Azяrbaycan miLLİ elmlяr akademiyasы



Yüklə 0,86 Mb.
səhifə1/7
tarix20.09.2017
ölçüsü0,86 Mb.
#1149
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU


_____________________________________________


NAİLƏ ƏSKƏR


AŞIQ NƏSİBİN YARADICILIQ YOLU

BAKI – 2016
Elmi redaktor: Qəzənfər PAŞAYEV

Filologiya üzrə elmlər doktoru, professor



Nailə Əskər. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, Elm və təhsil, 2016. − 164 səh.
Monoqrafiyada XIX əsrin sonu − XX əsrin əvvəllərində yaşayıb yaratmış Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi Aşıq Nəsibin dövrü, mühiti haqqında məlumat verilmiş, aşığın həyat və yaradıcılığı tədqiq edilmişdir. Kitabda Aşıq Nəsibin zəngin poetik irsi bir çox cəhətdən araşdırılmış, haqqında söylənən aşıq rəvayətləri təhlil olunmuşdur. Monoqrafiyadan filoloqlar, tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.
ISBN - 9-789953-810882
follorinstitutu.com
Ə 4603000000 Qrifli nəşr

N-098-2016


© Folklor İnstitutu, 2016.

GİRİŞ
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əsr­lər boyu yaratdığı zəngin milli-mənəvi sərvətlərə tamamilə baş­qa bir prizmadan yanaşır. Bu yanaşma humanitar və sosial elmlər sahəsində ciddi deformasiyaya, ideoloji təxribata, mark­sist-leninçi səciyyə daşıyan əyintilərə məruz qalmış mədəni irsin, o cümlədən ədəbiyyatın əsl mahiyyətini üzə çıxarmaq, onun həqiqi və gerçək elmi və tarixi qiymətini vermək məq­sədi da­şıyır. Həmin fikir ədəbiyyatımızın ən qabaqcıl qolla­rın­dan biri olan aşıq sənətinə də aiddir. Heç kəsə sirr deyil ki, aşıq ya­ra­dıcılığı uzun müddət sinfi nöqteyi-nəzərdən tədqiq edilmiş, xü­susilə sovet döv­ründə “bütün qələbələrimizin il­ham­çısı doğ­ma kommunist partiyasını, onun şanlı leninçi da­xili və xarici si­yasətini, sosializm quruculuğu sahəsində qaza­nılan misilsiz nailiyyətləri, beynəlmiləlçiliyi və xalqlar dost­lu­ğunu, sosializm ya­rışını” tərənnüm edən, “kolxozun işıqlı İliç lampalarını” vəsf edən bir sənət kimi təqdim və qəbul edilmişdir. Halbuki aşıq sə­nətinin tamamilə yeni prizmadan həm regional, həm də lokal kon­tekstdə tədqiqi folklorşünas­lı­ğımızın qarşısında duran ən va­cib məsələlərdən biridir. Çünki aşıq mühitlərinin və mək­təb­lə­rinin küll halında, ayrı-ayrı sə­nətkarların yaradıcılığının isə fər­di şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni sisteminin mü­kəmməl öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Bu mə­­nada, bir sıra özünəməx­sus, səciyyəvi xüsusiyyətləri ilə fərq­­lənən Ağbaba-Çıldır aşıq mühitinin və bu mühitin gör­kəm­li nümayəndələrinin yaradı­cılığının öyrənilməsi həm folk­lo­ru­mu­zun, həm də konkret ola­­raq aşıq ədəbiyyatının gerçək elmi mən­zərəsini yaratmaq üçün vacibdir. Sovet ədəbiyyatşünaslıq el­mində yaşadığı dövrdən asılı olmayaraq, bütün yaradıcı şəx­siyyət­lərə ucdan­tutma tətbiq edilən sinfi yanaşma, bolşevik in­qi­­labından əv­vəl­ki sənətkar­lara münasibətdə “tənqidi realizm”, so­vet döv­ründə yaşa­yanlara isə “formaca milli, məzmunca so­sialist tip­li” ədəbiyyat doktrini çərçivəsində qiymət verilməsi nə­ticə­sin­də əsl ədəbi meyarlar pozulmuş, milli-mənəvi və et­nik-dini də­yərlər bilərəkdən, sistemli şəkildə təhrif edil­miş­dir. Bütün bunları nəzərə aldıqda milli-mənəvi sərvətlərimizə ye­ni priz­ma­dan yanaşmanın nə qədər aktual və vacib olduğu aş­kara çıxır.

Azərbaycan ədəbiyyatının inkişafında Ağbaba-Çıldır aşıq mühitinin mühüm rolu vardır. Bu mühit özünün zəngin folk­loru, özünəməxsus ənənələri və görkəmli saz-söz ustaları ilə seçilir. XIX əsrin sonu − XX əsrin birinci yarısında yaşa­yıb yaradan Aşıq Nəsib öz dövrünün böyük sənətkarları, o cüm­­­­lədən Aşıq Ələsgər, Aşıq Şenlik, Çorlu Məhəmməd, Aşıq Ba­­la­kişi və başqaları ilə birlikdə saz-söz sənətinin tərəqqisi üçün yorulmadan çalışmış, Ağbaba-Çıldır aşıq mühitinin in­ki­şa­fında müstəsna rol oynamışdır. Bu mühitin zirvəsi sayılan Aşıq Şenliyin ən layiqli yetirməsi olan Aşıq Nəsib sovet ha­ki­miy­­yətinə, onun banisi, “bəşəriyyətin dahi rəhbəri və müəl­li­mi” Leninə, “ellər atası” Stalinə tərif demədiyinə, sosializmi tə­­rənnüm etmədiyinə, Türkiyəyə və türklərə dərin rəğbət, bol­şe­­viklərə və onların əlaltısı olan erməni daşnaklarına isə son­suz nifrət bəslədiyinə görə diqqətdən kənarda qalmış, zəngin ir­­­si vaxtında toplanılmadığından itib-batmışdır.

Çətin və şərəfli həyat yolu keçən Aşıq Nəsib bir el ağ­saq­qalı kimi həmişə öz doğma xalqının içində olmuş, sovet qu­­­ruluşunu, şura hökumətinin yeritdiyi milli siyasəti kəskin tən­­qid atəşinə tutmuşdur. Yerli xalqın vəziyyətinin ağırlaş­ma­sı, Türkiyə sərhədlərinin bağlanması və digər problemlər bir və­­təndaş kimi daim onu narahat etmiş, sazı, sözü ilə bu qu­ru­lu­­şa qarşı mübarizə aparmışdır. Təəssüf ki, bu günə qə­dər bu gör­­kəmli sənətkarın adı yalnız ötəri şəkildə ümumi ic­mallarda çə­­kil­miş, onun sənəti ilə bağlı xüsusi tədqiqat işləri apa­rıl­ma­mış­­dır. Halbuki Aşıq Nəsibin dövrü, mühiti və yara­dıcılığının çağ­­daş elmi-nəzəri tələblər səviyyəsində, sistemli şəkildə araş­dırılması folklorşünaslıq elmi üçün zəruri və aktual prob­lem­­dir. Bu, öz regional spesifikası və fərqli saz havaları ilə se­­çilən Ağbaba-Çıldır aşıq mühitinin bir sıra özünəməxsus xü­­susiyyətlərinin və maraqlı məqamlarının üzə çıxarılmasına im­kan yaradardı. Hazırki tədqiqat işi həmin boşluğu, qismən də olsa, doldurmaq məqsədilə yazılmışdır.

Aşıq Nəsibin ilk kitabı onun vəfatından 60 il sonra işıq üzü görmüşdür. El yaddaşından toplanan bayatılar, gəraylılar, qoş­malar, təcnislər, divanilər, müxəmməslər və aşıq rəvayət­lə­­rindən ibarət olan bu kitab aşığın yaradıcılığı haqqında dol­ğun təsəvvür yaratsa da, onun zəngin irsinin az bir qismini əha­tə edir. Aşıq Nəsibin davamçıları Aşıq İskəndər Ağbabalı və Aşıq Paşa Göydağlı, onun irsini sevən ziyalılar və el ağ­saq­­­qalları Lətif Hüseynov, Mehbalı baba, Mahmud baba, Man­­sur baba, Əziz baba, Cəlil baba, İmanı baba və başqa­la­rı­nın dilindən yazıya alınmış, habelə bu sətirlərin müəllifi tə­rə­fin­dən toplanmış şeirlər və məlumatlar, eləcə də bu böyük saz-söz ustasının həyatı və yaradıcılıq yolu haqqında qələmə alın­mış elmi və publisistik yazılar tədqiqatın mənbələrini təş­kil edir.



aşıq Nəsibin yaradıcılığı folklorşünaslığımızda ilk dəfə ola­raq monoqrafik planda elmi tədqiqata cəlb edilir. Bununla bağlı Ağbaba-Çıldır aşıq mühitinin tarixi inkişaf yoluna nəzər sa­lı­nır, bu mühitə xas olan xüsusiyyətlər, orijinal saz havaları, böl­gənin tarixi-coğrafi, mədəni və etnoqrafik özəllikləri ba­rə­də məlumat verilir. Aşığın dövrü, mühiti, həyatı və müa-siri olan sənətkarların yaradıcılığının ideya-estetik keyfıyyət-ləri, əxlaqi-etik xüsusiyyətləri müqayisəli şəkildə araşdırılır, bioq­ra­fiyası ilk dəfə olaraq elmi şəkildə işlənilir, doğum və ölüm ta­rixləri dəqiqləşdirilir, onun özünəməxsus ya­radıcılıq yolu və sə­­nətkarlıq xüsusiyyətləri, məhəbbət və təbiət lirikası, və­tən­pər­vərlik şeirləri, aşıq rəvayətləri təhlil edilir. Bu rəvayətlərdə xal­qın öz sənətkar övladına böyük məhəbbəti, aşığın isə öz yur­duna, elinə, obasına, dilinə, dininə sevgisi əks olunur. Bütün bun­lar Aşıq Nəsibin həm şəxsiyyətinin, həm də sənətinin təs­di­qi sahəsində yenilik sayıla bilər.

Monoqrafiya Azərbaycanın bugünkü siyasi sərhədlərin­dən kənarda yaranmış mədəni irsimizin tədqiqi baxımından xü­susi əhəmiyyət daşıyır. Azərbaycan və Anadolu aşıq sə­nə­ti­ni bir-birinə bağlayan Ağbaba-Çıldır aşıq mühitinin tanınmış nümayəndəsi Aşıq Nəsibin sənətinin öyrənilməsi sahəsində ilk addım olan bu araşdırma folklorşünaslar, filo­loq-tələbələr, müəl­limlər, eləcə də aşıq sənətini sevənlər üçün müəyyən ma­raq kəsb edə bilər. Bu araşdırmadan doğan nəti­cələr həmin mü­hitin digər saz-söz ustalarının yaradıcılığının tədqiqi üçün bir mənbə və nümunə rolunu oynaya bilər.

Bu monoqrafiyada əsas məqsədimiz sənətkar Aşıq Nə­si­bin həyatı, mühiti və yaradıcılığının elmi şəkildə öyrənilmə­si­ni təmin etmək, yaşadığı çətin və mürəkkəb dövrün kəşmə­kəş­ləri ilə bağlı qeyri-elmi baxışlara aydınlıq gətirmək, Ağba­ba-Çıldır aşıq mühitinin özəlliklərini, bu mü­hi­tin inkişafında və zənginləşməsində onun rolunu göstər­mək, şəxsiyyəti, us­tad­­ları və şagirdləri haqqında məlumat vermək, sənətinə olan bi­ganə münasibəti aradan qaldırmaq və layiq olduğu həqiqi qiy­məti vermək, itib-batmağa üz tutmuş saz havalarının yeni nə­sillərə çatdırılmasında onun xidmətlərini elmi ictimaiyyətə ta­nıtmaqdır.

I FƏSİL

AŞIQ NƏSİBİN DÖVRÜ VƏ MÜHİTİ
Hər bir sənətkarın yaradıcılığını hərtərəfli araşdırmaq üçün onun yaşadığı dövrü və mühiti mütləq nəzərə almaq la­zım­dır. Çünki onun yetişməsində, dünyagörüşünün forma­laş­ma­­sında, istedadının üzə çıxmasında və püxtələşməsində bir sı­ra başqa amillərlə yanaşı, dövr və mühit mühüm rol oynayır. Bu mənada Aşıq Nəsib də istisna deyildir. Bütün sənətkarlar kimi o da dövrünün və mühitinin yetirməsidir.

1.1. Aşıq Nəsibin dövrü
XIX əsrin əvvəllərində Osmanlı imperiyasının zəiflə­mə­si Şərqi Anadolunun taleyində böyük fəlakətlərə səbəb ol­du. 1828-1829-cu illər rus-türk savaşında Poti, Anapa, Axıska və Axıl­kələk Osmanlı dövlətinin əlindən çıxdı. Bu əra­zidə “yerli türk əhalisinə qarşı mürtəce imperiya siyasəti yeridilir, türk­lə­rin xeyli hissəsi Türkiyəyə köçürülür, Cavaxet tərəfləri, de­mək olar ki, tam boşalır. Bu torpaqların Qars, Bəyazid mü­ha­cir­ləri hesabına kütləvi şəkildə erməniləş­di­ril­mə­sinə başla­nır. İlk vaxtlar otuz min, 1828-1829-cu illərdə isə bütövlükdə yüz min­dən çox erməni Axıskaya yerləş­diri­lir” (38, 15).

Rusiyanın əsas məqsədi, Pyotrun vəsiyyət etdiyi kimi “isti dənizlərə çıxmaq”, yəni İstanbulu və boğazları ələ keçir­mək, yaxud Rusiyanın nəzarəti altına almaq idi. Bunun üçün 24 aprel 1877-ci ildə Rusiya “slavyan qardaşlarını əsarətdən qur­tarmaq” bəhanəsi ilə Osmanlı dövlətinə müharibə elan et­di. Müharibəyə ciddi hazırlaşan ruslar Qars, Şərqi Bəyazid və Ar­dahan isti­qa­mə­tində hücuma başlayaraq əvvəlcə Şərqi Bə­ya­­zidi, sonra isə Ardahanı ələ keçirdilər. Bir aylıq mühasirə­dən sonra Qars da 1877-ci ilin 18 noyabrında düşmənə təslim ol­du. Nəticədə Os­manlı dövləti ağır şərtləri olan San-Stefano sülh müqaviləsini im­zalamaq məcburiy­yə­tində qaldı. 31 mart 1878-ci ildə im­za­lanmış müqavilənin 13-cü maddəsinə görə “Os­manlı dövləti 1 milyon 410 min rubl məbləğində olan hər­bi təzminatın bir hissəsinin əvəzinə Arda­han, Qars, Batum və Bə­yazid vilayətləri ilə Dobrucanı Rusiyaya verməyi qəbul et­di” (104, 20).

Beləliklə, cənub-qərbi Qafqazın böyük bir hissəsində, elə­cə də Ağbabada və Çıldırda 40 illik rus ağalığı dövrü baş­la­dı. Ça­­rizm “rus ərazi nizamnaməsini” bəhanə edərək torpaq mül­kiy­­yə­tini ləğv etdi, əhaliyə məxsus torpaqlar dövlət mül­kiy­yəti elan olundu. Yerli əhalinin böyük bir qisminin Os­man­lı döv­lə­ti­nə köçmə­sinə nail olan ruslar Qarsa və ətraf yer­lərə xoxol, du­xo­bor, mo­lokan icmalarını, alman, eston, yunan, er­məni, ye­zidi, assuri kimi qeyri-müsəlman ünsürləri yerləş­dir­məyə baş­ladılar (116, 553).

1905-ci ildə Rusiyanın Yaponiyaya məğlub olmasından son­­­ra bu bölgədə də oyanış başladı. Azərbaycanda və Krımda çap olunan qəzet və jurnallar bu ərazilərə də yayıldı. Uzun müddət “Qurani-Kərim”dən başqa heç bir ədəbiyyatın bura­xıl­ma­dığı cənub-qərbi Qafqazda milli oyanış vüsət aldı. 1906-cı il­də Qarsda Difai Partiyasının, 1909-cu ildə isə, İslam Nəşri-Maarif Cəmiyyətinin şöbələri açıldı (38, 16).

1914-cü ildə I Dünya müharibəsi, həmin ilin noyabrında Ru­­siya ilə Türkiyə arasında ilk toqquşmalar başlandı. 1915-ci ilin yanvarında Ardahanı zəbt edən ruslar üç ay ərzində Qars və Ar­dahanda 40 mindən çox adamı qətlə yetirdilər, Çıldır-Gö­lə əha­lisini isə aclığa məhkum etdilər. Buna göz yummayan Ba­­kı­da­kı İslam Cəmiyyəti-Xeyriyyəsi çardan rəsmi izin alaraq ap­rel­də əraziyə gəldi. 1917-ci ilə qədər fəaliyyət göstərən şöbə təx­min­ən 22 min türkü ölümün pəncəsindən xilas etdi (10, 65-68).

7 noyabr 1917-ci ildə Rusiyada hakimiyyət bolşevik­lə­rin əlinə keçdi. 1918-ci ilin martında bolşeviklərin imzala­dığı Brest-Litovsk müqaviləsinə görə, ruslar “Əlviyeyi-sə­lasə” (üç san­caq) kimi tanınan Qars, Ardahan və Batum böl­gələrini ye­ni­dən Osmanlı dövlətinə verməli idi. Lakin bu mü­qaviləni ta­nı­­maq istəməyən daşnaklar Qars-Axıska-Şörəyel yörəsində, Ər­­zincan və Ərzurumda qırğına girişdilər. Onlar 1918-ci ilin mart-aprel aylarında 55 gün ərzində Qarsı, Sarıqamış və Qa­ğız­­man qəzalarında yerli əhalini qılıncdan keçirdilər, Şö­rə­yel və Zarşatda (Arpaçayda) dəmiryolu və şose kənarındakı kənd­lər­­də 20000-dən artıq türkü beşikdəki uşağa qədər məhv etdi­lər (108, 28).

Türk hərbi qüvvələri bu cinayətlərə seyrçi qala bil­məz­di. Ona görə 1918-ci ilin fevralında şərq cəbhəsi açıldı. Hə­min ilin mart-aprel aylarında Ərzurum, Sarıqamış və Qars türk ordusunun nəzarəti altına alındı.

Brest-Litovsk müqaviləsinə görə, xalqların öz müqəd-də­­ratını təyin etməsi məqsədilə 1918-ci ilin 14 iyulunda Qars, Ar­dahan və Batumda referendum keçirildi. Referendumda iş­ti­rak edən 87048 nəfərdən 85129-u Türkiyəyə birləşmənin le­hi­nə, 1693 nəfəri isə əleyhinə səs verdi. Bu üç vilayət və on­la­rın tərkibində Ağbaba, Çıldır, Axıska, Axılkələk və Naxçıvan Os­manlı dövlətinə birləşməli idi (107, 17).

Sovet hökuməti və ermənilər bu referendumu kəskin tən­qid etdilər. Erməni soyqırımı görünməmiş dərəcədə şid­dət­lən­di, Bakını, Qarabağı, Şamaxını, Qubanı və digər əra­ziləri bü­rüdü. Qafqaz İslam Ordusu bu soyqırımın qarşısını almaq üçün sürətlə irəliləyərək 1918-ci ilin 15 sentyabrında Bakıya da­xil oldu və müsəlman əhalini kütləvi qırğından qurtardı. La­kin qərb cəbhəsindəki uğursuzluqlar və müttəfiq­lərin məğ­lubiy­yəti Türkiyəni 10 oktyabr 1918-ci ildə Mon­doros mü­qa­vi­­ləsini imzalamağa məcbur etdi. Müqavilənin şərtlərinə görə, türk ordusunu Qafqazdan geri, 1914-cü il sər­hədlərinə çək­mə­li, Ardahan, Qars, Batum, Axıska, Axılkələk, Ağbaba, Şö­rə­yel və Naxçıvanı boşaltmalı idi.

Ordunun “Əlviyeyi-səlasə”dən çəkilməsi bu ərazidə ya­şa­yan müsəlman əhalini yenidən taleyin ümidinə buraxmaq idi. Daha əvvəl rus, gürcü və erməni soyqırım və soyğunlarını ya­­şamış yerli əhali özünü qorumaq üçün fəaliyyətə başladı. Bu məqsədlə 29 oktyabr 1918-ci ildə Axıska hökuməti-mü­vəq­qətəsi, həmin il noyabrın 3-də Araz-Türk hökuməti, no­yabrın 5-də isə Qars İslam Şurası adlanan müvəqqəti höku­mə­tin yarandığını elan etdi (122, 35).

Noyabrın 30-da Qars İslam Şurasının çağırışı ilə Or­du­bad, Naxçıvan, Qəmərli, Sürməli, Ağbaba, Şörəyel, Çıldır, Axıs­­­ka və Axılkələk bölgələrini təmsil edən 60 nəfər, ikinci də­­fə isə müxtəlif ərazilərdən daha 10 nəfər şəxs millət vəkili sta­­­tusu ilə Qars konqresinə toplaşdı. Konqres Axıska höku­məti-mü­vəqqətəsi, Araz-Türk hökuməti və Qars İslam Şurası adın­­­­dan qətnamə qəbul etdi. “Batumdan Ordubada və Ağrı da­ğın­dan Azqura qədər əhalinin əksəriyyəti türk və müsəl­man olan yerlərdən Osmanlı ordusu çəkilən vaxt idarə və yurd qo­ru­ması işlərinə baxmaq üçün mərkəzi Qars olmaqla Milli Şura hö­ku­məti qurulması yekdilliklə qərara alındı” (122, 69). Xalqı si­lahlı müdafiəyə hazırlamaq və xarici əla­qələri ge­nişləndir­mək üçün qərarlar da qəbul edildi. Cahan­giroğlu İbrahim bəy Milli Şura hökumətinin başçısı, Kəpə­nək­çi Emin ağa isə onun müavini seçildi.

1918-ci ilin dekabrında türk ordusu Axıska və Axılkə-lək­­­­dən çəkildi. Həmin ayın 4-5-də gürcülər Axıskanı, ermə­ni­lər Axılkələyi, dekabrın 8-də isə ingilislər Batumu işğal et­di­lər.

Milli Şura hökumətinin çağırışı ilə 1919-cu il yanvarın 3-dən 5-dək I Ardahan konqresi toplandı, vəziyyəti müzakirə edə­rək ən qısa müddətdə yeni konqres çağırmaq, təşkilat-lan­maq və silahlanmaq barədə qərarlar qəbul etdi (122, 79).

II Ardahan konqresi 20 bölgənin təmsilçilərinin iştirakı ilə 7-9 yanvarda toplanaraq əlavə qərarlar qəbul etdi. Bundan bir həftə sonra − 17-18 yanvarda Qarsda çağrılan konqres Cənub-Qərbi Qafqaz Respublikasının qurulduğunu elan etdi. Kon­qresdə 18 maddəlik konstitusiya qəbul olundu. Cahangi­roğlu İbrahim bəy yenidən hökumət başçısı, Çıldırlı Əsəd bəy isə parlament sədri seçildi, 9 nazir, 4 dövlət idarəsi müdiri tə­yin olundu. Konstitusiya türk dilini rəsmi dövlət dili elan etdi, ağ, yaşıl, qara zəmin üzərində ay-ulduz olan dövlət bayrağını təsdiq etdi. Batumda çıxan “Sədayi-millət” qəzeti isə dövlətin rəs­mi mətbu orqanı oldu.

Türk ordusu 25 yanvar 1919-cu ildə Qarsdan çəkildi. Özü­nü Milli Şura hökumətinin varisi elan edən Cənub-Qərbi Qaf­qaz hökuməti qısa müddət ərzində türk ordusundan kö­nül­lü olaraq qalan əsgər və zabitlər, habelə yerli gənclər he­sabına 8000 nəfərlik ordu qurdu.

İngilis hərbi valisi Tempeley, Azərbaycan Demokratik Res­publikası və Türkiyə Cənub-Qərbi Qafqaz Respublikasını ta­­­nıdılar. Lakin buna baxmayaraq, Ermənistan və Gürcüstanın hərbi təcavüzləri daha da artdı. Ordu pis silahlansa da, dinc xalqı kütləvi qırğınlardan qoruya bildi. Belə ağır şəraitdə Ba­tum­dan Ordubada qədər 40000 kvadrat kilometr ərazisi və 1 mil­yon 700 min nəfərdən çox əhalisi olan 34 vilayət və qə­za­dan ibarət bu türk respublikası təxminən 6 ay yaşadı.

12 aprel 1919-cu ildə ingilislər Qarsı işğal etdilər. İn-gilis ko­mandanı general Tomsonun dekreti ilə parlament və hö­ku­mət buraxıldı və onun bütün üzvləri həbs olundu. Cahan­giroğlu İb­rahim bəy Malta adasına sürgün olundu, Cənub-Qərbi Qaf­qaz Respublikası və hökuməti süqut etdi (122, 156-159). İngi­lis­lər Qarsın idarəsini erməni qüvvələrinə verdilər. Ardahan və Po­sof isə gürcü işğalına məruz qaldı. ADR bu işğalı pisləyərək Gür­cüstana, Ermənistana, Qafqazdakı ingilis komandanlığına, 1919-cu ilin avqustunda isə Paris sülh kon­fransının sədrinə öz kəs­kin etirazını bildirdi: “Qars vilayətinin belə acı taleyinə Azər­­baycan Cümhuriyyəti seyrçi kimi biganə yanaşa bilməz və ya­­naşmamalıdır” (27, 111-115).

Cənub-Qərbi Qafqaz hökuməti yıxıldıqdan sonra Ba­tum­­dan Naxçıvana qədər olan ərazidə yaşayan müsəlman əha­li məhəlli Milli Şuralar şəklində təşkilatlanaraq müba­ri­zə­ni da­vam etdirdi. Cəmi on iki Milli Şura, o cümlədən Ağbaba və Çıl­dır Milli Şuraları quruldu. Çıldır Milli Şurası Kamil ağanın baş­çılığı ilə fəaliyyət göstərirdi. Ağbaba Milli Şurasının baş­çısı Qars Milli Şura hökumətinin üzvü Məhəmməd ağa idi. O, əhali arasında böyük nüfuz sahibi idi. Onun səyi nəticəsində Ağbaba Milli Şurası nəzdində xalq ordusu yaradıldı, Ağbaba və Şörəyel camaatı 1918-1920-ci illərdə erməni qırğın­la­rın­dan və talanlardan qurtuldu. Məhəmməd ağa İstanbula ge­də­rək minbaşı Məhmət Əli bəyin rəhbərliyi altında bir alayın Ağ­babaya göndərilməsinə nail oldu.

Andranikin atlı dəstələri Ağbabaya hücum edərkən atı­lan topun səsindən burada nizami türk əsgəri olduğunu an­la­ya­raq dərhal istiqamətlərini dəyişib cənuba yönəldilər. Yol­üstü Düzkənd, Şiştəpə və İlanlı kəndlərində qarşılarına çıxan in­sanlara divan tutdular. Ağbabanın 32 kəndinin taleyi­ni dü­şü­nən Məhəmməd ağa ermənilərlə mütəmadi sülh danı­şıq­ları apa­rırdı. Danışıqlarda həmişə şəxsən özü və müşa­viri qara­çan­talı Hacı Əmrah iştirak edirdi. Onların erməni lideri Va­ğar­şakla keçirdiyi danışıqlar çox səmərəli oldu və ermə­nilərin fəaliyyətini xeyli məhdudlaşdırdı.

Qars yenidən ermənilərin əlinə keçdikdən sonra qətliam bü­tün bölgəni bürüdü. Cənub-Qərbi Qafqaz hökuməti üzv­lə­ri­nin əmlakı müsadirə olundu, sərvəti talandı. “Erməni hö­ku­məti Oltuda, Gölədə, Sarıqamışda və Qaraqurddakı müsəl­manları özünə tabe olmağa məcbur edirdi. Qars ətrafında 70, Qağızman ətrafında 50 kənd və bütün Gölə ermənilər tərə­fin­dən viran qoyuldu. Ölənlərin və yaralananların sayı on min­lər­lə idi. 15 mindən çox insan evsiz-eşiksiz qaldı” (115, 79). Bu qırğınların əsas bəhanəsi Qars Milli Şurasına bağlı türklərin İrəvandakı məclisə keçirilən millət vəkili seçkilərinə səs verməkdən imtina etmələri idi. Ermənilər yerli milli şura­ların buraxılmasını tələb edirdilər. Bununla əlaqədar 1919-cu ilin dekabrından 1920-ci ilin fevralınadək erməni vəhşilikləri daha intensiv şəkil aldı.

General Osipyanın quldur dəstələrinin zülmündən qa­çan 500-dən artıq çıldırlı və göləli müsəlman soyuqdan dona­raq öldü. 2 yanvar 1920-ci ildə Qars-Gümrü dəmiryolu kəna­rında­kı Şahnalar kəndinə hücum edən ermənilər bu kənddə 500-dən çox qadını, uşağı və qocanı qətlə yetirdilər. Qır­ğın­dan qaçan 200-ə yaxın adam isə şaxtalı havada donaraq həlak ol­du (27, 99).

ADR Xarici İşlər Nazirliyi Ermənistan hökumətinə qırğınları dayandırmaq üçün nota verdi. Notanın surəti İngil­tə­rə, Fransa və İtaliya missiyalarına da göndərildi, habelə Batumda çıxan “İslam Gürcüstan” qəzetinin 4 mart 1920-ci il tarixli nömrəsində dərc olundu (27, 104). Türk ordusunun komandanı Kazım Qarabəkir paşa da 22 mart 1920-ci il tarixində erməni hərbi komandanlığına qətliamlara son qoyulması tələbi ilə nota göndərdi (126, 217).

Elə bu vaxt artıq qalib dövlətlər Osmanlı torpaqlarını işğal etməyə başlamışdılar. 16 mart 1920-ci ildə İstanbul işğal olundu və şəhərdə fövqəladə hal elan edildi, bütün hərbi və mülki idarələr nəzarətə alındı. Həmin vaxt Anadoluda olan Mustafa Kamal işğalçı qüvvələrə qarşı vuruşmaq üçün qeyri-adi səlahiyyətləri olan bir məclisin Ankarada toplanması qəra­rını bütün vilayətlərə elan etdi. 23 aprel 1920-ci ildə 120 mil­lət vəkilinin iştirakı ilə Türkiyə Böyük Millət Məclisi açıldı. Mustafa Kamal paşa məclis sədri seçildi. TBMM hökumət qur­maq və qanunlar qəbul etmək səlahiyyətlərini öz üzərinə götürdü (122, 197-199).

Bu zaman ermənilər Şərqi Anadolunu ələ keçirmək üçün hər­bi təcavüzü genişləndirib 12 avqustda Oltunun bəzi kəndlə­ri­ni tutdular. 13 sentyabrda isə Şərqi Bəyaziddəki türk qüvvə­lə­ri­nə hücum etdilər. Bu vəziyyət qarşısında türk ordu­su hərəkətə keç­di. Kazım Qarabəkir paşanın başçılıq etdiyi şərq ordusu 29 sen­­tyabrda Sarıqamışı, 30 sentyabrda Göləni, 30 oktyabrda Qar­­sı, 7 noyabrda Gümrünü düşməndən azad etdi (129, 192-193).

17 noyabr 1920-ci ildə ermənilər sülh danışıqlarına razı oldular. Gümrüdə başlayan müzakirələr 2-3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə başa çatdı (124, 17-29). Müqaviləyə görə, 1877-1878-ci illər türk-rus savaşı zamanı itirilmiş Qars, Sarıqamış, Qulp, Qağızman, Türkmənçay mü­qa­vi­ləsinə əsasən İranın 1828-ci ildə ruslara verdiyi İğdır (Sürməli) Türkiyə torpaqlarına qatıldı.

Bolşevik təhlükəsindən qorxan gürcülər də sülh danı­şıq­larına girərək 23 fevralda Çıldırın qərb hissəsini, Arda­hanı, Artvini və Batumu Türkiyəyə qaytardı. Türk ordusu martın 7-də Axıskanı, 11-də Batumu, 14-də isə Axılkələyi azad etdi.

Bu hadisələr vaxtı bolşeviklər Qafqazda hakimiyyəti ələ almışdılar. Türkiyə 1921-ci ilin 16 martında Moskva sazişini imzaladı. Bu sazişə görə, Batum, Axıska, Axılkələk və Aca­rıs­tan bölgələri Rusiyaya güzəştə gedildi, Naxçıvana Azər­bay­can daxilində muxtariyyət verildi, Ağbaba nahiyəsinin böyük bir hissəsi isə Rusiya tərəfindən ilhaq edildi. 13 oktyabr 1921-ci ildə bağlanan Qars müqaviləsi ilə Moskva sa­zişi rəsmiləşdi, sərhədlər bugünkü vəziyyətində qəbul olun­du (129, 39-47).

Bu müqavilədən ən çox zərər çəkən, şübhəsiz ki, pərən-pərən düşən Ağbaba əhalisi oldu. 1877-ci il müharibəsindən əvvəl Qarsın tərkibində Ağbabanın ümumi ərazisi 1100 kvad­rat kilometrdən artıq idi. Müqavilə şərtinə görə, Ağbaba par­ça­landı. Ağbabanın Ermənistanda qalan ərazisində 1930-cu ildə Amasiya və Qızılqoç (sonrakı adı: Qukasyan) rayonları yaradıldı. Ağbabanın mərkəzi qismi Amasiya rayonunun pa­yı­na düşdü. Amasiyadakı 32 kənddən 8-nin, yəni Mumuxan, Qoncalı, Ördəkli, Sınıx, Söyüdlü, Seldağılan, Mustuqlu, Bağçalı kəndlərinin əhalisi 1920-ci illərin əvvəllərində ellikcə Türkiyəyə köç etdi (35, 8-9). Rayonun Qızıldaş, Qıdaşen, Xançallı, Qızılkilsə, Bozqala kəndləri 1930-1940-cı illər rep­ressiyaları zamanı xarabalığa çevrildi (33, 37). 1988-ci ildə isə Ağbabanın azərbaycanlılar yaşayan axırıncı 19 kəndi də bütünlüklə deportasiyaya məruz qaldı.


1.2. Aşıq Nəsibin mühiti
XIX əsr artıq “ozan-aşıq” keçid mərhələsinin tam başa çatdığı və aşığın musiqiçi-sənətkar kimi formalaşdığı dövr hesab olunur. Həmin dövrdə Cənubi və Şimali Azərbaycanda, Şərqi Anadoluda müxtəlif aşıq mühitlərinin çiçəklənmə pro­sesi uğurla davam edir, görkəmli sənətkarlar fəaliyyət gös­tə­rir­­dilər.

Azərbaycan aşıq sənətini yerləşdiyi coğrafiyaya, hava­ca­ta, fərqli və ortaq xüsusiyyətlərinə görə on altı aşıq mühi­ti­nə bölən folklorşünas M.Qasımlı “aşıq mühiti” terminini belə izah edir: “Sənət çevrəsi kimi düşünülən “aşıq mühiti” an­la­yışı təkcə sənətin müəyyən ərazidəki mədəni-coğrafi məs­kun­lu­ğu­nu əks etdirmir, həm də yaradıcılıq və ifaçılıq pro­ses­lə­ri­nin bölgədaxili mənzərəsini bir kompleks halında təqdim elə­yir. Bu baxımdan aşıq mühiti mürəkkəb bir komp­leksdir: ora­ya saz-sözlə bərabər, tarixi-coğrafi çevrənin adət-ənənəsi, iq­li­mi, suyu, havası, təbiəti, yerli camaatın psixolo­giyası, aşıq sənətinə həssaslıq dərəcəsi və s. bu kimi çoxsaylı və çoxqatlı atributlar daxildir” (58, 13).

M.Qasımlının şərti olaraq “Çıldır aşıq mühiti” adlan­dırdığı geniş ərazi Şərqi Anadolunu və cənub-qərbi Qafqazın bir hissəsini əhatə edirdi. İstanbulda nəşr olunan “Yeni gün” qə­zetində dərc olunmuş “Cənub-qərbi Qafqaz türkləri” məqa­lə­sində həmin ərazi belə təsvir olunur: “XVI-XIX yüzil­lik­lər­də Osmanlı dövləti idarəsində olan cənub-qərbi Qafqaz mə­kan olaraq təxminən Qars, Ardahan, Çıldır, Ağbaba, Batum, Axıs­ka, Axılkələyin qərb hissəsi, Şörəyel, Eçmiədzin və onun cənub-qərb hissəsi, İrəvanın cənubu, Naxçıvan, Qağız­man və Oltu sancak və qəzalarından ibarət coğrafi bir ərazidir” (103).

“Çıldır aşıq mühiti”nin sərhədlərini dəqiqləşdirən M.Qasımlı yazır: “XIX-XX yüzilliklər ərzində Çıldır mahalı üç bölümdən ibarət olmuşdur:

1. Mahalın Şərqi Anadoluda – Türkiyə ərazisində qalan və indi də “Çıldır” adını daşıyan hissəsi;

2. Ermənistana qatılan Ağbaba və Qızılqoç kəsimi. Bun­lar sonradan Amasiya və Qukasyan rayonları adlanmışdır;

3. Gürcüstana qatılan və “Mesxet-Cavaxetiya” adı ve­ri­lən bölüm” (58, 204).

Bunlardan Gürcüstana qatılan bölümdə hələ çarizm döv­ründə çoxlu gəlmə erməni yerləşdirilmiş, yerli əhalinin əksə­riyyəti hər vasitə ilə sıxışdırılaraq Türkiyəyə köçməyə məc­bur edilmiş, bir hissəsi isə repressiya zamanı Qazaxıstana sürgün edilmişdir. Ona görə də Ağbaba-Çıldır aşıq mühiti son 70 ildən bəri faktiki olaraq Çıldır qəzasından və Amasiya rayonundan ibarət olmuşdur. Coğrafi baxımdan Amasiya ra­yo­nuna onun dağlıq qismi olan Ağbaba ilə yanaşı, Şörəyelin 1989-cu ilə qədər azərbaycanlılar yaşayan kiçik bir qismi də (Daşkörpü, Amasiya, Qaraçanta, Mağaracıq, Çaxmaq, Ox­çoğ­­lu və Aşıq Nəsibin doğulub yaşadığı Güllübulaq kəndləri) daxildir.

Bölgə cənub-qərbdən Qars, şimaldan Axıska-Axılkələk, cənubdan Gümrü, şərqdən isə Borçalı ilə əhatə olunur. Dəniz səviyyəsindən 1000-1500 metr yüksəklikdə yerləşən Ağbaba-Çıldır bölgəsi öz təbii gözəlliyinə, zəngin flora və faunasına gö­rə seçilir. Burada başı daim qarlı Kiçik Qafqaz dağları göz iş­lədikcə uzanıb gedir, kiçik meşələr və pöhrəliklər, dərin də­rə­lər, mənzərəli vadilər, geniş ovalıqlar, sərin yaylaqlar, coş­qun və göz yaşı kimi dumduru dağ çayları – Arpa çayı, Mö­küz, Qaraxan və Lalaxan çayları, Çıldır və Arpa gölləri, diş göy­nədən buz bulaqlar bölgəyə xüsusi yaraşıq verir.

Bölgə heyvandarlıq üçün çox əlverişlidir. Əhali mayın so­nundan etibarən mal-qara ilə yaylaqlara qalxır, oktyabrın or­talarına qədər orada qalır, bol süd-ağartı məhsulları tədarük edir, ilk qar düşməzdən əvvəl geri qayıdırdı. Bölgədə düzəl­dilən baş pendir, xüsusilə motala qoyulan üzlü və çeçil pen­diri, şor, lor, qurud, sapsarı may(ıs) yağı və zəyrəkdən alınan bə­zir yağı çox məşhur idi. Qış fəsli sərt və uzun olduğuna, təq­ribən iki metr qalınlığında qar yağdığına, yaxın­dakı şəhər­lərə gediş-gəliş çətinləşdiyinə görə əhali qış üçün əvvəlcədən xü­susi ərzaq ehtiyatı görür, anbarları unla, bidonları yağla, iri küp­ləri qoç və cöngə qovurması ilə dol­durur, kifayət qədər kartof, soğan və digər ərzaq məhsulları alır, əvəlik toplayır, əriş­tə kəsir, duz, bulğur və yarma döyür, çaşır, qımı, kələm tur­şusu qoyur, pomidor, xiyar, badımcan tutması, itburnu və gi­ləmeyvə kompotları tədarük edirdi. Mal-qarası üçün kifayət qə­dər ot-ələf yığan əhali payızda xeyir işlərini görür, toy-düyün edir, qışda isə dincəlirdi.

Bölgədə çox canlı və koloritli milli həyat yaşanır, adət və ənənələr ciddi şəkildə qorunurdu. Toy, nişan, dini və milli bay­ramlar, xüsusilə Novruz, Qurban bayramı və məhərrəm­lik, elə­cə də yas mərasimləri adətə, yerli əhalinin dili ilə de­sək, görənəyə uyğun həyata keçirilirdi. Kosa-kosa, qaravəlli, dirə­döymə, aşıqsalma, çilikağac, beşdaş və digər oyunlar oy­nanır, uzun qış gecələrində babalar və nənələr nağıl, aşıqlar dastan söyləyirdi.

Ağbaba-Çıldır bölgəsinin etnoqrafik baxımdan son də­rə­cə zəngin və milli olan həyatı məişətdə və geyimdə də özü­nü göstərirdi. Əsasən qovurma, buğlama, soyutma, qızart­ma, bo­zartma, qurudlu xəngəl, xəşil, çəkməcə, döyməc, bula­mac, əriştə plovu, kələcoş və sair ləziz, kalorili yeməklər, ümu­mən şər­bət adlanan kompotlar, ayran, atlama və ovdux süfrələrin bəzəyi idi.

Sovet dövrünə qədər kişilər başlarına buxara papaq qo­yur, arxalıq geyinir, bir qayda olaraq, qurşaq bağlayır, ayaq­la­rı­na yun corab, dolaq və çarıq, varlılar isə vəznəli çuxa və xrom çəkmə geyinirdilər. Qadınların geyimi də çox maraqlı və orijinal idi. Yaşından asılı olmayaraq, bütün evli qadınlar baş­­larına qızıl pərəkli dingə qoyur və gülbəngi (kəlağayı) ör­tür, naxışlı köynək, bafta, zər və güləbətin işləməli qöcük (nim­tənə), kofta, yeddi taxta gen ətəklik geyinir, bellərinə gü­müş kəmər bağlayırdılar. Bölgənin milli həyatı əsrlər boyu beləcə davam edirdi.

Bölgənin zəngin və bənzərsiz folkloru vardı. Şəyatin, fə­­riş­tə, şeşə, damdabaca, hal anası və digər mövzularda mifo­lo­ji və əsatiri hekayələr, holavarlar, vəsfi-hallar, Novruz mə­ra­­sim­ləri, xüsusilə Xıdır İlyasla bağlı inam və etiqadlar, qor­xu­lu nağıllar, müdrik atalar sözləri, gülməli lətifələr, yanıqlı ba­yatılar, nanay və tırınqılar, maraqlı aşıq rəvayətləri dillər əzbəri idi. Bu mühitdə müxtəlif dövrlərdə Xəstə Hasan (1760-1840), Şörəyelli Əfkari (XIX əsr), Aşıq Şenlik (1850-1913), Aşıq Məhərrəm (XIX əsr), Aşıq Zülali (1873-1959), Aşıq Qulu (XIX əsr) kimi məşhur saz-söz ustaları yaşayıb-yarat­mış­lar. Həmin mühitin Ağbaba qismində də neçə-neçə tanın­mış saz-söz sənətkarı yetişmişdir. “Ağbabalı Şirəkli Həsən, Aşıq Qərib Həsən, Sofu Baba, Dədə Dərbədəri, Sofu Dədə, Qo­ca Əli, Şahverdi Qarapapaqoğlu, Aşıq Nəsib, Çorlu Mə­həm­məd, Aşıq Məhəmməd, Aşıq Heydər, Yetim Tapdıq, Ye­tim Əsgər, Xəstə Zərnişan, Gülüstan, Aşıq İsgəndər Ağba­balı, Aşıq Paşa Göydağlı kimi el sənətkarları Ağbabanın sazı­nı-sözünü eldən-elə, dildən-dilə salıb yaşatdılar” (21, 17).

Təəssüf ki, bu zəngin aşıq mühitinin sənət tarixi, özünə­məxsus xüsusiyyətləri Azərbaycanda olduqca az öyrə­nil­miş, Tür­­kiyədə isə kifayət qədər tədqiq edilməmişdir. Düzdür, Tür­kiyədə çıxan bəzi ensiklopedik nəşrlərdə və araşdırma­lar­da (127, 55; 112, 879-880) Ağbaba-Çıldır mühitinin Çıldır qis­­mində yaşamış sənətkarlar barədə məlumatlar verilmişdir.

Bölgəyə biganə münasibətin iki başlıca səbəbi vardır. Bi­rincisi, Ağbaba-Çıldır aşıq mühiti Azərbaycandan təqribən 900 kilometr uzaqda yerləşir. İkincisi, bu bölgə tam 40 il, yə­ni 1878-1918-ci illərdə Türkiyənin deyil, çar Rusiyasının tər­ki­bində olmuş, 1920-ci ildən isə onun Ağbaba qismi əvvəlcə So­vet İttifaqının, 1991-ci ildən sonra Ermənistanın ərazisinə qa­tılmışdır. SSRİ ilə Türkiyənin ayrı-ayrı siyasi, ideoloji və hər­bi bloklara mənsub olması, sosial-mədəni müna­sibət­lərin­də­ki gər­ginlik bölgənin diqqətdən kənarda qalması ilə nəticə­lən­mişdir.

Ağbaba-Çıldır aşıq mühitinin tanınmış nümayəndəsi Aşıq Nəsib özündən əvvəl yaşamış bütün saz-söz ustalarının ya­radıcılığını dərindən mənimsəmişdir. Bu aşıqlar arasında Xəstə Hasanın xüsusi yeri var. O, 1760-cı ildə Axılkələyin Dır­qı­na kəndində anadan olmuş, 1840-cı ildə orada vəfat etmişdir. Xəstə Hasan Şərqi Anadoluda aşıq sənətinin inkişa­fında mi­sil­siz rol oynamış, neçə-neşə aşığın ustadı olmuşdur. Rusiya və Os­manlı dövlətləri arasında imzalanmış Ədirnə mü­qa­vi­ləsin­dən (1829) sonra yerli əhalinin sıxışdırılması, köç­məyə məcbur edilməsi nəticəsində Xəstə Hasan də öz həm­kəndliləri ilə bir­likdə 1831-ci ildə Axılkələyin Lebis kəndinə köçmüşdür. Bu­rada təmsil etdiyi aşıq mühitinin adlı-sanlı davamçısı Aşıq Nu­ru­ya ustadlıq etmişdir. O, dövrünün gör­kəmli sənətkarlarından olan Qul Qarani, Usta Polad, Ömər, İrfani, Səfili ilə deyişmiş, onlarca ustadnamə, divani, təcnis, qoşma və bir neçə dastanın müəllifi kimi şöhrət tapmışdır.

Xəstə Hasan özündən sonra gələn bir çox aşıqlara güclü təsir göstərmişdir. Onun çox axıcı, səmimi və ürəyəyatan şeirləri müəllifin dərin istedadından xəbər verir:

Mən Xəstəyəm, oxuyardım, yazardım,

Qəvvas olub dəryalarda üzərdim.

Çarx misalı bu dünyanı gəzərdim,

Neynəyim, tutmayır bu dizim mənim (16, 190).

“Oğuz elindən − ozan dilindən” kitabında Xəstə Hasan haqqında oxuyuruq: “O, Ağbaba, Axıska, Borçalı və Türkiyə­də ad-san çıxarmış məşhur aşıqlardan olmuşdur. Batum, Əs­min­cə, Abastümən və İrəvan vilayətlərində ağır toylar apar­mışdır. Onun əsli-soyu Axıska türklərindəndir. Aşığın adı ilə bağlı xəstəhasanlar tayfası da başqa axıskalılar kimi 1944-cü il­də Qazaxıstana sürgün edilmişdir. 1970-ci illərdə bir neçə dəfə Qazaxıstanın Talqar şəhərinə səfər etmiş Aşıq İskəndər Ağbabalı Xəstə Hasanın 85 yaşlı qızı ilə görüşmüş, nəvə və nəticələri ilə söhbət etmiş, Xəstə Hasandan xeyli mə­lumat toplaya bilmişdir” (81, 78).

Xəstə Hasanın müasirləri olan və ondan sonra yaşamış bütün aşıqlar onu özlərinə ustad hesab etmişlər və heç bir mü­baliğəyə yol vermədən, demək olar ki, onların hamısı Xəstə Ha­san yaradıcılığının təsirində qalmışlar. Onun Aşıq Şenlik üzərindəki təsiri də çox böyükdür. Bu təsir Şenliyə Xəstə Ha­sanın şəyirdi Aşıq Nuru vasitəsi ilə keçmişdir. Aşıq Nuru öz ustadını məhəbbətlə sevmiş və ondan əxz etdiklərini sevə-sevə şəyirdlərinə öyrətmiş, onun şöhrətini ətraf bölgələrə yay­mış­, unudulmağa qoymamışdır.

Aşıq Şenliyin Aşıq Nuruya şəyird olması haqqında ma­raq­lı bir rəvayət var. E.Aslan bu barədə yazır ki, Şenlik öz doğma kəndi Suxaradan Axılkələyin Lebis kəndinə gəlir, Aşıq Nurunun evini soraqlayıb tapır və qonaq olur. Nurunun ev­də olmadığını görüb divardan asılmış sazı götürür, bu günə qə­dər əlinə heç saz almadığı üçün sazı kökdən salır, bir neçə telini də qırdıqdan sonra təkrar yerindən asır.

Bir azdan Aşıq Nuru gəlir. Şenlik özünü təqdim edir və on­dan saz çalmağı öyrənmək istədiyini deyir. Nuru Şenliyin şöhrətini eşitmişdi, lakin ilk dəfə görürdü. “Ay bala, yoxsa o Çıl­dırda başına soyuq dəyən, haqq aşığı dedikləri gədə sən­sən?” deyə soruşanda Şenlik yalnız “bəli” deyir. Aşıq Nuru qal­xıb sazını köynəyindən çıxaranda baxır ki, sazdan əsər-əla­mət yoxdur. Şenliyin üzünə baxaraq “İndi məni yaxşı dinlə, əgər arxamca gələ bilsən, sənə saz çalmağı öyrədəcəyəm. Yox, əgər cavab verə bilməsən, gəldiyin kimi geri − Çıldıra qayıdar­san” deyib ustadı Xəstə Hasanın bir divanisini söyləyir:

Abi-çeşmim göllərində sona da bir, qaz da bir,

Süsən, sünbül, mor bənövşə, bülbül ötər yazda bir.

Vaqif dərddən xəbərdardır, Gövhərin qiyməti yox,

Qul Qarani, Qara Zülal, Aşıq Ömər sözdə bir.


Xəstə Hasanın bu sözlərinə Şenliyin verdiyi cavab belə­dir:
Dəli könül abdal olmuş, qış da birdi, yaz da bir,

Dolanır bağı, səhranı, çöl də birdi, düz də bir.

Könül arar sevgisini, düşmüşəm ahu-zara,

Bütün dünya mənim olsa, çox da birdi, az da bir.

Beləliklə, Şenlik Xəstə Hasanın üç qitə sözünə uğurla ca­vab verdikdən sonra sənətkarlıq qüdrətini və hazırcavablıq qa­biliyyətini bu məşhur saz və söz ustadına sübut etmiş olur. Şen­lik Aşıq Nurunun yanında bir müddət qalıb saz çalmağı öyrəndikdən sonra kəndinə qayıdır (96, 16).

Çox sonralar Aşıq Şenlik özü ustad aşıq olduğu vaxt san­ki tarix təkrar olmuş, bu dəfə Aşıq Nurunun oğlu Balakişi saz və söz öyrənmək üçün Lebis kəndindən Suxaraya, ata­sı­nın keçmiş şəyirdi Aşıq Şenliyin yanına gəlmişdir.

Maraqlıdır ki, Aşıq Nəsibin oğlu İshaqın da yaxşı təbi ol­muşdur. Atası öləndən sonra aşıqlıq sənətini dərindən öy­rən­mək üçün atasının yaxın dostu Aşıq Balakişinin yanına get­miş, kim olduğunu bildirmiş və şəyirdliyə başlamışdır. La­kin elə hə­min vaxtlar Axıskadan yerli əhalini Qazaxıstana sür­gün et­miş­lər və İsaq öz kəndlərinə qayıtmaq məcburiy­yə­tin­də qalmışdır.

Aşıq Şenlik öz sənəti ilə Azərbaycan və Anadolu aşıq­la­rı arasında körpü rolunu oynamış, bu iki bölgənin ortaq xüsu­siyyət­lərini və özəlliklərini özündə birləşdirmişdir. Aşıq Şen­li­yin Qars-Gümrü və Borçalı aşıq məktəbinə mənəvi bağlılığı və təsiri inkarolunmaz bir həqiqətdir.

“Böyük türk klassikləri” ensiklopediyasında Aşıq Şenlik haqqında oxuyuruq: “Bəzi qaynaqların doğum tarixini 1848 və ya 1853-cü il olaraq verdiyi aşığın əsl adı Hasandır” (98, 219). Aşığın təvəllüd tarixini qarışdırsalar da, onun 1913-cü il­də vəfat etdiyi dəqiq məlumdur və öləndə 63 ya­şında olduğu bili­nir. Bütün bunları nəzərə alaraq, bir çox mən­bələrə və aşı­ğı şəxsən tanıyanların sözlərinə görə, onun doğum tarixi 1850-ci il olaraq qəbul edilmişdir.

Aşıq Şenlik çoxlu divani, qoşma, ayaqlı qoşma, təcnis, cı­ğalı təcnis, bayatı və digər janrlarda əsərlər yaratmışdır. O, dövrünün ağsaqqalı olmuş, Şərqi Anadolunun üç vilayətinin rus­ların əlində olduğu zaman vətənə sevgi, düşmənə nifrət ru­hun­da şeirlər yazaraq xalqı qələbəyə səsləmişdir.

Ağbaba-Çıldır aşıq mühitinin zirvəsi olan Aşıq Şenlik bir çox saz havalarının yaradıcısıdır. Onun yaratdığı “Çıldır di­vanisi”, “Dəli hicranı”, “Çıldır gözəlləməsi”, “Çıldır çuxur­başı” və başqa havalar Aşıq Nəsib tərəfindən qorunmuş və şə­yirdləri vasitəsilə günümüzə qədər gəlib çatmışdır. On iki simli sazda yaradılan Çıldır saz havaları ənənəvi olaraq üç kök üstündə (şah pərdə, baş pərdə, orta pərdə) ifa olun­muş­dur. Çox təəssüf ki, bu havaların xeyli hissəsi unudulmuş, yaddaş­lardan silinmişdir. Ümumiyyətlə, Ağbaba-Çıldır aşıq mək­­tə­binin saz havaları başqa mühitlərin havalarından fərqli­dir. Aşıq Nəsib bu havaları yaşadıb mühafizə etmiş, özü də bir neçə hava ya­ratmış, bunlardan birinin adını bir şeirində çək­mişdir:

“Baharı” qaldı Bahardan,

Ürəyimdə bir sim oldu.

Caduladı dərdim məni,

Bir qırılmaz tilsim oldu (13, 16).

Aşıq Nəsib Ağbaba-Çıldır havalarının taleyindən o qə­dər narahat olmuşdur ki, onları qorumaq və gələcək nəsillərə çatdırmaq üçün ağlagəlməz üsullara əl atmışdır. Aşıq İskən-dər Ağbabalının xatirələrində oxuyuruq: “Bir gün ustadım qa­ra­gözdü Quranı qavağıma qoyuf, maa Qurana əl basdırıf and iş­dirdi ki, Çıldır havalarını kişi kimi qoruyuf saxlayacaxsan. Mən də and işdim. İndi o vaxtdan çox keçif, ustad da rəhmətə getdi, mən də qocaldım, əmbə o andı unutmadım, öz havala­rımızı sazımda, sözümdə yaşatdım. Əlbət ki, bu elə böyüh şey dəyil, əmbə gördüyüm iş budu” (12, 179).

Aşıq İskəndər Ağbabalı Çıldır aşıq havaları haqqında də­yərli bilgilər verərək onları belə xarakterizə edir: “Bizdərdə Çıl­dır aşıq havaları geniş yayılıf. Ona görə ki, uzun müddət Ağ­baba, Qars, Çıldırnan Axılkələh Çıldır addanıf, buraya Çıl­dır qəziyəsi də deyiflər. Çıldır havalarının çoxu yanıqlı, həmi də yaralıdı. Çünki vaxtıynan dədə-bavalarımızın başda­rına o qə­dər işdər gəlif ki... Həmi də bu yerrərdə müharibələr az ol­muyuf. Camahat orya-burya köşsə də, ara səngiyən kimi ye­nidən öz yerinə-yurduna qayıdıf, həyə, Çıldır havaları yaralı havalardı, əmbə Çıldır deyəndə burda Aşıx Şennih başda gəlir. Çünki onun xeylax havaları var, həmi də o, Çıl­dırda çox ta­nınmış adam oluf, böyüh hörmət qazanıf. İndinin özündə də çox yerrərdə ona böyüh hörmət-möhübbət var. Aşıx Şenniyin “Çıl­dır təcnisi”, “Çıldır qaytarması”, “Ağba­vayı”, “Xoş­dama­ğı”, “Dəli hicranı” kimi saz havaları var. Bunların içində “Xoş­damağı” çox yaxşı havadı. Həmi oynax, həmi şux, həmi də adama ruh verən havadı. Rəhmətdih Şen­nih bu havıyı ca­van vaxtdarında səvgisinin görüşünə gedəndə yaradıf. “Dəli hicranı” saz havasında oxumax çətindi, güjdü səs lazımdı. Bə­zi aşıxlar bu havıyı bilmillər. Var “Hicranı”, “Dol hicranı”, bir də “Dəli hicranı”. Həyə, yaralı havalardan biri də “Çıldır at­üstü”südü. Bu hava ellər arannan yaylağa köçən vaxtınnan qalıf, əmbə illər keşdikcə yanğılığı, yaralı olmağı artıf. Çıldır aşıx havalarının içində gözəlləmələr də az dəyil. “Qars gö­zəlləməsi”, “Ağbaba gözəlləməsi”, “Şörəyel gözəlləməsi”. Əmbə dədələrimizin addarıynan addanan hava­lar da var. “Daş­danoğlu”, “Summanı”, “Aşıroğlu”, “Bayra­mı”, “Qa­ra­ça”, “Urfanı”, “Ruhani” (12, 175).

Ağbaba-Çıldır aşıq mühiti öz regional spesifikası ilə se­çi­lən qədim saz havalarını və onların yüksək professional­lıqla ifa­sını əsas sənət keyfiyyəti kimi yaşatmışdır. Bu havaların özünə­məxsusluğunu və bənzərsizliyini xüsusi mü­ha­fizə­kar­lıq­la qoruyan aşıqlar onları muğam sənətinin təsir­lərindən aralı tu­ta bilmişlər.

Ağbaba-Çıldır saz havaları haqqında dərin məlumatı ye­nə də bu mühitin ən son nümayəndələrindən hesab olunan Aşıq İskəndər Ağbabalıdan alırıq: “Onu da deyim ki, indi çoxu “Qaracı”ya (“Qaraca”ya – N.Ə.) “Qaraçı” deyir, bu, düz­gün deyil. Qaracaoğlunundu. O, bu havıyı atası Qaracanın adıy­nan addandırıf. Aşıx Qaraca böyüh el şayırı, aşıx oluf, əmbə sözdərinnən az qalıf. “Ruhani” saz havasını Aşıx Ruha­ni, “Urfanı”yı Xoca Süleyman Urfanı yaradıf. İndi “Keşiş­oğlu” deyilən havanın əsli adı “Süründürmə”di, yaradanı Aşıx Summanıdı, “Sarıyaylıx” havası çox qədim havalar­dandı. Bu haxda bir nağıl da var. Deyilənə görə, bu, ayrılıx­dan yaranıf. “Çalpapax”, “Diyarbəkiri”, “Köşəbaşı”, “Gülən­damı”, “Dər­bə­dəri” kimi saz havalarımız da var. Əmbə bir çox ha­va­ları­mız var ki, bunnar göy havaları, səmavi hava­ları­dır. Bu hava­la­rı oxuyanda aşıx cuşa gəlir, üzünü göyə tutur. Belə havalar “Ruhani”, “Urfanı”, “Osmani divanisi”di. Ayrı-ayrı yerrərnən bağ­lı havalarımız da var. Məsələn, elə “Otalı qızı”. Bu havıyı Aşıx İsmayıl Aralıxlı Ota kəndində yaradıf. Elə havalar var müəyyən əhvalatnan bağlıdı, bir şeyi bildirir. Elə götürəh “Köşəbaşı”nı. Bu hava, necə deyəllər, aşığın özünün özünə he­sabatıdı. Əmbə elə havalar var, adı bir olsa da, sayı xey­laxdı. Elə bunnardan biri nanaylardı. Nanaylar bir neçə cürdü. Var “Gəlin nanayı”. Bunu az adamlar bilir. Var “Yar nanayı”, Nov­ruz bayramında oxunur, var “Payız nana­yı”. Havalardan “Zarıncı”, “Ağbava zarıncısı” maraxlı hava­lar­dı. “Ağvaba za­rın­cısı” Aşıx Qərif Hasanındı, onun bir “Qə­ri­vi” havası da var, çox qəmli havadı. “Zarıncı”yı həmişə canınızdan, canı­mız­dan irağ, ölən aşığın üstə çalallar, sonra sazı ölünün tabu­tu­na qoyallar, əmbə ölü məzərə qoyulmamış sazı onun yanın­nan götürəllər. Bu, bir qayda, bir qanun oluf. Maraxlı ha­valar­dan biri də “Qəza nişanı”dı. Onu da deyim ki, ustadım Aşıx Nə­si­vin də bir neçə havası var. “Baharı”, “Şörəyel gözəllə­mə­si”, “Tərcümanı”, “Şörəyeli”. Qədim ha­va­ları­mızdan yadda qala­nı az oluf. Beləsinnən biri “Qurd­oğlu”du. Əmbə yaş­dıla­rın deməyinə görə, qabaxlar bizlərdə “Sofu havaları” deyilən maraxlı havalar oluf. Bu havaları dərvişdər də, qələndərrər də oxuyallarmış, əmbə bizim əli­mizə gəlif çatmayıf” (12, 176).

Ağbaba-Çıldır aşıq mühitini öz lokal-regional spesifika­sı ilə xüsusi seçilən, lokal çevrədə özünəməxsus sənət ele­mentlərinə malik zəngin ocaqlardan biri kimi səciyyələndirən H.İsmayılov bu mühitin saz havalarının bir qədər Göyçə, Bor­ça­lı havalarına bənzədiyini, daha çox Urmiya havalarına yaxın olduğunu göstərir. O, əlavə olaraq “Çıldır zinharısı”, “Çıldır çuxurobası”, “Sarı yaylıq”, “Ağbaba gözəlləməsi”, ”Çıldırı” kimi saz havalarının, sufi havalarından “Ağam hey”, “Göy atlı”, “Sirri-sübhan”, “Rəhmanı”, nanaylardan “Ota na­na­yı”, “Aşıq Tüccarın nanayı” havalarının adını çəkir (13, 3).

Yekun olaraq demək olar ki, təqribən 40 orijinal saz ha­va­sına sahib olan, “Borçalı və Qars mühitləri arasında yer­ləşən Çıldır aşıq mühiti özündə həm Azərbaycan, həm də Anadolu aşıqlığının özəlliklərini cəmləşdirir. Ümumi nisbət­də Azərbaycan aşıq sənətinə məxsus xüsusiyyətlər-ifa tərzi və repertuar şəbəkəsi daha qabarıqdır. Təksazlı ifaçılığa əsasla­nan bu mühit aşıqlaşmış ozanlar qrupuna daxildir. Bardaş qurub oturaraq çalıb-oxumaq ənənəsi də Çıldır aşıqlarının ifaçılığında müəyyən yer tutmuşdur” (58, 204).

Ağbaba-Çıldır aşıq mühiti bu gün, təəssüf ki, öz bütöv­lü­yünü itirmişdir. Bu mühitin Gürcüstana qatılan və hazırda “Mesxet-Cavaxetiya” adlanan bölümü təxminən 70 il bundan əvvəl türklərin Orta Asiyaya və Qazaxıstana sürgün edilməsi və amansız repressiyalar nəticəsində tam tənəzzülə uğramış­dır. Həmin mühitin Ermənistana qatılan Ağbaba kəsimi 20 il əvvəl baş verən deportasiya nəticəsində zor gücünə dağıdıl­mış, ağbabalı aşıqlar Azərbaycanın müxtəlif guşələrinə səpə­lən­mişlər.

Mahalın Türkiyə ərazisində qalan və indi də “Çıldır” adı­­nı daşıyan hissəsi isə Anadolu aşıq sənətinə uyğunlaş­mışdır (96, 21). Ona görə də bu gün bir küll halında Ağbaba-Çıl­dır aşıq mühitindən deyil, yalnız Çıldır aşıq mühitindən danışmaq mümkündür.

Belə bir qaynar mühitdə yetişib formalaşmış Aşıq Nə­si­bin həyatına və yaradıcılığına gəlincə, onun sovet haki­miyyə­ti­nə və erməni daşnaklarına qarşı sonsuz nifrəti, sosia­lizm qu­ruluşuna qarşı mənfi, hətta düşmən mövqeyi bu sənət­karın əsər­lərinin nəinki yazılı, hətta şifahi təbliğinə, nəşrinə icazə veril­məməsinə gətirib çıxarmışdır. Ona görə də bəzi istisna­lar­la Aşıq Nəsib haqqında olduqca az yazılmış, onun zəngin irsi toplanmamış, yaradıcılığı araşdırılmamışdır.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə