Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi
şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar
bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş
sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin
bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də
ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir.
Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin
isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə
təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların
hüquqlarının qorunması tələb olunur.
Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu
sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları,
sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin
operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi
və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının
alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr
üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi
şəxs yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik
hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir:
2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların
səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər
üzvdən ibarət Direktorlar Şurası yaradılır;
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının
Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad
edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının
Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan
dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına
verilsin.
5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının
fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri
Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin sədri
İşçi qrupunun üzvləri
Asim Məmmədli - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə
Şurasının sədri
Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə
Şurasının sədri
Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin
sədri
Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun
investisiya departamentinin direktoru
Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və
sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor
müdiri
6. İşçi qrupuna tapşırılsın ki:
6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının
Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say
həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının
yaradılması ilə əlaqədar:
6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının
uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət
əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına
verilməsini həll etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2016-cı il.