10
toqquşmaq fikrindən daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə,
Makedoniyalı İsgəndərin işğalları Azərbaycandan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə
bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və
nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk
müstəqil dövlətə çevirdi.
Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub rayonlarında iqtisadi və mədəni
həyatın bütün sahələrində böyük yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun
beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik
Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı.
Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı.
Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik
mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması,
başqa sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları
daha da təkmilləşirdi.
Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən
bəhrələnən
Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya
və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə
soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları
bütün regionda ən güclü hərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə
Atropatena 40 min piyada və 10 min süvari çıxarmışdı. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi
qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası
özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib
imperator Oktavian Avqustla (e.ə. 27-e.14) diplomatik danışıqlar aparmışdılar.
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və
ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər,
qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq
şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli
Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.
Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da
inkişaf
etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər
açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı. Şimalla Cənubun,
Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa
girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi. Bu, dövlətin həyatında
mühüm rol oynayırdı. Aya, Göyə, Günəşə sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban
kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.
Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban
hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi
qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari)
aşmışdı.
Albaniya hökmdarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Məşvərət şurasına və ruhani
yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena
kimi Albaniya dövlətinin də
öz pulları vardı. Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi sisteminə malik olan Albaniya
dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə
aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə
ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa
məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də
Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani,
Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət
yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə ölkənin müstəqilliyini qoruyub saxlaya
bilmişdi.
Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı
münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də
geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin
maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş
əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə