarşılaşmışlar. Hansı səbəbdənsə toya çağrılmayan Nəsib bun­dan hədsiz dərəcədə incimiş, özü qalxıb toya gəlmiş və məc­lisin aşağı tərəfində oturmuşdur. Aşığın dəy­mə-dü­şər­li­yini, ərköyünlüyünü bilən Mamoy ağa onu görən kimi möh­kəm təlaşlanmış, “A Nəsib, keçib başda əyləşsənə” deyə ona minnət etmişdir. Xasiyyətcə çox tündməcaz olan Nəsib daha da qəzəblənmiş, “Məni toya çağırmadığın bəs deyil, indi də mə­nə “a Nəsib” deyirsən? Yaxşı, mən aşıq olduğumu indi sənə göstərərəm” − demişdir (75).

Bu epizod Aşıq Nəsibin “Deyir” qoşmasında təsvir edil­miş­dir. Aşıq Nəsib bu əsərində toy sahibindən nəyə görə inci­diyini göstərmişdir:

Bir kəndin aşığı yaddan çıxıbdı,

Hacı da utanmır, “a Nəsib” deyir.

Üstünü-başını toz-torpaq tutub,

Sözünü ağlına münasib deyir.


Yerim bəlli oldu: ağaq tərəfdi,

Aşığa xor baxmaq yoxsa şərəfdi?

Dillərə salacam, işlər xarafdı,

Dədəyə hər yetən binəsib deyir.


Toyda könülləri şad edər qanan,

Səbəbsiz olarmı alışan-yanan.

Bilən yaxşı bilir, pis olur sınan,

Kimi “Aşıq Nəsib tələsib” deyir (13, 32).

İbişli Mahmud babadan topladığımız məlumata görə, iki sə­nət­karın qarşı-qarşıya gəlməsində göyçəli Həllac Mə­həm­mə­din rolu olmuşdur. O, Güllübulağa Nəsibgilə gəlmiş və onu bu deyişməyə təhrik etmişdir (74). Qeyd etmək lazımdır ki, Həllac Məhəmməd Aşıq Nəsibin “Gətirdi” qoşmasında üs­tü­örtülü şəkildə, ad çəkilmədən xatırlanmışdır. Bu qoşmada Nə­sib “dədə aşıq” adlandırdığı Ələsgərə qarşı sərt rəftarından peş­man olduğunu göstərmiş, ustaddan bir növ üzr istəmiş, ey­ni zamanda “bir saz çalan” kimi sayılmadığı üçün Ələsgərdən, unudulduğu üçün toy sahibindən incidiyini də gizlətməmiş, açıq şəkildə dilə gətirmişdir:

Allah lənət etsin müxənnəs kəsə,

Hirsimi coşdurdu bura gətirdi.

Yada düşməməyim, unudulmağım,

Məni cinləndirib zara gətirdi.
Sən bir dədə aşıq, mən bir saz çalan,

Haqqa qul bəndəyəm, söyləməm yalan.

Saldı sayılmamaq könlümə talan,

Yaramın üstünə yara gətirdi.


Nəsibəm, bağışla, varsa günahım,

Hörmətim olsa da, yoxdu pənahım.

Deyib-söyləməkdə çox naləm-ahım,

Fələk taleyimi qara gətirdi (13, 32).

Birbaşa Ələsgərə ünvanlanan bu iki qoşma “Aşıq Ələs­gər­lə Aşıq Nəsibin qabaqlaşması” adlı rəvayətin mətnində ol­ma­sa da, əslində, deyişmə zamanı söylənmişdir. Çünki qoş­ma­­lar deyişmə kontekstindən kənarda bir məna ifa­də etmir. Bu da onu göstərir ki, həmin qabaqlaşma, həqiqətən də, ol­muş­dur.

Belə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır: hə­yatda gerçək ustadları olan Göləli İbrahimdən və Şenlikdən sonra Ələsgər yeganə aşıqdır ki, Nəsib onu özünə ustad, özü­nü isə ona şəyird elan etmişdir. Bu, Nəsibin dədə Ələsgərə sonsuz ehtiramını göstərən bir fakt kimi diqqətəlayiqdir.

“Çıldırlı Aşıq Veysinin Güllübulaq səfəri” də aşıqlıq sə­nətinin yazılmamış qaydalarına, etikasına həsr olunmuşdur. Rəvayətdə Nəsibin müasiri olan bu aşığın qısqanclığı üzün­dən başına gələn bir əhvalat nəql edilir. Çıldırda keçirilən bir məclisdə hamının Nəsibi təriflədiyini görən Aşıq Veysi öz həm­­yerlilərindən möhkəm inciyir, “əyə, özün Çıldırdan ola­san, səni bəyənmiyələr, aşıx yerinə qoymuyalar. Onda niyə ya­şıyırsan ki?”(13, 130) − deyir və özünün Nəsibdən üstün ol­du­ğunu sübut etmək üçün atına minib birbaşa Güllübulağa gə­lir. Soraqlaşıb Nəsibin evini tapır və onlara düşür. Bu za­man Nə­sib təsadüfən evdə olmur. Bir azdan ona xəbər verir­lər ki, si­zə bu nişanda bir adam gəlib. Məsələnin nə yerdə olduğunu ba­şa düşən Nəsib deyir: “Bu, Aşıx Veysidi. İndi o mənim qo­na­ğım sayılır. Pis aşıx dəyil, əmbə çox döşünə dö­yür. Deyir ki, burda mənəm, Bağdatda kor xəlifə… Bizim əvə qonax gəlif ki, çətinə tüşsə, onu bağışdıyım. Məni yaxşı tanıyır” (13, 131).

Axşam məclis qurulur və iki aşıq deyişir. Qonaq olduğu üçün Nəsib birinci sözü ona verir. Aşıq Veysi ona xas olan tə­kəbbür, ədabazlıq və qəzəblə “Gəldim” rədifli bir gəraylı oxu­yur, durmadan özünü öyür, hətta “aslan” adlandırır:

Aşıx Veysi bir asdandı,

Həqiqətdi əhdi-andı.

Bu, nə şöhrət, bu, nə şandı,

Belini qırmağa gəldim (13, 132).

Aşıq Nəsib səbrlə və təmkinlə ona layiqli cavab verir:

Nəsib deyir, utan bir az,

Aşıx olan belə olmaz.

Meydan heç vaxt sənə qalmaz,

Məclisə, ya vaya gəldin? (13, 133)

Deyişmənin ikinci hissəsində Aşıq Veysi “hersi hələ yat­­­madığı üçün” yenə sərt ifadələr işlədir:


Qızılquşam, sən yapalax,

Üzünə vurram şapalax.

Qorxunnan partdıyar dalax,

Dizin yerə vur meydanda (13, 133).

Aşıq Nəsib sırf qonağa hörmət əlaməti olaraq Aşıq Vey­si­­yə hələ də güzəşt edir, kefinə dəymir, ancaq onun dilindən “Gəl usda de, öp əlimnən, ay Nəsif“ sözünü eşidəndə qeyzə gə­lir, hədsiz dərəcədə qəzəblənir və bu nadana yerini gös­tər­məyə məcbur olur:

Sıpa kimi haray salma, duraram,

Palanını düz belinə vuraram.

Səni minib uzun yolda yoraram,

Nəsif deyər kuşa dönüf uçarsan (13, 135).

“Söz tamama yetdi, hamı Aşıx Veysiyə baxıf gülməyə baş­dadı. Aşıx Veysi yanıf-yaxılsa da, heş nə deyə bilmədi. Dinməzcə sazı Aşıx Nəsivin qavağına qoydu. Əmbə indi də Aşıx Nəsif hersdənmişdi, nədi, coşmuşdu. Aşıx Veysi nə qə­dər yalvardı, əmbə Aşıx Nəsif onu bağışdamadı:

– Bəyax dedihlərini nə tez unutdun. İndi qulax as, bor­cunu qaytarım” (13, 135).

Bundan sonra Aşıq Nəsib çox sərt bir şəkildə Aşıq Vey­si­nin “dərsini verir”:

Mözələh tutufdu səni,

Çöllərdə gəzif gəlifsən.

Ormannarda, biyabanda,

Dağlarda gəzif gəlifsən.

Yalannarı, fitnələri

İp-sapa düzüf gəlifsən.

Dəvə kimi boynun əyri,

Dodağın büzüf gəlifsən.


Səni qoşam harabıya,

Qağızmannan duz gətirəm.

Sürəm birbaş Gürcüstana,

Borçalıdan qoz gətirəm.

Sürəm tozlu yollarınan,

Üst-başında toz gətirəm.

Adamlıxdan lap çıxıfsan,

Əlini üzüf gəlifsən (13, 136).

Bu rəvayətin sonu da çox maraqlıdır. Aşıq Veysinin çı­xıl­maz vəziyyətdə olduğunu görən ağsaqqallardan birinin ona ya­zığı gəlir, gərginliyi azaltmaq üçün Nəsibə deyir:

“ – Aşıx Veysi əlinnən öpsun, sən də onu bağışda, axı in­­di bu aşıx sənin qonağındı.

O sahat Aşıx Veysi irəli gəldi, Aşıx Nəsivin əlinnən öp­dü, Aşıx Nəsif onu bağışdadı.

– Səni bağışdıyıram, götür sazını, əmbə ağzına gələni da­nışma. İnnən belə Aşıx Nəsivin necə aşıx olduğunu bildin. Gə­rəh el içində hörməti aşığın özü qazana, adam öz-özünə “mə­nəm” deməhlə hörmət qazanmaz” (13, 137).

Səhər Aşıq Nəsib qonaqpərvər ev sahibi kimi Aşıq Vey­si­nin atını şəxsən özü irəli çəkir, üzəngisini tutub ata mindirir, gecə məclisdə yığılan bir kisə pulun hamısını ona verib hör­mətlə yola salır. Bu rəvayət gənc aşıqlar üçün ibrətamiz bir eti­ka nümunəsi olmaqla qalmır, çox ağır, tündməcaz xasiyyəti olan Aşıq Nəsibin yeri gələndə nə qədər humanist, nə qədər yumşaq qəlbli olduğunu göstərir.

“Bala Məhəmmədlə Aşıq Nəsibin görüşü” adlı rəvayət­də qocalmış sənətkarla gənc Nəsibin rastlaşması epizodu iş­lən­­­mişdir. Rəvayətdə nəql edilir ki, yaşı altmışı keçən Bala Məhəmməd yazda Canbaz yaylasına gəlir. Təbiətin ən gözəl ça­ğında o, yaşlandığını başa düşür və bu barədə bir qoşma de­yir. Təsadüfən oradan keçən Aşıq Nəsib bu qoşmanı dinlə­yir. On­lar görüşürlər, birlikdə yemək yeyirlər, lakin Bala Mə­həm­məd Nəsibi tanımır. Nəsib ondan icazə alaraq “Kö­nül” rə­­difli qoş­masını oxuyur, Bahara olan eşqini, nakam mə­hə­b­bə­tini di­lə gətirir, taledən, güzərandan şikayətini bildirir. Nə­si­bi tanı­yan Bala Məhəmməd ona təsəlli verir. İkisi qar­şılıqlı ola­raq çalıb oxuyurlar. Nəsibin oxuduğu gəraylıdakı bütün bəndlər, xüsusilə də sonuncu bənd dinləyicini çox mütəəssir edir:

Nəsib sazı çalar qəmdə,

Ürəyim dərddə-vərəmdə.

Oxuyuram zildə, bəmdə,

Məni dərddən alan olmaz (13, 130).

Bala Məhəmməd isə oxuduğu gəraylıda Nəsibə öyüd-nə­sihət verir, onu həyata, sənətə bağlanmağa çağırır:

Mana baxma, qocalmışam,

Sən cavansan hələ, Nəsib.

Fəğan edib qəddin bükmə,

Al özünü ələ, Nəsib…
Bala Məhəmmədəm, eşit,

Dərdim-qəmim çeşid, çeşid.

Dərdə sən olnan irəşid,

Gətir sazı dilə, Nəsib (13, 129-130).

Rəvayətlərin bir neçəsi Aşıq Nəsibin bədnam ermə­ni­lər­lə münasibətlərindən bəhs edir. “Aşıq Nəsibin Tacir Söyün­nən görüşməsi” və “Aşıq Nəsibin Qulanıs səfəri” adlı rə­va­yət­lər­də sənətkarın türkcə söz qoşan erməni aşıqları ilə qar­şı­laş­ma­sından söz açılır. Çarizm dövründə daşnaklardan, sovet döv­ründə isə bolşevik libasına bürünmüş erməni millət­çilə­rin­dən çox zülm görən Aşıq Nəsib fəndgir və hiylə­gər erməniləri yaxşı tanıyırdı. Bu iki rəvayətdə biz yüksək milli şüura sahib olan aşığın vətənpərvərliyini, prinsipiallığını və təəssübkeş­li­yini görürük.

Birinci rəvayətdə göstərilir ki, Aşıq Nəsib bir gün Axıl­kə­ləyə gedir və Alı bəyin evində qonaq olur. Məclisdə Təb­riz­dən gələn, bahalı paltar geyinmiş bir kişi də iştirak edirmiş. Onun yalanlarından şübhələnən aşıq çolpanın vasitəsilə bu ada­­­­mın burnunun əyri, ənsəsinin yastı olduğunu öyrənir və onun erməni olmasından şübhələnir. Türkcə mü­kəm­məl bilən bu şəxs özünü tacir və “söz ustası” Aşıq Söyün kimi təqdim edir. Aşıq Nəsib isə adının usta Qorağan olduğunu söyləyir, iki­­­­sinin arasında deyişmə başlayır.

Erməni aşığı təkəbbürlə özünün var-dövlətindən və fitnə-fəndindən söz açır, sonra isə öz nüfuzundan, hər yanda at oy­nat­­masından bəhs edərək deyir:

Təbriz, Tiflis, Hələb, Dərbənd, həmi Muşdan yolum var,

Hər tərəfə atım oynar, arxam, uzun qolum var.

Hara getsəm, dağlarım var, həmi dəştim, çölüm var,

İşim pünhan, kefim yaxşı, bir sinəsi qaram mən (13, 89).

Aşıq Nəsib bu sözlərdən onun erməni olduğuna tam ina­nır və onu anadan doğulduğuna peşman edir:

Gədə oğlu, lütün biri, tüklənifsən, yağlısan,

Türk önündə durammazsan, gəl itirmə ağlı sən.

İt-qurduna yeri söylə uydurduğun nağlı sən,

Düzgün işə müxənnət tək pəl vurmağa de, nə var? (13, 89)

Aşıq Nəsib möhürbənddə öz əsl adını işlədəndə erməni qu­ruyub qalır, çünki bugünədək üzünü görməsə də, onun necə sənətkar olduğunu eşidibmiş. Hirslənən Aşıq Nəsib erməninin ünvanına kəskin bir həcv deyir, Aşıq Söyün ona cavab verə bilmir, Nəsib həcvi belə başa vurur:

Hər nə desəm, sana azdı, adamlıxdan uzaxsan,

Məqam olsa, qan içərsən, müsəlmana duzaxsan.

Tək olanda yalmanırsan, deyillər ki, yazıxsan,

Ürəyini doldurmazsan saflığ ilə, yeylə sən.

Tülkü-çaqqal balası,

Sarı urus tulası,

Köpəhlərin alası,

Qırx qazana çalası.

Aşıx Nəsif

Əhdin kəsif.

Ay binəsif,

Hürü, durma,

Dabanqırma,

İt-pişiyin yığ başına, gördüyünü söylə sən (13, 91-92).

Aşıq Söyün axırda dinməz-söyləməz sazını Nəsibin qa­ba­­ğına qoyur və məclisi tərk edir. Məclisdəkilər bu işə mat qa­­lır­lar.

“Alı bəy işi belə görüf dedi:

– Aşıx Nəsif, sən hardan bildin bu tacir ermənidi?

– Oturuşunnan, duruşunnan, mən-mən deməyinnən… Alı bəy, yadında saxla, erməni heş vaxıt türknən başarmıyıf, bu­nun­­ku hiylədi, tülkülühdü. Kişilih, mərtdih türkün alnına ya­zı­lıf. Bunu yadınnan çıxartma.

Məclisdəkilər Aşıx Nəsivə yaxşı döyran pulu yığıf ver­di­lər. Əmə bu əhvalat da elə o vaxıtdan dillərə tüşdü” (13, 92).

“Aşıq Nəsibin Qulanıs səfəri” isə Axılkələyin Qulanıs kən­­dində vaqe olur. Bu kəndə toya çağrılan Aşıq Nəsib bu­ra­da er­məni aşığı Usta Tatosla deyişir. Bu, aşıq Vahan adlı qo­lu­zorlu bir erməninin təhriki ilə məclisə girib Aşıq Nəsibi təh­qir edir, “kor” adlandırır, türklərin, müsəlmanların ünvanı­na həd­yan deyir:

Əzəl günnən türkdü düşman bizdərə,

Saldı “hay”ı dərələrə, düzdərə.

Dağ çəkəcəm, od vuracam sizdərə,

Görəcəhsən, hələ belə vay hanı? (13, 122)

Aşıq Nəsib eynən Aşıq Söyün kimi Usta Tatosun da dər­­sini verir, onu damdançıxmaya, yəni cöngəyə bənzədir, er­mə­nilərin soysuz olduğunu bildirir:

Nəsif deyər, korruğuma baxma sən,

“Mən-mən” deyif çox özünnən çıxma sən.

Olsa-olsa, bəlkə, damnançıxmasan,

Sizdə axı ədəb-ərkan, soy hanı? (13, 123)

Deyişmənin ikinci və üçüncü hissəsində Usta Tatos “mu­­surman”, “bizimdi”, Aşıq Nəsib isə “erməni” və “sizindi” rə­difli qoşmalarla yarışırlar. Ən axırda Aşıq Nəsib onu bağ­layır və sazını əlindən alır. Usta Tatos diz çöküb yalvarsa da, Va­han, o biri ermənilər çox minnət etsələr də, pul, var-dövlət bo­yun olsalar da, bir sürü erməninin əhatəsində tək olan Nə­sib onlardan qorxub-çəkinmir, dediyindən dönmür, Ta­to­sun sazını gətirib Öysüz kəndində yaşayan Məhəmməd adlı aşı­ğa peşkəş edir (13, 126).

Bu qəbildən olan üçüncü rəvayət isə “Aşıq Nəsivin Zoru bəy­­nən qarşılaşıf Güllübulağı tərk eləməsi” adlanır. Tür­ki­yə­də qan tökən, əllərinə keçən müsəlmanları qıran er­mə­nilər Şö­rə­yeldə və Ağbabada da eyni əməllərini davam et­dirirlər. Zo­ru adlı bir quldurun başçılığı altında ətrafdakı kənd­lərə, o cüm­­lədən Güllübulağa soxulan bir qrup silahlı quldur camaatı qırır, var-yoxunu talayır. Kəndin ortasında Aşıq Nəsiblə çol­panı da yaxalayırlar, onları öldürmək istə­yəndə quldurbaşı özü gəlib çıxır, Nəsibi tanıyır və ona deyir ki, gəl sən məni tə­riflə, mən də səni buradan sağ-salamat buraxım, çıx get. Qor­xu­­­sundan ayaq üstdə quruyan çolpadan fərqli olaraq, Aşıq Nə­sibin heç tükü də tərpənmir. Sakitcə sazını köynəkdən çı­xa­rıb bağrına basır və “tərifə” başlayır:

Qaxdağan ajdarı tökülüf gəlif,

İndi bəy olubsan, ədə, Zoru bəy?

Böyründə mauzer, çiynində tüfəh,

Yaman yekəlifsən, gədə, Zoru bəy.


Özünü görsətmə arvad-uşağa,

Darıxma, işdərin zay olar, dığa.

Soxuluf talana baxçıya-bağa,

Ona-buna gəlmə hədə, Zoru bəy! (13, 67)

Ermənilər bu “tərif”dən narazı qalıb aşığı öldürmək is-tə­­yəndə Zoru onları dayandırır, üzünü Nəsibə tutaraq layiqli söz deməyi tələb edir:

“ – Əməlli söz de maa, a kişi!

– A gavur, musurmanın çörəyini yemiyifsənmi, nə tez keş­­mişini unutdun?

– A kişi, sən görürsən indi mən burda ixtiyar sahabı­yam, başda dururam. Maa layıx söz de!” (13, 68)

Aşıq Nəsib bu dəfə üç bəndlik bir qoşma deyərək Zoru bə­yi ifşa edir:

Tutar gözlərini yediyin çörək,

Tüşüf əyaxlara zəlil olarsan.

Başın daşa dəyər, huşun huş olmaz,

El-oba içində xəcil olarsan.
Çörəyin dizinin üstündə oluf,

Tökülən qannardan çoxu boğuluf.

Dünya hay felinnən cana yığılıf,

Sərsəri gəzərsən, məlul olarsan.


Dünənki günnərin çıxdı yadınnan?

Haqqın aşığıyam Nəsif adında.

Tanrı qəzəbiynən fələk badında

Çör-çöpə dönərsən, zibil olarsan (13, 68).

Nəsibin qorxmazlığı, mərdliyi Zoru bəyin xoşuna gəl­di­yi üçün onu və çolpanı buraxır. Ermənilərin əlindən xi­las olub kənd­dən xeyli uzaqlaşandan sonra Aşıq Nəsib zəma­nə­dən, döv­randan şikayətlə dolu üç qoşma oxuyur. “Eylər” rə­dif­­li qoş­­mada dünənə qədər türkün qapısında nökər olan er­mə­ninin bu gün özünü xəlvət dərədə bəy hesab elədiyini, mü­səl­man­lara divan tutduğunu göstərir:

Haqqı görən yoxmu ara-bərədə,

Silahlı bulunmaz bizim yörədə.

Erməni bəy oluf xəlbət dərədə,

Arxalı itdi ki, bizə güc eylər (13, 69).

“Ay Allah” rədifli qoşmada üzünü Yaradana tutaraq on­dan nicat diləyir:

Erməniyi mindirifsən ata, bax,

Atı minif salmır səni yada, bax.

Əsirgərsən niyə onnan qada, bax,

Hayandasan, Allah, Allah, ay Allah?


İnsaf elə, türk elinə solux ver,

İstədiyim sakitlikdi, xalıx, ver.

Varsız elə, girsiz cana sağlıx ver,

Hayandasan, Allah, Allah, ay Allah? (13, 70)

Aşıq Nəsib burada oxuduğu üçüncü qoşmada zalım fə­lə­yə qarşı üsyan edir, bəxtinə düşən qaçqınlıq həyatının çətin­lik­lə­rindən yana-yana söz açır, eli-obanı qana çalxayan ermə­ni­lərə və onlara arxa çıxan fələyə öz nifrətini bildirir:

İnsaf et, mürvət et, başa düş məni,

Türkə ağa qoydun yağı düşməni.

Urus, erməniyə əydirdin məni,

Mənim tək gözlərin kor olsun, fələk (13, 71).

Aşıq çolpa ilə birlikdə doğma Güllübulağı tərk edərək adlı-sanlı qəhrəman Qara bəyin nəzarətində olan Dələver kən­di­nə yola düşür (13, 71).

Qeyd etmək lazımdır ki, Aşıq Nəsib cəsarətdə öz ustadı Aşıq Şenliyə oxşayır. Şenlik də eynən onun kimi ermənilərə baş əyməmiş, onlara olan nifrətini açıq-aşkar şəkildə bil­dir­miş­­­dir. Şenliyin həyatından bir epizoda nəzər salaq.

Bir dəfə Çıldırın hərbi komendantı, Qarabağ ermənilə­rin­­dən olan Anton bir dəstə atlı kazakla Köğas kəndinə gedə­rək İsmayıl ağanın evindəki dərnəyə daxil olur. Mahalın bü­tün adlı-sanlı adamları orada imiş. Şenlik sazını köksünə ba­saraq xalqının könül duyğularını tərənnüm edirmiş. Məclisin ba­şında əyləşən Anton Qarabağ ləhcəsi ilə Şenliyə müraciət edir: “Aşıq, rus padşahı sizin Osmanlını məğlub elə­di, bu qə­dər əsgərini qırdı, bu qədər də yerini aldı. İndi sizə yol, körpü, şə­hər saldırır, sizdən nə vergi, nə də əsgər alır. Dü­zünü de gö­rüm, bu dövlətlərin hansı daha qoçaqdır, hansını daha çox is­tə­yirsən? Bunu bizə sazla de”.

Anton sözünü bitirər-bitirməz Şenlik sazını əlinə alır. Sa­­vaş və əsarət yorğunu olan camaat böyük bir həyəcanla nə­ti­cəni gözləyir. Şenliyin taleyi üçün qorxuya düşən qonaqların bə­ziləri göz-qaşla, him-cimlə ondan yumşaq cavab verməyi xa­hiş edirlər. Ancaq Şenlik bunların heç birinə əhəmiyyət ver­mir və bu misraları hərbi komendant Antonun üzünə güllə ki­mi yağdırır:

Xulüsi-qəlbimdən bilsən fikrimi,

Mən Allahdan Əlosmanı istərəm.

Mərhəmət sahibi, irəhmi qəni,

Nəsli mürsəl hökmü-xanı istərəm.
Osmanlı əsgəri şahlar sərvəri,

Qafdan-Qafa, zəri-zəmindən bəri,

Dilində salavat, zikri, əzbəri,

Hökm etməyə bircə onu istərəm.


…Qəmgindir bu səfil Şenliyin şadı,

Heç çıxamaz fikrimdən Əlosman adı,

Gedibdir dünyanın ləzzəti-dadı,

Məhşər günü bir məkanı istərəm (109, 49-57).

Aşıq Şenlik sazı-sözü ilə xalqı daim mübarizəyə səslə­miş, milli ruhu oyaq tutmağa çalışmışdır. Çılıdır-Ağbaba böl­gə­sinə ən çox Diyarbəkir, Van, Muş vilayətlərindən doluşan er­­mənilərin qurduqları “Canfəda” təşkilatı yerli camaata ağı­la­­­gəlməz zülmlər edirdi. Rusların təşviq etdiyi bu terror təş­ki­la­­­tına qarşı türk fədailəri də canlarını və mallarını qoru­maq üçün “Canbizar” adlı gizli bir təşkilat qurmuşdular. Bu təş­ki­latı fəal şəkildə dəstəkləyənlərdən biri də Aşıq Şenlik idi. O, mər­­kəzi Gümrüdə olan “Canfəda” təşkilatının lideri Vağar­şa­ğa mənzum bir təhdid məktubu göndərmişdi:

Millət komutanı Vağarşak ağa,

Səbr eylə, başına gör nələr gəlir.

Yığıbsan başına bir bölük dığa,

Demə ki, onlardan bir hünər gəlir.
Uyma “Canfəda”ya, o qaxdağana,

Bir gün şəhərini verər talana.

Nə Bakıya bənzər, nə də Şirvana,

Hazır ol, üstünə yüz min ər gəlir.


Bakıda oturan bir yücə insan,

Dəstigir eyləsin ol qəni sübhan?

Tağızadə Zeynal, bir xan oğlu xan,

Yanında qulları müxtəsər gəlir.


Əlosman dövləti, padişahımız,

Əvvəl Allah, sonra o, pənahımız,

Çəkdirər qılıncı, açar rahımız,

Əmr edər əsgərə, coş verir, gəlir (105, 125).

Göründüyü kimi, Aşıq Nəsibin qaniçən ermənilərə qarşı mü­­nasibəti, onlar haqqında yazdığı şeirlər ustadı Aşıq Şen­li­yin şeirləri ilə tam səsləşir. Bu da iki sənətkar arasındakı mə­nə­vi yaxınlığı bir daha təsdiq edir.

Nəsiblə bağlı bəzi aşıq rəvayətləri açıq şəkildə siyasi xa­rakter daşıyır. Məsələn, “Haqverdi Qarammədoğlunun əh­va­la­­tı”, “Aşıq Nəsibin Təzə İbiş səfəri” və “Aşıq Nəsibin İrə­van sə­­fəri” onun sosializm quruluşuna, sovet hökumətinə mü­na­si­bə­­tini əks etdirir.

Birinci rəvayətdə bütün varı-yoxu əlindən alınaraq kol­xo­­­za verilən Haqverdi Qarammədoğlunun, ikinci rəva­yətdə isə Ağbabanın ən varlı və hörmətli adamlarından biri olan və ey­­ni aqibətə uğrayan Həmzə ağanın başına gələnlər təsvir edi­lir. Rəvayətlərdən görünür ki, Aşıq Nəsib onların ikisi ilə də yaxın dostdur. Haqverdi Qarammədoğ­lunun qeyri-adi bir atı var­mış, sovet hökuməti axırda bu atı da zorla ondan alır. Xə­bər gedib Aşıq Nəsibə də çatır.

“Nəsif bunu eşidəndə əlini dizinə vuruf dedi:

– Dağılasan, a belə dünya! Əyə, bu bij höküməti elə gə­rəh mənim dosdarıma toy tuta? A bu sovetin heş gəlişi olmu­yay­­dı!” (13, 93)

Aşıq Nəsib Güllübulaqdan qalxıb Hamasaya, Haqverdi Qa­­rammədoğ­lunun evinə gəlir. Görür ki, dostu çox pə­ri­şan­dır. Sa­zı köynəkdən çıxarıb “Gəzir” rədifli qoşmasını oxuyur və ona ürək-dirək verir:

Nəsif yaxşı bilir sənin dərdini,

Qəza tapdı bu ellərin mərdini.

Bilən hanı kişiliyin qədrini,

Dodaxlarda ahlar, amannar gəzir (13, 93).

Burada iki dost qarşılıqlı deyişir və “bu gədə hökumə­ti­nin” siyasətini tənqid atəşinə tuturlar. Bu hadisədən bir neçə gün sonra Haqverdi Qarammədoğlunun nökəri Güllübulağa gə­lərək Aşıq Nəsibə bir kağız verir.

“Aşıx Nəsif dedi:

– A bala, bu nədi?

– Haxverdi Qarammədoğlu verdi, dedi bunu Aşıx Nə­si­və ver.

– Özü niyə gəlmədi?

– Sibirə sürdülər…

Nökər hönkürüf ağladı” (13, 96).

Dostunun naməsini oxuyan Aşıq Nəsib çox bikef olur və sa­zını döşünə basıb sovet hökumətini kəskin tənqid edən bir qoşma söyləyir.

İkinci rəvayətdə isə sovet hökumətinin Həmzə ağanı in­cit­məsindən söz açılır. Məlum olur ki, ağanın saysız-hesabsız qoyun-quzusu, mal-qarası ilə iki kolxoz quran sovet hökuməti axırda gəlib onun qapısındakı itləri də sürü ilə kolxoza aparıb. Həm­­zə ağanın başına gələn bu hadisədən xəbər tutan Aşıq Nə­­sib dərhal Təzə İbiş kəndinə gəlir və dostu ilə görüşür, “Ye­­ri” rədifli qoşması ilə ona buralardan getməyi, Türkiyəyə köç­­məyi məsləhət görür:

Mərhəmət sahabı, imannı kişi,

O doğma ellərə – Türkə var, yeri.

Daha bu yerrərdə nizam pozuluf,

Bəyə-xana oluf meydan dar, yeri.

Yoxsullar atası yoxsula döndü,

Gur yanan çıraxlar söndü, nə söndü.

Şura bir bəladı, göylərdən endi,

Dağıldı həm dövlət, həmi var, yeri.
Gedəndə o Qarsa bir salam eylə,

Nəsivin halını Çıldıra söylə.

Canbaza güzar et, gül-çiçək iylə,

Tutmamış yolları boran-qar, yeri (13, 167).

“Aşıq Nəsibin İrəvan səfəri” adlanan rəvayətə gəlincə, bu, sırf siyasi bir rəvayətdir. Onun nə üçün yarandığı rəva­yə­tin lap əvvəlində izah edilir: “Sovet hökuməti qurulan­nan bəri elə bil Aşıx Nəsivin beli qırılmışdı. Çünki kətdə-kəsəhdə ba­şı­­papaxlı qalmamışdı, birbəbir dənnəmiş­dilər. Ermənilər qu­­du­ruf at oynadır, urusdara arxalanırdılar, əmə Aşıx Nəsivə heç kəs toxuna bilmirdi, çünki o, haqq aşığıydı... Əmə bir pa­ra adamlar gəlif Aşıx Nəsivə dedilər: “Ay aşıx, sən gəl bu so­vet hökumətini təriflə, söz de, saa yaxşı bax­sınlar. İsdiyirsən, gəl bir İrəvana da get. Orda saa yaxşı baxal­lar.

Bu deyilənnər Aşıx Nəsivin axlına batmadı, əmə öz-özünə dedi: “Dünya ölüm-itim dünyasıdı. Bir dəfə də İrəvana in­di getsəm, nə olar. Gedim görüm kim ölüf, kim qalıf?” Be­ləcə, Aşıx Nəsif yola tədarüh gördü, çolpasını da razı saldı. Bir gün yay vaxtı yola başladılar” (13, 100).

“Bir dəfə də İrəvana indi getsəm, nə olar” ifadəsi onu gös­­tərir ki, bu, Nəsibin İrəvana növbəti səfəridir. Lakin onun İrəvana sovet dövründə getməsi bir qədər şübhəlidir. Çünki Ağbabadan İrəvana qədər olan 230 kilometrlik dağlıq yolu aşığın Alaşa ilə, çolpanın isə piyada getməsi qeyri-müm­kün­dür. Ona görə ki, vaxtilə başdan-başa oğuz eli olan bu ərazidə yer­­ləşən türk kəndləri XX əsrin ilk onilliklərində daşnaklar tə­rə­findən dağıdılmış, əhali isə ya qırılmış, ya da bu yerlərdən köç­­müşdü. Bu səbəbdən Nəsibin İrəvana qədər yol boyu kənd-kənd gəzərək, dincələ-dincələ, məclis keçirə-keçirə get­mə­­sinə şərait və imkan yox idi. Bunun üçün Nəsib erməni kənd­­­lərində çıxış etməli idi ki, bu da ağlabatan deyil. Üstəlik, so­vet hökuməti Nəsibə hər yanda antisovet təbliğatı apar­ma­sına, onu ifşa edən şeirlər söyləməsinə əsla icazə ver­məzdi.

Səfərin səbəbi “əsaslandırıldıqdan” sonra rəvayətin özü baş­­lanır. Burada ciddi bir süjet xətti yoxdur. Aşıq təsadüfən yanında 4-5 yaşında uşağı olan bir qadınla rastlaşır. Məlum olur ki, o, məşhur bir bəyin qızı, adlı-sanlı bir bəyin arvadı imiş, evlərini qaxdağanlar tutandan, var-yoxlarını sovet höku­mə­ti alandan sonra dilənçilik edir. Nəsib çox mütəəssir olur və “Bəy qızı” rədifli şeirini qoşur:

Şuranın gəlişi dərtdi, bəladı,

Dağ-daşı al-əlvan qana boyadı.

Gijdərin, səylərin kefi əladı,

Getdi var-dövlətin yelə, bəy qızı (13, 101).

Burada Nəsib ustadı Aşıq Şenliyin İrəvan səfərini də xa­tır­­layır, özünün məşhur “Şenliyin” rədifli qoşmasını oxu­yur. Sonra İrəvanda bəyə, xana rast gəlməyən Aşıq Nəsib “ya­nıf töküldü, burda çox qala bilmədi, sazını sinəsinə basıb gö­rəh nə dedi”:

Yolum tüşdü İrəvanın elinə,

Bəy-ağası, mərdi hanı görəsən?

Necolufdu xanım-xatın qızdarı,

Harda qalıf Mehtixanı, görəsən?
Qaxdağanlar yolda-izdə qaynaşır,

Ər yerində gədə-güdə oynaşır.

Yiyə olub yurda murdar, zay, naşı,

Kor olasan, belə anı görəsən.


Dədələrin yeri bəlli burada,

Mərt yıxılıf, namərd yetif murada.

Aşıx Nəsif yas içində, qarada,

Naləm tutuf dört bir yanı, görəsən (13, 36).

Yeri gəlmişkən qeyd edək ki, rəvayətdə yalnız bu qoş­ma birbaşa İrəvanla bağlıdır. Sonra Aşıq Nəsib burada Mə­həm­­məd adlı bir adama rast gəlir, onunla söhbət edir və geri qa­yıdır. Güllübulağa xeyli qalmış bir bulaq başında məşhur “Dağlar” rədifli qoşmasını oxuyaraq dərdini dağlarla bölüşür:

Şura meydan verir daha səy-gicə,

Yaşamax, dolanmax dönüfdü heçə.

Röyada Çıldıra gedirəm gecə,

Yoxmu yuxuların çini, a dağlar? (13, 103)

Süjetinin zəifliyinə baxmayaraq, bu rəvayət siyasi ba­xım­dan Aşıq Nəsibin yaradıcılığı üçün çox xarakterikdir. Eyni söz­ləri “Ağbaba ellərinin Qars köçü” haqqında da de­mək olar. Ağ­ba­­banın səkkiz kəndinin, yəni Mumuxan, Qon­calı, Ördəkli, Sı­nıx, Söyüdlü, Seldağılan, Mustuqlu, Bağçalı kəndlərinin əhalisi 1920-ci illərin əvvəllərində ellikcə Tür­kiyəyə köçəndə Aşıq Nə­­sib həmkarı Çorlu Məhəmməd və Şair Yunusla birlikdə on­la­rı yola salmış və “Ağbaba zinha­rısı” üstündə yanıqlı-yanıqlı ça­lıb oxumuşdu (13, 176-180).

Aşıq Nəsiblə bağlı bəzi rəvayətlər insanların xarakte­rin­də­­ki mənfi cəhətlərə, xüsusilə xəsisliyə həsr olunmuşdur. Be­lə rəvayətlərə misal olaraq “Ları xoruz əhvalatı”nı, “Aşıq Nə­si­bin İrişdi səfəri”ni, “Aşıq Nəsibin Təpəköy səfəri”ni, “Qo­naq sevməyən kişinin əhvalatı”nı, “Aşıq Nəsibin Hacab­bas­oğlu Əhməd ağaynan görüşü”nü, “Aşıq Nəsibin Gümrü sə­fə­ri”ni, ”Aşıq Nəsibin Hasan ağaynan görüşməyi”ni göstər­mək olar. Məişət xarakteri daşıyan bu rəvayətlər həm mövzu, həm də süjet baxımından bir-birinə çox yaxındır, yalnız coğ­ra­fi mə­­kan, qəhrəmanlar və şeirlər fərqlidir. Onların hamı­sında xə­sislik tənqid atəşinə tutulur, qonaqpərvərlik, səxavət kimi key­fiyyətlər təriflənir.

Aşıq Nəsib bu səfərlərində və görüşlərində bəzən tə­sa­dü­­fən, bəzən də qəsdən xəsis adamlara qonaq olur, onları həcv edir, insanlıq dərsi verir. Məsələn, o, Çıldırda çandralı qo­­naq sevməyən Hasoy ağaya, ərginəli mal yeməyən Hacı ağa­ya, qonşu Təpəköydə adını çəkmədiyi başqa bir xəsisə sərt şeir­­lər qoşur, onları el içində xar edir. Hasoy ağa bizə baş­qa bir rəvayətdən tanış olan çıldırlı Aşıq Veysini onun üs­tünə min­nətçi salır, hədiyyə olaraq iki qoç, bir cöngə gön­dərir, la­kin prinsipial Aşıq Nəsib yenə də yola gəlmir, hey­vanları isə Hasoy ağanın nökərinə bağışlayır. Çünki aşıq qonaq­pər­vər­liyi xalqımızın ən gözəl adətlərindən biri sayır.

Bu rəvayətlərin əksəriyyətində Aşıq Nəsib öz çolpasını bədii personaja çevirərək ona da söz qoşur, zarafatla sataşır. Xə­sislərin evinə gedəndə biçarə çolpanın həmişə aclıqdan gözü qaralır, nə qədər gözləsə də, ortaya yemək gəlmir. Çol­pa­nın aclığı ilə xəsisin xarakteri rəvayətin inkişafına, fabu­la­nın qurulmasına xidmət edir. Aşıq Nəsib də bundan istifadə edə­rək öz sözünü deyir. Məsələn, Qızıldaş kəndində aşıq xə­sis ev sahibinə həcv qoşandan sonra o, səhvini başa düşüb tez süfrə açdırır. “Ona kimi xaşılı da isdi-isdi, buğlana-buğ­la­na sur­fuya gətdilər. Beçara çolpanın elə tamahı tüşdü ki! Əmə Aşıx Nəsivin tərs damarı tutmuşdu, başa tüşdü ki, çolpa qar­nı­nı doldurmax isdiyir. Qoymadı, dedi:

– İndi bir söz də saa deyəcəm.

– Ay Nəsif əmi, sən Allah, məni biyavır eləmə.

– Yaxşısı budu, danışmıyasan, yoxsa axırı pis olar” (13, 54).

Aşıq Nəsib burada özünün “Çolpa” şeirini oxuyur:

Qarnın ajdı, əynin köhnə,

Döz bir qədər, dayan, çolpa.

Haxnan nahaqqı seşmirsən,

Sən yatıfsan, oyan, çolpa.
Yemə namərt çörəyini,

Təmiz saxla ürəyini.

Oxlasınnar kürəyini,

Olum sana həyan, çolpa.

Halın yoxdu yeriyəsən,

Gedirsən laf geriyə sən.

Kişi, dur gəl bəriyə sən,

Edim sirrim əyan, çolpa.


Nəsif deyər tüşəh yola,

Gəl boylanma sağa-sola.

Qalx yerinnən, bir gəl hala,

Çay-çörəyə uyan çolpa (13, 54-55).

İncə yumorla dolu bu axıcı gəraylı Aşıq Nəsibin bir yol yol­­daşı, köməkçi və sirdaş kimi sevdiyi çolpaya bəslədiyi sə­mimi duyğularının, bir dost, hətta qardaş münasibətinin par­laq təzahürüdür.

Gümrüdə böyük səxavət sahibi Əliqulu ağanın zəngin süf­­rəsində isə “beçara çolpa çaşıf qaldı. Əyə, bu ajdıx vaxdı be­lə xörəhləri yuxuda görsə də, inanmazdı. Aşıx Nəsif baxdı çol­pa səvindiyinnən özünü itirif” (13, 57). Tez sazı köy­nək­dən çıxarıb çolpanı yeməyə dəvət edir:

Buyur, durma, di gəl bəri,

Ploydan, bozbaşdan ötür.

Bir kavavın dadına bax,

Yuxadan, lavaşdan ötür.


Alma, armud, kişmiş də ye,

İşdahlısan, pişmiş də ye.

Arada bir nanay da de,

Həmi süddü aşdan ötür.


Nəsif deyər, hala gəldin,

Yağa, üzə, bala gəldin.

Axır mənnən yola gəldin,

Ajdığını başdan ötür (13, 57).

Çolpa surəti Aşıq Nəsiblə bağlı bütün rəvayətlərdə iş­ti­rak edir, çünki o, həmişə aşığın yanında olur, onunla yaxın-uzaq səfərlərə çıxır, hər yerdə onu müşayiət edir. Digər rəva­yət­lərdə də biz çolpanı sadiq, vəfalı bir dost kimi görü­rük. Mə­­sə­lən, Aşıq Nəsib sovet hökumətini söyəndə, ona həcv qo­şanda çolpa hər dəfə aşığı ehtiyatlı olmağa çağırır.

Rəvayətlərdən bəziləri azad məhəbbətə qarşı çıxan, qı­zı­nı sevdiyi adama deyil, başqasına vermək istəyən adamlar haq­qındadır. Gəncliyində ilk sevgisi daşa dəyən Aşıq Nəsib be­lələrinə qarşı mübarizə aparır, həmişə sevənlərin qovuş­ma­sı­na çalışır.

“Aşıq Nəsiblə Çorlu Məhəmmədin Seldağılan səfəri”n­də öz qızı Baharı zorla altmış yaşlı varlı-pullu ağaya vermək is­­təyən ev sahibini bu fikirdən daşındırır. Çorlu Məhəmməd də onu dəstəkləyir. Məlum olur ki, Bahar bu evdə çoban olan Nə­sib adlı oğlanı sevir. Təbii ki, rəvayətdəki Nəsib və Bahar ad­ları bilərəkdən belə seçilmişdir.

Aşıq Nəsiblə Çorlu Məhəmməd ev sahibinə inanma­dıq­la­rı üçün Quran gətirib ona əl basdırır, and içdirirlər. Sonra Aşıq Nəsib cibindən bahalı bir üzük çıxararaq Bahara hədiy­yə edir və bu şeiri oxuyur:

Gülü ayırma bülbüldən,

Nolar, ağa, insaf elə.

Çobanın da üzünə bir

Günəş doğa, insaf elə.


Tutmasın tamah gözünü,

Pula aldatma özünü.

Dəli eləyib qızını

Salma dağa, insaf elə.


Əvvəl səni sandım xoca,

El yanında başı uca.

Ərə tay olarmı qoca

Bir tısbağa, insaf elə.


Nəsib istəyər sevəni,

Dağları, eli-obanı.

Altmış yaşında dəvəni

Qoyma bağa, insaf elə (13, 147).

Sevgi motivi “Aşıq Nəsibin Sağamoy səfəri“ndə də iş­lə­nir. Axılkələyin Sağamoy kəndinə Alı ağanın oğlunun toyuna gedəndə Aşıq Nəsib faytonçunun dərindən ah çəkdi­yini görüb bir haqq aşığı kimi onun sevdiyini başa düşür. Elə oradaca faytonu dayandırıb sazı sinəsinə basaraq Alı ağadan xahiş edir ki, iki sevən gənci bir-birinə qovuşdurmağa söz versin.

Qohumundu, adı Sənəm, özü gül,

Fərağında qan-yaş tökür bu bülbül.

Hörmətlisən, şöhrətlisən, qədir bil,

Bu kasıva bir elə yer, ay ağa (13, 140).

“Söz tamama yetdi, əmə Alı ağa buna çox təəccüb elədi ki, əyə, bu aşıx bu sirri necə bildi, necə annadı, ay Allah?

Faytona mindilər. Fayton yerinnən tərpənən kimi Aşıx Nəsif Alı ağıya dedi:

– Dedihlərimnən yağın bir şey başa tüşdün. Bu cavan faytonçuyu səvdiyinə yetirməh sənin, toyunu keçirməh də mənim boynuma.

– Yaxşı, Aşıx Nəsif, sənin sözünü çevirməh olmaz“ (13, 140-141).

“Aşıx Nəsibin Qucen səfəri“ də məhəbbət mövzusun­da­dır. Çıldırın Qucen kəndində yaşayan Aşıq Sultanəli qonşu Gö­­lə kəndindən Zərnişan adlı bir qızı sevir. Ancaq iki kənd ara­­sına qan düşdüyü üçün ağsaqqallar bir-birinə qız verib al­ma­ğı qadağan edirlər. Nəsib bunu eşidib Qucenə gəlir, yaxın dos­tu Aşıq Sultanəli ilə, onun sevgilisi Zərnişanla görü­şür. Ürək dağlayan qoşmalar oxuyur, ancaq bu müşkülü həll edə bil­mədən kor-peşman Güllübulağa geri qayıdır.

Rəvayətlərin bir qismi isə aşığın atı Alaşa ilə bağlıdır. Ma­raqlıdır ki, Nəsibin ustadı Aşıq Şenliyin atının adı da Ala­şa­dır. Hər halda, bunu təsadüf saymaq olmaz. Alaşanın ikisi də qaradır, astagəlliyi və zəifliyi ilə bir-birindən geri qalmır. Hər iki aşıq öz atına zarafatla şeir qoşmuşdur. Nəsib öz Ala­şa­sını belə tərif edir:

Alaşanın nəhlət gəlsin zatına,

Nə qardaşdı, nə yoldaşdı, nə atdı.

Boş yerəcə məni salıb azara,

Nə gəbərdi, nə qurd yedi, nə itdi.
Tərpənişi ağır-ağır, ləng olur,

Yazıq canım deyinməkdən dəng olur.

Alaşaynan aramızda cəng olur,

Aşıq Nəsib nə tərk qıldı, nə satdı (13, 78).

Aşıq Şenlik isə öz Alaşasını belə təsvir etmişdir:

Lənət gəlsin Alaşanın karına,

Dörd abbası verdim onun şərinə.

Gönün soydum otuz manat yerinə,

Cəsəddə quyruğu, yalı qalıbdı.
Səfil Şenlik dərsin haqdan oxudu,

Fələyin qəzəbi ona çoxudu.

Doqquz aydır çaxdırdığım yoxudu,

Ayağında bir tək nalı qalıbdı (96, 202).

Aşıq Nəsiblə əlaqəli rəvayətlər arasında birbaşa Alaşaya həsr edilmiş yalnız bir rəvayət olsa da, aşığın atı müxtəlif rə­va­yətlərdə sanki bir surət kimi iştirak edir. Bu da ümumən das­tan yaradıcılığı ilə bağlıdır. Məlum olduğu kimi, dastan­lar­da qəhrəmanların atı çox önəmli yer tutur. Rəvayətlər dastan ün­sürləri daşıdığına görə, üstəlik, rəvayətlərin əsas qəhrəmanı aşıq­ların özləri olduqları üçün onların atları da personajlaşır. Bu mənada, Alaşa da istisna deyildir.

“Alaşanın otunun qurtarması” rəvayətində göstərilir ki, fev­ralın axırında atın bir cəngə də otu-ələfi qalmır, özü də acın­dan “qancalır”. Arvad məsləhət görür ki, Nəsib kolxoz səd­­rinin yanına gedib bir az ot alsın. Nəsib sazını da götürüb düz kolxoz idarəsinə gəlir. Sədri soruşur, başda oturan qadını gös­tərirlər. Qadın Nəsibi heç danışmağa da qoymur: “A kişi, nə­yə gəlifsən, ərzə yaz, baxarıx” deyir.

Nəsib elə oradaca sazı köynəkdən çıxarıb bağrına basır:

Arvad başa keçif, kişilər ölüf,

Bağrına daş bağla, döz, Aşıx Nəsif.

Tərsinə dolanır dünya elə bil,

Daha nəyə gərəh söz, Aşıx Nəsif?
Hökumət işində əyal baş olur,

Dərd ürəhdə qalsa, gözə yaş olur.

İndi xanım-xatın qarabaş olur,

Keçmişdən əlini üz, Aşıx Nəsif.


Fağır, kasıf-kusuf sanki bir tühdü,

Küçədə yatannar bizə böyühdü.

Edilən qələtlər xalqa bir yühdü,

Nə yaxşı ki, görmür göz, Aşıx Nəsif (13, 107).

Nəsib kor-peşman evə qayıdır. Alaşa düz onun üstünə gə­lib əl-ayağını iyləyir. Aşıq Nəsib yenə sazı dilə gətirir:

Əlimi, üstümü gəl az imsilə,

Qəhətdir ot-ələf, saman, Alaşa.

Şura qurudufdu nə ki nemət var,

Olufdu halınız yaman, Alaşa.
Deyillər samana ərzə yaz görəh,

Belə zülümlərə dözər daş ürəh.

Damın uçuf gedir, yox orta dirəh,

Gəlmir heş bir kəsə güman, Alaşa.


Vaxt vardı, kefdəydin, yeyərdin kişmiş,

Yavan ələ tüşmür, tapılmır pişmiş.

Yaxşı yaşamağın axırı heşmiş,

Nəsif dərtdən tapmır aman, Alaşa (13, 108).

Otla bağlı başqa bir rəvayətdə aşıq öz qonşusundan Ala­şa üçün pulla bir az ot istəyir, ancaq qonşu bir bəhanə uy­du­raraq vermir. Yalana görə xəcalət çəkən qonşu aşığın kön­lünü almaq üçün onu xəngəl yeməyə dəvət edir. Nəsib ona deyir:

– Sən də az-çox aşıqlıq eliyirsən, amma mənə tən gəl­mə­din, qulaq as:

Aşıq aşığa tən gələ,

Salma məni əngələ.

Nəsib satın alınar

Bir qarınlıq xəngələ? (13, 182)

Aşıq Nəsib müxtəlif rəvayətlərdə Alaşanın tərsliyi üzün­dən ya mənzil başına gecikir, ya da suya düşüb islanır. Mə­sə­lən, İrişdi səfərində Alaşa çayı keçəndə suyun ortasında yatır, aşıq da, çolpa da islanır. Nəsib burada öz sevimli Ala­şasına söz qoşur:

Yatdın suda, ay maşallah,

Nə xoşdu halın, Alaşa.

Toz-torpağa, quma, gilə,

Batıfdı yalın, Alaşa.
Yazıx çolpa mat qalıfdı,

Çarığına su dolufdu.

Deyən, ağlın azalıfdı,

Çox qeylü-qalın, Alaşa.


Sənlə nahaxdan öyündüm,

Nəsivəm, ucadan endim.

İsdanıf cücəyə döndüm,

Varmış zavalın, Alaşa (13, 79).

Aşığın Çivinni kəndinə səfəri zamanı yolda iki yerdə Ala­­şanın tərsliyi tutur, dayanıb arpa yeyir. Nəsib ona söz qo­şur, sığallayır, qılıqlayır, dilə tutur:

Bu Aşıx Nəsivi yollarda qoyma,

Məni say, çolpuyu saymırsan, sayma.

Bir yetiş mənzilə, arpadan doyma,

Gəl salma ürəyə xal, ay Alaşa (13, 75).

Öysüz səfərində yenə də Alaşanın tərsliyi tutur, bir yo­xuş­da dayanır. Aşıq Nəsib yenə də onu sazla-sözlə mədh edir:

Ağzı köpüklənir, bu, çıxmaz diki,

Deyəsən, Alaşa zora tüşüfdü.

On put duz vuruluf sanki belinə,

Bir bax, ölü yabı tora tüşüfdü.


Qorxudan yoxuşda bərəlir gözü,

Bu atın tərsdiyi təntitdi bizi.

Əsir ayaxları, qatdanır dizi,

Elə bil borandı, qara tüşüfdü.


Məni yolda qoydu, düşür qarannıx,

Nəsif, de, neyləyək, söylə bir annıx.

Bir qəssab lazımdı gözdəri qannı,

Alaşa annıya, dara tüşüfdü (13, 104-105).

Həmin rəvayətdə Alaşadan cana doyan aşıq onu satmaq is­təyir, onu tərifləyir, məziyyətlərini sadalayır:

Yaxşı qaçmağı var, lap ceyran kimi,

Qızıldan qiymətli bir at satıram.

Yüz qatır, min eşşək tay olmaz ona,

Yelqanad misallı Qırat satıram (13, 105).

Bunu eşidənlər “Adam da belə atı satarmı?” deyə təəc­cüb­lənəndə Alaşanın mənfi xüsusiyyətlərini, tərsliyini, inad­kar­lığını və başqa bəd xasiyyətlərini sayır. İşi belə görən Ma­moş ağa Aşıq Nəsibə gözəl bir at bağışlayır (13, 104-106).

Rəvayətlər arasında olduqca yumoristik epizodlar da var. “Qoca arvad əhvalatı” bunlardan biridir. Nəsib Çandra kən­dində qonaq qalmaq üçün gecə bir qapını döyür. Qapını açan ev sahibi qadın aşığa deyir ki, sizi qonaq edərəm, amma gə­rək mənimlə deyişəsən. Nəsib razı olur. Sən demə, arvadın fik­rindən Nəsibə ərə getmək keçirmiş. Nəsib bunu dərhal anlayır. Yeməkdən sonra onlar deyişirlər:

Huri-qılman yalan olur,

İgidlər məni görəndə.

Eşqin yadigarı bilir,

Saçımda dəni görəndə (13, 168).

Arvadın bu mübaliğəsi qarşısında Nəsib də özünü “ca­van” deyir:

Bər-bəzəkli gəlin kimi,

Zalım qızı, can alırsan.

Eşqə mübtəla olandan

Cavanlara yan alırsan (13, 168).

Arvad özünün varlı-hallı bir dul olduğunu bildirir:

Yaşım olsa-olsa, əlli,

Bir bağım var allı-güllü.

Mən bir dulam şirindilli,

Sevindim səni görəndə.

Aldı Aşıq Nəsib:

Ürəyində təpər də var,

Saxlayırsan qoyun-davar.

Səni görən şəfa tapar,

Eldən şöhrət-şan alırsan.

Aldı arvad:

Məni alsan, şad olarsan,

Məhəbbətdən mat olarsan.

Vallah, yelqanad olarsan,

Qəlbimi qəni görəndə.

Aldı Aşıq Nəsib:

Səhər baxaram işimə,

Dən verib könül quşuma.

Nəsibəm, baxma yaşıma,

Sandım, məndən qan alırsan (13, 168-169).

Gecə çolpa Aşıq Nəsibdən soruşur ki, aşıq, sən doğru­dan bu arvadı alacaqsan? Aşıq gülərək deyir, indi yat, sabah gö­rərsən.

Onlar sübh tezdən durub getmək istəyəndə arvad atın ci­lo­vundan yapışır ki, gərək məni də aparasan. Nəsib nə eləsə, arvad əl çəkmir. Onda sazı bağrına basıb üç bəndlik bir qoş­ma oxuyur, bu yaşda eşqə düşən qadını məzəmmət edir, qəl­bi­nin başqasına məxsus olduğunu söyləyir:

Aşıq Nəsib yar dərdindən dəlidi,

Yar əlində açarıyla kilidi.

Mənim yarım gül içində gül idi,

Almazdı, gövhərdi, ləldi kəlməsi.

Bundan sonra arvad ondan əl çəkir (13, 170).

Gülməli rəvayətlərdən biri də “Ağbabalı çobanlarla qar­şı­­laşma”dır. Ağbaba çobanlarından biri Aşıq Nəsibin çıldırlı ço­banlarla deyişdiyini eşidir və onunla deyişmək arzusuna dü­şür. Öyrənir ki, aşıq çolpa ilə birlikdə Çıldırdan toydan qa­yı­­dır. Onların yolunu pusur və itlərini qısqırdır. Sonra gəlib it­lə­ri qovur, aşığı və çolpanı qonaq dəvət edir. Aşıq Nəsib razı ol­mur. Çoban deyir ki, özünüz bilin, onda itlər sizdən əl çək­mə­yəcəklər. Nəsibgil çarəsiz qalıb dəyəyə gəlirlər.

Çoban aşığı hirsləndirmək üçün bir gəraylı oxuyaraq ona sataşır:

Mən də aşıx olasıydım,

Əlimə saz alasıydım.

Qırx qazana çalasıydım,

Oynadırsan qaşı, aşıx?
Ağalar verir buyruğu,

Çiy-çiy yeyirəm quyruğu.

Səni tək ağzıayrığı

Tutar sözün daşı, aşıx.

Deyillər bir pir kişisən,

Həm acıxlı, kür kişisən.

Başdan-başa sirr kişisən,

Şeytanın yoldaşı aşıx (13, 173).

Bu sözləri eşidən Nəsib qəzəblənir, çobana dişinin di­bin­dən çıxanı deyir:

Alabaş, Zalım, Zulumnan

Qarşılar qonağı çoban.

İnsanlığı yada salmaz

Adamlığa yağı çoban.
Nə vecinə ac olan var,

Nadannan harda qıryat-ar?

Olufdu el içində xar,

Çıxarıfdı ağı çoban.


Nəsivi bilirmi, görən,

Bu kürənin oğlu kürən?

Utanmır ki, yerə girə

Yolun-izin zığı çoban (13, 174).

Bundan sonra Aşıq Nəsib dalbadal üç həcv oxuyur, ço­ba­nın “kal başına sarımsax əkir”. Çoban axırda bunun bir oyun olduğunu söyləyərək aşığın əlindən öpür, gözəl bir qo­naq­lıq verir (13, 172-176).

Aşıq Nəsib haqqında olan aşıq rəvayətlərinin bir qismi isə rəvayətli ifadələrdir. Onun müxtəlif vaxtlarda söylədiyi bir sö­zün, ifadənin, cümlənin açımı, izahıdır. Bunlar həcmcə çox kiçik mətnlərdir. Məsələn, onlardan biri belədir: “Bir gün kol­xoz sədri Aşıq Nəsibə deyir:

– Sənin ustadın Aşıq Şenlik də türk olub, özün də türk-sən. Əlimdə imkan olsaydı, səni Türkiyəyə sürgün edərdim.

– Səni bilmirəm hansı millətdənsən, – sifətini turşudur aşıq, – mən türkəm ki, varam. Sənin kimisinə görə türk­lü­yü­mü dan­­mayacağam ha!” (13, 184)

Başqa bir rəvayətli ifadədə deyilir ki, qıtlıq dövründə vəzifəli bir adam aşığı yanına çağırıb Lenini, Stalini tərifləsə, əvə­zində ona xeyli un verəcəyini bildirir. Nəsib razı olmur və deyir: “Yalan danışmaqdansa, ac qalmaq yaxşıdır” (13, 184).

Bu qəbildən olan digər bir rəvayət isə belədir: Ermə­nis­tanda sovet hakimiyyəti qurulandan sonra aşığı rayon mər­kəzi Ama­siyaya raykoma çağırıb belə bir tapşırıq verirlər: “Əgər Le­ninə, partiyaya söz qoşsan, tərif desən, sənin bütün eh­tiyac­la­rını ödəyəcəyik, heç bir şeydən korluq çəkməyəcək­sən”. Aşıq Nəsib cavab verib deyir: “Məni üzürlü sayın, mən ana­dan olandan koram. Görmədiyim şeyi necə tərif edə bilə­rəm?” (13, 184)

Bir dəfə Aşıq Nəsib Düzkənddə Əzəf adlı bir qadının evin­­də qonaq olur. Qıtlıq meydan suladığından ev sahibi utana-uta­na süfrəyə ancaq bir çörək, bir çömlək də qatıq qo­yur. Nəsib onun pərtliyini ört-basdır etmək üçün zarafatla be­lə deyir: “Aşıx, qatıx… Aşıx Nəsif başqalarından deyil ki artıx!” (13, 183)

Aşıq Nəsibin dosta sədaqəti ilə bağlı belə bir rəvayətli ifa­də var: toydan sonra bir neçə bəy ona deyir ki, gedək bizdə qo­naq qal, sənə bir kisə qızıl verək, ya da toyda yığılan nə­məri bizə ver. Nəsib bu təklifi rədd edir və bir kisə pulu on­la­rın üstünə ataraq deyir: mən pula görə qonaqçımı dəyişə bil­mə­rəm. Bəylər əhsən deyir, hərəsi nəmərin üstünə bir qızıl onluq qoyaraq kisəni geri qaytarırlar (13, 185).

Nəsiblə bağlı aşıq rəvayətləri onun yaradıcılığının müx­təlif cəhətlərini, bioqrafiyasının bəzi səhifələrini, xarak­te­rinin bəzi cizgilərini açmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Rəvayətlər Aşıq Nəsibin sənət portretini bütövləşdirir, tamamlayır.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə