Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə27/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   27

23. MƏRKƏZLƏŞDİRİLMİŞ VAHİD AZƏRBAYCAN DÖVLƏTİ
 
Bir gün Orxan valideynləri ilə birgə Fəxri Xiyabana getmişdi. Onlar ulu öndərimiz Heydər
Əliyevin məzarını ziyarət edib əllərindəki gülləri məzar üzərinə qoydular. Məzarın üzərində gül-
çiçəyin çoxluğunu görən Orxan heyrətləndi. Həmin gün sanki şəhər də başdan-başa güllərdən
libas geyinmişdi. Orxan atasından bunun səbəbini soruşdu. Atası dedi: — Oğl um, bu gün ulu
öndərimiz Heydər Əliyevin anadan olduğu gündür. Xalqımız bu günü bax belə təntənə ilə qeyd
edir. Axı o dahi şəxsiyyət parçalanmaqda olan Vətənimizi yumruq kimi birləşdirib.
Arzu edirəm ki, sən də böyüyəndə Vətəninə layiq övlad olasan.
Tariximizdə vahid dövlət quran hansı şəxsiyyətləri, hökmdarları tanıyırsan? Adlarını dəftərinə
qeyd et.
Ağqoyunlu dövlətinin daxildən zəifləməsi hansı nəticələrə səbəb oldu? XV əsrin sonlarında
Azərbaycanın qarışıq siyasi vəziyyəti kimlərin güclənməsinə imkan yaratdı?
Azərbaycan Səfəvi dövlətinin yaranması. Ərdəbildən Ərzincan
bölgəsinə gələn qızılbaşlar artıq parçalanmış Azərbaycanı birləşdirmək
üçün əvvəlcə Şirvanı tabe etməyi qərarlaşdırdılar. Əgər birbaşa
Təbrizə hücum edilərdisə, dərhal üç qüvvə ilə — Ağqoyunlu Əlvənd
padşah və Muradla, habelə Şirvanşah Fərrux Yasarla toqquşmalı
olardılar. Beləcə qızılbaşlar müqavimətə rast gəlmədən Şamaxını
tutdular. Fərrux Yasarla həlledici döyüş Cabanı adlanan yerdə baş
verdi. Səfəvi qoşunu qələbə qazandı. Fərrux Yasar döyüşdə öldürüldü.
Şirvanşahlar dövlətinin xəzinəsinin bir hissəsi ələ keçirildi. Xəzinənin
əsas hissəsi isə paytaxt Bakıda idi. 1501-ci ilin yazında Bakı
mühasirəyə alındı.
Ərdəbil, həlledici
döyüş, Şah ismayıl
Xətai, I Təhmasib,
mərkəzləşmiş dövlət
Qızılbaşların Təbrizi
ələ keçirməkdə
məqsədi nə idi?
Fikrini bildir.


Şah İsmayıl 
Ağqoyunlu Murad padşah
Səfəvi dövləti üçün nəyə görə
təhlükə hesab olunurdu?
Fikrini bildir.
Səfəvilər şəhəri tutdular. Qızılbaşlar Şirvanşahların bütün
xəzinəsini ələ keçirdilər. Bu zaman qızılbaşl ara başçılıq edən
gənc İsmayıl Ağqoyunlu Əlvənd padşahın Təbrizdən yürüşə
başlaması xəbərini aldı. 1501-ci ilin yayında Şərur düzündə
Ağqoyunlu Əlvənd padşahla həlledici döyüş oldu. Döyüş
Səfəvi qoşununun qələbəsi ilə başa çatdı.
İsmayıl 1501-ci ilin payızında böyük təntənə ilə Təbrizə daxil
oldu. Qızılbaş əyanları İsmayılı şah elan etdilər (1501—1524).
Şah İsmayılın adına məsciddə xütbə oxundu, onun adına pul l ar
zərb edildi. Beləliklə, paytaxtı Təbriz olmaqla yeni bir
Azərbaycan dövlətinin — Səfəvi dövlətinin əsası qoyuldu.
Səfəvilər dövləti yarandığı gündən etibarən ölkəmizin
şimalında Şirvan, Qarabağ, Naxçıvan və Muğanı, cənubda isə
Qızılüzən çayına qədərki torpaqları əhatə etmişdi.
Ağqoyunlu Murad padşah Səfəvi dövləti üçün təhlükə olaraq
qalırdı. Həmədan şəhəri yaxınlığındakı döyüşdə Ağqoyunlular
sayca çox olsalar da məğlub oldular. Ağqoyunlu dövlətinin
ikinci qoluna da son qoyuldu. Bununla tarixi Azərbaycan
torpaqlarının böyük hissəsi mərkəzi hakimiyyət ətrafında
birləşdirildi.
Bundan sonra Şah İsmayıl Xorasan istisna olmaqla bütün İranı
da özünə tabe etdi. Səfəvilərin qələbə yürüşləri davam etdi.
Bağdad şəhəri daxil olmaqla İraq, Diyarbəkir, Hilat, Bitlis
Səfəvi dövlətinə qatıldı. Səfəvi dövləti qərbdə Osmanlı
imperatorluğu, şərqdə isə Şeybanilər dövləti ilə həmsərhəd
oldu. Osmanlı sultanı II Bəyazid (1481—1512) Səfəvi dövlətini
tanıdı. Bu iki ölkə arasında münasibətlər normal olsa da,
Şeybanilərlə kəskin münasibət davam edirdi. Şah İsmayıl
Şeybanilər üzərinə də yürüş edib qalib gəldi və Heratı, Mərvi,
Xorasanı ələ keçirdi.
Səfəvi dövləti şərqdə Amudərya çayından qərbdə Fərata qədər


geniş ərazini əhatə edirdi. Səfəvi imperatorluğu beləcə yarandı.


Tapşırıq
Xəritəyə əsasən
Səfəvilər dövlətinin
sərhədlərinin sxemini
qur.
Şah İsmayıl babası Uzun Həsən kimi Qərblə əlaqələri genişləndirdi.
Portuqaliya ilə əlaqəyə girib İran körfəzi vasitəsilə Avropadan silah və
artilleriya mütəxəssisləri gətirməyə çalışdı. Lakin Qərb diplomatiyası
Uzun Həsən zamanında olduğu kimi yaranmış vəziyyətdən öz mənafeyinə
istifadə etdi: Portuqaliya fürsətdən istifadə edib Hörmüz boğazını ələ
keçirdi. Səfəvilərin Hind okeanına çıxış yolu bağlandı. Odlu silahla
təchiz olunan təqribən 100 minlik ordu ilə Sultan Səlim Səfəvi dövləti
üzərinə yeridi. Həlledici döyüş 1514-cü ildə Çaldıran düzündə oldu.
Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğım idi. Şah İsmayıl döyüşdə
yaralansa da, mühasirə həlqəsini yarıb Təbrizə doğru geri çəkildi.
Sultan Səlim Təbrizi tutdu, lakin Şah İsmayılın hücumundan ehtiyat edib
şəhəri tərk etdi.
Çaldıran vuruşması türk dünyasının ümumi faciəsi, Qərb
diplomatiyasının isə qələbəsi oldu. Çaldıran döyüşü nəticəsində Şərqi
Anadolu və Şimali İraq Osmanlı dövlətinin əlinə keçdi.


Şah I Təhmasib 
Tapşırıq
Şah Təhmasibin Osmanlıların
hücumlarına qarşı həyata
keçirdiyi tədbirləri müzakirə
edin.
Azərbaycanın birləşdirilməsinin başa çatdırılması.
Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti. Şah İsmayıl
Xətainin vəfatından sonra onun oğlu I Təhmasib taxta çıxdı
(1524—1576). Şahın kiçikyaşlı olması ölkədə feodallar
arasında çəkişmələrin başlanmasına səbəb oldu. Bəzi qızılbaş
əmirləri mərkəzi hakimiyyətə itaətdən boyun qaçırırdılar.
Osmanlı dövləti isə bu vəziyyətdən istifadə etməkdə idi.
Sultan I Süleyman Qanuninin (1520—1566) hakimiyyəti
dövründə Osmanlılar dörd dəfə Azərbaycana yürüş etdilər. Şah
I Təhmasib Osmanlı yürüşlərinin qarşısını almaq üçün bir sıra
tədbirlər gördü. O, yürüş edilən ərazidə yaşayan əhalini ölkənin
içərilərinə köçürdü. Osmanlıların əlinə keçməsin deyə ot-ələf,
malqara, yollar, bulaqlar məhv edildi.
I Təhmasib, eyni zamanda paytaxtı da Şərqə — Qəzvinə
köçürdü. Osmanlılara meyilli əmirləri itaətə məcbur etdi.
Ordu yenidən təşkil edildi. 1552-ci ildə I Təhmasib müdafiə
taktikasından imtina edib fəal hücuma başladı. Səfəvi qoşunu
Osmanlı ərazilərinə yürüş edib xeyli qənimətlə geriyə döndü.
Uzunsürən qanlı müharibələrdən sonra Sultan I Süleyman
Səfəvi dövləti ilə sülh danışıqlarına getməyi lazım bildi. 1555-
ci il mayın 29-da Amasyada Səfəvi—Osmanlı sülh müqaviləsi
imzalandı. Sülhün şərtinə görə Şərqi Gürcüstan Səfəvi
dövlətinə, Qərbi Gürcüstan isə Osmanlılara verildi. Səfəvi—
Osmanlı müharibələrinin birinci mərhələsi başa çatdı.
Şirvanşahlar dövlətinin ərazisi Səfəvi imperatorluğuna qatılmış
olsa da, Şirvan əyanları Şahruxu taxta çıxardılar (1535—1538).
Gənc şahın təcrübəsizliyindən istifadə edən Şirvan əyanlarının
özbaşınalığı artdı. Bu, əhalinin narazılığına səbəb oldu.


1538-ci ildə I Təhmasib Şirvandakı qarışıqlıqdan istifadə edib ora
qoşun yeritdi. Şirvan yenidən zəbt edildi. Sonuncu Şirvanşah Şahrux
gizli şəkildə edam olundu. Şirvan bəylərbəyiliyə çevrildi. I Təhmasib
qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəyi təyin etdi. Beləliklə,
Azərbaycanın ən uzunömürlü feodal dövlətlərindən birinin varlığına son
qoyuldu.
Şirvan hadisələrində Şəki hakimliyi Şirvanşahları müdafiə edirdi. Buna
görə də Şah I Təhmasib Şəki hakimliyinin də müstəqilliyinə son qoymaq
qərarına gəldi. 1551-ci ildə I Təhmasib Ərəşə gəlib düşərgə saldı.
Qasid vasitəsilə Şəki hakimliyi itaətə dəvət olundu. Lakin Şəki hakimi
Dərviş Məhəmməd xanın rədd cavabından sonra Şəki üzərinə hücum
edildi. Şəki vilayəti Səfəvi dövlətinin tərkibinə qatıldı. Beləliklə,
Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa
çatdı. Sacilər, Salarilər, Eldənizlərdən sonra Azərbaycan torpaqları
yenidən vahid bir dövlət halında birləşdirildi. Lakin bu əvvəlkilərdən
fərqli olaraq, uzunömürlü mərkəzləşdirilmiş Azərbaycan dövləti idi.
Bu, Azərbaycanın bütün bölgələrinin iqtisadi, mədəni əlaqələrinin
yenidən canlanmasına müsbət təsir göstərdi.
Dövlətin idarəçilik sistemi. Ölkəyə şah başçılıq edirdi. Dövlətdə
şahdan sonra ikinci vəzifəli şəxs vəkil sayılırdı. Vəkil şahın dünyəvi və
dini işlər üzrə müavini idi. Şahın yanında məsləhətçi (məşvərətçi) orqan
olan Ali məclis təşkil edilmişdi. Ölkənin silahlı qüvvələrinə əmir-əl-
üməra adlanan baş komandan başçılıq edirdi. Hərbi qüvvələrin əsasını
Azərbaycan türklərindən ibarət çərik adlanan qoşun növü təşkil edirdi.
Çərikə qorçubaşı başçılıq edirdi. Maliyyə işlərini vəzir, dini işləri isə
sədrəzəm idarə edirdi. Qazılar şəriət əsasında məhkəmə işlərini həyata
keçirirdilər.
Azərbaycan-türk dili Böyük Səfəvi imperatorluğunun ərazisində dövlət
dili səviyyəsinə yüksəldildi.
Şirvanşahlar dövləti
nə zaman
yaranmışdı?
Hazırda
dövlətimizdə bu
işləri idarə edən
qurumlar necə
adlandırılır?


Dövlət inzibati cəhətdən bəylərbəyiliklərə, onlar mahallara, mahallar isə şəhər və kəndlərə
bölünürdü. Mərkəzi Şamaxı olan Şirvan, mərkəzi Gəncə olan Qarabağ və mərkəzi Təbriz olan
cənub torpaqlarından ibarət bəylərbəyiliklər yaradılmışdı. Mahallara naiblər, kəndlərə
kəndxudalar başçılıq edirdilər. Kələntər şəhərə rəhbərlik edirdi. Kələntərin tabeliyində olan
darğa şəhərdə asayişin qorunmasına cavabdeh idi.
Ali idarəçilik sistemi
Torpaq mülkiyyət formaları, vergilər. Səfəvi dövlətində torpaq mülkiyyət formalarında ciddi
dəyişiklik baş vermədi. Əvvəllər olduğu kimi əsas torpaq mülkiyyət formaları qalırdı. Səfəvi
şahları soyurqal əvəzinə dövlətə xidmət müqabilində tiyul verirdilər. Şərti mülk sayılan tiyul
ancaq şahın icazəsi ilə irsi keçə bilərdi. Vergi sistemi də, demək olar ki, olduğu kimi qalırdı.
1.  Səfəvi-Osmanlı toqquşmasının qarşısını
almaq mümkün idimi?
2.  Qızılbaşlar nəyə görə, ilk növbədə,
Şirvana yürüş etməyi qərara aldılar?
3.  Azərbaycan torpaqlarının vahid
dövlətdə birləşdirilməsinin nə kimi
əhəmiyyəti oldu?
4.  Şah I Təhmasibin hakimiyyətinin ilk
illərində ölkədəki daxili vəziyyətin
gərginliyinə səbəb nə idi?
1.  Mərkəzləşmiş dövlətin xüsusiyyətlərini
şərh et.
2.  Səfəvi dövlətinin əvvəlki Azərbaycan
dövlətlərindən fərqli cəhətlərini sadala.
3.  Azərbaycan Səfəvi dövlətinin
yaranmasını zəruri edən amilləri izah
et.
4.  Osmanlı yürüşlərinin qarşısını almaq
üçün I Təhmasibin həyata keçirdiyi
tədbirləri araşdırıb münasibət bildir.


24. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır.
Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə
malik olduğunu xalqımıza nə qədər çatdıra bilsək, bir o qədər də xalqımızda
vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycanlılıq hissini
yüksəldərik.
— Heydər ƏLİYEV
 
Hər il iyun ayının 1-də ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olunur. Uşaqların
hüquqları dövlətimiz tərəfindən qorunur. Hazırda respublikamızda yaradıcı uşaqların, gənclərin
inkişafı üçün hər cür imkan yaradılıb. Ümummilli lider Heydər Əliyevin ənənələrini davam
etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə mədəniyyəti, sosial
həyatı, təhsili himayə etdiyi kimi, yaradıcı uşaqların inkişafı üçün də şərait yaradır. Bu ənənənin
əsası nə zaman qoyulub?
Dövlətimizin mədəniyyət xadimlərini, istedadlı gəncləri himayə etməsini gələcəyə yönələn
addım hesab etmək olarmı? Müzakirə edin.
XVI əsrdə vahid mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılması təhsilin, elmin,
incəsənətin, mədəniyyətin inkişafına təsir edibmi? Həmin dövrün hökmdarları mədəniyyətimizi
himayə edirdilərmi?
Hökmdarlar mədəniyyəti və elmi himayə edir. XV—XVI əsrlərdə bir-
birini əvəz edən oğuz mənşəli dövlətlərin yaranması mədəniyyətin
inkişafına geniş imkanlar açdı.
Məktəb və mədrəsələrin fəaliyyəti bu dövrdə də təhsilin inkişafını təmin
edirdi. Təhsillə bərabər, elm inkişaf edir, oxuyub-öyrənməyə maraq
artırdı. Azərbaycanın bir sıra şəhərlərində çoxlu mədrəsə-məktəb var
idi. Şah İsmayıl Təbrizdə böyük kitabxana açdırmışdı.
Divanxana,
saraykompleks, şəfa
evi, qədim kitabxana,
bədii miniatür



Məhəmməd Füzuli
Füzulinin hansı əsərlərini
oxumusan? Səncə, onun
əsərlərini dövrün həyatını
öyrənmək üçün mənbə hesab
etmək olarmı?
Təbrizdə Göy məscid
Elm və incəsənətə xüsusi qayğı göstərən I Şah ismayıl Marağa
rəsədxanasını bərpa etdirmiş, riyaziyyatçı və astronom
Qiyasəddini Marağaya göndərmişdi.
Elmin inkişafı fəlsəfə və tarixin öyrənilməsinə geniş imkanlar
açmışdı. Əsərlərindəki dərin fəlsəfi fikirlərə görə Məhəmməd
Füzuli öz dövründə dünya poeziyasının zirvəsini fəth etdi.
Tarixçi Həsən bəy Rumlu I Təhmasibin sarayında qulluq
etmişdi. Yürüşlərdə iştirak edən tarixçi 12 cildlik «Əhsən-ət-
təvarix» («Tarixlərin ən yaxşısı») əsərini yazmışdı. Əsərin
dövrümüzə qədər gəlib çatmış 11-ci və 12-ci cildlərində
Azərbaycanın və ona qonşu olan ərazilərin XV—XVI əsrlər
tarixindən bəhs edilir.
Dövrün digər tarixçisi isgəndər bəy Münşi idi. Səfəvi sarayında
divan katibi kimi çalışan alim sonralar I Şah Abbasın tarixçisi
olmuşdur. O, «Tarixi-aləm arayi Abbasi» («Abbasın dünyanı
bəzəyən tarixi») əsərini yazmış, Səfəvi dövləti və qonşu
ölkələrin tarixi barədə maraqlı məlumatlar vermişdir.
Səfəvi hökmdarlarının müdrik siyasəti nəticəsində bu dövrdə
fars dilində yazmaq ənənəsi öz yerini Azərbaycan dilinə verdi.
Azərbaycan dilində də şeirlər yazılır, şeir məclisləri
keçirilirdi. XV əsrdə Azərbaycanın mədəni həyatında hökmdar-
şair Cahan şah Həqiqinin böyük xidməti olmuşdur. XVI əsrdə
Azərbaycan dilinin böyük Səfəvi imperatorluğunun dövlət
dilinə çevrilməsi Azərbaycan dilinin daha da inkişafına səbəb
oldu.


XVI əsrdə Şah İsmayılın sarayında ədəbi məclis fəaliyyət
göstərirdi. Belə məclislərdə dövrün böyük şairləri toplaşırdı.
Şah I İsmayıl «Xətai» təxəllüsü ilə Azərbaycan dilində şeirlər
yazmış, divan bağlamışdı. Azərbaycan poeziyasında ilk dəfə
olaraq məhz o, şeirini nikbin misralarla bitirmişdir. Şah İsmayıl
Xətai «Qurani-Kərim»in bilicisi olmaqla yanaşı, musiqi
alətində ifa etməyi də bacarırdı.
XV—XVI əsrlərdə çoxsaylı tarixi abidələr, məscidlər,
hamamlar, karvansaralar, körpülər tikilmişdi. XV əsrdə inşa
edilmiş memarlıq abidələrindən biri Bakıdakı Şirvanşahlar
saray kompleksidir. Bu kompleksə aid olan divanxana əsl
memarlıq incisidir.
1465-ci ildə Qaraqoyunlu Cahan şahın əmri ilə Təbrizdə tikilən
Göy məscid özünəməxsus xüsusiyyətləri ilə seçilir. Məscidin
divarları üzərində işlənmiş göy rəngli naxışlar günəşin yerini
dəyişməsindən asılı olaraq müxtəlif rəng çalarları verir.
Görkəmli Azərbaycan hökmdarı Uzun Həsən quruculuq-abadlıq
işlərinə xüsusi qayğı göstərir, görkəmli alimləri himayə edirdi.
Onun şəxsi kitabxanasında dövrün görkəmli alimləri tədqiqatlar
aparırdılar. Hökmdarın tapşırığı ilə oğuz türklərinin mükəmməl
tarixi yaradılmışdı.
1483-cü ildə Ağqoyunlu Yaqub padşahın Təbrizdə tikdirdiyi
«Həşt-behişt» saray kompleksində kitabxana, məscid, şəfa evi,
cıdır meydanı və xiyaban inşa edilmişdi.
XVI əsrdə indiki Qusar rayonunun Həzrə kəndində tikilən Şeyx
Cüneyd məqbərəsi də o dövrün abidəsidir. Naxçıvanda Əlincə
çayı üzərində tikilmiş körpü, Bakının şərq darvazaları dövrün
memarlıq inciləridir.
Şeyx Səfi xalçası 
Şah I Təhmasibin sifarişi ilə
toxunan Şeyx Səfi xalçası
hazırda Londonun Viktoriya
və Albert Muzeyində
saxlanılır.



Sultan Məhəmmədin Nizaminin «Xəmsə»sinə çəkdiyi miniatür
Tarixin yaddaşına dövrün məşhur rəssamlarının adları da yazılıb. Şah İsmayıl görkəmli rəssam
Kəmaləddin Behzadı saraya dəvət edərək, onu Təbrizin saray kitabxanasına rəis qoymuşdu.
Təbriz bədii miniatür ustalarının əsərləri bütün Avropanın böyük marağına səbəb olmuşdu.
Dövrün ən məşhur miniatür rəssamı Sultan Məhəmmədin əsərləri hazırda Sankt-Peterburq,
London, Leypsiq və Venesiya muzeylərində saxlanılır.
Yaxın və Orta Şərqdə geniş yayılan muğam və mahnıların yaradıcısı Əbdülqədir Marağayi
musiqiyə aid nəzəri əsərlər də yazmışdır. XVI əsrin məşhur xanəndəsi olan Hafiz Lələ
Azərbaycan musiqisinin inkişafında xüsusi rol oynamışdır.
Həmin dövrün görkəmli nümayəndəsi Aşıq Qurbaninin dildən-dilə gəzən dastanları indi də
aşıqlar tərəfindən yüksək qiymətləndirilir.
XV—XVI əsrlərdə Azərbaycanda oğuz mənşəli dövlətlərin mövcudluğu, ümumən, Azərbaycan
mədəniyyətinin inkişafına müsbət təsir göstərdi. Azərbaycan-türk hökmdarlarının elmə, təhsilə,
mədəniyyətə qayğısı bu inkişafı təmin etdi. Mədəniyyətin yüksəlişində Azərbaycan
hökmdarlarının müstəsna rolu oldu.
1.  Dövrün siyasi prosesləri mədəniyyətə
necə təsir göstərirdi?
2.  Nə üçün Şirvanşahlar sarayına
kompleks deyilir?
3.  Şeyx Səfi xalçası nəyə görə dünya
mədəniyyət incilərindən biri hesab
edilir?
1.  Şah İsmayıl Xətaini mədəniyyət xadimi
kimi dəyərləndir.
2.  Miniatür rəsmlərin fərqli cəhətlərini
müəyyənləşdir.
3.  Azərbaycan hökmdarlarının
mədəniyyətimizin inkişafında rolunu
təhlil et.
4.  Dövrün mədəniyyətinə dair şaxələnmə
hazırla.



Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə