Mötəbər mənbələrdən verilən məlumatlara görə hakim və prokurorlar Prezident
Administrasiyası və Ədliyyə Nazirliyindən xüsusilə beynəlxalq müşahidəçilərin marağını cəlb
edən hallarla bağlı göstərişlər almışlar. Hakimlərin əmək haqları 2008-ci ilə qədər əvvəlki bir
neçə il ərzində davamlı surətdə artırılsa da hakimlərin vaxtaşırı qaydada rüşvət aldıqlarına dair
etibarlı məlumatlar var. İl ərzində Ədliyyə Nazirliyi 10 hakimin inzibati məsuliyyətə cəlb
edilməsinə dair məlumat versə də Məhkəmə-Hüquq Şurası 22 hakimi inzibati məsuliyyətə cəlb
etdiyini və il ərzində iki məhkəmə sədrinin öz vəzifəsindən uzaqlaşdırdığını bildirmişdir.
9 fevral tarixində Prezident 2009-2013-cü illərdə ədliyyə sisteminin inkişafı üzrə Dövlət
Proqramını nəzərdə tutan sərəncamı imzalamışdır. Proqramın hədəflərinə qanunvericiliyin
təkmilləşdirilməsi və
kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması
daxildir.
Hüquq Təhsili Cəmiyyətinin (HTC) 2008-ci ildə hakimlərə qarşı inzibati məsuliyyətə dair kitab
buraxmasından sonra kitabda adları
çəkilən hakimlərdən biri, Hakim Qəzənfər Kərimov HTC-
nin rəhbəri İntiqam Əliyevi və onun həmredaktorunu “şərəf və ləyaqətin alçaldılması”na görə
məhkəməyə verdi. HTC kitabında bildirilmişdir ki, hakimlərə qarşı inzibati qərarlar çox vaxt icra
edilmir və buna misal kimi, Kərimov barəsində məhkəmə qərarının mətnini Məhkəmə-Hüquq
Şurasının internet səhifəsindən götürmüşdür. İl ərzində rayon və apelyasiya məhkəmələri
hakimin xeyrinə hökm çıxararaq Əliyevdən cərimə ödəməyi, bunun təkzibini çap etməyi, üzr
istəməyi və kitabın bütün nüsxələrini geri götürməyi tələb etmişdir. İlin sonuna kimi Əliyevin
şikayəti Ali Məhkəmədə hələ də baxılmaqda idi. Müşahidəçilər əmin idilər ki, səlahiyyətli
orqanlar Əliyevi və onun layihəsini icra hakimiyyətinin məhkəmə sistemi üzərində nəzarətini
ifşa etdiyi üçün hədəfə alıblar.
Ümumi yurisdiksiyalı məhkəmələr cinayət, mülki və yeniyetmələrlə bağlı işlərə baxmaq
hüququna malikdir. Rayon məhkəmələri bu işlərin çoxuna baxır. Ağır Cinayətlərə dair İşlər üzrə
Məhkəmə cinayətin qəsdən törədildiyi və yeddi ildən çox həbs cəzasının təyin edilə biləcəyi
işlərdə birinci instansiya məhkəməsi kimi çıxış edir. İşlərə üç hakimdən ibarət heyət tərəfindən
baxılır. Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə hərbçilər tərəfindən törədilmiş ağır
cinayətlərlə bağlı eyni cür fəaliyyət göstərir. Rayon məhkəməsində və ya Ağır Cinayətlərə dair
İşlər üzrə Məhkəmədə ilk məhkəmə dinləmələrinə ya bir hakim və ya üç hakimdən ibarət heyət
rəhbərlik edir. Apelyasiya Məhkəməsində baxılan işləri isə üç və ya daha çox hakimdən ibarət
heyət dinləyir. Ali Məhkəmə işlərə ilkin olaraq üç hakimdən ibarət tərkibdə baxır. Onların
hökmundən ən ali məhkəmə instansiyası olan və doqquz hakimdən ibarət Plenuma şikayət edilə
bilər. Bütün ölkə vətəndaşları konstitusiya ilə bağlı məsələlərlə Konstitusiya Məhkəməsinə
şikayət etmək hüququna malikdir.
Konstitusiya bir şəxsin eyni cinayətə görə iki dəfə məhkəmədə işinə baxılması və/ya ittiham
edilməsini qadağan etsə də Səyyarə Heydərova 2005-ci ildə həbs edildiyi hadisə ilə bağlı 22
aprel tarixində həmin hadisə ilə əlaqədar olaraq yenidən şərti olaraq məhkum olunmuşdur.
Heydərova 2005-ci ildə yaşadığı binanın həyətindəki ağacların qanunsuz kəsilməsinin qarşısını
almağa cəhd edərkən həbs edilmişdi. O, dörd nəfəri döydüyünə görə ittiham edilmiş və
həbsxanaya göndərilmişdi. Yerli insan hüqüqları müdafiəçiləri əmindirlər ki, o, həyətlərində
aparılan tikinti işlərinə qarşı şikayət etmək üçün qonşularını bir araya gətirdiyinə görə həbs
edilmişdir. Heydərova 2007-ci ildə həbslərinə etiraz əlaməti olaraq, aclıq aksiyasına başlamış və
aclıq aksiyasında iştirak edən digər qadın məhbus öldükdən sonra azadlığa buraxılmışdır.
Heydərova ikinci dəfə şikayət etsə də ilin sonuna onun şikayəti baxılmaqda idi.
Ölkə 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra vətəndaşlar iş üzrə Ali Məhkəmənin ilk
hökmü verildikdən sonra altı ay ərzində onun qərarlarından Avropa İnsan Hüquqları
Məhkəməsinə şikayət etmək hüququ əldə etdilər. Əvvəlki illərdə olduğu kimi, vətəndaşlar il
ərzində bu hüquqdan tez-tez istifadə ediblər. Avropa Məhkəməsi hesab etmişdir ki, hökumət
əleyhinə çıxardığı 12 hökmdən heç biri ilin sonuna tam icra edilməmişdir.
8 oktyabr tarixində Avropa İnsan Hüquqları Məhkəməsi hökumətə qarşı qaldırılmış iki işə dair
hökm çıxardı. Məhkəmə Ədliyyə Nazirliyinin təşkilatı qanunsuz olaraq ləğv etdiyini iddia edən
Təbiəti Mühafizə Cəmiyyəti adlanan bir QHT və onun sabiq sədri Sabir İsrafilovun xeyrinə
hökm çıxarmışdır. Məhkəmə İsrafilova pul təzminatının verilməsini müəyyən etmişdir.
Məhkəmə həmçinin 1994-cü ildə Bakı metrosunda partlayışın törədilməsində ittiham edilən
Rahib Maksimovun xeyrinə də hökm çıxarmışdır. Məhkəmə qərara almışdır ki, hökumət
Maksimovun apelyasiya şikayətinə düzgün baxmamış və apelyasiya şikayətinə yenidən baxmağı
tövsiyə etmişdir..
Məhkəmə-Hüquq Şurası hakimlərə təlimlərin keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla
əməkdaşlığını davam etdirmişdir.
Məhkəmə prosedurları
Dövlət, kommersiya və ya peşə sirləri və yaxud da məxfi, özəl və ya ailə məsələlərini nəzərdə
tutan işlər istisna olmaqla, qanun açıq məhkəmə iclasının keçirilməsini təmin edir. Amma il
ərzində beynəlxalq müşahidəçilər bu qanunun təcrübədə icrası zamanı çoxsaylı pozuntular aşkar
ediblər.
Qanun cinayət işlərində təqsirsizlik prezumpsiyasını təmin etsə də, sübutlara baxılması,
məhkəmədə müttəhimlərin şahidlərlə üzləşdirilməsi və sübutları
təqdim etməsi, imkansız
müttəhimlər üçün məhkəmənin təsdiq etdiyi vəkillərin tutulması, müttəhim və prokurorlar üçün
apelyasiya hüquqlarına təcrübədə riayət edilməmişdir.
Beynəlxalq müşahidəçilər hakimin müttəhimi öz hüquqları barədə və ya ona qarşı irəli sürülmüş
ittihamlar barədə məlumatlandırmamasına dair çoxsaylı hallar aşkar etmişlər. Təqsirsizlik
prezumpsiyasının aşkar şəkildə pozulmadığı hallarda belə, təqsirli bilinən şəxsin əlləri qandallı
bağlı dəmir qəfəsə salınması praktikası dolayı yolla bu hüququn pozulmasını göstərir. Bundan
əlavə, hakimlər çox vaxt hökmü açıq oxumamışlar ki, bu da müttəhimin hökmun arxasında duran
səbəbi bilməməsi ilə nəticələnmişdir.
Andlılar məhkəməsindən istifadə edilməyib. Xarici və yerli müşahidəçilərin məhkəmələrdə
iştirakına adətən icazə verilsə də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə və Hərbi
Cinayətlərə
dair İşlər üzrə Məhkəmə 2006 və 2007-ci illərdə ATƏT-in məhkəmə müşahidəçilərinin girişini
ciddi surətdə məhdudlaşdırmışdır. Bəzi dinləmələrdə oturacaq yerlərinin kifayət qədər olmaması
və kiçik məhkəmə otaqları dinləmədə insanların iştirakının qarşısını almışdır. Məhkəmənin vaxtı
və keçirilmə yerinə dair məlumat çox vaxt mövcud olsa da, burada da istisnalar olmuşdur,
xüsusən də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ilə bağlı.