2.0.13. leverec əmsalı – “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti
(bundan sonra - Azərbaycan İpoteka Fondu) tərəfindən yenidən maliyyələşdirilmiş
ipoteka kreditlərinin həcminin 50 (əlli) faizi istisna olmaqla, bankın I dərəcəli
kapitalının (bu Qaydaların 8.0.1-ci yarımbəndində müəyyən edilmiş tutulmalardan
sonra) balans aktivlərinə və balansdankənar öhdəliklərə (bankın hesablarında girov
qoyulmuş Azərbaycan Respublikasının milli valyutası ilə, xarici valyuta ilə və ya
bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla) nisbəti;
[5]
2.0.14. balansdankənar öhdəliklər - qarantiyalar, zaminlik və oxşar şərti
öhdəliklər, kredit alətləri (kredit xətləri üzrə icra olunmamış hissəsi və oxşar kredit
öhdəlikləri) və akkreditivlər.
2.0.15. istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz
əmlakın əldə edilməsi və ya tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə
verilən kredit.
[6]
3. Məcmu kapitalın məqsədi və ona dair tələblər
3.1. Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının
dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı
bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə
qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına,
əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına
xidmət edir.
3.2. Bankın məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manat, 2015-ci
il 1 yanvar tarixindən isə 50 (əlli) milyon manat məbləğində olmalıdır.(
[7]
)
3.3. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
3.4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.3-
cü maddələrinin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın qabaqcadan yazılı
icazəsi olmadan heç bir bank səhmlərinin satın alınması və ya səhmlərin nominal
dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını
azalda bilməz, habelə heç bir xarici bank nizamnamə kapitalına bərabər tutulmuş
vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər
tutulmuş vəsaitini azalda bilməz.
3.5. Bankların nizamnamə kapitalı (xarici bankların yerli filialları üçün
nizamnamə kapitalına bərabər tutulmuş vəsait) “Banklar haqqında” Azərbaycan
Respublikası Qanununun 21.4-cü maddəsinə uyğun olaraq yalnız Azərbaycan
Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.
3.6. Yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli
filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı
50 (əlli) milyon manat məbləğində olmalıdır.
4. Kapitalın idarə edilməsi
4.1. Müşahidə Şurası və İdarə Heyəti məcmu kapitalın bankın üzləşdiyi
bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu Qaydalarda müəyyən edilən
minimum miqdardan az olmayaraq, saxlanmasını və onun adekvatlıq normalarına
riayət olunmasını təmin etməlidir.
4.2. Kapitalın
bankın
biznes
fəaliyyətinin
və
risk
mühitinin
xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi və onun səviyyəsinin müəyyən edilməsi
mexanizmləri, o cümlədən bankın məruz qaldığı kredit, bazar, əməliyyat və digər
risklərin məcmu kapitalın adekvatlığına potensial təsirinin qiymətləndirilməsi
prosedurları, həmçinin kapitalın adekvat səviyyədə saxlanılması strategiyası
risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, tənzimlənməsi və
onlara dair hesabatlığı əks etdirən risklərin idarə edilməsi sistemi ilə əhatə
olunmalıdır.
4.3. Risklərin idarə edilməsi üzrə bankın siyasətində onun kapitala olan
cari və gələcək tələbatı, gözlənilən kapital xərcləri, kapitalın arzuolunan səviyyəsi və
strukturu, kapitalın daxili və xarici mənbələri, həmçinin bankın maliyyə
vəziyyətinin pisləşməsi halında əlavə kapital vəsaitlərinin cəlb edilməsi imkanları və
müddətləri müəyyən edilir.
4.4. Bank məruz qaldığı risklərin və bu risklərin dəyişməsinin bankın
gəlirliyinə, məcmu kapitala və onun adekvatlığına təsirini qiymətləndirir.
Qiymətləndirmə bank risklərinin xüsusiyyətləri nəzərə alınmaqla bankın müəyyən
etdiyi dövriliklə stress-testləşdirmə və ya risklərin idarə edilməsi sahəsində tətbiq
olunan digər metodlardan istifadə edilməklə həyata keçirilir. Qiymətləndirmə ən azı
aşağıdakı elementləri əhatə edir:
4.4.1. bütün mühüm risklərin müəyyənləşdirilməsi, ölçülməsi və onların
bankın məcmu kapitalının adekvatlığına təsirinin qiymətləndirilməsi;
4.4.2. bankın təyin edilmiş kapital adekvatlığı hədəflərinə nail olmasının
qiymətləndirilməsi;
4.4.3. məcmu kapitalın qiymətləndirilməsi sistemində istifadə edilən əsas
fərziyyələrin həssaslığının və əsaslandırmaların qiymətləndirilməsi;
4.4.4. risklər əsasında bankın gələcəkdə məcmu kapitala olan tələbatının
qiymətləndirilməsi və lazım gəldikdə risklərin idarə edilməsi siyasətində müvafiq
düzəlişlərin edilməsi zərurətinin müəyyənləşdirilməsi.
4.5. Məcmu kapitalın adekvatlığını təmin etmək məqsədilə bankda kapitalın və
müvafiq risklərin idarə edilməsi prosesləri aşağıdakı istiqamətlər üzrə təhlil edilir:
4.5.1. fəaliyyətinin xüsusiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınmaqla
məcmu kapitalın qiymətləndirilməsi prosesinin səmərəliliyi;
4.5.2. məcmu kapitalın əsas risklərin səviyyəsi ilə düzgün əlaqələndirilməsi;