AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
QƏTNAMƏ
SURƏTİ
10 yanvar 2017-ci il
İş № 2(106)251/2017
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq
Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mirzəyev Nüsrət Fətulla oğlu və Cəbrayılov Vüsal
Adil oğlundan ibarət tərkibdə, Xıdırov Bəhruz Müseyib oğlunun katibliyi ilə, iddiaçı
«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin cavabdeh Şərifova Badam Tapdıq qızından kredit
borcun tutulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)2971/2016
saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsindən cavabdeh Şərifova Badam Tapdıq qızı
tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında
(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİ:
İmişli Rayon Məhkəməsinin 2(036)2971/2016 saylı, 12 avqust 2016-cı il tarixli
qətnaməsi (hakim Hacıyev Qurban Hamid oğlu) ilə, iddianın təmin edilməsi, Şərifova Badam
Tapdıq qızından 719,25 manat əsas borc, 233,52 manat faiz borc, 228,66 manat cərimə pulu,
cəmi 1181,43 (bir min yüz səksən bir manat, qırx üç qəpik) manat borc və ödənilmiş 20
(iyirmi) manat dövlət rüsumu tutularaq «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə
verilməsi qət edilmişdir.
Qətnamədən narazı qalan cavabdeh Şərifova Badam Tapdıq qızı tərəfindən apellyasiya
şikayəti verilmişdir.
İŞİN HALLARI:
«Azərbaycan Beynəlxalq Bankı» ASC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət
edərək Şərifova Badam Tapdıq qızından 719,25 manat əsas borc, 233,52 manat faiz borc,
228,66 manat cərimə pulu, cəmi 1181,43 manat borcun və ödənilmiş 20 manat dövlət
rüsumunun tutularaq «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə ödənilməsi barədə
məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
İmişli rayon məhkəməsinin 30 mart 2016-cı il tarixli 2(036)-2971/2016 saylı məhkəmə
əmrinə əsasən İmişli rayonunun Otuziki kəndində yaşayan Şərifova Badam Tapdıq qızından
719,25 manat əsas borc, 233,52 manat faiz borc, 228,66 manat cərimə pulu, cəmi 1181,43
manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq «Azərbaycan Beynəlxalq
Bankı» ASC-nin xeyrinə verilməsi əmr edilmişdir.
İmişli rayon məhkəməsinin 12 may 2016-cı il tarixli 2(036)-2971/2016 saylı qərardadı ilə
Şərifova Badam Tapdıq qızının etirazına əsasən İmişli rayon məhkəməsinin 30 mart 2016-cı il
tarixli 2(036)-2971/2016 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı
qaydasında baxılması qərara alınmışdır.
İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı»
ASC-nin İmişli filialı ilə cavabdeh Şərifova Badam Tapdıq qızı arasında 10 dekabr 2012-ci il
tarixli 3551065/12 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borclu Badam
Şərifova 24 ay müddətinə 24 faizlə bankdan 2500 manat məbləğində pul götürmüşdür. Borclu
Badam Şərifova üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək banka olan borcunu vaxtında
ödəməmiş və nəticədə borclunun 719,25 manat əsas borc, 233,52 manat faiz borc, 228,66
2
manat cərimə pulu, cəmi 1181,43 manat borcu yaranmışdır. Bununla əlaqədar borclu Badam
Şərifovaya xəbərdarlıq olunaraq banka olan borcunun ödənilməsini təmin etməsi xahiş
olunmuşdur. Lakin buna baxmayaraq hal-hazıradək borclu öz öhdəliklərini yerinə
yetirməyərək banka olan borcun ödənilməsini təmin etməmişdir.
Birinci instansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı iddiaçının nümayəndəsi
Mirzə Toğrul Arif oğlu iddianı müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək iddianın
təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Şərifova Badam
Tapdıq qızı məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin
185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Şərifova
Badam Tapdıq qızı tərəfindən vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,
banka ödəniş etdiyinə baxmayaraq bank birinci instansiya məhkəməsinə ərizə verərkən mənim
etdiyim ödənişlər nəzərə alınmamışdır. Bundan əlavə müqavilədə göstərilən məbləğdən başqa
ona faiz borcu və cərimə borcu çox hesablanmışdır. Buna görə də, apellyasiya şikayəti yazır ki,
bu məsələ obyektiv və düzgün araşdırılsın. Ona hesablanmış faiz borcunun və cərimə
borcunun qismən ləğv edilərək, onun etdiyi ödənişlər nəzərə alınaraq yeni qətnamə qəbul
edilsin.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Şərifova
Badam Tapdıq qızı vermiş olduğu apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin
2(036)2971/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsini qismən ləğv edib, yeni
qətnamə qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATI:
İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nümayəndəsinə, cavabdeh Şərifova
Badam Tapdıq qızına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və
yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və
iştirak etməməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə
kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan
apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya
məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar
əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə
apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi
və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın
təmin edilməsini mülki iş üzrə tədqiq olunmuş sübutlar və iş üzrə tərəflərin izahatları ilə
əsaslandırmışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Şərifova
Badam Tapdıq qızı vermiş olduğu apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin
2(036)2971/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsini qismən ləğv edib, yeni
qətnamə qəbul edilməsini xahiş etmişdir.
3
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli
olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı
münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını
tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)2971/2016 saylı, 12 avqust 2016-
cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,
cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi
tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı
maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya
ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və
qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması
hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti
təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası
məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin
dəyişdirildiyini göstərməyə borcludur.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını
araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir.
İş materiallarında əlavə edilmiş 10 dekabr 2012-ci il tarixli 3551065/12 saylı kredit
müqaviləsinin surətindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İmişli
filialının müdiri Babayev Əbülfət Xudaverdi oğlu ilə borclu Şərifova Badam Tapdıq qızı
arasında bağlanmış müqaviləyə əsasən borclu B.T.Şərifova «Azərbaycan Beynəlxalq Bankı»
ASC-nin İmişli filialından 24 ay müddətinə illik 24 faizlə ödəmək şərti ilə 2500 manat
məbləğində kredit götürmüşdür.
İş materiallarında əlavə edilmiş arayışdan (mülki iş materialları səh. 4) görünür ki,
cavabdehin iddiaçıya 719,25 manat əsas borc, 233,52 manat faiz borc, 228,66 manat cərimə
pulu, cəmi 1181,43 (bir min yüz səksən bir manat, qırx üç qəpik) manat borc vardır
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən
bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul
ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən
çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma
və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna
olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və
vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni
şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə
müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli
sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra
edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun
risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş
şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini
tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən
müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor
cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün
müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
4
Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə
nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra
mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayəti dəlilləri ilə bağlı qeyd edir ki,
cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdehin bağlanmış kredit
müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən
müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə
azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və
cərimə borcu) icra etməlidir.
Cavabdeh Şərifova Badam Tapdıq qızı apellyasiya şikayətində bank tərəfindən ona faiz
borcu və cərimə borcu çox hesablandığını qeyd etsə də, bunu təsdiq edən sübutu nə birinci
instansiya məhkəməsinə, nə də ki apellyasiya məhkəməsinə təqdim etməmişdir. Əksinə iş
materiallarına əlavə olunmuş arayışdan (mülki iş materialları səh. 4) görünür ki, cavabdehin
iddiaçıya 719,25 manat əsas borc, 233,52 manat faiz borc, 228,66 manat cərimə pulu, cəmi
1181,43 (bir min yüz səksən bir manat, qırx üç qəpik) manat borc vardır və həmin borclar
tərəflər arasında, iradə azadlığı əsasında bağlanmış 10 dekabr 2012-ci il tarixli 3551065/12
saylı kredit müqaviləsinin (mülki iş materialları səh. 5) şərtlərinə uyğun olaraq hesablanmışdır.
Cavabdeh Şərifova Badam Tapdıq qızının məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı
olmasına baxmayaraq nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiya
məhkəməsinin iclaslarına gəlməmiş, istər iddia tələbinə qarşı öz etirazlarını, istərsə də
apellyasiya şikayətinin dəlilləri ilə bağlı (həmin məbləğdə borcunun olmaması barədə) sübut
təqdim etməmişdir. Bu isə apellyasiya şikayətinin verilməsinin pozulması ehtimal olunan
hüquq və maraqlarla bağlı olmadığını, əksinə birinci instansiya məhkəməsinin qanuni və əsaslı
qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin gecikdirilməsi xarakteri daşıyır. Bu isə Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyi ilə yolverilməz hal hesab edilir.
Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara
tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız
məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1,
14.2, 88 və 217.4-cü maddələri).
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında
müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının
hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.
Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və
bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək
hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz
mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış
etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il
tarixli qərarı).
Beləliklə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki,
apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və İmişli
Rayon Məhkəməsinin 2(036)2971/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv
edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar
yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən
birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti
üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
5
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392,
393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh Şərifova Badam Tapdıq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməsin.
İmişli Rayon Məhkəməsinin 2(036)2971/2016 saylı, 12 avqust 2016-cı il tarixli
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə
kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul
edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:
imza var.
Hakimlər:
imzalar var.
Əsli ilə düzdür,
Sədrlik edən
Tofiq Heydərov
6
Sədrlik edən:
Tofiq Heydərov
Hakimlər:
Nüsrət Mirzəyev
Vüsal Cəbrayılov
Dostları ilə paylaş: |