344
malından üstün tutan, ona tapşırılmış işləri vicdanla yerinə yetirən qadındır. Qeyd
etmək lazımdır ki, aktrisanın yaratdığı istər mənfi, itərsə də müsbət obrazlar incə
lirizmi, yumor hissi ilə seçilir.
1969-cu ildə çəkilmiş "Qanun naminə" filmində aktrisanın qəhrəmanı
qızının xoşbəxtliyini əsl məhəbbətdə deyil, var-dövlətdə görən dardüşüncəli
meşşan bir qadındır. Aktrisa qəhrəmanının günü-gündən necə böyük səhvlər
buraxmasını, qızını necə uçuruma yuvarlatmasını məharətlə açıb göstərə bilmişdir.
Bunun ardınca Nəsibə Zeynalova "Bizim Cəbiş müəllim" (1970) filmində
oynamışdır. Ağır müharibə illərinə həsr olunan filmdə sadə azərbaycanlıların
qələbə naminə canla-başla fəaliyyət göstərmələri öz əksini tapmışdr. Aktrisanın
qəhrəmanı o dövr üçün mənfi obraz sayılan bir alverçidir ki, çətin zamanda əl
altından ticarətlə məşğul olur. Lakin eyni zamanda o, təmizqəlbli bir insandır və
Bakıya Rusiyadan qaçqınlar gətiriləndə məhz o, bir qaçqın qızını himayəsinə
götürür və ona doğma qızı kimi baxır.
Nəzibə Zeynalovanın 1979-cu ildə "Qayınana" filmində oynadığı
qayınana obrazı onun kinoda yaratdığı ən məşhur obrazdır. Ən maraqlı cəhət budur
ki, o, Musiqili Komediya Teatrının səhnəsində yaratdığı qayınana obrazını eynilə
təkrar etməmiş, obrazı yeni ştrixlər, jestlərlə daha da dolğunlaşdırmışdır. Təsadüfi
deyil ki, həm filmin özü, həm onun baş qəhrəmanı, həm də bu rolun ifaçısı
xalqımız tərəfindən indi də sevilməkdədir.
Son illərdə bir neçə komediyada çəkilən aktrisa yaşının çox olmasına
baxmayaraq, istedadını, sənətkarlıq sirlərini gənc nəsil aktyorlarla bölüşməyə hazır
olduğunu göstərmişdir.
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən bir neçə televiziya filmi
də xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Fəaliyyəti dövründə bir sıra
orden və medallarla təltif edilən, həmçinin fəxri adlara layiq görülən aktrisanın ən
böyük mükafatı tamaşaçıların məhəbbətidir.
Nəsibə Zeynalova 2004-cü ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda
dəfn olunmuşdur.
345
XX əsrin sonların da
Azərbaycan xalqının azadlıq
hərəkatında önəmli rol oynamış şəxsiyyətlədən biri Əbülfəz
Elçibəydir. Hələ gənc yaşlarından sovet hakimiyyətinin
Azərbaycan qarşı yeritdiyi qərəzli siyasətə qarşı etiraz edən,
bununla yanaşı mübarizə aparmağa çalışan Əbülfəz Elçibəy
təqiblərə məruz qalsa da, öz amalından dönməmişdir.
Ömrünün sonuna qədər siyasi fəaliyyətlə məşğul olan
Ə.Elçibəy siyasi partiya rəhbəri olmuşdur.
1991-ci ildə müstəqillik qazanmış Azərbaycanı güclü
görmək istəyən Elçibəy bu istiqamətdə fəaliyyət göstərmiş,
1992-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti
seçilmişdir.
Azərbaycan tarixinə Əbülfəz Elçibəy görkəmli
ictimai xadim, azadlıq mübarizəsinin liderlərindən biri, 1992-
1993-cü illərdə Azərbaycan Respublikasının prezidenti və
şərqşünas alim kimi daxil olmuşdur.
Əbülfəz Elçibəy
(1938-2000)
Əbülfəz Qədirqulu oğlu Elçibəy (Əliyev) qədim Azərbaycan yurdu
Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur. Tarixi
abidələrlə zəngin olan diyar, dədə-babaların qəhrəmanlıqları
haqqında
ağsaqqalların söhbətləri onun dünyagörüşünün formalaşmasına böyük təsir
göstərmişdir. Burada ibtidai və orta təhsilini aldıqdan sonra o, qədim tariximizi,
soyköklərimizi araşdıran alim olmaq istəyi ilə Bakıya gəlmişdir.
Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verən Ə.Əliyev Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil
olmuşdur. Tədris olunan fənlərə böyük diqqətlə yanaşan tələbə dərs proqramında
nəzərdə tutulan materialların öyrənilməsi ilə kifayətlənmir, şəxsi mütaliə sayəsində
şərqşünaslıq elminin əsaslarına dərindən yiyələnməyə çalışırdı.
1962-ci ildə universiteti müvəffəqiyyətlə bitirən Əbülfəz Əliyevə burada
qalıb aspiranturada təhsilini davam etdirmək tövsiyə olunur. O, aspiranturaya qəbul
imtahanlarını verir və əyani aspirant kimi təhsilini davam etdirir. Paralel olaraq o,
Bakı Layihələşdirmə İnstitutuna işə qəbul olunur. O dövrdə Sovet İttifaqı bir çox
Şərq ölkələrinə müxtəlif sahələr üzrə köməklik edirdi. Təbii ki, bunun müqabilində
sovet liderləri həmin ölkələrdə sovet hakimiyyətini qurmağa çalışır, onları
"sosialist inkişafı yoluna" cəlb etməyə cəhd göstərirdilər. Şərqin astanasında olan
Azərbaycan bu yardım prosesində öndə gedir, bir çox azərbaycanlı mütəxəssislər
müxtəlif Şərq ölkələrində fəaliyyət göstərirdilər. Ona görə də Əbülfəz Əliyev
instituta tərcüməçi kimi işə götürülür.
346
Çox keçmədi ki, onun öz biliyini nümayiş etdirmək imkanı yarandı. 1963-
cü ildə o, azərbaycanlı mühəndislərlə birgə Misir Ərəb Respublikasına yollandı.
Burada Asuan bəndinin inşa edilməsində Ə.Əliyevin də əməyi az olmamışdır.
Misirdə olduğu dövrdə o, sovet rejiminin ikiüzlü siyasətini görmüş, sovet
siyasətçilərinin siyasi maraqlar naminə ən sadiq müttəfiqlərini belə zərbə altında
qoymaq xüsusiyyəti onda ikrah hissi yaratmışdır. O, sovetlərin Azərbaycanda
yürütdükləri siyasət barəsində də düşünməyə başlamışdır.
Vətənə qayıtdıqdan sonra elmi işi üzərində fəal çalışan Əbülfəz Əliyev
1967-ci ildə aspiranturanı bitirmiş, 1969-cu ildə "Tulunilər dövləti" (orta əsrlərdə
Misirdə mövcud olmuş türk-müsəlman dövləti) mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək tarix elmləri namizədi adı almışdır. Hələ 1968-ci ildə
o, Azərbaycan Dövlət Universitetinə müəllim qəbul edilmişdir.
Bu dövrdə artıq püxtələşmiş ziyalı olan Əbülfəz Əliyev sovet
tarixşünaslığında Azərbaycan tarixinin saxtalaşdırılması, əzəli Azərbaycan
torpaqlarının özgələşdirilməsi, tarixi qəhrəmanlarımızın ifrat təqdiminə etiraz
edirdi. O anlayırdı ki, bütün bunlar xalqımıza qarşı yönəlmiş bir vahid zəncirin
halqalarıdır.
Əbülfəz Əliyev 60-cı illərin sonunda azadfikirli tələbələrdən bir neçə qrup
təşkil etdi. Bu qruplar özünüdərketmə şüurunu yaratmaq məqsədi ilə gənclər
arasında təbliğat işi aparırdı. Onlar əsl Azərbaycan tarixini sübut etməyə çalışır,
sovet siyasətinə qarşı etiraz edirdilər. Lakin 1975-ci ildə qruplar ifşa olundu və
Əbülfəz Əliyev dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edildi.
Bir ili təcridxanada keçirməsinə baxmayaraq, Əbülfəz Əliyev öz
fikirlərindən dönmədi. 1976-cı ildə həbsdən buraxılaraq o, Azərbaycan SSR Elmlər
Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlayır.
Əməllərində cinayət elementləri tapa bilməyən sovet cəza orqanları,
bununla belə, onun ideyalarının gələcəkdə böyük təhlükə törədəcəyini anlayır və
onu gənc nəsildən, tələbələrdən uzaqlaşdırır. Əlyazmalar üzərində ciddi tədqiqatlar
aparan, tariximizin qaranlıq səhifələri barəsində yeni-yeni məlumatlar əldə edən
Əbülfəz Əliyev sonralar institutda baş elmi işçi, aparıcı elmi işçi işləyir.
Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar geniş vüsət alan
ümumxalq hərəkatı Əbülfəz Əliyevin həyatına böyük təsir göstərir. Ermənilərin
tarixi ərazilərimizə göz dikdiklərini, öz havadarlarının köməyi ilə zaman-zaman
Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürütdüklərini açıq bildirərək o, sovet
hökumətinə bel bağlamamağa çağırır, çıxış yolunu müstəqilliyin qazanılmasında
və milli ordunun yaradılmasında görürdü.
Pərakəndə halda Bakıda başlayan azadlıq hərəkatı təşkilatlanmağı tələb
edir və 1989-cu il iyunun 16-da Bakıda "Azərbaycan Xalq Cəbhəsi" (AXC)
yaradılır və Əbülfəz Əliyev onun sədri seçilir (o elə bu dövrdə "Elçibəy"
Dostları ilə paylaş: |